Tədbirin rəsmi hissəsini giriş sözü ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə müdiri Sənan Talıbov açıb, Festivalın bütün türk dünyası üçün əhəmiyyətini vurğulayıb, onu dostluq və qardaşlıq tərənnüm edən hadisə adlandırıb.
Sənan Talıbov qeyd edib ki, Metodiki Mərkəz və Bakı Yunus Emre İnstitutu 28 iyul 2017-ci il tarixində İvanovka kəndində keçirilən Mədəniyyət Mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlərin I Beynəlxalq Elmi-praktiki Seminarın çərçivəsində Əməkdaşlıq Memorandumu imzalayaraq birgə layihələr və müxtəlif təlimlər keçirilməsində rəsmi tərəfdaş qurumları olmuşlar.
Memorandum çərçivəsində keçirilən birgə layihənin məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçirilməsi, onların gələcək nəsillərə çatdırılması, eyni oyunlarla böyüyərək müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin genişlənməsinə, məktəblilərin yaradıcılıq qabiliyyətlərinin inkişafına və milli adətlərin dəstəklənməsinə xidmət etməkdir.
Natiq vurğulayıb ki, bundan öncə Qazaxıstanın Almatı, Astana, Türkiyənin Eskişəhir şəhərlərində təşkil olunmuş festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstandan 100-ə yaxın 12 yaşlı uşaqları, Gəncə, Şəmkir, Ağstafa Regional Mədəniyyət və Turizm İdarələrinin tərkibində fəaliyyət göstərən Uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak etmişlər.
Sonra Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Orhan Işık, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Yunus Emre Bakı İnstitutun direktoru İbrahim Yıldırım, Azərbaycan Yazıçılar Birliyinin Gəncə şəhərindəki bölməsinin sədri Xəzəngül Hüseynova, xarici qonaqları Amangeldı Mırzabayev və Venera Jamanova çıxış ediblər.
Daha sonra uşaqlar iştirakçılara və qonaqlara öz regionlarına məxsus milli rəqslər, mahnılar və ənənəvi oyunlar təqdim ediblər.
Festival iştirakçılara və xarici qonaqlara xoş təəsuratlar bağışlayıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.