Əziz qardaşım Yavər!..
Günay Səma ilə müsahibəni
oxudum. Çox şad oldum.
Sözün əsl mənasında gözəldir...
Müsahibədə 28 il əvvəl Tiflisdə
Poeziya günündə birlikdə
çəkdirdiyimiz şəkli gördükdə isə
bir anlıq o illərə qayıtdım və
bir-birindən şirin,
maraqlı və mənalı
tələbəlik illərimizi xatırladım...
Var ol, qardaşım!...
Sənə uzun ömür,
möhkəm cansaqlığı,
şəxsi həyatında və
yaradıcılıq fəaliyyətində
yeni-yeni uğurlar arzulayıram!..
Ən əsası, gün o gün olsun ki,
biz səninlə Sənin dünyaya
göz açdığın və "Dünyanın
ən gözəl kəndi" adlandırdığın
Qubadlının Dəmirçilər kəndində
görüşək...
Günay Səma ilə müsahibəni
oxudum. Çox şad oldum.
Sözün əsl mənasında gözəldir...
Müsahibədə 28 il əvvəl Tiflisdə
Poeziya günündə birlikdə
çəkdirdiyimiz şəkli gördükdə isə
bir anlıq o illərə qayıtdım və
bir-birindən şirin,
maraqlı və mənalı
tələbəlik illərimizi xatırladım...
Var ol, qardaşım!...
Sənə uzun ömür,
möhkəm cansaqlığı,
şəxsi həyatında və
yaradıcılıq fəaliyyətində
yeni-yeni uğurlar arzulayıram!..
Ən əsası, gün o gün olsun ki,
biz səninlə Sənin dünyaya
göz açdığın və "Dünyanın
ən gözəl kəndi" adlandırdığın
Qubadlının Dəmirçilər kəndində
görüşək...
Müşfiq BORÇALI.
Günay Səma Şirvanla «VİRTUAL QONAQ” (layihə)
Yavər HƏSƏN: İŞIĞIN QƏBRİ YOXDU…
Yavər HƏSƏN: İŞIĞIN QƏBRİ YOXDU…
─ Kultur.az-ın “Virtual qonaq” layihəsində xoş gördük, Yavər bəy! İlk sual adətən ənənəvi olur,─ Özünütəqdim!
─ Xoş gün sahibi olasınız, Günay xanım! Sözün açığı, mən özüm haqqında danışmağı xoşlamayan adamam. Müəyyən tarixləri sadalamaq ürəyimcə deyil. Onsuz da, Şair öz şeirlərində hər dəqiqəbaşı özü haqqında danışır…
1960-cı ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşam. Hansı ayda, hansı gündə anadan olduğumu demirəm, çünki pasportumda yazılan günlə doğulduğum gün arasında, təxminən, 4 ay fərq var. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm.
Hal-hazırda Moskvada yaşayıram.
─ Deyirlər, nə qədər böyüsən də ömrünün ilk 20 ili həyatının ən çox yaşanmış hissəsidir. Yavər Həsən uşaqlıq və erkən gəncliyinə hansı hisslərlə qayıdır: “Geriyə baxma, qoca!”, yoxsa “Ötən günlərimi qaytaraydılar?..”
─ Əvvəla, onu deyim ki, “Geriyə baxma, qoca!” deyimi mənim üçün deyil! Mən indiyə qədər çiyinlərimdə ömrün yaş yükünü hiss etməmişəm və yəqin ki, hiss etməyəcəyəm də! Məşhur bir deyim var: “Özünü hansı yaşda hiss eləyirsənsə, o yaşdasan.” Məndən yaşımı soruşanlara həmişə eyni cavabım olur: “Dünən on yeddi yarım idi, bu gün bilmirəm!” Evin tək uşağı olmuşam. Atadan bir, anadan ayrı bacı-qardaşlarımla mənim aramda yaş fərqi çoxdu. Ərköyün böyüdüblər məni. İlk öyrəndiyim sözlər, yəqin ki, söyüşlər olub. Uşaqlıqda söyüş planını artıqlaması ilə doldurmuşam…(gülür)
Bəxtim onda gətirib ki, Dəmirçilər kəndində anadan olmuşam. Dünyada ikinci elə gözəl bir yer, elə bilirəm ki, yoxdu ─ həm təbiətinə, həm də adamlarına görə. Orta məktəbdə ə’laçı olmuşam. Bütün fənləri eyni maraqla oxumuşam. Məktəbdəki sözəbaxmazlığımı ə’la oxumağıma bağışlayıblar. Filoloq olmaq, yatsam, yuxuma da girməzdi, gəldim filoloq oldum…
“Ötən günlərimi qaytaraydılar…” Bu hissi hamı keçirir. Ancaq mənim bildiyim budur ki, ötən günlərimi qaytarsalar, o günləri başqa cür yaşaya bilməzdim… “Ötən günlərimi qaytaraydılar…” Atamın, anamın üzünü bir də görəydim, başqa heç nə!..
─ Zaman ilğım kimi keçir. Elə bil yaşamağa, yaradıcılığa, yaratmağa dünən başlamısan… Amma bir də baxırsan ki, arxandan az illər boy göstərmir…
İlin adamı, əsrin adamı kimi titullar müəyyənləşdirildiyi bir zamanda iki əsrin, iki fərqli quruluşun iştirakçısı olan Yavər Həsən özünü daha çox hansı əsrin adamı kimi hiss edir?
─ Zaman tez keçir, razıyam… Və elə tez keçir ki, görünmür. Ötən əsr mənim dünyaya gəldiyim, az-çox özümü dərk elədiyim, ədəbiyyatı tanıdığım əsrdi. Ötən quruluş mənə təhsil verən quruluşdu. Nə o quruluş ideal idi, nə də bu quruluş idealdı… Mən özümü keçən əsrin adamı kimi hiss eləmirəm. Təvazökarlıqdan uzaq görünsə də, deyim ki, mən özümü XXI və XXI-dən sonrakı, bəşəriyyətin yaşayacağı bütün əsrlərin adamı hesab eləyirəm. Qoy kimsə mənim bu fikrimə öz arşınıyla yanaşmasın. İnsanı özündən yaxşı heç kim tanınır. Allaha isə hər şey Gün kimi aydındı!..
─ Hanı o gül məmləkətim?
Sovurur kul məmləkətim.
Mənim könül məmləkətim,
Ev-ev, koma-koma yağış…
─ Dünyanın ən gözəl kəndində (Dəmirçilər kəndində) doğulan və böyüyən, bütün gözəllikləri gözünə və könlünə yığan, qarayanız, arıq, sısqa oğlanın Şeirə, Sözə, Ədəbiyyata gəlişi necə başladı?
─ Qarayanızlıq, doğru deyirsiniz, mənim cismani rəngimdi. Arıqlıq bizim nəslin, istər ana tərəfdən, istərsə də ata tərəfdən, bədən quruluşuna xas olan xüsusiyyətdi. Bizim nəsildə kök adam yoxdu. Qaldı sısqalıq. Mən bu fikirlə razı deyiləm. Mənim boyum orta boydu, ─ “Qızıl orta!” Torpağı sanı yaşayım ( təbəssüm), Stalinin yaddaşlarda özünə yer tutmuş məşhur boy ölçüsüylə bir ölçüdə!
Mənim Şeirə, Sözə, Ədəbiyyata gəlişimdə, konkret olaraq, Qubadlının Söz adamlarından heç kimin tə’siri olmayıb. 5-ci, 6-cı siniflərdə oxuduğum dövrlərdə yaşıma uyğun olmayan qalın-qalın romanlar oxuyurdum. Əyyub Abasovun 2 cildlik məşhur “Zəngəzur” romanını uca səslə bütövlükdə oxumuşam, evdə qulaq asıblar. Kəndimizdə Məlik əmi var idi ─ Azərbaycan nağıl və dastanlarının canlı, gəzəri ensiklopediyası. Şirin nağıl danışmağı vardı. O zamanlar, mən lap balaca olduğum dövrlərdə, heç bir evdə televizor yox idi. Radio da yadıma gəlmir. Hər axşam tərəfi kəndin kişiləri toplaşardı, kəndimizin böyük məscidi var idi, (Sovet höküməti dövründə həmin məscidi kolxozun anbarı eləmişdilər) onun divarının böyrünə. Və yaxud da o zaman, evlər dam evləri idi, kiminsə damının üstünə. Və həmin Məlik əmi hər axşam şirin-şirin nağıl danışardı. Atam da (DƏDƏM də) hər gün o dinləyicilər arasında olardı. Eşitdiklərini hər axşam mənə danışardı. Mənim demək olar ki, nağılsız günüm olmayıb. Mən o 5-ci, 6-cı siniflərdə oxuduğum dövrlərdə, yaşıma uyğun olmayan qalın-qalın romanları oxuduğum zaman heç kim mənə “Oxu!” demirdi. Əksinə, qohumlardan valideynlərimə deyirdilər ki, qoymayın elə şeylər oxusun, başı xarab olacaq. Evdə də mənə həmişə deyirdilər ki, “a bala, az oxu, başın xarab olar, mağmın günə qalarıq.” O qədər dedilər, dedilər, Seyfəddin Dağlının “Bahar oğlu” romanını yarısına qədər oxuyub, dayandım. Azərbaycan nağıllarını, dastanlarını, Cəmşid Əmirovun “Qara Volqa”, “Brilyant məsələsi”, “Cəbhədən-cəbhəyə” romanlarını, Süleyman Rəhimovun əsərlərini, Cek Londonun əsərlərini, Viktor Hüqonu və s. və i. əsərləri o dövrdə oxumuşam. Kitabxanam qonum-qonşuların kitabları idi. Sağ olsunlar, heç kim məndən kitab əsirgəmirdi. Özüm də hər rayona gedəndə kitab mağazasından yeni kitablar almamış evə dönməzdim. Düz deyirmişlər. Oxudum, oxudum, axırda “başım xarab oldu”, şeir yazmağa başladım…
İlk dəfə 7-ci sinifdə oxuyanda, ədəbiyyat kitabımızda Nizaminin “Sirlər xəzinəsi”ndən “Xeyir və Şər” dastanı özünə yer almışdı, onu keçəndən sonra mən də o dastana uyğun, nəzirəfason bir şey yazmışdım, özüm üçün. 8-ci sinifdə ki, Həsənoğlunu keçməyə başladıq, Füzulini öyrənməyə üz tutduq, mən başladım qəzəllərin altındakı ərəb-fars sözlərini, izafət tərkiblərini öyrənib özüm üçün qəzəl yazmağa.
Mənim bir xalam oğlu var ─ Yaşar Hüseynalıyev! Öz gücünə oxuyub, öz gücünə müdafiə eləyib, fizika üzrə alimdi, çox iste’dadlı fizikdi. Amma lirikliyi yoxdu! Məndən bir yaş balacadı. Sumqayıt şəhərinin yetişdirməsidi. Kəndə gəlmişdi. “Qəzəllər”dən oxudum, dedi ki, “xaloğlu, hələ bir az da qəliz yaz, qoy sənin də qəzəllərinin altında sözlərin izahını versinlər.”
Yazdığım “qəzəllər”in dili Həsənoğlunun məşhur qəzəlinin dilindən bir az da ağır idi ha!.. 9-cu, 10-cu siniflərdə heç nə yazmamışam.
Orta məktəbi 1977-də bitirmişəm. 1979-cu ildə yazdığım şeiri ilk şeirim hesab edirəm. O şeir heç bir yerdə çap olunmayıb, əlyazması yoxdu, yaddaşımdadı. Heç kimə demərəm, çünki çox zəif bir şeydi. Amma yazılma tarixi güclüdü. Təsəvvür eləyin, kətilin üstündə oturmuşam. Heç nə fikirləşmirəm. Sabah 8 Mart günüdü. Oturduğum yerdə birdən-birə beynimə ana haqqında şeir gəlir. O yazan, bu yazan, indiyə kimi yazıram. Yazmaq istəsəm də, yazıram, yazmaq istəməsəm də.
İlk şeirim 1982-ci ildə Qubadlı rayonunun “Avanqard” qəzetində çap olunub. Yavər Həsənov imzasıyla. Mən şeiri təqdim edəndə müəllifin imzasını Yavər Həsən yazmışdım. Yavər Həsən redaksiya işçilərinin nəzərində böyük səsləndiyindən, götürüb imzamı Yavər Həsənov eləmişdilər. Sonralar Universitet illərində Universitetin “Lenin tərbiyəsi uğrunda” qəzeti var idi, orda çap olunmuşam, təkrar-təkrar “Avanqard” çap eləyib.
Respublika mətbuatına yolum “Gənclik” jurnalından başlayıb. 1990-cı ildə Məmməd İsmayılın özü şeirlərimdən seçib çap eləyib. Mart nömrəsində, bərli-bəzəkli Novruz naxışları olan nömrədə. Ondan sonra “Ulduz”da, “Azərbaycan”da “Azərbaycan” poeziya almanaxında, “Elm və Həyat”da, Tərcümə Mərkəzinin o zaman təzə çıxmağa başlayan “Yol” qəzetində “Sovet kəndi”ndə və s. və i. mətbu orqanlarında. Respublika radiosunda dəfələrlə çıxışlarım olub. Şeirlərim dəfələrlə “Poeziya dəqiqələri”ndə, “Xalq yaradıcılığı, – Bulaq”da səsləndirilib. O vaxt Respublika radiosunun Ədəbi-Dram Verilişləri Baş Redaksiyasının baş redaktoru Mailə xanım Muradxanlı idi. Allah rəhmət eləsin, əvəzsiz, təkrarsiz, səmimi, mehriban, gözəl bir insan idi. Onun sayəsində, Pespublika radiosunu öz evimiz bilirdim. Nə vaxt istəsəydim, radioya çıxışım vardı.
Respublika televiziyasında da çəkilişlərdə olmuşam. İndi gözdən uzaq, könüldən irağam!..
─ Filoloq olmaq ağlınıza gəlməzdi, amma BDU-nun Filologiya fakultəsini bitirdiniz…
Şeir yazmaq istəsəniz də, istəməsəniz də yazılır.
… Belə görünür ki, həyatınızda bir şeylər bəzən istəmədən baş verir.
Azərbaycandan uzaqlara necə oldu düşdünüz?
─ Heç bir insanın ağlı kamil deyil. İnsanın ağlı kamil olsa, o, Allah olar! Kainatın bir Allahı var, ikinci Allaha ehtiyac yoxdu!.. Biri var, bizim seçdiyimiz, biri də var, bizim üçün seçilən! Birini sevirsən və elə bilirsən ki, onsuz yaşaya bilməzsən. Zaman keçir, qismətində olmadığından o adamdan ayrılmalı olursan. Tale qarşına qismətində olanı çıxarır. Dönüb əvvəlki özünə baxanda, özünün əvvəlki özünə gülməyin gəlir.
Qəlbin Allaha bağlı olsa, Allah sənin istədiklərindən gözəl olanlarını qarşına çıxaracaq. İnsanın bildiklərinin 99 faizi bilmədikləridi. Bilən bizə Yar olsun!
Şairlik Taledi. Yaşamaq istəsən də, yaşamaq istəməsən də, o Taleni yaşamağa məhkumsan!.. Azərbaycandan uzağa mən onda düşdüm ki, Arximedin dediyi “Dayaq Nöqtəsi” – kəndimiz əlimizdən alındı! İnsanın olub-qalanları əlindən gedəndə bu kor cəmiyyət üçün gərəksiz olur. Doğmaların soyuqluğu olan yerdə yadların soyuqluğu öz tə’sir qüvvəsini itirir!
Bir də, yad mühitdə doğma dərdi gizlətmək asandı.
Bir də ki, Nəsimi demişkən: “Dünya duracaq yer deyil!..”
─ Nədənsə, bəzi gənclər arasında son zamanlar belə bir tendensiya yayılıb ki, mütaliə etmədən, oxumadan da yazıb yaratmaq olar. Mütaliəyə münasibətiniz? Sizcə Ədəbi zövq necə formalaır?
─ Mütaliəsiz Ədəbi mətn yox, cəfəngiyyat yazmaq olar. Necə ki, yazırlar da. 10930121_687551718030592_6580404865985062730_n
Mən bir məsələni müşahidə eləmişəm. Səviyyəsiz, ədəbsiz yazıları yazanlara dəstək verənlər çoxdu. Bu, düşünülmüş şəkildə xalqın əxlaqını pozmağa, zövqünü korlamağa yönəldilmiş məkrli düşmən siyasətidi. Elələri üzdə Azadlıqdan danışır, Demokratiya pərdəsi arxasında gizlənirlər. Amma işin mahiyyətinə varsan, onlar Demokratiya və Azadlıq pərdəsi arxasında gizlənmiş “Xalq düşmənləri”di! Xalqın mənəviyyatına zərbə vuranların başqa adları yoxdu ki!.. Və çox qəribədi ki, cinayətkar ünsürlər bir-birləriylə tezbazar dil tapıb birləşdiyi kimi, o cəfəngiyyatbazlar da elə qəşəng qruplaşırlar ki! Hazırlıqsız oxucu hər döngədə öz qrupları tərəfindən tə’riflənən elələrinin adlarını eşitdikdə həqiqi ədəbiyyatın izini itirir… Elə yalançı tə’riflərə aldanıb həqiqi ədəbiyyatdan gen düşməmək üçün kitab oxumaq lazımdı! Çox kitab! Həddən artıq çox kitab! Özü də dədə-babadan adət elədiyimiz kitabları! Kağızın iyini, mətbəə şriftlərinin qoxusunu ciyərlərinə çəkə-çəkə! Həzz ala-ala! O zaman ədəbi zövq öz-özünə formalaşacaq. Naəlac qaldıqda elektron kitablardan istifadə etmək olar. Çünki hər lazım olan kitabı nə tapmaq olur, nə də almaq!.. Əsas odur ki, oxuyasan! Həm də təkcə öz dilində, öz ölkənin müəlliflərini deyil, başqa dildə və ya dillərdə başqa ölkələrin müəlliflərini də. Ədəbiyyata aid olan kitablarla bərabər, elmin başqa sahələrinə aid olan kitabları da. Hansı sahəyə aid kitab oxusan, yaradıcılıqda köməyinə gələcək! Əfsuslar olsun ki, bizim millət kababa verdiyi pulu kitaba verməyə qıymır!..
─ Qürbət ölkə, Vətən dərdi
Cismimdən canımı dərdi.
Oxudun, yaram qan verdi,
Oxuma, bülbül, yazığam… ─ deyən Şair üçün Qürbətdən görünən Vətən necədir?
─ Qürbətdən Vətənə internet səhifəsindən baxdıqda, Vətəni dadsız-duzsuz, düşük və əttökən (ifadəyə görə üzrlər) şou proqramlar içərisində boğulan bir zavallı kimi görürəm…
Sosial şəbəkələrin imkanları hərənin əlinə bir dilsiz-ağızsız klaviatura verib. Qanan da yazır, qanmayan da!.. Guya ki, başqa bir sənət növü yoxdu!
Oxuduğum internet materiallarından mənə mə’lumdu ki, ölkədə siyası sabitlikdən əsər-əlamət gözə dəymir! Bunu da deyim ki, indi dünyanın, demək olar ki, heç bir ölkəsində siyasi sabitlik bərqərar deyil! Amma mən bundan narahat deyiləm! Tofiq Fikrət demişkən:
Zülmün topu var, gülləsi var, qəl’əsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır!
Respublikada həyat tərzi ürək bulandırır! Bu tərəfdən də şou proqramların dedi-qodu, çal oynasın, vur çatlasın yüngüllüyü! Mə’lun şeytanın şərindən Allaha sığınıram!
Mən fikrən və ruhən həmişə Vətəndəyəm. Amma şəhərdə çox qalmıram.
Kəndimiz məni çəkir. Burda otura-otura ayaqlarım kəndimizin yollarını, cığırlarını gəzməkdən qabar bağlayıb. Kəndin günçıxanında da, günbatanında da bizim gözəl bağımız var idi.
Evimiz isə kəndin düz ortasında. Gah evə gedirəm, gah bağlara.
Dilləşmədiyim ağac, dərdləşmədiyim kol-kos, dərmədiyim, qoxlamadığım bağ gülü, dağ çiçəyi qalmayıb!.. Nə isə!..
─ Dilləşdiyiniz ağac, dərdləşdiyiniz kol-kos, dərdiyiniz, qoxladığınız bağ gülü, dağ çiçəyi Sizə nələr danışır? Axı onlar da qürbətdədirlər…. Vətəndə vətənsiz qalan yurd yeri Və vətənsiz Vətəndə şair… “Nə isə!..” ─ desəniz də, bu söz o tablonun ağırlığına tab gətirmir axı!..
─ Dilləşdiyim ağac, dərdləşdiyim kol-kos, dərdiyim, qoxladığım bağ gülü, dağ çiçəyi elsiz qalan Yurdumun ağrılarıdı. Mən ağrımı ağrıyla kiridirəm… Mənim Vətəndə Vətənsiz qalan həmin əzabkeşlərim Vətəndə Vətənsiz qalan Yurdumun sükut dilidi. Onların özləri yox, həsrətdən qabar bağlamış baxışları, qubarlanmış ətirləri danışır.
O gülllərdə, o çiçəklərdə dünyasını dəyişmiş anamın (NƏNƏmin) qonur gözlərinin qürub qəribliyi var. O qürub qəribliyi Qibləmdi! Mən orda özümə qayıdıram…
O, ─ Yurda möhürlənmiş təbiət gözəlliyi atamın (DƏDƏmin) kölgəsindən qalan nişanələrdi. Mənim ruhum o müqəddəs kölgənin nişanələrində işıqlanır!.. O təbiət məni zəmanənin çirkabından uzaqlaşdırır. Mən o əzabkeşlərimdə duruluram!.. Dünyada o dilsizlərdən dilli-dilavər heç nə yoxdu!.. Yenə də, nə isə!..
─ Ədəbiyyat tariximizə nəzər salsaq, ötən minilliyin 3 böyük şairi: Nizami, Füzuli, və Vaqifin timsalında (Nəsimi ayrıca səhifədir. Ona toxunmuram) insan düşüncəsində (buna iqtisadi-sosial amillər də təsir edib təbii) gedən tənəzzülün şahidi olarıq. Baxın, Nizamidəki optimizm həyatsevərlik, həcmcə nəhənglik Füzulidə kədər, pessimizmlə əvəz olunur. Vaqifdə isə sələflərində Göyə qaldırılan İlahi eşq birmənalı şəkildə yerə endirilir.
Sizcə, Azərbaycan ədəbiyyatında bu gün vəziyyət necədir: tənəzzül daha çoxdur, ya tərəqqi?
─ Ötən minillik ədəbiyyat tariximizdəki Nəsimi zirvəmizi unutmaq olmaz. Nəsimi şəxsiyyətiylə də, həyatıyla da, yaradıcılığıyla da nümunədi! Nəsimidə Azərbaycan əruzu tam formalaşıb!
Nizami də, Füzuli də nəhəng Şairlərdi. Amma fərqli Şairlərdi. Nizaminin öz yolu var, Füzulinin öz yolu. Hər ikisinin yolu müqəddəs yoldu. Böyük sənətin yoludu! Füzulidə pessimizm yoxdu! “Ya Rəb, bəlayi-Eşq ilə qıl aşina məni!” deyən bir Şair pessimist ola bilməz!
Kaş, Nizaminin türk divanı günümüzə gəlib çataydı!..
Füzulinin tərənnüm elədiyi Eşqdir! Hər şeyi özündə ehtiva eləyən Eşq, ─ Allah!
Vaqifin tərənnüm elədiyi məhəbbətdi, bir cinsin başqa bir çinsə olan məhəbbəti.
Füzulinin Eşqi ilə Vaqifin məhəbbəti arasında Yerlə-Göy qədər fərq var!
Vaqif əruz ustası deyil. Hecaçıdı. Dilimzə verdiyi töhfə hecadı.
Çox işlədirlər ─ Vaqifin şirin dili! Guya ki, Füzulinin dilində şirinlik yoxdu!..
Füzuli də lazımdı, Vaqif də!
Füzuli aristokrat təfəkkürlü adamların Şairidi, Vaqif kütlə Şairidi! Başqa cür desək, biri muğamdı, biri toy mahnısı! Füzulinin öz yeri var, Vaqifin öz yeri!
Azərbaycan ədəbiyyatında bugünkü vəziyyət həmişəki kimidi! Bütün dövlərdə bir Şair və ya Yazıçıya ən aşağısı yüz cızma-qaraçı düşüb. Bir əsrdə yüz dahi yetişmir ki!.. Hər əsrə dahiliyin öz limiti olur! Narahat olmağa dəyməz, Sabir deyəndi:
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.
Azərbaycan ədəbiyyatında tərəqqi də var, tənəzzül də. Amma qalibiyyət son nəticədə tərəqqinin tərəfindədi. Çünki aləmləri idarə eləyən Qüvvənin Özü Tərəqqidi, tənəzzül deyi!
─ Yavər Həsən yaradıcılığı biryönlü, birrəngli, monoton şair deyil. İstər gələnəksəl heca, istər modern sərbəst, istər klassik qəzəl, istərsə də könül aləmini əks etdirən lirik şeirlər mövzu məhdudiyyəti tanımırlar. Şeirləriniz bütöv, komleks münasibətin nəticəsi kimi oxucunu düşünməyə, narahat olmağa, sevməyə, “düşdüyü yerdə Vətən olmağa”, “eşq adlı dərmandan” tutiyalanıb yaşamağa səsləyir. Elə bir mövzu, ideya olubmu ki, reallaşması, işlənməsi, yaşam hüququ qazanması baş tutmayıb?
─ Şeir formadan yuxarıdı. Elə buna görə də, şeirin bütün növləri mənimçün əzizdi. Eyni ritm üstündə nə qədər oxumaq olar? Hərdən ritmi dəyişmək lazımdı! Özümdən asılı deyil, bir də görürsən ki, ürəyim gəyaylıya kökləndi. Başlayıram gəraylı yazmağa. Gəraylı məni yorur, keçirəm qəzələ. Qəzəl yorur, keçirəm sərbəst şeirə, ağ şeirə və s. Düz buyurursunuz, mənim üçün ögey olan şeir növü mövcud deyil. Şairlər də eləcə! Ürəyi mənim ürəyimlə həmahəng döyünən şair mənim əzizimdi! Hansı ideyanı, fikri düşünürəmsə, o ideya, o fikir şeirdə avtomatik olaraq öz əksini tapır. Yazıb tamamlamadığım yazılar var. Həmin yazıların hələ yarımçıq olmasının səbəbi, vaxt qıtlığı və hövsələsizliyimdi. Şeirə nə var ki?! Başladınsa, qurtaracaq. Şeir bir ağız oxumaq kimi bir şeydi. İri həcmli yazılar isə oturmaq tələb edir. Gərək oturub yazasan. Hər gün bir qədər. Mən müəyyən bir qrafikə tabe ola bilmirəm. Ancaq bu səbəbdən müəyyən yazılarım hələ tamamlanmamış yazılardı.
─ Yaradıcılığınızda bədii forma axtarışının uğurlu nümunələrini görürük. Məsələn, Tankalar.(Biliik ki, tanka 31 hecalı, 5 sətirli yapon şeir şəklidir. Tarixi IX-X əsrlərə gedən bu qədim şeir forması “köklərinin insan ürəyində olması” ilə poeziyada fərqləndirirlir.)
Ta Sənə məktub
yazmağa halım yoxdu.
Yazdıqlarıma
ölü məktubları de,
özündən uzaqlaşdır.
və ya
Gecə kövrəkdi,
əl vursan, çiliklənər.
Bax bu səbəbdən,
Sənsizlik şəhərində
yuxu kimi gəzirəm.
Və Yaxud hokkular. (hayku) Hokkular da 17 hecalıq, 3 misralıq yapon şeir şəklidir. İstər hokkuda, istərsə də tankada qafiyə rol oynamır. Və siz də çox gözəl nümunələrini yaratmısınız:
Sənə nə deyim? —
Bütün sözlər deyilib.
Susuram, dinlə!
***
Mənim qollarım
qucaq ola bilmədi,
heç özümə də.
Bizim diqqətimizi çəkən bu kiçik şeir formasında qəlibə riayət olunmasıdır. Belə ki, tankalarda 5-7-5-7-7, Hokkularda isə 5-7-5 heca sayını saxlaya bilirsiniz. Bəzən oxucuya elə gəlir ki, Yavər Həsən qələmində ən antipoetik forma belə bir himə bənddir ki, yeni poetik forma alsın. Uğurunuzun sirri nədədir?
─ Antipoetik forma yoxdu, antipoetik düşüncə tərzi, deyim tərzi var! Adi nəsr cümlələriylə də şeir yazmaq olar. Amma belə halda şeiriyyət cümlədəki sözləri elə bürüyüb, elə bir poeziya yaratmalıdır ki, yazılan mətnin poeziya nümunəsi olmasına şübhə yeri qalmasın. Poeziya ruhun gözüylə görüb, ruhun diliylə danışmaqdır! Bu görmə, bu danışma harda varsa, orda poeziya var. Məşhur yapon şeir formaları hokku (hayku) və tanka insana qəfəsdə dünya yaratmaq bacarığı aşılayır. Sözügedən şeir formalarında şeir yazmaq sözün qabığını tullayıb, özəyini saxlamaqdı. Mən yapon şeir formalarından istifadə etdikdə, hər şeyə yapon gözüylə baxmaq istəyirəm. Öz xalqıma məxsusluğumu itirməmək şərtiylə. Mənim əgər hər hansı bir uğurum varsa, bu, uşaq kimi hər şeyə maraq göstərməyimlə bağlıdır.
─ Yavər Həsən poeziyasında irfani ruhu ilə diqqət çəkən şeirlər də üstünlük təşkil edir:
Yol başladım, — ürfan yolu,
kimdi mənnən gedən, gəlsin!
Ruhunu alsın yanına,
evdə qalsın bədən, gəlsin!
Ya Hu deyərəm, səslərəm,
qəmlərimi qəfəslərəm.
Göydən Yerə boy göstərən,
Yerdən Göyə bitən gəlsin.
Ruh halını əks etdirən bu kimi şeirlər cismdən çıxıb cana, bədəndən ayrılıb ruha, surətdən keçib mənaya varmaqla metafizik qata yüksəlir. Siz necə hesab edirsiniz: Əsas həqiqətdir, ya mahiyyət?
─ Həqiqət və mahiyyət bir-birindən ayrılmazdır. Bal arının mahiyyətindədir, yə’ni ki, təbiətində. Arının həqiqəti baldır. Arının həqiqəti mahiyyətindədir. Eləcə də başqa canlıların! İnsan da istisna deyil. Mahiyyəti şeytanı olanın həqiqəti şeytandır! Mahiyyəti Rəhmani olanın həqiqəti Allahdır. Qaratikan kolunun mahiyyətinə müdaxilə olunmasa, qızılgül verməz.
Həqiqəti qızılgül olanın kənar müdaxiləyə ehtiyacı yoxdur!
Əsas olan mahiyyətdəki HƏQİQƏTdir!
─ Ömür bir hicran küçəsi,
Sübhə qovuşmur gecəsi.
Min nəfərdən tək bircəsi
adama dost olsa, bəsdi! ─ Dost kimdir?
─ Dost ─ insanın ikinci mənidir. Bir kəsin həyatda, olsa-olsa, bir dostu ola bilər. İki dostum var deyənin dostu yoxdur. Mənim həyatda bir dostum olub, ─ Atam (DƏDƏM). Hal-hazırda Dostum yoxdu. Və heç inanmıram ki, ola da! Camaatın dilində işlənən dost sözü hansısa bir məsələdə fikir birliyi olub, hansısa bir məqamda bir-birinə kömək göstərən insanları ifadə eləyir. Sözügedən şeirdə ümuminin nəzərdə tutduğu dostdan söhbət gedir. Dostluq ─ birinin ürəyi o birininn sinəsində döyünən iki adamın birliyidi. Dost məndə olan Sən, səndə olan Məndir!
─ Dostoyevski yazır ki, Qiyamət günü Tanrının insanı bağışlaması üçün təkcə elə Servantesin “Don Kixot”unu Ona göstərmək kifayətdir. İlahi Ədalətə inanırsınızmı? Azərbaycan xalqının son qərinədə yaşadığı faciələri xatırlayanda, əgər elə fantastik görüş olsa, Azərbaycan ədəbiyyatından kimin əsərini göstərməyi təklif edərdiniz?
─ Dostoyevskinin misal gətirdiyiniz fikri mübahisəli fikirdi! Servantesin “Don Kixot”una görə Allah insanı insanın avamlığına bağışlaya bilər, başqa heç nəyə yox! İlahi Ədalətə inanmasan, yaşamaq mə’nasızdı! Əlbəttə, inanıram! Allah bütün cavabsız sualları cavablandıracaq! Tə’sirin əks tə’sirə bərabər olması həqiqətdir. Allah insanı yaratmaq üçün yaradıb, dağıtmaq üçün yox. Yıxan yıxılacaq, yaxan yaxılacaq, başqa cür mümkün deyil!
Azərbaycanın bugünkü gününü əks etdirən ensiklopedik bədii əsər yoxdu! Əgər Siz deyən fantastik görüş mümkün olsa, Allah-Təala bəşəri dəyərli bir kitab müqabilində bağışlamaq qərarına gəlsə, mənim təklif edəcəyim kitab Füzulinin Azərbaycan türkcəsində, ─ Oğuz dilində yazdığı divanı olar. Allah insanı ancaq və ancaq Eşqə görə bağışlaya bilər!
─ Şeir yazan adam bütün hallarda özünü axtarır, onun poetik axtarışı özünə doğru gedən bir yoldur:
Yol — adam…
Küçə — adam, yol — adam.
Nə qəm var məndən keçir,
mən olmuşam yol adam.
Yeri, yaralı canım,
addım-addım yola dam. ─ Bu “Yol” adlı fəlsəfi kilidə açar salan şeirinizi kiçik bir nümunə olaraq göstərdik. Sizcə, yaradıcı adam Bu “Özünə doğru” sirli-sehrli səfərdən nə vaxt qayıdır?
─ İnsanın, istər yaradıcı insan olsun, istərsə də adi insan, özünəgedən yolu özünüdərk yoludur. İnsan heç bir 1901774_483556225082604_1408439596_nzaman özünü tam dərk edə bilməz. Və buradan belə bir nəticə çıxarıb deyə bilərik ki, insanın özünüdərk yolu bitmir. Ölüm də insan həyatına nöqtə deyil. Deməli, ölümdən sonra da yol bitmir. İnsanın ölümü insan həyatının bir yoldan başqa bir yola keçməsidir. Adi insan özünüdərk yolunda gözüyumulu, yaradıcı insan isə gözüaçıq addımlayır. Yaradıcı insanın yaradıcılıq enerjisi tükənəndə yaradıcı insanın gözləri qapanır. Özünüdərk yolunun bir gözüyumulu nümayəndəsi artır. İnsan doğuldumu, insanın özünə səfəri başlayır. Dediyim kimi, biri bu səfərdə gözüaçıqdı, biri gözüyumulu. Yol sonsuzdu, səfər bitmir. Bu yolda dayanma və geridönmə yoxdu!
─ Şeirləriniz Rusiyanın ən böyük və sanbalı Şeir Portallarından birində ─ Stixi.ru-da böyük uğurla izlənilir. Bildiriş və rəylər yazılır. İki dilli yaradıcılıq nə qədər çətin və məsuliyyətlidir? Bunun üçün dili mükəmməl bilməkdən savayı, daha nə tələb olunur?
─ Klassiklərimiz, əsasən, iki dildə yazıb-yaradıblar. Hətta üç dildə yazıb-yaradanlarımız da var. Belə ki, iki dildə yaradıcılıq yolu keçilmiş yoldur! Dili mükəmməl bilmək bədii yaradıcılıq üçün hər şey demək deyil! Elə olsaydı, onda bütün dilçilər şair və ya yazıçı olardı. Amma dili mükəmməl bilmək bədii yaradıcılığın şərtlərindən biridir. Ana dilindən əlavə, başqa dildə yazıb-yaratmaq üçün başqa dili öz ana dilin qədər sevməlisən. Dili hiss etməlisən, duymalısan.
Elə bir nitq və ünsiyyət dili yoxdur ki, mənim sevmədiyim dil olsun! Bütün dünya dillərini sevirəm.
Bədii təfəkkür yiyəsi olsan, leksik tərkibini, qrammatik qayda-qanunlarını bildiyin istənilən bir dildə yazıb-yarada bilərsən. Poeziyanın əsas qanunları bütün dillər üçün eynidir!
Şeir musiqiyə bənzəyir. Şeirin orijinalının yerini heç nə vermir. Hərdən istəyirəm ki, duyğularımı öz ana dilimdən əlavə, başqa bir dildə də dilləndirim. Bu mə’nada hələ ki, əlim yetən dil rus dilidir!..
─ Bir daş tulla bu qazana,
qoyma dərd ömür qazana.
Ağır dərddi bu dərdi-sər,─
elmdən yoxdu bir əsər,
yazan qarışıb yazana. ─ Kitaba, kitab oxumağa, mütaliəyə hədsiz sevginiz var…
Tərəddüdsüz Sizin yaradıcılığınızı sevənlərin də olduğunu deyə bilərik.
“Bir dəftər şeir” yazan kimi özünü şair sayıb, “qaçaraq” kitab çap etdirənlər çoxluğunda, kitabınızın olmaması oxucunu təəccübləndirməyə bilmir…
─ Kitabım çap olunmayıb! 80-ci illərin axırı, 90-cı illərin əvvəlində kitabımın çıxmasına çox maraqlı idim. Valideynlərim kitabımı görmək istəyirdilər! “Yazıçı” nəşriyyatında o zaman Faiq adlı bir nəfər direktor idi. (Mən onun ədəbiyyatda iki sətir qələm nümunəsinə rast gəlməmişəm.) Onun direktorluğu dövründə nəşriyyatın nümayəndələri yığışdı direktorun kabinetinə, mənə dedilər, şeirlərindən 1-2-sini oxu. 2 şeir oxudum. Keçmədi.
Onda Rüstəm Behrudi “Yazışı” nəşriyyatında redaktor idi. Gəldik onun oturduğu kabinetə.
İslam Türkay da həmin kabinetdə otururdu. O da redaktor idi. Rüstəm dedi: “Bu nadanlar poeziya nə deyilən şeydi, onu anlamırlar. İslam Türkay “Azərbaycan” poeziya almanaxı üçün şeir toplayır. Oxuduğun o iki şeiri ver İslam Türkaya. O şeirlər “Azərbaycan” poeziya almanaxında çıxacaq.”
Həmin iki şeir “Azərbaycan” poeziya almanaxında çap olunub.
Mənim şeirlərim olan bölmə şeirimin birinci misrasıyla başlayır, ─ “Damlaya bax, dəryanı gör.”
Sonra Faiq öldü, Əkrəm Əylisli gəldi. Onun da dövründə bir şeir oxudum. Şeir belə adlanırdı, ─ “Ocaq”. Şeiri bitirən kimi Əkrəm dedi: “Ramiz Rövşən!” Ta arxasına qulaq asmadılar. Orasını da deyim ki, onda Sabir Rüstəmxanlı baş redaktor idi!..
“Ocaq” Respublika radiosunun “Poeziya dəqiqələri” proqramında səsləndirilib!
Sonra ilk kitabımı “Gənclik” nəşriyyatı templana saldı. Bir gün nəşriyyata getdim. Baxdım ki, redaktor şeirlərin mən düzdüyüm nizamını pozub, özü bildiyi kimi nizamlayıb. Dedim, mənə belə redaktor lazım deyil!
Söhbət uzundu. Onu da orda süründürdülər, təsərrüfat hesabı deyilən bir şey ortaya çıxdı, aləm qarışdı!.. O zaman templanda kitabımın adı belə idi, ─ “İşığın qəbri yoxdu”.
İnanıram ki, İşığın qəbri yoxdu!..
─ Sizinlə söhbətimiz İlaxır çərşənbəyə düşdü… Bayramlarınız mübarək!
Yurdunuzun Novruz adətlərindən ən çox xatırladıqlarınız?
Dəmirçilər camaatı, kim nə deyir desin, mənim fikrimcə, Oğuz nəslinin nümayəndələridi. Danışıq ləhcəmiz də, adət-ən’ənələrimiz də buna canlı sübutdu.
Dəmirçilər kəndinin ilaxır çərşənbəsindən, Novruz adətlərindən Süleyman Rəhimovun “Şamo” romanı boyda bir kitab bağlamaq olar və yenə də söhbət bitməz! Söhbəti uzatmaq istəmirəm.
Novruz bayramı bizim kənddə xüsusi, zaman-zaman cilalanmış xalq tamaşasıyla müşaiyət olunurdu. Rayonumuzun bütün kəndlərindən kəndimizə həmin gün qonaqlar axışıb gəlirdi. Həmin gün xalqın seçdiyi Şah hökmi-rəvan idi. Rayonun hansı kəndindən olur-olsun, rayonda hansı vəzifəni tutur-tutsun, fərq eləmirdi, həmin gün Şah kimi istəsə, hüzuruna gətizdirə bilərdi.
Mən iki Şahın dövründə yeganə Saray Şairi olmuşam. Novruz bayramında Saray Şairi olmağım fəxrimdi! Novruz bayramında Saray Şairi olan Şair başqa heç bir sarayın şairi ola bilməz!
Novruz bayramının kökləri İslam dinindən əvvələ gedib çıxır. Bu, hamıya mə’lum həqiqətdi.
Bizim camaatın dini dünyagörüşü
Allahı, Məhəmmədi, Əlini sevən doctdanıq,
Nə sünnüyük, nə şiə, biz xalis müsəlmanıq!
(Mir Həmzə Seyyid Nigari Həzrətləri) ─ prinsipinə əsaslandığından, camaatın ürəyində Həzrət Əlinin məxsusi yeri olduğundan, hamımızda belə bir inam var ki, Novruz bayramının günü Həzrət Əlinin Taxta çıxdığı gündü. Ona görə də, bu günə hamı xüsusi bir ürək döyüntüsü ilə yanaşır.
Novruz bayramının bir mö’cüzəsini unuda bilmərəm. Tələbə vaxtı yaz-qış saçlarımı yataqxanada krantın altında soyuq su ilə yuyub, dərsə qaçmağımın sonradan törətdiyi ağır fəsadı Novruz bayramında Şahın əmriylə Saray təbiblərinin mənə gətirib verdiyi iki müxtəlif dərman biryolluq aradan qaldırıb!
Hamımızın dərdinin əlacına Novruz mö’cüzəsi diləyirəm!
Oxucularımıza Axır,─ Son söz olaraq demək istədikləriniz?
(p.s. Axır Son deyil.)
SON söz dediniz, 2012-ci ilin mart ayında yazdığım bir şeiri xatırladım:
MƏNİM SON SÖZÜM YOXDU
Mənim son sözüm yoxdu.
Torpağın
son sözü olmur.
Mən bir ovuc torpağam,
─ gəzəri.
Mənim son sözüm yoxdu.
Səmanın
son sözü olmur.
Mən bir yarpaq səmayam,
gözəlim.
Mənim son sözüm yoxdu.
Suyun son sözü olmur,
buluddan boşalır,
bulaqda qaynayır,
çəməndə şeh olur,
çiçəklər bəzənir…
Mənim son sözüm yoxdu.
Odun son sözü olmur,
bir ocaqda sönürsə,
başqa bir ocaqda közərir.
Vətənimizin hər bir övladına Eşq arzulayıram! Müqəddəs olan nə varsa, Eşqdə bərqərardı!
Vətənimizin hər bir övladına Haqqa bağlanmaq Azadlığı arzulayıram! Haqqa bağlanmaq Azadlığından böyük bir Azadlıq yoxdu!
─ Maraqlı söhbət üçün təşəkkür edirik. Sizə Sözün ucalığında Var olmağı, Söz-lə ucalan Səsinizin Ucalardan gəlməsini arzu edirik.Dediyiniz kimi:
Yavər Həsənin Tanrısı Rəhmanü Rəhimdir,
Yavər Həsənin ismi müdam var olacaqdır.
─ İnşəAllah!
Ömrünüzdən Nur əskik olmasın! Bu dialoq körpüsünün yaranmasında Sizin zəhmətiniz təqdirəlayiqdir!
Var olun, Günay xanım!
Ömrünüzə gələn və gəlməkdə olan bütün bayramlar MÜBARƏK olsun!
Günay Səma ŞirvanGünay Səma Şirvan
Yazar, publisist
kultur.az üçün
Müsahibəni oxumaq üçün aşağıdakı linkə basın:
My Webpage
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.