Səadət Butanın yaradıcılığında inanc məsələsi yüksək pillədə durur...

Səadət Butanın yaradıcılığında inanc məsələsi yüksək pillədə durur... Səadət Buta dastançılıq ənənəsini, aşıq poeziyasını yaxşı mənimsəyib.
O, gənc vaxtlarından azman aşıqların meydan suladığı saysız-hesabsız böyük məclislərin iştirakçısı olub, böyük şairləri dinləyib, bu saz və söz nəhəngləri ilə yol yoldaşı olub, duz-çörək kəsib. Doğulduğu aşıq mühiti və söz sərraflarının çevrəsində olması Səadət xanımın yetgin şair olmasında, Butalaşmasında əhəmiyyətli rol oynayıb.

Özü demişkən:

Bu saflıqla həyatım,
Gün kimi dağdan aşdı.
Şükür olsun Allaha,
Səadət Butalaşdı.

Səadət Butanın şeirləri onun klassik şərq romantiz-minə, divan ədəbiyyatına, ənənəvi aşıq şeirlərinə dərindən bələd olduğundan xəbər verir.
O, Nizamini, Füzulini, Yunus Əmrəni, Dirili Qurbanini, Tufarqanlı Abbası, Qaracaoğlanı, Dadaloğlunu, Aşıq Alını, Aşıq Ələsgəri və s. kifayət qədər oxuyub, adını çəkib-çəkmədiyim dühalardan bəhrələnib, püxtələşib. Müəllifin Qaracaoğlanın bir gəraylısına yazdığı nəzirə bu fikrimizi təsdiqləyir:

Camalın bayram ayıdı,
Könlün eşqin sarayıdı,
Gözəllik Tanrı payıdı,
Sevilməli, sevilməli!

Səadət Butanın yaradıcılığında inanc məsələsi yük-sək pillədə durur. Əlbəttə ki, inanc idraka bağlıdır, onun kökündə Allahın dərki dayanır. Ona görə də, həyatda və təbiətdə gözə görünən nə varsa onların hər birində nöqsan yox, əksinə gözəl və özəl bir şeylər axtarırıqsa, ona bütövlükdə bir gözəllik nümunəsi kimi baxırıqsa, Allahın qüdrətilə yarandığına şübhə etmiriksə, bu, bizim duyğularımızın, hisslərimizin, düşüncələrimizin gözəlliyidir, yüksək inanc sahibi olduğumuza dəlalət edir. Qeyd etmək yerinə düşər ki, bəzən dua edəndə “Allah sənə yar olsun” deyirik. Hər kəs an-lamalıdır ki, insan əvvəlcə özünü tərbiyə etməklə ruhunun nəfsi üzərində qələbəsinə nail olub, sonra da, Allahı dərk edəndə, bütün sevgisini Haqq yoluna bağlayanda, Allah da insana yar olur? İnanc həm də eşqdir, ilahi sevgidir. Bu mənada Səadət xanımın “Buta” təxəllüsü bir başa onun yüksək inanc sahibi olduğundan xəbər verir. Yəni, şairlik ona Haqdan buta olaraq verilib, yaxud da Səadətin butası onun şairliyidir. Bütövlüklə inancın ağuşunda çırpınan aşağıdakı bənd sözümüzün söykəyidir:

Alnımda həsrətin var cığırları,
Ayrılıq ömrümü eyləyib yarı.
Neyləyim, ay ellər, Haqqın memarı,
Bir Buta yaradıb yurd naxışında.

Bütün şairlərdə olduğu kimi Səadət Buta da bir sıra şeirlərində zamanından gileylənir, dövrün dərd-sərini söyləməyi özünə tarixi borc bilir. Həm də bu problemlərin yaranma səbəblərini öz təfəkkürünün süzgəcindən keçirir, poetik dillə oxucusuna çatdırır. Dədə-baba torpaqlarımız olan Göyçədən göyçəli soydaşlarımızın deportasiya olunması, Qarabağın və Qarabağ ətrafı yeddi rayonumuzun erməni işğalı altına düşməsi, saysız-hesabsız soydaşlarımızın qaçqınlıq həyatı yaşaması, 1988-90-cı illərdə bəzi gürcü şovinistlərinin məkrli siyasətinin təsiri ilə Başkeçid və Bolnisidən bir qrup borçalılıların köç etməsi (şükürlər olsun ki, bunun qarşısı vaxtında alına bildi) bir şair olaraq Səadət xanımı narahat edən səbəblərin sırasına daxildir. Bu ciddi nara-hatçılıqlarını müəllifin “Yoxuymuş” rədifli şeirində oxuyuruq:

Səbrimmi daralıb, dünyamı dardı,
Hədələr, qorxular bağrımı yardı.
Kimə dada gedim, bu nə diyardı,
Ədalət görünmür, xanı yoxuymuş.

O, vurur, bu, vurur, vurhavurdayam,
Çapıldım, talandım, çalhaçaldayam.
Yarəb, kərəm eylə, gör, nə haldayam,
Butayam, gecənin danı yoxuymuş.

Bu dərdləri Səadət Buta “Qalıb” rədifli qoşmasında adbaad dilə gətirir. Bütöv Azərbaycanın paramparça olduğunu, Dərbəndin, Göyçənin, Güney Azərbaycanın, Kərkükün, Borçalının ayrı-ayrı ərazilərə qatıldığını şeirlərində oxuduqca Səadət Butanın qələminin mürəkkəbi oddandır sanırsan. O, hətta XX əsrin əvvəli və ortalarında Borçalının günbatar tərəflərinin Sovet rejiminin əlilə Ermənistana qatıldığını da yaddan çıxarmır:

Qəlbimtək Borçalım paralanıbdı,
Dərbəndim, Təbrizim aralanıbdı.
Dərdim düzüm-düzüm sıralanıbdı,
Doğranıb ciyərim, parası qalıb?!

Göyçədi, Şuşadı çəkilməz acım,
Düşmən əlindədi Kəlbəcər, Laçın.
Zəngəzur deməkdən qalmayıb gücüm,
Yarasız qəlbimin harası qalıb?!

Müəllif həmin şeirində bir sıra digər problemləri də misralara düzüb. O, problemlər ki, birbaşa ləyaqət, dəyər, namus-ar məsələsidir. Bütün bunları yaza-yaza bədbin ruha köklənən şair sonuncu bəndini belə tamamlayır:

Çatmışıq avropa ləyaqətinə,
Dəyərlər satılır mis qiymətinə.
Az qalıb Allahın qiyamətinə,
Ay Buta, bir addım arası qalıb.

Buna baxmayaraq, müəllif bir sıra şeirlərini nikbin notlar üzərinə sərərək, özünə və oxucusuna təsəlli verir. Lap elə “Darıxma” qoşmasında olduğu kimi:

Ayaqlar çəkilir başın yerinə,
Başlar sapanddadı daşın yerinə.
Qaydadı, yaz gələr qışın yerinə,
Buta, gəlib keçər gündü, darıxma!

Səadət Butanın tərbiyəvi xarakterli, əxlaq, vicdan məsələlərini qabardan, insanı bütövlüyə, mənəvi saflığa, sadəliyə, özünəgüvəncə səsləyən şeirləri çoxdur. Onun yaradıcılığında etibar, vəfa oxucuya tez-tez xatırladılır, anda, əhdə sədaqətlilik ən vacib şərt kimi bayraq edilir:

Bahar, – dedim, aldı boran, qar məni,
Könül verdim, qul eylədi yar məni.
Dost, – söylədim, atdı biilqar məni,
Külüngümü daşa çalıb gedirəm.

Səadət xanım oxucusunu sevgilərlə yaşamağa, hə-yata, insana, təbiətə, duyğulara, yaranmışlara və Ya-radana sevgiylə yanaşmağa, eləcə də, mərhəmətli, səxavətli olmağa dəvət edir, bunu yaşamın başlıca məqsədi, ümdə vəzifəsi hesab edir. Haqla görülən işin uğurlu olacağına şübhə etmir, hər bir addımı atarkən Allahı unutmamağı tövsiyə edir. Haqdan hər bir savabın mükafatı, hər bir günahın cəzası olduğunu xatırladır və bunu bəzən bir az da sərtliklə ifadə edir:

Ağlar gözün yaşlarını silməyib,
Yetim, yoxsul köməyinə gəlməyib,
Anasının qiymətini bilməyib,
Özgələrə pay qıyana ar olsun!

yaxud,

Bəşəri bir yaradan var,
Sənin tək neçə nadan var?
Səhvin, günahın, xətan var,
Haqqın varlığını bil, sən,
Bir de görüm, axı kimsən?

Bütün bu hikmətlərin fonunda Səadət Butanın özünü “bir səhra ağacı”na bənzətməsi də təsadüfi deyil. Nə qədər ki, bu ağac yağış suyuna həsrətdir, o qədər də Səadət xanım içindəki mənəvi yaraların sağalmasına həsrətdir, nə qədər ki, səhra ağacı bir damla sudan xoşbəxtlik umur, o qədər də Səadət xanım milli, mənəvi və coğrafi bütövlüyümüzün heç olmasa, burnumuzun ucunda olması hissindən xoşbəxtlik umur:

Mən bir səhra ağacıyam,
Bir damcı yağışa həsrət.
Yazda, yayda qovruluram,
Təşnə könlüm qışa həsrət.

Bax, budur Səadət Butanın böyüklüyü! O, həmin bu “Həsrət” rədifli gəraylısında ilahi xoşbəxtliyin xiffətini o qədər çəkib ki, özü misralarında dediyi kimi, gözləri daim ağlayır, amma yaş çıxmır ki, çıxmır. Bir səhra ağacı kimi arzularının bircə damlasının həsrətini çəkir:

Quruyubdu budaqlarım,
Çat-çat olub dodaqlarım.
Aman Allah, mən ağların,
Kirpikləri yaşa həsrət.

Səadət Butanın gənc nəsli özünə daha çox cəlb edən sevgi şeirləri də kifayət qədərdir. Onun bu növ şeirlərində də didaktika qorunur, yalançı sevda, eşq buqələmunları ifşa olunur:

Aldatdın Butanı can deyə-deyə,
Bu dərd yerdə bitməz, sığışmaz göyə.
O qədər biganə baxdın sevgiyə,
Yar özün-özünə aldandın, neynim.

və ya

Sevda bulağını bulandırmağa,
Fikrimi dağ-daşda dolandırmağa.
Məni öz əhdinə inandırmağa,
Söylə, yaddan çıxan yalanın varmı?

Səadət xanımın bir çox qoşmaları nəinki gözəldir, hətta onları bir dəfə oxumaqdan doymursan. Epifora üsulu ilə yazılmış bu cür şeirlər adamın xəyalında xoş bir duyğuya, dilində şəkərə, bala, dönür:

Gözlərinin gözlər olub qənimi,
Kirpiklərin oxlar, tökər qanımı.
Yalvararıram gözlərinə canımı,
Al, – demə, qurbanın olum, – al, – demə!

Əziz oxucu, şaqraq notlarla bitirdiyim bu yazımın sonunda şair (“şairə” yox, “şair”, çünki şairin erkəyi, dişisi olmaz) Səadət Butanın “Ürəyim bal pətəyidir…” adlı kitabını alıb oxumağınızla çox şeylər qazanacağınıza tam əminəm. Sizə və sevmli şairimizə uğurlar, can sağlığı və Allah eşqi arzulayıram!

Elbəyi Cəlaloğlu,
şair-publisist, yazıçı-araşdırmaçı


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: