Qarabağ savaşına məhkum olunanları anarkən!
Süsən və Osman
(2 hissəli qəhrəmanlıq dramı)
İŞTİRAK EDİRLƏR:
Süsən – həm də Suzanna
Osman – həm Hans, həm də Keşiş
Azərbaycan əsgəri – həm də Sovet əsgəri (gənc Osman),
Henrix
Saqqallı erməni – həm də Alnı çapıqlı erməni
Gənc saqqallı erməni
Birinci səs
İkinci səs
Birinci hissə.
Uzaqdan ara-sıra güllə və mərmi səsləri eşidilir. Süsən və Osman evin ortasına yığılmış əşyaların arasındakı köhnə sandığın üstündə, əllərini dizlərinin üstünə qoyub, başıaşağı, sakitcə oturublar. Azərbaycan əsgəri içəri girir.
Azərbaycan əsgəri – Qalxın, bu axırıncı yük maşınıdı, boş yerə tərslik eləməyin... daha arxanızca gəlməyəcəm... bununla da getməsəniz, ermənilərə yem olacaqsınız, bunu bilin... Mən deyib, borcumdan çıxıram... Durun ayağa... Allah bəlanızı versin, başa düşün, mən sizsiz gedə bilmərəm... Ömrüm boyu əzab içində yaşamaq istəmirəm... Onlar sizi tikə-tikə doğrayacaqlar...
Süsən – Sən kişini apar, caan, mənə heç nə eləməzlər...
Azərbaycan əsgəri – Elə birinci səni doğrayacaqlar, azərbaycanlıya ərə getdiyin üçün... Qalxın, qalxın ayağa... Qalxın deyirəm... Eşitmirsiniz?.. Qalxın ayağa, qradın səsləri sizi qorxutmur?.. Canınızdan keçibsiniz?.. Qalxın... (avtomatı onlara tuşlayır). Məni qatil olmağa məcbur eləməyin...
Osman – (yaşına uyğun olmayan cəldliklə sandığın üstündən qalxaraq, var gücü ilə bağırır). Rədd ooool!.. Qorxaq əclaf!.. Satqın oğraş!.. Mənə neynəyəcəksən, öldürəcəksən?!. Öldür əclaf!.. Vur!.. Duxun çatır, vur, əclaf!.. (Azərbaycan əsgərinə tərəf irəliləyir) Vurmağa da duxun yoxdu... Rədd ol mənim evimdən!.. Bura mənim evimdi!.. Bura mənim yuvamdı!.. Bu ailənin sahibi mənəm!.. Burda qərarları mən verirəm!.. Burda mənim hökmüm keçir!.. Çıx, get!.. Gedin!.. Hamınız gedin!.. Torpaqları boşaldıb, tülkü kimi qaçın, yaramazlar!..
Süsən – Sakit ol, Osman.. sakit ol, qurban... təzyiqin yüksələr, sakit ol... biz heç yerə getmirik... (Azərbaycan əsgərinə) Xahiş eliyirəm, çıxın, gedin... Bizi rahat buraxın...
Azərbaycan əsgəri – (həyəcanla) Bıy, bunlar dəlidilər, ə... Mən sizə görə deyirəm, yazığım gəlir, öldürəcəklər sizi... Burda qalmaq, gözgörəti ölümü gözləməkdi!..
Osman yaşına uyğun olmayan cəldliklə köhnə sandığa tərəf gedir. Cəldliklə Süsənin qolundan tutub, sandığın üstündə qaldırır və sandığın qapağını açıb, içindən qoşalülə tüfəngi çıxarır. Azərbaycan əsgərinin ayağı altına bir güllə atır.
Osman – Getməsən, ikinci gülləni təpənə buraxacam!..
Azərbaycan əsgəri – Ay səni, qoca veteran... Buna bax ə, tüfəngi də varıymış bunun... vurmuşdu ə, məni... Cəhənnəm olun ikiniz də... Getmirsiniz, cəhənnəmə gedin... Özünüz bilərsiniz... Mənim sizə yazığım gəlirdi...
Osman – Yazıq sənsən, sənin kimi əclaflardı... Torpağını qoyub qaçan nadürüst, rədd ol, yoxsa beynini dağıdacam...
Azərbaycan əsgəri – Mən torpağımı qoyub qaçmıram, ay qoca veteran. Mən əsgərəm, əmrə tabeyəm. Bu günə qədər kişi kimi vuruşmuşam, bu gün də vuruşmağa qadirəm, sadəcə çıxmaq əmri almışıq, adamları burdan sağ-salamat təhlükəsiz yerə aparmalıyıq, vəssalam... Əmrdən çıxmağın nə olduğunu sən ki, yaxşı bilirsən, ay qoca qurd...
Osman – Kim verib o əmri, hansı oğraşın əmridi?.. Kimdən alıbsınız, ha?..
Azərbaycan əsgəri – Əmrlərin kim tərəfindən verdiyini bilmirsən, ay qoca qəhrəman?.. Komandirdən alırıq biz əmri...
Osman – Komandir öz başına bu cürə xəyanətkar əmri verə bilməz. Hətta versə belə, o əmri icra eləmək də xəyanatkarlıqdı...
Azərbaycan əsgəri – İndi deyirsən yəni mən xəyanatkaram?..
Osman – Bə nəsən?.. Sənin ayrı adın var?.. Xəyanatkarsan, özü də yekəsindən... Şəhərin əliyalın insanlarını aldadıb, panikaya salıb, tələmtələsik hara çıxardırsınız? Düzəməlli adamlarsınız, silah verin, camaat, hər kəs öz evini-eşiyini bu günə qədər qoruduğu kimi, bundan sonra da qorusun. Ya qoruyarıq, ya da döyüşüb kişi kimi ölərik... Bizi hara daşıyırsınız?.. Ömrü boyu damğa altında yaşamağa?.. Çıx-çıx-çıx. Əlimdən xata çıxmamış, get burdan... Get, komandirin oğraşa da de ki, Stalin geri çəkilmək üstündə adamın alnına, yerindəcə güllə sıxdırırdı!..
Azərbaycan əsgəri – Ay qoca...
Osman – (bağıraraq, tüfəngin çaxmağını hazır vəziyyətə gətirir). Sənə keçmiş zabit kimi əmr eləyirəm, təpəni dağıtmamış çıx burdan... get! Bizi rahat burax!..
Azərbaycan əsgəri – Yalvarıram, anlayın ki, burda qalmaq nə deməkdi... Vallah arsenalım olsa, tək başıma döyüşərəm... Amma gələn qoşunun qabağında durmaq mümkün deyil... Allaha-Tanrıya baxın, gəlin gedək... Qurban olum, gəlin gedək!.. Osman əmi...
Osman – (əsəbindən gözləri hədəqəsindən çıxır). Hara gedək?.. Niyə gedək?.. Torpağı kimə buraxaq?.. Belə çıxır ki, bu günə qədər Şuşanın müdafiəsi uğrunda kişi kimi vuruşub, kişi kimi ölənlər nahaq yerə canlarını qurban veriblər?..
Azərbaycan əsgəri – Ay Osman əmi... Ay...
Osman – (bağıraraq) Axırıncı dəfə deyirəm, get burdan, yoxsa beynini dağıdacam!..
Azərbaycan əsgəri – Lənət olsun sizə... Siz mənə ömrüm boyu zillət yaşatmaq istəyirtsiniz... Allah bəlanızı versin... verəcək onsuz da...
Azərbaycan əsgəri deyinə-deyinə gedir və qapıdan cəld çıxır.
Süsən – (Osmana yaxınlaşır). Osman, Osmanım, o düz deyir, burda qalmaq ölümü gözləməkdi, bəlkə sən gedəsən, mən qalım?.. Hər-halda mən erməniyəm, onlar mənə dəyməzlər...
Osman – (tüfəngin dabanını yerə qoyur. Süsənin boynunu qucaqlayır). Sən mənim namusumsan... Bu günə qədər mən səni qorumuşam, bundan sonra da heç vaxt, heç kimə etibar eləmərəm səni...
Süsən – Osman - ay Osman, bundan sonra mən kimə lazımam, Osman?..
Osman – Arvad ki, arvad... Məsələ kiməsə lazım olmaqda deyil, Süsən. Sən mənim namusumsan. Bildin?.. Namus nə deməkdi bilmirsən?.. Nə qədər ki, canımda can var, mənim borcum səni hər təhlükədən qorumaqdı.
Süsən – Deyirəm, yəni, məni niyə öldürsünlər ki?.. Mən əldən-ayaqdan düşmüş bir qarıyam, mənim nə təhlükəm var onlara?.. İkincisi də ermənilər, ermənini niyə öldürsünlər?..
Osman – Buraya gələnlər allahsızlardı... millətçi allahsızlar... Onlardan ötrü müqəddəs heç nə yoxdu...
Süsən – Osman, bir söz deyim, acığın tutmasın...
Osman – De.
Süsən – Acığın tutmaz?
Osman – Tutmaz, de.
Süsən – Yox, yaxşısı budu, deməyim...
Osman – De, de.
Süsən – Yox-yox, acığın tutacaq...
Osman – Dedim ki, tutmayacaq, de.
Süsən – Osman...
Osman – Hə...
Süsən – Osman...
Osman – Di ürəyimi üzmə, de.
Süsən – Osman...
Osman – Allahu əkbər... di, de da.
Süsən – Yox-yox... indidən əsəbiləşirsən, deyə bilmərəm...
Osman – Süsən, mən əsəbiləşmirəm, əgər sən əsəbiləşdirmək istəyirsənsə, başqa məsələ. De görüm, nə deyirsən.
Süsən – Osman... sən mənim ruhumsan... mən sənsiz yoxam... bunu bilirsən...
Osman – Bilirəm... sən də mənim ruhumsan, noolsun?
Süsən – Mən istəmirəm ki, mənim ruhum azacıq da olsa əzab çəksin, bilirsən də...
Osman – Bilirəm, sözünün canını de.
Süsən – Gələnlərin kimi olduğunu da yaxşı bilirsən...
Osman – Bilirəm.
Süsən – Onların sənə nə əzab verəcəklərini də bilirsən... (Osman qolunu Süsənin boynundan götürüb, yavaş-yavaş pəncərəyə tərəf gedir. Ortaya sükut çökür. Osman pəncərədən xeyli bayıra baxır. Süsən ona yaxınlaşır. Osmanın kürəyini qucaqlayır.)
Bilirsən?..
Osman – Bilirəm.
Süsən – Qurban olum sənə, sən get...
Osman – (bağıraraq) Ay allahsızın qızı, allahsız...
Süsən – Osman qurban olum...
Osman – Sonra da mənə deyirsən ki, hirslənmə... İndi mən hirslənməyim, nə eləyim?..
Süsən: – Osman...
Osman – Çəkil gözlərimdən, yoxsa bu saat səni də öldürərəm, özümü də...
Süsən: – Öldür, məni öldür, amma özün çıx get... (ağlayaraq Osmanın ayaqlarına düşür və qucaqlayaraq) qurban olum sənə, onsuz da mən ölü kimi bir şeyəm, ya öldür, get, ya da məni burda qoy, canını qurtar... Necə istəyirsən elə, elə olsun çıx get, mənim də ürəyim sakit olsun...
Osman – (Süsəni yerdən qaldırır, qucaqlayır, tellərini sığallayaraq) Ağlama, mənim Süsənim... Sən gör kimin arvadısan... Sənə ağlamaq yaraşır?
Süsən: – Osman, bu gözgörəti ölüm kimə lazımdı?.. Əcəli zorla niyə qapımıza gətirirsən?.. Qurban olum, çıx get... belə olmayacaq ki, ara sakitləşər, yenə də gələrsən, evimizə-eşiyimizə sahib çıxarsan. Sən dönənə kimi mən evimizi qoruyacam, söz verirəm sənə, heç kəsi buraxmayacam...
Osman – Mən hələ o günə qalmamışam ki, mənim evimi arvad qorusun, mən hələ ölməmişəm... Biz evimizi heç vaxt, heç kimin əlinə verməyəcəyik, öləcəyik, bir yerdə öləcəyik, qalacağıq, bir yerdə qalacağıq... Evimizi bərabər qoruyacağıq, vəssalam... Bitdi...
Süsən: – Ay kişi, sənin səksən yaşın var, necə qoruyacaqsan evi, nə ilə qoruyacaqsan, əlindəki ilə?
Osman – (Süsənin əlindən tutub, sandığa tərəf aparır). Otur... (Süsən oturur. Bağlamalardan birinin içindən bir saçaqlı şal çıxarır, Süsənin çiyninə salır. Sonra da müharibədən gətirdiyi papağı çıxarıb, başına qoyur və Süsənin yanında oturur. Bir qolunu Süsənin boynuna dolayır.) Mənim bircə təpik zərbəmə qapı laybalay açıldı. Otaq qaranlıq idi. Qapıdan süzülən işıq otağı işıqlandırdı. Mən qapıdan içəri girəndə onlar qaranlıqda, bax beləcə oturmuşdular. Əlimdə avtomat vardı... onlara tuşlamışdım... Onlar heç yerlərindən tərpənmədilər də... Yavaş-yavaş onlara yaxınlaşdım. Bizim kimi qoca adamlar idilər... Mən almancanı bildiyim üçün onlarla ünsiyyət asan oldu.
Bir anlıq otaq qaranlıqlaşır. Qapıya çırpılan təpik qapını laybalay açır. Qapıdan otağa süzülən işıq otağı qismən işıqlandırır. Bir nəfər əli avtomatlı sovet əsgəri içəri girir. Suzanna ilə Hans əsgərə baxırlar.
Sovet əsgəri – Xendi xox!..
Hans – Sizə nə lazımdır?
Sovet əsgəri – Kəs səsini... Əllər yuxarı, dedim.
Suzanna – Biz qoca adamlarıq...
Sovet əsgəri – (bağıraraq) Əllərinizi qaldırın, yoxsa ataram... Evdə daha kim var?
Hans – Heç kim...
Sovet əsgəri – Siz təksiniz?
Suzanna – Gördüyün kimi...
Sovet əsgəri – O biri otaqlarda kimsə yoxdu? (bir-bir qapılara yaxınlaşıb, qapıları təpiklə açır və otaqları gözdən keçirir). Kimsə yoxdu... O birilər hanı?
Hans – Biz tək yaşayırıq...
Sovet əsgəri – Övladlarınız müharibədədi?
Suzanna – Bizim övladımız olmayıb...
Sovet əsgəri – Adınız nədi?
Hans – Mənimki Hansdı...
Suzanna – Mənimki də Suzanna...
Sovet əsgəri – Hhh... Suzanna... Mənim də arvadımın adı Suzannadı...
Suzanna – Nə yaxşı...
Sovet əsgəri – İkiniz də almansınız?..
Hans – Yox... mən almanam, Suzanna rus əsillidi...
Sovet əsgəri – Rus əsilli?
Suzanna – Hə, mənim atam rusdu, anam alman...
Sovet əsgəri – Bəs necə olub...
Suzanna – İcazə verin sizi kofeyə qonaq eləyim...
Hans – Hə, hə... Suzannanın kofesi çox dadlı olur... Şərq üsulunda dəmləyir...
Sovet əsgəri – Kofe... pis olmazdı... Amma indi kofe vaxtı deyil...
Suzanna – Əksinə, tam zamanıdı, bilirəm ki, səngərdə kofe olmur, buyurun, əyləşin, mən cəld sizə dəmləyərəm...
Sovet əsgəri – Bu vurhavurda... evdə başqa kimsə gizlənməyib? Düzünü deyin.
Suzanna – Yox-yox... Biz ikimizik... Allaha and içirəm... (xaç çevirir). Siz Allaha, anda inanırsınız?..
Sovet əsgəri – Siz xaç çevirdiniz, mən xristyan deyiləm...
Hans – Siz yəhudisiniz?
Sovet əsgəri – Yox. Mən azərbaycanlıyam... müsəlmanam.
Suzanna – (qeyri ixtiyari irəli çıxır, sevinclə) Siz azərbaycanlısınız?
Sovet əsgəri – Bəli.
Suzanna – İlahi, nə xoş təsadüf... Mən Bakılıyam... Bakıda doğulmuşam... İçəri şəhərdə...
Sovet əsgəri – Doğrudan?..
Suzanna – Bəli-bəli...
Hans – (yaxınlaşır, əl uzadır). Tanış olaq... Hans...
Sovet əsgəri – (qeyri ixtiyari əl uzadır). Osman...
Suzanna – (əl uzadır). Suzanna... Xoş... xoş...
Hans – Xoş gəlmisiniz... Doğrudu, belə vəziyyətdə xoş gəlmisiniz bir az yerinə düşmür, amma yenə də xoş gəlmisiniz... Biz sizi qonaq qismində qəbul edirik...
Suzanna – Keçin, keçin əyləşin, mən indi sizə süfrə açaram. (Tələsik mətbəxə gedir).
Sovet əsgəri – (təlaşla) Yox-yox, lazım deyil, çox sağ olun, mən xidmət başındayam...
Hans – Xahiş eliyirəm, əyləşin... Suzannam, bir az cəld ol, qırğı quşum, bizə əməlli başlı süfrə aç, həmyerlin gəlib, şnabs gətirməyi də unutma... Bunu qeyd eləmək lazımdı... Əyləşin...
Sovet əsgəri – (yan-yörəsinə boylanaraq, qeyri-ixtiyari oturur. Silahı əlindən yerə qoymur). Əslində süfrəyə gərək yoxdu, sadəcə bir kofe içmək olardı...
Hans – Siz darıxmayın, oturun... Hə, mən Suzannaya kömək eləyim, yoxsa bilirsiniz də, qocalıq...
Sovet əsgəri – Siz əziyyət çəkməyin, mən getməliyəm...
Suzanna – (mətbəxdən səsi eşidilir). Xahiş eliyirəm, oturun, mən cəld tərpənəcəm... Bir az mənə Bakıdan danışarsınız...
Hans mətbəxə gedir. Sovet əsgəri onların otağı tərk etmələrindən ehtiyatlanaraq silahın çaxmağını çəkir və ətrafı diqqətlə müşahidə edir. Mətbəxdə taqqıltı eşidilir. Sovet əsgəri cəld mətbəxə fərəf çevrilir. Hans əlində süfrə, boşqablar, qaşıqlar, bıçaqlar, çəngəllər və qədəhlər otağa daxil olur. Sovet əsgəri sakitləşsə də ətrafı diqqətdən kənarda qoymur. Hans əlindəkiləri stulun üstünə qoyur. Süfrəni saldıqdan sonra gətirdiklərini stolun üstünə düzür. Suzanna yaşına uyğun olmayan cəldliklə süfrəyə kolbasa, sala, pendir və turşu düzür.
Suzanna – Hans, zəhmət olmasa, şnabsı sən gətir.
Hans – İndi.
Sovet əsgəri – Siz məni lap utandırırsınız.
Suzanna – Utanmayın, niyə utanırsınız, bura sizin öz evinizdi. Axı siz Bakılısınız...
Sovet əsgəri – Mən Bakılı deyiləm, Şuşalıyam...
Suzanna – Şuşalı?.. Siz nə danışırsınız?.. Şuşa... (Suzannanın gözləri dolur, ağlamsınır, yavaşca stula oturur). Şuşa... Uşaqlığımın xatirələri yaşayan Şuşa... Məni ən çox özünə çəkən şəhər... Körpəliyimdən bütün yayı həmişə Şuşada olmuşuq ... Cıdır düzü, İsa bulağı...
Sovet əsgəri – Bu neçənci illərdə olub?
Suzanna – Hamısını sizə danışacam... Siz mənə ruh verdiniz... (cəld qalxıb, mətbəxə qaçır).
Hans əlində qrafin gəlir.
Hans – Bu şnabsın düz yetmiş doqquz yaşı var. Mənim bir yaşım olanda atamın dostu doğum günümə hədiyyə eləyib. Səksən yaşı olanda açsın deyib. Əslində gələn il Suzannanın yetmiş yaşı, mənimsə səksən yaşım, evlənməyimizin isə əlli illiyi tamam olur. Fikrim beləydi ki, səksən, yetmiş, əlli rəqəmlərinin qovuşuğunda açım, amma qismət bü günə imiş.
Sovet əsgəri – Xahiş eliyirəm, açmayın, gələn il açarsınız.
Hans – Yox-yox... Qismət bu günə imiş, gələn ili bilmək olmaz...
Suzanna əlində qazan mətbəxdən çıxır.
Sovet əsgəri – Xahiş eliyirəm, onu açmayın, başqası varsa gətirin, yoxdusa, qoyun öz zamanını gözləsin...
Suzanna – Siz nə danışırsınız?.. Biz yubileyləri bu gün qeyd eləyəcəyik... Mənim həmyerlimlə bir yerdə... Belə hesab edək ki, bizim Hansla evlənməyimizin əllinci ilinin tamamı bu gündü. Buna bizdə qızıl toy deyirlər, məncə elə sizdə də belə deyirlər... Yeddi may, bizim toy günümüzün təntənəsidi, biz hər il bu günü mütləq qeyd eləyirik... Sizin burada olmanız mənim üçün heç vaxt ağlıma gəlməyən, gözlənilməz, sevinc gətirən bir sürpriz oldu. Elə deyilmi mənim Hansım?
Hans – Əlbəttə...
Suzanna – Bunun dəyəri yoxdu... Yaxın oturun... buyurun, yemək yeyin. Hans... (başı ilə “təklif et” işarəsi verir).
Hans – Xahiş eliyirəm, özünüzü öz evinizdəki kimi hiss eləyin.
Hər üçü stolun ətrafında yerlərini rahatlayırlar. Sovet əsgəri avtomatını dizinin üstünə qoyur. Hansla Suzanna bir-birinin üzünə baxırlar.
Suzanna – Mən Allaha and içdim... Siz anda inanmadınız... Bilirdim, bilirdim ki, inanmayacaqsınız... Sovetlər Allaha inanmırlar... Mənim üçün andın çox müqəddəs anlamı var... Evdə üçümüzdən başqa kimsə yoxdu. Silahınızı kənara qoyun, rahat oturun.
Sovet əsgəri – Mən sizə inandım. İnanmasam süfrənizə oturmazdım. Bu, sadəcə olaraq mənim əsgəri vərdişimdi. Ekstremal hallar üçün. Siz narahat olmayın, mənə belə də rahatdı.
Suzanna – Siz bilirsiniz... Zəhmət olmasa boşqabınızı verin, sizə isti yemək çəkim.
Sovet əsgəri – Sizə zəhmət olur... (boşqabını Suzannaya uzadır).
Suzanna – Narahat olmayın, heç bir zəhməti yoxdu. Qadın əlindən yemək dadlı olur... (yemək çəkib Sovet əsgərinə uzadır). Nuş olsun...
Sovet əsgəri – Çox sağ olun... Bəh-bəh-bəh, necə də gözəl ətri var...
Hans – Hələ siz onun dadına baxın. Suzannanın yeməkləri doğrudan da çox dadlı olur. (qədəhlərə süzülmüş şnabsın birini ona uzadır). Buyurun.
Suzanna – Hans, sən də çox tərifləmə, hamı kimi məndə də... eyni cürdür...
Osman – (qədəhi alıb, özünə yaxın yerdə stolun üstünə qoyur. Yeməkdən bir qaşıq götürür). Bəh-bəh-bəh, doğrudan da çox gözəl dadı var... Çoxdandı belə dadlı yemək yemirdim. Əliniz-qolunuz var olsun.
Suzanna – Oy... siz allah, məni utandırmayın... Çox sağ olun, çox məmnunam. Nuş eliyin.
Osman – Müharibə bizi hər şeydən məhrum eləyib. Mənim anam da dadlı yeməklər bişirir. Xüsusən qurudlu xəngəl... Bizdə belə bir yemək var, yəqin ki, siz bilməzsiniz...
Suzanna – Bəli-bəli, qurudlu xəngəl... Əlbəttə bilirəm. Mən çox dadmışam qurudlu xəngəldən... Bişirə bilirəm, istəsəniz bişirərəm...
Hans – Qurudlu xəngəl? Elə bil adı mənə tanış gəlir.
Suzanna – Hans, yadındadı, evlənməyimiz şərəfinə sən məndən şərq yeməkləri istəmişdin? Mən də sənin üçün şərq yeməkləri həftəsi keçirmişdim. Bir gün plov, bir gün kələmlə dolma, bir gün üzüm yarpağı ilə dolma, bir gün də xəngəl bişirdim, ancaq qurud olmadığı üçün süzmədən istifadə elədik. Onda sən qurudun nə olduğunu, necə bir şey olduğunu soruşdun, mən də sənə izah elədim... Sonra yenə nə isə bişirmişdim, amma unutmuşam...
Hans – Həə, yadıma düşdü, şərq həftəsi... biz o həftəni tez-tez yad eləyirdik. Axı bizim evliliyimizin ilk başlanğıcını şərq yeməkləri həftəsi ilə başlamışdıq... Maraqlı idi. Necə də gözəl günlərimiz olub... Amma indi... İndi dünya dağılır...
Suzanna – Müharibə... Lənətə gəlmiş müharibə...
Osman – Müharibə olmasaydı... Müharibə bitsin, salamatçılıq olsa, mən sizə qurud göndərərəm...
Suzanna – Çox sağ olun... Kaş ki, müharibə bitəydi. Təngə gəlmişik... Hitler bizi uçuruma apardı.
Hans – Suzanna, mən yenə də bu məsələdə öz fikrimdə qalıram. Hitler yox, dünya dövlətləri və Hitlerin ətrafı...
Suzanna – Hans, sən elə hesab eləmə ki, sən təmiz almansan, mən qarışıq...
Hans – Əzizim, sən yenə də başladın eyni sözləri təkrarlamağa...
Suzanna – Hans, xahiş eliyirəm, sən Hitleri təmizə çıxarmağa çalışlama...
Hans – Mən təmizə çıxarmağa çalışmıram, sadəcə olaraq...
Osman – Xahiş eliyirəm, mübahisə eləməyin, gəlin bu badəni uzun illərdən gələn, sizin ömür yolunuzu sabaha aparan bu gününün şərəfinə içək. İnanıram ki, qarşıda sizi çox gözəl günlər gözləyir. Çox az qalıb, bu gün-sabah müharibə də qurtaracaq, yaralar da sağalacaq, insanlar yenə də bir-birinə can deyib-can eşidəcəklər. Sadəcə bu müharibədə həlak olanlara hayıf. Hamımız bu müharibənin qurbanlarıyıq, kimimiz canımızla, kimimiz ruhumuzla. Bu müharibənin gətirdiyi bəlalar uzun müddət insanların ruhunu rahat buraxmayacaq. Ancaq yenə də sabaha ümidlə baxmaq lazımdı. Tarixdə çoxlu müharibələr olub, bu gün də müharibə var, sabah da olacaq, lakin bu müharibələr heç vaxt insanlığı məhv edə bilməyəcək. İnanıram ki, insanlıq həmişə mövcud olacaq və dünya da belə düşüncə sahiblərinin çiyinlərində qorunacaqdır. Odur ki, gəlin sizin bu gününüzün şərəfinə içək. Gələcəyə inamla, çox yaşayın!.. Tanrı sizə yar olsun!.. (Qədəhi onlara uzadır. Üçü də toqquşdururlar).
Suzanna – Sizin ağlınıza heyran qaldım. Nə gözəl düşüncəniz var.
Hans – Siz təsadüfən filosof deyilsiniz?..
Osman – Yox, mən filosof deyiləm. Sadəcə Şuşalıların düşündüyü kimi danışıram. Şuşanın gözəl iqliminin, gözəl havasının duru düşüncəsi ilə... İçək.
Hər üçü içirlər. Hans dərhal qədəhlərə şnabs süzür.
Suzanna – Hans, Şuşa bilirsən necə yerdi?.. Şuşa dünyanın ən gözəl məkanıdı. Əsl cənnət oradi... Şuşalılar çox mərd, mülayim, insanpərvər, canayatımlı, qonaqpərvərdirlər... Mən onları belə görmüşəm... Hə, bir də, şuşalıların hər birinin gözəl səsi olur. Orda səsi olmayan adam yoxdu... Hətta, onların körpələri ağlayarkən elə qəribə melodik səslər çıxarırlar ki, adama elə gəlir, onlar simfonik avazla nəğmə oxuyurlar... Hələ onların toy mərasimləri... bir bayramdı. Kaş gözlərinizlə görmüş olaydınız... Oranı musiqinin beşiyi adlandırırlar... İki dəfə atamla onların toy mərasimində iştirak eləmişəm... Valehedici idi... Yeri gəlmişkən, cənab Osman, bir halda ki, Şuşalısınız, demək ki, sizin də səsiniz olmalıdı... Axı Şuşalısınız...
Osman – Əlbəttə var, amma... çox da gözəl deyil...
Suzanna – Lütfən, bir ağız da olsa oxuyarmısınız? Xüsusən boğazda qaynayan avazınızı eşitmək istərdim... Sizdə onun adı var, unutmuşam...
Osman – Zəngulə.
Suzanna – Hə... Zəngulə... Bəzi şeylər indi yadıma düşməyə başladı. Salam... Sağ ol... Gəlmək... Sevdi... (qəh-qəhə çəkir). Yox-yox, sevdim... yox-yox... necə idi?.. Dayan-dayan, yadıma düşəcək... Sev... sev... Sevi... rəm. Sevirəm... (qəh-qəhə çəkir). Bax, necə yadıma düşdü... O, mənə belə demişdi... Sevirəm...
Hans – Kim demişdi?.. O nə deməkdi?..
Suzanna – Şuşada varlı bir adamın oğlunun toyunda idik. Mənim on səkkiz yaşım vardı... (süfrədən qalxaraq otağın ortasına tərəf gedir. Şahanə bir görkəm alır.) Təsəvvür edin, iri – ala gözlü, sarışın, uzun boylu, incə belli... hörükləri topuğuna düşən, alma yanaqlı bir qız idim. Bütün toydakı cavanlar mənə baxırdılar. Arıq bir gənc, ancaq çox olsa on üç və ya on dörd yaşı olardı... bəlkə də az... oxuyurdu... birdən boğazında avazı qaynaya-qaynaya mənə tərəf gəldi. Tam qarşımda dayandı və səsini xırp kəsdi. Diqqətlə və heyran-heyran gözlərimin içinə baxdı. Nə isə dedi, bir neçə söz dedi... heyran-heyran... amma anlamadım, yadımda qalan bircə bu oldu. Sevirəm... üç dəfə təkrarla söylədi, həm də aramla söylədi. Sonra həmin sözü oxuyaraq, zəngulə vurdu... Hə... yadıma düşdü, sonda, bilmirəm nə-ey, ey, sevirəm dedi...
Osman – Balam-ey, balam-ey, sevirəm demiş ola bilər...
Suzanna – Hə-hə, dəqiq, elə dedi... Ax, necə gözəl günlər idi... İndi, üzümüzə baxan da yoxdu...
Hans – Suzanna, mənim sevgilim, bu gözlər sənə bəs deyil?..
Suzanna – (qəh-qəhələrlə). Əzizim, sənin gözlərin mənim həyatımın mənasıdı, sadəcə gəncliyimin havası başıma vurdu... Cənab Osman, rica edirəm, səsinizi bizdən əsirgəməyin...
Osman ayağa qalxır. Avtomatını divarın küncünə söykəyir. Otağın ortasında, Suzannanın qarşısında dayanaraq, əllərini ağzının yanına tutur və muğam oxumağa başlayır. Sonda Suzannanınn xatırladığı sözlərlə yekunlaşdırır.
Osman – Balam eeeey, balam eeeey... Sevirəm, sevirəm, sevirəəəəmm..
Suzanna göz yaşlarını gizlədə bilmir. Osmanı qucaqlayıb, öpür.
Suzanna – Çox sağ olun, cənab Osman... Siz məni gəncliyimə qaytardınız. Bir anlıq hər şeyi unutdum, elə bildim ki, Şuşada toydayam... Hans, bu nə qəribə mənzərədi? Bu gün necə gözəl gündü... Biz nə qədər çalışsaydıq, heç vaxt yubiley tariximizi belə maraqlı keçirə bilməzdik... Mən necə də xoşbəxtəm... (Hansı qucaqlayır). Əzizim, biz necə də xoşbəxtik!.. (Sevinclə ağlayır).
Hans – Mənim Suzannam, xoşbəxtəm ki, sən sevinirsən... cənab Osman, sizə minnətdaram. (Osmanı qucaqlayır)
Qapı açılır, bir nəfər alman əsgəri içəri girir.
Alman əsgəri – Əllər yuxarı!
Suzanna – Dayanın, atmayın...
Sovet əsgəri – İndi bildinizmi mən silahımı niyə əlimdən yerə qoymurdum?
Hans sinəsini Alman əsgərinə tərəf çevirərək, Osmanı arxasında gizlətməyə çalışır.
Hans – (Alman əsgərinə) Sakit olun...
Alman əsgəri – Burax onu çıxsın bu tərəfə, yoxsa ikinizi də birdən cəhənnəmə göndərəcəm.
Suzanna – (Alman əsgərinə tərəf gedir). Xahiş eliyirəm, dayanın, o bizim qonağımızdı...
Alman əsgəri – (bağırır). Nə?.. Siz düşmənə qonaqlıq verirsiniz?
Hans – Yox-yox, o, düşmən deyil...
Alman əsgəri – Bəs kimdi?
Suzanna – Oğlum, bu gün bizim qızıl toyumuzdu... təsadüfən bu əsgər buraya gəldi, bizim xoş günümüzdə bizi öldürmədi, əksinə bizə qoşuldu... Bizi təbrik elədi... Hətta gözəl, məlahətli səsi ilə bizi feyziyab da elədi.. O, rus deyil, azərbaycanlıdı, sən Azərbaycanın harda olduğunu bilirsən?
Alman əsgəri – Bilmirəm, bilmək də istəmirəm... O bizim düşmənimizdi...
Suzanna – Rica eləyirəm, silahı endirin, gəlin bizə qoşulun, yemək yeyək, sağlıqlar deyək...
Alman əsgəri – Ruslar Almaniyanı dağıdır, siz də onların əsgərlərinə şnabs içirdirsiniz... Siz bir vətən xaini kimi ölümə məhkumsunuz.
Suzanna – Sizə yalvarıram...
Sovet əsgəri – (Hansın arxasından çıxaraq) Yalvarmayın... Qoyun məni öldürsün. Sizin burda heç bir günahınız yoxdu... Öldürün... Atın... Niyə durursunuz, atın...
Alman əsgəri – Oooo, bu təmiz almanca da danışa bilir...
Suzanna – (Alman əsgərinə) Xahiş eləyirəm, bizim bu xoş günümüzü vaya döndərməyin. Bir anlıq lənət şeytana deyin...
Alman əsgəri – Deməli dilimizi də öyrənmisən... Kəşfiyyatçısan?..
Sovet əsgəri – Lazım gələndə kəşfiyyatçı da olmuşam...
Alman əsgəri – Silahını təhvil ver.
Sovet əsgəri – Mənim silahım yoxdu.
Alman əsgəri – Yalan danışma, silahını çıxart, yoxsa gülləni alnına sıxaram.
Sovet əsgəri – Sıx... Mənim silahım divarın küncündədi. Odu, bax.
Alman əsgəri – Başqa silahın yoxdu?
Sovet əsgəri – Sən məni öldürmək istəyirsənsə, öldür, görürsən ki, silahsızam...
Suzanna – (Alman əsgərinə tərəf gedir). Qurban olum, yalvarıram, qan tökməyin, gəlin süfrəyə oturun.
Alman əsgəri – (Sovet əsgərinə yaxınlaşır. Tapançanı onun alnına dayayır. Diqqətlə onun üzünə baxır). Otur...
Suzanna – Yalvarıram sizə...
Alman əsgəri – Elə bil səni hardasa görmüşəm... Kiməsə bənzədirəm... Xüsusən bığların diqqətimi çox çəkir...
Sovet əsgəri – Müharibədi, döyüş zamanı səngərlərdə çox göz-gözə dayanan vaxtlar olub... indi olduğu kimi...
Alman əsgəri – Göz-gözə... Hə... Olub... Hətta... Sənin bığların mənə kimisə xatırladır, amma bilmirəm kimi... Otur...
Sovet əsgəri – Sən də otur...
Suzanna – Hamımız oturaq, buyurun... Hans, tez boşqab, qədəh gətir... Buyurun siz burda oturun... Bax, tam üzbəüz düşürsünüz. Belə yaxşıdı. Dost kimi oturun...
Alman əsgəri gözlərini Sovet əsgərindən çəkmədən oturur. Sovet əsgəri də öz yerini alır. Onlar bir-birilərinin gözlərinin içinə baxırlar. Sanki bir-birinə fürsəti verməmək üçün bir-birilərini diqqətdə saxlayırlar. Suzanna hər ikisinin arasında oturur. Hans tez boşqab, cəngəl, qaşıq, bıçaq və qədəh gətirərək Alman əsgərinin qarşısına qoyur.
Hans – Buyurun, rica eləyirəm... Xahiş eləyirəm, silahınızı yerinə qoyun...
Alman əsgəri silahını stolun üstünə qoyur.
Suzanna – (cəld Alman əsgərinin boşqabını götürür). İcazə verin mən sizə yemək çəkim... (yemək çəkir).
Hans – (qədəhləri şnabsla doldurur. Birini Alman əsgərinə uzadır). Buyurun. Bu şnabsın yetmiş doqquz yaşı var. Bir yaşım olanda mənə hədiyyə olunub ki, səksən illiyimdə açım. Lakin biz gələn ili gözləmədik, Suzanna ilə qızıl toyumuzu bu gün keçirməyi qərara aldıq. Ona görə də bu şnabsı bu gün açdıq...
Suzanna – Gəlin tanış olaq... (Ayağa qalxaraq Alman əsgərinə əl uzadır). Mənim adım Suzannadı...
Alman əsgəri – (ayağa qalxaraq, Suzannanın əlindən öpür. Özünü təqdim edir). Henrix.
Suzanna – Çox şad oldum.
Hans – (əl uzadır). Hans.
Alman əsgəri – (əl tutur). Henrix. (Sovet əsgərinin üzünə baxır. Sovet əsgəri ayağa qalxır).
Sovet əsgəri – Osman.
Alman əsgəri – (başı ilə soyqqanlı, yüngül təzim edir). Henrix... Elə bil, sizi çox yaxından tanıyıram, üzünüz... sizi mütləq hardasa görmüşəm kimi anlayiram...
Suzanna – Xahiş eləyirəm, əyləşin, məclisimizə davam eləyək. Gəlin bu qədəhləri müqəddəs dostluğun şərəfinə içək... Hans, hə, içək?.. Henrix, xahiş eləyirəm, mənim dediyim sağlığa etiraz eləməyin, Buyurun, qədəhlərinizi qaldırın.
Sovet əsgəri – (ayağa qalxır. Bunu görən Alman əsgəri ehtiyat üçün əlini silahının üstünə qoyur). Mən bu şərəfə ayaq üstə içmək istəyirəm. Çünki dünyada dosluqdan, mehribançılıqdan, insanlıqdan, humanizmdən gözəl heç nə yoxdu. Gəlin boynumuza alaq ki, biz bu müharibəni istəməmişik. İnanıram ki, Henrix də müharibəni istəməyib. Bizi bu müharibəyə sürükləyənlər var. Biz hərbçiyik. Əmrə tabeyik... Mənə də öldürmək əmr olunub, ölmək yox, Henrixə də... Ancaq mən müharibə tərəfdarlarını lənətləyirəm... Doğrudu, bu müharibədə hər bir doyüşçü kimi biz də çox insanların qətlinə məcbur qalmışıq, lakin imkan düşəndə humanistlik də eləmişik... Humanizmin və müqəddəs dostluğun şərəfinə içirəm. (qədəhi başına çəkir).
Suzanna – Bravo!.. Bravo!.. Alqış sizə! (Qədəhi eyni qaydada başına çəkir).
Hans – Bayaqdan bəri sizin bütün hərəkətlərinizə diqqət yetirirəm. Siz əsl insansınız. Müqəddəs dostluğun şərəfinə. (Qədəhi başına çəkir). Bir dəqiqə müsaidə eləyin... (cəld dolaba yaxınlaşır və dolabdan bir papaq götürüb, Osmana uzadır). Cənab Osman, siz məni özünüzə çox bağladınız, ona görə xahiş eləyirəm, bu bağ qırılmamaq üçün, bu papağı məndən qızıl toyumuzun iştirakçısı kimi, xatirə hədiyyəsi olaraq qəbul eləyin. Mən bu papağı Suzanna ilə bal ayımızda olarkən almışam. Təp-təzədi. Bircə dəfə də olsun istifadə eləməmişəm. Qoy bizi bu papaq həmişə sizə xoş anlarla xatırlatsın. Bizi heç vaxt unutmayın. Axı siz Suzannanın həmyerlisisiniz, həm də, ən əsası budur ki, əsl insansınız.
Sovet əsgəri – (papağı qəbul edir). Çox sağ olun. Əslində mən sizə hədiyyə etməli idim, ancaq bunu siz elədiniz...
Suzanna – Sizin bizə ən böyük hədiyyəniz, bizə bu təntənənin nəsib olmasını bəxş eləməyinizdi.
Sovet əsgəri – Sizə söz verirəm ki, bu papaq son nəfəsimə qədər həmişə mənimlə olacaq və həmişə sizi mənə xatırladacaq, siz də bu papaqla bərabər həmişə mənimlə olacaqsınız.
Hans – Çox sağ olun, gözəl insan...
Suzanna – Sizə təşəkkür eləyirəm, mənim həmyerlim.
Alman əsgəri – (Suzannaya) Siz, həmyerlim dediniz?
Suzanna – Bəli, təsadüfən bu sovet əsgəri olan Osmanın Azərbaycanın Şuşa şəhərindən olduğunu bildim. Mən axı Azərbaycanın paytaxtı Bakı şəhərində doğulmuşam.
Alman əsgəri – Bakı?
Suzanna – Bəli, Bakı.
Alman əsgəri – Azərbaycanı yox, amma Bakını eşitmişəm. Fyürerin ən çox arzu elədiyi şəhər... Neft şəhəri.
Suzanna – Bəli, Bakı ən çox nefti olan şəhərdi. Təpiyini yerə bir az bərk çırpan kimi, həmin yerdən neft püsgürür. Saysız-hesabsız neft buruqlarını öz gözlərimlə görmüşəm... Xüsusən Balaxanıda... Orda belə bir yer var, Balaxanı, bilmirəm indi həmin neft buruqları orda qalırmı, amma o vaxtlar bütün həmin ərazi saysız-hesabsız neft buruqları ilə dolu idi. Rəsm tablosuna bənzəyirdi... Gözəl günlər idi... (ah çəkərək) Kaş həmin günlər olaydı...
Alman əsgəri – Bəs sizi Bakıdan hansı qüvvə ayırdı?.. Cənab Hansın məhəbbəti?
Suzanna – Yox... Mən Hansı Berlinə gəldikdən sonra tanımışam. Anam Berlindən Bakıya, Nobel qardaşlarının kontorunda, mühasibatlıqda işləmək üçün dəvət alir. Atamla orada tanış olurlar. Atam isə sonralar Tağıyev deyilən bir milyonçunun kontorunda çalışırmış... Tağıyev... Təəssüf ki, adını unutmuşam...
Sovet əsgəri – Zeynalabdin... Adı Zeynalabdin idi... Böyük xeyriyyəçi...
Suzanna – Doğrudur, çox xeyirxah və əliaçıq bir insan idi... Mən də anamla bərabər Nobellərin kontorunda çalışırdım. 1899-cu ildə Nobellər məni Berlindəki kontorlarına göndərdilər... Gələn kimi də Hansla tanışdıq və evləndik... Beləcə Berlinə bağlandım və bir daha Bakını görə bilmədim... İndi cənab Osmanı görcək, bütün gəncliyim bir kino lenti kimi gözlərimin önündən keçdi... Mənim həyatımın qısa tarixçəsi belədir... Nə isə, üzürlü hesab edin ki, sizi söhbətdən bir qədər uzaqlaşdırdım... Buyurun, söz sizindi cənab Henrix, qədəhinizi için.
Alman əsgəri – Maraqlı tarixçədir... Doğrusunu deyim ki, mənim belə maraqlı həyat tarixçəm olmayıb, lakin həyatımda yadda qalan önəmli anlar olub... Mən müharibənin əleyhinə idim. Ona görə də, müharibənin ilk günündən əsgərliyə getməkdən imtina elədim. Məni fərari kimi müharibənin ön xəttinə göndəriblər. Ölüm-dirim mübarizəsində olmuşam. Stalinqrad döyüşləri dəhşətli idi... ruslarla əl çatacaq qədər yaxın məsafədə idik, tam göz-gözə... qızğın döyüşdə ağır yaralandım. Huşumu itirmişdim. Özümə gələndə gördüm ki, rus əsgərləri bizim yaralıların arası ilə gəzir... daha doğrusu, bütün yaralıları o dünyaya göndərirlər. İlk ağlıma gələn ailəmlə vidalaşmaq oldu. Döş cibimdə qoruduğum arvadım və iki körpəmlə bərabər çəkdirdiyimiz şəkli çıxarıb, öpdüm və dua edə-edə, ölümümü gözlədim. Mən dua etdikcə, qeyri-ixtiyari zarıyırdım. Birdən, biri mənə yaxınlaşdı, çəkməsinin ucu ilə məni arxası üstə çevirdi. Mənə diqqət kəsilmişdi, sanki məni anlayırdı. Şəkli əlimdə görcək, əlimdən alıb baxdı, rusca nə isə dedi və şəkli özümə qaytarıb, məni ağzı üstə çevirdi. Sonra da almanca “şayze” dedi. Sonra da mənim əvəzimə yanımdakı ölmüş əsgərin kürəyinə iki güllə atdı. Rus dilində bağıraraq nə isə dedi, sonra onlar getdilər. Buz kimi soyuq havada canıma elə bir isti gəldi ki, bircə anın içində qan-tər oldum. Ara bir azca sakitləşən kimi bizimkilər yaralıları çıxarmaq üçün gəldilər. Məndən başqa yaralı qalmamışdı, məni götürdülər. Hərbi hospitala apardılar. Sağaldıqdan sonra Berlinə göndərildim... (Xeyli sükut edir. Qəhərli olduğu görünür). Həmin rus əsgərinin gözlərindəki mərhəməti heç vaxt unuda bilmirəm. Lənət olsun qəddar müharibəyə... Müqəddəs dostluğun şərəfinə. (İçir və silahını stolun üstündən götürüb, kaburasına qoyur. Otaqdakı pianinoya yaxınlaşır. Osmana) Məni buraya gətirən, uzaqdan eşitdiyim sizin səsiniz oldu. Qapı arxasından tam dinlədim... Həqiqətən də valehedici səsiniz var. Xahiş eləyirəm, mən çalacam, siz oxuyun...
Sovet əsgəri – Siz üzü üstə olsanız da şəkli dönə-dönə öpdüyünüzü mən görürdüm... Allahım, işə bir bax...
Alman əsgəri – (dayanır, geri çevrilir. Sovet əsgərinin üzünə diqqət kəsilir). Siz...
Sovet əsgəri – Siz allaha yalvarırdınız... Özünüzün sağ qalmağınızı deyil, ailənizin qorunmasını Allahdan təvəqqə edirdiniz. Əsasən mənim diqqətimi çəkən bu oldu. Şəkildəkiləri gördükdən sonra isə, sizin ölməyinizi istəmədim...
Alman əsgəri – Bu bığlar... üzünüz... lənət olsun mənə... mən necə də unutqanam... Siz...
Sovet əsgəri – Yaxşı ki...
Alman əsgəri – (cəld Sovet əsgərini bağrına basır. Onu doyunca öpür). Sizsiniz... yadıma düşdü... Səsiniz də... Sizin gözlərinizi necə unutmaq olar?.. (öz üzünü iki əli ilə şillələyir). Allahım, mən necə də yaramazmışam... Az qalmışdı ki, xilaskarımın qatili olam... (Sovet əsgərinin iki çiyinindən yapışaraq) Siz mənim əbədi qardaşımsınız... Siz mənə ikinci həyat vermisiniz... Mən bu günüm üçün sizə borcluyam... Xoşbəxtəm ki, sizi görmək qismətim oldu... Bilsəydiniz ki, onda mən sizə necə dualar edirdim... Həmişə də etmişəm... (cəld stola yaxınlaşır, qədəhlərə şnabs süzür). Xahiş eləyirəm, götürün, götürün bu qədəhləri məni ölümün caynağından qurtaran bu rus əsgərinin... yox-yox, bu Bakılı... yox... bu azərbaycanlı qardaşın şərəfinə içək... (içir və Sovet əsgərini qucaqlayıb, bir müddət ona sarılmış vəziyyətdə qalır).
Suzanna ilə Hans bir-birilərindən xəbərsiz, göz yaşları içərisində heyranlıqla, yaranmış mənzərəni seyr edirlər.
Suzanna – İlahi, bu gün necə gözəl gündü... Həyatımın ən gözəl anını yaşayıram. (Hansa tərəf çevrilir). Hans... (Hansın gözlərini görcək) Sən də ağlayırsan... Hans...
Hans – Qəhər məni elə boğdu ki... ömrümdə bu qədər həyəcanlanmamışdım... Bu mənzərə həqiqətən bir möcüzədi...
Alman əsgəri – (hönkürərək) Allahım, nə yaxşı sən mənə elə bir ruh verdin ki, mən güllə atmadım...
Sovet əsgəri – (onu qucaqlayaraq) Sizi sağ-salamat görmək məni həqiqətən ruhlandırır. O vaxt Allahım məndə də elə bir əhval yaratdı ki, mən ən doğru olan addımı atdım... Bax, indi siz sağ-salamatsınız...
Alman əsgəri – Mən həmin şəkli indi də cibimdə gəzdirirəm. (cibindən şəkil çıxarır). Arvadıma deyəndə ki, bu şəkil məni xilas elədi... (qəhərdən bir an sükut edir) bilirsinizmi bizim evdə hər gün sizə nə qədər dualar oxunur... Siz bu şəkli əlimdən alanda nə isə dediniz... Amma mən anlamırdım... Rica eləyirəm, xatırlayırsınızsa, deyin, nə dediniz?..
Sovet əsgəri – (şəkli alır, baxır). Həə... həmin şəkildi... Mən sizi şəkildə qucaqlaşan vəziyyətdə gördükdə, sizi onlardan ayırmaq istəmədim... Şəkli alanda nə dediyim yadımda deyil, ancaq gedərkən, sənin yanındakı ölmüş əsgərə iki güllə atdım, bizimkilər sənin öldüyünə tam əmin olsunlar deyə, səni söydüm, sonra da “it kimi gəbərdi!” dedim...
Hər ikisi qəh-qəhə çəkirlər. Suzanna ilə Hans da onlara qoşulur. Alman əsgəri cəld pianoya tərəf gedir. Pianonun qarşısında yerini rahatladıqdan sonra, pianinonun dillərində bir qədər gəzişmələr edir. Osman ona yaxınlaşır. Alman əsgəri İohann Sebastyan Baxın orqan üçün yazılmış Tokkata Re-minoru çalır.
Sovet əsgəri – Allahım, siz bizim “Bayatı-Şiraz”ı çalırsınız.
Alman əsgəri – (gülümsəyərək) Yox-yox... bu sizin deyil, bu İohann Baxın əsəridir...
Sovet əsgəri – Siz nə danışırsınız, bu bizim “Bayatı Şiraz”ımızdı...
Alman əsgəri – Siz səhv eləyirsiniz...
Sovet əsgəri – Mən səhv eləmirəm... Baxın, bu, budur... (bir ağız “Bayatı-Çiraz” oxuyur). İnandınız?..
Suzanna – Siz mübahisə eləməyin, hər ikiniz doğru deyirsiniz. Mən gəncliyimin xatirələrini yaşadan muğamı çox sevdiyim üçün, bir az anlayışım var. Bu həm “Bayatı-Şiraz”dır, həm də İohan Baxın əsərinin bəzi fraqmentləridir...
Sovet əsgəri – O zaman yəqin ki, İohann Bax “Bayatı-Şiraz”dan istifadə eləyibdir. Çünki “Bayatı-Şiraz”ın tarixi çox qədimdir.
Alman əsgəri – İohann Bax “Bayatı-Şiraz”ı hardan eşitmiş ola bilərdi ki?..
Suzanna – Alman xalqının, Avropanın Mirzə Şəfi Vazehi eşitdiyi yerdən...
Alman əsgəri – Anlamadım.
Suzanna – Güman edirəm ki, Bodenşteti eşitməmiş deyilsiniz...
Alman əsgəri – Əlbəttə, hətta “Bodenştet nəğmələri” adlı şeirlər kitabını da oxumuşam. Çox gözəl şeirlərdir...
Suzanna – O şeirlər azərbaycanlı şair Mirzə Şəfi Vazehə aiddir. Sadəcə Bodenştet onun şeirlərini almancaya çox gözəl tərcümə eləyib... həm də şeirlərə o qədər heyran olub ki, öz şeirləri kimi çap elətdirib.
Alman əsgəri – Bu ola bilməz... Bu necə ola bilər?..
Suzanna – Təssüf ki, bu belə olub. Mən özüm bunu araşdırmışam...
Alman əsgəri – Möcüzədir... Bodenştet... Başqasının şeirlərini mənimsəmək... Bu onun nəyinə lazım idi?.. Bu dələduzluqdur...
Suzanna – Yox-yox... Elə də dəhşətli ittihama ehtiyac yoxdur... Sadəcə şeirlər o qədər gözəldir ki, Bodenştet özü də bilmədən tamahını saxlaya bilməyib...
Alman əsgəri – Yaxşı, bəs Baxın bu işlə nə əlaqəsi?
Suzanna – Əlaqəsi demək doğru olmazdı... Siz soruşdunuz ki, Bax “Bayatı-Şiraz”ı hardan eşidə bilərdi?.. Mən də bir nümunə göstərmək üçün misal gətirdim. Dedim ki, Alman xalqının, Avropanın Mirzə Şəfi Vazehi eşitdiyi yerdən... Bilirsinizmi, dünyada olmayan bir iş yoxdur. İohan Bax bunu kimdənsə, hardansa eşitmiş də ola bilərdi... Amma İohann elə bir dahi idi ki, o, bütün dünyanı, dünyanın bütün avazlarını, səslərini duyğuları ilə hiss edirdi... “Bayatı-Şiraz”da da elə bir qüdrət var ki, İohann o qüdrəti öz dühasıl ilə duya bilərdi... Siz bu mübahisəli fikirlərlə özünüzü yormayın, (Alman əsgərinə) yaxşısı budur, xahiş eləyirəm, siz İohannı çalın, (Sovet əsgərinə) siz də, “Bayatı-Şiraz”ı oxuyun... Hans, necə ideyadır?
Hans – Məncə bu çox möhtəşəm bir şey olar...
Henrix çalır, Osman isə məlahətlə oxumağa başlayır. Suzanna ilə Hans da yavaş-yavaş onlara yaxınlaşırlar. Osman yenə də Suzannanın şərəfinə, oxumağına “sevirəm, sevirəm” sözləri ilə son qoyur. Əl çalırlar.
Suzanna – Bravo! Bravo!.. Çox heyrətamiz gözəl oldu...
Hans – Doğrudan da bravo!.. Bu çox möhtəşəm oldu... Necə də həmahəng səslənirdi...
Suzanna – Baxın, budur insanların bir-birindən fərqli olmayan cəhətlərinin xüsusiyyəti... Musiqi bütün xalqları birləşdirən yeganə amildir... Yeganə insan duyğusudur... Mən doğru deyirəm, Hans?..
Hans – Sevgili arvadım, sən doğru deyirsən, amma birini unutdun...
Suzanna – Nəyi unutdum?..
Hans – Mənim sənə olan əbədi sevgimi... Sevgi deyilən ölməz hissi...
Suzanna – Ah... Mənim əzizim... Tamamilə doğru buyurursan... Musiqi ilə sevgi bir duyğunun təcəssümüdür...
Sovet əsgəri – (cəld stolun yanına gedir. Qədəhlərə şnabs süzür.) Buyurun, xahiş eləyirəm, gəlin bu qədəhləri ölməz sevginin... bu sevgini əlli il qoruyub saxlamış bu gözəl aşiqlərin şərəfinə içək!
Alman əsgəri – (qədəhini götürür). İçək!.. Tanrı sizi heç vaxt bir-birinizdən ayırmasın!
Sovet əsgəri – Amin!
Suzanna – Bilsəniz, mən nə qədər xoşbəxtəm! Həyəcanımdan dilim əsir. Bu gün bu sevinci bizimlə bölüşdüyünüz üçün, sizə minnətdar olduğumu necə söyləyəcəyimi bilmirəm!
Hans – İlahi, sən nə qədər böyüksən... Mənim sevincimin həddi-hüdudu yoxdu... (Suzannanı qucaqlayır). Bu xoş anları bizə yaşatdığınız üçün, mən, sizə çox təşəkkür eləyirəm!
Toqquşdurub, içirlər.
Alman əsgəri – (Sovet əsgərinə) Səsiniz çox məlahətlidi, xoşbəxtsiniz...
Sovet əsgəri – Siz də çox gözəl çalırsınız, bu da xoşbəxtlikdi...
Alman əsgəri – Yox, hər hansı bir alətdə çalmağı hər kəs öyrənə bilir, amma səs, oxumaq Allah vergisidir. Siz həqiqətən də xoşbəxtsiniz...
Ətrafdan avtomatdan atılan güllə səsləri eşidilir. Onlar təlaşla bir-birilərinə baxırlar. Alman əsgəri silahını çıxarıb, müdafiə mövqeyi seçir. Suzanna ilə Hans bir-birilərinə qısılırlar. Uzaqdan sovet ordusunun əsgərlərinin səsi eşidilməyə başlayır. Sovet əsgəri cəld silahına tərəf gedir və silahını götürdükdən sonra qapıya tərəf qaçır.
Sovet əsgəri – (Alman əsgərinə) Silahdan istifadə eləməyin... Siz sakitcə otaqlara keçin və gizlənin. Mən onları uzaqlaşdıracam. Sizi tanımağıma çox məmnun oldum. İmkan düşsə görüşünüzə bir də gələcəm. (Onlar sakitcə o biri otaqlara keçirlər. O, papağı götürür, qoynunda gizlədir və qapını təpiklə açaraq çıxır. Qapının arxasından onun səsi eşidilir. Göyə bir neşə güllə atır və bərkdən səslənərək) Yoldaşlar, buranı təmizlədim. O biri tərəflərə baxaq... Diqqətli olun, silahlılarla rastlaşa bilərsiniz... Özünüzü qoruyun.
Ətraf yavaş-yavaş qaralmağa başlayır.
Birinci hissənin sonu.
Davamı var
İkinci hissə..............
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.