Nadir Arzu oğlu Atayev - 1998 ci ildə Bakı şəhərində anadan olub.
2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetində “Elektronika telekommunikasiya və radiotexnika” ixtisası üzrə bakalavr təhsili alıb. 2019-cu ildən həmin ixtisasın "Çoxkanallı telekommunikasiya sistemləri” ixtisaslaşması üzrə AzTU-da magistr təhsili alır.
Elə həmin ildən, o, həm də, “Telekommunikasiya və İnformasiya Təhlükəsizliyi” kafedrasının elmi tədqiqat laboratoriyasında laborant kimi əmək fəaliyyətinə başlayıb.
Hazırda isə “Azərkosmos” ASC-nin “Aerokosmik və Robototexnika” qrupunda Elektronika üzrə mühəndis vəzifəsində çalışır.
Biz də gənc tədqiqatçı Nadir Atayevə yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir məqaləsini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
OPTİK KOMMUTATORLAR
Optik kommutatorlar (OK) (çeviricilər və ya açarlar) optik şəbəkələrdə optik siqnalların kommutasiyası üçün geniş tətbiq edilir. OK-nın parametrləri və texniki xarakteristikaları onun tutumu, girişlərin və çıxışların sayı, bir vəziyyətdən digər vəziyyətə keçmə sürəti, kanalda siqnal yayılan zaman baş verən optik itkilər (“qoşulmuş” vəziyyətdə sönmə əmsalının qiyməti) və keçid maneələri və ya keçid sönməsi (“söndürülmüş” vəziyyətdə sönmə əmsalının qiyməti) və s. ilə xarakterizə olunur. Yüksək keyfiyyətli OK-da göstərilən optik xarakteristikalara dalğa uzunluqları və şüanın polyarlaşmaları nəzərə alınmaqla baxılır.
Optik kommutatorlar iş prinsipindən asılı olaraq əsasən: mexaniki OK-lar, elektrooptik OK-lar, termooptik OK-lar, inteqral-optik OK-lar, yarımkeçirici (SOA) OK-lar, foton kristallarından olan OK-lar və maye kristalların çoxqatlı matrislərindən olan OK-lara bölünürlər. Aparılan analizlərə əsaslanaraq, MEMS tipli mikromexaniki kommutatorlar öz funksionallığına görə geniş istifadə olunmaqdadır.
İşin məqsədi optik-foton kommutatorlarının parametrlərini, qurulma prinsiplərinin analizi əsasında yeni nəsil 3D kommutatorların yaradılmasıdır. Bununla əlaqədar tərəfimizdən MEMS tipli yeni nəsil 3D optik kommutatoru hazırlanmışdır (Şək. 1).
3D optik kommutatorun struktur blok sxemi isə Şək. 2-də göstərilmişdir.
Yeni nəsil 3D optik kommutator prototipinin digər MEMS tipli optik kommutatorlarla müqayisədə aşağıdakı üstünlüklərə malikdir:
· Lazer işıq mənbələrinin bir şəkildə və y ayrı-ayrılıqda 3600 fırlanma başlığında yerləşməsilə şüa mənbələrinin sayından asılı olaraq, linzaların kompakt yığılması, bununla ölçülərinin, sərf olunan material miqdarının və yekun qurğunun maliyyə dəyərinin aşağı olmasına;
· Yekun qurğuda lazer başlıqlarının iki ədəd yüksək dəqiqlikli mikroaktyuator vasitəsilə idarə olunmasıyla və yarımşəffaf güzgünün də hərəkətinin kommutasiya istiqamətində idarə olunması daxil olan optik siqnalların kommutasiya müddətinin dəfələrlə artırılmasına;
Qurğuya inteqrasiya edilmiş elektron nəzarət və ölçmə sistemi vasitəsilə kommutatora daimi nəzarətin mümkünlüyü və yaranmış problemlərin effektiv diaqnostikası aparılması imkanın əldə olunmasına gətirib çıxarır.
Müasir optik veriliş sistemlərində kanalların kommutasiyası üçün istifadə olunan optik kommutatorların analizi nəticəsində, yeni nəsil 3D kommutatorunun ilkin prototip modeli təqdim olunmuş, onun iş rejiminin struktur blok sxemi verilmişdir. Yeni nəsil 3D kommutatoru yeni nəsil idarəetmə və nəzarət sxemi, optik kanalların idarə olunması üçün proqram təminatı ilə təmin olunmuşdur.
Təklif olunan kommutator müasir optik veriliş sistemlərində tətbiqi nəzərə tutulmaqla bərabər, kiçik ölçülü optik naviqasiya nişangahlarda da tətbiq oluna bilər.
Nadir ATAYEV,
AzTU-nun II kurs maqistri,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.