Aprelin 25-də Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif yaradıcılığının elmi-nəzəri dərki” mövzusunda elmi-seminar keçirilib.
Tədbir AzMİU-nun Azərbaycan dili və pedaqogika kafedrası və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən birgə təşkil olunub.
ZiM.Az xəbər verir ki, tədbirdə AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
Görkəmli şair M.P.Vaqifin ədəbiyyatımızdakı mövqeyindən bəhs edən prorektor onun əsərlərinin əhəmiyyətini vurğulayıb.
Keçirilən Elmi seminarda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli söz ustadı, ictimai xadim M.P.Vaqifin dövrü, həyat və yaradıcılığı, dünyagörüşü, şəxsiyyəti, ictimai fəaliyyəti, milli intibahın poeziyası, eləcə də dil-üslub texnologiyaları barədə ətraflı məlumat verib. Vurğulanıb ki, Vaqif Azərbaycanın, ümumiyyətlə, türk dünyasının çox böyük şairidir. O əsərlərini ana dilində yazıb, şeirlərinin dili və üslubu çox aydın, rəvandır.
N.Cəfərov 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində şairin məzarı üzərində əzəmətli məqbərəsinin ucaldıldığını xatırladıb.
Sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru Tahirə Məmməd “M.P.Vaqif lirikası məhəlliləşmə və realizm kontekstində” mövzusu çıxış edib.
Daha sonra - filologiya elmləri doktoru Nailə Muradəliyevanın “M.P.Vaqif poeziyasında təbiət”, filologiya elmləri doktoru Cavanşir Yusiflinin “Şairin “Durnalar” şeirinə metafora”, filologiya üzrə fəlsəfə doktoru Laləzar Əlizadənin “Vaqif sözünün gerçəyi”, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmanovun “Gerçəkdəki və Vaqif dramındakı Vaqif”, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadənin “M.P.Vaqif irsi Araz Dadaşzadənin tədqiqatlarında”, AMEA-nın əməkdaşı Şəmsurə İsmayılovanın “M.P.Vaqifin yaradıcılığında klassik şeir şəkilləri” mövzularında məruzələri dinlənilib. Çıxış edənlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.P.Vaqifin ədəbi irsi və ictimai fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər. Vurğulanıb ki, şairin humanizm ideyalarına, təbiət və insan gözəlliyinə həsr olunmuş əsərləri ədəbiyyatımızın ölməz söz inciləridir.
Elmi seminarın sonunda AzMİU-nun Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədova “Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi” mövzusunda məruzə edib.
Məruzəçi böyük şairin yaradıcılığının tədqiqindən danışıb. Bildirilib ki, M.P.Vaqifin yaradıcılığı dünyəvi mahiyyət daşıyır, klassik ədəbi ənənələri yaşatmaq və mənəvi dəyərləri qorumaqla yanaşı, həm də novator sənətdir. Məhz buna görə də şairin yaradıcılığı daim tədqiqatçıların diqqətində olacaq.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.