2016-cı il Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan ZiM.Az-a bildiriblər ki, İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb və o Akademiyada çoxillik, qüsursuz və məhsuldar fəaliyyətinə görə Cabbar Bəylərova AMEA-nın Fəxri Fərmanını təqdim edib.
Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov “Azərbaycanın müasir geosiyasi inkişaf reallıqları və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Professor Əli Həsənov məruzəsində postsovet məkanı, Xəzər dənizi-Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda geosiyasi inkişafın əsas parametrləri, ölkələrin coğrafi mövqeyinin, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəziyyətinin xarakteristikası, geostrateji vəzifələri və perspektivləri kimi məsələlərə toxunulub.
Professor Əli Həsənov qeyd edib ki, Cənubi Qafqaz ölkələrinin müasir geosiyasi xarakteristikası, inkişaf meyilləri və perspektivlərini müəyyənləşdirən parametrlərə əsasən Azərbaycan Respublikası bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsidir: “2015-ci ildə Cənubi Qafqazda ümumi daxili məhsulun həcmi 75 milyard ABŞ dollarından çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşüb. Cənubi Qafqazda sənaye məhsulları üzrə 20 milyard ABŞ dolları dəyərində ümumi istehsalın 80 faizi Azərbaycana məxsusdur. Ötən il Cənubi Qafqaza 26 milyard ABŞ dolları məbləğində kapital qoyulub ki, onun da 19,5 milyard dolları (72 faizi) Azərbaycana aiddir. Beləliklə, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisəolunmazdır. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər”.
Professor Əli Həsənov Azərbaycanın geosiyasi və geoiqtisadi baxımdan Avrasiyanın giriş qapısı, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunduğunu qeyd edib. Bildirib ki, dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunun, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına mühüm təsir göstərir.
Azərbaycan Prezidentinin köməkçisi məruzəsinin sonunda müasir dövrdə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursun əsas istiqamətləri barədə danışıb.
Azərbaycanın müasir geosiyasi reallıqları və perspektivlərindən, regionda və dünyada baş verən qlobal ictimai-siyasi prosesin kontekstindən bəhs olunan məruzə dinlənildikdən sonra geniş müzakirə olunub, suallar cavablandırılıb.
İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli "AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Sərəncamından irəli gələn məsələlər, görüləcək tədbirlər və s. haqqında müzakirələr aparılıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Sərəncamın elm ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyduğunu bildirib. Vurğulayıb ki, Sərəncamın əsas məqsədi iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır.
Akademik elmin müxtəlif istiqamətləri üzrə innovativ addımlar atıldığını və Yüksək Texnologiyalar Parkının yaradılmasının AMEA-nın bu sahədə fəaliyyətini daha da gücləndirəcəyini, elm-sənaye-dövlət üçbucağını yaratmaqla yüksək texnologiya məhsullarının hazırlanmasında əlverişli mühit formalaşdıracağını qeyd edib.
Sonra Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA-da İşçi qrupu yaradılıb və qrupun tərkibi təsdiq olunub.
Həmçinin İşçi qrupuna müvafiq təkliflərin hazırlanaraq 1 dekabr 2016-cı il tarixinədək AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi barədə tapşırıq verilib.
Tədbirdə "Azərbaycan elminin inkişaf doktrinası" layihəsi də müzakirə olunub. Mövzu ətrafında çıxış edən akademik Akif Əlizadə bildirib ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanın gələcəyinin, iqtisadi, siyasi və hərbi qüdrətinin respublikanın elmi potensialı ilə bilavasitə bağlı olduğunu deyən akademik ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi problemlərin Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirdiyini vurğulayıb.
Akademik Akif Əlizadə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmimiz qarşısında duran yeni vəzifələr, ölkəmizin gələcək inkişafı, alimlərin bu inkişafda rolu haqqında dərin məzmunlu və proqram xarakterli nitq söylədiyini xatırladıb. Bildirib ki, dövlət başçısının irəli sürdüyü elmi prioritetləri, elmin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq AMEA-nın Ümumi yığıncağı 29 aprel 2016-cı il tarixində "Azərbaycan elminin inkişaf doktrinası"nın hazırlanması barədə qərar qəbul edib. Akademik AMEA-nın Rəyasət Heyəti tərəfindən həmin Doktrinanın layihəsinin hazırlandığını və Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında geniş müzakirə olunduğunu əlavə edib.
Müzakirələrdən sonra Doktrinanın layihəsi Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
Gündəlikdə yer alan növbəti məsələ II Azərbaycan Elm Festivalının nəticələri haqqında olub.
Akademik Akif Əlizadə 31 oktyabr - 5 noyabr 2016-cı il tarixlərində Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində təşkil olunan festival çərçivəsində elm və cəmiyyət arasında əlaqələrin gücləndirilməsi, elmi nailiyyətlərin əyani şəkildə ictimaiyyətə çatdırılması, gənc nəsildə elmə marağın artırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyini deyib. Akademik builki festivalın 2014-cü ildə təşkil olunmuş festivaldan miqyasına və formatına görə fərqləndiyini və ölkədə böyük marağa səbəb olduğunu vurğulayıb.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq II Azərbaycan Elm Festivalının yüksək qiymətləndirilməsi haqqında qərar qəbul edib.
Həmçinin III Beynəlxalq Elm Festivalının keçirilməsi ilə bağlı təkliflərin hazırlanıb Rəyasət Heyətinə təqdim olunması tapşırılıb.
İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın icrası müzakirəyə çıxarılıb.
Sənədin müvafiq bəndlərində nəzərdə tutulan tədbirlərlə bağlı Akademiyanın üzərinə düşən vəzifələrin həyata keçirilməsi üçün Tədbirlər Planını təqdim edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, Dövlət Proqramı ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyi, biznes sektoru və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi baxımından böyük önəm kəsb edir.
Akademik AMEA üzrə Tədbirlər Planında öz əksini tapan məsələlərə toxunaraq burada "Yüksək texnologiyalar sektorunun inkişafı", "Yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi", "İKT – cəmiyyətin inkişaf amili kimi", "Kadr hazırlığı", "Milli kontentin inkişaf etdirilməsi" bölmələri üzrə nəzərdə tutulan tədbirlər və onların icrasına məsul olan təşkilatlar haqqında məlumat verib.
Tədbirdə geniş müzakirələrdən sonra irad və təkliflər nəzərə alınmaqla AMEA Rəyasət Heyəti tərəfindən Dövlət Proqramının icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilib.
Dövlət Proqramından irəli gələn vəzifələrin Tədbirlər Planı üzrə icrasını təmin etmək məqsədi ilə məsul qurumlara tapşırıqlar verilib.
Tədbirdə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi, Torpaqşünaslıq və Aqrokimya, Hüquq və İnsan Haqları, Biofizika institutları və Təbiət Tarixi Muzeyinin Nizamnamələri, strukturları və işçilərinin say tərkibi təsdiq olunub.
Rəyasət Heyətinin növbəti qərarları ilə Tarix, Şərqşünaslıq institutlarında və Milli Azərbaycan Tarixi Muzeyində Təhsil şöbələri, Tarix və Şərqşünaslıq institutlarında Beynəlxalq əlaqələr şöbələri, Şərqşünaslıq İnstitutunda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
İclasda həmçinin AMEA-nın müxbir üzvləri Aqil Əliyevin 90 və Sevda Məmmədəliyevanın 70 illik yubileyləri haqqında qərarlar qəbul olunub.
Sonda bir sıra kadr məsələlərinə baxılıb.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.