Konfransda universitetin müəllim-professor heyəti və tələbələr, magistrantlar və doktorantlar, eyni zamanda, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent Ələmdar Məmmədov və Karbonun fotosintetik assimlyasiyasının enzimologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Şahniyar Bayramov, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və AMEA-nın Genetik Ehtiyyatlar İnstitutunun elmi əməkdaşları da iştirak etmişlər.
Konfransı giriş sözü ilə Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir-üzvü, professor İbrahim Cəfərov açıq elan etdi və akademik Cəlal Əliyevlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşdü. Sonra söz Ələmdar Məmmədova verilib və o, öz çıxışını akademik Cəlal Əliyevin Azərbaycanda yaratdığı elmi məktəbin tarixindən, biologiyanın müasir istiqamətlərini (molekulyar biologiya, molekulyar-genetika, bioinformatika, struktur biologiyası, bionanotexnologiya, molekulyar biotexnologiya, proteomiks və s.) inkişaf etdirmək üçün apardığı kadr siyasətindən, xaricdə aparıcı elmi-tədqiqat mərkəzlərində fəaliyyət göstərən həmin kadrların elmi potensialından istifadə olunması məqsədilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yaradılmış beynəlxalq laboratoriyalar və orada hazırlanan yüksək ixtisaslı gənc magistrant və doktorantlar haqqında məlumat vermişdir. Laboratoriya müdiri, b.ü.e.d. Şahniyar Bayramov akademik Cəlal Əliyevlə ilk tanışlığı, onun gənclərə həmişə dayaq olması, gənc alimlərin hərtərəfli inkişaf etmələri üçün bütün imkanlardan istifadə etməsi barədə çıxış etdi. Ümumiyyətlə, bütün çıxış edənlər akademik Cəlal Əliyevin elmdə falsifikasiyaya qarşı kəskin mübarizə aparması və “Elm-həqiqətdir” söyləyən bir alimin həmişə həqiqətin, haqqın tərəfində olmasını xüsusi vurğuladılar. Akademik C.Əliyevin yaratdığı elmi irsin inkişafı və davam etdirilməsi onun bütün tələbələrinin mənəvi borcudur. Akademik C.Əliyev bu gün bizim aramızda cismən olmasa da, onun ruhu həmişə bizimlədir. Allah ona rəhmət eləsin!
Aysel MƏDƏDLİ,
Nərmin ŞEYDAZADƏ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.