"QURAN"IN AZƏRBAYCAN DİLİNDƏ YAZILMIŞ İLK TƏFSİRLƏRİİNDƏN BİRİNİN MÜƏLLİFİ - HACI SƏİD ƏFƏNDİ ÜNSİZADƏDİR

"QURAN"IN AZƏRBAYCAN DİLİNDƏ YAZILMIŞ İLK TƏFSİRLƏRİİNDƏN  BİRİNİN MÜƏLLİFİ - HACI  SƏİD  ƏFƏNDİ  ÜNSİZADƏDİR Hacı Səid Əfəndi Ünsizadə-190

"QURAN"IN AZƏRBAYCAN DİLİNDƏ YAZILMIŞ İLK TƏFSİRLƏRİİNDƏN
BİRİNİN MÜƏLLİFİ HACI SƏİD ƏFƏNDİ ÜNSİZADƏDİR

və yaxud

"Həyat"ın çağırışı nə üçün cavabsız qalır?


Haqqında söz açmaq istədiyim təfsir haqqında Bakıda Azərbaycan dilində çap olunan "HƏYAT"qəzetində (5 iyul 1905-ci il, N 21) maraqlı bir qeyd var.
Bu qeyd XIX və XX əsrin ən qüdrətli ictimai fikir adamlarından biri Hacı Səid Əfəndi Ünsizadə (1825-1905) haqqında qəzetin müdir (redaktor.N.N.),baş mühərrir və sahibi-imtiyazı olan Əli bəy Hüseynzadə,Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşovun imzalarının üstündə verilmiş nekroloqdadır. Onu olduğu kimi oxucuların diqqətiə çatdırırıq:
"Osmanlı

Eşitdiyimizə nəzərən, axərən fəzaili-islamiyyədən (axırıncı islamiyyə fazillərindən-N.N.) şirvanlı Hacı Səid Əfəndi Ünsizadənin İstanbulda təxminən 80 yaşında vəfat etdigi anlaşılmışdır.
Müşarileyh (haqqında qabaqda danışılmış yuxarıda göstərilən-N.N.) bəzi əşar və talifatı ilə, ələlxüsus "Qurani -Məcidi"in türkcə (Azərbaycanca -N.N.) təfsiri ilə şöhrətyab olmuşdur. Tiflisdə "Kəşkül" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinə mühərirlik edib,xeyli məqalələr yazmış xoşsöhbət bir şəxs idi.Mütəvəffanın (vəfat etmişin-N.N.) tərcümeyi-halına əsarına dair bizə bir məqaə göndərilsə, məəlməmnuniyyətlə( minnətdarlıqla-N.N.) dərc edəriz... "

İmzasız nekroloqun qəzetin rəhbərlərinin adının üstündə yerləşdirilməsi heç də təsadüfi deyil. Bu, yeni əsr jurnalistlərinin -yüksək ictimai təfəkkürlü ziyalılarının öz sələflərinə hörmət və ehtiramından irəli gəlir.
Səid Ünsizadə kimdir? Təəssüf ki, uzun müddət onun adını çəkmək, zəngin ədəbi,pedaqoji, geniş maarifçilik xidmətlərini yada salmaq bir növ qadağan edilmişdi. Səid Ünsizadə "hər bir məsələyə dini mövqedən yanaşan ziyalı" kimi qiymətləndirilirdi.
Səid Ünsizadə paytaxt Şamaxının yetişdirdiyi Azərbaycan ziyalılarından biridir. Tədqiqatçıların çoxu onun Şərqin böyük dini təhsil ocaqlarında ali dini təhsil almağını yazsalar da, bu fikir sənədlərdə öz əksini tapmır.
Hər halda əsərlərindən, yazıb - yaratdıqlarından onun çox savadlı və dərrakəli olduğu görünür.

Səid Ünsizadə Şamaxı qazısı, Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü, "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) naşiri və redaktoru, 2 dərsliyin, bir neçə risalənin müəllifidir. O,XIX əsrdə Şamaxıda fəaliyyət göstərən ədəbi məclisin təşkilatçılarından biridir.Tiflisdə Azərbaycan dilində kitab,qəzet və jurnal çapı üçün qurulan ilk iri mətbəənin yaradıcısı, məşhur Şamaxı Məclis Məktəbinin (1874-cü il) təşkilatçısı və ideya müəllifidir. Səid Ünsizadə ədəbi dilimizin zənginləşməsində böyük xidmətləri olan marifçilərimzdəndir.
" Ziyayi-Qafqasiyyə" qəzetindəki yazıların birindən məlum olur ki, Tiflisdəki Aleksandr Müəllimlər İnstitutunun rəhbərliyi Səid Ünsizadəni institutda oxuyan müsəlman tələbələrə Azərbaycan dilindən və şəriətdən dərs deməyə dəvət etmişdir.
Səid Ünsizadənin dostları çox olsa da, onun bədxahları da var idi.
Onlardan biri Vladimir Valeriyanoviç Bezobrazov idi.
Mətbuat tarixçilərimizdən biri A.Zeynalov elm adamlarına V.Bezobrazovu məşhur rus yazıçısı Saltıkov-Şedrinin lisey yoldaşı kimi tanıdır.Əslində A.Zeynalovun tanıdığı və tanıtdığı Bezobrazov Vladimir Petroviç iqtisadşı akademik idi. Səid Ünsizadə ilə qəzetçilik uğrunda mübarizə aparan Vladimir Valeriyanoviç Bezobrazov isə şərqşünas idi.
Əslən Saratov zadəganlarından olan V.V.Bezobrazov Peterburq Universitetinin şərqşünaslıq fakültəsinin məzunu idi.O, Rusiyanın istanbulda vəTəbrizdə konsulu olmuşdur. V.V. Bezobrazov Azərbaycan dilinə bələd idi. Tiflisdə Azərbaycan dilində qəzet çıxarmaq fikrinə düşən V.V.Bezobrazov bir müddət Bakı Bəy Komssiyasının sədri,sonralar isə Senzor Komitəsində işləmişdir. " Ziyayi-Qafqasiyyə " qəzeti 1884-cü ildə öz nəşrini dayandırmağa məcbur olandan az sonra Qafqaz rənbərliyi V.V.Bezobrazovu Vladiqafqaza göndərir. O, burada "TERSKİYE VEDOMOSTİ" qəzetinə redaktorluq edir.
V.V.Bezobrazovun qəzetçilik fəaliyyəti uzun çəkmir.
V.V.Bezobrazov 1895-ci il dekabrın 5-də qulağının dibinə çıxan şişdən dünyasını dəyişir.
V.V.Bezobobrazov kimi bədxahlarla bacara bilməyən Səid Ünsizadə 1890-cı ildə müasiri olan bəzi bədxahların yaramaz hərəkətlərindən bezərək, İstanbula köçmüş,orada müxtəlif vaxtlarda 3 dəfə Türkiyənin Maarif Naziri olmuş Münif Əfəndinin köməkliyi və havadarlığı ilə təhsil sistemində işləmişdir. Yeri gəlmişkən qeyd edək ki, Münif Əfəndi (onu Münif Paşa adı iə daha çox tanıyırlar) "Ziya" qəzetinin İstanbul oxucularından idi. "Ziyayi-Qafqasiyyə" qəzetinin 1882-ci ildəki 15-ci nömrəsində Münif Əfəndinin "Ey bülbül" qəzəli ilə şeir müsabiqəsi açılmışdır. Müsabiqədə şamaxılı S.Ə.Şirvani, Nuxa şairlərindən Nakam Sədrəddinbəyov ( əslən şamaxılıdır-N.N.) və Mustafa ağa Şəkixanov (Şuxi) iştirak etmişdir.
Bir sıra tədqiqatçılar bu müsabiqəni epiqonçu( təqlidçi) şeir müsabiqəsi kimi qiymətləndirirlər. Bizə elə gəlir ki, bu,Tiflisdən əvvəl İstanbulda başlanan Ezop maneralı layihənin davamıdır. Bu qəzəllərdəki Gül-mətbuat, Bülbül isə mətbuat yolunda əzab çəkən naşir və redaktorlardır.

***

Səid Ünsizadə həyatının son 15 ilini (1890-1905) İstanbulda yaşamışdır. S.Ünsizadə "QURAN"IN Azərbaycan dilində təfsirini burada yazmışdır.
Bu təfsir haqqında nekroloqda yazılanlardan başqa, heç bir məlumat yoxdur.
Nekroloqda ən maraqlı faktlardan biri də budur ki,qəzetin rəhbərliyi ətraflı və hərtərəfli yazı yazanın məqaləsini "Həyat"da çap etməyə hazır olduqlarını bildirirlər.
Təəssüf ki, oxucular "HƏYAT"ın bu çağırışını hələ də sükutla qarşılayırlar.


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,

Bakı,02.12.2015.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: