Şair Hüseyn (Hüseyn Əhməd oğlu Nəbiyev) 1917-ci il aprelin 7-də Borçalı mahalının cənnət məkanlarından olan Ana-Xatır (Xram) çayından 4 kilometr aralıda – sərt qayalı dağların, məşhur bulaqları, qaynar çeşməli-bulaqlı sıx meşəliklərin ətəyində, Sağsağanlı dərəsinin sağ və sol vadiləridə yerləşən qədim Saraçlı kəndində dünyaya göz açmışdır. Uşaqlıqdan güclü hafizəyə, fitri istedada malik olan Hüseyn 7-8 yaşlarından kəndin savadlı mollaları İsa Əfəndi və Şeyx Sədidən dərs almışdır. Quranı və ərəb-fars dilində yazıb-oxumağı öyrənmişdir.
1934-cü ildə 17 yaşında ikən günorta çağı yatdığı yerdə haqq vergisi verilmişdir. Bundan bir müddət sonra gözləri tutulmuşdur. Elə bu səbəbdən də şeirlərini kağıza köçürə bilməmişdir. El içində sinədəftər şair kimi ad çıxarmışdır. Bədahətən şeirlər söyləyib, dövrün tanınmış aşıqları ilə deyişmişdir. Elə bununla da adına Şair Hüseyn deyiblər. Bizə qədər gəlib çatan şeirlər isə yaddaşlarda qalanlardır.
Şair Hüseynin ögey qardaşı, Aşıq Hüseyn Saraçlının atalığı Mahmud kişinin (1940-ildə rəhmətə gedib) məsləhəti ilə şair Hüseyn aşıqla bərabər toylara getməyə başlayır. Kənd-gənd gəzib məclislər yola veriblər. O vaxt Aşıq Hüseyn ustad Aşıq Quşçu İbrahimin yanindan şəyirdlikdən yenicə qayıtmışdı.
Aşıq Hüseyn Saraçlının ustadı Quşçu İbrahim, onun da ustadı şair Ağacan olub. Bir neçə il Aşıq Hüseyn Şair Hüseynə saz tutur.
Həyatdan çox erkən gedən Hüseyn Borçalıda bədahətən şeirlər söyləyən, ustad aşıqlarla dostluq edən, deyişən vergili şair kimi tanınıb.
O,1936-cı ildə Sarvanda məşhur şair-aşıq Ağacanla deyişib. Ustad aşıq bu gənc şairin istedadına bələd olduqdan sonra haqqında yüksək fikir bildirib.
Şair Hüseynin bir çox şeirləri, haqqında xatirələr var ki, qələmə alınmayıb, amma indi də dillərdə söylənir.
Bu xatirələrdən biri də şair Hüseynin gözlərinin tutulması və vergi verilməsi haqqındadır.
Hüseynin həmyaşıdları və uşaqlıq dostları Nazıyev İlyas və Namazov Qara onun gözlərinin necə tutulmasına və vergi verilməsinə şahid olublar.
Hadisə onların Saraçlı meşəsində birlikdə mal-qara otardıqları zaman baş verib...
1934-cü ilin bahar çaği günlərin birində İlyasla (İlyas bir müddət Aşıq Hüseyn Saraçlı ilə bərabər ustad aşıq Quşçu İbrahimin yanında şəyird olub) Molla İbrahim dərəsində mal qara otarırmışlar. Hüseyn İlyas kişiyə deyir: “Ay İlyas, yaman yuxum gəlir, gözlərim yanır, sən heyvanlara bax, mən bir az yatım.” Aradan veyli vaxt keçir, İlyas Hüseynin oyanmadığını görüb, aralıdan səsləyir. Ancaq Hüseyndən səs-səmir çıxmır ki, çıxmır. İlyas yaxına gəlib bərk yuxuya getmiş dostunu silkələyərək oyatmağa çalışır. Handan-hana gözlərini açan Hüseyn deyir: “Ay İlyas, a qıvlasız, axşam olub ki, bəs məni niyə oyatmamısan?”
İlyas təəccüblənərək cavabında - “Axşam olmaq nədir, ay Hüseyn?! Hələ heç mal-qaranı günorta suyuna aparmamışam, bəlkə yuxulusan yaxşı-yaxşı bax!” Hüseyn gözlərini ovxalayıb deyir:”Ay İlyas, vallah, heç səni də görmürəm. Bir də bilirsənmi sən məni oyadanda yuxu görürdüm, o da yarımçıq qaldı. Gördüm ki, ağ saçlı, ağ saqqallı nurani bir kişi Hacıyev Qurban kişinin qızı Nazlını mənə buta verdi. Üstəlik bir çörək verib dedi ki, birdən aclığın olar, götür, yeyərsən. Mən isə götürmək istəməsəm də, o çörəyi zor-xoş mənə verdi. “Sağ ol” demək istəyəndə qocanı yerində görmədim, qeybə çəkilmişdi. Çörəyin yarısını yemişdim ki, bu zaman sən məni oyatdın və çörəyin yarısı qaldı, tam yeyə bilmədim.”
Bu söhbətdən sonra Nələr baş verdiyini anlamayan İlyas mal-qaranı orada qoyub Hüseyni evlərinə gətirir. Hüseyni bu vəziyyətdə görən anası Qaragöz, atası Əhməd, qardaşı Paşa, nə baş verdiyini soruşurlar. Hüseyn başına gələnləri evdəkilərə də danışır. Əhməd kişi tez kəndin loğmanı olan Şair Əhmədi köməyə çağırır. Şair Əhməd Hüseyni görən kimi qalır mat-mətəl və nə baş verdiyindən hali olandan sonra deyir: “Hüseynə vergi verilib, dəyməyin, qoyun bir-iki gün dincəlsin, görək axırı nə olur.”
Aradan bir-iki gün keçir, Hüseynin səhhətində heç bir dəyişklik olmur və atası Hüseyni ulaq arabasıyla Qazağa tanınmış ara həkiminin yanına gətirir. Həkim şair Hüseynə diqqət eləyib deyir: “Buna vergi verilib, nahaq yerə yuxudan yarımçıq oyatmısız, keşkə özü oyanana kimi yataydı. Vergi yuxusu o qədər güclü olub ki, Hüseyni oyadarkən təzyiq gözlərinə tor gətirib. Müalicə edərəm, gözləri açılar, inşallah. Ancaq gərək müalicə bitənə kimi Hüseyn bizim evdə qalsın”.
Əhməd kişi həkimlə razılaşır və Hüseyni Qazaxda qoyub Saraçlıya qayıdır. Həkim isə türkəçarə ilə müalicəyə başlayır. Hüseynin gözlərinə məlhəm qoyub sarıyır və ona deyir ki, nə olursa olsun, mən izn vermədən qəti gözlərinin sarğısını açma. Hüseyn də: “Baş üstə” deyib, həkimin tapşırığına bir müddət əməl edir. Həkimin həddi-buluğa çatmış, gözəl bir qızı varmış. Bu qızın da istəyənləri çox olsa da, qız heç birini bəyənmirmiş.
Bir gecəyarısı qızı qaçırtmaq istəyənlər - qonşu kənddə xəstə var, gedək ona bax vəziyyəti pisləşib deməklə həkimi aldadıb aparırlar. Həkim getdikdən sonra qızı istəyənlər evə basqın edirlər. Qızı qaçırtmaq istəyərkən qız qışqırıb hay küy salır. Qızın səsini eşidən Hüseyn məsələnin nə yerdə olduğunu anlayıb gözündəki sarığı çıxarıb atır və qızı qaçıranların əlindən qurtarır. Hüseynin gözü tək bircə bir dəfə o zaman görür. Ancaq bu dəfə gözləri tamamilə və həmişəlik tutulur.
Həkim evə qayıdanda Hüseynin gözlərinin sarğısız olduğunu görür. Səbəbini soruşanda Hüseyn həkimi hadisədən hali eləyir. Həkim Hüseynin bir daha görə bilməyəcəyin anlayıb təəssüflənir. Deyir: “Kaş qızı qaçıraydılar, ancaq gözlərinin sarğısını açmayaydın. Mən ki, sənə tapşırmışdım, nə olur olsun, sarığını mənsiz çıxartma. Daha sənin müalicən mənlik deyil”.
İş işdən keçdiyinə görə həkim naəlac qalıb Hüseynin atası Əhməd kişiyə ismarlayır ki, gəlib oğlunu aparsın, daha bunun dərdina çarə yoxdur.
Əhməd kişi oğlunun dalıyca Qazağa gəlir, bir az da həkimə hiddətlənir ki, “Bəs söz vermişdin, sağaldacam. İndisə deyirsən ki, mümkün olmayacaq”.
Əhməd kişinin həkimə hiddətləndiyini görən Hüseyn atası Əhməd kişiyə deyir: “Ata, daha nə sən hiddətlən, nə də ki, həkim təəssüflənsin”. Həkim əlindən gələni elədi, ancaq mən tapşırığını pozdum. Daha mənimki həkimlik deyil, Allahlıqdır.”
Bundan sonra Əhməd kişi Hüseyni Qazaxdan Saraçliya gətirir və elə o vaxtdan da Hüseyn şairliyinə başlayır, bədahətən şeirlər söyləyir. Hətta deyilənə görə, bir gün şair Hüseyn dostu Qarayla binədən evə qayıdanda kəndin “Kilsəli dərə” deyilən yerində harasa köc eləyib gedən durna qatarını avazlı şeirlər oxumaqla geri qaytarır.
Daha sonra el içində söz xridarı kimi tanınan Hüseyn Aşıq Hüseyn Saraçlı ilə bərabər toylara getməyə başlayır. Qoşmaları, qıfılbəndləri ilə toy məclislərinin marağını ələ alır. Onun səs-sorağı bütün Borçalıya yayılır. Aşıq Hüseynlə bərabər kəndbəkənd gəzib birlikdə toy-düyün yola salırlar. Beləliklə, Hüseyn həm eldə, həm də aşıq və şairlər arasında vergili şair kimi yaxşı tanınır...
Şair Hüseynlə butası Nazlı bir-birlərini sevsələr də, muradlarına çata bilmirlər. Allahım məni kimsəyə möhtac etmə, 2-günə ya gözlərimi aç ya öldür məni deyən Vergili Şair Hüseyn 2-gün sonra 1937-cil il aprelin 21-də gəncliyinin parlaq vaxtında, şair kimi püxtələşdiyi bir zamanda, 20 yaşındaykən dünyasını dəyişir... Məkanı cənnət olsun.
Təəssüf ki, Şair Hüseynin şeirlərinin çoxu üzdə deyil, bəlkə də hardasa kiminsə arxivində qalmış ola da bilər. Şair Hüseyn dünyasını dəyişdikdən sonra Aşıq Hüseynlə Şair Hüseynin qardaşı Paşa arasında yaranan narazılığa görə Aşıq Hüseyn bir daha heç vaxt Vergili şair Hüseynin şeirlərini heç yerdə saz havaları üstə oxumur. Beləliklə, bir zaman el məclislərində oxunan o şeirlər də unudulub gedir...
Qələmə aldı Rəşad Saraçlı (Əliyev)
(Bu əhvalat qələmə almaqda yardımçı olan aşıq Sabir Saraçlıya və şair Hüseynin adını daşıyan Saraçlı orta məktəbində 19 il direktor işləmiş şairin qardaşı oğlu Hüseyn Nəbiyevə təşəkkür edirik.)
***
Gecələr toy məclislərindən qayıdanda Aşıq Hüseyn evədək Şair Hüseyni ötürərmiş. Şair Hüseyngilin evinin qarşısından iri arx axırmış. Bu arxın üstündən keçmək üçün böyük sal daş qoyulubmuş. Həmin yerdə su şırıltı ilə axıb səs etdiyinə görə arxın adına Çır-çır deyirmişlər. Onlar Çır-çıra çatanda gəncliyindən zarafatcıl olan Aşıq Hüseyn irəli keçib Şair Hüseynə deyir:
- Ay şair, yaman qaranlıqdı. Çır-çırdan nətəhər keçəcəyik?
Şair Hüseyn cavab verir:
- Qorxma ,ətəyimdən tut, mən irəlidə gedim, buralara bələdəm.
Aşıq Hüseyn:
- Yaxşı ay şair, bəs geri qayıdanda kimin ətəyindən tutacam?..
- Onda yenə də səni qaytararam.
Dostlar arasında bu cür zarafatlar, hələ indi də unudulmayan söhbətlər çox olub. Bu əhvalatlarindi də yaddaşlarda yaşayır.
1936-ildə günlərin birində Şair Hüseynlə Aşıq Hüseyn Sarvana dərzidə aşıq libası sifariş eləməyə gəlirlər. Dərziylə libas məsələsini danışıb-barışdıqdan sonra adıbəlli bir çayxanaya gəlib çalıb-oxuyurlar. O zamanlar çayxanlara məşhur aşıqlar, varlı-hallı tacirlər, tanınmış bilici adamlar yığılarmış. Məclis əhli içərisində nüfuzlu şəxslər mərcləşib aşıqları deyişdirər, hansı aşıq bağlasa həm nəmərini, həm də üstəlik o biri aşığın sazını alarmış. Belə deyişmələr gecə yarısınadək davam edərmiş.
Aşıqla şair içəri girib bir az əyləşəndən sonra çayxanaya səs düşür ki, bəs deməzsənmi, Şair Ağacan gəlib. bunu eşidən Aşıq Hüseyn sakitcə Şair Hüseynin qulağina pıçıldayır ki, ay şair, evin yıxılmasın, biabır olacağıq. Bağlayıb, sazı əlimizdən alacaq, özümüzü də çayxanadan qovacaq.
Şair Hüseyn cavab verir:
- Aya, Aşıq Hüseyn, nə tez alt dabana düşdün? Narahat olma, mənə vergi verən Allah heç vaxt darda da qoymaz.
Şair Ağacan çayxanaya daxil olub hamıyla salamlaşır. Adamlar ona işarə verirlər, o da üzdən tanımadığı Şair Hüseynə yaxınlaşıb, kim olduğunu soruşur.
Şair Hüseyn cavab verənədək camaatın içindən Arxılı Əlləz adlı bir şəxs dillənir:
- Ustad, bu oğlan Saraçlıdandı, vergi verilib, haqq şairidi,- deyirlər. Adı da Hüseyndi.
Söhbəti eşidənlər birağızdan Şair Ağacandan təveqqə edirlər ki, Şair Hüseynlə deyişsin.
Ustad Ağacan razılaşır, maraq da bir yandan ona ki, görsün bu nətəhər şairdi.
Şair Ağacan Şair Hüseynə deyir:
- Oğlum bir-iki kəlmə de, feyziyab olaq. Sonra da mən deyərəm.
Şair Hüseyn Şair Ağacana hörmət əlaməti olaraq belə cavab verir:
- Ustad mən nə karəyəm ki, sizdən öncə söz deyəm. Buyurun, söz böyüyündü, öncə siz deyin, ustadsız.
Şair Ağacan, - ustadına bərəkallah, oğlum, - deyərək başlayır sözə.
DEYİŞMƏ 1
ŞAİR AĞACAN
Oğul, çıxma uca dağlar başına,
Tüpü-boran əsər, qar olar onda.
Əlini uzatma sən hər yuvaya,
Kürzə ilan olar, mar olar onda.
ŞAİR HÜSEYN SARAÇLI
Gəşt eylə, gəl eşqin gir baxcasına,
Gör ki, necə-necə bar olar onda.
Rüstəm tək pozaram pəryari-pərin,
Ağır mətahın tar-mar olar onda.
ŞAİR AĞACAN
Oğul, nə işin var, Rüstəm Zalınan,
Girəndə meydana qeylü-qalınan.
Dananı qoşsalar fil tək, kalınan,
Gör hansı birinə zor olar onda.
ŞAİR HÜSEYN SARAÇLI
Düşübsən, çıxmazsan çiskin, dumandan,
Cəngimə keçənlər düşər amandan.
Bir nərə çəkərəm sıdqı-dəhandan,
O var qulaqların kar olar onda.
ŞAİR AĞACAN
Gör nələr var bu ustadın canında,
İndi dayan, tavla qoç meydanında.
Əlli il qalan Ağacanın yanında,
Anlamaz ki, necə tor olar onda.
ŞAİR HÜSEYN SARAÇLI
Hüseynəm, heç kəsə olmaram tabı,
Sinəmdə haqq sözün yoxdur hesabı.
Ağam olub ərənlərin sahabı,
Meydanıma girən xar olar onda.
DEYİŞMƏ 2
ŞAİR AĞACAN.
Çalxanıbdır aləmlər,
Gör necə tufan gəlir.
Qopubdur zəlzələlər,
San, axır zaman gəlir.
ŞAİR HÜSEYN SARAÇLI.
Götür qaç mətahını,
Gör necə talan gəlir.
Haqdan alıb dərsini,
Deməynən yalan gəlir.
ŞAİR AĞACAN.
Sevdaya düşübsən, biçarə Məcnun,
Eşq bir fənarədir yanar, a Məcnun.
Dünyada Leyliyə divanə Məcnun,
Sevdaya bulunub, bir cavan gəlir.
ŞAİR HÜSEYN SARAÇLI.
Sanasan, qarşında bir aslan durur,
Keçibsən cənginə haçansa, budur.
Ağzı zəhərli bir əqrəb tək vurur,
Elə bil şahmardır, bir ilan gəlir.
ŞAİR AĞACAN.
Məndə də oxuyuram bu urufatdan,
Qanan halı olsun, qoy mərifətdən.
Dərsimi almışam kamil ustaddan,
Kəməndi qurulmuş Ağacan gəlir.
ŞAİR HÜSEYN SARAÇLI.
Çox uca göstərmə belə özünü,
Həqiqətdən söylə, danış sözünü.
İpək yerinə xərc etmə bezini,
Müştəridi Hüseyn, can alan gəlir.
Söz tamama yetişir, çayxanadakılar təklif edirlər ki, indi də Şair Hüseyn desin, ustad Ağacan da çavab versin.
Aşıq Ağacan razılaşıb deyir:
- Oğlum indi söz sənindir, de gəlsin.
ŞAİR HÜSEYN SARAÇLI.
Bu günlərdə mən bir şəhərə vardım,
Kim bilə ki, onun yolları dörd-dörd.
Orda bir gözələ mən mehman oldum,
On iki buxaqda xallari dörd-dörd.
ŞAİR AĞACAN.
İl bir şəhərdir, mən də gəşt eylədim,
Gördüm gözəldir, fəsilləri dörd-dörd.
On iki ay bir ilin buxağıdır,
Hər buxağında həftələri dörd-dörd.
ŞAİR HÜSEYN SARAÇLI.
Səndə gördüm hünəri, bu həvəsi,
Varıymış kəndində bir nər qüvvəsi.
Necə dəryadı ki, doqquz adası,
Hallanır, tökülür selləri dörd-dörd.
Şair Ağacan deyir: - Özün də bilmirsən, nə danışırsan. Elə də dəryamı olar, doqquz adası ola?! Elə bir dərya yoxdu.
Çayxanadakılar deyirlər: - Ustad Ağacan, o ki, deyirsiz, elə şey yoxdur, onda qoy açmasını da elə şair özü desin.
Şair Ağacan:
- Əgər elə dərya varsa, bilirsə desin, biz də bilək.
ŞAİR HÜSEYN SARAÇLI.
Özüm tapdım hünərə bu həvəsi,
Yoxuymuş kəndində bir nər qüvvəsi.
Cəsəd bir dəryadı doqquz adası,
Hallanır, tökülür selləri dörd-dörd.
- Deyə cavab verəndən sonra ikinci bəndi deyir.
Şair Hüseyn girəndə bu meydana,
Ərz eyləsin qoy Şair Ağacana.
Salamməlik verdim cəsədsiz cana,
On bir dahanında telləri dörd-dörd.
Bu yerdə Şair Ağacan rica edir ki, bunun da açmasını özün de.
ŞAİR HÜSEYN SARAÇLI.
Şair Hüseyn girəndə bu meydana,
Ərz eylədim bu molla Ağacana.
Saz - quru candı salamlar ona,
On bir pərdəsi var, dilləri dörd-dörd.
Deyişmə tamam olur. Ustad Ağacan şair Hüseynin alnından öpüb, “Bərəkallah” söyləyir. Şair Hüseyn isə artıq-əskik söz olduysa, ona görə Şair Ağacandan üzür istəyir.
Şair Ağacan:
- Oğlum, bura söz meydanıdır. Sən də ki, gözəl şair. Sözlərinin də misli-bərabəri yox. Adın dillərdə dastan olacaq. Hələ çox ustad aşıqlarla deyişəcəksən, deyib, əsəbi tərzdə papağını da çayxanada unudub gedir…
Deyilənə görə, o vaxtlar deyişmə Faxralı Şair Nəbinin qulağına çatır. Şair Nəbi Şair Hüseynin istedadına bələd olduğundan deyir ki, Şair Hüseyn haqq şairidi, işiniz olmasın, onunla hər adam deyişə bilməz.
Amma əfsus ki, ustad Ağacanın dediyi kimi, olmadı. Amansız ölüm haqq şairini 21.04.1937-ci ildə gəncliyinin parlaq vaxtında - 20 yaşında ikən öz dibi görünməyən ağuşuna alıb apardı… Yeri cənnət olsun!
Qeyd: Deyişməni zamanında kağıza köçürən Borçalı rayon İcraiyyə komitəsinin Torpaq idarəsinin rəisi, Sarvan kəndindəki kollektiv təsərrüfatın sədri Məhəmməd İsa oğlu Səfərov olmuşdur.
Bu deyışmənin bir qisimi Aşıq Hüseyn Saraçlının qardaşı Abdulla müəllim tərəfindən təqdim olunmaqla, Məmməd Sarvanın nəşr etdirdiyi Ulu Borçalı adlı kitabda yer alıb. Daha sonra isə deyişmə Süleyman Çobanov və Əflatun Saraçlının tərtib etdiyi “Mənim əzəl-gözəl Saraçlım” adlı kitabda çap olunub.
Sonda Aşıq Hüseyn Saraçlının həmişə söylədiyi bele bir deyişmənin Aşıq Sabir Saraçlıda olduğunu bildirən aşığın son beşik şəyirdi ustad sazbənd Aşiq Kövrək Murada, tapmaqda köməklik göstərən professor Mahmud Kamal oğluna, Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Əlixan Yəhya oğluna, ustad sazbənd aşıq Bafəliyə, deyişməni bizə verən aşiq Sabir Saraçliya və şair Hüseynin adını daşıyan Saraçli orta məktəbində 19 il direktor vəzifəsində çalışmış, şairin qardaşı oğlu Hüseyn Nəbiyevə təşəkkür edirik.
Qələmə aldı:
Rəşad SARAÇLI,
"ZiM.Az"-ın xüsusi müxbiri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.