Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Odlar yurdunda elmin çox zəngin tarixi və ənənələri var. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstəriblər. 1945-ci ildə martın 27-də dövlətçilik tarixində ilk dəfə olaraq Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Elmlər Akademiyasının sürətli inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb.
Ulu Öndərin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2016-cı il 14 iyun tarixli Fərmanına əsasən ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanunla hər bir Azərbaycan vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolu və vəzifələri müəyyənləşdirilib.
Elmin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlər bütövlükdə Azərbaycan elminin inkişafına böyük təkan verib. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkədə əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda Elm Gününün təsis olunması, həmin gün bütün ölkə ictimaiyyətinin diqqətinin məhz elm sahəsinə yönəlməsinə, elmin problem və vəzifələrinin yenidən müəyyənləşdirilməsinə, səmərəli əməkdaşlıqların təşkilinə, eləcə də ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolunun artırılmasına rəvac verir.
2020-ci il sentyabrın 27-də başlanan, Azərbaycanın qələbəsi ilə nəticələn 44 günlük Vətən müharibəsində Azərbaycan ziyalıları, xüsusilə AMEA-da fəaliyyət göstərən alim və tədqiqatçılar arxa cəbhədə bir əsgər kimi vuruşdu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əllərindən gələni etdilər. Azərbaycanın tarixi qələbəsi ilə akademiya da keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müharibədən sonra Qarabağ regionunda ermənilər tərəfindən törədilən ekoloji fəlakətin elmi əsaslı monitorinqi, azad edilən ərazilərin bioloji müxtəlifliyinin, torpaq və su ehtiyatlarının, kənd təsərrüfatının işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili, bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatlar aktuallaşıb, Azərbaycan elmi qarşısına mühüm və konkret vəzifələr qoyulub: “Belə ki, 2021-ci il 12 yanvar tarixində AMEA Rəyasət Heyəti “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və tədbirlər planı haqqında” qərar qəbul edib. Bu qərara 14 bənddən ibarət “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılacaq elmi tədqiqat işləri, elmtutumlu bərpa və quruculuq layihələri üzrə AMEA-nın Fəaliyyət Proqramı” və 90 bənddən ibarət “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında tədbirlər planı” daxildir. Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, həmin qərarın icrasına həmçinin bir çox dövlət orqanlarının müvafiq strukturları cəlb olunub”.
2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şuşanı işğaldan azad etdi və bu gün tariximizə Zəfər Günü kimi yazıldı. Prezident İlham Əliyev ölkəmizin mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa şəhərinin Azərbaycanın milli intellektual potensialının inkişaf etdirilməsində xüsusi yerini nəzərə alaraq, 2022-ci ili “Şuşa İli” elan etdi. Bu Sərəncam müxtəlif dövlət orqanları və peşə sahibləri, o cümlədən Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoydu. Artıq “Şuşa İli” ilə əlaqədar olaraq akademiyanın elmi müəssisələrinin təklifləri də nəzərə alınmaqla müvafiq tədbirlər planı hazırlanıb və təsdiq edilib. Tədbirlər planında “Şuşa şəhəri ərazisində radioloji və kimyəvi risklər” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulur. Eləcə də Şuşa şəhərində anadan olmuş görkəmli riyaziyyatçı və fizik alimlərin yubileyləri ilə əlaqədar beynəlxalq konfransların təşkili nəzərdə tutulur. Şuşa şəhərində müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron xəritələrin, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlərin və sistemlərin işlənilməsi, Şuşa şəhəri və ətraf kəndlərin orta məktəblərinin fizika laboratoriyalarının lazımi cihazlarla təmin edilməsi də il çərçivəsində qarşıda duran mühüm vəzifələrdəndir.
Bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyan və Azərbaycan elminin inkişafı yönündə kompleks islahatların həyata keçirilməsini hədəfləyən AMEA-nın qarşısında ölkədə elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi, struktur islahatlarının həyata keçirilməsi və idarəçiliyin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmin maliyyələşdirilməsinin optimallaşdırılması və elmi əməyin ödənilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi və s. mühüm vəzifələr dayanır. Akademiya elmin inkişafı ilə yanaşı, həm də təhsil sisteminin, gənclərin tərbiyəsinin elmi, maarifçilik və ideoloji təminatı ilə məşğul olur, yeni biliklərə və müasir texnologiyalara yiyələnməyi, onlardan tətbiqi tədqiqatlarda, praktikada istifadə etməyi qarşısına hədəf kimi qoyub.
“Akademiyanın bütün elmi müəssisə və təşkilatlarında Elm Günü ilə əlaqədar tədbirlər keçirilir, televiziya, internet saytları və digər kütləvi informasiya vasitələrində bu gün ilə bağlı diskussiyalar açılır, müsahibələr təqdim olunur. 77 ildir ki, akademiya və onun böyük elmi kollektivi – alim və mütəxəssislərimiz, ziyalılarımız Azərbaycan xalqına xidmət edir, dünya elminə töhfələr verir. Bu illər ərzində Azərbaycan alimləri elmin müxtəlif sahələri üzrə çalışaraq humanitar, ictimai, iqtisadiyyat, yer elmləri, riyaziyyat, fizika, kompüter elmləri və informatika sahəsində böyük nailiyyətlər əldə ediblər. Bu gün Milli Elmlər Akademiyası dövlət başçısının apardığı genişmiqyaslı islahatların, eləcə də Azərbaycanın alim və ziyalılarının əldə etdiyi elmi nailiyyətlərin işığında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir.
Azərbaycanda elmlə məşğul olan, həyatını elmə sərf edən və bu sahə ilə maraqlanan hər kəsi Elm Günü münasibətilə təbrik edir, onlara elmimizin tərəqqisi yolunda yeni nailiyyətlər arzu edirik!..
Nərgiz Qəhrəmanova,
Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyəti aparatının
informasiya şöbəsinin sektor müdiri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.