Neçə illərdi ki, Polşa ilə Azərbaycan arasında ədəbiyyat sahəsində əməkdaşlıq mövcuddur. Hər il Polşa Respublikasının Bakıdakı Səfirliyi Azərbaycan Respublikasının Yazıçılar Birliyi, həmçinin Bakı Slavyan Universiteti nəzdində Polşa Dili və Mədəniyyəti Mərkəzinin müəllimləri və tələbələri ilə birgə bir sıra layihələri həyata keçirir. Bu layihələrin məqsədi qarşılıqlı mübadilə, Azərbaycan şair və tələbələrini Polşanın tarixi və mədəniyyəti haqqında biliklərini artırmaq üçün həvəsləndirmək, istedadların inkişafı, həmçinin polyakları Azərbaycan ədəbiyyatını oxumağa cəlb etməkdir. 2011-ci “Çeslav Miloş İli” ilə əlaqədar çoxsaylı tədbirlər keçirilmişdir: ədəbiyyat müsabiqələri, Azərbaycan müəlliflərinin Polşaya tədris səfərləri, həmçinin polyak və Azərbaycan dillərində müasir polyak poeziyası antologiyalarının tərtibi və təbliği.
Çeslav Miloş İli
2011-ci il polyak ədəbi mühiti üçün çox əhəmiyyətli idi. Məşhur polyak şairi, nasir, esseist, tərcüməçi və ədəbiyyat üzrə Nobel mükafatı laureatının yüzüncü il dönümü münasibəti ilə onun əsərlərini yenidən oxumaq fürsətini əldə etdik. “Miloş ili” ilə əlaqədar Polşada və onun xaricində konfranslar, festivallar, diskussiyalar, Miloşa həsr olunmuş sərgilər, həmçinin yeni kitablar nəşr olunmuşdur.
Azərbaycanda “Miloş ili” ilə bağlı Polşa Respublikasının Bakıdakı Səfirliyi Nobel mükafatçısının ədəbi katibi Aqneşka Koşinskanı qonaq kimi qəbul etmişdir. Xanım Koşinska şairin Krakovdakı muzey evi və arxivini qoruyan, Miloşun əsərlərinin müəllif hüquqlarının sahibidir, həmçinin “Miloş haqqında söhbətlər” kitabının müəllifidir. Bakıda Şirvanşahlar sarayında Aqneşka Koşinskanın Azərbaycan Respublikasının Yazıçılar Birliyinin nümayəndələri, həmçinin tələbə və pərəstişkarlar ilə görüşü keçirilmişdir. Görüşü Azərbaycan şairi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu aparırdı. Görüş zamanı Miloşun polyak və Azərbaycan dilində şeirləri səslənir, həmçinin müəllifin lentlərə həkk olunan poetik ifası dinlənildi.
Xanım Koşinska Bakıda olduğu müddətdə Bakı Slavyan Universitetində Polyak Dili və Mədəniyyəti Mərkəzində tərcümə və regionşünaslıq fakültəsinin tələbələri ilə də görüşdü. Bu görüş Miloşun həyat və yaradıcılığı haqqında söhbət aparmaq üçün çox yaxşı fürsət verib şair və onun gənc oxucuları arasında məsafənin azalmasına imkan yaratdı.
Bundan əlavə, Miloşun yüzüncü il dönümünü anmaq üçün Azərbaycan şairi, Rəfael Tağızadə şairin doğma diyarına ezam edildi. Əsas tədbirlər şairin doğum günü ərəfəsində, bu ilin 30 iyun tarixində, Çeslav Miloş adına Beynəlxalq Dialoq Mərkəzinin açılışının baş tutduğu Krasnoqrudda, Miloş ailəsinə məxsus olan saray kompleksinin binasında keçirildi. Bu hadisə həmçinin Polşanın Avropa Birliyindəki sədrliyinin mədəni hissəsinin də təntənəli açılışı idi. Krasnoqrudda şairin yaradıcılıq həvəskarları, mədəniyyət xadimləri, sənətkarlar və bütün dünyadan yazıçılar toplaşmışdı. Bu, simvolik və müəllifin “Korpülər Avropası”nın yaranmasını dəstəkləyən “Doğma Avropa” ideyaları ilə üst-üstə gələn tədbir idi.
Ədəbi müsabiqələr
Həmçinin “Miloş İli” 2011-ci ildə polyak mədəniyyəti mövzusunda ədəbi müsabiqənin keçirilməsinə səbəb oldu. Müsabiqənin iştirakçıları qəbul olunmuş işlərin həm məzmunu, həm də formasını azad şəkildə seçmək imkanına malik idilər. Müsabiqənin iştirakçılarının işlərini komissiya qiymətləndirirdi: Polşa Respublikasının Azərbaycandakı səfiri cənab Mixal Labenda, Azərbaycan Pen Klubunun prezidenti, Xalq yazıçısı Çingiz Abdullayev və “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlu. Mükafatların təntənəli surətdə təqdim olunması 30 dekabr tarixində Azərbaycan Yazıçılar Birliyinin binasında həyata keçirilmişdir. 3 iştirakçının əsərləri qalib gəlmişdir: I yer – “Xoşbəxtlik ehtimalı” əsərinə Əli Şirin Şükürli, II yer – “Polşa nağılı” əsərinə görə Xumar Ələkbərova, III yer – “Polşada 3 gün” əsərinə görə Aysel Xəlilova layiq görülmüşdür. Onlara hədiyyələr və kitablar təqdim olunmuşdur. Əlavə olaraq dörd fərqlənən iştirakçı seçilmişdir: “Polşa təəssüratları” əsərinə görə Rəfail Tağızadə, “Sonuncu kibrit çöpü” əsərinə görə Azad Vəliyev, “Fortepiano şairi” əsərinə görə Bünyamin Kazımov, “Hisslərin dindirilməsi” əsərinə görə isə Ayaz İlyasov fərqlənmə diplomuna layiq görülmüşdür. Diqər iştirakçılar iştirak haqqında diploma layiq görülüblər. Əsas mükafatı Əli Şirin Şükürlü qazanmışdır. O Polşaya tədris səfərinə yollanacaq, orada polyak ədəbi mühit ilə tanış olacaq və çoxsaylı muzeyləri, Kitab İnstitutunu, həmçinin Miloşun Krakovdakı evini seyr edərək Polşanın ədəbiyyatı haqqında biliklərini artıracaqdır. Ümid edirik ki, həmin tədris səfəri gələcək ədəbi yaradıcılığı davam etdirməyə həvəsləndirəcəkdir.
Tədris səfərləri
2011-ci ilin aprel ayında Varşavada XI Beynəlxalq Poeziya Festivalı keçirilmişdir. Festivalda azərbaycanlı professor və şair Elçin İsgəndərzadə, Dövlət Akademik Opera və Balet Teatrın solisti, əməkdar artist Gülüstan Əliyeva, həmçinin aşıq Sevil Xıdırova təmsil etmişdir. Festivalda 20 ölkədən artıq dünya ədəbiyyatı və incəsənətinin nümayəndələri iştirak etmişdilər. Azərbaycan fəxri qonaq kimi iştirak edirdi. Azərbaycanlı sənətkarlar demək olar ki, bir həftə ərzində Varşavada konsertlərlə çıxış etdi və onların çıxışları ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.
Festivalın təntənəli açılışında prof. elmlər doktoru Elçin İsgəndərzadənin məşhur polyak şairi Aleksandr Navrotskinin tərcüməsində “Mənim taleyimin ulduzu” adlı kitabının təqdimatı keçirilmişdir. Həmçinin Azərbaycan şairi Dünya poeziya Günü-2011 münasibəti ilə UNESCO tərəfindən təsis olunan “Burştın” medalı ilə təltif olunmuşdur.
Çap olunmuş nəşrlər
Polşa ilə Azərbaycan arasındakı ədəbi əməkdaşlığın növbəti əhəmiyyətli tədbiri “Qəfil görüş” adlı “Çağdaş Polyak Poeziyası Antologiyası”nın nəşr olunması idi. 24 fevral tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan oxucularına məmnuniyyətlə yeni kitabı təqdim etdik. Layihə Polşa Respublikası Xarici İşlər Nazirliyinin İctimai və Mədəni Diplomatiya Departamentinin dəstəyi ilə Polşa Respublikasının Bakıdakı Səfirliyi tərəfindən təşkil olunmuşdur. Topluda XX və XXI əsrin qovuşağındakı ən məşhur polyak şairlərinin – Nobel mükafatçıları Vislava Şımborska və Çeslav Miloş, həmçinin Tadeuş Rujeviç və Zbiqnev Herbertin şeirləri çap olunmuşdur. Həmin şeirlər Azərbaycan dilinə ilk dəfə tərcümə olunmuşdur. Tərcüməni Azərbaycan şairləri Səlim Babullaoğlu və Rəfael Tağızadə Bakı Slavyan Universitetinin müəllim və məzunlarının dəstəyi ilə həyata keçirmişdilər.
Buna bənzər təşəbbüslər artıq əvvəlki illərdə də realizə olunmuşdular. 2009-cu ildə ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə olunmuş tanınmış polyak yazıçılarının 16 əsərini özündə birləşdirən “Müasir Polyak Nəsri Antologiyası” nəşr olunmuşdur. Layihə çərçivəsində Stanislav Lem, Marek Hlaski, Maçey Malitski, Yejı Pilx, Andjey Staşyuk, Voyçex Kuçok, Yatsek Dukay, Slavomir Shutı, Tomaş Pintek və Dorota Maslovskanın əsərləri tərcümə olunmuşdur. Layihəyə Polşa Respublikasının Bakıdakı Səfirliyinin dəstəyi ilə Bakıda polyak dili müəllimləri Lukaş Kaleta və onun həyat yoldaşı Katajına Kaleta nəzarət edirdilər.
Bundan əlavə, 2007-2011-ci illərdə Polşada azərbaycanlı yazıçıların 4 kitabı çap olunmuşdur. Onlardan birincisi “Qırmızı Limuzin” adlı “Müasir Azərbaycan Nəsri” antologiyası. Mətnləri Səlim Babullaoğlu seçmişdir, tərcüməni Bakı Slavyan Universitetinin polonistləri- tələbə və məzunları, redaktəni isə həmin universitetin polyak müəllimləri həyata keçirmişdilər. Nəşr olunmuş ikinci kitab Səlim Babullaoğlunun “Ürək döyüntüsünə ithaf ” şerlər toplusudur. Üçüncü çap olunmuş kitab Lukaş Kaleta tərəfindən tərcümə olunan Hüseynbala Mirələmovun “Xəcalət” povesti, dördüncü kitab isə şair və nasir Əjdər Olun “Qrafoman” adlı hekayələr toplusudur. Adıçəkilən kitablarıın tərcüməsində Rafiq Həşimov, İlahə Kərimova, Vüsalə Mustafayeva, Sonya Piriyeva, Raisa Miskərli,Yelena Karetina, Ayla Ağayeva və Aynurə Cəfərova iştirak ediblər.
Son illərin maraq doğuran nəşrlərindən biri Azərbaycan polonistikasının veteranı, doktor Gülər Abdullabəyovanın rusca nəşr olunan “Müasir polyak ədəbiyyatı” adlı iri həcmli elmi monoqrafiyası, kitabıdır.
Azərbaycan Yazıçılar Birliyinin orqanı olan “Dünya ədəbiyyatı” jurnalının səhifələrində şair və jurnalın baş redaktoru Səlim Babullaoğlu dəfələrlə polyak şairləri Çeslav Miloş və Vislava Şımborskanın əsərlərini, həmçinin Kşıştof Zanussinin esselərini nəşr etdirdiyini qeyd etməyə yerinə düşərdi.
Son illərin ədəbi hadisələrini ümumiləşdirərkən “Miloş ili” münasibəti ilə keçirilən tədbirlərin vasitəsi ilə Polşa və Azərbaycan arasında ədəbi sahədə məhsuldar əməkdaşlığın dərinləşməsini müşahidə etməmək mümkün deyil. Ümudvarıq kı, bu tendensiya növbəti illərdə davam edəcəkdir.
Polşanın Azərbaycandakı Səfirliyi
31.12.2011
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.