Borçalı aşıq mühitinin ləyaqətli nümayəndəsi olan ustad Hüseyn Saraclı ifaçılığı ilə yaddaşlarda dərin izlər buraxıb. Klassik aşıqlığın son sütunlarından biri idi. Bu gün də onun sənətdə yaratdığı məktəb yaşayır. Əzəmətli ozanın məktəbini sonuncu şəyirdi, aşıq-sazbənd Kövrək Murad yaşadır. Kövrək Murad ustadının adını hər zaman ləyaqətlə ucalara qaldırır. H.Saraclı qədim saz havalarının mahir ifaçısı, əvəzsiz dastan danışmaq qabiliyyətinə malik olan sənətkar kimi tarixdə iz qoyub. Bəlkə də indiyə qədər XX əsr Azərbaycan aşıqları arasında onun qədər koloritli, gözəl, maraqlı, xalq dilinin tələblərinə cavab verən tərzdə dastan danışan ikinci bir aşıq olmayıb. Bu mübaliğəsiz belədir.
2016-cı il H.Saraclı ilidir. Bu il Gürcüstan Respublikasında rəsmi dövlət və ictimai qurumlar səviyyəsində H.Saraclının 100 illik yubileyi qeyd edilib. Onu da vurğulayaq ki, H.Saraclı Gürcüstan Respublikasının əməkdar mədəniyyət işçisi olub. Saraclı kəndində azman ozanın büstü ucaldılıb. Ustadın büstü Azərbaycan Rəssamlar İttifaqının H.Saraclının xatirəsinə əbədi ehtiram nümunəsidir.
Hüseyn Saraclının yanıqlı ifasının sirri...
Bu həftələrdə H.Saraclının 100 illik yubileyi Azərbaycan dövləti tərəfindən qeyd ediləcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçiriləcək yubiley mərasiminə hazırlıq prosesinə başlanıb.
H.Saraclının 100 illik yubileyi münasibətilə sonuncu şəyirdi Kövrək Muradla görüşdük.
K.Murad ustadı haqqında, onun aşıqlığa necə başlaması barədə danışdı: "Soruşurdum ki, ay Söyün əmi, (Hüseyn) sən aşıqlığa nə təhər başladın, niyə başqa işlə məşğul olmadın, aşıqlığa meyl saldın? Deyirdi ki, a bala, 1931-ci ildə atamı güllələdilər, atam Qurban ağanın baş sümüyündən bir parça tapmışdılar, onu nənəm sandıqda saxlayırdı, hər gün sandıqdan çıxarıb ağlayır, sonra da sümüyü təzədən sandığa qoyurdu. Nənəmin ah-naləsini, göz yaşlarını, bayatılarını, ağılarını mən saza köçürüb aşıq oldum, səsimdəki yanğı da o dərddəndir. Deyirdi ki, yeniyetmə idim, saza həvəsim vardı, ağacın üstünə sim bağlayıb saz kimi çalırdım. Dayım həvəsimi görüb mənə dedi ki, bir dostum var, səni onun yanına şəyird aparacağam. Həmin aşıq da Quşçu aşıq İbrahim idi. Dayısı Hüseyn Saraclını Quşçu İbrahimin yanına aparır, sonra Quşçu İbrahimi 1939-cu ildə fin-rus müharibəsinə aparırlar. Eşitdiyimə görə, oradan da İkinci Dünya Müharibəsinə gedib. Müharibəyə qədər ustadım onun yanında şəyirdlik edib. Ondan sonra isa Sarvan Bayramın yanına gedib, onunla işləyib. O, Sarvan Bayramın yanına gedəndə aşıqlığı bacarırmış. Deyirdi ki, oğul, "Koroğlu"nun çox qollarını Bayram əmimdən götürdüm. Danışırdı ki, sonra Faxralı şair Nəbinin yanında saz tutdum. Şair Nəbi saz çala bilmirdi.
H.Saraclının ustadı Quşçu İbrahimin ustadı isə Dollu Abuzər olub. Dollu Abuzər də Borçalı mahalının Ulaclı kəndinə köçüb orada evlənmişdi. Dollu Abuzər Borçalıda çox aşıqlar yetişdirib. Bizim aşıq sənətinin inkişafında onun çox böyük zəhməti olub".
"Hüseyn Saraclı ən çox Xındı Məmmədlə yoldaşlıq edib..."
K.Murad ustadından eşitdiklərindən danışır ki, İkinci Dünya Müharibəsi illərində dolanışıq çətin olub. O zamanlar aclıq baş alıb gedirdi: "O vaxt aşıqlar dəstə-dəstə kəndlərə gedib çalıb oxuyur, güzəran qazanırdı. Aşığa pul əvəzinə buğda, qarğıdalı, ərzaq verirdilər. Aşıqlar bizim kəndə - Dəllərə də gəlirdi. Hətta şair Nəbi də gəlib kəndimizə. Zurnaçı oğlu Əlinin evinə düşüb, o da evini yeni bəzədibmiş, yaxşı ev-eşiyi vardı. Elə olur ki, Əli kişi evdə olmur, arvadı qonağı qarşılayır, çay-çörək hazırlayır, axşam Əli kişi evə gəlmədiyindən, gedib Qazax Alının evində çalıb-çağırırlar, dövran yığırlar. Anam Xeyransa Abbasqızı danışırdı ki, dədəm cibində həmişə aşığın pulunu ayrıca saxlayırdı ki, aşıq gələndə məclisdə ona versin. Kimin də pulu yox idisə, taxıl satıb pul hazırlayırdı ki, aşıq gələndə oxudub qulaq assın. Eldə aşığa böyük hörmət olub. Kəndə aşıq gələndə evbaşı hamı gedib qulaq asırdı.
H.Saraclı şair Nəbi ilə, dəllək Dünnü ilə çox işlədi. Dəllək Dünnü həm dəllək idi, həm də saz çalırdı. Şair Nəbinin yanında o da saz çalıb. O vaxt aşıq dəstələri vardı. H.Saraclı çox aşıqlarla yoldaş olub. Ancaq ən çox Xındı Məmmədlə yoldaşlıq edib. Çox toylara birlikdə gedirdi. O dövrdə aşıqlar draxtında, çayxanada oxuyurdu. Şülöyürdə, Daştəpədə, Sadaxlıda çayxanalar olub, aşıqlar əsasən ora yığışırdı. Çünki o zamanlar Güney Azərbaycandan Borçalıya köçənlər əsasən oralarda cəmləşmişdi, draxtınları onlar açmışdı və aşığa ən çox da onlar qulaq asırdı. Söyün əmim danışırdı ki, çayxanada oxuyub bəzən bir toyun pulunu alırdıq. Elə idi ki, məclisi olan çayxanaya gedir, aşığı oradan aparırdı məclisinə. Aşıq həmişə gəzərgi olub, kənd-kənd, el-el gəzib dolaşıb. Ustadım ömrünün sonuna yaxın Əmrah dayı ilə (aşıq Əmrah Gülməmmədov - İ.S) dostluq edirdi, məclislərə bir gedirdilər. Əmrah dayı da gözəl sənətkar, gözəl insan idi, ipək kimi xasiyyəti vardı. H.Saraclı şəmkirli Pərvanə Həsənlə də yoldaşlıq edirdi".
Hüseyn Saraclının ilk şəyirdi...
"Ustadımın birinci şəyirdi aşıq Əmir Həsənov olub, çox yüklü, dolu aşıq idi. Deyirdi ki, 13 şəyirdim olub, amma ona halal-hümbət bir neçə şəyirdi axıra qədər qulluq etmişdi. Aşıq Əmir, Sədi Ulaclı, aşıq Əhməd Sadaxlı, mən, aşıq Nurəddin Qasımlı, aşıq Oruc (aşıq Oruc Quşçu İbrahimin oğlu idi - K.M.), Dağ Arıxlısından aşıq Rza, Qarayazılı Sirac, aşıq Sabir Saraclı və başqaları. Onların çoxunun tanınmamasının səbəbi o idi ki, ustad kimi formalaşa bilmədilər, gücləri yox idi. Məndən soruşurlar ki, niyə aşıq Əmirin lent yazıları çox azdır? Aşıq Əmir güclü aşıq idi və bütün günü toylarda, məclislərdə idi, heç yadına repertuarını yazdırmaq, efirə çıxmaq düşmürdü. Aşıq Əhməd Sadaxlı gəzərgi idi, bir ayağı Bakıda idi həmişə, radioya gəlirdi. Ümumiyyətlə, Xındı Məmmədin də lent yazıları azdır, Tiflis radiosunda nə yazılıbsa odur, Bakı radiosunda yazdırmayıb. H.Saraclının şəyirdlərindən ancaq mən və Sabir həyatdadır, qalanlar haqq dünyasındadır. O da indi aşıqlıq etmir" - deyə K.Murad bildirdi.
"Beş il sərasər ustadıma qulluq etmişəm"
K.Murad deyir ki, beş il ustadına qulluq edib: "Mən özüm H.Saraclıya sərasər beş il qulluq etmişəm, evində qalmışam, ailənin bir üzvü olmuşam. O vaxt ustadlar şəyirdi evində saxlayırdı. Bu da var ki, hər adamı da şəyird götürmürdülər. Aşıq Əhməd Sadaxlı da, Sədi Ulaclı da, mən də H.Saraclının evində qalmışıq, Sədi Ulaclı həm də H.Saraclının kürəkəni idi. H.Saraclı məktəbinin zəif inkişaf etməsi onunla bağlı idi ki, özündən sonra aşıqlıq edən olmadı, təkcə Əhməd idi, o da rəhmətə gedib. Mən də sazbəndlik etdim, çox aşıqlıq etmədim. Sədi yaxşı aşıq idi, o, ən yaxşı məclislərə Sədi ilə gedirdi. Bizi də aparırdı məclisə.
Bilirsiniz ki, keçmiş çağlarda toylar payızda başlayardı. Payızın elə bu vaxtları idi, H.Saraclı bizim kəndə, Borçalının Aran-Dəllər kəndinə toya gəlmişdi. Mənim də onda 17-18 yaşım olardı. O vaxt artıq kənddə həvəskar aşıq kimi məclislərə gedirdim. Nə isə, həmin məclisin axırlarına yaxın kənd ağsaqqallarından biri məni göstərib dedi ki, ay aşıq Söyün (Hüseyn), qoy bir bu cavan oğlan da bir saz çalıb oxusun. Ondan mənim o məclisdə oxumağım üçün icazə istədi. O da izn verdi, bir "Göyçə gülü" havası çalıb oxudum. İfam ustadın xoşuna gəldi... Qulaq asıb dedi ki, uzun boğazın var, səndən yaxşı aşıq çıxar. Dedim, ay Söyün əmi, məni özünə şəyird götürərsənmi? Razılıq verdi. Beləliklə, 1974-cü ilin payızında ustadın yanına şəyird getdim. Ustad məni şəyird götürmək üçün atamdan üç inəyin haqqını aldı. O vaxt belə idi. Mən onun sonuncu şəyirdi oldum. Ustadımın mənə qədər 12 şəyirdi vardı, mən də oldum 13-cü şəyirdi. O zaman ustad şəyirdi evində saxlayırdı və şəyird də ailənin bir üzvünə çevrilirdi. Mən H.Saraclının yanına gedəndə onun 60 yaşı vardı. Bu minvalla düz 5 il ustadımın evində qalıb ona şəyirdlik etdim. İndiki saz məktəblərində olduğu kimi, bir aşıq 20 şəyirdlə birdən məşğul olmurdu. Onda ustadlar az şəyird götürürdü. Dərslər əsasən axşamlar keçirilirdi. Gündüzlər isə ustad öz işində olurdu, şəyird isə çox vaxt təsərrüfat işlərinə kömək edirdi, elə də olurdu ki, ustadla səfərlərə çıxırdı. Bütün şəyirdlər necə, mən də elə ustada qulluq edirdim. Ustad şəyirdə yalnız aşıqlığın sirlərini öyrətmirdi, həm də ədəb-ərkan öyrədirdi... Necə oturub durmağı, məclisdə özünü aparmağın qaydalarını izah edirdi. Mən ustadımla Borçalını qarış-qarış gəzmişəm, Qarabağa, Naxçıvana, Qərbi Azərbaycanın rayonlarına getmişəm. Ustaddan çox şey görüb-götürmüşəm".
Hüseyn Saraclının hazırcavablığı...
"Günlərin birində Təkəli kəndində məclis keçirirdik. Aşıq Hüseyn şəyirdlərindən Sədi Ulaclıyla dedi ki, dur oxu, nədənsə Sədi Ulaclı bir az ləngiyir. Bu zaman mən aşıq Sədi ilə zarafat etdim ki, "sənin enliliyin varsa, mənim də uzunluğum var, səndən qorxmuram, dur oxuyaq". Belə əhvalatlar məclislərdə çox olurdu.
Bir gün Söyün əmimlə həyətdə oturmuşduq, bir də gördük ki, darvazanın ağzında bir maşın dayandı, gedib gələnləri qarşıladım. Gördüm ki, bir kişi 14-15 yaşlı qız uşağı ilə gəlib. Çay süfrəsi açıldı, ustad bir-iki ağız da oxuduqdan sonra qonaq soruşdu:
- Hüseyn əmi, heç demirsən "niyə gəlmisən?".
- Sənətkarın evinə gələrlər, buyur! - ustad belə cavab verdi.
Qonaq dedi ki, qızımın yaxşı səsi var, onu şəyirdliyə götürərsənmi? Ustad bir az fikirləşdi, əli ilə bığlarını eşdikdən sonra dedi ki, a qızım, sən çölə çıx. Qızın atasına dedi:- Oğul, gələcəkdə bu qız ərə gedəcək, uşağa yatacaq. Biri də gəlib toya çağıranda deyəcəklər ki, uşağa yatıb, gələ bilmir. El arsında da yayılacaq ki, aşıq doğub. Ayə, aşıq da doğarmı? Kişi qızını götürüb getdi.
H.Saraclı çox hazırcavab adam idi" - deyə ustadın şəyirdi bildirdi.
"Hüseyn Saraclı qədər "Koroğlu" qollarını bilən aşıq yox idi"
K.Murad deyir ki, ustadım anadan aşıq doğulmuşdu. Onun bildirdiyinə görə, o həm aşıq, həm şair, həm də aktyor idi, aşığa xas olan bütün cəhətlərə malik idi: "Lətifəsi, qaravəllisi, atmacası da öz yerində. O fitrətən aşıq idi. O bildiyi dastanları olduqca məharətlə çatdırırdı. H.Saraclı həyatdan köçənə qədər öyrəndi. Hey deyirdi ki, mən danaçıdan, buzovçudan, çobandan da söz öyrənmişəm. Çünki aşığı el aşıq edər. O vaxt savadlı adam çox az idi. Məsələn, bir kənddə dini təhsil alan ya bir, ya iki nəfər olardı. Ancaq aşıq çox bilirdi, hər şeydən xəbəri vardı, ona görə də aşığı baş bilən, ağsaqqal sayırdılar. Yaxşı aşıq hər şeyin öhdəsindən gəlirdi. Aşıqlar dini də gözəl bilirdi. Məsələn, aşıqların çoxu qocalandan sonra mollalıq edib. H.Saraclı qədər "Koroğlu" qollarını bilən aşıq yox idi. "Koroğlu"nun 16 qolunu bilirdi. Hətta "Telli xanımın Çənlibelə gəlməsi"ni, "Zərnişan xanımın Çənlibelə gəlməsi"ni H.Saraclı bilirdi ancaq. O vaxt o verdi professor Mürsəl Həkimova, o da kitaba saldı. Folklorşünaslara verdiyi dastanları, nağılları mənə yazdırırdı. O deyib, mən yazmışam. "Telli xanımın Çənlibelə gəlməsi" dastanını özüm əlimlə yazıb Mürsəl müəllimə vermişəm. Deyirdi ki, a bala, "Zərnişan xanımın Çənlibelə gəlməsi" dastanını aşıq Nəsibdən almışam".
Unudulmaz xatirələr...
"Bir dəfə Kəlbəcərdən qayıdırdıq. İstədik evə şey-şüy alaq. Girdik dükana, bir cavan oğlan gördük. Cürət edə bilmədi ustada deməyə, mənə dedi ki, haradan gəlirsiniz? Dedim konsertdən. Dedi bizim binəyə gedərsinizmi? Dedim niyə getmirik. Ay Hüseyn əmi, bu oğlan bizi dəvət edir. Oranın çobanları bizi qarşıladılar. Bir gün axşamadək binədə çalıb oxuduq. Yaxşı məclis düzəltdilər, camaat qulaq asdı. Ustadım dərviş kimi idi, gəzirdi hər yeri. Məni də çox yerə aparırdı özü ilə. Çox vaxt tənbəki almaq üçün məni Batuma göndərirdi. O hər tənbəkini çəkmirdi, xüsusi tənbəki istifadə edirdi.
H.Saraclı balabanla da oxumuşdu, deyirdi ki, ona görə balabanla oxudum ki, qoy Azərbaycandakı aşıqlar deməsin ki, H.Saraclı balabanla oxuya bilmir. "Baş sarıtel" və "Qəhrəman"ı oxuyub balabanla.
H.Saraclının həyatı çox təlatümlü olub. Yeniyetməlik çağında gözü qarşısında atası güllələnib, bu dərdi illərlə ürəyində gəzdirib. Sonra da müharibəyə getmədiyinə görə onu həbs etmişdilər, az sonra buraxmışdılar. H.Saraclı aşıq olmasaydı da, istənilən sahədə güclü, seçilən insan olacaqdı. O istedadlı bir sərkərdə, qoşun böyüyü də ola bilərdi, nizamlı adam idi. Döyüş taktikalarını gözəl bilirdi. Çünki qaçaq-quldura da çox oxumuşdu. O çox sadə adam idi, çoban üçün də oxuyurdu. Deyirdi ki, oğul, elə vaxt olub bir baş pendirə oxumuşam.
Sazbəndliyə də onun xeyir-duası ilə başladım, mənə yol göstərdi, mən də işlədim. Sazı simləyib-pərdələyirdi, əyri yerləri rəndələyirdi. Hüseyn Saraclı toylara gedəndə qiymət kəsmirdi, nə qığılırdı "bərəkət” deyirdi.
Ustadımın özü dastan yaratmışdı. Onun "Qaçaq Kərim” dastanı vardı. O dastan üzə çıxmadı, arxivindədir. "Bimar Gülnar” dastanı da yaratmışdı. Ustadım 72 hava çalırdı. Bütün havaları gözəl oxuyurdu, amma klassik havaları xüsusi ifa edirdi. Klassik havalar onun canına-qanına elə hopmuşdu ki. Borçalıda yaranan "Mansır”I , "Zarıncı”, Sultan” nı o qədər gözəl oxuyurdu. Ustadımda ərinmək yox idi, hara dəvət edirdilər gedirdi, çağırılan yerə gedirdi.
Allah ustadıma rəhmət eləsin, danışılası çox xatirələr var. Sağlıq olsun!
İradə Sarıyeva
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.