hər axşam o Vətən deyib ah çəkər...”
(Əssar Təbrizi)
İnsan üçün Vətən anlayışı hər şey deməkdir.
Vətən yurd, Vətən ocaq, Vətən sevgi, həyat deməkdir.
Vətən övlad, ruh deməkdir. Ən nəhayət isə Vətən müqəddəs varlıq olan “Ana” deməkdir.
İnsan ana üçün ölümü göz önünə alırsa, bu söz Vətənlə birləşəndə, o hər cür çətinliyə mərdliklə sinə gərə bilir. Vətən hər yerdən gözəldir.
Bu gün haqqında söhbət açacağımız igidimiz məhz “Ana Vətən”i üçün canından keçən, Vətən yolunda qurban gedən şəhidimiz mayor Vüsal İslam oglu Vəliyevdir.
Şəhidimizi gələcək nəsillərə tanıtmaq üçün onun həyat yoluna, döyüş yoluna nəzər salaq.
1988-ci ilin 15 iyul tarixində Naxçıvanın Şərur rayonunun Dizə kəndində bir oğul dünyaya gəldi. Dizə kəndində orta məktəbə getdi, orada oxudu, orada böyüdü. Vüsal elə kiçik yaşlarından taxtadan avtomat düzəldərək döyüş oyunları oynayar, hər dəfə də düşmən üzərində zəfər çalmağa çalışardı. Bəlkə də Vüsalın uşaqlıq illəri ölkəmizdə mənfur qonşularımız tərəfindən vətənimizə qarşı elan olunmamış müharibə şəraitinə düşdüyündən, Vüsal böyüməyə tələsir, düşməndən intiqam almağı istəyirdi.
Hərbiyə olan həvəsi onu 2002-ci ildə Bakıdakı Heydər Əliyev adına liseyinə gətirdi. Vüsal liseydə oxuyarkən nizam-intizamı, davranışı və bacarığı ilə müəllimlərin diqqətini özünə çəkə bilmiş və onların sevimli şagirdlərindən birinə çevrilmişdir. Onun nə qədər vətənpərər olduğunu hər kəs bilirdi.
Mən şəhidlərimiz haqqında hər hansı bir yazımı işləyərkən, onların həyat yoluna nəzər saldıqda, şəhidlərimizin digər insanlardan fərqliliyini hiss edirəm. Buna görə də şəhidlər haqqında deyilən”Səhidlər Allah tərəfindən seçilmişlər olur” sözünün bir daha yerində olduğunu anlayıram.
Hər birimiz vətənimiz üçün canımızan keçməyə hazırıq. Hər birimiz öz bacarığımıza görə Vətən üçün nə isə yaxşı bir iş görməyə çalışırıq ki, yaddaşlarda qalaq və bizdən sonra gələn nəsillərə örnək olaq. Şəhidlər isə öz şəhidlikləri ilə hərb tariximizdə elə səhifə açdılar ki, əsrlər keçsə də onlar qəhrəman olaraq tarixdə əbədi qala biləcəklər. Deməli şəhidlik məqamına yüksələn igidlərimizi Allah özü seçir.
Vəliyev Vüsal hərbi liseyi bitirdikdən sonra, 2005-ci ildə sənədlərini Heydər Əliyev adına Ali hərbi məktəbə verir. Vüsalın sadəliyi, eyni zamanda ciddiliyi, mehribanlığı burada da ona çoxlu dostlar qazandıra bilir. Ali məktəb təhsilini başa vuran Vüsal, 2012-ci ildə Xüsusi Təyinatlıların üç aylıq kursunu da bitirir. Kəşfiyyatçı olmaq onun ən ümdə arzularından biri idi. Əmək fəaliyyətinə sərhəd bölgələrində yerləşən bir çox hərbi hissələrdə başlayaraq, Murovdağ silsiləsində davam etdirmişdir. Şəhidimiz, hər zaman olduğu kimi çalışdığı hərbi hissələrdə yenə də nizam-intizamı gözləyir, verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışırdı. O, iş yoldaşlarına, eləcə də tabeçiliyində olan bütün əsgərlərə heç bir fərq qoymadan, xüsusi hörmət və qayğı ilə yanaşırdı.
Vüsalın doğmaları onun haqqında yana-yana danışırlar. Mən onların hamısını bir-bir dinlədim və Vüsalın necə bir igid olduğunu öyrəndim.
Anasının və qardaşının dediyinə görə Vüsal evə gələndə çalışırdı iş barəsində az danışsın. O, verilən suallara qısa, qaneedici cavablar verirdi. Deyirdi ki, “əsgər analarının gözləri yoldadır. İstəyirəm ki, heç bir əsgərimiz üçün anası narahat olub, ürək ağrısı çəkməsin. Həm də deyirdi ki, axı o əsgərlər mənim balalarımdır”.
Vüsal tabor komandiri idi. Vüsalı tanıyan əsgər və zabitlərin hər biri, onun cəbhə dostu olmuş hərbçilər öz komandirləri haqqında xoş sözlər söyləyərək, ona olan hörmətlərini bildirirlər. Vüsalın haqqında ürək yanğısı ilə söz söyləyən bir neçə cəbhə yoldaşlarının söylədiklərini olduğu kimi sizin diqqətinizə çatdırmaq istəyirəm.
Rizvan Şükürov:
“Allah rəhmət eləsin cənab mayor. Sənin əsgərin olduğuma fəxr edirəm. Əllərindən öpürəm ana, belə oğul böyütdün. Yerin cənnətdir, inşallah. Komandir”.
Niyaməddin Cəfərov:
“Allah rəhmət eləsin cənab mayor. Siz çox gözəl insandınız. Sizin kimi insanlar bu dünyada çox az olur. Sizin əsgəriniz olduğum üçün fəxr edirəm”.
Məhəmməd Babayev:
“Allah rəhmət eləsin komandir. Sizinlə çox böyük və uğurlu döyüşlərimiz oldu”.
Əmrah Rüstəmov:
“Vallah, videoya baxa-baxa gözlərim doldu. Yaddaşlarda daima qalacaqsınız komandirim. Siz gözəl insan idiniz. Allah sizə rəhmət eləsin, gözəl insan”.
İlkin Zeynalov:
“Onun kimisi bir də gəlməyəcək. Böyük qardaş”.
Elxan Kərəmli:
“Komutan, belə niyə oldu? Sıralarda dura bilmirəm, gözüm səni axtarır”.
Vüsal haqqında yazılmış onlarla belə xoş sözlər vardır ki, oxuduqca kövrəlməmək mümkün deyil və həm də onu bir daha yaxından tanımaq olur.
Vüsal Vəliyevin əmək fəaliyyəti dövründə xidməti üzrə göstərdiyi vətənpərvərlik, qüsursuz çalışması rəhbərlik tərəfindən müxtəlif mükafatlara layiq görülmüşdür. O mayor rütbəsinə qədər yüksəlmiş və müxtəlif orden və medallarla təltif edilmişdir:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95-illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Əfqanıstanda sülhməramlı missiyasına görə” bir neçə orden və medallarla, eləcə də, “10 il Qüsuzrsuz Xidmətə görə” III dərəcəli medalı ilə mükafatlndırılmışdır.
Şəhid mayor Vüsal Vəliyev, 2016-cı ildə baş verən “Aprel döyüşləri”ndə də yaxından iştirak etmişdir. Ona tapşırılan ən ağır əməliyyatlara belə o sevinərək gedirdi. Qeyri-şərtsiz, tərəddüd etmədən. Sanki şəhidliyə tələsirmiş.
Yenicə nişanlanan Vüsal, toyuna hazırlaşmalı olsa da dünyanı bürüyən COVİD-19 pandemiyası səbəbindən toyunu təxirə salmalı olur. Hətta bir neçə dəfə həm işi ilə, həm karantin səbəbindən toyun vaxtı dəyişilir. Sevgisi nakam qalan Vüsalın qismətində toyu yazılmayıbmış. Sonuncu dəfə restoranla danışılır, mart ayı üçün dəvətnamələri də yazılır. Lakin yenə də toy baş tutmur. Siz taleyin, qismətin yazısına baxın.
Tovuz hadisələri zamanı şəhid olan general-mayor Polad Həşimovla dostluq əlaqəsi olan Vüsal, dostunun şəhid olma xəbərindən bərk sarsılır. Onun düşmənə qarşı olan qisas hissini bir az da artırır. İşi ilə əlaqədar özü gedə bilməsə də qardaşını ora göndərir və hətta qardaşına “get Poladın anasının əllərindən öp” deyib, tapşırır.
Artıq ermənilərin azğınlığı həddini aşmışdı. Onların cavabını birdəfəlik verməyin vaxtı idi. Hamı Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyirdi.
Nəhayət gözlədikləri vaxt çatır. 27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandan düşmənə qarşılıq vermək əmrini imzalayır. Mayor Vüsal Vəliyev müharibəyə ilk gedənlərdən olur. Murovdağdan başlayaraq, Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edir. Əslində o bu döyüşlərdə çətin bir əməliyyata getməli idi. Son dəfə oktyabrın 1-də ailə üzvləri və nişanlısı ilə telefon əlaqəsi yaradır və sanki onlarla vidalaşırmış. Oktyabrın 2-dən Vüsala zəng çatmır, onunla bütün əlaqələr kəsilir.
Vüsal ayağından yaralansa da geriyə qayıtmaq istəmir, döyüş meydanını tərk etmək istəmir. Elə yaralı vəziyyətdə yaralı yoldaşlarını xilas edir, döyüşə davam edir. Noyabrın 9-da isə Şuşa uğrunda gedən qanlı döyüşdə şəhid olur. Şəhid olmuş Vüsal itkin düşür.
Vüsalın şəhid olması xəbərni ailəsinə yalnız 72 gündən sonra, yəni dekabrın 14-də nəşi tapıldıqda xəbər edə bilirlər.
Arzularının çoxu nakam qalan Vüsalın, Şuşanı görmək arzusu da nakam qalır. Lakin, ruhən bütün şəhidlərimizlə birlikdə göylərə çəkilərək zəfər günümüzü seyr edə bildi.
Şərurun “Şəhidlər Xiyabanı”nda dəfn olunan Vüsalın və digər igid şəhidlərimizin məzarları ziyarətgaha çevrilmişdir. İllər keçəcək, Azərbaycanın hərb tarixində yeni-yeni səhifələr açan şəhidlərimiz dastana, nağıla çevrilərək xatırlanacaqlar. Onlar geri qayıda bilməsələr də onların haqqında neçə-neçə romanlar, hekayələr, şeirlər yazılacaq, mahnılar bəstələnəcək, dastanlar söyləniləcək, filmlər çəkiləcək, gələcək nəsillər öz qəhrəmanlarını tanıyacaqdir. Azərbaycan belə oğulları ilə hər zaman fəxr edəcəkdir.
Pərixanım Mikayılqızı
“Elm və Təhsil” qəzetinin baş redaktoru,
AJB-nin üzvü, şair-publisist, F.b.Köçərlinin
tədqiqatçısı, “Xarı Bülbül” medalı mükafatçısı
və bir çox media mükafatları laueratı
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.