RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB Sentyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin ““Elm haqqında” Azərbaycan Respublikasının Qanunu və qarşıda duran vəzifələr” adlı məruzəsi dinlənilib. Akademik məruzəsində bildirib ki, sözügedən qa­nun müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir və elmi fəaliyyətin geniş imkanlarını nümayiş etdirir. “Elm haqqında” qanunda ilk növ­bədə, ideoloji bazanın zənginləşdirilib inkişaf etdirilməsinin əsas götürüldüyünü deyən vitse-prezident, elmi fəaliyyətin bütün sahələrində azərbaycançılıq ideolo­gi­ya­sının möhkəm elmi əsaslar üzrə prioritet kimi qəbul edildiyini bildirib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, qanunda elm sahəsindəki innovasiya və sahibkarlıq fəaliyyətinin mahiyyəti aydınlaşdırılaraq əsas istiqamətləri və əhatə dairəsi müəyyən olunub. Bundan başqa qanunda ilk dəfə olaraq “Tədqiqat univer­si­teti” statusuna malik olan ali təhsil ocaqlarının yaradılması, yeni elmi nəsil­lə­rin formalaşdırılması və inkişafı, ən başlıcası isə cəmiyyət quruculuğunun bütün sahələrində elm faktorunun hərəkətverici amillərdən birinə çevrilməsi, elmi işçilərin sosial müdafiəsi və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində müvafiq müddəalar da yer alır.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Qəbul edilmiş qərarla “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu AMEA-nın elmi-təşkilati fəaliyyəti üçün əsas kimi qəbul edilib. Bundan başqa “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2016-cı il tarixli Fərmanının icrası istiqamətində müvafiq təkliflərin hazırlanmasına dair tapşırıq verilib. Qərarda həmçinin AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə “Elm haq­qın­da” Azərbaycan Respublikası Qanununun müddəalarını öz fəaliyyətlərində rəhbər tutmalarına, eləcə də AMEA-nın müvafiq qurumlarında innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində aparılan işləri daha da genişləndirməyə dair göstərişlər öz əksini tapır.

İclasda 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbulun nəticələri və tədris prosesinin təşkilinə dair məsələyə baxılıb. Bildirilib ki, 2015/2016-cı tədris ili üçün AMEA-nın magistraturasına 9 ixtisas üzrə yüksək balla 19 nəfər qəbul olunub. Qəbulun uğurla keçdiyini və gənclərin elmə marağının böyük olduğunu nəzərə alaraq, 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbul planı artırılıb və 19 ixtisas üzrə 56 nəfər qəbul edilib.
İclasda məsələ ilə bağlı göstərilənləri əsas tutaraq, Rəyasət Heyəti 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbulun nəticələrini təsdiq edib. Akademiyanın magistratura pilləsi yaradılmış elmi müəssisələrinə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına, magistratura təhsili ilə bağlı qəbul edilmiş digər normativ-hüquqi sənədlərə uyğun olaraq tədris prosesini təşkil etmələri barədə tapşırıq verilib. AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə isə AMEA-nın magistraturasında tədris prosesinin həyata keçirilməsi üçün elmi müəssisələrə hərtərəfli yardım göstərməsi tapşırılıb.
Daha sonra Elm və Təhsil İdarəsinin strukturunda Magistratura şö­bə­sinin yaradılması məsələsi müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov hazırda AMEA-da doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığının keyfiyyətcə yeni səviyyəyə qaldırılmasının başlıca məqsəd olaraq qarşıya qoyulduğunu deyib. Akademiyada magistratura təhsilinin yeni olması və builki qəbulda magistrantların sayının üç dəfədən çox artmasını qeyd edən idarə rəisi AMEA-da təhsillə bağlı təşkilati işlərin də həcminin xeyli artdığını vurğulayıb.
Tədbirdə Rəyasət Heyəti Elm və Təhsil İdarəsinin strukturunun genişləndirilməsi və kadr potensialının gücləndirilməsi zərurətini nəzərə alaraq, idarənin strukturunda Magistratura şöbəsinin yaradılması barədə qərar qəbul edib. Həmin idarənin Elmi-analitik şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov yeni yaradılan şöbənin rəisi vəzifəsinə təyin edilib. Həmçinin Elm və Təhsil İdarəsinin Təhsil şöbəsinin adı dəyişdirilərək Doktorantura şöbəsi adlandırılıb.
Rəyasət Heyətinin digər qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixli, 277 nömrəli Qə­ra­rı­nın icrası ilə bağlı Komissiya yaradılıb.

Bildirilib ki, yeni yaradılan komissiya AMEA-nın birləşdirilmiş Eroziya və Suvarma İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təşkilati-hüquqi məsələlərini həyata keçirəcək.

Tədbirdə Nazirlər Kabinetinin həmin qərarının 3-cü bəndinin icrası məsələsinə də baxılıb. Qərarın bu bəndinə əsasən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmə­ləri və müvafiq ştat vahidləri ləğv edilmiş və institutun adı dəyişdirilərək Fəlsəfə İnstitutu adlan­dırılmışdı. Həmin bəndin icrasının təmin edil­mə­si məq­­sədi ilə Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən institutun və onun aid olduğu elmi bölmənin rəhbərinə müvafiq tapşırıqlar verilib.
Gündəlikdə əksini tapan növbəti məsələ “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2016-cı il tarixli, 289 nöm­rəli Qərarının icrası barədə olub.

Həmin qərarın icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti tərəfindən AMEA-nın elmi ekspedisiyalar təşkil edən elmi müəssisə və təşkilat rəhbərlərinə zəruri tapşırıqlar verilib. Bundan əlavə, iclasda AMEA-nın Dendrologiya İnstitutunda və M.Füzuli adına Əlyazmalar İnstitutunda Təhsil şöbələrinin yara­dıl­ma­sı, həmçinin AMEA Humanitar Elmlər Bölməsinin bürosunun tərkibində dəyişiklik edilməsi ilə bağlı qərarlar qəbul edilib.

Sonda bir sıra kadr məsələləri müzakirə olunub. Biologiya üzrə elmlər doktoru Elşad Əhmədov AMEA-nın Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi və­zi­fə­si­nə təyin olunublar.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: