GÜRCÜSTANIN DEMOKRATİK YOLLA SEÇİLMİŞ İLK PARLAMENTİNƏ – MÜƏSSİSLƏR MƏCLİSİNƏ SEÇKİLƏR. QARAÇÖPLÜ DEPUTAT HÜSEYNQULU MƏMMƏDOV

GÜRCÜSTANIN DEMOKRATİK YOLLA SEÇİLMİŞ İLK PARLAMENTİNƏ – MÜƏSSİSLƏR MƏCLİSİNƏ SEÇKİLƏR. QARAÇÖPLÜ DEPUTAT HÜSEYNQULU MƏMMƏDOVGÜRCÜSTANIN DEMOKRATİK YOLLA SEÇİLMİŞ İLK PARLAMENTİNƏ – MÜƏSSİSLƏR MƏCLİSİNƏ SEÇKİLƏR. QARAÇÖPLÜ DEPUTAT HÜSEYNQULU MƏMMƏDOVGürcüstan Demokratik Respublikası-100

26 may 1918-ci il tarixində müstəqilliyini elan etmiş Gürcüstan Demokratik Respublikası (GDR) mövcud olduğu qısa 33 aylıq dövr ərzində milli dövlət quruculuğu prosesinə böyük önəm verərək bu istiqamətdə bir sıra mühüm islahatlara imza atmışdır. Bu islahatlar çərçivəsində demokratik təsisatların yaradılmasına xüsusi diqqət ayrılmış, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində ali qanunverici orqan – Müəssislər Məclisi və yerli özünüidarəetmə orqanları – “eroba”lar formalaşdırılmışdır.

Həmin dövrdə Gürcüstanın aparıcı mətbu orqanlarından hesab olunan gürcüdilli ”Ertoba” qəzeti yazırdı: “Ümumxalq seçkiləri nəticəsində yaradılmış “eroba” demokratiyanın köklü təməlidir, parlament isə onun tacıdır. Birincidən xaric ikinci havada asılı qalacaqdır, ikinci isə birincisiz inşası tamamlanmamış tikiliyə bənzəyəcəkdir, hansının ki, dam örtüyü yoxdur və küləyin-yağışın əsarətinə buraxılıbdır”.

Gürcüstanda ali qanunverici orqan rolunu oynayacaq Müəssislər Məclisinin çağırılması barədə ilk təşəbbüs 1917-ci ilin sonlarında, hakimiyyətdə və idarəetmədə boşluq yarananda irəli sürülsə də, bəzi səbəblərə görə təxirə salınmışdı. Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra bu məsələ yenidən aktuallaşaraq ölkə gündəminə daşınan ilk mövzulardan biri olur. Gürcüstan Milli Şurası (GMŞ) 1918-ci ilin yayında Müəssislər Məclisi seçimi qaydaları və seçki əsasnaməsinin hazırlanması üzərində işləməyə başlayır. 22 noyabr 1918-ci il tarixində o zaman artıq parlament adlanan GMŞ 10 bənddən və 119 maddədən ibarət “Müəssislər Məclisinə seçkilər barədə Əsasnamə”ni təsdiq edir. Əsasnaməyə görə, milliyətindən və cinsindən asılı olmayaraq 20 yaşı tamam olmuş Gürcüstan vətəndaşına seçkilərdə iştirak etmək hüququ verilirdi.

Parlament tərəfindən, həmçinin, seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası (PMSK) yaradılır. PMSK-da hər bir seçki subyekti üçün ən azı 1 üzvlük mandatı nəzərdə tutulur, eyni zamanda parlament fraksiyalarına təmsilçilərinin sayına müvafiq olaraq müxtəlif sayda yerlər ayrılır. Parlamentin müsəlmanlar (“tatarlar”) blokunu PMSK-da Əbdürrəhim bəy Haqverdiyev təmsil edir. Qeyd edək ki, PMSK üzvlərinin eyni zamanda Müəssislər Məclisinə seçkilərə namizəd qismində iştirakına heç bir məhdudiyyət qoyulmamışdı və onların bir çoxunun adı müxtəlif siyasi təşkilatların namizədlər siyahısına salınmışdı.

Parlamentin 10 yanvar 1919-cu il tarixli iclasında “Müəssislər məclisinə seçkilərin təyin olunması barədə” Qanun qəbul olunur. Qanuna görə, Müəssislər Məclisinə bir neçə mərhələdə keçiriləcək seçkilərin ilk günü 14 fevral 1919-cu il tarixinə təyin olunur.

PMSK həm zaman, həm də maliyyə məhdudiyyətinə baxmayaraq seçkilərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlarını səfərbər edir. Seçicilərin siyahısı hazırlanır, bütün siyasi subyektlərin nümayəndələrinin iştirakı təmin olunmaqla qəza, dairə və məntəqə seçki komissiyaları formalaşdırılır, seçki protokollarının tərtibi qaydaları təsdiq olunur və mətbuat orqanlarında yayımlanır. PMSK-da tərcümə işləri müsəlmanların nümayəndəsi Ə.Haqverdiyev və daşnakların təmsilçisi D.Davitxanyanın rəhbərliyi altında yaradılmış komissiya tərəfindən həyata keçirilirdi. 22-26 yanvar 1919-cu il tarixlərində PMSK siyasi partiya və təşkilatların Müəssislər Məclisinə namizədlərinin siyahısını gözdən keçirir və 27 yanvarda qeydiyyat nömrələrinə uyğun olan ardıcıllıqla adları aşağıda çəkilən 15 seçki subyektinin seçkilərdə iştirakını təsdiq edir:

№ 1 – Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyası (GSDFP); № 2 – Gürcüstan Milli-Demokrat Partiyası (GMDP); № 3 – Gürcüstan Sosialist-İnqilabçı Partiyası (GSİR);

№ 4 – Erməni İnqilabçı Partiyası “Daşnaksutyun”; № 5 – Gürcüstan Sosialist-Federalist İnqilabçı

Partiyası (GSFİP); № 6 – Gürcüstan Müsəlmanları Milli Şurası; № 7 – Gürcüstan Radikal-Demokrat Kəndli Partiyası; № 8 – Gürcüstan Milli Partiyası; № 9 – Gürcüstan Solçu Sosialist-Federalist Partiyası; № 10 – Şota Rustaveli Qrupu; № 11 – Müstəqil (Partiyasızlar) İttifaqı; № 12 – Borçalı Qəzası Müsəlmanları Qrupu; № 13 – Rusiya Sosial-Demokrat Fəhlə Partiyası (RSDFP); № 14 – “Vətənpərvərlərin Estetik Liqası”; № 15 – Elinlərin (Yunanların) Demokratik Qrupu.

PMSK yuxarıda qeyd olunan seçki subyektlərinin namizədlərinin siyahısını da təsdiq edərək Gürcüstan Demokratik Respublikası (GDR) hökumətinin rəsmi yayın orqanı “Sakartvelos Respublika” qəzetinə göndərir. Sözügedən qəzetin 1 fevral 1919-cu il tarixli sayına əlavə olaraq dərc olunan siyahıdan bəlli olur ki, seçkidə iştirak etmək niyyətində olan siyasi partiya və təşkilatların irəli sürdüyü namizədlərin sayı bir-birindən kəskin fərqlənir. Belə ki, seçkilərdə iştirak edən ümumi 600 namizəddən (onlardan 26-sü qadın idi) sayca ən çoxu - 130 nəfər GSDFP-nin (№ 1) siyahısında yer alırdı, ən az namizədlər isə Şota Rustaveli Qrupundan (№ 10) cəmi 1 nəfər (yazar Yevgeni Dvali) seçkilərə qatılırdı. Şota Rustaveli Qrupundan sonra seçkilərdə ən az namizəd sayı ilə, hərəsində 5 nəfər olmaqla Gürcüstan Müsəlmanları Milli Şurası (№ 6) və Borçalı Qəzası Müsəlmanları Qrupu (№ 12) iştirak edirdi.

Gürcüstan Müsəlmanları Milli Şurasının (GMMŞ) namizədlərinin adı:

1. Halay bəy Aslan ağa oğlu Bayramov;

2. Abbasqulu Cabbar oğlu Xanəhmədov;

3. Qasım Abbas oğlu Bayramov;

4. Əlimirzə Molla Məhəmməd oğlu Nərimanov;

5. İsmayıl İsa oğlu Xəlilov.

Borçalı Qəzası Müsəlmanları Qrupunun (BQMQ) namizədləri:

1. Böyük bəy Ağa bəy oğlu Axundov;

2. Mirzə Rza Mahmudəli oğlu Əlizadə;

3. Molla Abbas Hacı Qasım oğlu Məmmədov;

4. İbrahim bəy Hacı Həsən ağa oğlu Mursaqulov;

5. Qurban Həsən oğlu.

Gürcüstan Milli Tarix Arxivində saxlanılan sənədlərdən aydın olur ki, Gürcüstan Müsəlmanları Milli Şurası tərəfindən ilkin olaraq tərtib olunmuş və GMMŞ-nin sədr müavini Halay bəy Aslan ağa oğlu Bayramov (instruktor-aqronom) tərəfindən imzalanıb PMSK-ya göndərilmiş 6 nəfərlik siyahıda 1-ci sırada Halay bəyin özü, 2-ci sırada – GMMŞ-nin sədri Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyevin (Gürcüstan Parlamentinin üzvü), 3-cü sırada Ömər Faiq Nemanzadənin (jurnalist), 4-cü sırada Əlimirzə Nərimanovun (müəllim), 5-ci sırada İbrahim bəy Mursaqulovun, 6-cı sırada isə Mirzə Rza Əlizadənin (müəllim) adları əks olunurdu. Bu siyahının ardınca PMSK-ya GMMŞ sədri Ə.Haqverdiyevin imzasıyla əlavə namizədlərdən ibarət 5 nəfərlik başqa bir siyahı göndərilir. Bu əlavə siyahıda ardıcıllıqla Abbasqulu Xanəhmədovun (tacir), Fətəli bəy Rəşid bəy oğlu Axundovun (tələbə), Qasım Abbas oğlu Bayramovun (tramvay konduktoru), Məşədi Əli Bayram oğlu Quliyevin (tacir) və İsmayıl Xəlilovun (kiçik usta) adları qərarlaşırdı.

Borçalı Qəzası Müsəlmanlarının Qrupu da ilkin olaraq seçkilərə 15 nəfərlik fərqli siyahı ilə qatılmaq niyyətində olmuşdur. Qrupun 22 yanvar 1919-cu ildə tərtib etdiyi və PMSK-nın katibliyində 24 yanvar 1919-cu ildə (№ 151) qeydiyyata alınmış siyahısında bu şəxslərin adları yazılırdı: 1. Böyük ağa Axundov (Aşağı Saral kəndi); 2. Mirzə Rza Əlizadə (Faxralı kəndi); 3. Molla Abbas Hacı Qasım oğlu (Axlı-Mahmudlu kəndi); 4. İsrafil bəy Həsən bəy oğlu Yadigarov (Təkəli kəndi); 5. Məhəmməd Qarabağlıoğlu (Lecbəddin kəndi); 6. Əlipaşa ağa Əsgər ağa oğlu Abbasov (Təkəli); 7. Molla İsa Molla Nəsib oğlu (Kəpənəkçi kəndi); 8. İbrahim bəy Mursaqulov (Qızılhacılı kəndi); 9. Molla Qara Musa oğlu (Arıxlı kəndi); 10. Hasan Molla Vəli oğlu (Qaçağan kəndi); 11. Molla Xəlil (Sadaxlı kəndi); 12. Əli Dəli Əhməd oğlu (Görarxı kəndi); 13. Təhməzqulu Dünyamalı oğlu (Faxralı); 14. Qurban Həsən oğlu (Saraclı kəndi) və 15. Cəfər ağa Eminov (Dəmirçihasanlı).

Gürcüstan Müsəlmanları Milli Şurası və Borçalı Qəzası Müsəlmanlarının Qrupunun (BQMQ) ilkin və yekun siyahılarını ilə müqayisə edərək belə bir nəticəyə gəlinir ki, ilk əvvəl GMMŞ - 11, BQMQ isə 15 nəfərlik siyahı ilə seçkidə iştirak etməyi planlaşdırsalar da, sonradan müəyyən səbəblərdən dolayı siyahı qısalır. Adları GMMŞ-in siyahısına salınmış namizədlərdən Böyük bəy Axundov, Mirzə Rza Əlizadə və İbrahim bəy Mursaqulov sonradan BQMQ-nin siyahısında seçki mübarizəsi aparırlar, GMMŞ-in sədri Əbdürrəhim bəy Haqverdiyev, Omər Faiq Nemanzadə, İsrafil bəy Yadigarov kimi türk-müsəlman əhali arasında böyük nüfuza malik ziyalıların namizədliyinə isə ümumiyyətlə heç bir yekun siyahıda rast gəlinmir.

Gürcüstanın türk-müsəlman əhalisinin nümayəndələrinin adına Gürcüstan Müsəlmanları Milli Şurasının və Borçalı Qəzası Müsəlmanlarının Qrupunun siyahılarından başqa GSDFP-nin (№ 1) və RSDFP-nin (№ 13) namizədlər siyahısında rast gəlinir.

Əgər GSDFP-nin 14 yanvar 1919-cu il tarixində təsdiq olunmuş ilkin siyahısına 3 türk-müsəlmanın ‒ 39-cu sırada Məmmədov Hüseynqulu (Söyünqulu) Məmməd oğlunun, 65-ci sırada Şərifov Əbdüləziz Qurban oğlunun (Əziz Şərifin) və 119-cu sırada Məmmədov Əhməd Əli oğlunun adları salınmışdısa, sonradan müəyyən korrektələr edilir və siyahıda yalnız əslən Qaraçöp mahalının Yor-Muğanlı kəndindən olan Hüseynqulu (Söyünqulu) Məmmədovun adı saxlanılır.

Ümumiyyətlə, GSDFP-nin GDR hökumətinin sədri Noe Jordaniyanın başçılıq etdiyi 130 nəfərlik (onlardan 6-sı qadın idi) siyahısında 8 müxtəlif etnik qrupun 19 nümayəndəsi təmsil olunmuşdu.

RSDFP-nin Rusiya Dumasının keçmiş üzvü Zurab Arşakovun başçılıq etdiyi və müxtəlif millətlərin nümayəndələrindən ibarət 12 nəfərlik siyahısında 5-ci sırada Kərim Hacıbəyovun adı yer alırdı.

PMSK seçkidə iştirak edən siyasi subyektlərə həm gürcücə, həm də etnik azlıqların ana dilində istənilən sayda öz namizədlərinin siyahısı əks olunan vərəqə-bülletenlər yayımlamağa icazə verir. Türk-müsəlman elektoratının da səslərinə ümid bəsləyən siyasi qruplardan sosial-demokratlar Azərbaycan türkcəsində - 220 min, milli-demokratlar – 65 min, eserlər – 220 min, Gürcüstan Müsəlmanları Milli Şurası – 50 min, Borçalı Qəzası Müsəlmanlarının Qrupu isə - 83 min seçki bülleteni çap etdirirlər. Seçki Əsasnaməsinə görə, partiya və siyasi təşkilatların seçki bülletenləri bir-birindən fərqlənməməli idi. Bülletenlər PMSK tərəfindən də çap olunur.

PMSK-nın 30 yanvar 1919-cu il tarixli iclasında GDR-in bəzi bölgələrində - Suxum vilayətində, Borçalı, Axalkələk, Axalsıx, Svanetiya və Tianet qəzalarında Müəssislər Məclisinə seçkilərin təxirə salınması qərara alınır. Bu, həmin dövrdə Suxum vilayətində xalq şuralarına və yerli özünüidarəetmə orqanlarına ‒ “eroba”ya seçkilərin keçirilməsi, Svanetiya və Tianetdə güclü qar yağmuru, Borçalıda və Axalkələkdə Ermənistanla müharibə nəticəsində yaranmış vəziyyət, Axalsıxda isə baş vermiş üsyan ilə əlaqəli idi.

1919-cu ilin fevral ayında Müəssislər Məclisinə seçki təbliğatına start verilir.

Seçki kampaniyası gərgin siyasi qarşıdurmaya səbəb olsa da, konstruktiv və rəqabətli şəkildə aparılır. Partiya qəzetlərində rəqib partiyaların bir-birinə ittiham dolusu yazılarına geniş yer ayrılır. Onu da qeyd edək ki, Gürcüstan-Ermənistan müharibəsində tutduğu anti-dövlət mövqeyinə görə, partiyaların demək olar ki, hamısının əsas tənqid hədəfi “Daşnaksutyun” idi. Müxalifət partiyaları GSDFP-ni seçki təbliğatında hökumətin inzibati resurslarından istifadə etməkdə suçlayırdı. Bu ittihamlarla bağlı daxili işlər naziri N.Ramişvili seçki prosesinə hansısa formada müdaxilə edəcək dövlət məmurunun ciddi şəkildə cəzalanacağı barədə bəyanat vermək məcburiyyətində qalır və mətbuat xəbərlərindən görünür ki, bu kimi hallara dərhal reaksiya verir. Misal üçün, gürcü mətbuatı Ağbulaq (Belıy-Klyuç) rayonunda komissar Kartsivadzenin Müəssislər Məclisinə seçki təbliğatına qadağa qoyması, buna görə Avetisyants və Kyurçikyants (“Daşnaksutyun”un üzvü) soyadlı iki ermənini həbs etməsi barədə parlament üzvü T. Avetisyanın məlumatını və müvafiq tədbirlər görülməzsə, Borçalı qəzasının ermənilərinin seçkilərdə iştirak edə bilməyəcəyi barədə xəbərdarlığını dərc edir. Məsələ barədə PMSK-nın sədri A.Lomtatidze daxili işlər naziri N.Ramişviliyə məktub ünvanlayır, sonuncu dərhal həbs edilmiş hər iki erməninin azadlığa buraxılması barədə qərar qəbul edir.

Beləliklə, 14-16 fevral 1919-cu il tarixlərində Gürcüstan Müəssislər Məclisinə ümumxalq seçkiləri keçirilir. Bu seçkilər GDR ərazisinin çox hissəsini əhatə edir.

“Sakartvelos Respublika” qəzeti artıq 18 fevral 1919-cu il tarixli sayında 50 seçki məntəqəsinə bölünmüş Tiflis şəhərinin 12 komissarlığı üzrə seçkilərin ilkin nəticələrini çap edir.

“Sakartvelo” qəzetinin 18 fevral 1919-cu il tarixli sayında isə daşnakların Tiflisdə seçki saxtakarlığı etmək cəhdləri barədə məlumat verilərək qeyd olunur ki, Avlabar klubunda başqalarının adı ilə “Daşnaksutyun” partiyasına səs verən iki nəfər tutulmuşdur. Eyni zamanda adı çəkilən klub yerləşən binada daşnakların saxta şəhadətnamələr hazırlayan bürosu aşkar olunur.

9 mart 1919-cu ildə Parlament Mərkəzi Seçki Komissiyası qəza, dairə və məntəqə seçki komissiyalarının protokollarını cəmləşdirərək seçkinin nəticəsini və mandat qazanmış namizədlərin siyahısını təsdiq edir. Sosial-demokratlar bütün qəzalarda seçicilərin mütləq əksəriyyətinin səsini qazanırlar. Bu baxımdan ən yüksək göstəricilər Qərbi Gürcüstan qəzalarında, xüsusən də Ozurget qəzasında (95 %) qeydə alınır. Bu seçkilərə görə 4 siyasi partiya (109 mandatla №1 – GSDFP, 8 mandatla № 2 – GMDP, 5 mandatla № 3 - GSİR və 8 mandatla № 5 – GSFİP) parlamentdə təmsil olunmaq hüququnu alır.

Sosial-demokratların namizədləri siyahısında 40-cı yerdə qərar tutmuş Hüseynqulu (Söyünqulu) Məmməd oğlu Məmmədov Gürcüstan Müəssislər Məclisinə seçilmiş yeganə türk-müsəlman olur. Tiflisdə gürcücə nəşr olunan “Teatri da tsxovreba” (“Teatr və həyat”) həftəlik ədəbiyyat-teatr dərgisinin 1919-cu ildə nəşr olunmuş 11-ci sayında Hüseynqulu Məmmədovun əsli hazırda Gürcüstan Milli Parlament Kitabxanasında Luarsab Toqonidzenin fondunda saxlanılan fotoşəkli dərc olunaraq “Bizim xalqın vəfadarı” başlıqlı məqalədə onun haqqında yazılmışdır:

“Qeyd olunmalıdır ki, xüsusi şərtlər səbəbindən bizim ölkənin tatarları (azərbaycanlıları – F.V.-H.) mədəni cəhətdən daha geridə qalırlar. Onlar arasında təhsil-maarif hələ yenə də geninə kök salmayıbdır. Düzdür, onların da ziyalıları var, ancaq çox az və belə bir xalqın həqiqi xalq qulluqçusu yetirməsi müqəddəs hadisə sayılmalıdır.

Bizim ölkənin tatarlarının öndə gələn qulluqçularından biri Gürcüstan Müəssislər Məclisinin üzvü, Yor-Muğanlı kəndinin sakini Söyünqulu Məmməd-oğlu (Məmmədov)dur, hansı ki, iyirmi ildən çoxdur Sosial-Demokrat Partiyasında işləyir və həm bizim birliyimizin şövqlənməsində, həm də ümumən tatarların özünüdərketməsində çox böyük əmək sərf edib. O, tatarların “Hümmət” Sosial-Demokrat Partiyasının təsisçilərindəndir, gürcü dilinin yaxşı bilicisidir və bəzən gürcü qəzetlərinə məktublar da göndərir. Hazırda Yor-Muğanlı icmasının başçısıdır və böyük səylə tatarların tərəqqisinə və ölkəmizin sadiq övladı kimi Gürcüstanın ucalmasına xidmət edir. 45 yaşında olar, arvad-uşaq sahibidir. Kasıb olsa da, daim ümumi ictimai işlərin qayğısını çəkən bu şəxs iki həftə qabaq ağır xəstəlik keçirdi. Bizim birliyimizin möhkəmlənməsinin rifahı və özünün dindaşlarının yaxşılığı, arvad-uşağının xoşbəxtliyi naminə ona uzun ömür arzulayaq”.

“Teatri da tsxovreba”da yayımlanmış bu yazıdan Hüseynqulu Məmmədovun tərcümeyi-halına dair bəzi təqribi məlumatlar, xüsusən də onun XIX əsrin 70-ci illərinin ortalarında Qaraçöp mahalının Yor-Muğanlı kəndində anadan olduğu, həmin əsrin sonlarına yaxın Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının sıralarına daxil olub siyasi-ictimai fəaliyyətə başladığı, 1904-cü ildə “Hümmət” Sosial-Demokrat Müsəlman Partiyasının təsisçilərindən biri olduğu, kasıb həyat tərzi sürdüyü, 1919-cu ildə Yor-Muğanlı icmasına rəhbərlik etdiyi barədə bilgilər əldə etmək mümkündür. Sözügedən yazıda da qeyd olunduğu kimi, H.Məmmədov gürcü dilini sərbəst bilirdi və mənsub olduğu elin, bölgənin müəyyən problemləri ilə bağlı gürcüdilli dövri mətbuatda vaxtaşırı məqalələrlə çıxışlar edirdi. Gürcüstan sosial-demokratlarının aparıcı mətbu orqanı olan “Ertoba” qəzetinin 1918-ci il saylarının birində “Söyün-Qulu Məmməd” imzası ilə dərc olunmuş belə məqalələrindən birində o, yor-muğanlıların mal-qarasının qonşu Saqareco kəndinin sakinləri tərəfindən aparılması barədə giley-güzar edərək yazırdı:

“Yor-Muğanlı və Saqareco. Birincisi Sığnax qəzasında tatar kəndidir, ikincisi Sərticala tərəfdə (Bayır-Qaxet) gürcülərin kəndidir. Bir-birinin qonşuluğunda yerləşirlər, torpaq əraziləri də bir-birinin içindədir, tez-tez bir-birlərinə baş çəkirlər, bir-birinin dilini çoxu yaxşı bilir. Doğrudur, pis və bədxah insanlar bir-birinin mal-qarasını aparmağa, yaxud da oğurluqla dinc və mehriban qonşuluq həyatlarını pozmağa cəhd edirlər, ancaq elə həmin ərazinin öncül şəxsləri onların düşmənlərinin qarşısını alırlar və qonşuluq münasibətlərini pozmamağa, daha da möhkəmləndirməyə səy göstərirlər. 1905-ci il azadlıq hərəkatı zamanı Xaşmi kəndinin (Bayır-Qaxet) kəndxudası İ.İmedaşvilinin başçılığı altında tatarlar, gürcülər və başqa millətlər Saqareco kəndində bir-birinə qardaşlıq andı içdilər və istənilən mübahisəli məsələni öz aralarında sülh yolu ilə həll etdilər. Bundan başqa keçən payız bu iki kənd bir-birinə yenidən qardaşlıq və birlik andı içdi. Bütün bunlara rəğmən, bu 1918-ci ilin iyul ayında mehriban qardaşlıq əhval-ruhiyyəsi pozuldu.

Bu ayın ortalarında sayları 25 nəfər olan qarecalılar (yəni saqarecolular – F.V-H.) muğanlılara hücum etdilər və yor-muğanlıların 153 iribuynuzlu mal-qarasını: öküz, sağmal inək və s. oğurladılar. Əlbəttə ki, onlar silahla öz mal-qaralarını qoruya bilərdilər, ancaq qan tökülməsinin qarşısını almaq üçün bunu etmədilər: kəndin başçıları və mal-qaranın sahibləri Saqareco kəndinin icraçı komitəsindən və kəndin özündən mal-qaranın geri qaytarılmasını xahiş etdilər. İcraçı komitənin mal-qaranın geri qaytarılması barədə qərar verməsinə baxmayaraq, komissar bunu etmədi, onun özü silahla mal-qaranı oğurlayanlar arasında idi və oğurlanmış mal-qaranı artıq kəndlilər arasında bölmüşdü. Komissar düşünmədi ki, zəmi biçiminin və xırmanın bu qızğın vaxtı hər iki kəndin camaatına nə qədər zərər vurur. Məyus yor-muğanlılar gözləriyaşlı tarlada qalan zəmiyə, döyülməmiş taxıl tayalarına baxırlar onları bu duruma salan dövranı lənətləyirlər. Digər tərəfdən – qarecalıların özləri də özlərinin Yor-Muğanlı tərəfdə yerləşən zəmilərinə getməyə cəsarət edə bilmirlər və arpa-buğda məhsulu sahibsiz qalır. Bunlara əlavə olaraq, inəklərin buzovları öz mələmələri kəndi binəvalığa bürüyürlər və məhv olurlar... Ancaq heç bir yandan təsəlli yoxdur. Bu işlə bağlı tatarlar daxili işlər nazirinə müraciət göndəriblər, - bu müraciətin nəticəsini müzakirə ətməzdən qabaq, hamıya – tatarlara da, gürcülərə də bildirməyi zəruri hesab edirəm ki, bu cür davranışla nə bizim müstəqil həyatımız möhkəmlənməyəcək, nə də Gürcüstan Demokratik Respublikasının işləri qaydasına düşməyəcək. Oğrular və quldurlar hər yerdə olduğu kimi, tatarların arasında da ola bilər. Ona görə yor-muğanlılar xahiş edir: güc göstərin, onda bu oğruları biz özümüz verəcəyik. Günahsız insanların narahat edilməsi hamıya maneəçilik törədir. O da qeyd olunmalıdır ki, buralı tatarların adıyla əsasən Qazax tatarları kəndlərə basqın edir və başqalarının cinayəti üçün yor-muğanlıların cavabdehlik daşıması nə dərəcədə ədalətlidir?

Barışmaq və əvvəlki kimi, qardaş və mehriban qonşuluq şəraitində yaşamaq zərurət kəsb edir. Bizim bir-birimizin düşmənçiliyinə səbəb ola biləcək heç nə yoxdur. Həm tatarlar, həm də gürcülər oğruları və soyğunçuları ovlayıb sülh şəraitində yaşamalıdır. Buna həm hökumət, həm də ictimaiyyət böyük diqqət ayırmalıdır, birlikdə tikəcəyik, ayrı-ayrı durmaqla, dalaşmaqla isə uçuracağıq və zərərini özümiz görəcəyik. Bunu hər iki tərəf görməlidir, bir-birinə qardaşlıq andı içməlidirlər, bizim dövlətin – respublikanın güclənməsi və birbaşa buradakı sakinlərin faydası və xoş günü üçün quldurluq, intiqam və düşmənçiliyi, köhnəki qaydada olduğu kimi, qardaşca və rahatcasına həyat tərzinə dəyişməlidirlər”.

H.Məmmədov “Ertoba”nın 1920-ci il 8 iyun tarixli sayında Müəssislər Məclisinin üzvü statusunda dərc etdirdiyi “Yor-Muğanlı müsəlmanlarının həyatı” başlıqlı irihəcmli məqaləsində də yor-muğanlıların üzləşdikləri çətinliklər barədə söz açırdı.

Gürcüstan hökumətin sədri Noe Jordaniyaya ünvanlandığı məktubunda isə Hüseynqulu Məmmədov həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti ilə GDR arasında mübahisəli ərazi hesab olunan Car-Balakən və Zaqatalaya baş çəkərək yerli Dağıstan əsilli əhali ilə görüşdüyünü, onları Gürcüstana tərəf meylləndirdiyini bildirir, eyni zamanda Yor-Muğanlının qonşuluğunda yerləşən Kakabet kəndinin bəzi təhrikçi sakinlərinə görə, onlarla müsəlmanlar arasında arzu edilən münasibətləri yarada bilmədiyinə təəssüflənir və Yor-Muğanlıya qonşu olan digər bir gürcü kəndi Qiorqitsmindanın keşişi Okromcedlişvilinin 1918-ci ildə vəzifədən alınmasına üzüldüyünü qeyd edir. Məktubun məzmunundan və yazı üslubundan H.Məmmədovun N.Jordaniya ilə dostluq münasibətləri olduğu aydın sezilir.

12 mart 1919-cu ildə Tiflisdə hökumət sarayının (keçmiş canişinlik sarayı) bəyaz zalında Gürcüstanın əsas qanunverici orqanı olan Müəssislər Məclisinin ilk təntənəli iclası keçirilir.

Müəssislər Məclisi ilkin tərkibdə fəaliyyətə başlasa da, səsvermə təxirə salınmış bölgələrdə seçkilərə müvafiq hazırlıq işləri aparılır. Gürcüstan Daxili İşlər Nazirliyindən PMSK-ya ünvanlanmış 1 aprel 1919-cu il tarixli, 5113 saylı məktubda büdcə xərclərinə ikiqat qənaət edilməsi, eləcə də seçicilərin zəruri say çoxluğunun təmin olunması məqsədilə Borçalı, Axalsıx, Axalkələk və Tionet qəzalarında “eroba” və Müəssislər Məclisinə seçkilərin eyni vaxtda keçirilməsinin məqsədəuyğunluğu ifadə olunur. Bununla yanaşı, məktubda sözügedən qəzalarda tezliklə yerli idarəetmə orqanlarının yenidən formalaşdırılması zərurətinə də diqqət çəkilir ki, bu da “eroba” – özünüidarəetmə tətbiq olunmadan mümkünsüz idi. Qeyd olunanlara rəğmən, adı çəkilən qəzalarda “eroba” və Müəssislər Məclisinə seçkilər fərqli zamanlarda baş tutur.

Nəticə etibarilə respublika ərazisinin iqlim şəraitinə və ya hərbi-siyasi duruma görə Müəssislər Məclisinə seçkilər təxirə salınmış bəzi yerlərində 1919-cu ilin avqust ayının sonunda və sentyabr ayında olmaqla iki əlavə seçki təşkil olunur.

1919-cu ilin avqust ayında Borçalı, Axalkələk və Axalsix qəzaları, Axalsıx və Axalkələk şəhərləri, Posxov bölgəsində təşkil olunmuş ilk əlavə seçkilər nəticəsində əsas seçkilər zamanı Müəssislər Məclisinə mandat qazanmış 4 siyasi subyektə daha 2-si – Gürcüstan Milli Partiyası (№ 8) və “Daşnaksutyun” (№ 4) əlavə olunur. Həmin ilin sentyabr ayında isə Suxum vilayətində, Tiflis şəhərinin 50 saylı seçki məntəqəsində, Duşet şəhərində, Qombor kəndində, Borçalı qəzasının Dağet-Xaçın və Bolnis-Xaçın kəndlərində və müəyyən səbəblərə görə, seçkilər baş tutmamış digər məntəqələrdə ikinci əlavə seçkilər keçirilir. Dağet-Xaçın və Bolnis-Xaçında daşnaklar, Qomborda Gürcüstan Milli Partiyası, Duşetdə sosialist-federalistlər, 50 saylı məntəqədə sosial-demokratlar səslərin çoxunu toplayırlar, Suxum vilayətində isə faktiki olaraq seçici azlığı ucbatından seçki baş tutmur.

İlk əlavə seçkilər keçirildiyi ərəfədə “Sakartvelo” qəzetində Borçalı qəzasından yayımlanmış belə bir məlumat diqqəti cəlb edir: “Taxıl məhsulu azdır. Şəraba ümid heç yoxdur. Dözülməz istilərdir. Camaat kölgələnmək üçün Trialetdə daldalanır. Seçkilərdə yerli ermənilər iştirak etmir”.

Bir tərəfdən ilk əlavə seçkilərin yekun protokolundan “Daşnaksutyun”un Borçalı qəzasından 1855 səs topladığını və bu göstəricinin qəzanın erməni əhalisinin ümumi götürdükdə, seçkilərdə iştirakını təsdiq etdiyini, digər tərəfdən isə ikinci əlavə seçkilərin protokolunda Bolnis-Xaçın və Dağet-Xaçın kəndlərinin də əhalisinin səsvermə nəticələrinin əks olunduğunu diqqətə alsaq, “Sakartvelo”nun informantının “seçkilərdə ermənilər iştirak etmir” deyəndə, böyük ehtimalla, Borçalının Yekaterinenfeld koloniyasının ətrafında yerləşən və ikinci əlavə seçkilərə qatılan bu iki erməni kəndini nəzərdə tutduğunu təxmin etmək olar.

İkinci əlavə seçkilərin nəticəsində Müəssislər Məclisində təmsil olunan partiyaların ümumi sayı və palitrası dəyişməsə də, mandata sahib olan partiya təmsilçilərinin sayında cüzi dəyişiklik olur. Beləliklə, Gürcüstan Demokratik Respublikasının demokratik yolla seçilmiş ilk parlamentinin – Müəssislər Məclisinin 130 mandatı səs baryerini aşa bilmiş 6 siyasi partiya arasında belə bölünür: Sosial-demokratlar – 102 mandat; milli-demokratlar – 8 mandat; eserlər – 6 mandat; daşnaklar – 3 mandat; sosialist-federalistlər – 9 mandat; milliyətçilər – 2 mandat.

PMSK-nın 1920-ci ilin 21 may tarixində keçirilmiş toplantısında ikinci əlavə seçkilərin nəticələri və yekun etibarilə Müəssislər Məclisinə seçkilərin ümumi nəticələri yekun olaraq təsdiq olunur. Ümumilikdə seçkidə cəmi 618 675 Gürcüstan vətəndaşının iştirak etdiyi və onların səsinin siyasi subyektlər arasında aşağıdakı şəkildə bölündüyü məlum olur:

№ 1 – 473 638 səs; № 2 – 32 475 səs; № 3 – 31 104 səs; № 4 – 16 891 səs; № 5 – 43 649 səs; № 6 (GMMŞ) – 105 səs; № 7 – 3241 səs; № 8 – 9336 səs; № 9 – 1672 səs; № 10 – 70 səs; № 11 – 883 səs; № 12 (BQMQ) – 224 səs; № 13 – 839 səs; № 14 – 66 səs; № 15 – 553 səs; № 16 – 1404 səs.

Gürcüstan Müəssislər Məclisinə seçkilərdə Borçalı Qəzası Müsəlmanları Qrupu 1919-cu ilin fevral ayında keçirilmiş əsas seçkidə - 77 səs (hamısı Tiflis qəzasından), ilk əlavə seçkidə - 147 səs (Posxov bölgəsindən – 94, Axalsıx qəzasından – 42, Axalkələk qəzasından – 7, Borçalı qəzasından – 4 səs) olmaqla cəmi 224 səs, Gürcüstan Müsəlmanları Milli Şurası isə fevral seçkisində - 6 səs (Tiflis qəzası -1, Sığnax qəzası – 1, Kutais qəzası – 2 səs), ilk əlavə seçkidə - 96 səs (Posxov bölgəsindən – 40, Axalsıx qəzasından – 49, Borçalı qəzasından – 6 səs, Axalkələk qəzasından – 1 səs), ikinci əlavə seçkilərdə - 3 səs (maraqlıdır ki, ondan biri Dağet-Xaçın erməni kəndindən) olmaqla cəmi 105 səs toplaya bilir.

Hər iki müsəlman siyasi subyektinin belə zəif nəticə əldə etməsi, zənnimizcə, yuxarıdakı qeydlərimizdən aşkar olduğu kimi, seçki siyahılarındakı namizədlərin yerdəyişmələri və bunu nəticəsində yaranmış çaşqınlıq və anlaşılmazlıq, eləcə də namizədlər arasında təxmin edə biləcəyimiz ixtilaflardan qaynaqlana bilərdi.

Fəxri VALEHOĞLU-HACILAR,
tarix elmləri doktoru,
Azərbaycan Respublikasının Gürcüstandakı
Səfirliyinin birinci katibi


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: