2018-ci il Sentyabrın 28-də
R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin
VI Qurultayı keçirilib.
ZiM.Az xəbər verir ki, qurultayı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq aşıq sənəti haqqında məlumat verib.
Azərbaycan aşıqlarının
ilk qurultayının 1928-ci ildə, ikincisinin isə 1938-də keçirildiyini deyən R.Hüseynov
qeyd edib ki, Azərbaycan aşıqları sonra bir də düz 23 il sonra toplaşa biliblər. Azərbaycan aşıqlarının 1961-ci ildə keçirilən III qurulatyı əvvəlkilərdən daha təntənəli olub və bu qurultay ərəfəsində saz-söz sənətkarlarımızın qədimlərdən XX yüzilin ortalarınadək keçdiyi yolu araşdıran qiymətli nəşrlər də ortaya çıxıb, ifaçılığından savayı həm də söz yaradıcılığında qələmini sınayan aşıqlarımızın şeir topluları da işıq üzü görüb.
Təəssüf ki, sonra yenə aralıqda iri bir fasilə yaranıb. IV qurultayın baş tutmasını aşıqlarımız yenə 23 il gözləməli olublar.
1984-cü ildə Müslüm Maqomayev adına filarmoniyada keçirilən həmin qurultayı yaxından izləmək mənə də nəsib oldu.
Hələ canlı klassiklərimizin əksəri sağ idi, ilhamla, həvəslə çalıb-çağırır, yazıb-yaradırdılar.
2008-ci ildəki V qurultayda söz deyənlər sırasında isə artıq mən də vardım.
Bu dəfə isə mənə daha şərəfli bir missiya qismət oldu.
Ötən aşıq qurultaylarında sərdliyi Üzeyir Hacıbəyli, Bülbül, Səid Rüstəmov, Rəsul Rza, Mirzə İbrahimov, Bəkir Nəbiyev etmişdilər.
O zirvələrin söylədiyi sözü söyləmək çətindir. Amma tale onların bir vaxt dayandığı yerdə dayanmağı da insana nəsib edirsə bundan böyük nə sevinc olar!
VI qurultaya sədrlik mənə həvalə edilib.
Azərbaycan aşıqlarının altıncı qurultayının gerçəkləşməsini əlamətdar hadisə hesab edən akademik R.Heseynov daha sonra bildirib ki, aşıq sənəti, həm də millətin böyük amallarının ifadəsidir. “Sevindirici haldır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir. Azərbaycanın aşıq ensiklopediyası işıq üzü görüb. Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Artıq aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur. Əlbəttə ki, Mehriban xanım UNESCO ilə əməkdaşlıq etməsə idi, bu mötəbər qurumun xoşməramlı səfiri olmasaydı aşıq sənətinin belə bir mötəbər siyahıda yer almasına çatmaq çox çətin olardı. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına ölkəmizin 11 nominasiyası artıq daxil edilib. Üçünün üzərində iş gedir ki, yaxın zamanlarda reallaşacaq, ikisi də hazırlıq mərhələsindədir. İnanıram ki, Azərbaycan dövlətinin daha da güclənməsi ilə bu sənətin olduqca böyük zirvələri fəth etməsinin şahidi olacağıq”, - deyə akademik R.Hüseynov söyləyib.
Sonra Qurultayın mandat komissiyasının sədri Elxan Məmmədlinin hesabatı dinlənilib.
Mədəniyyət naziri
Əbülfəs Qarayev Azərbaycan aşıq sənətinin son illərdəki fəaliyyət istiqamətlərindən danışıb. Nazir vurğulayıb ki, ölkəmizin bölgələrində yerləşən musiqi məktəblərində saz sənəti öyrədilir, tədris olunur, proqrama daxil edilir. Bütün bunlar bu sənətin gələcək nəsillər tərəfindən qorunmasına, yaşadılmasına hesablanmış addımdır.
Nazir qədim, əbədi mənəvi varlığımız olan aşıq sənətinə ulu öndər Heydər Əliyevin yüksək qiymət verdiyini, ümummilli liderin təşəbbüsü ilə UNESCO tərəfindən “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirildiyini xatırladıb. Ə.Qarayev ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ədəbiyyatımıza, incəsənətimizə, aşıq sənətinə qayğısından, bir çox aşıqlarımıza Prezident təqaüdünün verilməsindən söhbət açıb.
“Aşıq sənəti xalqımızın mədəni, mənəvi həyatı, dünyagörüşü, yaşayış tərzi ilə vəhdət təşkil edərək daim inkişaf edən bir xalq sənətidir. Xalqımızın digər irs nümunələri kimi saz-söz sənətimizə də dövlət səviyyəsində diqqət və qayğı göstərilir, bu sənət inkişaf etdirilir və dünya səviyyəsində təbliğ olunur. Dövlət başçısının bu sahəyə diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi səyi nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”, - deyə Ə.Qarayev söyləyib.
Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı çıxış edərək rəhbərlik etdiyi qurumun son illər gördüyü işlərdən danışıb. Vurğulayıb ki, son illər ölkəmizdə aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi, araşdırılması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi yönündə dövlət tərəfindən mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl və sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür. Natiq deyib ki, son dövrlər milli-mənəvi dəyərlərimizə, o cümlədən də aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və qayğı göstərilir. 2009-cu ildə aşıq sənəti Azərbaycan xalqına məxsus bir inci kimi dünya sənət şedevrləri sırasında - UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın çox böyük diqqət və qayğısı nəticəsində baş verdi.
Bildirib ki, bu gün aşıq sənəti bir dövlətçilik atributu kimi diqqət mərkəzindədir. Bu sənət dövlətçiliyə bağlı olan sənətdir.
Xalq şairi Nəriman Həsənzadə, şair Əli Kafkasyalı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, professor Qəzənfər Paşayev, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət işçisi Musa Nəbioğlu, aşıqlar Mahmud Məmmədov, Ulduz Quliyeva, Samirə Əliyeva və digər şəxslər çıxış edərək qurultayın əhəmiyyətindən söz açıb, aşıq sənətinin humanitar mədəniyyət strategiyasındakı rolunu vurğulayıblar.
Qurultayda Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı səsvermə yolu ilə yenidən Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
Sonda qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.