1989-1990-cı illərdə Borçalıda baş vermiş məlum olaylardan - Borçalıda yaşayan soydaşlarımıza qarşı törədilmiş təqib və təziqlərdən sonra, minlərlə soydaşımız kimi, o da Bakıya köçməyə məcbur olub.
Vətənin dar günündə, torpaqlarımızın bütövlüyü naminə erməni qəsbkarlarına qarşı vuruşan igid əsgərlərimizə əlindən gələn köməkliyi etmək üçün Qüdrət xanım da, Milli Orduya yazılıb.
Hərbi hava qüvvələrində məxvi işlər icraçısı vəzifəsində işə qəbul olunub. 8 il bu vəzifədə şərəflə çalışıb. Sonralar isə N saylı hərbi hissədə rabitə qovşağında məxvi iş icraçısı vəzifəsinə göndərilib. Burada da o, öz üzərində düşən vəzifənin öhtəsindən ləyaqətlə gəlib. Hərbi hissədən təqaüdə göndərildikdən sonra isə Qüdrət xanım Modelyer məktəbini bitirib. Hazırda milli moda ustası kimi tanınır. Əl işləri seçiləndir.
Qüdrət xanım hazırda eyni zamanda kosmetka firmasında çalışır. Həmçinin, "Əsrin Ziyalıları" qəzetinin xüsusi müxbiridir. Oxunaqlı yazıları ilə özünə çoxsaylı oxucu toplaya bilmişdir. Gənc vaxtlarından kiçik məqalələr, şeirlər yazan, həmçinin ictimai işlərdə yaxından iştirak edən Qüdrət xanım həmişə mütaliə etməklə, bədii və elmi kitablar oxumaqla öz bilik dairəsini genişləndirir.
Qüdrət xanım sözün əsil mənasında Vətənpərvərdir. O, tez-tez doğma Borçalıya baş çəkdiyi kimi, həm də Cənubi Azərbaycanı da unutmur, müntəzəm olaraq doğma Təbrizimizə baş çəkir, soydaşlarımızla görüşür, onların problemləri ilə maraqlanır, bacardığı və əlindən gəldiyi qədər onlara kömək edir.
Qüdrət xanım həm də gözəl anadır, ailəlidir, 4 övladı var. Övladlarının təhsil alması, onların dünyagörüşünün formalaşması üçün daim çalışır. Övladlarının vətənpərvər ruhda tərbiyə edərək bu mövzuda söhbətlərə geniş yer verir. Onlar da Qüdrət xanımın əməyini itirmir, hər yerdə onun adını uca edirlər.
Qüdrət Kazımova həm də xeyriyyəçi kimi tanınır. Belə ki, o, tez-tez Bakı şəhərinin Xətai rayonundakı Əhmədli qəsəbəsində yerləşən Uşaq SOS kəndindəki Uşaq evində məskunlaşmış kimsəsiz körpələrə baş çəkir, onların problemləri ilə maraqlanır, daima onlara maddi və mənəvi köməklik göstərir, əlindən gəldiyi qədər uşaqlara dayaq olur, bütün bayramlarda və ad günlərində onları yada salır.
Bu günlərdə isə Qüdrət xanım Bakıdakı 12 saylı uşaq evinə baş çəkmişdir. Həmin uşaq evindən Elmira xanım Mügümova Qüdrət xanımdan razılığını bildirir.
Onu da qeyd edək ki, Qüdrət xanımın ömür-gün yoldaşı Kərim Sadıqov da xeyirxan bir insandır. O, həmişə, hər zaman Qüdrət xanımın xeyirxah təşəbbüslərini dəstəkləyir. Bir sözlə, Kərim Sadıqov sözün əsl mənasında, Qüdrət xanımın arxaslı, dayağıdır.
Biz də öz növbəmizdə bu vətənpərvər və xeyirxah insanlara - Qüdrət xanıma və Kərim kişiyə Ulu Tanrımız Allahdan uzun ömür, möhkəm cansağlığı arzulayır və onlara işlərində yeni-yeni uğurlar diləyirik!..
P.S.: XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI olan QÜDRƏT XANIM KAZIMOVA indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır...
Şeirləri Azərbaycanda və Gürcüstanda nəşr olunan bir sıra müxtəlif mətbuat orqanlarında dərc olunan, aşıqlar və müğənnilər tərəfindən sevilə-sevilə oxunan Qüdrət Beytəkərlinin 2014-cü ildə Bakıdakı “Borçalı” nəşriyyatında "Vətənim Borçalı, elim Beytəkər!.." adlı ilk şeirlər kitabı nəfis şəkildə işıqüzü görmüşdür. (Naşiri, redaktoru və ön sözün müəllifi: Müşfiq BORÇALI).
Qüdrət Beytəkərlinin “Gör nə gözəl yazıb Allah” adlanan ikinci kitabı isə 2017-ci ildə Bakıdakı “Yazıçı” nəşriyyatında çap olunub.
Kitab müəllifin ömür-gün yoldaşı Kərim Kərimovun həyat yolunun və fəaliyyətinin müxtəsərcə tarixcəsidir. Keşmə-keşlərlə dolu həyatını, gərgin iş fəaliyyətini tanıdan bu kitabın məqsədi, övladlarına, nəvələrinə və onların timsalında bütün gənc nəslə zəhmətlə ucalmağın, yaddaşlarda qala bilmənin, Vətənə gərəkliliyin sirlərini açmaqdır.
Müəllifin istər оxucularla ilk görüşü olan "Vətənim Borçalı, elim Beytəkər!..", istərsə də oxucular tərəfindən maraqla qarşılanan “Gör nə gözəl yazıb Allah” adlı ikinci kitabında müxtəlif illərdə qələmə aldığı Ana Vətən, Doğma Yurd, sağlam gənclik, ülvü sevgi, saf məhəbbət və s. ruhlu şeirlərindən nümunələr toplanmışdır. Bunları sadəcə şeir adlandırmaq olmaz. Bu şeirin hər biri ayrı-ayrılıqda poetik nümunələrdir. Və bu nümunələrin hər biri onun - Qüdrət xanımın qəlbinin çırpıntıları, sevən Ürəyinin döyüntüləri, buz bulaqlar, saf çeşmələr kimi daim coşub-çağlayan Könlünün nəğmələridir.
Elə buna görə də, bu günlərdə oxucuların təlabatı nəzərə alınaraq Qüdrət xanımın ilk iki kitabındakı şeirləri müəllifin son illərdə qələmə aldığı yeni şeirləri birlikdə yenidən təkrarən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına veriləcək.
Əminik ki, bu kitab da müəllifin əvvəlki kitabları kimi oxucular tərəfindən böyük maraqla qarşılanacaq.
Biz də hörmətli Qüdrət xanımı yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansaqlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik...
Müşfiq BORÇALI,
ZiM.Az
Canım Borçalı
Vətən deyə hey ağlaram,
Bağrıma mən daş bağlaram.
Hər gələndən soraqlaram,
Canım Borçalı, Borçalı.
Çıxmır yadımdan ellərim,
Qəmdən ağardı tellərim.
Sazlı-sözlü şən dillərim,
Canım Borçalı, Borçalı.
Qüdrətəm, yurdum Borçalı,
Qəlbim yuz yerdən yaralı.
Qismətdi, düşdüm aralı,
Canım Borçalı, Borçalı.
Gözəl Borçalım
Bir adı var bu cahanda yurdumun,
Tarixi əbədi-əzəl Borçalım.
Qarış-qarış mən dolanıb gəzmişəm,
Dağlı-aranlıdı gözəl Borçalım.
Sayı yoxdu uca-uca dağların,
Göz oxşayan bağçaların, bağların.
Min yerdən qaynayır saf bulaqların,
Çəmənli-çiçəkli gözəl Borçalım.
Qüdrət gəlib xumarlanır qoynunda,
Sənin çox haqqın var onun boynunda,
Nə möcüzələr var dərman suyunda,
Çeşməli-bulaqlı gözəl Borçalım.
Vətəndi
Şirindir hər kəsə doğma vətəni,
Qəribin dilində ilk söz vətəndi.
Qürbət el yamandır, çox sıxır məni,
Qəribin dilində ilk söz vətəndi.
Məni buğum-buğum böyüdən torpaq,
Ömrümü dəyirmantək üyüdən torpaq.
Gəlir göz önünə, hər çiçək, yarpaq,
Qəribin dilində ilk söz vətəndi.
Gülün, çiçəyin də ətri yadımda,
Üzüm tarlasının sətri yadımda.
Qüdrətəm, adın var mənim adımda,
Qəribin dilində ilk söz vətəndi.
BƏYTƏKƏR BULAĞI HƏSRƏT ÇƏKİR...
Yuxuma gəlmişdi kəndin bulağı,
Görməmişdim onda heç tənhalığı.
Sanki başına çəkərmiş yağı,
Gözün yolda qalıb həsrət çəkirsən.
El köçüb dağ-təpə olub viran düz,
Pərən-pərən olub elim, obamız.
Dil deyib ağlayır bənövşə, nərgiz,
Sözün dilə gəlib həsrət çəkirsən.
Tuşumdakı halım məni yaxanda,
Su yerinə gil, çamır, palçıq axanda.
Lilpar-yarpız kövrək sənə baxanda,
Qız gəlinin nolub həsrət çəkirsən?
Havan şəfa verər suların sərin,
Tarixin qədimdi keçmişin dərin.
Qüdrəti sorurmu həmşərilərin,
Deyən için dolub həsrət çəkirsən.
Qayıt
Qayıt elimizə, Borçalı qızı,
Unutma çəməni, unutma düzü.
Unutma ozanı, həm sazı-sözü,
Qayıt elimizə, Borçalı qızı.
Gözəldir meşəsi, yaşıl bağları,
Qışdan qar saxlayır, uca dağları.
Unutma, burada keçən çağları,
Qayıt elimizə, Borçalı qızı.
Aşığın kəməri yenə beldədir,
Qüdrətin xəyalı doğma eldədir.
Arzusu, diləyi açan güldədir,
Qayıt elimizə, Borçalı qızı.
DE Kİ, DARIXIRAM SƏNDƏN ARALI
(Həyat yoldaşım KƏRİMƏ)
De ki, darıxıram səndən aralı,
Günlər ötüb gedir ağlı-qaralı,
Hürkək ceyran kimi könlüm yaralı,
Düşüb saçlarımda dən olacaqsan,
Yenə də təsəllim sən olacaqsan.
İstəmirəm keçsin bir günüm sənsiz,
Keçər qəm içində hər günüm sənsiz.
Düşsə bu aləmə ah, ünüm sənsiz...
Onda, gözlərimdə nəm olacaqsan,
Sən mənə kədərlə-qəm olacaqsan.
Qüdrəti sən qoysan bircə gün tənha,
Odakı xoş getməz inan Allaha.
Unutsan batarsan bil ki, günaha...
Onda çiçəklərtək sən solacaqsan,
Mənsiz bu dünyada tək qalacaqsan.
SEVGİDƏN DANIŞIR
Nəğmə qoşub eşqimizə,
Ellər sevgidən danışır.
Misra-misra düzə-düzə,
Dillər sevgidən danışır.
Verib ürəklərə nəşə,
Giririk xəyala tuşa.
Pıçıldaşır mor bənövşə,
Güllər sevgidən danışır.
Sonalar üzürlər göldə,
Bağdakı sarı bülbül də.
Qüdrət dözmür qürbət eldə,
Çöllər sevgidən danışır.
KƏRİM, YÜZƏLLİNİ SAĞLAM VUR BAŞA...
Ömür-gün yoldaşım Kərimin
əlli illik yubleyinə həsr etmişəm...
Hələ qabaqdadır ömrün mənası,
Yaşa, məhəl qoyma, əllidi, yüzdü.
Səni qorxutmasın həyat davası,
Uzaqdan görünən bəllidi-yüzdü.
Haqq əməllərinlə keçdi günlərin,
Ələkdən ələndi, ötdü illərin.
Oldun sevimlisi oba-ellərin,
Görünür yolların rəvandı, düzdü.
Dərd etmə ağarsa saçın, saqqalın,
İnanmam qorxuda səni bu halın.
Hələ xeyli şuxsan, ay qadan alım,
Əzilsən görərsən dərd məni üzdü.
Dünya nə nökərə, nə xana qaldı,
Nə şaha, ağaya, sultana qaldı.
Sənin bir eşqin var, cahana qaldı,
Könlündə müqəddəs ocaqdı, közdü.
Ay Qüdrət, yarınla ömür sür qoşa,
Xoş günlərdə bulun,firavan yaşa.
Gərəksən övlada, qohum-qardaşa,
Kərim, yüzəllini sağlam vur başa,
Sənə bu istəyim özəldi, özdü.
Bakı, 5 yanvar 2017-ci il.
Ay həkim!
Salıbdı bu dərdə bu dövran məni,
Şübhəylə üzümə baxır say həkim.
Sağaltmaz verdiyin bu dərman məni,
Sagalmaz yaradı yaram, ay həkim!
Dərman deyə gəzmərəm bu dünyanı,
Bəytəkərin dərdi qaraldır qanı.
Bil ki, gedib qalsam bircə ayını,
İnan ki, sağalar yaram, ay həkim!
Qüdrətəm, gəzdikcə çəməndə, düzdə,
Kədərim yox olur, sevinir üz də.
Həsrətim silinsə bu qəmli gözdə,
Olar dərdlərimə məlhəm, ay həkim!
Necə gözəl idi...
Sevib sevilməkdən yaman qorxuram,
Bir gündə ayrılıq sıxar qəlbimi.
Sevdirmə özünü, aman, qorxuram,
Bir gün də qocalıq bükər belimi.
Şirin arzularım çiçək-çiçəkdir,
Sənli xatirələr ləçək-ləçəkdir.
Ümid qaranlıqda san bitəcəkdir,
Titrək barmaqların darar telimi.
Səninlə dolandıq çəməni, bağı,
Necə gözəl idi o, gənclik çağı.
Ay Qüdrət, gələndə sevinc sorağı,
Yenə oynamağa çağır sən məni.
Yalqız bənövşə
Yaz başı meşədə qar əriyəndə,
Qaldırır başını yalqız bənövşə.
Dağı, daşı, lalələr bürüyəndə,
Axıdır yaşını yalqız bənövşə.
Həsrətidi mor sünbüllü bağların,
Yox ki, bir umudu bu gün, nə yarın.
Dost bilib özünə səssiz dağların,
Qurdunu, quşunu yalqız bənövşə.
Qüdrətin xəyalı dönüb hicrana,
Ah çəkir, sızlayır hey yana-yana.
Çəməndə boylanır o yan-bu yana,
Axtarır eşqini yalqız bənövşə.
Məni...
Qar, boransız dağ olarmı?
De, bülbülsüz bağ olarmı?
De, xəzansız gül solarmı?
Sən soldurdun yarım məni.
Əllini haqlayıb yaşım,
Görürəm ağarır başım.
Sazdı-sözdü can sirdaşım,
Axtarmır dildarım məni.
Sənsən mənim məhəbbətim,
Sənsiz keçər ömrüm çətin.
Gəl unutma sən Qüdrəti,
Yordu ahu-zarım məni.
Asta-asta
Axşam çağı gəl, yol üstə,
Gəzək qoşa ağ qar üstə.
Şirin-şirin söhbət eylə,
Mən dinləyim asta-asta.
Hardasan,ey can sirdaşım?
Vəfalı ömür yoldaşım.
Çağır incə səslə məni,
Gəzək qoşa asta-asta.
Borçalının qış fəslində,
Qarlı dağlar sinəsində.
Sən mənə aç ürəyini,
Mən dinləyim asta-asta.
Qüdrət Bəytəkərli,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.