AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, burada çalışan ədəbiyyatşünas alimlər, tənqidçilər daim ədəbi prosesin inkişaf dinamikasının izlənməsi, tənzimlənməsi, təhlili,tənqidi və təbliğində böyük rol oynyırlar. Bu gün də həmin tarixi ənənə davam etməkdədir.
Eyni zamanda Ədəbiyyat İnstitutunda çalışan tənqidçi və ədəbiyyatşünaslar elmi-tədqiqat işləri ilə bərabər, bu və ya digər miqyasda, səviyyədə və müəyyən (az-çox) məhsuldarlıqla (bütün mədəni dünyada, həmçinin Azərbaycanda çoxdan yazıçı-alim, alim-şair tipi vardır), bədii ədəbiyyat nümunələri yaratmışlar və bu gün də müxtəlif janrlarda əsərlər yazırlar.
Son üç ildə Ədəbiyyat İnstitutunda canlanma göz önündədir. İnstitutun rəhbərliyinin burada elmi fəaliyyəti yeni bir yüksək mərhələyə qaldırmasını vurğulamaqla yanaşı, qeyd edək ki,bədii yaradıcılığa məhəbbəti analoqu olmayan hadisədir. Rəhbərlik mütəmadi olaraq orijinal təşəbbüs və təşkilati yenilikləri ilə hamını sevindirib, təəccübləndirir.
Bu yaxınlarda Ədəbiyyat İnstitutunun direktoru, hörmətli ədəbiyyatşünas alim, akademik İsa Həbbibəylinin təşəbbüsü ilə institutun nəzdində “Elmi Şuranın 29 oktyabr 2016-cı il tarixli qərarı ilə “Ədəbiyyatşünaslıq+ Yaradıcılıq Birliyi” yaradıldı. Birliyin ətrafında iyirmi nəfərə yaxın ədəbiyyatşünas alim cəmləşdi. Bu birlik üzvləri həm tədqiqatçı kimi istedadlı alimlər, həm də bədii ədəbiyyatın müxtəlif janrlarında qələmlərini sınayaraq uğur qazanmış şairlər, nasirlər, publisistlər və tərcüməçilərdir.
Tez bir zamanda Birlik üzvlərinin ədəbi-bədii materiallarının toplanmasına və onların əsərlərinin tərəfimizdən növ və janrlar üzrə təsnif olunmasına başlandı (nəsr, poeziya və tərcümə).
Bu tədqiqatda məqsədimiz institutumuzdaki ədəbi prosesi üzə çıxarmaq, burada fəaliyyət göstərən alimlərin yaradıcılıq nümunələrini izləmək, araşdırmaq və təhlil etməkdən ibarətdir.
Ədəbiyyat İnstitutundakı ədəbi prosesi yaradan alim şəxsiyyətlərdən söz açmaq istəyirəm. Bu sırada İsa Həbibbəyli, Orxan Paşa (Məhərrəm Qasımlı), Bahar Bərdəli, Məhəmmədhəsən Qənbərli, Rəhim Əliyev, İslam Qəribli, Nizami Tağısoy, Elçin Mehrəliyev, Cavanşir Yusifli, Baba Babayev, Mərziyyə Səlahəddin, Rasim Nəbioğlu, Salidə Şamədqızı, Leyli Əliyeva, Şahbaz Şəmioğlu, Fəridə Hicran, Təranə Məhəmmədqızı, Təhminə Bədəlova, Nərgiz Cabbarlı, Fidan Abdurəhmanova, Xədicə Murad və başqalarını göstərmək olar.
***
Ədəbiyyatşünas və tənqidçi şairlərimizin yaradıcılığına ümumi bir nəzər saldıqda görürük ki, onlar ədəbiyyatın daha çox əbədi-əzəli mövzularına müraciət edirlər. Ümumi xətt-leytmotiv Vətəndir,onun ağrı-acılarıdır, itirilmiş torpaqlarımızın həsrətidir. Ana mövzusunda da şeirlər ənənəvi olaraq çoxluq təşkil edir. Şübhəsiz, bütün əsərlər, şeirlər məhəbbətdən doğur: Allaha, Vətənə, Anaya, Sevgiliyə olan eşq.
Nəzər saldığımız poetik nümunələr arasında Azərbaycanda baş verən ictimai-siyasi olaylarla bağlı şeirlərə rast gəlirik. Vaxtilə ermənilərlə “dostluq”dan yazardı şairlərimiz. Bu gün isə müəlliflər reallıqdan çıxış edərək Qarabağın qədim Azərbaycan torpağı və musiqi beşiyi, habelə sənətkarlar yurdu olmasını şeirlərində vurğulayırlar.
Görkəmli alim akademik İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti olmaqla və Ədəbiyyat İnstitutuna rəhbərlik etməklə yanaşı, bədii ədəbiyyat sahəsində də qələmini sınayır.
Ötən il İsa müəllimin “Əsərləri”nin X cildində (1) müxtəlif illərdə yazdığı şeirləri və digər bədii ədəbiyyat nümunələri toplanmışdır.
Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı uzun illərdir ki, “Orxan Paşa” təxəllüsü ilə şeirlər yazır. Onun iki şeir kitabı çıxıb. Sonuncu şeirlər kitabı “Yağmur qoxusu” adlanır. Orxan Paşa yazır:
Düşünürəm
Bəlkə yenidən qurulmaqdı,
Dünyanın qəsdi-
Bəlkə bu bahar leysanı,
Bizim bilmədiyimiz
Bir ismarıçdı,
Bir səsdi...
Hər nədirsə,
Söykəndiyim qurumuş ağacın da
Canına oyanıb təzədən yaşamaq
Duyğusu gəlir.
Yoxsa bu nə arınmaq,
Nə durulmaqdı?!
Ruhun titrəyiş içində
Havadan Tanrı qoxusu gəlir.(2,164)
Müəllifin oxucularına müraciətlə yazdığı “Bir neçə kəlmə” adlı ürək sözlərində oxuyuruq: “2004-cü ildə “Sənə sözüm var” adlı ilk şeirlər kitabımı gec də olsa duyğularına ünvanlamışam. Aradan on ildən çox keçib. Bu on ildən adlayıb bir daha sənə yetişməyim asan olmadı. 2009-cu ildə ağır ürək əməliyyatı, 2014-cü ildə beyin-qan dövranının kəskin pozulması kimi çətin tale imtahanları ilə üzbəüz qaldım, sağalmağım aylar çəkdi. Həkimlərin, ailə üzvlərimin diqqət və qayğısı, eləcə də dava-dərmanla yanaşı isti duyğular, mehr-məhəbbət dolu sözlər canıma təpər verib yenidən yolumu davam etmək üçün qolumdan tutdu. Sənin sevgin də yolumu gözlədiyini bilirəm. O səbəbdən də bu dəfə “Yağmur qoxusu” ilə qarşına çıxıram. Kitabı, oxuyub qurtarandan sonra çəkinə-çəkinə bircə söz soruşacağam: “ Yağmur qoxusu” ürəyincə oldumu?!”(2,5-6)
Üz-üzə söhbətdaşım kimi aldığım bu suala cavab vermək istəyirəm: “Orxan Paşa,həm tədqiqatçı, həm də oxucu kimi-bəli, Məhərrəm bəy, həm şeirlərinin “yağmur qoxusu”, həm də şeirlərinin bədii ətri ürəyimcə oldu”.
Ədəbiyyat İnstitutunun əməkdaşlarının şeir yaradıcılığı poetik mövqelərin, mövzuların, üslubların əlvanlığı ilə diqqəti cəlb edir. Həqiqəti etiraf edək ki, Azərbaycanımızın istiqlal qazanması poeziyada sərbəstlik yaratmışdır və bu, qələmə alınan poetik nümunələrdə də öz bədii təzahürünü göstərməkdədir.
"Azərbaycan şeirnin müasir uğuru milli varlığın ifadəsini poetik palitra ilə verə bilməsindədir. Milli şeir doğma xalq vəzni heca, klassik əruz və XX əsrin sərbəst şeiri zəminində inkişaf etdiyindən, poetik məcazların, fiqurların, ritm və tədqiqlərin bolluğundan, janr-üslub çalarları, forma və struktur çevikliyindən, şeir dilinin sərrastlığından şikayətlənməyə dəyməz. Bunun nəticəsidir ki, Azərbycan şeiri bu gün fərdi üslub və dəst-xətlərin parlaqlığı, təkrarsızlığı ilə seçilir, müasir oxucuların zövqünü oxşaya bilir”. (3,21-22)
Xədicə Murad (İsgəndərli) İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi vəzifəsində çalışır, filologiya üzrə fəlsəfə doktoru,dosentdir, «Məlhəm» Humanist Qadınlar İctimai Birliyinin sədridir. AYB-nın və AJB-nin üzvü, 9 kitab müəllifidir:
1. Nizami və türklük. Bakı, Nafta-Press nəşriyyatı, 2004, 78 s.
2. Yuxulardan başlayır qocalıq. Bakı, Gənclik,2005,302 s.
3. Xeyirxah ömrün işığı. Bakı, Azərnəşr, 2006,102 s.
4. O ilahi işıq, o tanrı nuru. Bakı, Əbilov, Zeynalov və oğulları. 2006, 184 s.
5. Bulaq üstə bitən susuz laləyəm. Bakı, Ozan,2009,106 s.
6. Nağıl dünyamızın nağıl şahzadəsi. Bakı, Qanun,2010, 136 s.
7. Dupduru bulaq kimi.Bakı, Qanun,2010, 225 s.
8. Səni kimdən soruşum. Bakı, Nurlan, 2011, 80 s.
9. Analı günlərin davamı.... Bakı,2014, 112 s.
Filologiya elmləri doktoru, professor Nizami Tağısoyun poetik yaradıcılığı da diqqətə layiqdir. Vaxtilə Nizami müəllimin “Axtaracaqsan məni” (2000) və “Bəlkə dünya öz yolunu çaşıbdı” (2004) şeir kitabları nəşr edilmişdir. Bu gün də yazıb yaradan alimin poetik dünyası zəngindir. N. Tağısoy qələmini müxtəlif mövzularda və irili-kiçikli lirik-epik janrlarda sərbəst işlədir. Onun poemaları yüksək ideya-bədii məziyyətləri ilə oxucu zövqünü oxşayır. Nizami müəllimin çap olunmuş şeirləri “onun poeziya aləmində daha da püxtələşdiyini,sözü daha xəsisliklə, yerində işlətməyə çalışdığını, həyatın dibinə daha dərindən nüfuz etdiyini göstərir.”(İdris Hacızadə:4,10)
xxx
Canımın canı ana, canım ana,
Yanıram yoxluğuna, yanım ana!
Getdiyin haqq yoluna göz yaşı yox,
Damla-damla tökülür qanım, ana,
Ay ana, canım ana,
Canımın canı ana.
Bu bir bənd şeirin müəllifi filologiya üzrə fəlsəfə doktoru, institutun Qədim dövr Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi Leyli Əliyevadır. Xanım-xatınlığı və möminliyi ilə seçilən alimə-şairə Leyli Əliyeva incə qəlbli, sözü duyan və sözə məhəbbətlə yanaşan bir ziyalı Azərbaycan qadınıdır. Şeirləri 1972-ci ildən dövri mətbuatda çap olunur.
Leyli xanım poeziyanın müxtəlif janrlarında qələmini sınamış, fars dilindən, o cümlədən ulu Şəhriyardan, habelə ingilis dilindən tərcümələr etmişdir. Leyli xanım əsasən heca vəznində şeirlər yazsa da, qələmini əruzda da sınayır. Şərq poeziyası və dillərinə dərindən bələd olduğundan bu vəzndə də məharət göstərə bilir. Müxəmməslərinə nəzər saldıqda fikrimiz öz isbatını tapır:
Heyrətdə qalan bil bütün aləm bura gəlmiş,
El oğlu, Sənə eşqini-yazan nə gözəlmiş.
El axtaracaq itkisini, Leyli də söylər,
Vallahi bizim Azərbaycan nə gözəlmiş.
Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin daha bir əməkdaşı, filologiya elmləri doktoru, ərəbşünas Məhəmmədhəsən Qənbərli də ara-sıra şeirlər yazır. O, “İncimə məndən” adlı bir şeir kitabçasının müəllifidir. M. Qənbərli ərəb filologiyası sahəsində tanınmış mütəxəssis olsa da bədii təfəkkürünün məhsullarını da ara-sıra kağıza köçürməyi unutmayıb:
Zalım fələk nə istəyir bizlərdən,
Yaş əskilmir bu intizar gözlərdən,
Acısı çox,şirini yox sözlərdən,
Aman Allah, aman Allah, amandır!
Ayrılığın intizarı yamandır.(5,38)
Indiyədək bir çox elmi-publisistik və bədii əsərləri, kitabları işıq üzü görmüş filologiya üzrə fəlsəfə doktoru, Türk xalqalrı əsədiyyatı şöbəsinin aparıcı elmi işçisi Fəridə Hicranın (Vəliyeva ) hələlik sonuncu olan “Məni görməmisən...”kitabında Qarabağ nisgili ilə yazılmış şeirləri və poemaları toplanmışdır. Fəridə xanım yazır:
Qarabağın döndü bəxtı,
Arzuların ötdü vaxtı,
Qəlb evimin uçan taxtı,
Özüm kimi ağlar oldun. (6,37)
Professor Məhərrəm Qasımlı şairin tale və yaradıcılıq yolunu lakonik şəkildə belə dəyərləndirir: “Vətənimizin ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə onun cəbhə bölgəsinə can atdığı və hətta bir dəfə yaralandığını da xatırlayıram. Qələminə sarılan Fəridə Hicranın can yanğısı ilə yazdığı oçerklərini də unutmamışam. Şeirlərindən də bəlli olur ki, onun yurd həsrəti ilə döyünən rövnəq qəlbində Vətən sevgisi o qədər böyükdür ki, o qəlbə bu sevgidən artıq heç nə sığmaz.
Fəridə xanım yaradıcı olduğu qədər də mübarizdir, həsrətə köklənmiş şeirlərində sabah, uğura açılan bir şəfəqli səhər də izlənir.Sanıram ki, o səhəri görəcəyik...” (6,3-4).Aşağıdakı kövrək misralar da F. Hicranın ağrı dolu qəlbindən oxucu ürəyinə süzülür:
Qarabağım talan oldu,
Çox çalışdım üzülməyim,
Bacarmadım...
Bu dünyadan bac almadım,
Məni dərdə
Salan oldu.
Arzularım yalan oldu,
İstədim ki, tez doğruldam,
Alınmadı.... (6,16).
Təranə Məhəmmədqızı (Abdullayeva) Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Üç şeir kitabının müəllifidir. Sonuncu şeirlər kitabı ötən 2016-cı ildə çap olunub. “Bahara düşən yarpaq” adlanır.Şeirlərin əksəriyyəti nakam bir ömrün-lirik qəhrəmanının fəci hiss və düşüncələrini, həyata bir qədər də bədbin münasibətini ifadə edir:
Dünya özü bir yalandı,
Yalan gerçəyi qorxudur.
Şər xeyirə tələ qurur,
Şeytan mələyi qorxudur.
Içimdəki neyin səsi-
Yerin səsi, göyün səsi,
Ömrün, günün xoş vədəsi,
Xəzan çiçəyi qorxudur.(12,5)
Filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas alim, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi İslam Qəribli eyni zamanda istedadla yazılmış şeirlər müəllifidir. İ.Qəriblinin 2012-ci ildə “Geçikmiş görüş” adlı ilk şeirlər kitabı çapdan çıxmışdır. Kitaba müəllifin müxtəlif illərdə yazdığı lirik şeirləri daxil edilmişdir. Tanınmış tənqidçi Q. Bayramovun “Ön söz”ündə oxuyuruq: “Bu şeirlər-40 ildən çox bir müddətdə şeir yazan, ilk şeirlərini (tələbəlik illərinin) APU-nun “Gənc müəllim” qəzetində nəşr etdirən və sonralar bir daha şeir nəşri məsələsinə qayıtmayan, yazı-pozuya yaxından bələd olan, imzası imzalar içində tanınan bir alimin, bir Hadişünasın,tekstoloqun, publisistin, bir tənqidçi-ədəbiyyatşünasın, şeirə-sənətə qiymət verən, ədəbi-estetik təhlilini verən filologiya elmləri doktoru İslam Qəriblinin şeirləridir! Iki-üç hal istisna olmaqla, heçbir yerdə, heç bir vədə nəşr olunmayan, amma İslam Qəriblinin ürək kitabında çin-çin yığılan şeirləridir...” (7,3)
Həqiqətən də gözəl deyilib:
Torpaqdan boy atan körpə bir fidan,
Saxta bir baxışdan dolandı eşqim.
Mən onu içimdə pünhan saxladım,
Qəlbimin qanına boyandı eşqim. (7,52)
İslamın şeir yaradıcılığında sevgi, ana məhəbbəti, təbiət gözəlliklərini əks etdirən bədii nümunələr çoxluq təşkil edir. Xüsusilə də vətənpərvərlik, Qarabaq və Cənub mövzusunda yazdığı şeirlər poetik yaradıcılığının əsas leytmotividir:
Aydın sabahlara göz dikə-dikə,
Gözümüzün kökü saraldı, Təbriz!
Bir çıxdıq yollara son döyüş deyə,
Aldı yolumuzu qar aldı, Təbriz!(7,106)
İstedadlı yazıçı, şair, ədəbiyyatşünas Bahar Bərdəlinin (Məmmədova) imzası oxuculara yaxşı tanışdır. Bahar xanım filologiya üzrə fəlsəfə doktoru Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir.
Şair-publisist Əlirza Xələfli həmkarı Bahar Bərdəlinin “Qayıtmısan...” şeirlər kitabına “Ağrıları yaşadan poeziya” adlı “Ön söz”də onun yaradıcılığının bədii-poetik məziyyətlərini belə səciyyələndirir: “Baharın şeirləri özünün mənsub olduğu ədəbi nəslin taleyi ilə və həm də yaşadığı dövrün, zəmanənin özü ilə bağlıdır. Elə bəri başdan demək yerinə düşərdi ki, onun həm poeziyası-bəzən ağrılı, bəzən düşüncəli, bəzən müdrik notlarla süslənmiş lirikası öz yaşından qabağa getmir. Bəlkə, daha çox gənclik, ötüb-keçən çağların aşıladığı hiss və duyğuları qoruyub saxlamaq gücündədir. O, başqa məsələdir ki, şair fəhmi, sənət duyumu onun yaşamadığı ömürləri belə qavrayir, gələcəyin istisini və soyuğunu duyur, özündə əks etdirir”. (8,3)Həqiqətən də B. Bərdəlinin şeirləri çoxçalarlıdır, hikmətli notlarla düşündürücüdür:
Əsrlərin daş yaddaşı,
Tarixlərin qəm sirdaşı,
Karvanların köç yurddaşı,
Qədim Bərdə, yurdum mənim,
Ulu diyar, Bərdəm mənim!
Nizaminin şövkətidir,
İsgəndərin heyrətidir,
Nüşabənin hikmətidir,
Qədim Bərdə, yurdum mənim,
Ulu diyar, Bərdəm mənim.
Yuxarıdakı poetik bəndlər və bir çox digər nümunələr göstərir ki,Bahar Bərdəlinin şeir yaradıcılığında vətənpərvərlik mövzusu üstün yer tutur. Onun yaradıcılığında şəhid analarına ithaf etdiyi şeirləri diqqəti daha çox cəlb edir. “Yurdum mənim”, “Şəhidlər xiyabanı”, “Vətən bayatıları”, “Vətən”, “Heykəl analar” kimi poetik nümunələr bu silsilədəndir.
“Şairin sənətkarlığı ondadır ki, bu ağrı-acıları ürək yanğısı ilə ünumiləşdirərək poetikləşdirir və bütün dərdlərin fövqünə qaldırır. Çünki bu acılar tək-tək fərdlərin, ayrı-ayrı şəxslərin deyil, ümumən vətənin yaralarıdır, vətənin ağrılarıdır. Vətənə atılan güllələr bu şəhidlərdən keçib torpağa sancılıb.Onların qanı ilə suvarılan məkanı əbədi məşəl qızdırır, gül-çiçəklər bəzəyir”.(Mərziyyə Nəcəfova:8,4)
Bu yerdə əbədi bir məşəl yanır,
Şənbə gecəsinin dərd-möhnətindən,
Bu yerdə boy atıb güllər, boylanır,
Igid oğulların məhəbbətindən. (8,18)
Tənqidçi, ədəbiyyatşünas, estetik, tərcüməçi, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Rasim Nəbioğlu (Qurbanov) on beş ədəbi, elmi, publisistik, tərcümə kitabının (o cümlədən “Hüseyn Cavidin estetik idealı” monoqrafiyasının) müəllifi, tərtibçisi və mütərcimidir. Onun “Dərəzarat” kitabına, eyni adlı və “Xatəmül-Ənbiya” poemaları, şeirləri, esseləri, hekayələri və ingilis dilindən tərcümələri daxil edilmişdir. Kitab ədəbi-tənqidi fikrin diqqətini cəlb etmiş və tanınmış qələm sahibləri Adilxan Bayramov, Qurban Bayramov, Əli Rza Xələfli və Cingiz Qurbanoğlu əhatəli resenziyalarında onun təhlilini vermişlər.
Rasimin şeirlərini oxuduqca bir məsələnin şahidi oldum ki, onun çoxşaxəli elmi-ədəbi tədqiqatı qədər bədii təfəkkürü də zəngindir:
Dam üstündə bürünərdik, yatardıq,
Miçətkəni üstümüzdən atardıq.
Yuxumuza şirin nağıl qatardıq.
Indi hanı bürüncəyim, köynəyim?!
Dərəzarat, kəndim mənim, ürəyim! (9,32)
Professor Məhərrəm Qasımlının “Ruhunu danışdıran adam” “Ön söz”ündə deyildiyi kimi: “Bu misralardakı poetik ruh dədə Şəhriyarın “Heydərbabaya salam”ıyla eyni ovqatı paylaşsa da, Rasim Nəbioğlunun həm kövrək könüllü bir qardaş kimi, həm də əhli-qələm kimi birbaşa özüdür. Xəlqi kolorit, doğulduğu torpağın, elin folklor və etnoqrafiya dəyərlərinə bağlılıqı da Rasim Nəbioğlunun yazılarına təravət gətirən əsas yaradıcılıq cizgilərindən sayılmalıdır”. (9,9-10).
Professor Adilxan Bayramov isə Rasimin bədii yaradıcılığını belə səciyyələndirir: “ Bu etüd və esselər lirik qəhrəmanın dilindən söylənilsə də, bədii-fəlsəfi ümumiləşdirmələrə meyil göstərən və öz etik-estetik platformasından çıxış edən tədqiqatçı yazarın şəxsi qənaətləridir. Bu əsərlərdə müəllifin insanlıq, şəxsiyyət, özünüdərk və özünəqayıdışla bağlı mülahizələri ilə tanış oluruq”.(10,316)
Ədəbiyyatşünas alimlərimizin şeir yaradıcılığı haqqında fikrimizi yekunlaşdıraraq deyə bilərik ki, onların yaratdıqları poeziya nümunələrinin əksəriyyəti ictimai-siyasi mühitlə nəfəs alan, bu mühitin bədii təcəssümünə nail olan, yaşadıqları dövrün hadisələrinə çevik, mütəmadi reaksiya verən, vətənpərvərlik duyğuları ilə coşub daşan, milli və əcnəbi ədəbi prossesləri izləyib onlara cavab verməyə, uyğunlaşmağa çalışan müəlliflərin əsasən dəyərli əsərləridir. Bu müəlliflərin yaradıcılığında istər tarixi, istər sosial, istər təbiət, istərsə də dini-fəlsəfi mövzuda və məzmunda şeir nümunələrinə rast gəlmək mümkündür.
Tədqiqatçı-alim və ədəbiyyatşünaslarımızın bir çox bədii-poetik qələm məhsulları milli ədəbiyyatımızın, ədəbiyyat tariximizin tərkibinə daxil olmağa, onun üzvü bir hissəsinə çevrilməyə layiq ədəbi prosesi təşkil edən sənət əsərləridir.
***
Ədəbiyyat İnstitutunda çalışan elmi işçi heyətinin nəsr əsərlərinə nəzər saldıqda görürük ki, onların əksər hissəsində süjet və təhkiyə real həqiqətlərə söykənir. Bu qələm məhsulları ideya və qəhrəman, janr və üslub, məzmun və bədii təcəssüm baxımından epik növün tələblərinə xeyli dərəcədə və lazımi səviyyədə cavab verən, ürəkaçan, qənaətbəxş nümunələrdir.
SSRİ-nin dağılmasından və istiqlal qazanmağımızdan, Qarabağın işğalından sonra dövrün meydana gətirdiyi yeniliklər, münaqişə, müharibə atmosferi, beynəlxalq böhran, mənəvi təbəddlülatlar nəsr əsərlərində də özünü büruzə verir.
İnstitutun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, tanınmış tənqidçi-ədəbiyyatşünas Rəhim Əliyev, eyni zamanda nəsr və publisistika ilə də məşğul olur. Nəsr əsərlərindən ibarət iki kitab müəllifi olan Rəhim Əliyevin dövri mətbuatda, sosial şəbəkələrdə mütəmadi olaraq hekayələri dərc olunur. Onun 2014-cü ildə çap olunmuş və əsas qəhrəmanı qadınlar olan “Zülmətdə çəhrayı” kitabında qadınlar “Çəhrayı”, kişilər isə “Zülmət” başlığı altında təqdim olunur. “R. Əliyevin “Çəhrayı dünyası”na məxsus qadınlar idealsız, məqsədsiz yaşayır, nə istədiyini bilmirlər. Burada qadının ana kimi, övlad, dost, vətəndaş kimi mahiyyəti oxucu üçün qaranlıq qalır, ailədəki, cəmiyyətdəki yeri, ictimai statusu, dünyagörüşü bir çox hallarda pərdəarxası, məqama çevrilir. O,metafizik başlanğıcı, sirri, dərkolunmazlığı ifadə etmir, əksinə, bu qadınlar demək olar ki, həmişə gözlənilən addımı atır, çıxış yolunu eyni nöqtədə tapırlar”.(Mətanət Vahid:3,36)
Rəhim Əliyevin təsvir etdiyi qadınlar ədəbiyyatımızdakı ənənəvi qadın obrazlarından fərqlənir. Yazıçı-alimin bu səpkili bütün hekayələrində qadınlar onları atmış kişilərin ayrılığından iztirab çəkir, talelərindəki boşluğu kiminlə oldu, doldurmağa çalışırlar.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Mənzər Niyarlı tanınmış yazıçılardandır. Mən hələ radioda çalışdığım illərdə Mənzər xanımın böyük xanəndəmiz Seyid Şuşinskiyə ithaf etdiyi “Qızıl qaval” hekayəsini efirdə musiqi fonunda dinləyicilərə təqdim etmişdim. Bu hekayə ilə də radio tarixində musiqili hekayə janrının əsası qoyulmuşdu.
Mənzər xanım 40 ildən çoxdur ki, yazıb yaradır. Yazıçı-alimə xanımın nəsrinin özəlliyi ondadır ki, o gerçək həyat materiallarına realistcəsinə çox istinad edir. Mənzər xanımın hekayələrində bir cazibədarlıq, harmoniya var. Hekayələrinin süjet xətti dinamik şəkildə inkişaf edir, oxucunu həvəslə finala yetişdirir. Onun povest və hekayələri öz təhkiyəsi və şirinliyi ilə oxucunu ələ alır. Müəllifin nəsrində psixoloji məqamlar üstünlük təşkil edir. Eyni zamanda Mənzər Niyarlı qadın psixologiyasına, qadın aləminə dərindən bələddir. Yazıçının “Yola dikilən gözlər”, “Yarımçıq məzuniyyət” və “Səhv atılan addımlar” povestlərində biz fikrimizin əyani şahidi oluruq.
Mənzər xanımın bütün hekayələri insan qəlbinə,ruhuna təsir edir. Xüsusilə də “Elə bil çay da susmuşdu” hekayəsi. Bu hekayədə obrazın keçmişi ilə bu günü üz-üzə qalır. Insan bir vaxt səhv buraxır və bu səhvdən doğan günah onun həm özünü, həm də başqalarının taleyini korlayır.
Tənridçi-ədəbiyyatşünas Aygün Bağırlı Mənzər xanımın nəsrinin özəlliklərini belə səciyyələndirir: “Mənzər Niyarlının əsərlərinin xoş təsir bağışlayan xüsusiyyətlərindən biri, bəlkə də, birincisi yazıçının adi həyat gercəklərini, hər gün rastlaşdığımız, çevrəmizdə baş verən, bəzən də yanından etinasız ötüb keçdiyimiz hadisələri yüksək bədii-estetik duyumla sənətə gətirə bilməsidir. Müəllifin maraqlı ifadə və üslub tərzi,təhkiyəsi hekayəçilik ənənlərimizin, bədii nəsrin mövcud ədəbi təcrübəsinin uğurlu davamı olmaqla yanaşı, həm də onun rəng palitrasına yeni bir çalar, yeni bir ştrix əlavə etmişdir”.(11,21)
Mərziyyə Səlahəddin (Nəcəfova) Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AYB-nin üzvüdür. Bir neçə elmi və bədii kitabların müəllifidir. Qarabağda doğulan Mərziyyə xanımın istər elmi işinin (namizədlik), istərsə də bədii yaradıcılığının ana xətti Qarabağ mövzusudur. Mərziyyənin povest və hekayələrində xalqımızın başına gətirilən bəlalar, bu bəlaların törətdiyi faciələr bədii boyalarla təsvir edilir.
Real həyat həqiqətlərini canlandıran müəllifin nəsr əsərləri oxucu üçün dərin maraq doğurur. Mərziyyə xanımın bədii yaradıcılığında ümumilikdə bir dərin kədər var. Nasirin “Şəhid anası”, “Bir ovuc torpaq”, “Buz heykəl”, “Qapı ağzında ölüm” hekayələrini, “Ata ocağı” və “Bağışlanmaz günah” povestlərini həyəcansız oxumaq qeyri-mümkündür. Onun yaradıcılığında humanizm, vətənpərvərlik ruhu çox güclüdür.
Vaxtilə -15 il öncə unudulmaz görkəmli sənətkar Əlibala Hacızadə Mərziyyənin kitabına yazdığı “Ağrılı yazılar” adlı “Ön söz”də onun nəsrinə yüksək dəyər verirdi: “İstedadlı, sözə hakim olmağı bacaran, gələcəyinə böyük ümidlər bəslədiyim Mərziyyə xanım qardaşının adını öz adının yanına yazmasını alqışlayıram. Indi Mərziyyə xanımın tək öz adından yox, Səlahəddinin sözləri və arzuları ürəyində qalmış o nakam cavanın da adından danışır və danışacaq da. Mərziyyə xanım ağrılı-acılı yazıları ilə özünə də, qardaşına da, heykəl qoymaq kimi əbədiyaşar bir işlə nəşğuldur. Bu, sənət hekayəsidir. Sənət hekayəsini isə hətta zaman da yıxıb uçura bilmir”. (13,4).
Şahbaz Şamıoğlu (Musayev) mənim tələbə yoldaşımdır. Tələbə vaxtı ən gözəl dilçi-tələbə kimi nüfuz qazanmışdı. Tale elə gətridi ki, peşəkar, istedadlı ədəbiyyatşünas alim oldu. Ədəbiyyat İnstitutunda Mühacirət ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktorudur.
Şahbaz vətənpərvərlik mövzusunda Qarabağın işğalına həsr etdiyi bir hekayəsini mənə mütaliə və fikir bildirmək üçün təqdim edib. Hekayəni birnəfəsə oxudum. Müəllifin gözəl dili,şirin təhkiyəsi var.
Onun təbiət təsvirləri ənənəvilikdən gəlsə də orijinallıq və simvolik yeniliklərlə zəngindir. Şahbaz Şamioğlunun hekayəsi “Əsrdən uzun gecənin səhəri” adlanır. Şahbaz gərgin süjet quraraq hekayədə erməniyə nifrəti açıq-açığa yox, real tarixi olayların bədii əksinə nail olmaqla verə bilib. Çörəyimizlə böyüyən erməni Axsaq Nişanın satqınlığını, naxələfliyini bədii boyalarla təsvir edə bilib. Hekayənin qəhrəmanı Sənəm arvaddır.
Sənəm arvad əsl Azərbaycan türk qadınıdır. Mərd, ölümdən qorxmayan bir xanımdır. Gəlini öz namusunu qoruyaraq intihar edir. Sənəm arvad düşmənlərin şərtinə saxta vəd verərək gəlinin dəfninə razılıq alır. Yeganə sağ qalan qoca Heybət kişi qəbri qazır, gəlin mafi-qayda ilə dəfn olunur.
Ermənilər məşhur professorun Qarabağda gəbərən oğlunun xalçasını toxumağı Sənəm arvadla vədələşirlər. Hamı Sənəm arvadı nifrətlə süzür. Mərasim vaxtı Sənəm arvadın xalçası təqdim olunur və ermənilər bir-birinə dəyir: Sənəm arvad erməni dığasını yox, xalçada üç rəngli bayrağımızı təsvir etmişdir.
“Ədəbiyyatşünaslıq+” Yaradıcılıq Birliyinin sədri, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Vüqar Əhmədin bədii yaradıcılığı respublikada və xaricdə yaxşı tanınır. ”Vüqar Əhməd yaradıcılıq dövründə tanınmış ədəbiyyatşünas-şair olmaqla yanaşı, həm də roman və hekayələr, dram əsərləri, publisistik məqalələr qələmə almışdır. Vüqar Əhməd nəsr dünymıza hekayə ilə gəlib. Çox qədim dövrlərdən geniş yayılmış bu janrda formaca dinamik, mənaca yığcam hadisələri ümumiləşdirən, dil baxımından sadə surətləri ilə seçilən hekayələr qələmə almışdır”.(15,243) Alim-yazıçının son illərdə üç geniş həcmli nəsr əsəri işıq üzü görüb: “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (avtobioqrafik roman) Bakı,”MBM”,2013;”Son nəfəsədək Azərbaycan”(roman) Bakı,”MBM”-2014;”Qaradağlılar” (roman-trilogiya), Bakı, “MBM”,2014.Ədəbi ictimaiyyətin diqqətinə səbəb olmuş bu üç romanın geniş təqdimatı və müzakirəsi keirilmişdir. Romanlar haqqında görkəmli tənqidçi və ədəbiyyatşünaslar mətbuatda geniş resenziyalarla çıxış etmişlər.
Eyni zamanda Vüqar Əhmədin şeirləri də dövri mətbuatda müntəzəm çap olunmuş, sözlərinə nəğmələr yazılmışdır.
Salidə Şəmmədqızı (Şərifova) AYB-nin üzvüdür, Rusiya Yazıçılar Birliyinin Q.R.Derjavin adına medalı ilə təltif edilmiş və M.A.Şoloxov adına beynəlxalq mükafat laureatıdır. O, Ədəbiyyat İnstitutunda baş elmi işçi, filologiya üzrə elmlər doktorudur. Hekayələrindən ibarət nəsr nümunələri toplusu vardır. “Əriyən Şam” adlanan kitabında ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni proseslərdə baş vermiş problemləri bədii təhlillə oxuculara təqdim edir. “Ön söz” müəllifi, xalq yazıçısı Çingiz Abdullayev Salidənin hekayələri haqqında belə yazır: “Salidə xanım hekayələri, bir tərəfdən milli nəsrə aid ənənələri davam etdirsə də, o biri tərəfdən, janr quruluşu baxımından yeni axtarışları əks etdirir. Bir baxımdan “Əriyən şam” toplusu bizim kiçik nəsr janr formalarının inkişafının davamı kimi qiymətləndirilməlidir. Eyni zamanda müəllif aktual və kəskin sualllara toxunur, qısa həcmli əsərlərində bəşəri və ümummilli xarakter daşıyan problemləri açıqlayır. Bu xüsusiyyətlərinə görə Salidə xanımın yaradıcılığı aktual və müasirdir”. (14,5)
Yeni dövr ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Baba Babayev satirik nəsri araşdırır və eyni zamanda satirik hekayələr qələmə alır. Bizə belə gəlir ki, klassiklərimizin satirik əsərlərini tədqiq etməsi ona bu janrda nümunələr yazmağa həvəs oyadıb. Baba müəllim satirik janrda yazdığı hekayələrdə bədii uğur qazana bilib. Onun lirik-psixoloji üslubda da hekayələri vardır. Baba Babayev mütəmadi olaraq müxtəlif səpkili hekayələri ilə dövri mətbuatda çıxış edir.
Babanın vətənpərvərlik mövzusunda yazdığı hekayələrindən biri yadımdadır- “Namus”. “Namus” hekayəsinin əlyazmasını mənə oxumuşdu. Əsərin əsas ideya və məzmunu erməni vəhşilərindən bəhs edir.
“Deputat xəstəliyi”, “Yalan” və b. satirik hekayələrində ifşa etdiyi ictimai nöqsanlar, insanlardakı mənfi sifətlər yumoristik səpkidə gülüş doğurur.
Araşdırmamızın əvvəlində Rasim Nəbioğlunun şeirlərindən bəhs etdik. Rasim müəllim hekayə və esselər də qələmə almışdır.” Orasını da deyim ki, Rasim Nəbioğlunun yazı üslubu özünün canlılığı ilə seçilir. Səbəbi odu ki, o, elə danışdığı kimi yazır, yazdığı kimi də danışır. Səmimiyyət, ədəbi mehr-məhəbbət üçün bundan doğru yol yoxdur. Rasimin hekayə-nəsr dili bu mənada gözəl bir söhbətdir. O, öz oxucusu ilə söhbət eləməyi bacarır. Ədəbiyyat adamı üçün bundan vacib keyfiyyət yoxdur”.(Məhərrəm Qasımlı:9,11) R. Nəbioğlunun bədii cəhətdən uğurlu alınan “Ağ gün”, “Bəstə-nigar”, “Sınmış ütü”, “Yaxşı əmi” kimi hekayələrinin adını çəkə bilərik.
Elçin Mehrəliyev filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir.
Bədii yaradıcılığa ötən əsrin 70-ci illərində başlamış, istedadlı nasir və dramaturq kimi tanınmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir sıra əsərləri “Azərbaycan gəncləri”, “Bakı”, “Savalan”, “Azərbaycan müəllimi”, “Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat və incəsənət” kimi dövrü mətbuat orqanlarında dərc edilmişdir. “Hekayə və nağıllar” (1982), “Pərvin” (1989), “İttiham” (1991), “Hər kəs öz taleyini yaşayır” (1998), “Doxsanıncı illər” (2004), “Tale döyüşü” (2011) adlı kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Bir çox əsərləri respublika radiosu verilişlərində səslənmiş, “Yurd yeri” pyesi əsasında televiziya tamaşası çəkilmişdir. Onun əsərlərinizdə saf məhəbbət, insan taleyi, torpaq sevgisi, yurd həsrəti kimi motivlər özünü qabarıq surətdə əks etdirir.
Tənqidçi-ədəbiyyatşünaslardan akademik B.Nəbiyev, müxbir üzv N.Cəfərov, professor C.Mustafayev, filologiya elmləri doktorları V.Yusifli, Ş.Xəlilov, S.Şərifova və başqaları E.Mehrəliyevin bədii yaradıcılığından bəhs etmiş, əsərlərinin özəllik və keyfiyyətlərini yüksək qiymətləndirmişlər.
Akademik Bəkir Nəbiyev Elçin Mehrəliyevin “Tale döyüşü” romanına yazdığı “Ön söz”də yazıçının Qarabağ mövzusuna müraciətini belə səciyyələndirir: “Qeyd etməliyik ki, Elçin Mehrəliyev ağır və çətin mövzunu təsadüfən qələ almayıb. O, Qarabağ mövzusuna tez-tez müraciət edən, problemin istər elmi, istərsə də bədii-publisistik səpgidə həlli yollarını ciddi-cəhdlə axtaran müəlliflərdəndir. Onun “Tale döyüşü” əsərini həyəcansız oxumaq, təsirlənməmək, ümummilli mətləblər, problemlər üzərində düşünməmək mümkün deyil”.(17,7).
Yazının əvvəlində Bahar Bərdəlinin (Məmmədova) şeir yaradıcılığından söhbət açdıq. Bahar xanım ədəbi ictimaiyyətə şair kimi daha yaxşı tanış olsa da, bir nasir kimi də qələmini sınayıb və hekayələri ilə oxucu rəğbəti qazana bilib.
“Bahar Bərdəlinin “Dünya bir pəncərədir” hekayəsi mövzu-ideya, qaldırılan problemlərin xüsusiyyətləri və ya dil-üslub, süjet-kompozisiya baxımından öz bədii-estetik cəhəti və həlli ilə diqqəti çəkir. Hekayədə qoyulan problem çoxcəhətli, çoxşaxəlidir. Pillə-pillə və ya əzablı-əziyyətlə elmin yollarında addımlayan və akademik rütbəsinədək yüksələn hekayənin qəhrəmanı əsər boyu müxtəlif vəziyyət və hadisələrdə müşayiət olunur ki, onun konkret real, gerçək görüntüsü bədii mətn arxasında qalır. Buna baxmayaraq hadisə, vəziyyət, obrazlar aləmi, qaldırılan problemlər bütünlüklə əsər boyu və qəhrəman ətrafında cərəyan edir”. (Xanverdi Turaboğlu:3,34)
Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Fidan Abdurəhmanova elmi fəaliyyət göstərməklə yanaşı bədii yaradıcılıqla da məşğuldur. Onun “Göyərçin və büllur”(2005) və “Xəyal gəmisi”(2010) adlı iki hekayələr kitabı nəşr olunmuşdur. Fidan Abdurəhmanova yaradıcılığında göstərdiyi fəaliyyətə görə AYB-nin təqdimatı ilə Prezident təqaüdünə layiq görülmüşdür.(2011)
Son illər Fidan xanım uşaq hekayələri ilə dövrü mətbuatda müntəzəm çıxış edir. “Göyərçin” jurnalında onun xeyli sayda uşaq hekayələri işıq üzü görmüşdür. Bu hekayələr göstərir ki, müəllif uşaq aləmini, psoxologiyasını yaxşı bilir.
Bizim alim ədəbiyyatşünasların nəsr əsərləri haqqında yekun olaraq deyə bilərik ki, bu povest və hekayələrin ideya-bədii dəyəri onlardakı istedad və səmimiyyətin gücündədir. Yazıçı-alimlərin nəsri öz təbiiliyi və səmimiyyəti ilə seçilir. Bu əsərlərdə lirik ruh, romantik vüsət vardır. Əsərlərin dili axıcı, şəffaf və poetikdir. Inanıram ki, milli və əcnəbi ədəbiyyatı təhlil və tədqiq edən alimlərimizin istər poeziya, istərsə də nəsr əsərləri çağdaş ədəbi tariximizin səhifələri ola biləcək...
***
Alim-ədəbiyyatşünaslarımızın tərcüməçilik fəaliyyətləri haqqında da qisaca danışmaq istəyirik. Ədəbiyyat İnstitutunda elmi işçi heyətinin tərcüməçilik fəaliyyəti onların yaradıcılıqlarının bir qismini təşkil edir. Onlar başqa xalqalrın ədəbiyyatından bədii əsərləri ana dilimizə çevirməklə ədəbi əlaqələrimizi genişləndirirlər.
“Tərcümə zamanı əsərin milli koloritini saxlamaq prosesi obyektiv çətinliklərlə qarşılaşır. Bu zaman tərcüməçi əsərin orijinalına diqqət yetirməli və çalışmalıdır ki, tərcümə əsərin orijinalında verilən səviyyədə olsun və edilən dəyişikliklər mənaca səhvə və təhriflərə gətirib çıxarmasın”.(16,88)
Yüksək orijinallıqla tərcümə olunmuş əsərlərindən biri də Qazax xalq qəhrəmanlıq eposu “Koblandı-batır”dır. Professor Məmməd Əliyevin redaktorluğu ilə çapa hazırlanan əsəri dilimizə Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, əməkdar müəllim,tanınmış ədəbiyyatşünas alim Nizami Tağısoy tərcümə etməklə “Şifahi sənət nümunələri”nin yetərincə orijinal olduğunu bir daha sübut etmişdir.
Mütərcimin tərcüməyə verdiyi şərhlər, “Koblandı-batır” dastanı ilə bağlı iş prosesi, o cümlədən bir neçə dillə təqdim olunmuş xülasələr əsərin geniş auditoriyada rəğbət qazandığına şübhə doğurmur.
Rasim Nəbioğlunun şeir və hekayələrinin bədii məziyyətləri barədə söhbət açmışıq. Indi isə onun tərcümələri haqqında danışmaq istəyirəm. R. Nəbioğlu ingilis-rus-azərbaycan dillərində danışıq kitabçasıının, tədris və metodik vəsaitlərin müəllifidir. Ali məktəblərdə bir sıra humanitar fənlərlə yanaşı, ingilis dili və ədəbiyyatını da tədris etmişdir.Tanınmış yazıçılar Əmir Pəhləvanın, Ağarəhim Rəhimovun povest və pomanları onun ingilis dilinə tərcüməsində Berlində və bakıda nəşr edilmişdir. R. Nəbioğlu xalq yazıçıları Anarın və Yusif Səmədoğlunun bir neçə hekayəsini ingilis dilinə tərcümə edib. Həmin tərcümələr ABŞ-da nəşr olunmuş “Azərbaycan nəsri antologiyası”na(1913) daxil edilmişdir. Eyni zamanda ingilis ədəbiyyatından U. Şekspir, Ç.Makey, L. Hyuz, C. Törber kimi müəlliflərin şeirlərini, hekayə və yumoristik novellasını, habelə B. Şounun və U.Həzlitin ədəbi-tənqidi əsərlərini orijinalıqla, bədiiliklə, məharətlə dilimizə çevirmişdir.
İnstitutun əməkdaşlarından olan tənqidçi və professional tərcüməçi filologiya elmləri doktoru, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi Cavanşir Yusifli son üç ildə məhsuldar işləmişdir:
1. A. Kamu. Seçilmiş əsərləri. 3 roman, 1 hekayə, 1 esse və Nobel nitqi (150 cildik dünya ədəbiyyatı)-2015-fransız dilindən.
2.T.S. Eliot. “Bəhrəsiz torpaq”poeması.-ingilis dilindən.
3. T. Transhomer. “Seçilmiş şeirlər”. 2016-fransız və İsveç dillərindən
4.Eqzüperi. “Balaca şahzadə”.2016-(“Parlaq imzalar” nəşriyyatı)-fransız dilindən.
5. A. Kamu. Gündəliklər. 2016.-fransız dilindən.
6.Çeslav Miloş. “Seçilmiş şeirlər”- fransız, rus və polyak dillərindən. 2016.
7. Adonis (ərəb şairi) Seçilmiş şeirlər və “Ərəb şeirinin poetikası” traktatı-2016, fransız dilindən.
8. Edmon Jabe. “Şeirlər”. -2016, fransız dilindən
9. Anarın “Göz muncuğu” romanının Polşa nəşrinə ön söz (polyak dilində) 2015.
10. Fərid Hüseyn-10 şeir ingilis dilinə tərcümə, 2016. ABŞ-da çap edilib.
11. Memar Rasim Əliyev. Xatirələr (Memories) ingilis dilinə tərcümə.380 səhifə.2016.
12.Səlim Babullaoğlu. 12 Şeir. Ingilis dilinə tərcümə-2016.
13Vislava Şimborskaya.Şeirlər.2016-farnsız dilindən.
14. Ejen Qilvik “Yarpaq gülə bilsəydi, çiçək olardı”, 2016, fransız dilindən
Bizə belə gəlir ki, Cavanşir Yusiflinin tərcümə yaradıcılığı xüsusi araşdırma və təhlilə layiqdir.
İnstitutumuzdakı ədəbiyyatşünas alimlərimizdən tərcümə ilə məşğul olan yaradıcı insanlardan biri də Ədəbi-tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır.Onun səkkiz tərcümə kitabı dərc edilib: 1.Luis Sinkler “Seçilmiş əsərləri”, ”Şərq-Qərb”(2012),
2.Fransuaza Saqan “Seçilmiş əsərləri”, ”Şərq-Qərb”(2013),
3.Dünya yazıçılarının nağılları, “Şərq-Qərb” (2014),
4.Falih Rıfkı Atay “Atanız Atatürk” “Xan nəşriyyatı”(2015),
5.Svetlana Aleksiyeviç “Müharibə qadın simalı deyil”,“Xan nəşriyyatı” (2015),
6.Rünoske Akutaqava “Seçilmiş əsərləri” ”Şərq-Qərb”(2016),
7.Günter Qrass “Mənim yüzilliyim”,”Şərq-Qərb”(2016),
8.Marsel Prust “Savana doğru”,”Şərq-Qərb”(2017).
Bunlardan altısı Prezidentin sərəncamı ilə dərc olunan “Dünya ədəbiyyatı” 150 cildliyinə daxildir.
Nizamişünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova peşəkar tərcüməçidir. Onun tərcümələrinin əhatəsi geniş və mündəricəsizəngindir: Ş.Anderson, Bredberi, Kiplinq, İrvinq Şou, Heminquey, Stendal, Dikkens, N. İ. İbsen, Balzak, J. Vern, Meterlink, Hüqo, Flober. Təhminə xanımın tərcümələri rus, ingilis, fransız, Amerika və digər xalqların ədəbiyyatının nəsr nümunələrini peşəkar səviyyədə əhatə edir.
Təhminə xanımın iri tərcümə kitabı çap olunmuşdur. Qeyd etdiyimiz tərcümə nümunələri “Mən səni elə axtarıram ki...” adlı ikinci kitabda toplanmışdır.
Tərcümə əsərləri həm milli mədəniyyətlərin yaxınlaşması üçün, həm də millətlərin qarşılıqlı ünsiyyəti üçün zəmin yaradan vasitədir.
Ədəbiyyat İnstitutundakı ədəbi proses ölkə miqyasında formalaşan, inkişaf edən milli ədəbi prosesin tərkib hissəsidir, çünki çağdaş Azərbaycan ədəbiyyatı dərin tarixi köklərə, ənənələrə, milli zəminə malikdir və coğrafiyası çox genişdir.
Tənqidçi və ədəbiyyatşünasların bədii yaradıcılığı onların elmi-tədqiqatçılıq fəaliyyətini və Ədəbiyyat İnstitutunun bütöv mənzərəsini tamamlayır.
VÜQAR ƏHMƏD
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Ədəbiyyatşünaslıq+” Yaradıcılıq Birliyin sədri, filologiya üzrə elmlər doktoru, professor.
20.01.2017
İstifadə olunmuş ədəbiyyat:
1.İsa Həbibbəyli. Yollar şeirdən başlamışdı. Əsərləri,X cild, “Elm və təhsil”,2016
2.Məhərrəm Qasımlı-Orxan Paşa.Yağmur qoxusu, Bakı-“Uğur”,2015.
3. İsa Həbibbəyli,Tehran Əlişanoğlu. Ədəbi-mədəni proses. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı II cild. Bakı, “Elm və təhsil”,2016.
4.Nizami Tağısoy. Bəlkə dünya öz yolunu çaşıbdı. Bakı, “Azərnəşr”,2004.
5.Məhəmmədhəsən Qənbərli. İncimə məndən. Bakı, “Təknur”,2011.
6.Fəridə Hicran. Məni görməmisən. Bakı, “Aspoliqraf”,2016.
7.İslam Qəribli. Geçikmiş məhəbbət.(şeirlər).Bakı, “Elm və təhsil”, 2012.
8.Bahar Bərdəli. Qayıtmısan... Bakı,”Nurlan”,2013.
9.Rasim Nəbioğlu.Dərəzarat. Bakı,İSBN,”Afpoliqraf”,2013.
10.Adilxan Bayramov. Sənət məbədləri, Sənət fədailəri. Bakı, “Vətənoğlu”,2015
11.Aygün Bağırlı. Qadın nəsri yaxud nəsrdə qadın obrazları. “Ədəbiyyat qəzeti”. 16 fevral, 2016. s.21.
12.Təranə Məhəmmədqızı. Bahara düşən yarpaq. Bakı, “Avropa”,2016.
13.Mərziyyə Səlahəddin. Bir ovuc torpaq. Bakı, “Ozan”, 2002.
14.Salidə Şəmmədqızı. Əriyən şam. Bakı, “Elm və təhsil”, 2011.
15.Rasim Nəbioğlu, Müşfiq Cabiroğlu. Vüqar Əhmədin yaradıcılıq yolu. Bakı,”MBM”,2013.
16.Vüqar Əhməd. Rus uşaq ədəbiyyatı və Azərbaycan. Bakı, Bilik, 1992.
17.Elçin Mehrəliyev. Tale döyüşü (roman).Bakı, “Elm və təhsil”,2011.
Вугар Ахмед
Литературный процесс в Институте Литературы
Резюме
Ключевые слова: литературовед, поэзия, проза, перевод, художественное произведение
Литературоведы и учёные Института Литературы в Азербайджанской Национальной Академии наук в основном анализируют, изучают и исследуют теорию, историю литературных вопросов и проблемы критики, но ряд специалистов занимается также художественно-эстетической деятельностью. Они пишут и публикуют стихотворения, поэмы, рассказы, романы, свои книги, переводят разнообразные произведения разных зарубежных авторов с иностранных языков на азербайджанский и наоборот. Художественные произведения исследователей Института Литературы образуют литературный процесс, который является частью общего литературного процесса в нашей стране. Большинство произведений поэзии, прозы и перевода, созданные критиками и литературоведами, достойны анализа, обсуждения и высокой оценки.
Vugar Ahmad
Literary Process in the Institute of Literature
Summary
Key words: specialist in literature, poetry, prose, translation, artistic work
Specialists in literature and scholars from the Institute of Literature at Azerbaijan National Academy of Sciences mainly analyze, study and research theory, history of literary questions and problems of criticism but a number of them are occupied with artistic-aesthetic activity as well. They write and publish verses, poems, short stories, novels and their own books of fiction, translate various works by different authors from foreign languages into Azerbaijani and vice versa. The artistic works of the researchers from the Institute of Literature form the literary process which is the part of the whole literary process in our country in general. The most works created by the critics and specialists in theory of literature are worthy of analysis, discuss and appreciation.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.