Borçalının şair övladı Loğman Rəhimli

Borçalının şair övladı Loğman Rəhimli 3 aydan sonra yenidən “Sınıq” körpü sərhəd keçid məntəqəsindəyəm. Sərhəd keçid məntəqəsini keçib neytral əraziyə daxil oluram. İstər-istəməz “Sınıq” körpüyə baxıb köksümü ötürürəm. Başı bəlalı “Sınıq” körpü. XII əsrdən üzü bəriyə tariximin qan yaddaşı, hər kərpici bir tarixi salnamə. O tayla bu tayın qəm pəncərəsi. Mənim qəlbimin sınmış aynası, şüşəsi. Kiminsə (adını belə çəkmək istəmirəm) bir bağışlanmaz səhvinin qurbanı.

Nə isə... Gürcüstan Respublikasına daxil oluram. Taksi sürücüləri məni dövrəyə alırlar. “Ağsaqqal, hara gedirsiniz, 20 lari verin aparaq.” Deyirəm ki, icazə verin 15-20 dəqiqə nəfəs alım, dünyanın sonu deyil ki, bir təhər dil taparıq. A kişi, nə danışırsınız gecənin bu vaxtı heç bir sürücü sizi bu qiymətdən aşağı apara bilməz, yanacağın qiymətini ödəmir. -Yanacağın bura nə dəxli var? -Var ağsaqqal. Mən gedəcəyim ünvanı söyləyəndə taksi sürücüləri təəccüblə bir-birilərinin üzlərinə baxırlar, vəziyyət 360 dərəcə dəyişir. Deyirəm ki, indi 3 km yolu neçəyə aparacaqsınız, piyada da gedə bilərəm, bir sözlə, yaxşı-yaxşı fikirləşin, siz fikirləşməkdə olun, mən də doğma Borçalının bu guşəsini yaxşı-yaxşı seyr edim.

Budur, Babakər dağı, başı qarlı Ləlvər dağı, sağda Yağlıca dağı, öndə Damğaçı düzü, Kür və Ehram çayları, uzaqdan Qoca Şindi mənə “gəl-gəl” edir. “Xoş gəlmisən” söyləyirlər. Sürücülər ağsaqqal, deyəsən bu yerlərə 20 və yaxud 30 ildən sonra gəlmisiniz, lap şair kimi danışırsınız, yoxsa Odlar Yurdu Azərbaycandan Borçalını təsvir və tərənnüm etməyə gəlmisiniz? Sürücülərdən bir nəfər yaxınlaşıb, ağsaqqal, sizi mən aparacağam, 10 lari də pulunuzu alacağam, gəl getdik. Yox deyirəm. 6-7 lariyə aparırsan apar, aparmırsan özün bilərsən, 3-4 saatdır burada durursan, sabaha qədər də dursan məndən xeyirli müştəriyə rast gəlməyəcəksən, deyəsən qonşu kənddənsiniz, soyadınız? Sürücü bir anlıq duruxur, nə edəcəyini bilmir və ağsaqqal buyurun maşına nə verərsiniz verin, baxıram üzünüzdən nur yağır, bu yerlərə də yaxşı bələdsiniz. Maşına əyləşib yola düşürük sürücü yolda soyadını və adını, atasının adını söyləyir. - Bəs sizin adınız, soyadınız? Dinmirəm və bir necə dəqiqədən sonra aşağıdakı misraları pıçıldayıram.

Ünvan axtarırsan nəyinə lazım,
Qısaca qeyd elə İlyas Vəfalı.
Axtarıb arasan billəm taparsan,
Kəndim Lecbədindir, yurdum Borçalı.

Sürücü: İlyas müəllim, siz Allah bağışlayın tanımamışam, “İgidin adını eşit özünü görmə” məsəli bu yerdə lap yerinə düşdü. Sizinlə bir yerdə getmək mənə şərəf verir. Siz Allah, məni bağışlayın günahımı yumağa çalışaram. -Nə günah, sənin heç bir günahın yoxdur, sən taksi sürücüsü, mənsə adi sərnişin. Narahat olma haqqını alacaqsan, axı sənin də ailən var, evə çörək pulu aparmalısan. “Sınıq” körpüdən 10 dəqiqə aralanmamış maşın artıq doğulub boya-başa çatdığım evin yanında dayandı. Sürücünün haqqını verib, ala qapını açıb həyətə daxil oluram. Saat 20:30-dur. Hər yanda sakitlikdi, Əl çantamı yerə qoyub evin hər bucağına diqqət yetirirəm. Qonşunun səsi gəlir, ayə, kimsən? -Mənəm İlyasdır deyirəm. -Qonşu, yol gəlmisən zəhmət olmasa bizə gəl, mən də Bakıdan dünən gəlmişəm, gəl çaydan iç, çörəyimizi ye, bir az dərdləşək, çoxdandır bir-birimizi görmürük yaxşı ki, gəldin, ölənlərinizə rəhmət, səhər atamın qırxıdır.

Səhərisi gün bir neçə ünvana baş çəkdikdən sonra üz tuturam kəndin yuxarı məhəlləsinə, daha doğrusu, Loğman Həsrət oğlu Rəhimligilə Loğman müəllim məni səmimi və mehribançasına qarşılayır, qucaqlaşıb öpüşürük, hal-əhval tutduqdan sonra məni evə dəvət edir. Həyat yoldaşı Məhəbbət xanım, qayınanası Zəki ana, qardaşının həyat yoldaşı Tünzalə xanım, oğlu Kamran, gəlini və nəvələri mənə “xoş gəldiniz” edib süfrəyə dəvət edirlər. Çay içə-içə Loğman müəllimdən xahiş edirəm ki, qısaca olaraq tərcümeyi-halını desin. O da sağolsun sözümü yerə salmır və zarafatla, İlyas Əfəndi, çayını iç sonra nə desən sənin qulluğunda hazıram, dünyanın sonu deyil ki.

-Loğman müəllim, neçənci ildə, hansı ayda doğulmusunuz?
-1953-cü il aprelin 10-da Marneuli rayonunun dilbər bir güşəsində qədim Lecbədin kənddində zəhmətkeş bir ailədə anadan doğulmuşam. Atam Həsrət Musa oğlu, anam Zəhra İsa qızıdır.
-Neçənci ildə birinci sinifə getmisiniz?
-1960-cı ildə Lecbədin ibtidai məktəbinə qədəm basmışam. İbtidai məktəbi bitirdikdən sonra qonşu Qaş Muğanlı (Böyük Muğanlı) orta məktəbində təhsil almışam. 1970-ci ildə orta məktəbi bitirmişəm. Elə həmin ildə də APİ-nin (Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya fakültəsinə qəbul olmuşam. 1974-cü ildə institutu bitirmişəm.
-Müəllimlik fəaliyyətinə neçənci ildə başlamısınız?
-1974-cü ildə Lecbədin kənd orta məktəbində ilk müəllimlik fəaliyyətinə başlamışam, kimya müəllimi qismində. 2002-ci ilə qədər dağma kəndimdə müəllim işləmişəm. Elimin-obamın övladlarının savadlanmasında az-çox əməyim olduğuna görə özümü xoşbəxt sayıram. Çünki müəllimlik müqəddəs bir peşədir.
-Loğman müəllim, neçə övladınız var?
-Bir qızım, iki oğlum var. 8 nəvənin və bir nəticənin babasıyam. Allah sənə də qismət etsin. Atalar yaxşı deyiblər “Dövlətdə dəvə, övladda nəvə”.
-Kənd həyatı haqda nə deyə bilərsiniz?
-Lecbədin kəndi dilbər bir guşədə yerləşir. “Sınıq” körpüyə qədər uzanan meşəsi, Ehram çayının zümzüməsi, Babakərin, Ləlvərin əzəmətli vüqarı bu kəndə xüsusi yaraşıq verir. Uluxan təpəsi, Damğaçı düzü, Poylu bağı, tarixi körpüləri ilə seçilir. Belə bir kənddə yaşamaq hər bir kənd əhalisi üçün cənnətdə yaşamaq kimi bir şeydi. Bir sözlə, kənddə həyat öz axarı ilə davam edir. Kənd həyatı başqa bir aləmdir. Kimi mal-qara ilə, kimi torpaqla-təsərrüfatla məşğuldur. Təbiət öz gözəlliklərini bu kənddən əsirgəməyib. Əsl cənnətməkandır Lecbədin kəndi, xoşbəxəm ki, burada doğulub boya-başa çatmışam və bura da yaşayıram.
-Loğman müəllim, indi isə keçək əsas məsələyə neçənci ildən şeir yazırsınız?
-1970-ci ildən şeir yazıram orta məktəb illərindən ədəbiyyata-poeziyaya böyük marağım olub. Şairlərdən Nizamini, S.Vurğunu, M.Müşfiqi və ölməz xalq şairi Zəlimxan Yaqubu sevə-sevə mütaliə etmişəm. İndi də sevə-sevə mütaliə edirəm.
-Loğman müəllim, Lecbədin kəndi tarixən öz igidləri, ərənləri, ziyalıları, alimləri, şairləri ilə seçilib. Bu kəndin Borçalıda öz xüsusi nüfuzu, öz sanbalı var. Xahiş edirəm bu kəndin şairlərinin adlarını bir-bir sadalayasınız?
-Xəstə Namaz, İbrahimxəlil Alıoğlu, Şəmşi Əlizadə, Aysəba Əlizadə, Kamal İbrahimxəlil, Əziz Səfərov, Əziz Borçalı, Əhməd Qarakəllə, Rafiq Çobanoğlu, Mahir Dərzili, Loğman Rəhimli, İlyas Əfəndi Vəfalı, Lətif Əlizadə, Cəmilə Məcidqızı.
-Bəs davamçılar varmı, varsa kimlərdi?
-Allaha şükürlər olsun ki var və olacaq buna əminliklə imza atıram. Gənclərdən Rəbib, İsgəndər bu yolun yolçularıdırlar. Ürəyini buz kimi saxla qədəmin düşərlidir. Sən sonuncu deyilsən. Olduqca istedadlı gəınclərdirlər. Əminəm ki,onlar da axırıncı deyillər, davamçıları olacaq.
-Loğman müəllim, təxminən nə qədər şeiriniz var?
-100-dən çox şeirim var. Mövzular da sənə məlumdur. Sevgi-məhəbbət ruhlu şeirlərim, satirik şeirlərim və təmsilərim var (onu da oxucuların nəzərinə çatdırım ki, L.Rəhimli 1980-90-cı illərdə “Yeni Marneuli” və “Gürcüstan” qəzetlərində çap olunub).

Bu ilin aprel ayının 10-da Loğman müəllimin 65 illik yubileyi olacaq. Fürsətdən istifadə edərək sevimli müəllimimi və qələm dostumu ürəkdən təbrik edirəm ona uzun ömür, cansağlığı, şəxsi həyatında xoşbəxtlik və səadət arzulayıram. Gün o gün olsun ki, 70-80-90-100 yaşınızı bizlərlə birlikdə qeyd edəsiniz deyirəm. Və qəzetlərimizin əməkdaşları da mənim bu təbrikimə qoşularaq Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayırlar, yüz yaşayın deyirlər. Arzularınız çin olsun, Loğman Rəhimli, yaşayın və yaradın. Ulu tanrı özü Sizə yar olsun. Amin!!!

İlyas Əfəndi VƏFALI

P.S.: Aşağıda şair Loğman Rəhimlinin bir-neçə şeirini siz oxucuların ixtiyarına-öhdəsinə buraxıram, oxuyun və qiymət verin.


A qardaş

Deyişmə


L.Rəhimli:
Saqqalım çallaşır, saçım ağarır,
Çökür gözlərimə duman, a qardaş,
Əyilir qamətim, bükülür dizim,
Yaman qocalıram, yaman, a qardaş.

İ.Ə.Vəfalı:
Təvəqqə edirəm ulu Tanrıdan,
Çökməsin gözünə duman, a qardaş.
Qocalıq sözünü gətirib dilə,
Şikayət eyləmə, aman, a qardaş.

L.Rəhimli:
Borçalıdır ürəyimin parası,
Sağalmazdır dərslərimin yarası.
Seyrəldikcə tay-tuşların sırası,
Qalmayır sabaha güman, a qardaş.
Yaman qocalıram, yaman a qardaş.

İ.Ə.Vəfalı:
Vardı billəm ürəyinin yarası,
Borçalıdır o dərdlərin çarası.
Ömür-gün qabaqda hələ harası,
Gəl eylə sabaha inam, a qardaş.
Şikayət eyləmə, aman, a qardaş.

L.Rəhimli:
Düşdük fəlakətə, uyduq yalana,
Urcah olduq fitnə-fəsad salana.
Baxan yoxdur nə ölənə, nə qalana,
Belə ucuzlaşıb zaman, a qardaş.
Yaman qocalıram, yaman a qardaş.

İ.Ə.Vəfalı:
Şeytan əməliydi uyduq yalana,
Məruz qaldıq basqınlara, talana.
Ölən öldü, ömür dilə qalana,
Nə qədər ucuzsa zaman, a qardaş.
Şikayət eyləmə, aman, a qardaş.

L.Rəhimli:
Qohuma, qonşuya darda arxalan,
Heç zaman tək qalma, yurda arxalan.
Düşmənin olsa da mərdə arxalan,
Namərddən gözləmə aman, a qardaş.
Yaman qocalıram, yaman a qardaş.

İ.Ə.Vəfalı:
Qohum da, qonşu da darda həyandı,
Namərd kəslər nəfəsindən əyandır.
Bəsdir yetər, bağrım başı talandı,
Mərd ürəyi oldubdur qan, a qardaş.
Şikayət eyləmə, aman, a qardaş.

L.Rəhimli:
Loğman, qismətinə yaz tapılmasa,
Könlünü oxşayan söz tapılmsa,
Məzarım üstündə saz tapılmsa,
Çaldırın bir qəmli kaman, a qardaş.
Yaman qocalıram, yaman, a qardaş.

İ.Ə.Vəfalı:
Şair, qismətinə yaz tapılacaq,
Könlünü oxşayan söz tapılacaq.
Sözdən misralar qoş saz tapılacaq,
Kövrəltdin bizləri yaman, a qardaş.
Şikayət eyləmə, aman, a qardaş.


Müəllimi


Əzazil, nadürüst, zalım zamanə,
Eyləyibdir bəxti qara müəllimi.
Bir yandan bahalıq, bir yandan qıtlıq,
Çəkib hər tərəfdən dara müəllimi,

Kupona möhtacdır düz neçə ildir,
Dəyərsiz kağıza deyirlər puldur.
Yazıq heç bilməyir nökərdir, quldur,
Qınamayın bu bicarə müəllimi.

Selsovet vəd verdi şəkərə, una,
İndi də giribdir yeddi cür dona,
Başını kirləyir prefekt, rono,
Hökümət də salıbdır tora müəllimi.

Atalar sözünün gözəldir yeri,
Deyir toxun acdan yoxdur xəbəri.
“Vicdan”, “vicdan” deyə salıb əzbəri,
Millət də gətirib zara müəllimi.

Direktor toxumluq taxılı kəsdi,
İşə vadar edən hansı həvəsdi.
Daha işləmirik əl çəkin bəsdir,
Niyə salıbsınız zora müəllimi.


Nəvəmin

Təzə-təzə iməkləyib, dil açır,
Öz aləmi, nəğməsi var nəvəmin.
Qərənfil qoxusu, bənövşə ətiri,
Lalə, nərgiz nəfəsi var nəvəmin.

Gözlərindən günəşə nur süzülür,
Yanağına təbəssümlər düzülür.
Təpinəndə dodaqları büzülür,
Yaman nazı, qımzəsi var nəvəmin.

Can-ciyərim, ürəyimin parası,
Ömrüm-günüm, gözlərimin qarası.
İncidir Loğmanı şeytan balası,
Şəkər-şərbət ləhcəsi var nəvəmin.


Düşməmiş

Seyr et təbiətin incə nazını,
Xallı kəpənəklər güldən düşməmiş.
Ustad aşıq, götür telli sazını,
Dindir bala-bala zildən düşməmiş...

Söylə nə mənası sonasız gölün,
Çəmənsiz meşənin, ceyransız çölün.
Dinlə nəğməsini şeyda bülbülün,
Yorulub taqətdən, dildən düşməmiş.

İstəyin, murazın nədir dünyadan,
İllər pillə-pillə ötür dünyadan.
Ay Loğman, kamını götür dünyadan,
Qocalıb ayaqdan, əldən düşməmiş.


Təmsillər

Toyuq adətkarlığı


Dimdiyi ilə yediyi,
Toyuğa bəs etmədi.
Caynaqları ilə tığı,
Uçurmamış getmədi.


Əslini danan uzunqulaq


Uzunqulaq adını
Ləğv eyləyib üstündən.
Dedi: “Boz at” çağrılsın
Mənim adım bu gündən.
At söylədi ay axmaq,
Əslini gizlədirsən.
Bəs onda belindəki
Palanı neyləyirsən?

Loğman RƏHİMLİ,

"Şərqin səsi" qəzeti,
07 mart, 2018-ci il, N: 35 (335), səh. 14

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: