AŞIQ ƏLİXAN QARAYAZILI (1909-1998)

AŞIQ ƏLİXAN QARAYAZILI (1909-1998) REDAKSİYAMIZIN ARXİVİNDƏN:

AŞIQ ƏLİXAN QARAYAZILI
(1909-1998)


1909-cu ildə Qarayazının (indiki Qardabani rayonunun) Ko­­salı kəndində dünyaya göz açan Əlixan Qurban oğlu hələ kiçik yaşlarından aşıqlıq sə­nətinə vurulmuş və bu sənətin sirlərini öyrənməyə onda böyük maraq, son­suz həvəs oyan­mışdır. O, həmin məclislərdə ustad aşıqları böyük vəcdlə din­­ləyir, on­lardan öyrənirdi. On dörd-onbeş yaşlarında olanda Əlixan artıq müstəqil olaraq saz çalırdı. Elə həmin vaxtlar­dan da o, Aşıq Əmrahla birlikdə Aşıq Əmrahın atası Aşıq Pa­şa Gülməmməd oğlunun şəyirdi olur. Bir qədər sonra müs­­təqil aşıqlığa başlayan Əlixan öz üzərində daim yorul­madan çalışır, aşıq sənətinin dərinliklərinə baş vurur, onun incəliklərini, gizli sirlərini öyrənir, ey­ni zamanda Azərbay­can və Şərq ədəbiyyatını, folklorunu da öyrənməyi unutmur. O, bu illərdə öz sazı ilə şəhərdən-şəhərə, kənddən-kəndə ge­­dərək şənliklərdə, toy məc­lislərində, olimpiada­larda, qu­rul­­tay­larda çıxış edir. Aşıq xalqın gündən-günə yaxşılaşan gü­­zə­ranına sevinir və öz qoşmasında bu sevinci belə ifadə edir:

Bu gözəl baxçalar, bu gözəl bağlar,
O şeyda bülbüllər, güllər bizimdir.
Elin bəxt çəməni laləzər oldu,
Gülşənli, çiçəkli çöllər bizimdir.
Qartal yuva salmış qarlı qayalar,
Ulduzlar sayınca yanar çıraqlar.
Aynabənd otaqlar, abad obalar,
Azadə yaşayan ellər bizimdir.

Aşıq Əlixan Qarayazılı «Bəhri-divani», «Duraxani», «Za­rıncı», «Mən­suri», «Dolu havası» və s. kimi az məlum olan havaları sazda məharətlə ifa edir. Xüsusən onun ifasında «Göyçə gülü», «Urfani», «Sarı tel», «Cığalı bənövşə», «Ya­nıq Kərəm» və s. havaları təmiz və səlis səslənir:

Nə qocalmaz könlüm, nə də usanmaz,
Çalxanır, eşqimin dəryasındadır.
Heç kəs mənim kimi dərdə dayanmaz,
Dərmanım şahmarın yuvasındadır.

- deyən ustad aşıq həm də bir sıra maraqlı dastan və na­ğıl­ların müəl­lifidir. Onun bir sıra qoşmaları, təcnisləri, müxə\mməsləri və s. dövri mət­buat orqanlarında, «Çeşmə», «Dan ulduzu», «Ağır elli Borçalı» və s. ədəbi məc­muə­lərində işıq üzü görmüşdür.

El sənətkarıyam, elin oğluyam,
Ürəyim hər zaman elə bağlıdır.
Aşıq Əlixanam, qorxuram sına,
Ürəyim bir neçə telə bağladır.

- deyən saz-söz sənətkarının əsas yaradıcılıq mövzusu in­sanlar arasında sülh, sədaqət, Vətənə, xalqa, müqəddəs tor­pağa ümumxalq məhəbbətinin tərənnümüdür.
Ustad aşıq gənc sənətsevərlərə də həmişə qayğı ilə yanaşmış, onlara təmənnasız kömək etmişdir. Onun istedadlı şəyirdlərindən Cahangir Cavanov, Aslan Mirzəyev, Hələbi Məmmədov, Abbas Qurbanov, Ömər Qurbanov və başqaları müstəqil aşıq kimi el arasında hörmət qazanıblar.

Nəhayət, Aşıq Əlixan Qarayazılı ilə əlaqədər fikrimizi hə­lə 1964-cü ildə Müzəyyət Yusifovun «Gürcüstan» qəze­ti­nin 28 noyabr sayında dərc olunmuş «İstedadlı sənətkar» sər­lövhəli məqaləsindən götürdüyümüz bu sətirlərlə tamam­la­maq istərdik:

«Əlixan Qurban oğlu istedadlı aşıq-sənətkardır. Məlahətli səsə, yüksək ifaçılıq bacarığına malik olan bu el aşığı din­lə­yicilərin sevimlisidir. Aşıq Əlixan həmişə xalqla bağlı olmuş, onun istək və arzularını ifadə etmişdir. O, xalqı sevmiş, xalq isə onu ucaltmışdır».

Və biz də öz növbəmizdə, fürsətdən istifadə edərək ustad Aşıq Əlixan Qarayazılıya bu müdrik çağlarında güm­rahlıq, uzun ömür, möhkəm cansağlığı arzulayırıq!..

Müşfiq BORÇALI,
1997


Bax: Müşfiq Çobanlı. "Çağdaş Borçalı Ədəbi Məktəbi". Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh. 65-67.
«Aşıq Əlixan Qarayazılı».



P.S.: Aşıq Əlixan QARAYZILI 1998-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin!..

Ustadın 90 illik yubileyi dövlət tərə­findən təntənəli su­rətdə qeyd edilmişdir.



ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: