AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
875 illik yubileyinə həsr edilən "Nizami və dünya ədəbiyyatı" mövzusunda Respublika elmi konfransı keçirilib.
Tədbirdən öncə qonaqlar muzeyin foyesində dahi söz ustadı ilə bağlı hazırlanmış kitab və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Yubiley tədbirini giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov görkəmli şairin zəngin həyat yolu və yaradıcılığından söhbət açıb. O, bədii əsərləri ilə Azərbaycanı bütün dünyada tanıdan N.Gəncəvinin Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, poemalarının bədii məziyyətləri, humanist ideyaları barədə danışıb. Bildirib ki, Nizami Gəncəvinin qüdrətli qələmi ilə 800 il bundan əvvəl meydana gələn Şərq, o cümlədən Azərbaycan intibahının qızıl səhifələri yazılmışdır. O, bəşəriyyətin bədii söz aləminə “Xəmsə” adlı xəzinə verməklə milli və bəşəri dəyərlərin tamamilə yeni bir mənzərəsini yaratmışdır. .
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Nizami yaradıcılığını geniş təhlil edərək, onun zəngin irsinin nəinki Azərbaycan xalqına, eyni zamanda, bütün bəşəriyyətə verdiyi misilsiz töhfələrdən, dahi şairin həm də mütəfəkkir, filosof kimi fəaliyyətindən danışıb. Alim N.Gəncəvinin Azərbaycan ictimai fikir tarixində önəmli yer tutduğunu, tariximizin, mədəniyyətimizin tədqiq edilməsi baxımından onun əsərlərinin qiymətli xəzinə olduğunu söyləyib, şairin yaradıcılığına kompleks yanaşmanın zəruriliyini vurğulayıb.
Tədbirin plenar iclasında professorlar Nüşabə Araslı, İmamverdi Həmidov, Xəlil Yusifli, filologiya üzrə fəlsəfə doktorları Mənzərə Məmmədova, Əsmətxanım Məmmədova və Yelena Teyerin dahi şairin dünya ədəbiyyatına bəxş etdiyi sənət incilərinin daim yaşayacağını vurğulayıblar.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib.
İclaslarda “Nizami şeirində poetik məntiq və bədii əsaslandırma”, “Nizami Gəncəvi irsinin Misir ədəbiyyatşünaslığında öyrənilməsi”, “Nizami Gəncəvinin qədim Azərbaycanın bəzi toponimləri haqqında qeydləri”, “Nizami əsərləri klassik fars dilinin bu gün unudulmuş səslərinin bərpası üçün misilsiz mənbədir” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.