QABAQCIL MAARİF XADİMİ, İSTEDADLI ŞAİR VƏ FƏAL İCTİMAİYYƏTÇİ - ƏLLƏZ NOVRUZ

QABAQCIL MAARİF XADİMİ, İSTEDADLI ŞAİR VƏ FƏAL İCTİMAİYYƏTÇİ - ƏLLƏZ NOVRUZ TƏBRİK EDİRİK!..

Dekabrın 4-ü dəyərli ziyalımız,
qabaqcıl maarif xadimi,
istedadlı şair və fəal ictimaiyyətçi,
çox hörmətli Əlləz Novruzun doğum günüdür!


ƏLLƏZ MƏMMƏDOV
(1948)


Əlləz Novruz oğlu Məmmədov - 1948-ci il
dekabr ayının 4-də qədim Borçalı mahalındakı
Bolnisi rayonunun Dravaz kəndində ziyalı ailəsində
anadan olmuşdur.

O, 1955-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1966-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Əlləz Məmmədov 1967-ci ildə Bakıdakı 44 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamış, eyni zamanda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitunun rus dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmişdir.

O, 1971-1974-cü illərdə komsomol təşkilatlarında çalışmışdır. Məktəb komsomol komitəsinin katibi olmuş, Azərbaycan LKGİ Mərkəzi Komitəsində işləmişdir.
1974-1975-ci illərdə ordu sıralarında xidmət edən Ə.Məmmədov zabit kimi ehtiyata buraxılmışdır.

Əlləz Məmmədov 1976-cı ildən əmək fəaliyyətini Azərbaycan SSR Maarif Nazirliyində davam etdirmiş,
1989-cu ilədək bu nazirlikdə metodist, inspektor vəzifələrində çalışmışdır.
1989-cu ildə Maarif Nazirliyi və Ali Təhsil Nazirliyinin bazasında Xalq Təhsili Nazirliyi yaradıldıqdan sonra isə fəaliyyətini bu nazirlikdə davam etdirmiş, 1990-cı ilin may ayından isə həmin nazirliyin Tərbiyə İşləri və Məktəbdənkənar Müəssisələr şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Özünü bacarıqlı maarif təşkilatçısı kimi tanıdan, respublikamızda təhsilin daha da inkişafı naminə yorulmaz fəaliyyət göstərən Əlləz Məmmədov həm də elmi-tədqiqatla məşğul olmuşdur. Onun 100-dən artıq elmi, elmi-publisistik yazıları dərc olunmuşdur. “Tərbiyə işinin təşkilinin bəzi məsələləri”, “Pedaqoji nəzarətdən yayınmış yeniyetmələrlə tərbiyə işinin təşkili”, “Uşaqları eybəcər mimikalardan və zərərli vərdişlərdən qoruyaq” kitabları pedaqoji ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

Ə.MəmmədovAzərbaycanın qabaqcıl maarif xadimidir, “SSRİ-nin Maarif əlaçısı” nişanı ilə təltif olunmuşdur.
O, həmçinin keçmiş SSRİ (indi isə Rusiya Federasiyası) Kosmonavtika Federasiyasının üzvüdür.

Əlləz Məmmədov Fransada (San-Meksan, 1992) keçirilən Beynəlxalq elmi simpoziumda “Tərbiyə işinin təşkilində milli mentalitet amili” mövzusunda əsas məruzəçi olmuş, Moskvada (1979, 1980, 1985), Polşada (Osventsim, 1972), Yaltada (1971), Bişkekdə (1990), Tallində (1991), Tehranda (1992) və Bakıda (1990, 1993) keçirilən Beynəlxalq miqyaslı konfrans və seminarlarda elmi məruzələrlə çıxış etmişdir.

Hazırda təqaüddə olan Əlləz Məmmədov bədii yaradıcılıqla da məşğul olur. Mətbuatda müntəzəm olaraq "Əlləz Novruz" imzası ilə çıxış edir. Azərbaycan və rus dillərində yazdığı şeir və poemalardan ibarət
“Gecikmiş görüş” adlı kitabı 2000-ci ildə, “Sevmək cinayətdirsə öldürün məni” kitabı isə 2003-cü ildə işıq üzü görmüşdür.

Biz də fürsətdən istifadə edərək, dəyərli ziyalımız, qabaqcıl maarif xadimi,
istedadlı şair və fəal ictimaiyyətçi, çox hörmətli Əlləz müəllimi ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında
və ictimai fəaliyyətində yeni-yeni uğurlar, yeni-yeni nailiyyətlər arzulayır,
aşağıda Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru,
professor Mədəd ÇOBAНOVun onun “Gecikmiş görüş” kitabına yazdığı "ÖN SÖZ"ü
və Əməkdar Mədəniyyət işçisi Musa NƏBİOĞLUnun "Ulu Körpü" qəzetində çap olunmuş
"KÖVRƏK QƏLBİN HƏZİN NƏĞMƏLƏRİ" sərlövhəli məqaləsini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



ÖN SÖZ

"Gecikmiş görüş"
kitabında toplanan poetik seçimlər haq­qında fi­kir söy­ləmək təklif olunanda həm fərəhləndim, həm də müəyyən qədər tərəddüd etdim.
Fərəhləndim ona görə ki, müəllifi hələ uşaqlıq illərindən ta­nıyıram, o mə­nim gözlərim önündə böyüyüb, ərsəyə çatıb.
Tə­rəddüd etdim ki, birdən Əlləz Нovruzun poetik duyğuları, şeirlərinin məziyyətləri barədə oxucularda dolğun fikir yara­da bilmərəm. Ona görə də, müəllif barədə qısa bioqrafik mə­­­lumat verməyi məqsədəmüvafiq saydım. Zənnimcə, bu onun yara­dıcılığının ideya-bədii xüsusiyyətlərini, məna ça­lar­larını, forma zənginliyini şersevərlərə çatdırmaqda, müəl­liflə oxucu arasında gözəgörünməz fikir körpüsü yaratmaqda yaxşı va­sitə olar.
Əlləz Нovruz qədim Borçalının axar-baxarlı, ağır elli Dar­vaz kən­­dində, el ağsaqqalı, sözü keçən, sevilib-seçilən Нovruz Məm­mədovun ailəsində dünyaya gəlib. Maraqlı gö­rüşlər, das­tan axşamları, nənələrin söylədikləri bayatılar, na­ğıllar, bir də o yerlərin əsrarəngiz təbiəti onun yaddaşınдa si­linməz xatirələrə dönüb.
Bədii yaradıcılığa 60-cı illərin sonlarında Нəbi Xəzrinin rəh­bərlik etdiyi "Gənc qələmlər" yaradıcılıq birliyinin üzvü ki­mi baş­layıb. Mətbuatda imzası seyrək görünsə də, şerləri yadda­qalandır, ürəyəyatandır. Öz dəsti-xətti, öz səsi, öz nə­fəsi ilə seçilən Əlləz həyatda olduğu kimi şerlərində də sə­mimidir, təbiidir.
Kitaba daxil edilmiş bədii yaradıcılıq nümunələrinin leyt­moti­vi­ni, mündərəcəsini İНSAН, MƏHƏBBƏT, TƏBİƏT və bu üç ali məhvumla bağlı hisslər təşkil edir.
Əlləz Нovruz yaradıcılığının mərkəzində insan durur. Bütün həyati prob­lemləri yaradan da, həll edən də insandır. Şairin lirik qəhrəman­ları təmiz ürəkli, saf qəlbli, zəhmət­sevər, sevən və sevilən müasirləridir.
Məhəbbət motivləri Əlləzin şerlərində ülvidir, əbədidir. Şair məhəbbət hisslərini iki gəncin bir-birini sevməsi, eşq məcarası, kövrək hisslər çərçivəsindən çıxarır, aliləşdirir, humanistləşdirir, bəşəriləşdirir.
Əlləz Нovruz, sözün əsl mənasında, təbiət aşiqidir, təbiət vurğunudur. O, dağların ucalığını, zirvələrin möhtəşəmliyini, qa­yaların sərtliyini, meşələrin sərinliyini, dərələrin dərin­liyinи, gö­zəlliyinи, bulaqların saflığını sevə-sevə, ilhamla vəsf edir. Təbiət təsvirlərində Əlləz tapdanmış cığırlarla, yollarla get­mir, yeni ifadə tərzi, deyim forması axtarır:

Səmaya dirəkdir silsilə dağlar,
Deyirsən, onlarsız göy yerə çökər.
Yaxud:

Cığırlar dağlara kəmənd ataraq,
Qıvrıla-qıvrıla dırmaşır göyə.

Əlləz təbiəti sadəcə təsvir etmir. Təbiətə bağlılıq, tor­pa­ğın qədrini bilmək onun canın­da­dır, qanındadır.
Müba­liğəsiz demək olar ki, o, buzlaqlardan, alп çəmənliklərинdən tutmuş, Xəzərin ad­sız adalarına qədər qarış-qarış gəzmişdir:

Bu yerlərin hər qarışı tanışdır,
Keçidlərə, dərələrə bələdəm.
Ayaq basmadığım yer qalmamışdır,
Ceyrankeçməz bərələrə bələdəm.

Əlləz Нovruz şerlərində Xəzər təbiətin gözəl guşəsi, Azər­­­­bay­cana bəxş edilmiş gözəllik, Bakının füsunkarlığını bi­rə on artıran dəniz kimi səciyyələndirilir; insanları başa dü­­şən, onların dərdini bilən, bölən canlı varlıq səviyyəsinə qaldırılır:

Göy Xəzərlə bölüşürdük,
Dərdimizi, sirrimizi,
Dağlara bəyan etdik
Biz ilk dəfə eşqimizi.

Yaxud:
Dinməzcə addımladıq,
Ləpədöyən boyunca.
Xəzər haray qopardı,
Ayrılığı duyunca.

Əlləz Нovruz üçün mövzu qıtlığı yoxdur. O, bayağı hiss­lər, çeynənmiş mövzular, deyilmiş fikirlər məngənəsində bo­ğulmur. Gördüyü, şahidi olduğu ictimai-siyasi hadisələrə, insanlar ara­sındakı müna­sibətə, təbiətə poetik çalar, poetik məna verir. Şairin fərdi hissləri də, hamını narahat edən, hamını düşündürən hiss­lərin bir qismidir.
Əlləz şerlərində heç nə uydurmur, gecə-gündüz mövzu fikir­ləşmir, heç nədən şeir "ixtira etməyə" meyl göstərmir.
Şeirlərinin böyük əksəriyyəti şəxsi müşahidələrinin, gö­rüb-gö­türdüklərinin məhsuludur.
Hələ, orta məktəbdə oxuyarkən qələmə aldığı ilk şerində yazırdı:

Ana qucağını beşik sanmışam,
Orada boy atıb pərvazlanmışam,
Müqəddəs bilsəm də ata andını,
Anamı, Vətəni uca sanmışam.

Canımdan əzizdir Vətən torpağı,
Yurdumun hər daşı, odu, ocağı.
Ən doğma nədir?-soruşan olsa,
Deyərəm:Anamın isti qucağı.

İlk iri həcmli lirik əsərinin - "Atamın dastanı" poemasının pro­lo­qunda hamını narahat edən bir məsələdən-Sovet impe­riyasının dağılması dövründə yaranmış hərc-mərclikdən isti­fadə edən xaç­pərəstlərin Borça­lıda yaşayan azərbay­canlılara qarşı təxribat­larından, cinayətlərindən, Borçalının da Göy­çənin gününə salın­ması planlarından, əməllərindən yığcam söhbət açılır.

Ümumilikdə isə, poemanın ana xəttini uşaq yaşlarından vali­deynlərini itirən, min cür əzab və məhrumiyyətlərə bax­mayaraq ailəni dağılmağa qoy­mayan, qeyrətli bir cavan kimi böyüyən, əlli il doğma Darvaz kəndinə rəhbərlik edən, Bö­yük Vətən Mü­ha­ribəsi qəhrəmanı Нovruz Məmmədovun mənalı həyat yolu təşkil edir.

Bu obrazı ümumiləşdirilmiş obraz hesab etmək olar. Belə ki, təsvir olunan hadisələrin böyük əksəriyyəti (ağrılı-acılı 1937-ci il hadisələri, müharibənin törətdiyi bəlalar, mühari­bə­dən sonrakı illərin çətinlikləri və s.) bütün borçalılar üçün xarakterikdir.
Əlləz Нovruzun şer dili səlisdir, təmizdir, şirindir. Xalq yara­dıcılığı nümu­nələrinə yaxın olan qoşmalarda, gəraylılar­da bir axarlıq, ürəyəyatımlıq, yaddaqalanlıq var:

Yerişi, duruşu məst etdi məni,
Ədası, qəmzəsi əritdi məni,
Üzüyü göstərib göynətdi məni,
Kədərlə baxaraq köksüm ötürdüm.

Yaxud:
Tərəkəmə-hiylə bilməz,
Tərəkəmə-söz götürməz.
Dost yolunda candan keçər,
Bircə kəlмə of da deməz.

Örkən ilə bağlasalar,
Şiş qızdırıb dağlasalar,
Zindanlarda saxlasalar,
Dediyindən geri dönməz.

Əlləz unudulmuş, yaxud unudulmaqda olan kəlamları, poe­ziya di­linə o qədər də uyuşmayan loru ifadələri şerə gə­tirir, səbrlə, təmkinlə, məharətlə cilalayaraq, onlardan poetik ifadə vasitəsi kimi istifadə edir. Bu nə şerin mənasına, nə də ahənginə xələl gətirmir, əksinə, oxunaqlıq verir. Şerlərin əksəriyyəti heca vəz­nində (onbirlik və səkkizlik) yazılmış­dır. Onbirlik heca ölçüsünə daha çox yer verilsə də, digər heca ölçülərindən eyni bacarıqla istifadə edilmişdir. Bəzi şerlərdə bir heca ölçüsündən başqa heca ölçüsünə keçilir, lakin deyim tərzi və məna dərinliyi oxucuya he­ca oyna­ma­lırını hiss etdirmir, bu oynamalar, bu dəyişmələr oxu­cunu yormur, şerin ahəngində ziqzaq, ti­lişkənlik hiss olun­mur.
Müəlifə yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Mədəd ÇOBAНOV,
Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru, professor.


(Bax: Əlləz Novruz. Gecikmiş görüş, Bakı, 2000, səh.3-8).





QABAQCIL MAARİF XADİMİ, İSTEDADLI ŞAİR VƏ FƏAL İCTİMAİYYƏTÇİ - ƏLLƏZ NOVRUZ KÖVRƏK QƏLBİN HƏZİN NƏĞMƏLƏRİ

Gözəl insan, sözün əsl mənasında böyük ziyalı olan Əlləz Novruz haqqında danışmaq mənim üçün həm asandır, həm də çətin. Asandır ona görə ki, bizim münasibətimiz sadəcə olaraq eloğlu və yaxud iki qələm adamı arasında ola biləcək münasibətlə məhdudlaşmır, neçə illərdir ki, ailələrimiz doğmalaşıb. Dərdimizi də, sevincimizi də eyni dərəcədə bir-birimizlə paylaşmışıq. Mənim gözümdə dünyanın ən müdrik ağbirçəyi, analar anası olan Güllü xanıma ikimiz də ana demişik, elə o da bizi eyni məhəbbətlə sevib. Məni bu ailə ilə doğmalaşdıran, hələ cavan yaşlarından təmkinli davranışı, böyük-kiçik yeri bilməsi ilə hamının hörmətini qazanan Arif müəllimin təkcə bir evi yox, bütöv bir eli yandırıb-yaxan vaxtsız ölümü isə bizi eyni dərəcədə sarsıdıb. Bununla belə, Əlləz müəllim haqqında danışmaq mənim üçün ona görə çətindir ki, o, hər addımından, hər kəlməsindən, hər misrasından öyrəniləsi adamdır.
Həyatda ondan öyrəniləsi çox şey var: sadiq dost, layiqli oğul, əsl vətəndaş, ziyalı, hər an güvənilə biləcək qardaş, vəfalı ömür-gün yoldaşı olmaq, daha nələr, nələr... Olduqca maraqlı mü-sahibdir. Onunla söhbətdən doymaq olmur. Elə ilk kəlmələrdən onun səmimiyyəti, həssaslığı adamı elə ovsunlayır ki, vaxtın necə keçdiyini bilmirsən. Onun keçdiyi ömür yolu, həyat təcrübəsi isə çoxlarına örnək ola biləcək bir məktəbdir.
Haqqında çox danışmaq olar. Uzun müddət Azərbaycan Təhsil Nazirliyində məsul vəzifədə çalışaraq qabaqcıl maarif xadimi kimi respublikada böyük hörmət qazanan Əlləz müəllim hələ gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olmağa başlamış və tale elə gətirmişdir ki, nəinki Azərbaycanda, hətta dünya miqyasında böyük şöhrət qazanmış görkəmli söz ustaları və korifey sənətkarlarla müsahib olmaq ona nəsib olmuşdur.
Yaxından tanıyanlar yaxşı bilir ki, o, sözü ilə əməli bir olan, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan şairdir. Bədii yaradıcılığa başladığı ilk vaxtlardan öz dəst-xətti ilə seçilən Əlləz Novruz həmişə sözün məsuliyyətini bilib, məqsədi daha çox çap olunmaq yox, ədəbi nümunələr yaratmaq olub.
Hər adi qafiyə, hər misra, hər şeir,
Kövrək ürəyimin həzin səsidir –
deyən şairin səmimiyyətinə inanmamaq isə sadəcə olaraq mümkün deyildir. Onun yaradıcılığının ana xəttini İNSAN, MƏHƏBBƏT və TORPAQ təşkil edir. Hansı mövzuda yazmasından asılı olmayaraq eyni dərəcədə səmimidir, gəlişigözəl söz demir, ölçü-biçisi yerində olsa da, heç bir məna yükü daşıımayan şeir dalınca qaçmır.
“Məhəbbət aşiqə haqq vergisidir”, – deyən Ə.Novruz istər saf məhəbbətdən yazsın, istər Vətən sevgisindən, yurd həsrətindən, istərsə də bəşəriyyəti narahat edən problemlərdən – həmişə səmimidir, oxucu zövqünü oxşayır, onu düşündürə bilir. Onun şeirləri təkcə yaradıcı təxəyyülünün məhsulu deyil, burada şair ürəyinin çırpıntıları ilə yanaşı, bir tədqiqatçı zəhmətinin bəhrəsi paralel şəkildə üzə çıxır. Elə şeirləri var ki, oxucu ilk misradanca şeirin böyük zəhmət və gərgin elmi axtarışların məhsulu olduğunu duyur, görür. Bu mənada Əlləz Novruz həm də tədqiqatçı şairdir desək yəqin ki, səhv etmərik.
Torpaqlarımızın bir hissəsinin hələ də erməni işğalında olması şair qəlbinə rahatlıq vermir, Vətən oğullarını xalqımızın haqq işi uğrunda mübarizəyə səsləyərək haray qoparır:

Şəhidlərin qisasını almağın,
“Kərəmi” yox, “Misri”, “Cəngi” çalmağın,
Sarı qovan şahin, tərlan olmağın
Vaxtı hələ çatmayıbmı, qardaşım?

Oxucularını daim Vətənə bağlılığa, yurd sevgisinə səsləyən şair ata-baba yurduna biganə olanlara üz tutaraq haqlı olaraq deyir:

Çox ölkə gəzmişəm deyən eloğlu,
Öz ata yurdunda olmusanmı heç?

Doğulub boya-başa çatdığı Borçalı yaradıcılığında mühüm yer tutur. Şeirlərində bu yerlərin əsrarəngiz təbiətini, sözü ilə əməli bir olan, dostluqda sədaqəti, qonaqpərvərliyi ilə seçilən yurda bağlı adamlarını tərənnüm edir. Bu mövzuda yazdığı şeirlərin hər misrasında onu Borçalının bir guşəsində görürük. Səsi gah Başkeçidin, Barmaqsızın dağlarından, sərin yaylaqlardan, suyu diş göynədən bulaqlardan gəlir, gah Ağbulaqdan, Sarvandan, Qarayazıdan, Qaraçöpdən... gah da “Qocaman Darvazın Milli Məclisi” olan “Tutuun dibi”ndən.
Onun mübarizliyi, qətiyyəti, düz sözü söyləməkdən çəkinməməsi, cəsarəti yaradıcılığında da öz əksini tapmışdır. “Vəli, bu işlərə necə dözürsən?”, “Fırlanır”, “Bəsdir susduğumuz, hər şeyi mərdanə demək dəmidir” və s. kimi şeirləri zəmanəmizin naqisliklərinə şairin etiraz səsidir. “Vəli Abbasa duzlu-məzəli məktublar” silsiləsindən yazılan şeirlər isə dünyanın gedişatına özünəməxsus yanaşma tərzi ilə seçilir:

Aqillər düz deyib, boşalan dolmaz,
Hər gədadan paşa olmaz, bəy olmaz.
Heç kəsə qalmayıb, bizə də qalmaz,
Ər nəsillər qayıdarmı?
Qayıtmaz!

Şairin yaradıcılığında qəm notları üstündə köklənən şeirlərə də rast gəlmək mümkündür. Bununla belə:

Kədər də mənimlə əlbəyaxadır,
Qapıdan qovuram, bacadan gəlir –

desə də, başqalarının dərdinə biganə qalmır:

Nə dərd əyə bilməz, nə zor, nə nisgil,
Gücsüzün göz yaşı kövrəldər məni.

Bu gün Əlləz Novruz ömrünün kamillik, aqillik, müdriklik dövrünü yaşayır. Bu məqamda isə bir an nəfəs dərib arxaya boylanmağa, yaşanmış zaman kəsimində görülmüş işlər barədə həm öz-özünə, həm də dostlara, yaxınlara bir hesabat verməyə dəyər. Xoşbəxtlikdən Əlləz müəllimin istər şair, pedaqoq, ziyalı kimi, istərsə də bir insan – dost, qardaş, vətəndaş, eloğlu kimi arxada qoyduğu illərlə fəxr edərək gələcəyə inamla, qürurla baxmağa haqqı var.
Ədəbi mühitdə öz sözünü deməyi, özünə yol açmağı bacaranlar mənzil başına çatıb ədəbi ölməzlik qazanırlar. Dünyanın bir çox ölkələrini gəzib dolaşan, “cığırlar yolların kiçik qardaşıdı” – deyən Əlləz Novruzun ədəbi aləmdə açdığı özünəməxsus cığır artıq böyük yola qovuşaraq ona uğurlar qazandırmaqdadır. Şeirlərinin birində:

Məğrur bir palıda bənzəyirəm ki,
Nə seldən qorxaram, nə ildırımdan –

deyən dağ vüqarlı, məğrur qardaşıma uzun və sağlam ömür, möh-kəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Musa NƏBİOĞLU,
“ULU KÖRPÜ” qəzeti,
1 yanvar 2007-ci il
.



ZiM.Az


.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: