“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzusunda "dəyirmi masa" keçirilib

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzusunda "dəyirmi masa" keçirilib 2016-cı il Noyabrın 25-də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda bu elmi müəssisənin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbirdə türkdilli ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, müxtəlif təşkilatların nümayəndələri, ekspert və tədqiqatçı alimlər iştirak ediblər.

Hüquq və İnsan Haqları İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva bildirib ki, tədbirin keçirilməsində məqsəd milli-mədəni irsin qorunması və türkdilli dövlətlərdə ortaq dilin inkişafi istiqamətində görülən işlərin müzakirəsidir. I Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışan A.Mustafayeva türkdilli xalqların siyasi, iqtisadi, mədəni birliyinin əsasının məhz 90 il öncə keçirilən həmin tədbirdə qoyulduğunu diqqətə çatdırıb.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək türkdilli xalqların tarixi-mədəni inteqrasiyası, əlaqələrin bərpası istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, fond tərəfindən türkdilli xalqların mədəniyyəti və ədəbiyyatının təbliği, tarixi mədəniyyət abidələrinin qorunması, bərpası istiqamətində sistematik işlər aparılır.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun müvafiq istiqamətdəki fəaliyyəti barədə məlumat verib. Hazırda türk xalqları arasında informasiya mübadiləsi sahəsində çatışmazlığın müşahidə olunduğunu bildirən TürkPA-nın baş katibi türk xalqlarının bir-biri haqqında məlumatları üçüncü tərəflər vasitəsilə əldə etdiklərini vurğulayıb. Diqqətə çatdırıb ki, informasiya mübadiləsinin təmin edilməsi zəruridir.

Qırğızıstan parlamentinin təmsilçisi Müzeffer İsakov, Milli Məclisin deputatları Fazil Mustafa, Şəmsəddin Hacıyev, Aqil Abbas və başqaları I Türkoloji Qurultayı türk xalqlarının mədəni həyatında baş vermiş ən əlamətdar hadisə kimi dəyərləndiriblər. Qeyd edilib ki, qurultay türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılmasında və Azərbaycanın türk dünyasının elm-mədəniyyət mərkəzi kimi qəbul olunmasında mühüm rol oynayıb.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, professor Anar İsgəndərovun “I Türkoloji Qurultayın tarixi əhəmiyyəti”, Bakı Dövlət Universitetinin “Türkologiya” kafedrasının müdiri, professor Ramiz Əsgərin “Ortaq türk ədəbi əlaqələri”, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədlinin “Azərbaycan-Türkiyə münasibətləri: tarix və müasirlik”, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini, professor Sevda Süleymanovanın “Türk xalqlarının mədəni inteqrasiyanın başlanğıcı- I Bakı Türkoloji Qurultayı” mövzusunda məruzələri dinlənilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: