Salidə Şərifova: «XX əsr Azərbaycan ədəbiyyatı»na baxış

Salidə Şərifova: «XX əsr Azərbaycan ədəbiyyatı»na baxışŞərifova Salidə Şəmməd qızı
filologiya elmləri doktoru, dosent
AMEA Nizami adına Ədəbiyyat İnstitutu


«XX əsr Azərbaycan ədəbiyyatı»na baxış


“Sabit Rəhmanın satirası”, “Azərbaycan satirasının inkişaf problemləri”, “Bir istiqlal yolçusu”, “Əmir Abidin seçilmiş əsərləri”, “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı”, “Dramaturq, sənət, həqiqət” və s. və sair elmi monoqrafiya və dərsliklərin müəllifi olan filologiya üzrə elmlər doktoru, prof. Bədirxan Əhmədov Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Almaniya, Polşa, Rusiya, Türkiyə və bir sıra xarici ölkələrdə beynəlxalq konfranslarda məruzələr etmiş prof. B. Əhmədov elmi fəaliyyətinə görə AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur.
Prof. B. Əhmədovun qələmə aldığı üç cildlik «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» adlı kitabı Azərbaycan ədəbiyyatının zəngin irsini tədqiq edir. Kitabın I cildi yeni Azərbaycan ədəbiyyatının Rus İmperiyası və İstiqlal dövrünü (XIX əsrin sonu XX əsrin əvvəlləri), II cildi isə Sovet Azərbaycan, Mühacirət Azərbaycan və Cənubi Azərbaycan əbəbiyyatlarının müqayisəli təhlilinə həsr edilmişdir.
«XX əsr Azərbaycan ədəbiyyatı tarixi»i kitabının I cildi 1890-1920-ci illər, II cildi isə 1920-1950-ci illəri əhatə edən ədəbiyyat tarixçiliyi ilə bağlı ziddiyyətli və mürəkkəb dövrləri əks etdirmək istiqamətində ilk əhəmiyyətli mənbələrdən biridir. Kitabda «Mühacirət ədəbiyyatı» və onun tərkib hissəsi olan «Legion ədəbiyyatı»nın ilk dəfə ədəbiyyat tarixində yer alması, milli ideya axtarışlarının milli dövlətçiliyin təşəkkülü ilə nəticələnməsi, realizm, tənqidi realizm və romantizm metodlarının ictimai fikrin inkişafı prosesində özlərini göstərməsi və dövrün ədəbi inkşaf istiqamətləri, ədəbi prosesin tendensiya və meyilləri kimi aktual problemlərin əksini tapması təqdirəlayiqdir.
Salidə Şərifova: «XX əsr Azərbaycan ədəbiyyatı»na baxış Prof. B. Əhmədov tərəfindən təqdim edilən «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» kitabı yeniliyi ilə seçilir.Kitabda ilk dəfə olaraq, İstiqlal dövrü Azərbaycan ədəbiyyatı, Sovet dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan Mühacirət ədəbiyyatı və Cənubi Azərbaycan ədəbiyyatı vahid bir fenomen kimi tədqiqat obyektinə çevrilmişdir. İstiqlal dövrü Azərbaycan ədəbiyyatı, Sovet dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan Mühacirət ədəbiyyatı və Cənubi Azərbaycan ədəbiyyatı müəllif tərəfindən fasiləsiz və bir-birinə daxil olan bədii proses kimi təsvir edilir. Yazarların İstiqlal dövrü Azərbaycan ədəbiyyatı, Sovet dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan Mühacirət ədəbiyyatı və Cənubi Azərbaycan ədəbiyyatı aralarında «keçid»i zamanı onların bədii yaradıcılığına təsirlərinin özəllikləri açıqlanmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyatı tarixində XIX əsrdən başlayan maarifçilik ədəbiyyatını və XX əsrin əvvəllərində yaranmış maarifçi realist ədəbiyyatını ünsür şəklində deyil, xüsusiyyət kimi formalaşmasına toxunan müəllif «metod və konsepsiyasından asılı olmayaraq dövrün bütün yazarları həm də bir maarifçi ideoloq kimi çıxış etmək missiyasını öz üzərinə» götürdüklərini və cəmiyyətin maariflənməsi üçün hərəkata cevrildiyini vurğulamışdır. Maarifçilik hərəkatının nümayəndələri nicatı maarifçilikdə görürdülər ki, prof. B. Əhmədov bu amili A. Səhhət, S.M. Qənizadə, A. Şaiq, S.S. Axundov, N. Nərimanov və d. Azərbaycan ədiblərinin qələmə aldıqları əsərləri ilə açıqlamağa nail olur.
«İstiqlal dövrü Azərbaycan ədəbiyyatı»nın yaranması ilə «bədii düşüncədə milli ruh özünün ən yüksək zirvəsinə çatır.» Bu dövr ədəbiyyatının özəlliklərini müəyyənləşdirən prof. B. Əhmədov dövrün mənzərəsini yarada bildiyini və bu dövrü ayrıca mərhələ kimi tədqiq etməyi göstərir:
«1. XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayan və formalaşmaqda olan yeni ədəbiyyatın (realizm, tənqidi realizm və romantizm) nümayəndələri özündən inersiya ilə yaradıcılıqlarını davam etdirirlər;
2. Azərbaycan xalqının milli şüurunun, fikri yüksəlişinin formalaşmasında önəmli yer tutan tərənnüm ruhlu əsərlər yazılır;
3. Əsrin əvvəllərindən Rusiyadan Azərbaycan ədəbi-bədii düşüncəsinə «transfer» olunan bolşevik meyilli ideyaları yayan ədəbiyyatın yaranması;
4. Birinci dünya kontekstində Qərb-Şərq qarşıdurmasının ədəbiyyata gətirilməsi.»
Prof. B. Əhmədov zamanın siyasi konyukturasına tabe olan bədii ədəbiyyatda yaranan cəbhələşməyə toxunaraq, yaranan dərnək və cəmiyyətlərin («Ədəb yurdu», «Yaşıl qələm», «Türk ocağı», «Qırmızı qələm» və s.) siyasi məqsədlər üçün yaradıldığını iddia edir.
Cümhuriyyət dövründə ədəbiyyatın formalaşmasında xidmətlər göstərən Ə. Cavad, A. Şaiq, A. Səhhət, C. Cabbarlı, Umgülsüm, Əmin Abid, Y.V. Çəmənzəminli, M. Hadi, S. Hüseyn, C. Məmmədquluzadə, Ə. Haqverdiyev və b. cümhuriyyətçi yazarlar hesab edilirdilər. Maarifçilik hərəkatının nümayəndələrindən fərqli olaraq onların yaradıcılığında bayraq, türkçülük, vətən, millət, yeni quruluş, Azərbaycan ordusuna sevgi yaratmaq başlıca məsələlərdən biri idi. Prof. B. Əhmədov bu dövrdə qələmə alınmış poeziya nümunələrini mövzu və problematika baxımından iki hissəyə ayırır:
«1. Cümhuriyyət, istiqlal, müstəqqillik və bu atributlardan doğan təəssüratların milli inikası;
2. Milli düşüncədən uzaq, mövzu və problem etibarı ilə səsləşməyən poetik parçalar.»
Prof. B. Əhmədov Cümhuriyyət dövründə Azərbaycan bədii nəsr və publisitikasının inkişafını iki istiqamətdə getdiyini vurğulayır:
«1. Artıq bədii nəsrdə müəyyən inkişaf yolu keçərək görkəmli nasir kimi tanınan yazıçıların bədii nəsri;
2. Yaradıcılığa yeni başlayaraq bədi nəsr və publisitikada siyasi, milli düşüncəni əsərlərində ehtiva edən yazıçıların əsərləri.»
Bu dövrdə Cənubi Azərbaycan ədəbiyyatının Şimali Azərbaycanda gedən milli düşüncə əsasında təşəkkül tapmasını müşahidə edirik. Belə ki, yenicə müstəqilliyini itirmiş Azərbaycan Xalq Cümhuriyyətindən sonra «Azərbaycan türklərinin son üç il ərzində qurduqları ikinci müstəqil, demokratik dövlət» olan və cəmi bir neçə ay fəaliyyət göstərən Milli Demokratik Azərbaycan hökumətinin yaradılması (24 iyun 1920) ədəbi prosesin yeni istiqamətdə inkişafına təkan verir. Cənubi Azərbaycan poeziyasında maarifçilik ideyalarının yayılması, tənqid və ifşaya geniş yer verildiyi özünü göstərir. Cənubi Azərbaycan ədəbiyyatında Mirzə Əlixan Ləli, Mirzə Mahmud Qənizadə, Seyyid Rza Sərraf, Seyid Əşrəf Gilani, Xazan Təbrizi, Bayraməli Abbaszadə və b. yaradıcılığında istibdada etirazlar edilir, milli düşüncənin təbliğ edilməsinə daha geniş yer ayrılır.
Salidə Şərifova: «XX əsr Azərbaycan ədəbiyyatı»na baxış XX əsrin əvvəllərində Azəbaycan ədəbiyyatında ədəbi cəmiyyətlər və təşkilatların üzvləri olan sosialist və «qərb» meyilli yazarlar arasında qarşıdurma özünü göstərmişdir. Bu onların məfkurə maraqlarından irəli gəlirdi ki, yaradıcılıqlarına da təsirsiz ötüşmürdü. Bu yazarlar arasında fikir mübadiləsi və fikir ayrılığı əsasən, yeni dövrün ədəbiyyatının forma və məzmunca tərəqqisi problemlərini əhatə edirdi. Prof. B. Əhmədov sosialist və «qərb» meyilli yazarlar arasında qarşıdurmanın bütün nüanslarını işıqlandırmışdır.
Azərbaycan ədəbiyyatında «Nicat», «Səfa», «Xeyriyyə», «Nəşri-maarif», «Türk ocağı» kimi cəmiyyətlərin fəaliyyəti ədəbiyyata təsirsiz ötüşmürdü. Belə ki, «Türk ocağı» cəmiyyəti «demokratik türk xalqını ərsəyə gətirmək missiyasını» öz üzərinə götürməsini qeyd edən B. Əhmədov, ilk ədəbi dərnək olan «Yaşıl qələm» dərnəyinin də bu cəmiyyətin nəzdində fəaliyyət göstərməsini də vurğulayır. Daha sonra Azərbaycan ədəbiyyatında «Şair və ədiblər ittifaqı»nın, «Azərbayacn zəhmətkeş ədib və şairlər ittifaqı»nın yaranması özünü göstərir. «Azərbayacn zəhmətkeş ədib və şairlər ittifaqı»nın «Ədəbiyyat cəmiyyəti»nə çevrilmişdir. Cəmiyyətin əsas məramnaməsi «sırf sənət məsələsinin və ədəbiyyatın siyasətdən ayrı olmasını» təmin etməyə cəhdi idi. Bu dövrdə formalaşmış «Qızıl qələmçi»lər yeni dövrü tərənnüm edirdilər. Yeni formalaşan ədəbiyyat yaradıb zəhmətkeşlər arasında təbliğ etmək üçün «Gənc qızıl qələmlər» cəmiyyəti yaradılır.
Ənənə, forma və təsvir üsullarından imtina edən sosialist ədəbiyyatın təbliğatçıları ədəbiyyatın proleterlaşmasını, ədəbiyyatın partiyalı olması prinsipini həyata keçirmələri və «formaca milli, məzmunca beynəlmiləl» ədəbiyyat konsepsiyası ilə tarixdə iz qoydular.
XX əsrin 20-ci illərinə aid yazarların yaradıcılıqlarında milli ruhu ifadə edən bədii nümunələr bilərəkdən sovet tədqiqatçıları tərəfindən tədqiqata cəlb edilməmişdir. Prof. B. Əhmədov «romantizmi, estetizm və mücərrəd gözəliyi ifadə edən poetik nümunələrin sonrakı dövrlərdə də epizodik» öyrənildiyini vurğulamışdır. H. Cavidin «Mənim tanrım», C. Cabbarlının «Gözəllik», Ə. Cavadın «Göy göl» şeirlərinə irad tutulması faktları kitabda göstərilmişdir. İstiqlal şairləri arasında türkçülük, turançılıq ideyalarının təsvirinə geniş yer verildiyini vurğulayan prof. B. Əhmədov bunu «xalqın milli özünüdərk prosesində bir vasitə» olması kimi qeyd edir.
Prof. B. Əhmədov sənət və zamanın özlərinə xas spesifik inkişaf qanunauyğunluqları olmasını göstərərək qeyd edir ki, «ədəbi mühit şair və yazıçıları doğurduğu kimi, yazıçı və şairlər ədəbi mühiti formalşdırır.» Proletar poeziyanın inkişaf istiqamətini prof. B. Əhmədov iki tendensiya ilə həyata keçirildiyini əsaslandırır:
«1. Poeziya sənətinin yaradıcılıq prinsiplərindən doğan yeni poetik təfəkkürün formalaşması;
2. Cəmiyyətin, dəyişən həyatın ictimai-siyasi, iqtisadi proseslərini inkişaf etdirən ədəbi-poetik yol –proletar poeziyanın yaranması.»
Prof. B. Əhmədov proletar poeziyada poetik məsələlərdən çox, ideologiyaya üstünlük verildiyini düzgün olaraq vurğulayır. Bu ədəbiyyatın əsas vəzifəsi proletar ideologiyanı təbliğ etmək və inqilabçı kütləni tərənnüm etmək idi.
Sovet dövründə mühacir azərbaycanlıların qələmə aldıqları əsərlərin vahid Azərbaycan ədəbiyyatında yer tutmaları və bu ədəbi mühitə təsirləri ictimai həyat və ədəbi proseslə əlaqəli idi. Bu amil Azərbaycan mühacirət ədəbi irsinin zaman və məkan baxımından zəngin istiqamətlərə malik olmasından doğurdu. Ə. Hüseynzadə, Ə. Ağaoğlu, M.Ə. Rəsulzadə, Ə. Cəfəroğlu, C. Hacıbəyli, M.B. Mirzəzadə və digər mühacir ədiblərin yaradıcılıqları vahid Azərbaycan ədəbiyyatının ayrılmaz hissəsinə çevrildi. Prof. B. Əhmədov məhz Azərbaycan yazarların muhacirət əsərlərini vahid Azərbaycan ədəbi mühitinə təsir edə bilən ədəbiyyat kimi açmağa nail olmuşdur.
Azərbaycan ədəbiyyatı sovet dövründə senzuraya məruz qalması danılmaz faktdır. Sovet senzurasının güclü fəaliyyət sisteminə baxmayaraq, Azərbaycan ədəbiyyatında maraqlı bədii nümunələr yaranırdı. 20-ci illərin sonu 30-cu illərin əvvəlləri romana keçid təkamül prosesində yaranmış romanlar mövzu və problematika baxımından maraq doğururdu. Dövrünün epoxal hadisə və gerçəkliklərini əhatə edən bu romanların mövzu və problematika baxımından üç dövrü əhatə etmələri prof. B. Əhmədov tərəfindən qeyd edilir. Müəllif bölgünü aşağıdakı kimi verir:
«1. Azərbaycanın tarixi keçmişi, milli varlığının obrazlı inikası. Y.V. Çəmənzəminli «Qızlar bulağı», «Qan içində», M.S. Ordubadi «Qılınc və qələm»;
2. Yaxın dövrün tarixi hadisələrinə (Səttərxan hərəkatı, vətəndaş müharibəsi, yaxud inqilabi yüksəliş, illərin tarixi panoramı) münasibət: M.S. Ordubadi «Dumanlı Təbriz», «Gizli Bakı», «Döyüşən çəhər», M. Hüseyn «Daşqın», «Tərlan», M. Cəlal «Bir gəncin manifesti», S. Rəhman «Solğun çiçəklər»;
3. Müasir həyat hadisələrinə münasibət, yeni ictimai varlığın inikası: Əbülhəsən «Yoxuşlar», «Dünya qopur», Ə. Vəliyev «Qəhrəman».»
XX əsrin ikinci onilliyində Azərbaycan sovet ədəbiyyatı Sovet Sosialist quruluşu ilə yeni bir mərhələyə qədəm qoyur ki, bu Azərbaycan xalqının ədəbiyyat və mədəniyyətinə olduğu kimi xalqının taleyinə də qara bağladı. Bu dövrdə Sovet paradiqmasına sığmayan bədii nümunələrin müəllifləri əqidə qurbanlarına çevrildilər. «Ya müttəfiq, ya düşmən» siyasi şüar cəmiyyətin əsas ideologiya şüarlarından birinə çevrilir. Yeganə satirik jurnal olan «Molla Nəsrəddin» jurnalı «əski ruh və köhnə ənənələri ilə yaşadığından» sovet paradiqmasına uyğun gəlmədiyi və bu səbəbdən də bağlanılması, əvəzinə isə cəmi iki sayı işıq üzü görmüş «Allahsız» jurnalının nəşr olunması da kitabda əksini tapmışdır. 30-cu illərə aid siyasi hadisə olan represiya məhz sovet paradiqmasına sığmayan əsər və onların müəlliflərini məhv etmək məqsədi güdürdü. Bu dövrdə tarixdə ilk dəfə Azərbaycan ziyalıları və qələm sahiblərinin kütləvi həbsi və ya məhv edilməsi prosesi də guya o şəxslərin sovet ideolgiyasını və siyasətinin əleyhdarları olmaları idi.
Azərbaycan sovet ədəbiyyatı və milli mücadiləyə geniş yer vermiş Azərbaycan mühacirət ədəbiyyatları arasındakı qarşıdurmalara aydınlıq gətirən prof. B. Əhmədov «sovet ədəbiyyatına rəğmən mühacirət ədəbiyyatı fərqli və məzmun və ideyada əks» olunmasını qeyd edir. Mühacirət ədəbiyyatının siyasi təbliğat xarakterli olması mühacir olmuş ədiblərin işğala (bolşevik işğalına) qarşı etirazları ideoloji qarşıdurma kimi dəyərləndirilməlidir.
Azərbaycan sovet ədəbiyyatı və Cənubi Azərbaycan ədəbiyyatı arasında ideoloji qarşıdurmalar isə daha çox 1945-ci il 12 dekabrda yaranmış Cənubi Azərbaycan milli demokratik dövlətinin süqutundan sonra baş verir. Belə ki, Demokratik dövlətin süqutundan sonra Cənubi Azərbayan ədəbiyyatının nümayəndələri olan Əli Fitrətin, Məmmədbağır Niknamın, Cəfər Kaşifin və b. edamlarından sonra Cənubi Azərbaycan ziyalılarının Sovet Azərbaycanına mühacirəti baş verir. Bu mühacir ədiblərin (B. Azəroğlu, M. Gülgün, İ. Cəfərpur, Ə. Hüseyni, Ə. Tudə və b.) yaradıcılıqlarında xalqın birlyinə, azadlığına və istiqlalına çağırışlar səslənirdi. Bu da ki, marksizm-leninizm ideologiyasına yad idi. Sovet Azərbaycanında S.C. Pişəvərinin müəammalı ölümü onun apardığı mübarizənin Sovetləri təmin etməməsi ilə əlaqələndirən prof. B. Əhmədov haqlıdır. Cənubi Azərbaycan ədəbiyyatının sovet Azərbaycan ədəbiyyatında «özgələşməsi» prosesi də özünü göstərir. Məhəmmədhüseyn Şəhriyar kimi Cənubi Azərbaycan şairinin sovet Azərbaycan ədəbiyyatında təbliğ edilməməsi Cənubi Azərbaycan ədəbiyyatının «özgələşmə»sinə atılan addımlar idi.
B. Əhmədov Cümhurriyyət dövründə Azərbaycan ədəbiyyatının ictimai mühitin təsiri altında formalaşmasını göstərir. İstiqlalçı ədəbiyyat nümayəndələri romantizmə daha çox üstünlük verirdilər. Romantizmin görkəmli nümayəndələri (M. Hadi, A. Şaiq və b.) bu dövrdə forma baxımından mətbuatda daha çox yer tutan poeziyada mənəvi azadlıqdan doğan təəssüratların, «milli azadlıq duyğuları» ilə bərabər türkçülük, mübarizlik, milli ruh və turançılıq ideyalarının təbliğinə daha çox ədəbiyyatda ifadəsini tapmasına fikir verirdilər. Istiqlal ədəbiyyatında realizmin romantizmlə inkişaf etdiyi müşahidə edilir. Realizm özünü daha çox C. Məmmədquluzadə, A. Şaiq, C. Cabbarlı və b. yaradıcılığında büruzə verir. Dövrünün problemlərini əks etdirən yeni mövzulu realizmə aid əsərlər az da olsa yaranmaqda idi. XX yüzilin əvvəllərində ədəbiyyatın inkişafına təkan verən realizm və romantizm ədəbi məktəblərin paralel inkişaf etməsi və dövrün aktual ədəbi proseslərini özündə əks etdirməsini «Molla Nəsrəddin» və «Fyüzat» kimi jurnalların fəaliyyətlərində müşahidə edirik. «Molla Nəsrəddin» jurnalı (C. Məmmədquluzadə) ətrafında realist şair və yazıçıları, «Fyüzat» jurnalı (Ə. Hüseynzadə) romantikləri topladığını müşahidə edirik. Mollanəsrəddinçilər ədəbi dili xalqın danışıq dilinin bazası əsasında yaradılmasını, fyüzatçılar isə «orta türk dilinin formalaşdırılması ideyası»nı və «bu məsələdə Türkiyə türkcəsinin əsas götürməyi iddia edirdilər. «Molla Nəsrəddin» və «Fyüzat» kimi jurnallarda çap olunan yazıların bəzən bir-biriləri ilə təzad yaratmalarına baxmayaraq, realist və romantizmin ideya-estetik düşüncələrini əks etdirmələri baxımından maraq dairəsindədir.
XX əsrin əvvəllərində realizmlə yanaşı inkişaf edən romantizmin mürtəce və mütərəqqi olaraq iki yerə bölünməsi faktları mövcuddur. Azərbaycan sovet romantizmindən fərqli olaraq, istiqlalçı ədəbiyyatına aid yazarlar romantizmə modernist baxışları ifadə edirdilər. Bunu Ə. Hüseyzadənin, M. Hadinin, H. Cavidin, A. Səhhətin, A. Şaiqin yaradıcılıqlarında müşahidə edirik. Prof. B. Əhmədov həmçinin «Azərbaycan romantiklərin görüşlərində türkçülük, turançılıq, müasirlik ideyaları, mədəniyyətlərin sintezi, ədəbi dil və s.» yer tutmasına toxunaraq, romantiklərin əsərlərində türkçülükdən dil probleminin ayırılmasının çətin olmasını da qeyd edir. Bu da istiqlalçı romantiklərin yaradıcılıq problematikalarında turançılıq ideyasının təbliğ edilməsinə yol açır. Müəllif Azərbaycan romantiklərinin Qərbçilik ideyalarına müraciət etmələrini isə «onların bəşəriyyətçilik, dünyəvilik baxışlarından» irəli gəlməsində görürdü.
Prof. B. Əhmədov bədii cərəyan və metodların qarşıdurması probleminə xüsusi diqqət yetirir. Müəllif duzgün qeyd edir ki, klassik Azərbaycan hekayə janrına aid həyat həqiqətlərinin ümumiləşdirilməsini «realizm yaradıcılıq metoduna» yeri olamayan sosrealizm prinsiplərinin formalaşması prosesində daha çox yeni quruluşun təbliği əvəz edir. Prof. B. Əhmədov sosrealizm prinsiplərinə riayyət edən hekayələrin mövzusunun «yeni cəmiyyətdəki ailə-əxlaq problemləri, Azərbaycan qadınının ictimai həyatdakı rolu, tarixi keçmişə münasibət» olduğunu qeyd etməsi artıq bu dövrdə formalaşmış hekayələr haqqında təsəvvür yaradır. Müəllif bu hekayələrin əsasən, lirik və satirik üslublarda yazıldığını da vurğulayır.
Prof. B. Əhmədov 30-cu illər dramaturgiyasına toxunarkən, bu dövr dramaturgiyasının hibrid janrlarda formalaşmış dram əsərlərini sıxışdırıb çıxardığını, əvəzində isə yeni dramaturji təmayüllərin formalaşdığını göstərir. Müəllif «teatrda estetiçilik və formalizm»in zəflədiyini, «naturalizmə qarşı yeni cəbhə» açıldığını qeyd edir. Bu dövrdə sosialist realizminə əsaslanan dramaturgiyanın «sosialist ictimai varlığın təsvirinə» yönəldiyi də müəllif tərəfindən vurğulanır.
Prof. B. Əhmədov 40-50-ci illər Azərbaycan ədəbiyyatına toxunarkən, bu dövr Azərbaycan ədəbiyyatını «sosialist realizmi metodu çərçivəsində zorən şəxsiyyətə pərəstiş və ehkamçı baxışlar müstəvisində inkişaf» etdiyini qeyd edir. Bu dövrdə də Azərbaycan ədəbiyyatı 20-30 cu illər Azərbaycan ədəbiyyatında olduğu kimi sosialist realizm metodundan uzaq ola bilmədi.
Prof. B. Əhmədov 40-50-ci illər Azərbaycan ədəbiyyatına aid bütün janrların mövzu və problematikasının əsasını «publisistikaçılıq, plakatçılıq, çağırış və səfərbərlik ruhu» təşkil etməsini qeyd edir.
Azərbaycan sovet ədəbiyyatı Sovetlərin apardığı siyasət nəticəsində rus ədəbiyyatı və onun vasitəsi ilə Qərb mühitinə inteqrasiya etməsi yeni Azərbaycan ədəbiyyatının formalaşmasına təkan verir. Klassik, milli, Şərq, Qərb, xüsusi ilə rus ədəbiyyatı qovşağında yaranmış ədəbiyyat xalqın oyanmasına, azadlıq ruhunun təbliğinə geniş yer ayırır.
Prof.B. Əhmədov XX əsrin ortalarında bədii fikrin maarifçilər tərəfindən «bədii düşüncənin yeni mərhələsinin əsası» qoyulmasına baxmayaraq, maarifçilikdə «yeni düşüncənin Şərq kontekstində və formalarından ayrıla» bilmədiyini göstərir. M.F. Axundzadənin isə öz yaradıcılığı ilə Qərb kontekstinə daxil olduğu vurğulanır. Milli mədəniyyətin tərəqqisini Qərb mədəniyyəti ilə qovuşuğunda görən M.F. Axundzadənin komediyalarında «milli mənlik şüuru» inikasında maarifçiliyi təbliğ etməsi, sonrakı yaradıcılığında isə «Şərq sərhədlərini aşaraq» yenilik gətirən ədib kimi təqdim edilir. Qərbsayağı mədəniyyətin əsasını qoyan A.F. Axundzadənin bu fəaliyyəti, «Avropa siyasi, elmi, mədəni təfəkkürünnün mənimsənilməsi prosesini H. Zərdabi, S.Ə. Şirvani, N. Vəzirov və b.» yaradıcılıqlarında təşəkkül tapması özünü göstərir. Şərq və Qərb mədəniyyətlərinin qovşağında, həmçinin qarşıdurmasında «qlobal düşüncədən lokal düşüncəyə, müsəlmançılıqdan millətçiliyə keçid dövrü» özünü göstərirdi.
«Monoton poeziyanın yerini problematika çoxşaxəliyinin» tutmasını iddia edən prof. B. Əhmədvov Sovet Azərbaycan ədəbiyyatı poeziyasında ictimai lirikaya marağın artması ilə bədii dəyər, sənət və sənətkarlıq meyarları yeni məzmun qazandığını vurğulayır. Prof. B. Əhmədov 30-cu illər Azərbaycan poeziyası üçün başlıca meyarları aktuallığı, müasirliyi əsas götürərək bu dövr poeziyasının inkişaf istiaqmətinin üç yolla formalaşdığını göstərir:
«1. Lirika və onun fərdi təzahür formaları;
2. Sərbəst şeirin təşəkkül problemləri;
3. Epik poeziya; poema janrı və onun imkanları.»
Maraqlı faktdır ki, prof. B. Əhmədov sərbəst şeirin təşəkkülü tarixi ətrafında gedən mübahisələrə aydınlıq gətirir. Müəllif sərbəst şeirin yaranması, özünütəsdiqi və inkşafını qətiyyətlə 20-ci illərin ortalarna (XX əsrin –S.Ş.) təsadüf etdiyini qeyd edir: «İsmayıl Hikmət, Əli Nazim, Milayıl Rəfilinin yaradıcılığında sərbəst şeir özünün ilk yaranma və formalaşma, Nazim Hikmətdə isə özünütəsdiq mərhələsini yaşayır.»
Prof. B. Əhmədov tərəfindən XX əsr Mühacirət ədəbiyyatının mərhələlərə bölünməsi maraq doğurur. Belə ki, müəllif Azərbaycan mühacirətini mərhələ və problemlər baxımından belə müəyyənləşdirir: 1) əsrin əvvəllərindən sovetlərə qədərki dövr; 2) Sovetlər zamanından II Dünya müharibəsinə qədər; 3) II Dünya müharibəsindən 50-ci illərin ortalarına qədər; 4) 60-cı illərdən 80-ci illərin sonuna qədərki dövr. Mühacirət ədəbiyyatının nümayəndələrinin (Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi ziyalılar Azərbaycanı tərk etməyə məcbur olmuş, təqib olunduqlarından fəaliyyətlərini mühacirlikdə davam etdirən) mühacirətdə yaranmış ədəbiyyatla Sovet Azərbaycan ədəbiyyatını bir-birilərinə qarşı qoymadıqlarını, hər iki ədəbiyyatı «eyni ədəbiyyatın tərkib hissəsi kimi» qəbul etmələri də kitabda əksini tapmışdır. Kitabda Mühacirət ədəbiyyatının bir qolunu təşkil edən və məhdud dairədə siyasi proseslərlə bağlı yaranıb yayılmış legion ədəbiyyatına toxunulmuşdur. Prof. B. Əhmədov legion ədəbiyyatını «siyasi mühacirət dünyagörüşünün bədii əksetdirilməsi hesab» edir. Onun mühacirətn nəzəri-ideoloji düşüncəsindən qaynaqlandığını da qeyd edir. Legion ədəbiyyatının daha çox «Ana, Vətən, Millət» üçlüyünü ehtiva etməsi də prof. B. Əhmədov tərəfindən qeyd edilir.
Azərbaycan Sovet ədəbiyyatından fərqli olaraq, Azərbaycan mühacirət ədəbiyyatında istiqlalçılıq, cümhuriyyətçilik ideyaları təbliğ edilirdi. Bu amillər marksizm-leninzm - sol radikal sosialist ideologiyasını təbliğ edən dövlətin məramnaməsi ilə uyğun gəlmirdi. Prof. B. Əhmədov bu amili belə dəyərləndirirdi: «sovet ədəbiyyatına rəğmən mühacirət ədəbiyyatı fərqli məzmun və ideyada əks olunmuşdu». Müəllif Azərbaycan sovet ədəbiyyatı və Azərbaycan mühacirət ədəbiyyatının bir-birilərinə təsir etmədikləri amilinə toxunmuşdur. Bunu əsas səbəbi isə, müəllif tərəfindən Azərbaycan mühacirət ədəbiyyatının milli coğrafiyadan kənar olması ilə əlaqələndirir. Müəllif qeyd edir ki, cofrafi məkan maneəsinə baxmayaraq. Azərbaycan mühacirət ədəbiyyatının Azərbaycan sovet ədəbiyyatını daim izlədiyini və «əsərləri təhlil edərkən ideoloji baryerdən yüksəkdə durararq tarixi konteksti nəzərə almışlar.»
Prof. Bədirxan Əhmədovun müəllif olduğu üç cildlik «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» adlı kitabının I və II cildlərində ədəbiyyat tarixi məsələləri, ideoloji və ədəbi problemləri yeni təfəkkür tərzi prizmasından tədqiq edilir.
Kitabda eyni zamanda ədəbiyyat nəzəriyyəsi problemlərinə toxunulması diqqəti cəlb edir. Məsələn, kitabda poema janrı və onun imkanları haqqında geniş məlumat verilməsi ilə yanaşı bu janrın ədəbiyyatda işlənməsi və ona xas xüsusiyyətlər açıqlanır. Müəllif tərəfindən bu janrın 40-50-ci illərdə də aparıcı yer tutması və bu janrın daha çox özünü sovet ədəbiyyatında təsdiq etməsi və tanıtması müəllif tərəfindən vurğulanır. Bu dövrün nəsr problematikasına toxunan prof. B. Əhmədov onun «mövzu, problematika, süjet, kompozisiya, xarakter, dil, üslub, bədii təsvir zənginliyi baxımından xeyli dəyişmiş və təkmilləşmiş» olduğunu qeyd edir. «Fiziki, həm də mənəvi-psixoloji itkilərlə» formalaşmağa başlayan 40-50-ci illər dramaturgiyasını prof. B. Əhmədov mövzu və problematika baxımından iki cür səciyyələndirir: tarixilik və müasirlik. 20-50-ci illər Cənubi Azərbaycan ədəbiyyatında poeziyanın aparıcı janra çevrilməsini, Cənubi Azərbaycan romanının banisi Nirzə Əbdülrəhim Təbrizinin yaradıclığının davam etməməsinin səbəbini roman janrının «bəlli mövqe» tutmaması ilə əlaqələndirir. Azərbaycan romantizmini dünya romantizminin tipoloji ənənəsi kimi meydana gəlməsi və onların yaradıcılığında maarifçilik ideyalarının əsas yer tutması kitabda əksini tapmışdır.
Prof. B. Əhmədova «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» adlı kitabın hazırlanması üçün minnətdarlıq bildirmək istəyərdim. Prof. B. Əhmədov bu kitabda məhz XIX əsrin sonları və XX əsrin ortalarını əhatə edən Azərbayan ədəbiyyatının ensiklopedik mənzərəsini yarada bilmişdir. Belə zəngin bir kitabın yazılması xeyli zəhmət və vaxt tələb etməsi gizlin deyil. Üç cildlik «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» adlı kitabın I və II cildləri müəllifin gərgin əməyinin məhsuludur.
Prof. B. Əhmədovun «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» adlı kitabında əldə etdiyi elmi nəticələr müasir müasir ədəbi prosesin təhlil və tədqiqi üçün xüsusi əhəmiyyət kəsb edir. Üç cildlik «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» adlı kitabının I və II cildləri artıq ictimaiyyətə çatdırılıb. Çap olunmuş cildlərin Azərbaycan ədəbiyyatı üçün olan əhəmiyyət və dəyərini nəzərə alıb, kitabın III cildinin tezliklə çap edilməsini və bu cilddə sovet və postsovet dövrlərinin əksini tapmasını arzu edərdik.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: