AYTƏN RÜSTƏMZADƏ: XX ƏSR AZƏRBAYCAN HEKAYƏSİNDƏ MİLLİ XARAKTER

AYTƏN RÜSTƏMZADƏ: XX ƏSR AZƏRBAYCAN HEKAYƏSİNDƏ MİLLİ XARAKTERMilli adət-ənənələrin kəndli psixologiyasında daha davamlı olması barədəki bəzi mülahizələrin təsdiqi üçün bu hekayə tutarlı fakt verir. Kəndli psixologiyasında millilik təkcə yaşlı nəslə aid deyil, yeni nəsildə də davam edib gəlməkdədir. Bunu kəndli qocanın da, cavanın da şəhərə-ənənələrin qırılıb pozulması üçün kəskin yol tutan bir mühitə münasibəti aydın göstərir. Andrey Strımbyanunun “Gözdən iraq olanda” əsərində isə şəhərdən kəndə qayıdan Kima adlı gənc oğlanın hərəkətləri bu cəhətdən maraqlıdır. O, avtobusdan düşüb kəndlərinə piyada yollanır. Çəmənlikdə uzanır, buludları seyr edir. Ciblərindəki kağız qırıntılarını – trolleybus, kino biletlərini çıxarıb hamısını tullayır. O deyir: “Qoy məndə şəhəri yada salan heç bir şey qalmasın…” Kəndli psixologiyasının xüsusi mülkiyyətə bağlılığı və sovet dövründə, kolxoz quruluşu şəraitində bu psixi əlamətin sarsıntıya uğramasını bütün o zamankı SSRİ-yə daxil olan respublikaların xalqlarının həyatında müşahidə etmək olardı. Lakin bu dönüşün, bu sarsıntının üzəçıxma əlamətləri bütün xalqlarda eyni deyildir. Yerli kolorit, milli xüsusiyyət, milli xarakter məhz burada özünü göstərir.

Milli xarakteri səciyyələndirən xüsusiyyətlər müsbət və mənfi obrazların realist planda fərdiləşdirilməsi yolu ilə aşkara çıxarılır. Bundan əlavə, eyni xalqın nümayəndələri arasındakı münasibətlərin təsviri vasitəsilə də bir milli xarakteri digərindən fərqləndirmək olar.
Məsələn, V.Şukşinin hekayələrinə nəzər salaq. V.Şukşin əsərlərində milli kolorit güclü olan müəlliflərdən biridir. Onun qəhrəmanları – istər müsbət, istərsə də mənfi personajlar tipik ruslardır. Əsl rus mühitinin yetirmələridir.
Misal üçün «Kürəkənim bir maşın odun oğurlayıb!» hekayəsinə müraciət edək.
Adi bir ailə-məişət söhbətindən başlayan dava, əvvəlcə ər-arvad arasında, sonra da kürəkən və qaynana arasında elə bir şəkil alır ki, axırda qayınana kürəkəni məhkəməyə vermək dərəcəsinə çatır. Hərçənd ki, söz-söhbət boş bir şeydən başlamışdı. Qaynana və kürəkən bir-birinə cürbəcür sözlər deyir, təhqirlər yağdırır, qayınana kürəkəni qonşular arasında biabır etmək məqsədilə “ kürəkənim bir maşın odun oğurlayıb!” deyərək həyətdə qışqırıq salır.
Bu cür epizodlara bir Azərbaycanlı müəlliflərin hekayələrində rast gəlsə idik, bu bizə qeyri-real, qeyri-təbii görünərdi. Çünki Azərbaycan mühitində, Azərbaycan kəndlərində belə səhnələrə rast gəlmək mümkün deyil. Məqsədimiz başqa bir xalqın nümayəndələrini pisləmək, özümüzün isə ancaq müsbət keyfiyyətlərə malik olduğumuzu iddia etmək deyil. Hamıya yaxşı məlumdur ki, rus xalqının nümayəndələrinə hər sözü üzə demək xas olan bir xüsusiyyətdir. Bu zaman onlar qarşısındakının kim olduğundan asılı olmayaraq o adamın inciyib-inciməyəcəyi haqqında düşünmürlər.
Azərbaycan xalqının nümayəndəsi isə mütləq qadın qohuma münasi¬bətdə ehtiyatlı davranır, müəyyən bir pərdəni heç vaxt aradan götürmür. Bunu da inkar etmək olmaz.
Qonağa münasibət məsələsində ruslar sözü açıq deməkdən, qonağın hər hansı bir hərəkətindən narazılıq bildirməkdən çəkinmirlər. M.Zoşşenkonun yas mərasimi təsvir olunan “Stəkan” hekayələrində bu xüsusiyyət çox qabarıq şəkildə öz əksini tapmışdır.
Arvad ərinin vəfatının qırxıncı gününü qeyd etmək üçün onun bir dəstə iş yoldaşını evinə dəvət etmişdir. Stolun üstündə samovar var, hər qonaq özü üçün nə qədər istəyirsə, çay süzüb içə bilər. Evin xanımı bunu qonaqlara əvvəldən demişdi və bildirmişdi ki, məclisdə elə bir ləziz xörək verilməyəcək, belə şeylərə imkan yoxdur, ancaq nə qədər istəsəniz çay içə bilərsiniz.

Məclis iştirakçılarından biri özü üçün çay süzərkən stəkan qəflətən samovarın kranına toxunub çatılayır. Əlbəttə, bir bahalı stəkan da sınsa idi, azərbaycanlı ev yiyəsi bu hadisəni böyüdüb söz eləməz, “canımız sağ olsun, qabın sınması xeyirliyədir” deyərdi. Heka¬yədəki ev yiyəsi bu görüb deyir: “–Nə oldu, atam, yoxsa stəkanı sındırdınız”? Qonaq cavabında: “Boş şeydir, Marya Andreyevna, stəkan sınmadı,çatladı” – deyir. Qadının acığı tutur: “Hər şeyə boş şey kimi baxsaq, bilirsiniz nə olar? Biri stəkan sındırar, o biri samovarın kranını çıxarıb aparar, üçüncüsü salfetkanı cibinə qoyub gedər. Belə də iş olar?” Vəfat edənin qardaşı söhbətə qarışır: “Heç ayıb deyil sizin üçün? Dul qadın xərc çəkib məclis düzəldib, sizi dəvət edib. Siz isə dul qadının qab-qacağını sındırırsınız”- deyir.
Qonaq bundan inciyərək: “Çayınızdan da ki, saman dadı verir”- deyir. Beləliklə, dava düşür, ev yiyəsi ilə qaynı qonağı məhkəməyə verərək, stəkanın pulunu ödəməyi ondan tələb edirlər. O adam da məcbur olub pulu ödəyir. Əslində bu cüzi bir məbləğdir, ancaq ev yiyəsinin bu məsələdə prinsipiallığı oxucuda gülüş doğurmaya bilmir.
M.Zoşşenkonun digər hekayəsinə, “Lampa” hekayəsində də bu münasibəti görürük. Zefirovlar ailəsi gəncdir. Onlar evlərində şənlik məclisi təşkil edir, bir qrup dost-tanışı qonaq çağırmışlar. Məclisin şirin yerində evin xanımı pörtmüş, qızarmış halda, əsəbiliklə ucadan deyir: “Deyin görüm, ayaqyolundakı lampanı kim çıxarıb, kim oğurlayıb? Belə də biabırçılıq olar? Heç kimə etibar yoxdur. Adam gərək qonaqlarını ayaqyoluna da buraxmasın”. Sözsüz ki, qonaqlar günahsız olduqlarını sübut etməyə çalışırlar. Zefirovlar, hətta onların ciblərini də bircə-bircə yoxlayırlar. Lampa heç kimdən tapılmır. Evin xanımı qonaqlardan üzr istəyir, sonra qonaqlar yavaş-yavaş dağılış¬ma¬ğa başlayır. Ertəsi gün məlum olur ki, evin xanımının atası qonaqların lampanı çıxarıb aparacağından qorxaraq, lampanı özü çıxarıb cibinə qoyubmuş. Müəyyən qədər içki içəndən sonra o, pəncərədə oturaraq yuxuya getmişdir. Məclisdəki söz-söhbətdən onun xəbəri olmur, çünki o, artıq pəncərədə yatmışdı. Ən gülməlisi odur ki, qızının ev əşyası olan lampanı qorumağa çalışan atanın səyi əbəs olur, çünki o, pəncərədə böyrü istə yuxulayanda lampa onun cibində sınır.
Belə bir hadisəni hər hansı bir azərbaycanlı müəllif qələmə almış olsaydı, oxucuya bu qeyri-təbii və qeyri-real görünərdi. Çünki bu cür hərəkətlər bizim mühit üçün həmişə yad olub.
Məlumdur ki, zəhmətkeş xalqın milli xarakterində qabaqcıl, demokratik keyfiyyətlərlə yanaşı, köhnə, mürtəce əlamətlərin də izi qalır. Hər hansı milli xarakterin əsas xüsusiyyətləri realist qələmlə əks etdiri¬lər¬sə, deməli, onun canlı insana məxsus cizgiləri – həm müsbət, aparıcı keyfiy¬yətləri, həm də bəzi zəif və nöqsan cəhətləri əhatə edilmiş olur. S.Rəhimovun “Sevəsi olmadı” hekayəsini də xüsusi qeyd etmək lazımdır.
S.Rəhimovun məqsədi Yasəməni ifşa etmək deyil, müəllif qəhrəma¬nının halına acıyır, onun avamlığına görə heyfsilənir.
“Ömür karvanını sürüb başa vurmuş bir qarı ölərkən qızları, nəvələri, bütün qohum-əqrəba böyük bir vay-şivən səsi ərşə ucaldı. Get-gedə qarının böyük qızı qızışdı, üz-gözünə əl atdı. Dörd uşağın anası, yekə arvad özündə sağ-islahat qoymadı.
Yasəmən də qızışıb özündən çıxdı, Baloğlanla əhd-peymanı da unutdu. Ala gözləri birdən genişlənən “Kukla qız” əlini xur¬mayı saçlarına atıb yolum-yolum edib nənəsinin qara örtüyünün üstünə çəngə-çəngə tük atdı, əkəc arvad kimi bibisisayağı üz-gözünü cırdı. İş-işdən keçəndən sonra Baloğlanla əhd-peymanı yadına düşdü. Ancaq gec idi, özü də çox gec!..”
Qarı nənəsini itirən “Kukla qız” üz-gözünü cırıb eybəcər hala salaraq özünün dünya gözəlliyini də itirir. Yasəmən, vaxtı çoxdan ötüb keçən mənhus adətə öz füsunkar gözəlliyini itirdiyi üçün fikir edir, ağlayır.O, xəstələnib arıqlayır. Baloğlan kursdan qayıdanda Yasəmən onun gözünə görünməyə cəsarət etmir. Beləliklə, Yasəmən özünü gələcək ailə səadətindən də mərhum etmiş olur.
S.Rəhimov öz hekayələrində bir çox məsələlərə toxunduğu kimi, “Sonbeşik Saleh” hekayəsində də daha bir adətə – ehsan vermək məsə¬ləsinə toxunmuşdur. Əlbəttə, müəl¬lifin fikri, heç də bu gün qüvvədə olan el adətinə qarşı çıxmaq deyil. Ancaq müəllif göstərir ki, adam heç bir şeydə gərək ifrata varmasın, həddini aşmasın.
Yaşı doxsana çatmış Ələmqulu baba dünyasını dəyişir. O, hələ sağlığında sonbeşik oğlu Salehə deyir ki, mən sənin tərsliyindən bütün yas xərcini öz üzərinə götürüb, evimizi dağıdacağından qorxuram.

Saleh isə inadından əl çəkmir, hələ atasının sağlığında öz qərarını bil¬dirir ki, bütün ehsan xərcini tək çəkəcəkdir.
Yas mərasimində Saleh bacı-qardaşlarını, qohum-əqrəbanı xərc çəkməyə qoymur, ehsanı tək verir. Bu işdə ifrata varan Saleh həyat yoldaşının sözünü də eşitmək istəmir, tərsliyindən əl çəkmir. Ətrafındakılar isə bundan istifadə edirlər, Salehin maddi vəziyyəti çox pisləşir.
Müəllif bu vəziyyəti real boyalarla, məharətlə təsvir edir: “Bu müddət ərzində Salehin saqqalı da ağardı. Baxan dedi, yəqin fikir çəkir. Kimisi dedi, sonbeşiyin ürəyi yumşaq olur. Bəzisi də dedi: bu adam atasının ölümünə dözə bilmir. Salehin dərdi-dərdinə qarşıdı… Sanki, o vaxtlar Ələmqulu baba bu günü görür qaşqabağını sallayıb əvvəlcədən sonbeşik balasının halına ağlayırdı…”
Şübhəsiz ki, ən gözəl, qorunması vacib olan adətlərimizi də ifrata varıb bu cür eybəcər şəklə salanda nəticəsi pis olur.

Milli xarakterin inkişafında rol oynayan amil bir tərəfdən xalqın siyasi-mənəvi-psixoloji tarixinin, təkamülünün aynası olan zəngin irsi-adətidirsə, digər tərəfdən insanı əhatə edən müasir mühitdir, coğrafi şəraitdir, görüb, vərdiş edib sevdiyi təbiətdir. Orada böyümüş hər bir sənətkar vətəninin doğma guşələrini uşaqlıqdan başlayaraq öz xislətinə hopdurub qəlbində yaşadır.

"Ümid" qəzeti, N: 07-08, 15.01.2016.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: