Professor ASİF HACIYEV: "Rusdillilik – Azərbaycanın milli həyat tərzinin vacib komponentlərindən biridir"

Professor ASİF HACIYEV: "Rusdillilik – Azərbaycanın milli həyat tərzinin vacib komponentlərindən biridir" Çağdaş Azərbaycan gənci üçün rus dili olduqca tələb olunandır, vacibdir – aparıcı Azərbaycan russisti, rus dili və ədəbiyyatı üzrə milli metodik şuranın rəhbəri, filologiya elmləri doktoru, professor Asif Hacıyev belə düşünür. "Rus dünyası"nın müxbiri ilə söhbətdə o, Sovet İttifaqı dağıldıqdan sonra da rus dilinin Azərbaycanda nəyə görə əvvəlki kimi mədəniyyətin vacib hissəsi olduğu və dövlət səviyyəsində hərtərəfli himayə edildiyi barədə danışıb.

– Ümumilikdə, indi Azərbaycanda rus dilinin və rusdilli əhalinin vəziyyətini necə səciyyələndirərdiniz?

– Rusdillilik – Azərbaycan milli həyat tərzinin vacib tarixi komponentlərindən biridir. Və bu gün də ölkənin ictimai həyatında rus dili fəal və mükəmməl şəkildə iştirak edir. Statistik məlumata görə, Respublika əhalisinin 70%-i rus dilini bilir, yəni təxminən 6 milyon insan. Azərbaycanın rus mədəniyyətinin inkişafı, rus dilinin istifadəsi, respublikada rus və rusdilli əhalinin yaradıcı potensialının gerçəkləşməsi üçün hər bir şərait yaradılıb.
Azərbaycanda onlarla rusdilli qəzet və jurnal, elmi, tədris və bədii ədəbiyyat çap olunur, rus dilində televiziya və radio verilişləri yayımlanır. Rus dilində tədris aparılan məktəbəqədər, orta və ali məktəblər şəbəkəsi qorunub saxlanıb və inkişaf etməkdədir. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, İ.M.Seçenov adına Moskva Tibb Universitetinin filialı, rusdilli ədiblərin "Luç" ədəbi-yaradıcılıq assosiasiyası, Azərbaycanın rusdilli tədris müəssisələri müəllimlərinin assosiasiyası, rus dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir, rusdilli elmi və bədii yaradıcılıq inkişaf edir.
Qeyd edim ki, rus dili və ümumən rus mədəniyyəti Azərbaycanda dövlət səviyyəsində himayə edilir. Heydər Əliyevin və ölkənin indiki prezidenti İlham Əliyevin qərarları sayəsində respublikanın rus və rusdilli əhalisinin bütün hüquqları təmin edilib, tədris rus dilində olan təhsil müəssisələrinə, ölkədə rus mənəvi ənənələrinin qorunub saxlanılmasına və inkişafına hərtərəfli dəstək göstərilir.
Tədris rus dilində olan bütün təhsil müəssisələri respublika büdcəsindən maliyyələşdirir. Cənubi Qafqazda sayca ən böyük olan Azərbaycandakı rus icmasının nümayəndələri ölkənin ictimai həyatında fəal iştirak edirlər.

– Rus dilinin təhsil sahəsində və ümumiyyətlə cəmiyyətdə istifadəsi bu gün Azərbaycanda hansı sosial-siyasi proseslərlə təyin olunur və nə qədər geniş istifadə edilir? Bu yaxınlarda baş tutan Livadiya forumunda (Yalta) qonşu ölkələr qrupunda rus dilinin öyrənilməsinə marağın artması və ibtidai siniflər üçün ixtisaslaşmış pedaqoqlara kəskin tələbat yaranması barədə danışılıb. Bəs sizdə vəziyyət necədir?
– Respublikanın təhsil sistemində rus dilinin fəal istifadəsinə, ilk növbədə respublikada yaşayan bütün xalqların dillərinin bərabərhüquqlu statusunun olması, eləcə də Azərbaycan xalqının və siyasi elitasının böyük bir mədəniyyətin, ədəbiyyatın, elmi və mənəvi ənənənin dili olan rus dilinə ənənəvi tolerant münasibəti imkan yaradır.
Böyük iqtisadi potensialı və qabaqcıl texnologiyaları olan ölkənin dilinin qorunub saxlanılmasına əmək bazarının tələbatı, həmçinin Azərbaycanla hərtərəfli əməkdaşlıq edən və ərazisində çoxsaylı azərbaycanlı diaspor olan böyük bir məmləkətin dövlət dilini bilməyin vacibliyinin ictimaiyyət tərəfindən dərki də mühüm rol oynayır. Və əlbəttə ki, tarixən təşəkkül tapmış rusdilli təhsil infrastrukturunun, elmi-metodiki baza və kadr potensialının mövcudluğunu da qeyd etməmək olmaz.
Bütün bu münasib amillər sayəsində rus dili Azərbaycan təhsil sisteminin bütün mərhələlərində geniş təmsil olunur. Respublikanın 435 məktəbəqədər tərbiyə və 248 məktəbəqədər təhsil müəssisəsində uşaqlar rus dilində təhsil alır. 379 ümumtəhsil məktəbində tədris həm də rus dilində, 16 məktəbdəsə ancaq rus dilində aparılır. Bir çox məktəblərdə rus dilinin dərindən öyrənilməsi ilə bağlı layihələr həyata keçirilir. Azərbaycan dilində təhsil alan bölmələrdə 500 mindən çox şagird xarici dil kimi rus dilini öyrənir.
Son illərdə orta məktəblərdə rus dilində təhsil alan şagirdlərin sayının davamlı artımı meyli müşahidə olunur. Bu siniflərin kadr təminatı ilə respublikanın ali təhsil müəssisələri məşğuldur və onlardan bir çoxu da Rusiya universitetləri ilə sıx əməkdaşlıq edir.

– Sizin ölkədə rus dilində ali təhsilin vəziyyəti necədir?
– Respublikanın bütün dövlət ali təhsil müəssisələrində, demək olar ki, bütün ixtisaslar üzrə rus dilində təhsil bölmələri var. Azərbaycan bölmələrindəsə rus dili xarici dil kimi öyrənilir. Ənənəvi rusistika mərkəzlərindən – Bakı Slavyan Universiteti və Bakı Dövlət Universitetindən başqa, postsovet dövründə Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universitetində də rus dili və ədəbiyyatı bölmələri açılıb.
Rusistikanın inkişafında 2000-ci ildə Heydər Əliyevin sərəncamı ilə 1946-cı ildən fəaliyyət göstərmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılmış Bakı Slavyan Universitetinin xüsusi rolu var. Həmin dövrdən başlayaraq BSU-da ənənəvi rus dili və ədəbiyyatı ixtisası ilə yanaşı, rusist-filoloqların, Rusiya üzrə ölkəşünasların, rus dili tərcüməçilərinin, ibtidai sinif müəllimlərinin, tədris rus dilində olan məktəblər üçün psixoloqların, jurnalistlərin və s. hazırlanmasına başlanıb.
Respublikanın təhsil sistemində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı vacib rol oynayır. Bu təhsil müəssisəsinin üstünlüyü ondan ibarətdir ki, burada tədris prosesi Rusiya proqramı ilə milli təhsil komponentlərini üzvi şəkildə birləşdirir. Filialda dərslərin əksər hissəsini MDU-nun mütəxəssisləri aparır və beynəlxalq standartlara cavab verən ən yeni tədris resursları ilə təmin olunur. Bu təhsil müəssisəsində mütəxəssislərin tələbat olan ixtisaslar üzrə hazırlanması, tədrisin yüksək keyfiyyəti, müasir maddi-texniki təminat göstərir ki, idarəetməyə sistemli yanaşma olduqda xarici dildə təhsil milli təhsil məkanının ən vacib elementlərindən biri ola bilər.

– Siz uzun illər pedaqoji təcrübəsi olan professor kimi, respublikanın müasir gənclərinin rus dilinə olan tələbatını necə xarakterizə edərdiniz? Və bu maraq, sizcə, məişət, utilitar tələbatdan nə qədər qırağa çıxa bilir? Müasir gənclər klassik və ya çağdaş rus ədəbiyyatını oxuyurmu?

– Çağdaş Azərbaycan gəncliyində rus dilinə çox böyük tələb var. Mən hətta deyərdim ki, istənilən başqa xarici dildən daha çox. Gənclər, əlbəttə ki, bədii ədəbiyyat oxuyur, həmçinin də elə rus ədəbiyyatını. Lakin müasir kütləvi kommunikasiyalar dünyasında ötən onilliklərdən fundamental şəkildə fərqlənən sosial proseslər gedir. Və rusdilli kommunikativ məkan da bu baxımdan istisna deyil.
Ünsiyyətin nəinki xarakteri və forması, həm də məzmunu dəyişir və bu, xarici dillərin öyrənilməsi motivlərinə də toxunur. Ənənəvi cəmiyyətlərdə humanitar biliklər şəxsiyyətin inkişafının və sosial prestijinin əsasını təşkil etdiyi üçün, dillər daha çox dini, elmi və bədii ədəbiyyata olan marağa görə öyrənilirdi. Bu mənada sovet məkanında rus dili fərdin elmi, yaradıcı və peşəkar inkişafına və onun daxilən həmrəy elitar submədəniyyətə inteqrasiyasına xidmət edirdi.
İndiki nəsil, kommunikativ təcrübələrin plüralizmi ideyasını irəli sürmüş postmodernizm dövrünün nəslidir və virtual intermədəni aləmdə yaşayır. Bu postmodernist dünyada, sovet cəmiyyətində də olduğu kimi, ümumi qəbul olunmuş fikirlər şəxsi ideyalardan üstünlük təşkil edir və hadisələrin məğzi dərk edilmir, bu hadisələr haqqında hazır informasiya qəbul edilir. Və bu halda dillər yalnız praqmatik informasiyanın qəbulu və ötürülməsi üçün, sadəcə, vasitə olur.
Lakin çox vaxt bu nəhəng informasiya kütləsi biliyə çevrilmir. Təəssüf ki, bütün bunlar ədəbiyyat sahəsində də müşahidə olunur. Rusiyada və ya Azərbaycanda elə də çox gəncin, ingilis və ya rus dilini Şekspiri və ya Puşkini orijinalda oxumaq üçün öyrəndiyini düşünmürəm. Əsəri, ümumiyyətlə, oxumadan da qısa məzmunu və haqqında məlumatla tanış olmaqla mətni bildiyinə əmin olmaq olar. Bütün bunlar dünyada milli-mənəvi dəyərlərin və fərdi yaradıcılıq qabiliyyətinin silinməsinə aparan beynəlxalq qloballaşma proseslərinin nəticəsidir.
Buna baxmayaraq, hər şey o qədər də bədbin deyil. Ədəbi yaradıcılığın və ünsiyyətin ənənəvi formalarının müqabilində şəbəkə ədəbiyyatı yaranmış və sürətlə inkişaf etməkdədir. Bu sırada rusdilli şəbəkə məkanını da qeyd etmək olar. Elə həmin bu rusdilli şəbəkə məkanına bir çox gənc Azərbaycan ədibi və oxucusu da qoşulub. Bu istedadlı gənclərin bir çoxu rus dilində əla ədəbi əsərlər yaradır, rus ədəbiyyatını orijinal motivlər, obraz və poetik elementlərlə zənginləşdirir. Bu ədəbi şəbəkə məkanında tədqiq olunası maraqlı yaradıcılıq, kommunikativ və inteqrasiya proseslər baş verir.

– Azərbaycanda rus ədəbiyyatının tərcüməçilərini yetişdirirlərmi?

– Azərbaycanlılar rus ədəbiyyatı və rus yazıçıları ilə hələ Puşkin və Lermontov dövründən tanışdırlar. Dahi Puşkinin Azərbaycan şairi və alimi Fazil-xan Şeydaya ünvanladığı sözləri xatırlatmaq istərdim:
Qafqaz dağlarında
Taleyin bizi birləşdirdiyi gün və ana
Verilibdir xeyir-dua!

Bu gün Azərbaycanda rus ədəbiyyatı məktəb və universitetlərdə tədris olunur. Bizim gənclər rus ədəbiyyatını orijinalda və tərcümələrdə oxuyur. Tərcümə işinə hərtərəfli dövlət dəstəyi göstərilir. Prezident İlham Əliyevin sərəncamı ilə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası” adlı, dünya ədəbiyyatının, o cümlədən, rus ədəbiyyatının tərcüməsi və nəşri ilə bağlı möhtəşəm bir layihə həyata keçirildi.
Layihə çərçivəsində rus poeziyası və nəsri antologiyaları, A.S.Puşkin, A.P.Çexov, F.M.Dostoyevski, L.N.Tolstoy, N.V.Qoqol, A.P.Platonov, M.A.Bulqakov, V.V.Nabokov, B.L.Pasternak, İ.A.Bunin, A.İ.Soljenitsın, M.A.Şoloxov və başqalarının seçilmiş əsərləri nəşr olundu. Hər bir nəşr iyirmi min tirajla işıq üzü gördü. Ölkənin bütün kitabxanaları, o cümlədən, təhsil müəssisələrinin kitabxanaları bütün nəşrlərin onlarla nüsxəsi ilə pulsuz təmin olundu.
Nazirlər Kabineti yanında və Azərbaycan Yazıçılar Birliyi nəzdində Tərcümə Mərkəzləri fəaliyyət göstərir. «Литературный Азербайджан» və «Русский язык и литература в Азербайджане» jurnalları nəşr olunur. Müasir rus müəlliflərinin əsərlərindən ibarət almanax və antologiyalar işıq üzü görür. Rusdilli ədəbi yaradıcılıq müvəffəqiyyətlə inkişaf edir. Klassik və müasir rus ədəbiyyatından dissertasiyalar müdafiə olunur, monoqrafiyalar və dərsliklər çap edilir.

– Ölkələrimiz arasında və ümumən beynəlxalq rusistlər cameəsində peşəkar əlaqələrin dərinləşməsində əsas vəzifəni nədə görürsünüz?

– Düşünürəm ki, biz birlikdə polimədəni məkana uyğunlaşdırılmış metodik prinsip və meyarlar hazırlamalıyıq. Birincisi, Rusiya məktəbləri və tədris rus dilində aparılan milli məktəbləri fərqləndirmək lazımdır. Suveren dövlətlərdə xarici dildə təhsil milli təhsil sisteminin tərkib hissəsidir və milli təhsil konsepsiyasına uyğun olmalı, təhsil alanların mental-psixoloji xüsusiyyətlərinə və etnomədəni ənənəsinə tolerant yanaşmalıdır.
Digər tərəfdən, başqa dildə təhsil prosesində təhsil alanlarda yalnız ikidillilik deyil, həm də ikimədəniyyətlilik və bəzən də çoxmədəniyyətlilik formalaşır. Bu, təhsil prosesini təyin edən əsas amillərdən biri olduğundan, başqa dildə təhsil prosesində bilinqval və polikultur təhsil növlərindən istifadə məqsədəuyğundur.
Bu və digər məsələlərin həlli məqsədilə bilinqval və bikultur təhsil auditoriyalarına uyğun metodoloji prinsiplərin müəyyənləşməsi və tədris vəsaitlərinin yazılması üçün müştərək müəllif kollektivlərinin yaradılması səmərəli olar. Xalqlar arasında tarixi əməkdaşlıq faktlarını və dostluğunu daha tam və sistemli əks etdirəcək belə vəsaitlər xalqlar arasında qarşılıqlı anlaşma və inteqrasiyaya, mədəniyyətlərarası dialoqun dərinləşməsinə uğurlu xidmət göstərə bilər.

Söhbətləşdi: Yuliya Qoryaçeva
russkiymir.ru


19.07.2018

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: