Sentyabrın 16-da
Bakıdakı
Əl oyunları
İdman Sarayında
IV Beynəlxalq
Kitab Sərgi
Yarmarkasının
açılış mərasimi
keçirilib.
Mərasimdə Azərbaycan Respublikası baş nazirin müavini, yazıçı Elçin Əfəndiyev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycan Yazıçılar Birliyinin
sədri Anar Rzayev,
Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, Millət vəkili, akademik Nizami Cəfərov, Ombudsman Elmira Süleymanova və başqaları iştirak ediblər.
Ə. Qarayev bildirib ki, artıq ənənə halını alan Kitab Sərgi Yarmarkasına hər il maraq daha da artır:
“Azərbaycanda kitab və poliqrafiya işi genişlənir, inkişaf edir.
Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi kitablar yüksək poliqrafiya keyfiyyəti ilə fərqlənir və dünyanın ən nüfuzlu kitab sərgilərində nümayiş olunur.
Kitab Sərgi Yarmarkasına əvvəllər 30 nəşriyyat qatılırdısa, indi nəşriyyatların sayı
120-yə çatıb.
Bizim təşkil etdiyimiz kitab yarmarkasında dünyanın 30-a yaxın ölkəsi iştirak edir”.
Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkada Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edir.
100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar sərgidə iştirak üçün qeydiyyatdan keçib.
Nazirliyin artıq 4-cü dəfə təşkil etdiyi sərgidə nəşriyyatlar müstəqil şəkildə tədbirlər təşkil edəcək, oxucu və yazıçıların görüşünü keçirəcək...
IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası
başa çatıb
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən
IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının
sentyabrın 18-də bağlanış mərasimi keçirilib.
Tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək üç gün davam etmiş sərgi-yarmarkanın işini yüksək qiymətləndirərək bu cür tədbirlərin kitabsevərlər tərəfindən maraqla qarşılandığını diqqətə çatdırıb.
Bildirilib ki, sərgidə həm yerli, həm də xarici çap, poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.
Kərim Tahirov qeyd edib ki, sərgi-yarmarka çərçivəsində bir sıra tədbirlər, kitab təqdimatları, müəlliflərlə görüşlər keçirilib, oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olublar.
Tədbirdə çıxış edən digər natiqlər - son vaxtlar ölkəmizdə kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdıraraq, kitab-sərgi yarmarkanın yüksək səviyyədə təşkilinə görə aidiyyətı qurumlara minnətdarlıqlarını bildiriblər.
Sonda IV Bakı Beynəlxalq kitab-sərgi yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edilib.
Diplomları Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri, tanınmış şairlər - Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu və Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli təqdim ediblər.
Mükafat alanlar sırasında "BORÇALI" Nəşriyyat-Poliqrafiyya müəssisəsi də vardır.
Onu da qeyd edək ki, "BORÇALI" NPM-in bu diplomu Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən artıq sayca 4-cü diplomdur.
Biz də "ZiM.Az" olaraq, "BORÇALI" Nəşriyyat-Poliqrafiya Müəssisəsinin bütün yaradıcı heyətini
bu yeni uğuru münasibətilə ürəkdən təbrik edir, onlara şərəfli vəzifələrində uğurlar arzulayırıq!...
ZiM.Az
Borçalının kitab aləmi
Ölkəmizdə kitab istehsalı sahəsində mühüm uğurlara imza atan çap müəssisələrindən biri də 1997-ci ildə “Təhsil” Elm-İstehsalat Mərkəzi tərəfindən təsis edilmiş “Borçalı” nəşriyyatıdır. İndiyədək onlarla elmi-pedaqoji və bədii əsərlər nəşr edən və onların təbliğatını reallaşdıran müəssisə dəfələrlə kitab sərgilərində iştirak edib və fəxri fərmanlarla təltif olunub.
Nəşriyyatın direktoru Müşfiq Borçalı bu sərgiləri kitabçı ilə oxucu arasında ən yaxşı vasitə kimi dəyərləndirir və hər dəfə oxucular önünə yeni və fərqli nümunələrlə çıxmağa çalışdıqlarını deyir:
“Çap məhsullarımız əsasən Borçalıda yaşayıb-yaradan soydaşlarımızın elmi, ədəbi, bədii yaradıcılıq nümunələrindən ibarətdir. Bundan əlavə, bir sıra elmi, elmi-pedaqoji və publisistik kütləvi kitabları da nəşr edərək oxucuların ixtiyarına veririk. Bu çap nümunələrimizi soydaşlarımızın sıx yaşadığı Borçalıda yaymaq və onların ana dilimizdə kitablarla təminatına töhfə vermək istəyirik”.
Belə sərgilərin həm nəşriyyatlar üçün, həm də oxucular üçün böyük əhəmiyyəti olduğunu deyən naşir budəfəki sərgidə oxuculara 8 cildlik "Borçalı ensiklopediyası", 3 cildlik "Sazlı-sözlü Başkeçid", "Çağdaş Borçalı ədəbi məktəbi", "Borçalı toponimləri", "Borçalı aşıqları", "Borçalı şəhidləri", "Borçalı folkor antologiyası", "Gürcüstanda Azərbaycan mətbuatı", eləcə də, "Addımlar" ədəbi məcmuəsi və s. kitabları nümayiş etdirəcəklərini bildirdi.
"Mədəniyyət" qəzeti,
2015, 16 sentyabr.- S. 12.
.