AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunda AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclası keçirilib.

AMEA-nın prezidenti, vitse-prezidentləri, AMEA-nın akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları və Rəyasət Heyətinin məsul əməkdaşlarının iştirak etdiyi iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 8 noyabr 2016-cı il tarixli Sərəncamının icrasına dair məsələlər müzakirə olunub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş nitqində dünyanın qabaqcıl ölkələrində innovasiyalar əsasında biliklər iqtisadiyyatının inkişaf etdirildiyini və bu istiqamətdə texnoparkların əhəmiyyətli rol oynadığını vurğulayıb. Qeyd edib ki, elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, innovativ texnoloji proseslərin işlənilməsi və mənimsənilməsi, yeni texnologiya əsasında hazırlanmış məhsulların istehsalı və dünyada tanıdılması üzrə müxtəlif layihələr həyata keçirilir. Akademik Akif Əlizadə AMEA Yüksək Texnologiyalar Parkının yaradılmasının dövlət başçısının sözügedən sahənin inkişafına diqqət və qayğısının daha bir nümunəsi olduğunu qeyd edib: “Sərəncam elm ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyur. Bu, elmimizdə yeni-yeni istiqamətləri tədqiq etməyə imkan verəcək. Yüksək Texnologiyalar Parkı yüksək texnologiya məhsullarının hazırlanmasında əlverişli mühit formalaşdıracaq”.

İşlər İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev çıxışında AMEA-nın Təcrübə-Sənaye Zavodunun (TSZ) fəaliyyətindən danışıb və son iki ildə uğurla həyata keçirilən infrastruktur yeniliklərinin müəssisədə 45 adda innovativ məhsulun istehsalına imkan yaratdığını bildirib. Vurğulayıb ki, 2016-cı ildə istehsal prosesinin keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin yüksək keyfiyyətlərə cavab verməsini təsdiq edən ISO sertifikatları alınıb, zavodun ərazisində lazım olan bütün maddi-texniki baza qurulub. Fətəli Abdullayev TSZ-də istehsal edilən məhsulların dünya bazarlarına çıxarılması və beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılması üçün addımlar atıldığını bildirib. İdarə rəisi AMEA Yüksək Texnologiyalar Parkının yaradılmasının sadəcə bir trend yox, həm də müasir çağırışlara cavab verməyə imkanlar açan əhəmiyyətli pəncərə olduğunu qeyd edib: “YT Park ölkə rəhbərliyi tərəfindən iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatlara dövlət dəstəyini daha da artırmaq məqsədi ilə yaradıldığından qarşısına qoyulmuş bütün tapşırıq və hədəflərə nail olmalıdır”.

Sonra İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev
çıxış edərək dövlət tərəfindən elmin inkişafına diqqət və qayğı göstərildiyini, AMEA-nın Yüksək Texnologiyalar Parkının yaradılmasının bunun bariz nümunəsi olduğunu deyib. Şöbə rəisi Azərbaycanda bu günə qədər iki növ texnoparkın fəaliyyət göstərdiyini, AMEA Yüksək Texnologiyalar Parkının da bu siyahıya daxil olduğunu qeyd edib. Bildirib ki, Yüksək Texnologiyalar Parkı Təcrübə-Sənaye Zavodunun ərazisində təşkil olunacaq və burada fəaliyyət göstərən özəl şirkətlər, investorlar müraciət edib, Ekspertiza Şurasından keçdikdən sonra onlar texnoparkın rezidenti olacaqlar: “Texnoparklar innovativ layihələri olan şirkətlər üçün cənnət məkan hesab olunur və xüsusi güzəştli imtiyazlı ərazi sayılır. Texnopark ekosisteminin baza prinsiplərinə əsasən burada biznes inkubasiya prosesi həyata keçiriləcək. Bazar üçün əlverişli olan məhsullara dair layihələr seçilib inkişaf etdiriləcək. Yüksək Texnologiyalar Parkı formalaşdıqdan sonra YT Parkda investor və şirkətlərə müxtəlif xidmətlər təklif olunacaq. Texnopark ekosistemində uğurlu layihələr şirkətə çevriləcək və beləliklə universitetlərdə, elmi-tədqiqat müəssisələrində əldə olunan nailiyyətlər istehsal prosesinə yönələcək”.

Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov isə çıxışında zavodun əsas vəzifəsinin elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması, eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarət olduğunu bildirib. Vasif Abbasov qeyd edib ki, zavodda artıq ölkədə böyük tələbat olan keyfiyyətli yağlar, sürtkü materialları, yuyucu vasitələri, təbii sular və digər məhsulların istehsal edildiyini vurğulayıb.

Daha sonra mövzu ətrafında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov və digərləri çıxış edərək Yüksək Texnologiyalar Parkının elmin innovativ inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

İclasda AMEA Elm və Texnologiya Parkının əməkdaşları Samir SüleymanovAyaz Məmmədli müəllifi olduqları layihələr haqqında təqdimatla çıxış ediblər.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: