1887-ci ildə Tiflisdə ziyalı ailəsində doğulan Gövhər xanımın hələ beş yaşı olanda atası onu rus dilini öyrənmək məqsədilə bir ziyalı rus ailəsinə vermişdir. Məktəb yaşına qədər Gövhər xanım bu ailədə rus dilini öyrənir və sonra məktəbə gedərək təhsil alır. Daha sonra Tiflisdə “Nəcib qızlar” institutunda oxuyan və rus dilində mükəmməl təhsil görən Gövhər xanım, bəlkə də bu səbəbdən müasir düşüncələri ilə bir çox müsəlman, xüsusilə də Azərbaycan qadınlardan fərqlənirdi.
Tiflis XIX əsrin sonu, XX əsrin əvvəllərində mədəniyyətin inkişaf səviyyəsinə görə digər ölkələrdən, Zaqafqaziyada, hətta Orta Asiyada belə öndə idi. Mənbələrə istinadən qeyd etmək olar ki, Tiflisdə nəinki təhsil, maarif, eləcə də teatr, dram cəmiyyətləri, rəssamlıq, heykəltəraşlıq, kitab nəşri, mətbu orqanların fəaliyyəti sürətlə inkişaf edirdi. Zaqafqaziyada ilk məktəbin əsası da 1801-ci ildə məhz Tiflisdə qoyulmuşdur(1.s.175).
Azərbaycanın ziyalı təbəqəsinin əksəriyyətinin təhsili və mədəniyyət sahəsindəki uğurları demək olar ki, Tiflis mühiti ilə sıx bağlıdır. Azərbaycana yaxın olan Tiflisdə bəy övladları ilə yanaşı, kasıb ailələrində təhsil alması mümkün idi. Lakin, o dövrün çar rejimi müsəlman uşaqları ilə digər millətlərin övladlarına hiss olunacaq dərəcədə fərq qoyduğu üçün vəziyyət bir qədər cəyinləşirdi. Həm də müsəlmanlar arasında güclü dindarlıq, mövhumatçılıq uşaqların təhsil almasına böyük maneələr yaradırdı. Ruhani qadağası qızlar üçün daha dözülməz idi. Gövhər xanım Qazıyevanın da həyatı Tiflis mühiti ilə sıx bağlı olmuşdur. Gövhər xanım həyatında baş verən çətinliklərə baxmayaraq, aktrisalıq peşəsini seçir və bu sənətin fədaisinə çevrilir. Həm də XX əsrin əvvəllərində Cənubi Qafqazın ən inkişaf etmiş mədəniyyət mərkəzi Tiflis hesab edilirdi. Gövhər xanımın ailə həyatı da çox uğursuz alınmışdır.
1904-1907-ci illərdə Gövhər xanım ilk həyat yoldaşı M.İsmayılzadə ilə birlikdə Rusiyanın Moskva,Uralsk, Voronej, Nijni-Novqorod şəhərlərində yaşamış, 1906-cı ildə Voronej şəhərində onun ilk (və yeganə) övladı-oğlu İsmayıl dünyaya gəlmişdir(2.s.53).
Onun üzüaçıq gəzməsini bəhanə edən Voronej və Uralskidə yaşayan müsəlman dindar və mürtəce qüvvələri daim onu izləyir, təhqir edirdilər. Övladını qorumaq məcburiyyətində qalan Gövhər xanım valideynlərinin yanına, Tiflisə qayıdır. 1907- ci ildə o Tiflisdə Gövhər xanım Qacar, Gövhər xanım Qayıbova, Münəvvər xanım və başqa maarifpərvər ziyalı xanımlarla dostluq əlaqələri yaradır və teatr sənəti ilə maraqlanır. Mövhumatçı dindarlar isə onun səhnəyə çıxmasını və üzü açıq gəzməsini qəbul etmədikləri üçün, Gövhər xanımın ana ürəyinə dağ çəkərək, onun yeganə övladı olan oğlu İsmayılı ogurlayırlar. İradəsi güclü olan Gövhər xanımı əqidəsindən döndərə bilmirlər. Uzun illər oğlundan ayrı yaşamalı olan bu xanıma qarşı olan təzyiqlər səngimək bilmirdi. Artıq bütün qohum-əqrabası demək olar ki, tamamilə ondan üz çevirmişdilər. Bu cür təzyiqlərdən bezən aktrisa buradan uzaqlaşmaq üçün İrana köçməli olur və ömrünün sonuna qədər orada yaşayır.
Tiflis mühiti Gövhər xanımın təhsil almasında mühüm rol oynasa da, Rusiya həyatının da onun taleyində böyük rolu olmuşdur. Belə ki, Rusiyanın şəhərlərini dolaşaraq onların adət-ənənələrinə bələd olan Gövhər xanım, eyni zamanda onların tamaşalarına da baxır və səhnə sənətinə də dərindən bələd olurdu. Gövhər xanımın həm rus, həm də başqa xarici dilləri bilməsi çox zaman onun köməyinə gəlirdi. Gövhər xanım eyni zamanda azad düşüncəli, müasir fikirli qadın olmuşdur. Bəlkə də bu səbəbdən o bir qədər iradəli hərəkət etmiş və bu iradəsinə söykənərək 1906-cı ildən səhnə fəaliyyətinə başlamışdır.
Səhnə fəaliyyəti onun qarşısında çox böyük çətinliklər törədirdi. Gövhər xanım o illərdə fəaliyyət göstərən “Dram cəmiyyəti”(rəhbəri Mirzə Əli Abbasov) və “Səadət”(rəhbəri Həbib bəy Köçərlinski)truppalarında fəaliyyət göstərsə də, oynadığı ilk tamaşa 1910-cu ildə Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” faciəsində olmuşdur. O dövr üçün müsəlman qadınlarının səhnəyə çıxması qadağan olunduğundan bu onun üçün olduqca təhlükəli idi. Lakin, Gövhər xanımın səhnəyə gəlişi qaranquş gəlişini xatırlatdığından ona Göyərçin deyə müraciət etdilər. Beləliklə, zərif cinsin nümayəndəsi olan Gövhər xanım Göyərçin bütün təhlükələrə rəgmən Azərbaycanın ilk qadın aktrisası oldu.
Gövhər xanımın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayıldı. Onun haqqında bir çox mətbu orqanlarda məqalələr dərc olunmağa və onunla görüşlər keçirməyə dəvətlər gəlməyə başladı. “Nicat” cəmiyyəti də o vaxt Gövhər xanımı Bakıya dəvət etmişdir. Çox zəngin repertuarı olan bu xanım onlarla tamaşalarda iştirak edir və bir-birindən maraqlı rollar yaradırdı. Gövhər xanım Qazıyeva Azərbaycan dramaturqlarının əsərlərindən əlavə, xarici dramaturqların da əsərlərindən ona tapşırılan rolları məharətlə oynayırdı. O, N.Nərimanovun “Nadir şah” pyesində Cülcahan, Ə.Haqverdiyevin “Pəri Cadu” əsərində Hafizənin, “Bəxtsiz cavan” da Mehrinin, Z. Hacıbəyovun “Evliykən subay” əsərində Pərizadı, Ü.Hacıbəyovun “O olmasın, bu olsun” əsərində Gülnazı, “Leyli və Məcnun” tamaşasında isə Leyli obrazlarını yaratmışdır. Bundan başqa Gövhər xanım H.Heynenin “Əlimənsur”, Loxmanovanın “Napoleonun vəfatı”, N.Kamalın “Qara bəla” əsərlərində də əsas rolları canlandırmışdır. Gövhər xanım Azərbaycan teatr tarixində xüsusi yeri olan bir çox aktyorlarla eyni səhnədə çıxışlar etmişdir. Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzaga Əliyev, Mir Seyfəddin Kirmanşahlı və digərləri ilə tamaşalarda tərəf müqabili olmuşdur. M.S.Kirmanşahlı o dövrün ən tanınmış iranlı aktyor və rejissoru idi.
Gövhər xanım Qazıyeva Mir Seyfəddin Kirmanşahlının dəvəti ilə İrana getmiş və birdəfəlik orada yaşamalı olmuşdur. 1937-ci ildə isə bir neçə günlük Bakıya gələn aktrisa, on beş ildən artıq bir müddətdə itirdiyi və üzünü görmədiyi yeganə oğlu İsmayılla görüşə bilmişdir.
Gövhər xanım Qazıyeva(Göyərçin) 1960-cı ildə Cənubi Azərbaycanda vəfat etmişdir.
Allah rəhmət eləsin.
İstifadə olunan mənbə:
1. AR Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin “Məqalələr toplusu”, Bakı.2010, 271 səh.
2. A.İsmayılova: “Azərbaycan qadınları səhnədə”, Bakı.1977, 161səh.
PƏRİXANIM MİKAYILQIZI,
Elm və Təhsil" qəzetinin Baş redaktoru,
şair-publisist, araşdırmaçı jurnalist,
"Abdulla Şaiq", "Xurşud Banu Natəvan",
"Qızıl qələm" və "Sülh təbliğatçısı" mükafatları laureatı,
“Xarı Bülbül” medalı mükafatçısı,
"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun
"ZİRVƏ" mükafatıçısı və Fəxri Diplomçusu
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.