Həmin müsahibəni təqdim edirik:
- Şərif müəllim, iyun ayının 25-də siz təsisçılərin təşəbbüsü ilə "Borçalı” İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağındaCəmiyyətin rəhbərliyində və idarə heyətinin tərkibində dəyişiklik olundu. Bu dəyişiklik zərurəti nədən yaranmışdı?
- "Dəyişiklik” ifadəsini işlədirsinizsə, deməli, bunu qanunauyğun bir proses hesab edirsiniz. Bu mövqeyinizə görə təşəkkür edirəm. "Zərurət” isə ona görə yaranmışdı ki, Cəmiyyətin fəaliyyətindəki durğunluğu bir az yerindən tərpətməyə ehtiyac vardı.
Dilimizdə gündəlik işlətdiyimiz "durğunluq” sözünün antonimi olan "inkişaf” sözü çox zaman tərəqqi, proqres sözü ilə sinonim sözlər olaraq başa düşülür. Ancaq fəlsəfi termin kimi inkişaf sözünün anlamı daha genişdir.
Bunun üçün dialektikanın üç qanunundan biri olan "Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi” qanununu anlamaq vacibdir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. İnkişaf isə yeni keyfiyyət mərhələsinə keçid, həmin o meyarın, ölçünün pozulması zamanı baş verir.
"Borçalı” İctimai Cəmiyyətində dediyimiz meyar artıq pozulmuşdu. Bu pozulma nəticəsində inkişaf meyarının önə keçməsi zərurəti yaranmışdı. Ancaq çox təəssüflər ki, bu inkişaf keyfiyyətə söykənməli olduğu halda kəmiyyət (indiki halda Zəlimxan Məmmədlinin saysız-hesabsız "möhtəşəm” məhəllə tədbirləri - Ş.K.) onu üstələyir və bəzi şəxslərin (konkret halda Z.Məmmədlinin- Ş.K.) reklamına xidmət edir.
- 25 iyun 2016-cı il konfransının qərarlarının ligitimliyini şübhə altına alan və öz postundan əl çəkmək istəməyən keçmiş rəhbərliyin fikirləri nə dərəcədə əsaslıdır?
- Bir neçə ay əvvəl Türkiyədə baş nazir istefa verdi. Xalq və dövlət bunu normal qarşıladı. Bu günlərdə qardaş Türkiyədə baş verən antikonstitusion olayları isə bütün dünya lənətlədi. Xalq ölkə başçısının müdafiəsinə qalxdı.
Bir ölkənin timsalında bu iki faktı nə üçün misal gətirdim?Sivil istefa addımına xalqın reaksiyası da sakit və təmkinli oldu, zor işlətməklə dövlət çevrilişinə cəhdə isə xalq da zor ilə cavab vermək məcburiyyətində qaldı.
Bu nümunələr Z.Məmmədli üçün, onun öz sözləri ilə desək, çox "möhtəşəm” olsa da ancaq o bu reallıqları görmək istəmir.Onun keçirdiyi 50 nəfərlik konfrans müqabilində təsisçilərin iştirakı ilə keçirilən 250 nəfərlik ümumi yığıncağın qərarına ironik reaksiya nümayiş etdirir.
Ona görə də mən açıq danışmalı olacağam.Azərbaycanın müstəqilliyi naminə bütün müasirlərim kimi mən də vaxtılə 90-cı illərdə yaranan siyasi təşkilatlardan – partiyalardan birinin üzvü olmuşam.(Reklam olmasın deyə adını çəkmirəm.) Hətta onun ali idarəetmə strukturunda təmsil olunmuşam. Lakin əvvəllər müstəqil qəzet kimi fəaliyyət göstərən, sonralar isə rəsmi dövlət qəzeti statusu alan "Azərbaycan” qəzetində baş redaktor və I müavin vəzifələrini tutduğum üçün "Mən peşə mənsubiyyətimi partiya mənsubiyyətinə dəyişmərəm” qərarı ilə həmin partiyanın sıralarını tərk etmişəm.
İnsan o vaxt inamla, şəstlə yeriyə bilir ki, ayaqlarını cütləyib bir nöqtədən start götürə bilsin.Ayağının biri sağda, biri solda olarsa, nəinki yeriyə bilərsən, heç sürünə də bilməzsən. Zəlimxan Məmmədlidə isə tamam fərqli - əcaib bir vəziyyət yaranıb: ayağının biri Azərbaycan və Gürcüstan müxalifətində, digəri "Borçalı” cəmiyyətində, əllərinin biri Azərbaycan, digəri isə Gürcüstan dövlətinin cibində… Əfəndim, bir özünə baxsana, gör nəyə oxşayırsan? Sənin əllərinin və ayaqlarının dördü də yerdədir… Sən özünü nə üçün bu vəziyyətə saldın? Bu, nədir, sən göstərirsən?
Axı biz, "Borçalı” cəmiyyətinin təsisçiləri olaraq, səninlə açıq və səmimi söhbət etdik. Dedik ki, son dövrlərdə fəaliyyətində çoxlu qüsurlar müşahidə olunmaqdadır, onları düzəltməyə isə tərslik edirsən, gəl səni hörmət-izzətlə yola salaq, yenə də cəmiyyətin idarə heyətində qal, gələn seçkilərdə namizədliyini də verə bilərsən, Gürcüstan dövlətinin səni ölkəyə buraxmaması qadağasının götürülməsi məsələsini də hər iki ölkənin rəhbərliyi qarşısında qaldırarıq və Borçalı naminə birgə fəaliyyətimizi davam etdirərik. Sən nə cavab verdin? Dedin ki, oktyabr ayında Gürcüstanda seçkilər keçiriləcək, orada hakimiyyət təzələnəcək və Sınıq Körpüdə ayağımın altında qurbanlar kəsib məni Gürcüstana dəvət edəcəklər… Ona görə də mənə oktyabra qədər möhlət verin, o vaxt mən istefa verərəm.
Ancaq görüşümüzün elə səhərisi günündən sən bizə qarşı kəskin bəyanatlar verməyə başladın. Guya ki, sənin bütün uğursuzluqlarının baiskarı biz imişik…
Yüzlərlə Borçalılının tələb və təkidi ilə biz məcbur olub ilk dəfə olaraq təsisçilərin iştirakı ilə Cəmiyyətin ümumi yığıncağını keçirdik.Ancaq yığıncaqdan dərhal sonra Z.Məmmədlinin münasibəti necə oldu?
"Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin rəsmi açıqlaması:
"İyunun 25-də bir qrup şəxsin (250 nəfərin – Ş.K.) Borçalı Cəmiyyəti adından (Cəmiyyətin təsisçilərinin – Ş.K.) toplantı keçirmələrini (Nizamnaməyə uyğun olaraq Cəmiyyətin ümumi yığıncağı – Ş.K.) kəskin şəkildə pisləyərək ölkə qanunvericiliyinin pozulması faktı haqda əlaqədar qurumlara müraciət etmişdir. İH baş verən utancverici olay (ilk dəfə ümumi yığıncağa bu qədər Borçalı əsilli insan toplaşmışdı!– Ş.K.) haqda rəsmi açıqlama da qəbul etmişdir.”
Belə bir bəyanat verən şəxsin, vallah, mən sağlamlIq durumuna şübhə edirəm.
Azərbaycanda sosial şəbəkələrin, turizm mübadiləsinin hesabına istənilən standartlar, mədəniyyətlər, yaxşı-pis adətlər özünə yer tapır, inkişaf edir və hətta sonda Azərbaycan modeli kimi özünəxas forma alır.Bircə bu istefa mədəniyyətindən başqa.
İstefa mədəniyyəti peşəkar siyasətin əsas nümunələrindən biridir.
İnsanın səhvini qəbul etməsi, qüsurunu etiraf etməsi də bir mədəniyyətdir.Yəni insan çalışdığı sahədə, tutduğu vəzifədə, ona həvalə olunan işin öhdəsindən gələ bilməyəndə və ya ümumiyyətlə, fəaliyyəti çərçivəsində uğur qazana bilməyəndə, öz istəyi ilə istefa verməli və geri çəkilməlidir.
Ümumiyyətlə, istefa mədəniyyəti siyasi aləmdə xüsusi önəm kəsb edir.Dünyanın bir çox ölkələrində bu mədəniyyət olsa da, Azərbaycanda heç bir məmur, deputat vəzifəsindən, mandatından öz xoşu ilə imtina etmir.
Əgər bir insan vəzifəyə rüşvət və saxta yolla gəlibsə, o, ölənə qədər dörd əllə vəzifəsindən yapışacaq.
Zəlimxan Məmmədlinin təşkil etdiyi Borçalıdakı "Elat” tədbirlərində bir nəfər bıçaqlandı – sədrin vecinə olmadı, həmin tədbirin iştirakçılarından olan bir nəfər göldə boğuldu – sədrin tükü də tərpənmədi, Cəmiyyətin sədrinin və onun müavininin Gürcüstana keçidinə qadağa qoyuldu – sədr etiraz əlaməti olaraq yenə də istefa vermədi!.. Qardaş, özünüzə hörmət etmirsinizsə, heç olmasa, təmsil etdiyiniz böyük bir elin adını daşıyan Cəmiyyətin adına, nüfuzuna hörmət edin! Bundan böyük təhqir, bundan böyük hörmətsizlik olmaz axı borçalılara! Mənliyinizi ortaya qoyun, qürurunuzu nəyinsə xatirinə itirməyin!
Gürcüstan həbsxanalarından birində məhbuslara qarşı zorakılıq faktına görə bu ölkənin cəzaların icrası naziri Xatuna Kalmaxelidze istefa verdi. Xanım nazir istefasını belə əsaslandırıb: "Həbsxanada baş verənlərlə əlaqədar cəmiyyət qarşısında özümü məsul saydığım üçün bu qərara gəldim".
Gürcüstanın çox dəyərlərini örnək kimi qəbul edənlərə bunu da demək istəyirəm ki, əziz kişilər, bu qadının hərəkətindən də nəsə götürməyə çalışın…
- Zəlmixan Məmmədlinin Borçalı İctimai Cəmiyyətində yaratdığı böhranı aradan qaldırmaq üçün yeni rəhbərlik hansı tədbirləri görməlidir?
- İlk növbədə biz yeni seçilmiş sədri bu vəzifədə Zəlimxan Məmmədli kimi "qocalmağa” qoymayacağıq.
İki ildən sonra onun fəaliyyətinə qiymət verib növbəti iki il üçün sədrliyini davam etdirib-etdirməyəcəyini ümumi yığıncaqda həll edəcəyik.
"Qazax” Xeyriyyə cəmiyyətinin xeyriyyəçilik aksiyaları barədə, yəqin ki, siz də eşitmisiz. Açığını deyim: mən bu vaxtacan onun sədrinin kim olduğunu bilmirəm. Sizcə, bu yaxşıdır, ya pis?
- Nə mənada soruşduğunuzu anlamadım…
- Heç mən özüm də bilmirəm, bu, yaxşıdır, ya pis… Ancaq "Borçalı” İctimai Cəmiyyətində sədr Zəlimxan Məmmədli hər an gözə girir. İnsafən, orada çox hörmətli, tanınmış insanlar, elm-incəsənət xadimləri toplaşıblar, ancaq bu insanlar cəmiyyətin işindən ya uzaq saxlanılır, ya da onların gördükləri işlər başqaları tərəfindən mənimsənilir. Ya bu yazıq sədri çox yükləyirlər, ya da sədr özü belə "yüklənməkdən” həzz alır… Hər iki hal qəbuledilməzdir. Biz effektiv, dinamik bir struktur işləyib hazırlamışıq. Çalışacağıq ki, Cəmiyyətin yükü bu strukturda təmsil olunanların hamısının çiyinlərinə bərabər paylansın.
Borçalının tarixi, etnoqrafiyası, müasir durumu, problemləri barədə bir elmi, ictimai mərkəz missiyasını üzərinə götürərək ardıcıl araşdırmalar aparmaq, onun Azərbaycan və Gürcüstan dövlətləri üçün dəyərini hər an gündəmdə saxlamaq.
Cəmiyyəti siyasi alətə çevirmək istəyən qüvvələrlə heç bir əməkdaşlıq etməmək.Bizim aparıcı strateji məramlarımızdan biri belədir.
Bu günlərdə uduzduğunu qəbul edib əlinin arxasını yerə qoymaq istəməyən Z.Məmmədli "Elat” tədbiri ilə əlaqədar iki nəfəri Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşə göndərib.Artıq bütün etiketləri tapdalayan Z.Məmmədli Cəmiyyətin adından deyil, öz adından qubernatora hədiyyə göndərməyi də unutmayıb.
Əlbəttə, qısaca olaraq bu dediklərim Cəmiyyətin ümumi strateji xəttini müəyyənləşdirir.Ancaq bu ümumi xəttə birləşən yüzlərlə proqram xarakterli məqsəd və məramlarımız da var.
- Z.Məmmədli "Feysbuk"dakı bir açıqlamasında Borçalı əsilli bəzi vəzifəli şəxslərin adlarını hallandırır…
- Bu suala cavab vermək istəməzdim. Ən azı ona görə ki, bu Cəmiyyət üçün "vəzifəli”, yaxud "vəzifəsiz” meyarları qəbuledilməzdir. Bizim üçün ürəyi Borçalı ilə döyünən insanlar və onların əməlləri önəmlidir. Belə demək mümkünsə, kasıb yrəyi ilə, varlı çörəyi ilə.
- "Borçalı” İctimai Cəmiyyəti Azərbaycan və Gürcüstanın mehriban qonşuluq və strateji əməkdaşlığının gələcəyini necə görür və bu prosesə hansı töhfəni verə bilər?
- Başqa millətlərdən fərqli olaraq, tarixən gürcülər və azərbaycanlılar arasında ciddi ədavətə səbəb ola biləcək müharibə və münaqişələr olmayıb. Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında münasibətlər həmişə əməli səciyyə daşıyıb.
Azərbaycan - Gürcüstan respublikaları arasında əlaqələrin miqyasını və söykəndiyi güclü sütunları öyrənmək üçün bu münasibətlərin ayrılmaz tərkib hissəsi olan Borçalıda yaşayan soydaşlarımızla gürcü xalqı arasında mövcud olan milli, mədəni, sosial ilişkilərin köklərini araşdırmaq doğru olardi. Əsrlər boyu yaranmiş bu tarixi münasibətlər sistemini müasir dövrümüzdə şərti olaraq üç mərhələyə bölmək olar.
Birinci mərhələ 1990-cı ilə qədər olan münasibətlər dövrüdür. Təbii ki, bu mərhələdə formalaşan münasibətlərdə keçmiş Sovetlər İttifaqının xalqlar arasında dostluq siyasətinin strateji xətti bütün sahələrdə öz əksini tapırdı. Həmin dövrün siyasi durumundan Gürcüstan hökuməti məharətlə istifadə edərək uzaqgörənliklə soydaşlarımızın yaşadığı bütün rayonlarda gürcülərin sayını müxtəlif motivlərlə süni surətdə artırırdı.
Azərbaycan - Gürcüstan münasibətlərinin ikinci mərhələsi hər iki dövlətin müstəqillik qazandıqları dövrə düşməklə, inqilabi keçid dövrünü əhatə edir. Yenicə müstəqillik əldə edən Gürcüstan və Azərbaycan dövlətləri keçmiş Sovet imperiyasından miras qalmış bir çox problemlərlə üzləşdilər. Bunlardan ən qorxulusu ölkənin ərazi bütövlüyünün təhlükə altına düşməsi idi. Lakin iki dövlət arasında dostluq korpüsünün əsas təməli sayılan borçalılar gürcüləri yenə də tək qoymadılar - onlar ölkənin ərazi bütövlüyünü dəstəklədilər və Gürcüstanın süverenliyi uğrunda gürcülərlə çiyin-çiyinə dayandılar. Ancaq təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində abxazların, osetinlərin, acarların müstəqillik, muxtariyyət iddiaları ilə yanaşı, ermənilərin separatçılığı, Ermənistan bayrağının ermənilərin kompakt yaşadıqları bir sıra rayonlarda qaldırılması, Gürcüstan dövlət orqanlarının de-fakto nəzarətindən çıxması fonunda azərbaycanlıların itaətkar, sədaqətli vətəndaş, torpağını sevən, onun uğrunda canından keçməyə hazır olan bir millət obrazı yaratsa belə, hələ də lazımi qiymətini ala bilmirdi.
Etiraf etmək lazımdır ki, Eduard Şevardnadze və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onların şəxsi səyi və təşəbbüsü nəticəsində Gürcüstan dövlətinin hüquq-mühafizə orqanlarının Borçalıda və ona bitişik ərazilərdə fəallığı artdı və burada hökm sürən kriminogen özbaşınalığa qarşi ciddi əməliyyatlar həyata keçirildi.
Lakin E.Şevardnadze zamanında da borçalılara qarşı gizli şəkildə təzyiqlər olunur, onların işlə təmin olunmasında əngəllər törədilirdi. Gürcüstan azərbaycanlılarının ən böyük problemi olan torpaq problemi də məhz E.Şevardnadzenin vaxtında yaradılmışdır.
Nəhayət, 1996-cı ildə müstəqil dövlətin rəhbəri kimi Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana işgüzar səfəri ilə iki ölkə arasında münasibətlərin yeni – üçüncü mərhələsi başlandı. Azərbaycan Prezidentinin bu tarixi səfəri zamanı Azərbaycan - Gürcüstan arasında «Qafqaz regionunda Sülh, Təhlükəsizlik və Əməkdaşlıq barədə» Bəyannamə, «Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizliyin möhkəmləndirilməsi haqqında» Müqavilə, habelə «Neftin nəqlinin yeni vasitələrinin işlənib hazırlanması və belə vasitələrin köməyi ilə neftin Gürcüstan ərazisindən nəqli haqqında» Saziş imzalandı.
1996-cı il Bəyannaməsi əslində imperiya siyasətinə - siyasi konfliktlərin qızışdırılması və etnik didişmələrin genişləndirilməsi siyasətinə qarşı bir sənəd kimi meydana çıxdı.
Hər iki qonşu ölkədə siyasi məsələlərdən məharətlə baş çıxaran, ölkələrinin iqtisadi maraqlarını qlobal siyasətin amansız təzyiqlərindən qoruya bilən gənc və müasir təfəkkürlü qüvvələrin hakimiyyətə gəlişi bir sıra beynəlxalq güc mərkəzlərini onlarla hesablaşmağa vadar etdi. Prezident İlham Əliyevin nəhəng layihələrin Qafqaza yönəldilməsi, Avropa və Asiya arasında siyasi-iqtisadi əlaqələrin etibarlı sütunlarının yaradılması istiqamətində çox mürəkkəb bir şəraitdə ciddi səylər göstərməsi nəinki Azərbaycanı, eləcə də Gürcüstanı inkişaf etmiş sivil dövlətlər arasında öz varlığını qorumaqla yanaşı, nüfuz və söz sahibinə çevirdi.
"Borçalı” cəmiyyəti yarandığı dövrdən etnik separatçılığı birmənalı rədd edir, Gürcüstanın bölünməzliyini qəbul edir, mədəniyyətlərarası dialoqu vacib vasitə hesab edir, soydaşlarımızda dövlətçilik və milli şüurun sağlam inkişafına çalışır, hər cür radikal üsulları məqsədəçatma vasitəsi kimi qəbul etmir, bütün problemlərin dinc qarşılıqlı anlaşma, hüququn aliliyi prinsiplərinə uyğun həllinin tərəfdarıdır, soydaşlarımızla Gürcüstan cəmiyyətinin qarşılıqlı inteqrasiyasının tərəfdarıdır, çünki Gürcüstan hər birimizin doğma vətəni olduğu kimi, Azərbaycanımızın sədaqətli strateji müttəfiqidir.
Arzuman Loğmanoğlu
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.