(HƏKİM-ŞAİRƏ, JURNALİST-PUBLİSİST)
Bu həkim-şairə, jurnalist-publisist xanımla tanışlığımız, demək olar ki, artıq, iyirmi ilə yaxındır... Bu xanım sərv boylu-buxunlu, əsil Azərbaycan xanımlarına məxsus hündür boylu, deyib - gülməkdən həzz alan, şux zarafatçıl, zarafatın yerini və həddini bilən, sözü söhbəti ilə bir andaca hamının diqqətini özünə cəlb etməyi bacaran, sakit-həlim təbiətli, zahirən nikbin görünən bir qadın olsa da, o, hər şeydən çox, həm də, xalqımızın təşəkkül etmiş əxlaqi-etik normalarına hər zaman və hər yerdə riayət etməklə yanaşı, həm də, özünə qarşı çox tələbkar olan, o, özünün ilk tərbiyəçisi olan atasının və anasının əxlaqi və etik görüşlərini daim yadda saxlayan və həmin əxlaqi və etik görüşlərini və ata-ana tərbiyəsini öz övladına ötürməyi bacaran bir Anadır, Vətəndaşdır, Həkimdir-Şairədir, Jurnalistdir-Publisistdir, mərdi-mərdanə doğma xalqımızın gələcəyi naminə əlindən gələn ictimai və sosial problemləri həll etməyə qadir olan xanımdır... Onu da qeyd edim ki, o, özünü nə qədər mülayim, sakit təbiətli göstərsə də, bir o qədər də çox ciddi və qəti mövqeli bir ictimaiyyətçidir, qadındır... Həkim-şairə qadının insani keyfiyyətləri yuxarıda qeyd olunanlardan qat-qat artıqdır... Yeri gəlmişkən, onu da qeyd edim ki,onunla tanış olduğumuz, hətta, ailəvi tanışlığımız da həkim-şairə xanımın daxili aləmini aça bilməmişik...
Biz, bu həkim-şairə, jurnalist-publisist, fəal ictimaiyyətci xanımın daxili alaminin nikbin sirlərinin bəzi məqamlarını, onun (Azadə-Taleh Abbasqızı Hüseynova) 2006-cı ildə Tbilisi şəhərində çap olunmuş “Həqiqətin Təşnəsiyəm” adlı şeirlər kitabını oxuduqdan sonra tanış olduq...
Şairənin “Həqiqətin Təşnəsiyəm” kitabında işıq üzü görmüş poetik yaradıcılığı mövzu və mündərəcə etibarı ilə bir neçə bölmədə verilmişdir. O cümlədən, “Həqiqətin Təşnəsiyəm”, “Lirika”, “Giley” (“Giley-güzar”. -M.Ç.), “Qürbətdə yaşanmış günlər”, “Deyişmələr” “Miniatürlər”, “Nota köçürülmüş şeirlər” (Musiqi bəstələnmiş şeirlər. -M.Ç.) və bir “Esse” və s. və s... Kitabın ayrı-ayrı bölmələrini oxuyub, sona çatdıqdan sonra qədirbilən və poetik əsərlərin mahiyyətini və məzmununu dərindən duyan oxucu bir anlığa kitabı örtüb, bir anlığa dərindən düşüncəyə və fikrə dalmaya bilmir... bilməz də...
Nəhayət, dərin fikirdən ayılıb, özünə gələn mütaliəçi istər-istəməz özünə gələn kimi belə bir mülahizə söyləməyə (şeirlərin təsiri ilə) məcbur olur ki, zəngin poetik fikir və mülahizəyə malik olan şairənin poetik söz, ifadə, məna və məzmun, mündəricə seçməkdə,demək olar ki, onun poetik bazarı heç vaxt kasadlıq görməyib, görməyəcək də...
Burada yeri gəlmişkən bir məqamı da qeyd etmək yerninə düşərdi... Kitabın “Həqiqətin Təşnəsiyəm” adlanan ilk bölməsi bir-birindən gözəl “Yurdumun Azadəsiyəm”, “Borçalı”, “A Dağlar”, “Lalələr”, “Sazım”, “Yuvana dönmürsən, niyə Qaranquş!?”, “Qəzəl”, “Mənim ilk misramın şahidi Göy-göl” və s. toplanmışdır... Bu bölmədə şairə özünün “Min muraz üstə ailəyə gəlməsini, haqq çağıran ulu səsdə və gül nəfəsdə gəlməsini; könüllərə billur axmasını; həyatda gördüyü ədalətsizlikdən ürəyinin yana-yana qovrulması; kürəyində şələ-şələ yük daşıması, Vətən dərdi, el dərdi çəkməsi; bu dərdin gələ-gələ artması (Beynəlxalq Təşkilatların ikili standartlar yeritməsi ucbatından Tarixi Vətənimizin bir parçası olan Dağlıq Qarabağ problemlərinin həll edilməməsi); ömrünü insanlığa ərmağan etməsi; Vətən ağrı-acısını çəkməsi və ona əlac göstərilməsinə ehtiyac duyması; İnsan həyatının məhəbbətdən yoğrulması, özünün Kərəm, Borçalının isə mənəvi Lələ olması; Həyatda haqq-ədalət ucbatından alışıb yanması; Həyatıboyu düz imana, düz ilqara sadiq qalması “Həqiqət Təşnəsinə” və “Yurdumun Azadəsinə” çevrilməsi - Azadə poeziyasının dəyərini qat-qat artırır...
...“Zaman qısa, həyat gözəl, ömür an,
Gələn nəfəs, gedən nəfəs, imtahan.
Mənim ömrüm insanlıqda ərməğan,
Həqiqətin Təşnəsiyəm,
Yurdumun Azadəsiyəm”...
Şairə Azadə xanım Vətən deyəndə 500 min kvadrat kilometrlik əraziyə malik olan Tarixi Azərbaycanı, həmçinin, 1828-ci il Türkənçay bədnam sülh müqaviləsindən sonra müasir Azərbaycan sərhədlərindən kənarda qalan Güney Azərbaycanı, Qərbi Azərbaycanı (indiki Ermənistanı), Dərbəndi və Tarixi Borçalını (indi Borçalının bir hissəsi Gürcüstanın, çox hissəsi isə Qərbi Borçalı Ermənistanın tərkibindədir), bütövlükdə, nəzərdə tutulur... Tarixi Azərbaycan böyük olduğu kimi, şairənin Vətən dərdi, qəm yükü də çox böyük və ağırdır... Şairə özü Borçalı əsilli olduğu üçün Borçalı deyəndə böyük fəxarətlə danışdığı kimi, eyni andaca dərd-qəm “alovunda”, sanki, alışıb yanır... Odur ki, Borçalı mövzusu Azadə xanımın poetik baxışlarından kənarda qala bilmir. O, “Borçalı” şeirində deyir:
Nənələrin laylasından yoğrulan,
Babaların dastanından doğulan,
Telli sazın vahid məkanı olan
Borçalıdı, Borçalıdı, Borçalı.
Babəkərdə El içində tanınan,
Şairlərin misrasında anılan,
Ulu Kürlə keçmişinə qanrılan
Borçalıdı, Borçalıdı, Borçalı.
Böyük, kiçik hörmətini saxlayan,
Tarixini, sabahını haqlayan,
Türk Elinə zafər yayan, haqq yayan
Borçalıdı, Borçalıdı, Borçalı.
Torpağında şairləri bəsləyən,
Bəsləyibən igidləri səsləyən,
Qonağını balasıtək istəyən,
Borçalıdı, Borçalıdı, Borçalı.
Azadənin keçmişi, həm sabahı,
Uman yeri, güman yeri, pənahı,
Səcdəgahı, peyğəmbəri Allahı
Borçalıdı, Borçalıdı, Borçalı.
(1991)
Kitabın birinci bölməsində - “A Dağlar” və “Lalələr” şeirlərində Təbiət təsvirinə də geniş yer verilmişdir: “dağların əzəməti, başı ağ çalmalı -(qarlı), yay aylarında köksündə al-əlvan güllərin aləmə xüsusi ətir-qoxu bəxş etməsi, sanki, insanları bir anlığa özünə cəlb etməsi; sərin havasının xəstəyə dərman, aşıqlər məskəni olması; yayın isti günlərində, sanki, hamıya gəl-gəl deməsi, qonaqlarını heyran etməsi, həmçinin, Yayın isti çağında Gəncənin “Gəlini” kimi qızara-qızara Lalələrin gülməsi, şairəni ilhama gətirməsi, qəm-kədərini qəlbindən silməsi, hamının sevgisinə şərik olması da xüsusi poetik anlamda tərənnüm edilmişdir:
... Azadə çox sevər yaylaqlarını,
Buz kimi bəmbəyaz bulaqlarını,
Lap heyran edirsən qonaqlarını
Dərdliyə yarlısan, yarlı, A Dağlar!
***
Azadə çox sevir bütün gülləri,
Onlara bağlayıb ən xoş günləri,
Şərikdir halıma Gəncə elləri,
Mənim kədərimə ortaq Lələlər.
Kitabın “Lirika” bölməsində müəllifin “Məni sevdiyinə peşman deyilsən?”, “Sən oldun”, “Yada düşür”, “Gözlər”, “Görmək istəmirəm, artıq, heç kimi”, “Qürbət”, “Gecə”, “Sənsən”, “Sənsiz”, “Qorxuram”, “Səni”, “Duman ötüşdü” və “Bilmirəm niyə” şeirləri verilmişdir. Bu lirik şeirlərə poetik baxımdan dərindən nəzər saldıqda məlum olur ki, həmin şeirlərin mövzusu, əsas məğzi, əsas qayəsi, şair “Məni” və ya “Səni” ətrafında cərəyan edir. Ümumilikdə, götürsək, demək olar ki, lirik şeirlərin əksəriyyəti qədim dövrlərdən üzübəri poetik “Mən” və “Sən” ətrafında təşəkkül tapmış, cərəyan etmiş və ildən-ilə, əsrlərdən-əsrlərə keçdikcə daha da təkmilləşmiş və bugünki səviyyədə, əsasən, sabitləşmişdir...
İnsani “eşqi”in, “sevgi”nin, “məhəbbət”in ikitərəfli olmasını nəzərə alaraq, Poetik “Mən” və “Sən”i təşəbbüskarlığına və fəallığına görə iki qrupa bölmək olar:
-Sevgi məhəbbət hisslərinin və duyğularının ilk dəfə kim tərəfindən açılarsa (aşiq və ya məşuqə), o,birinci tərəf - fəal, təşəbbüskar sayılır.
-Sevgi-məhəbbət hisslərinə və duyğularına qarşılqlı olaraq, cavab verən (aşiq və ya məşuqə) ailə qurmağa tərəfdaş və ya eyni hissi və duyğunu bölüşən həmkar sayılır.
Poetik “Mən”im və poetik “Sən”in ən gözəl nümunələrini şairə Azadə xanımın lirik şeirlərində tapmaq olar. O cümlədən, müəllifin “Məni sevdiyinə peşman deyilsən?” şeirindəki poetik nümunələrdə sevgi-məhəbbət hisslərini elan edən təşəbbüskar-birinci tərəf Aşıq olub, ikinci tərəf isə Məşuqə olub... Xalqımızın adət-ənənələrinə və etik normalarına uyğun olaraq, oğlanın ara-sıra görüşə gəlməsindən darıxan, sevgi əzabı çəkən, Elçi gözləyən Məşuqə Aşiqə müraciətində deyir:
-“Nə vaxtandır qəlbimə yol açmısan,
Dərd içində dərdlisini seçmisən.
Sevənlərin dəlisini seçmisən...”
Yaxud:
“Yaxın ola-ola uzaq olmusan,
Yayın bürküsündə sazaq olmusan,
Qəlbimdə bilinməz sızaq olmusan...”
Həmin şeirin son bəndində isə, Məşuqə Aşiqə cavab müraciətində deyir:
-“Səninlə eşq adlı dünyadayam mən,
Əlçatmaz, ən ülvi sevdadayam mən,
Daşlara çırpdığın boş badəyəm mən.
Əhdinə vəfalı Azadəyəm mən.
Məni sevdiyinə peşman deyilsən?”.
Yuxarıda qeyd olunan lirik nümunələri və ümumilikdə, müəllifin, demək olar ki, bütün lirik şeirlərinin ümumi məzmunu və müdərəcəsi poetik “Mən” və “Sən” dramatiq persoajları üzərində elə incə tellərlə bir-birinə bağlanmışdır ki, bəlkə də, ilk anda oxucuların əksəriyyəti bunu anlaya bilməsin. Məhz bunun nəticəsidir ki, Azadə xanımın lirik şeirləri öz səciyyəvi xüsusiyyətlərinə görə, həmkarlarının lirik şeirlərindən əsaslı halda fərqlənir və tələbkar oxucularını daim intizarda saxlayır... Onları, sanki, ovsunlayır...
Oxucuların marağına səbəb olan bu şeirlər toplusunun üçüncü - “Giley” (“Giley-Güzar” adlandırılması daha münasib olardı. -M.Ç.) bölməsindəki “Ümidim qalmayıb, artıq, heç kəsə”, “”Özümə qapanıb şeir yazıram” və “Kimə gərəkdir?” adlı şeirlərində də “giley-güzar” etməyə həqiqi dost-tanış olmadığından şairənin əsərlərinin əsas qəhrəmanı da, müdrik ağsaqqal məsləhətçisi də, ümid verəni də, təskinlik verəni də, inam və etibar edəni də Şairənin özüdür...
Şairənin “Bahar çağında üşüməsi də, dərd-kədərin onun qəlbi ilə bəhsə girməsi də, onun içini didib parçalaması da; bir ülvi söhbətə-sözə möhtac olması da; ağrıya qənim, sevincə tac olması da; özünü uzaqdan görünən tənha ağaca bənzətməsi də; dostlarının, tanışlarının saxta alqışları da, həyatda ümidgahı olmadığını da, dünyadan əl çəkmək xəyalına düşməsi də”; “dostun-dosta biganəliyi də, namərdlərin çoxalması - mərdlərin azalması da, hörmət-izzətin unudulması da” Şairənin həyata baxışlarının dairəsindən kənarda qalmayıb, müəllifin lirikasında açıq-aydın şəkildə özünü büruzə verir:
“Azadə, haqqını kim anlayır, kim?
Gecələr şairsən, səhərlər həkim,
Deyirəm, dünyadan, bəlkə, əl çəkim-
Ümidim qalmayıb, artıq, heç kəsə...”.
***
“Azadə, xəlvəti tutduqca xəbər,
Qəlbini yandırır yenə qəm-kədər.
Bilir ki, zəhməti gedəcək hədər,
Zəhmətsiz bu dünya kimə gərəkdir”.
Azadə xanımın geniş oxucu kütləsinə təqdim olunmuş “Həqiqətin təşnəsiyəm” kitabında Folklor-şifahi xalq ədəbiyyatı janrlarında yazılmış “Deyişmələr”ə də yer verilmişdir. Onlardan “Dərviş Osmanla Azadə-Taleh Abbasqızının deyişməsi” (1999), “Elmira Mahalqızı ilə Azadə-Talehin deyişməsi” (2003) və “Məleykə Göyçəli ilə Azadə-Talehin deyişməsi”ni (2005) xüsusi qeyd etmək olar.
Bəs, Deyişmə nədir?
Azərbaycan Şifahi Xalq Ədəbiyyatının ən qədim janrlarından biri də “Deyişmə”dir. “Deyişmə” qədim dövrlərdən üzübəri Aşıqlar arasında plansız olaraq, Məclislərdə Aşıqların öz istedadını sınamaq və yaymaq məqsədilə bir neçə Aşığın (ən azı iki nəfərin) saz çalmaqla şeirləşməsi və ya yarışmasıdır. Onu da qeyd edək ki, Poeziyada “Deyişmə” janrında yazılmış şeirlərə nadir hallarda təsadüf olunur...
“Elmira Mahalqızı ilə Azadə-Talehin deyişməsi”nə nəzər salaq.
Elmira Mahalqızı
Nə müddətdir Borçalıdan ayrıyam,
Qalmayıb canımda dözüm Azadə.
Bir şair nəfəsli söz soraqlıyam,
Odlanan ürəyim, gözüm Azadə.
Azadə-Taleh Abbasqızı
Bilirəm ki, Borçalıdan ayrısan,
Bir qəribsən, haraylısan, haylısan.
Şairəsən şeir, sənət paylısan,
Mən darda qoymaram səni, Elmira.
Elmira Mahalqızı
Borçalıdan “Borçalıya” gəlmişəm,
Bu ocağı duz-çörəkli bilmişəm.
Ağlamışam, qəmlənmişəm, gülmüşəm,
Sən olmusan mənə dayaq Azadə.
Azadə-Taleh Abbasqızı
Borçalı ocağı mənə əzizdir,
Hər kim Borçalısa safdır, təmizdir.
Bu sevgi qəlbimdə ümman, dənizdir,
Mən darda qoymaram səni, Elmira.
Elmira Mahalqızı
Uzaq idim öz elimdən-obamdan,
Təklənmişdim, həmdəm oldun o andan.
Sənə dayaq olsun Böyük Yaradan,
Məşhədi, Kəbleyi, Hacı Azadə.
Azadə-Taleh Abbasqızı
Allahı sevənlər mənim canımdır,
Şair nəfəslilər isti qanımdır.
İbadət ömrümün ən xoş anıdır,
Tutmuşam Allahın yolun, Elmira.
Elmira Mahalqızı
Yaxşı ki, dünyada yaxşılar varmış,
Sanıram bir şaham yanında sənin.
Yoxsa, yamanların qulu olardım,
Sənsən, gələcəyin yolu, Azadə!
Azadə-Taleh Abbasqızı
Əl tutmaq Əlidən qalıb deyirlər,
Dünyada yaxşılıq qalar deyirlər,
Sən zirvəyə qalx, mən də ordayam,
Bir bahar ömrümün gülü Elmira,
Şairin söz adlı dili Elmira.
(2003)
Müasir Azərbaycan şairləri arasında həyata baxışları, həyatı müşahidəetmə qabiliyyətinə, poetik mövzu və mündərəcə seçməsinə görə, öz səsi və nəfəsi ilə fərqlənən şairələrimizdən biri də Azadə-Taleh Abbasqızıdır. Onun yaradıcılığının bir sahəsini də ithaflar - müəyyən bir mövzuya həsr olunmuş şeirlər (bu sahədə 20 şeir vardır) təşkil edir.
Bəs, ithaf nədir?
“İthaf” sözü ərəb dilində “hədiyyə, hədiyyə etmək, hədiyyə vermək” mənalarını bildirsə də, Azərbaycan-türk dilinə keçdikdən sonra bu söz özünün ilkin leksik mənasından uzaqlaşmış və Azərbaycan-türk dilinin lüğət-tərkibində nisbətən yeni-məna kəsb etmişdir. Yəni, “İthaf” sözü ümumxalq ünsiyyət prosesində, cəmiyyət üzvləri arasında özünün həyata baxışları, mədəniyyətin və milli dəyərlərin, həmçinin, ictimai işlərdə, elmdə, elm-texnikanın inkişaf etdirilməsi sahəsindəki fərqləndirici fəaliyyətini, insani-etik keyfiyyətləri ilə geniş nüfuz və hörmət qazanmış insanlara ayrı-ayrı fərdlərin bədii-poetik obrazını əks etdirən poetik əsərlərdir... Bu janrda Azadə xanım öz qələmini sınaqdan keçirmiş və əsasən, məqsədinə nail olmuşdur. Onun bu sahədə Akademik Kamal Talıbzadəyə, prof. C.Mustafayevə, Knyaz Aslana, Giviyə, Hacı Qurbana, Hacı Mirnazimə, Oğlu Talehə, Narunc Xatuna, Səadət Butaya, Aşıq Əhməd Sadaxlıya, Aşıq Kamandara, Həyat yoldaşına və başqalarına poetik ithaflar həsr etmişdir... O cümlədən:
Akademik Kamal Talıbzadəyə:
Şair ocağının sönməz ulduzu,
Sarvanın əbədi vətəndaşısan.
Qədim Tiflisin yanar çırağı,
Kamal adlı, kamil Vətəndaşısan...
Alimlik zirvəndir bizə nur verən,
Xeyir-duan bizə düz yol göstərən.
Sadədən sadəsən, ucadan uca,
Azada-Talehin min söz payısan,
Kömək diləyənin hay harayısan.
Knyaz Aslana:
Qardaş dedim, harayıma hay verdin,
Mənim şeir çələngimə pay verdin.
“Borçalı”tək bir qəzetə pay verdin,
Sağlığında heykəlləşdin ay Knyaz...
Şair Giviyə:
İşlərimin sağ əli
Elə bəlli əməli.
Yaxşılıqdır təməli,
Mənim gürcü qardaşım.
Hacı Qurbana:
Vətənpərvərlik misallı,
Xeyiriyyəçilik timsallı.
Səndən razı çox zavallı,
Hacı Qurban, Hacı Qurban.
Oğlu Talehə:
Sən qırılmaz qanadımsan,
Əyilməyən inadımsan.
Taleyimin öz adısan,
Böyü, balaca rəssamım,
Ucadan uca rəssamım.
Babanın bal dənəsisən,
Nənələrin xanəsisən,
Ananın bir dənəsisən,
Böyü, balaca rəssamım,
Ucadan uca rəssamım.
Rəfiqələrinə:
...Bir zaman çörəyə yetirdiklərim,
“Yaxşılıq silləsi” vururlar mənə.
Zirvəyə aparan şöhrət yolunda,
Namərdlik torları qururlar mənə.
Narınc Xatuna:
Elimizin təmiz adı,
Sazımızın söz qanadı.
“Aşıq Pəri”nin ustadı,
Daim cavan Narınc Xatun.
Borçalıdan ucalmısan,
Azaflıdan güc almısan.
İnanma ki, qocalmısan,
Daim cavan Narınc Xatun...
Səadət Butaya:
Dağlara gəl, ay Buta,
Dağlar-səni gözləyir.
Bala dönüb meyvəsi,
Bağlar-səni gözləyir.
Zirvənin ağ cunasında,
El köçünün binəsində.
Başkeçidin sinəsində.
Dağlar-səni gözləyir...
***
Sonda onu da qeyd etməliyəm ki, şairənin poetik əsərlərinin əksəriyyəti nikbinlik-bədbinlik, inamlıq-inansızlıq, sədaqətlik-sədaqətsizlik notları üzərində köklənmişdir... Biz ümidvarıq ki, Borçalının həmişə alnı-açıq, gülərüzlü qızı Azadə xanımın poeziyası bundan sonra Borçalılara məxsus olan nikbinlik, qəhrəmanlıq, mübarizlik, inamlılıq, sadəqətlik notları üzərində köklənəcəkdir ki, Oxucu, elə ilk andan, şairəyə Eşq olsun! ifadəsi ilə Alqışlaya bilsin...
Borçalının həmişə alnıaçıq, gülərüzlü qızı Azadə xanıma bədii yaradıcılığında, jurnalistik-publisistik, həmçinin, həkimlik fəaliyyətində yeni-yeni Uğurlar Arzusu ilə!...
M.N.Çobanov,
filologiya elmləri
doktoru, professor.
23.XI.15
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.