Qarapapaq İstil İsmayıl

Qarapapaq   İstil  İsmayılMərhum yazıçımız Tahir Hüseynovun “Borçalı əhvalatları” və “Çaxçaxda atılan güllə” povestinin baş qəhrəmanı İstil İsmayıl kimdir? Yazıçı təğayülündən yaranmış bir obrazdırmı? Yoxsa, həyatda olmuş bir şəxsiyyətdirmi? Əgər həyatda elə bir adam olubsa, o kim olub, nə işlə məşğul olub?
Bizə bu barədə çoxlu suallar verirlər. Redaksiyaya dəfələrlə məktub yazıb onun haqqında hər şeyi açıq bilmək istəyirlər. Bütün bunları nəzərə alaraq möhtərəm oxucularımıza bildirmək istəyirik ki, İstil İsmayılın şəxsiyyətini açıqlayıb, onun haqqında ətraflı məlumat verməyə çalışaçağıq.
Ismayıl Hüseyn oğlu 1875-ci ildə Tiflis quberniyasının Borçalı qəzasının Qasımlı elatında anadan olmuşdur. Kiçik yaşlarından çox zirək, qabiliyyətli, zəkalı, ağıllı və baçarıqlı bir şəxsiyyət kimi böyümüşdür. O, nə çox varlı olub, nə də çox kasıb. Ortabab kəndli kimi yaşamışdır. İstil İsmayılın Qasımlı kəndinə yaxın olan Baytallı kəndinə bitişik 12 hekdar torpaq sahəsi olub və həmin sahədə o, taxıl, pambıq, qarğıdalı və s. kənd təsərrüfatı bitgiləri əkərmiş və ailəsini həmin torpaqdan gələn gəlirlə saxlayarmış. İstil İsmayılın atası Hüseyn kişi dünyasını erkən dəyişmiş, İstil İsmayıl, Abbas, Süleyman və Telli adlı baçıları ilə yetim qalmışdır.
Abbas və Süleyman İstil İsmayılın yanında məskunlaşmış, Telli xanım isə Ağməmmədli kəndinə Ağ Məmməd kişiyə ərə gedib böyük ailə sahibi olmuşdur. Telli xanım uzun müddət Ağməmmədlidə Sovet hakimiyyəti qurulduqdan sonra kənddə kolxoz sədri işləmişdir. O, kəndin hörmətli-izzəti olan, sözü keçən bir şəxsiyyəti olmuşdur. İstil İsmayıl üç dəfə evlənib. Onun Tehran adli birinşi arvadı öz qohumu olub. O, çox igid, cəsur, at minən, tüfəngi heç vaxt əlindən düşməyən, İstil İsmayılı dəfələrlə təlükələrdən qoruyan bacarıqli bir qadın olmuşdur.
İstil İsmayılın Tehran xanımdan Məhərrəm adlı oğlu, Zübeydə adlı qızı olur. Oğlan çox erkən xəstələnib tələf olur. Zübedə isə qənirsiz gızəl imiş. Onun gözəlliyindən xüsusi danışırdılar. İstil İsmayılın qapısına gələn elçilərin sayı-hesabı yox imiş. Lakin İstil İsmayıl gələn elçilərin hamısını rədd eyləyir, qızı Zübeydəni öz əmisi oğlu Qasıma verir. Zübeydənin Qasıma ürəyi olmadığına görə üç ayın gəlini olur. Özünü güllə ilə vurub öldürür. Bu hadisəni İstil İsmayılın ikinci arvadı Qiymət xanım belə nəql edirdi:--Günorta idi. İsmayıl biçinçilərin yanından qayıdıb taxtın üstünə uzanaraq dincini alırdı. Qəfildən güllə səsi eşidildi. Istil İsmayıl dik atıldı və həyacanla qışqırdı ki bu güllə ətə dəydi. Qonşuya qaçışdıq, gedib gördük Zübeydə yıxılıb, boğazının yanından qan axır, dümağ kəlağayısı al-qan içindədir. Bu hadisəni Qiymət xanıma sonralarda İstil İsmayılın özü danışıbmış. Sən demə, onun qayınanası Sənəm qarı həyatda çardağın altında saj çörəyi bişirirmiş. Zübeydə sajın üstündə bişən çörəyi iki dəfə evə aparıb ki, kündə gətirsin, amma o gəlib divardan asılmış tüfəngi götürüb ayağının baş barmağını tətiyə keçirib, tüfəngin lüləsini çənəsinin altına qoyub, ayaq barmağı ilə çaxmağı çəkib. Bu hadisədən bir az sonra qızı Zübeydənin bu faciəsinə dözə bilməyən Tehran xanım dünyasını dəyişir.

O vaxtlar arvadsız qalan kişiləri qinayarmışlar. Arvadı Tehranın qırxı çıxandan sonra İstil İsmayıl qonşu Ulaşlı kəndindən Məhəmməd Ələkbər ağanın bacısı qızı Qiymət xanımla evlənir. Ondan Seydə adlı bir qızı olur. Birinci uşaqdan sonra Qiymət xanımın uzun müddət uşağı olmur. Sonralar Seydəni Qaçağan kəndinə, bəy nəslindən olan Əlibəy Topçuyevə ərə verirlər və onun bir oğlu olur. Həmin oğul məşhur dilçi alim Rəsəddin Topçuyevdir. Rəsəddin 1952-ci ildə Səməd Vurğun və Məmməd Araz Dadaşzadə ilə bərabər Naxçıvandan çıxıb Nehrəm kəndinə gedəndə yolda xəstələnir və 1982-ci ilə qədər yaşayır. Ömrü boyu pisxi xəstə olur. Atası Əlibəy aparmadığı yer, göstərmədiyi həkim qalmır. Ancaq Rəsəddin Topçuyev əla tar çalırdı.
Ikinci arvadı Qiymət xanımın uşağı olmadığından İstil İsmayıl üçüncü dəfə evlənir. O, qonşu Ləmbəli kəndindən Qasımlıya pənah gətirmiş Əmirxan kişinin qızı Başxanımla evlənir.
Üçüncü arvadı Başxanımdan İslam adlı oğlu olur. Bundan sonra onun ikinci arvadı Qiymət xanından da uşaqları olmağa başlayır. O, dalbadal üç oğlan uşağı doğur. İstil İsmayılın axırıncı arvadı Başxanımdan beş oğlu və bir qızı olur.
Ümumiyyətlə, İsti İsmayılın üç arvaddan on iki övladı olmuşdur. Onun üç qızı və doqquz oğlu var idi. Oğlanlarından ikisi Məhərrəm və Nəriman erkən xəstələnib dünyalarını dəyişmişlər.
Bu günə kimi onun bir övladı sağdır. Qalanları artıq dünyalarını dəişmişlər. Onun üç oğlu Böyük Vətən Müharibəsində qəhrəmanliqla həlak olmuşdur. İstil İsmayılın üçüncü arvadı Başxanımdan olan yalnız Novruz adlı oğlu durur. Novruz müəllimin 82 yaşı var, kimya elmləri doktorudur. Y. Məmmədəliyev adına Neft Prosesləri Elmi-Tədqiqat institutunda labaratoriya müdiridir. Yüzlərlə namizət və doktor yetişdirib. Onun tələbələri bütün dünyaya yayılıb.
1930-cu il oktyabr 30-da İstil İsmalıl öz əmizadəsi rus Vəli(onu belə çağırırdılar) ilə bərabər Şülaveri məntəqəsinə pambıq təhvil verib gəlibmiş. Bu vaxt başqa əmisi oğlu Qasım (İstil İsmayılın üç ay kürəkəni olmuşdur) gəlir İstil İsmayılın yanına ki, ay Lələ, (İstil İsmayılın bütün qohumları ona Lələ deyərmiş) biz əmi uşağı yolun üstə mübahisə edirik. Gəl onu ayrıd eylə. İstil İsmayıl o vaxt bütün tayfanın ağsaqqalı idi. Nə çətinlik olsa, hamı onun yanına məsləhətə gəlirdi.
İstil İsmayıl Qasımın sözüylə mübahisə yerinə gedir, mübahisəni yatırıb hər iki tərəfi sakitləşdirən vaxt iri daşla İstil İsmayılı arxadan vururlar. Həmin zərbədən İstil İsmayıl ordaca dünyasını dəyişir.
O, vaxt Şaumyan qəsəbəsində keçiriln məhkəmə zamanı onun başına dəyən daşı məhkəmə-eksperti nümayiş etdirir. Həmin daşın 1 kiloqram 630 qram ağırlığında olduğu aşkarlanır. İstil İsmayılı 1930-cu ilin oktyabr ayının axırıncı günü Qasımlı kənd qəbiristanlığında dəfn edirlər. Onun dəfnində Borçalı qəza daxili işlər rəisi Naçkebya da öz başının adamları ilə şəxsən iştirak edir.
Yuxarıda dedik ki, İstil İsmayıl ömrü boyu ortabab kəndli kimi yaşayıb, ancaq o, ictimai işlərdə, həmçinin dövlət işlərində də çalışmışdır. O, uzun müddət hökumətin inanılmış şəxsi olaraq fəaliyyət göstərmişdir.

1913-cü ildə kənddə təşkil olunmuş işlər dəstəsinin üzvü olur. Onların məqsədi kasıblara kömək etmək, torpağı olmayanlara torpaq vermək, yetimləri, ac-yalavacları doydurmaq idi. Üçlüyə Sudya İsmayıl deyilən şəxs rəhbərlik edirmiş. Onların 10 metr uzunluğunda zəncirləri varıymış. Torpaq sahəsini zəncirlə ölçüb verərmişlər.
İstil İsmayıl 1917-1930-cu illərdə dövlətə boyun əyməyən banditlərə qarşı mübarizə dəstəsinin rəisi olub. Geniş fəaliyyət göstərib, neçə-neçə quldurun, banditin, yolkəsənin, kasıb kəntliləri incidən tüfeylilərin tutulub hökumətə təhvil verilməsinə kömək edib və bu işlərə şəxsən rəhbərlik edib.
İstil İsmayılın mərdliyi, qeyrəti “Borçalı əhvalatlari” və “Çaxçaxda atılan güllə” povestlərindən məlumdur. Onun mərdliyi özünə böyük hörmət-izzət qazandırmışdır.
Bu barədə daha ətraflı, daha geniş məlumatı onun oğul nəvəsi və bu sətirlərin müəllifi olan Səyavuş Hüseynovun yazmış olduğu “Qaşı kəsilmiş yəhər” povestindən öyrənə bilərsiniz. Bu povestdə həm də Qasımlının adlı-sanlı ağası Səməd ağa ilə İstil İsmayılın birgə fəaliyyətinin bütün detalları öz geniş əksini tapmışdır.

Səyavuş UYĞUN,
Qasımlı kəndi.



***

Qarapapaq İstil İsmayıl

Qədimalı tayfasının seçilən bir oğludur,
Mərd insanlar cərgəsində izi qalmış uludur,
Qeyrətli ər oğulları qara torpaq tez udur,
Məşhurlaşdı eldən-elə, adı elə yayıldı.
Borçalının nər oğludur, bu İstil İsmayıldı.

Babakərin qucağıydı, onun qanlı meydanı,
Bu “Üçbulaq”, “Haça qaya” kimlər oldu mehmanı,
Dağlar oğlunu dağlarla yanbayan qoyub tanı,
Zamanında Qarapapaq ağsaqqalı sayıldı,
Borçalının nər oğludu, bu İstil İsmayıldı.

Şoxlarına ümid verdi el içində hörməti,
Aşıq qoşdu, dastan oldu onun milli qeyrəti,
Ana yurda sipər oldu onun şanı-şöhrəti,
Düşmən yenə ağzıaçıq, dərddən hayıl-mayıldı,
Borçalının nər oğludu, bu İstil İsmayıldı.

Neçə yerdən namərdlərə sinə gərdin döş-döşə,
Yelqanadlı kəhər üstə sən çıxardın görüşə,
Namərd güllə atan yerdə kaş ki, bəxti kor düşə,
Ölüncə rahat olmadı, düşmən sonra ayıldı,
Borçalının nər oğludu, bu İstil İsmayıldı.

Bəxtəvər olar Uyğun, izlərinlə gedə bilsə,
Hər qeyrətli səni istər, özünə dədə bilsə,
Bu elatda kim kasıbsa, kim yetim bir tifilsə,
Harda gəldi qahmar çıxıb o,fağırdan sayıldı,
Borçalının nər oğludu, bu İstil İsmayıldı.
2008
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: