ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..Şəmistan Abdu oğlu Mikayılov -1929-cu ilin
23 oktyabrında qədim Borçalı mahalının Bolnisi rayonundakı Faxralı kəndində anadan olmuşdur.
1945-ci ildə Marneulli qəsəbəsində fəaliyyət göstərən Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuş və 1947-ci ildə həmin texnikumu bitirərək Faxralı orta məktəbinə sinif müəllimi təyin edilmişdir.
1948-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil olmuşdur. Əla qiymətlərlə Universiteti bitirmiş və təyinatla Faxralı kənd orta məktəbində məntiq psixologiya və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.
1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki ETPEİ-nin) ədəbiyyatın tədrisi metodikası üzrə aspiranturaya daxil olmuşdur. Professor Əliyar Qarabağlının elmi rəhbərliyi ilə "V-VIII siniflərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi" mövzusunda namizədlik dissertasiyasını tamamlayıb, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) elmi şurasında müdafiə etmiş və elmi dərəcə almışdır. O, tədris metodikası probleminə dərindən nüfuz etmək məqsədilə Bakının 31 saylı məktəbində (ETPEİ-nin baza məktəbi) ədəbiyyat nəzəriyyəsi üzrə fakültativ kurs aparmış, Naxçıvanda, Bakıda, Yerevanda ədəbiyyat müəllimlərinin təkmilləşdirmə kurslarında mühazirələr oxumuşdur.
Şəmistan Mikayılov namizədlik dissertasiyasını müdafiə etdikdən sonra on il ardıcıl olaraq tədqiqat aparmış və 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1974-1975-ci illərdə Şəmistan Mikayılov ETPEİ-də ədəbiyyatın tədrisi metodikası şöbəsinə müdir təyin olunmuşdur. Onun ədəbiyyatın tədrisi metodikası üzrə fəaliyyəti çoxşaxəli olmuşdur. "Orta məkətbdə ədəbiyyat tədrisi" kitabı böyük uğur qazanmışdır. Bu kitabın 2-ci hissəsi Ş.Mikayılovun rəhbərliyi altında 1976-cı ildə işıq üzü görmüşdür. Şəmistan Mikayılovun elmi-pedaqoji fəaliyyətinin bir istiqamətini ədəbiyyat proqramlarının təkmilləşdirilməsi təşkil etmişdir. 1977-1994-cü illər arasında ədəbiyyatdan proqram və dərsliklərin hazırlanmasına rəhbərlik etmişdir. 1995-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sifarişi ilə ədəbiyyat üzrə test proqramı hazırlamışdır.
Şəmistan Mikayılovun tədqiqatının mərkəzi xəttini ədəbiyyat nəzəriyyəsi tədrisinin nəzəri-metodik problemlərinin öyrənilməsi təşkil etmişdir. Onun "Ədbiyyat nəzəriyyəsi" kitabı hər bir orta məktəb şagirdinin və müəlliminin stolüstü kitabına çevrilmişdir.
Şəmistan Mikayılovun elmi yaradıcılığı 12 proqram, 7 dərslik və dərs vəsaiti, 20-yə yaxın metodik kitab və kitabçalarda öz əksini tapmışdır.
Şəmistan Mikayılovun 200-ə yaxın elmi məqaləsi çap olunmuşdur.
Şəmistan Mikayılovun rəhbərliyi və oppanentliyi nəticəsində 5 nəfər elmlər doktoru, 30-a yaxın elmlər namizədi müdafiə etmişdir. O, 20-yə yaxın beynəlxalq və keçmiş SSRİ-nin mərkəzi şəhərlərində keçirilən konfranslarda yaxından iştirak etmiş və məqalələr çap etdirmişdir.
Şəmistan Mikayılov ETPEİ-nin direktoru vəzifəsinə kimi yüksəlmişdir.

Vidadi ORUCOV,
Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktoru


REDAKSİYADAN:
Biz də çox hörmətli Vidadi müəllimin səmimi təbrikinə qoşulur, görkəmli alim, tanınmış pedaqoq,
filologiya elmləri doktoru, professor Şəmistan Mikayılovu ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağllığı, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: