İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOVHər dəfə müəllim şəxsiyyətindən, müəllim əməyindən söz düşəndə nədənsə ilk növbədə yadıma böyük dövlət xadimi, Türkiyəni azadlığa çıxarmış Mustafa Kamal Atatürkün cəhalətin, geriliyin aradan qaldırılmasında müəllimin öhdəsinə düşən böyük vəzifələri yüksək dəyərləndirərək dediyi sözlər düşür:
“...Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir. Müəllimdən, maarifdən məhrum bir millət hələ millət adını daşımağa layiq deyildir.
Ona adi kütlə deyirlər. Bir kütlənin millət ola bilməsi üçün mütləq yaxşı müllimlərə möhtacdır”. Və bir də Borçalının ağır ellərindən olan Darvaz orta məktəbinin hər zaman minnətdarlıqla xatırlanan müəllimlərini xatırlayıram.

Təkcə ona görə yox ki, onlar bir zamanlar mənim də müəllimim olublar (əslində elə bu fakt da kifayət edir və mən adları həmişə qədirşünaslıqla xatırlanan bu insanların qarşısında hər zaman baş əyirəm), həm də ona görə ki, onlar sözün əsl mənasında MÜƏLLİM olublar. Görkəmli pedaqoq S.M.Qənizadənin dediyi kimi, evləri kitabxana olub, istirahətləri dəftər yoxlamaq, nəğmələri uşaqların səs-küyü, qazancları isə el məhəbbəti. O müəllimləri xatırlayıram ki, məhz onların sayəsində bir zamanlar Darvaz orta məktəbinin şöhrəti hər yana yayılmışdı, qonşu kəndlərdən, hətta qonşu rayonlardan da övladlarına daha yaxşı təhsil vermək istəyən valideynlər çalışırdılar ki, övladları məhz bu məktəbdə oxusun, bu təhsil ocağının adıbəlli müəllimlərindən dərs alsın. Nisbətən yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, XX əsrin 50-60-cı illərində Darvaz orta məktəbi nəinki Gürcüstanda, eləcə də Azərbaycanda da məşhur idi. Darvaz orta məktəbinin məzunu olmaq özü artıq çox şey deyirdi.

Bəli, Darvaz orta məktəbinin bir qızıl dövrü və təbii ki, bu dövrün tarixini yaradaraq özlərinin də adlarını Borçalının maarif tarixinə qızıl hərflərlə yazan müəllimləri olub. Belə müəllimlərdən biri də Əbdül müəllim idi. O Əbdül müəllim ki, bu gün də adı çəkilən kimi adam istər-istəməz özünü yığışdırır. Bir anlığa xəyal səni məktəb illərinə aparır, elə zənn edirsən ki, bu saat sinif otağının qapısı açılacaq və zəhmindən dağ titrəyən Əbdül müəllim içəri daxil olacaq.
Həyatda az adama nəsib olan şeydir ki, hələ sağlığında ikən yaxşı mənada əfsanələşsin, haqqında hər yerdə dastan qəhrəmanları kimi danışılsın. Üstəlik sadə kənd müəllimi üçün bu, bəlkə də ağlagəlməz bir şeydir. Amma Əbdül müəllim bunu qazanmışdı. Özü də ona görə qazanmışdı ki, o, bəzən hətta ağıla gəlməyənləri də həyata keçirməyi bacaran bir müəllim idi.

Görkəmli rus pedaqoqu K.D.Uşiniski demişdir: ”Tərbiyyəçi pedoqoqikanın nəzəriyyəsini nə qədər yaxşı öyrənmiş olsa da, pe­doqoji mərifəti olmayınca heç vaxt yaxşı təcrübəçi-tərbiyəçi olmayacaqdır.” Bu mənada Əbdül müəllim yerişi-duruşu, davranışı ilə də əsl pedaqoq idi, qamətinə yaraşan zəhmli baxışıyla da. Zahirən nə qədər zəhmli görünsə də, ipək kimi yumşaq qəlbə malik idi. Heç vaxt əndazəni aşmayan şagird-müəllim münasibəti isə bir örnək idi. Hər şagirdin dilini tapmağı bacarırdı. A.S.Makarenkonun aşağıdakı sözləri sanki onun üçün deyilmişdi: “Mən yalnız o zaman həqiqi usta oldum ki, “bura gəl” sözünü 15-20 çalarda ifadə edə bildim, sifətimi, səsimi 20 formada ifadə etməyi bacardım”.

Çox qəribədir ki, dərs dediyi şagirdlər ondan nə qədər qorxsalar da, çox sevirdilər. Haqqında bu gün də dillər əzbəri olan bir şeir də qoşulmuşdu: “Həndəsə, hər kim onu bilməsə, Əbdül müəllim döyməsə...”

Əbdül müəllimin dərs dediyi sinifdə oxumayanlar digər yaşıdlarına paxıllıq edirdilər. Çox vaxt da valideynlər az qala bir il əvvəldən məktəb direktoruna müraciət edirdilər ki, övladları Əbdül müəllimin sinfində oxusun. Riyaziyyat müəllimin kimdir? – sualına “Əbdül müəllimdir”, - cavabı kifayət edirdi ki, sənin savadın haqqında təsəvvür yaransın. Əbdül müəllimin şagirdi olub da riyaziyyatdan axsamaq təsəvvürə gələn iş deyildi.

Bu gün övladlarına məktəbdən kənar müəllim axtaran valideynləri və eyni zamanda savadı oldu-olmadı şagird hazırlamaq həvəsinə düşən müəllimləri görəndə istər-istəməz Əbdül müəllim kimi maarif fədailərini xatırlayıram. Onlar təkcə məktəbdə dərs deməklə kifayətlənmirdilər, evləri də sözün əsl mənasında məktəb idi. Dərsdən sonra uşaqlar gəlib bilmədiklərini öyrənərdilər. Özü də təmənnasız, filansız...

...Əbdül Oruc oğlu Bayramov 1930-cu ildə Borçalının ağır ellərindən olan Darvaz kəndində anadan olub. İlk təhsilini Darvaz orta məktəbində aldıqdan sonra Qazax Müəllimlər Seminariyasında oxuyub. 1949-cu ildə Başkeçidin Aşağı Qarabulaq kəndində ilk müəllimlik fəaliyyətinə başlayıb. Bir il burada çalışdıqdan sonra hərbi xidmətə çağırılıb. 1953-cü ildə ordudan tərxis olunduqdan sonra Darvaz orta məktəbində riyaziyyat fənnini tədris etməyə başlayıb və düz yarım əsr bu məktəbdə çalışıb. Əslində sadəcə olaraq burada “çalışıb” demək Əbdül müəllimin ünvanına bir az insafsızlıq olardı. O, burada canını qoyub, gözlərinin nurunu əridib. Ömrünü şam kimi bu yolda qətrə-qətrə əridib ki, gənc nəslin yoluna nur saçsın. Xoşbəxtlikdən onun Darvaz orta məktəbində pedaqoji fəaliyyətə başlaması bu məktəbin yuxarıda qeyd etdiyimiz kimi, qızıl dövrünə təsadüf edir. Mədəd Muradov kimi görkəmli bir pedaqoqun rəhbərliyi altında formalaşmış təcrübəli bir kollektivdə özünü göstərə bilib, tezliklə adı təkcə Bolnisi rayonunda deyil, bütövlükdə Borçalıda ən güclü riyaziyyat müəllimləri ilə bir sırada çəkilib.

Sirr deyil ki, şəhər yerində çalışan müəllimlərə nisbətən kənd müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür. Çünki şəhərdə dərsini deyib məktəbdən çıxdıqdan sonra küçədə, yaxud ictimai nəqliyyatda kimsə sənin müəllim olduğunu bilmir. Amma kənd yerində müəllim daim diqqət mərkəzindədir, üzərində bir ictimai yük də durur. Bu mənada Əbdül müəllimin xoşbəxtliyi bir də onda idi ki, dərs dediyi şagirdlərlə yanaşı elin məhəbbətini də qazana bilmişdi. Və bu məhəbbəti qazandıran onun yüksək pedaqoji ustalığa malik bir müəllim olması ilə yanaşı, həm də el adamı olması, əsl ziyalı mədəniyyəti nümayiş etdirməsi idi. Və ondan öyrənənlər təkcə şagirdləri və öyrənilməli şey də təkcə riyaziyyat deyildi. O, özlüyündə tipik kənd müəlliminin obrazı idi: hər şeyin fövqündə insanlığı görən, hər yetirməsinin uğurunu ən böyük qələbəsi sanan müəllim, həyatda qazandığı hər şeyə görə alnının tərinə borclu olan zəhmətkeş ziyalı, mehriban qonşu, ləyaqətli eloğlu, nümunəvi ailə başçısı... Sadaladığım bu keyfiyyətlərinin hər biri ilə də nələrisə öyrədirdi Əbdül müəllim. Bu gün Darvazda elə adam tapmaq çətin dir ki, onun dilindən incimiş, əməlindən ziyan görmüş olsun. Və elə adam da tapmaq çətindir ki, müəllim əməyindən, müəllim şəxsiyyətindən, müəllim böyüklüyündən söz düşəndə onu xatırlamasın.
Əbdül müəllim 2005-ci ildə dünyasını dəyişib. Artıq 5 ildir ki, cismən aramızda deyil. Onu sevənlərin qəlbində isə yeri əbədidir, ölməzdir. Bu yerdə nə vaxtsa oxuduğum şeirin bir bəndi yadıma düşür:

Ömür əmanətdi, hədiyyə deyil,
Qaytarır bir nəsil, alır bir nəsil.
Vay o şəxslərə ki, yaşayır yüz il,
Düşməyir ünvanı, izi bir yana.

Əbdül müəllim bu dünyada özündən sonra izi, sözü, əməli qalan kişilərdəndir.

Musa NƏBİOĞLU
2010

Darvaz.com
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: