AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİBAMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB 2017-ci il İyulun 5-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin əvvəlində akademik Zemfira Səfərovaya 80 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.


Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun həmmüəllifi olduqları "Big Data və superkompüter texnologiyaları: çağırışlar, problemlər və vəzifələr" adlı elmi məruzə dinlənilib. Məruzə ilə çıxış edən akademik Rasim Əliquliyev Big Data-nın XXI əsrin qlobal çağırışlarından biri olduğunu, müasir İKT-nin müxtəlif fəaliyyət sahələrinə geniş tətbiqinin ifrat dərəcədə informasiya selini yaradaraq Big Data problemini meydana gətirdiyini bildirib. Məruzəçinin sözlərinə görə, Big Data-nın analizi və onlardan yeni biliklərin əldə olunması zərurəti Azərbaycan elmi qarşısında aktual və həlli çətin olan multidissiplinar elmi problemlər qoyub.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, məruzəçi Big Data, Data Science, proqram mühəndisliyi və superkompüter texnologiyaları sahəsində kadr hazırlığının zəruriliyini önə çəkərək, AMEA-nın magistratura və doktoranturasında bu sahələr üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsinin vacibliyini qeyd edib. Alim bütün elm sferalarında superkompüter texnologiyalarının dəstəyi ilə Big Data resurslarının analizi, onlardan mühüm əhəmiyyətli biliklərin əldə olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində təkliflər irəli sürüb. Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti R.Əliquliyevin məruzəsində olan təkliflər əsasında müvafiq qərar qəbul edib.

Rəyasət Heyətinin iclasında AMEA-nın bəzi elmi müəssisələrində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub. Mövzu ilə əlaqədar çıxış edən AMEA rəhbəri bildirib ki, Akademiyanın nizamnaməsi və "Elm haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə əsasən, AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Qeyd edilənlər nəzərə alınaraq Rəyasət Heyəti tərəfindən AMEA-nın muzeylərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiq edilib. Vurğulanıb ki, muzeylərdə həyata keçirilən sahibkarlıq fəaliy­yəti bu Qaydalara edilmiş əlavələr, eləcə də fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki-hüquqi müqavilələr əsasında müəyyən edilir.

Müzakirəyə çıxarılan növbəti məsələlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair AMEA-nın Tədbirlər planının təsdiqi olub. Mövzu ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalqının ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxladığını, ümummilli lider Heydər Əliyevin respublikada uğurla həyata keçirdiyi siyasətin xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdiyini, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularını gücləndirdiyini söyləyib. Akademik əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamın imzalanmasıbu siyasətin davamı olaraq milli dövlətçilik ənənələrinə diqqət və qayğının göstəricisidir.

Rəyasət Heyəti dövlət başçısının müvafiq Sərəncamının icrasından irəli gələn məsələlərin həlli və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə qeyd olunması məqsədilə AMEA-nın Tədbirlər planının təsdiq olunması haqqında qərar qəbul edib.

İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nizamnaməsinə qismən dəyişiklik edilməsi ilə bağlı qərar da qəbul olunub.

Akademik Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi Bürosunun tərkibinin, o cümlədən AMEA-nın Elm Tarixi İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq olunması, AMEA Qafqazşünaslıq İnstitutunun strukturunda qismən də­yi­­şiklik edilməsi və AMEA Zoologiya İnstitutunda beynəlxalq əlaqələr şöbəsinin yaradılması gündəlikdə yer alan məsələlərdən olub.

İclasda, həmçinin biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifovanın ABŞ-ın Kaliforniya Universitetinə və biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Məmmədovanın ABŞ-ın Florida Universitetinə ezam olunmaları barədə qərarlar qəbul edilib.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və görkəmli bəstəkar, Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əli-zadənin 70 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsinə dair qərarlar qəbul olunub.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin qərarı ilə hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru vəzifəsinə təsdiq edilib.
Texnika üzrə elmlər doktoru Hikmət İbrahimov AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli isə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təyin olunublar.
Elçin Seyfullayev isə AMEA Rəyasət Heyəti aparatı Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: