Əlləz Vəliyev (Ormeşənli)
Yazıçı-publisist,
“Qızıl qələm” mükafatçısı.
O,1952-ci ildə Ulu Borçalıda, Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. 1966-ci ildə Ormeşən 8 illik məktəbi, 1968-ci ildə Darvaz orta məktəbini, 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunun meşəçilik fakültəsini bitirmişdir. Uzun müddət Ormeşən meşəçiliyində müxtəlif vəzifələrdə
işləmişdir. O, işlədiyi müddətdə doğma elinə, təbiətə,
o, yerlərin insanlarına daha çox bağlanmışdır. Bu məhəbbətin təzahürü olaraq “Borçalıda qədim Ormeşən eli” kitabını yazmışdır. Bu kitaba görə müəllif “Qızıl Qələm” mükafatı laureatı adına layiq görülmüşdür.
“Xalqa – elə məhəbbətin bəhrəsi” toplusu ikinci, meşəçilər haqqında yazmış olduğu “Təbiətdə izi qalan meşəçilər” kitabı isə müəllifin üçüncü kitabıdır.
Yazıçı-publisist Əlləz Vəliyevin yeni “Təbiətdə izi qalan meşəçilər” kitabı çapdan çıxıb. Sözügedən kitabda Azərbaycan Respublikasının tanınmış təbiətşünasları, meşə təsərrüfatı işinin görkəmli təşkilatçıları, meşəçi-alimlər, meşələrin qorunmasında xüsusi əməyi olan meşəçilər, meşə gözətçiləri və onların sayəsində salınmış və qorunub bu günümüzə ərməğan edilmiş gözoxşayan meşəliklər haqqında məlumatlar yer alıb: Müəllif yazır “Yolum hər dəfə meşələrdən düşəndə sevincimi, heyrətimi gizlədə bilmirəm. Fikirlərim təzələnir, yaşamaq, yaratmaq həvəsim artır, elə bil, bir az da cavanlaşıram. Dünyanı bir anlığa meşələrsiz təsəvvür edəndə varlığım kədərə bürünür, həyat gözümdə mənasızlaşır. Tarixən Azərbaycan ərazilərinin çox hissəsi meşələrlə örtülü olub. Yüzilliklərdən sonra bizə onun ancaq kiçik bir payı gəlib çatıb. Meşə təbiətin ən qiymətli, vacib, əvəzolunmaz komponentidir. Meşə olmasa, bütün canlı varlıq, sivilizasiya məhv olar. Meşə şairlərin, rəssamların ilham mənbəyidir. İnsanlara gözəllik hissi, sevinc duyğuları bəxş edir. Dünyanı meşəsiz təsəvvür etmək mümkünsüzdür. Meşələrin insan cəmiyyətinin həyatında oynadığı rolu nəzərə alaraq, qərara gəldik ki, Azərbaycanın görkəmli ziyalısı, müsəlman dünyasının ilk təbiətşünas alimi Həsən bəy Zərdabi, meşə təsərrüfatı üzrə mütəxəssislərin yetişdirilməsində böyük rolu olan görkəmli meşəçi, dramaturq Nəcəf bəy Vəzirov, vətənə və xalqa təmənnasız xidmətləri ilə Azərbaycan xalqının yaddaşında əbədi iz buraxmış şəxsiyyətlər sırasında özünəməxsus yerin olan akademik Həsən Əlirza oğlu Əliyev, xatirəsi əziz tutulan unudulmaz şəxsiyyətlərdən biri ─ Azərbaycanda meşə mühafizəsi işinin görkəmli təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Həsən oğlu Mustafayev, Azərbaycanda fəaliyyət göstərmiş görkəmli botanik, SSRİ EA-nın həqiqi üzvü Aleksandr Alfonsoviç Qrossheym, meşəçi alim, AMEA-nin müxbür üzvü, Azərbaycan Respublikasının Əməkdar meşəçisi İbrahim Səfər oğlu Səfərov, biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın, Azərb.EA-nın həqiqi üzvü Validə xanım Xaspolad qızı Tutayuq və tanınmış botanik, professor, Qafqaz florasının tədqiqatçısı Leonid İvanoviç Prilipko kimi görkəmli şəxsyyətlərlə bərabər meşə təsərrüfatı təşkilatçılarının, meşəçilik elmində iz qoymuş bilim adamlarının və meşəçilərin xidmətlərini “Təbiətdə izi qalan meşəçilər” kitabında işıqlandırmaqla onları gələcək nəsillərin yaddaşına köçürüb tarixləşdirək. Təbiətsevər Ümummilli Lider Heydər Əliyev respublikada meşələrin bərpasına, artırılmasına, mühafizəsinə həmişə diqqət yetirib və deyib: “Hər kim bir ağac kəsirsə, elə bil mənim qollarımı kəsir”. “Meşələr bizim təbii sərvətimiz, onu qorumaq isə vətəndaşlıq borcumuzdur”. Bəli, Ulu Öndərin əsasını qoyduğu ekoloji siyasət, meşələrin, parkların, yaşıllıqların salınması işi bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılı və bu istiqamətdə bir çox layihələr uğurla həyata keçirilir”.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.