Sosial şəbəkələrdə gördüyüm bir şəkli diqqətimi cəlb etdi. O, ayağını ayağı üstə aşırıb, əllərini kral taxt-tacına bənzər kürsünün qoltuqları üzərinə qoyaraq oturmuşdu. Mənə zillənmiş məğrur baxışlarının arxasında bir inciklik, küskünlük və hətta deyərdim, bir umacaq hiss olunurdu. Bu, 50-55 il bundan əvvəl adı bütün xalqın dilində əzbər olan, milli qəhrəmanlıq zirvəsinə qalxan, Azərbaycan idmanının ilk azərbaycanlı dünya çempionu, Tokio-1964 Olimpiadasının sərbəst güləş yarışlarının mükafatçısı Aydın İbrahimov idi.
İndi bu nailiyyətləri çoxları tərfindən unudulan, gənc nəslin isə, demək olar ki, tanımadığı Azərbaycanın ən parlaq idman ulduzlarından biri Aydın İbrahimov. Bəlkə elə baxışlardakı küskünlüyün səbəbi də bu unutqanlıq idi. Bəlkə bu qəbahətdə biz idman yazarlarının da payı var. Umacağı isə 50 il əvvəlki şöhrətinin xatırlanması, ümumiyyətlə idman taiximizi yaşatmaq, gənc nəslə tanıtmaq istəyindən doğurdu.
O, həyatda da, idmanda da çox böyük qələbələrin sahibi olub. Amma indi cəmiyyətin ona və onun kimi idman uğurları artıq keçmişdə qalan digər insanlara qarşı biganəliyinə qalib gəlməkdə çətinlik çəkir. Axı bir vaxtlar bu insanlar idmanda böyük qələbələri ilə xalqa sevinclər bəxş edib, qürur hissi yaşadıblar.
Möcüzəni adiləşdirən müstəqillik illəri
Aydın İbrahimovun Tokio-1964 Olimpiadasındakı uğuru barədə xəbəri orta məktəbdə oxuyarkən eşitmişdim. O vaxt 7-ci sinifdə oxuyurdum. Müəllimli, şagirdli bütün məktəbin necə sevindiyini, uşaqların bir-birin necə təbrik etdiyini indi də xatırlayıram. Bu gün isə belə nailiyyətlərlə ictimaiyyiəti təəcübləndirmək çətindir. Çünki artıq biz buna alışmışıq, alışdıqca da yarım əsr bundan əvvəl böyük çətinliklər hesabına fəth edilən zirvələr bizim üçün adiləşir. Azərbaycan idmançılarının dünya yarış meydanlarında möhtəşəm qələbələri artıq möcüzə sayılılmır, dövlətin gündən-günə artan qayğısı nəticəsində idman ölkəsi imicini qazanmış məmləkətdə bu, adi reallığın təcəssümü hesab edilir. Amma 50 il bundan əvvəl SSRİ məkanında dünya, qitə yarışları bir yana, bu ölkənin özünün idman meydançalarında birinci olmaq indiki dünya çempionluğundan qat-qat çətin idi. Dünyanın altıda birinə bərabər olan bu ölkəni təmsil etmək üçün neçə-neçə səddlər aşmalı, süzgəclərdən keçməli idin. Bu isə təsəvvürəgəlməz dərəcədə çətin idi. Bu çətinliyə qalib gələnlərdən biri də Aydın İbrahimov olub.
Müharibənin qanlı yaralarının yenicə qaysaq bağladğı ötən əsrin 40-cı illərinin sonu, əllinci illərinin əvvəllərində bu müharibədə böyük itkilər vermiş bütün şəhərlər kimi Gəncədə də həyat öz axarına qayıdırdı. Müharibə cəhənnəminin odundan sağ çıxanlar, əl-ayağı iş tutanlar zavod və fabriklərdə öz sahiblərini gözləyən dəzgahların arxasına keçir, insanlar dinc həyata qayıdırdılar. Həyat isə müharibədən sonra sanki daha da şirinləşmişdi, insanların yaşamaq, yaratmaq eşqi daha da güclənmişdi.
Amma Aydının qapıdan çəkilməyən gözlərində ata həsrətinə son qoyan sevinc işartıları görünmədi. Əli kişi üç yaşlı Aydının üzündən öpüb, başana çəkdiyi sığaldan sonra evdən çıxıb getdiyi yol gedər gəlməz oldu...
Zamanın ağırlığı, iqtisadi çətinlik, ərzaq qıtlığı insanların dövrün ruhu ilə möhkəmlənən mətanətini, əzmini qıra bilmədi. İqtisadiyyat tədricən bərpa edilir, ərzaq problemi aradan qalxır, insanlar rahat nəfəs almağa başlayırdı. Bərpa dövrünün çətinliklərinə baxmayaraq, dövlət yeniyetmə və gənclərin tərbiyəsinə diqqət və qayğını unutmur, böyüməkdə olan nəslin hərtərəfli inkişafını həmişə gündəmdə saxlayırdı. Təlim-tərbiyə işində ictimai təşkilatların rolu əvəzsiz idi. Yeniyetmələrin tərbiyə prosesini istiqamətləndirən, onlarda quruculuq, yaradıcılıq əzmini formalaşdıran bu təşkilatlar gəncləri öz ətraflarında birləşdirir, onların cəmiyyətə xeyirli insanlar kimi tərbiyə olunmasında böyük fəallıq göstərirdilər. Bu sahədə pioner təşkilatları, əksər şəhərlərdə yaradılan pioner evləri yaxından iştirak edirdilər. Sovet dövründə elm, incəsənət, ədəbiyyat, iqtisadiyyat və ictimai fəaliyyətin digər sahələrində uğurlara nail olan yüzlərlə insan pioner evlərinin tərbiəyə məktəbini keçmişdi.
Liderlik iddiası onun qanındadır
Gəncə pionerlər evində müxtəlif dərnəklərlə yanaşı, idman bölmələri də fəaliyyət göstərirdi. Aydın o vaxt bu bölmələrin eyni vaxtda bir neçəsinə üzv olmuşdu. Futbolda, qaçış yarışlarında, basketbolda yaşıdlarına aman vermir, akrobatika bölməsində elastikliyi, hərəkətlərin səlist yerinə yetirilməsi ilə çoxlarını geridə qoyurdu. Arıqlığına, cılızlığına baxmayaraq, qüvvəli, olduqcu çevik, bir yerdə qərar tutmayan bu uşağı pionerlər evində hamı tanıyırdı.
İdman bölmələrinin işinə rəhbərlik edən İsaq Cəfərov həm də güləş məşqçisi idi. Bir gün akrobatika bölməsinin məşqləri zamanı xüsusi bir çevikliklə kəndirə dırmaşan 10-12 yaşlı oğlan uşağını görüb, bir müddət nəzərlərini ondan çəkmədi. Aydın kəndirdən düşüb, gimnastika atına, sonra paralel tirlərə yaxınlaşırdı. Hər qurğuda da təmrinləri yaşıdlarından fərqli, xüsusi bir çevikliklə yerinə yetirirdi. Bu uşağı gözü tutan İshaq müəllim onu yanına çağırıb soruşdu: «Bala, güləşmək istəyirsənmi?» Oğlan suala sualla cavab verdi: «Harada?»
«Sısqa» xarakter göstərir
İshaq müəllimin məşqlərinə qoşulandan sonra da Aydın akrobatika bölməsi ilə əlaqəsini kəsmədi, futbol, voleybol, basketbol meydançalarından ayağını çəkmədi. Güləşlə isə xüsusi həvəslə məşğul olurdu. Bəhsə girmək, kim nə edirsə, çalışıb ondan da yaxşı etmək, liderliyə can atmaq Aydını yaşıdlarından fərqləndirən xarakterik keyfiyyətlər idi. Müəllimin öyrətdiyi və ya ətrafındakı təcrübəli güləşçilərin işlətdikləri fəndləri mükəmməl şəkildə mənimsəyənə qədər öz üzərində işləyir, inadkarlıqla istəyinə nail olurdu. Bütün bunlar idmançıya lazım olan mühüm keyfiyyətlərdir. Elə İsaq müəllimin də diqqətini cəlb edən Aydının xarakterindəki bu cizgilər idi. Bu uşağın gələcəyinə olan inam hissi də məhz buradan qaynaqlanırdı. Fiziki cəhətdən zəifliyi isə düzələn məsələ idi.
Güləş bölməsində boyca hamıdan balaca olan Aydının cılızlıqda, arıqlıqda da tayı yox idi. Belə arıq-sısqalığına görə adını «Sısqa» qoymuşdular. İsaq müəllimin qardaşı İsfəndiyar da o vaxtlar güləşlə məşğul olurdu. Bir gün zala gələn İsfəndiyar Aydını görüb, qardaşına «Ay İsaq, vallah bu uşağın burada belini qırajaxlar, biabır olajaxıq» deyir. İsaq müəllim isə «Görərsən bundan necə güləşçi çıxacaq» deyə gülümsünür.
Qardaşının sözləri İsaq müəllimin ümidlərini sarsıda bilmir. Aydın da onun güləşçi olmaq istəyinə istehsa ilə yanaşanların, ona isteza edənlərin şübhəsinə cavab olaraq, məşqlərini yorulmaq bilmədən davam etdirir. Nəhayət ona qarşı inamsızlığın əsassız olduğununu ilk yarışı olan Gəncə birincliyində sübut edir və yeniyetmələr arasında şəhər çempionu olur. Fəxri kürsüdə qalibi Gəncə Vilayət İcraiyyə Komitəsinin sədri Sadıq Pəhimov (Azərbaycan Gənclər və İdman naziri Azad Rəyimovun babası) özü təbrik edir.
İlk uğursuzluğun ibrət dərsi
İsaq müəllim 1954-cü ildə Bakıya yeniyetmələrin respublika birinciliyinə yollanan Gəncə komandasının heyətinə Aydını da daxil edir. Yarış Nizami parkında açıq havada keçirilirdi. İlk rəqibi Oktyar Məmmədbəyov boyca balaca, fiziki cəhətdən çox güclü, qara bədəni kulturist kimi büsbütün əzələlərdən ibarət idi. Onun içərisi ətlənmiş qulaqları da, artıq bişmiş bir güləşçi olmasından xəbər verirdi. Aydın yarışdan sonra öyrəndi ki, 2 yaş ondan böyük olan Oktyar yeniyetmə dövrünü başa vurmuşdu və əslində yarışlara buraxılmamalı idi.
Onun fiziki gücünü Aydın boynuna dəyən ilk zərbədən (güləşdə buna «şrunk» deyirlər) hiss etdi. Gözlərindəki qığılcımın çəkilməsi üçün Aydın özünü xalçanın kənarına verdi. Nəfəsini dərib, yenidən rəqibinə qarşı yürüdü. Bu dəfə Oktyar onu parterdə tutaraq, ling fəndini işlətdi - boynunu əyməklə Aydının kürəyini yerə vurdu.
İlk yarış Aydının zəif cəhətlərini üzə çıxardı. Ən böyük zəiflik isə boyun əzələlərində idi. Buna görə də «körpü» vəziyyətində dözümü yox idi. Gəncəyə qayıtdıqdan sonra boyunu möhkəmləndirən təmrinlər edir, Oktyarın ona qarşı tətbiq etdiyi fəndlər üzərində işləyir, onlardan müdafiə yollarını, əks-fəndlər tətbiq etməyi öyrənirdi. Fiziki hazırlığa daha çox vaxt ayırırdı. İlk məğlubiyyətin acısı Aydını məşqdən-məşqə daha inadlı edir, rəqibindən intiqam almaq yanğısını artırırdı.
İntiqam məqamı 1955-ci ildə böyüklər arasında milli güləş üzrə respublika çempionatında yetişdi. Maraqlıdır ki, bu yarışda Aydının məşqçisi İshaq Cəfərov da iştirak edirdi. O, finalda Sabir Hüseyrova məğlub olaraq, ikinci yerə çıxmışdı.
Oktyarla görüşdən bir qədər əvvəl rəqibi ilə gənc güləşçi Mustafa Orucov arasında söhbətin bir məqamı Aydının qulağına çatdı. Mustafa Oktyardan kimlə qarşılaşacağını soruşur. Güləşçilər arasında istiqanlıği, məzəli söz-söhbətləri ilə tanınan, elə ömrünün sonlarına kimi zarafatlarından əl çəkməyən Oktyar «Gəncədən bir çuşka var onunla güləşəcəym», -deyir.
«Cəngi» sədaları altında döşəyə çıxan Aydının mübarizə ruhunu, qisas almaq istəyini qara zurnadan daha çox Oktyarın bayaq dediyi o «çuşka» sözü alovlandırırdı. Aydın o döyüşdə qalib gələrək, döşəyi tərk edəndə, çönüb Oktyara «Hə, necədir səninçün «Gəncə çuşkası» deyə eyhamla soruşdu.
Çempion Bakıdan vaqonun yük yerində getdi
Aydın İbrahimov ilk dəfə respublika çempionatından qalib kimi Gəncəyə sərnişin vaqonunun yük yerində qayıtdı. Bilet tapılmadığından «Sısqa» kubok və yarışların mükafatı olan patefonla bir təhər sərnişinlərin adətən çemodanlarını qoyduqları darısqal yerə sığınmalı oldu. Böyük idman karyerasının ilk mükafatını Aydın Gəncəyə bu şəraitdə gətirdi.
Aydın artıq Oktyarın güləş manerasına, üslubuna bələd idi. Onunla necə güləşməyin üsulunu mənmsəmişdi. Oktyarla xalça üzərində qarşılaşanda çalışırdı özünü onun əlinə verməsin. Əlinə keçdin sıxıb, suyunu çıxaracaq. Aydın ona aşağıdan hücum edir, ayağını ələ keçirib, rəqibinin müvazinətdən çıxarırdı. Sonradan Aydın respublika spartakiadalarında, digər turnirlərdə Oktyarı belə məğlub edib, həmin yarışların qalibi olub.
O vaxtdan Azərbaycan yığmasının heyətinə qatılan A.İbrahimovu1959-cu ildə SSRİ Xalqlarının II Spartakiadasında çıxış edəcək yığma komandanın tərkibinə daxil etdilər. Moskvada keçirilən yarışlarda güləşçilərimizdən heç kəs uğur qazana bilmədi. Aydının böyük xalça üzərində debütü heç xatırlanası deyil. Elə ilk yarışda boğaz damarı partladığından həkimlər onu mübarizədən kənarlaşdırdılar.
1960-cı ildə sərbəst güləş üzrə 14-cü SSRİ çemponatı Lvovda və Tbilsidə keçirilirdi. Yüngülvari, yüngül, orta və ağır çəkili idmançılar Tbilisidə yarışırdılar. Yüngülvari çəkidə Aydın İbrahimov çempionatın bürünc mükafatını qazandı. Bu, sərbəst güləşçilərimizin yeganə medalı idi. Klasiklərimiz də yarışları Armais Sayadovun bir bürünc medalı ilə başa vurdular.
Bundan sonra SSRİ yığma komandasının heyətinə cəlb edilən Aydını dövrünün məşhur məşqçisi Sergey Preobrajenskinin iş üslubu daha çox cəlb edirdi. İnsani keyfiyətləri, idmançılara münasibəti, məşqçilik istedadı, savadı Aydında ona qarşı xüsusi bir rəğbət yaratmışdı. O, «qayçı» fəndini mükəmməl yerinə yetirməyi S. Preobrajenskidən öyrəndi. Sonradan bu fəndi özünün əsas silahına çevirənlərdən biri də Aydın oldu. Aydın İbrahimovun «qayçı»sı FİLA-nın fəndlər ensiklopediyasına daxil edildi.
«Qayçı»nın gözəl ifaçılarından biri də İran pəhləvanı Seyfur idi və İranda keçirilən beynəlxalq turnirdə Aydını da bu fəndlə məğlub etmişdi. Həmin məğlubiyyətdən sonra, Aydın «qayçı» üzərində işləməyə başladı, onu nəinki mükəmməl mənimsədi, eləcə də bu fəndə əks olan fəndlər tapdı, onları təkmilləşdirdi. 1964-cü illə İranda tacidarın anasının şərəfinə keçirilən turnirin finalınla dünya çempionatının gümüş mükafatçısı Bayram Cahanini «qayçı» ilə məğlub etdi.
Xalça kənarında sövdələşmə
Aydın İbrahimovun idman karyerasında bu görüşün xüsusi yeri var. Dünya, qitə, Olimpiya çempionları və mükafatçilarınin iştirak etdiyi yarışın final görüşü ərəfəsində yaranmış vəziyyətə görə Aydın turnrin qalibi olmaq üçün Bayram Cahani ilə son qarşılaşmada mütləq təmiz qələbə qazanmalı idi. Xal üstünlüyü ilə qələbə yapon güləşçisi Sukudanı birinci yerə çıxarırdı. Bayram Cahanı üçün isə bu görüşün heç bir əhəmiyyəti yox idi. Aydın əslən azərbaycanlı olan Bayramla birinciliyi yapona verməmək barədə razılığa gəlmək fikrinə düşür. «Bayram, ikimiz də azərbaycanlıyıq, gəl yaponun çempion olmasına imkan verməyək. Bunun üçün mənimlə görüşdə müqavimət göstərib, işimi çətinləşdirmə. Mənə təmiz qələbə lazımdır». «Ağa, sən nə danışırsan?» - Bayram etirazını bildirsə də, gözü Aydının barmağındakı üzükdə idi. Bayram üzüyə işarə ilə «onu versən, sən deyən olar» deyir. Böyük qiymətə malik olan üzük yaxın bir adamın hədiyəsi kimi Aydına çox əziz idi. İranlı niyyətini bildirdikdən sonra Aydın artıq özünü saxlaya bilmədi: «A kişi, sən burada nə bazar açmısan? Mən səni onsuz da udacağam, dedim yəni işimi çətinə salmayasan. İndi ki, belə oldu, gör başına nə oyun açacağam, belini qıracağam, biabır edəcəyəm səni». O taylı, bu taylı iki azərbaycanlı aralarındakı görüşün taleyini qarşılıqlı şəkildə həll etmək barədə razılığa gələ bilmədilər.
Həledici görüşün tamaşaçıları arasında güləşin çox böyük həvəskarı Məhəmmədrza şah Pəhləvi, şahbanu Fərəh xanım da var idi. Hakimin fitindən bir o qədər keçməmiş Aydın rəqibini qaldırıb döşəyə çırpdı və dərhal əsas döyüş aləti olan «qayçı»nı işə salmağa başladı. Əlini iranlının çənəsinə aparanda Bayram onun əlini necə dişlədisə, qan açıldı. Hakim güləşçiləri ayağa qaldırdı. İkinci həmlədə də vəziyyət bir daha təkrar olundu, Bayram bu dəfə də dişlərinə güc gəldi, Aydınin barmaqları arasindan süzülən qanı tamaşaçılar da aşkar görürdü. Onlar da həmyerlilərinin biabırçı hərəkətlərinə etiraz əlaməti olaraq, sovet güləşçisinə azarkeşlik edirdilər. Bayramın kürəyi yerə çırpılanda isə alqışlar elə güclü və sürəkli oldu ki, xalça hakimi özünü itirib, görüşün bitməsini bildirən fiti vermədən Aydının əlini qaldırdı.
Birinci olmaq səadəti
Respublikanın idman şərəfini ittifaq yarışlarında qoruyan istedadlı pəhləvan 1963-cü ildə Moskvada SSRİ Xalqlarının III Spartakiadası çərçivəçində keçirilən XIX SSRİ çempionatında ikinci yeri tutdu. Həmin yarışda o, xalça üzərinə artıq dünya çempionu kimi çıxmışdı. Spartakiadadan üç əy əvəl Bolqarıstanın paytaxtı Sofiyanın ev sahibliyi etdiyi dünya çempiontatında fəxri kürsünün ən yüksək pilləsini onunla birlikdə daha 3 sovet pəhləvanı –Quram Saqaradze (78 kq), Aleksandr Medved (97 kq) və Aleksandr İvanitski (+ 97 kq) fəth etmişdilər. Sovet sərbəst güləşçiləri arasinda 57 kq cəkidə ilk dünya cempionu Aydın İbrahimov həmin final görüşünü belə xatırlayır: «Yarış Sofiyanın böyük bir stadionunda keçirilirdi. Yapon Xirosi İkeda ilə final görüşündə birdən yağiş başladı. Görüş dayandırıldı. Belə vəziyyətdə güləşmək olmazdı. O qədər tələsirdim ki, yağış kəsdikdən sonra xalçanı təmizləyənlərə kömək etməyə başladım. İstəyirdim ki, görüş tez başlasın. Tamaşaçılar mənim bu hərəkətimi gurultulu alqışlarla qiymətləndirdilər. Həmin gün dünya çempionu oldum. Bu, Azərbaycanın idman tarixində yeni bir səhifə idi. O vaxta qədər nəinki güləşdə, ümumiyyətlə Azərbaycan idmanında bu zirvəyə yüksələn azərbaycanlı olmamışdı».
Bu hadisə respublika stadionunda təntənəli şəkildə qeyd edildi, mətbuatda böyük əks-səda yaratdı. Hətta Azərbaycan Sovet Ensiklopediyasına da daxil edildi. Azərbaycan oğlunun bu qələbəsini xalq böyük sevinclə qürür hissilə qarşıladı. Həmin günlər oğlu olan analar uşağın adını Aydın qoyur, atalar öz oğullarını güləş bölmələrinə yazdırırdılar. Aydın İbrahimovun bu uğurunu 23 il sonra təkrar edən Xəzər İsayev elə həmin 1963-cü ildə dünyaya gəlmişdi və Aydın kimi dünya çempionu olmağı qarşıya məqsəd qoymuş, ağır zəhmət, sarsılmaz iradə hesabına məqsədinə çatmışdı.
Heydər Əliyevdən xatirə qol saatı
Respublika stadionunda keçirilən təntənəli mərasimdə bir dinamoçu kimi Aydın İbrahimovu «Dinamo» İdman Cəmiyyəti Mərkəzi Şurasının sədr müavini Aronov və Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini təbrik etdilər («Dinamo» cəmiyyəti Daxili İşlər Nazirliyi və DTK-nın strukturu idi). Ona DTK-nın sədri Heydər Əliyevin təbrik məktubu və mükafat olaraq xatirə qızıl saatı təqdim edildi. Daxili işlər naziri, Sovet İttifaqı Qəhrəmanı general Xəlil Məmmədov isə A.İbrahimovu milis orqanlarında işə qəbul etdi.
1964-cü ildə sərbəst güləş üzrə SSRİ çempionatı Bakıda və Orcanikidze şəhərlərində keçirildi. Bakıda yüngülvari, yarımyüngül, yarımorta və yarımağır çəkili güləşçilər mübarizə aparırdılar. Yüngülvari güləşçilərin final görüşü ərəfəsində Aydının hər iki tərəfdən sınıq 2 qabırğasında şiddətli ağrılar başladı. Doğma divarlar arasında ilk dəfə SSRİ çempionu adı uğrunla döyüşdən imtina etmək çətin olsa da, belə ağrılarla xalçaya çıxmağın çox pis nəticəsi ola bilərdi. Aydın həyatını, idman bioqrafiyasını risk altına qoymaq istəmədi. Axı o vaxt cəmi 26 yaşı vardı. Onu qarşıda böyük qələbələr gözələyirdi, Tokio Olimpiadasının bürünc medalı hələ qarşıda idi.
«Ölsən, sənə heykəl qoyduraram»
Soyunub-geyinmə otağandakı uzun skamya üzərində uzanıb, bütün fikirləri beynidən uzuqlaşdırmağa çalışırdı. Həkimlərin ağrıkəsici dərmanları qabırğalarının sızıltısını kəsə bilməmişdi. Birdən qapı açıldı, Azərbaycan SSR Ali Sveti Rəyasət Heyətinin sədri Məmməd İskəndərov otağa daxil oldu. Aydın çətinliklə də olsa, ayağa qalxdı. – Mən gəldim sənin güləşməyinə baxım – qəfil gələn qonaq əlini Aydına uzatdı,- sən isə, deyirlər, güləşmək istəmirsən.
- Mənim qabırğalarım sınıb, Məmməd müəllim, mən xalça üzərinə çıxsam, elə orada ölə bilərəm.
- Sən heç narahat olma, çıx güləş, əgər ölsən, mən sənə yaxşı bir heykəl qoyaram.
Ağrı Aydina yüksək vəzifəli hökumət adamının bu zarafatına gülməyə imkan vermədi. Amma zarafatı zarafatla qarşıladı: "Nə deyirəm ki, belə heykələ görə xalça üzərinə çıxıb, ölmək də olar”.
M.İskəndərov təcili yardım xidmətini çağırdı. Aydına ağrıkəsici iynələr vurdular. O, həyatını böyük risk altına atmışdı.
Moskva «Lokomotiv»inin nümayəndəsi Anatoli Timoxinlə görüş, rəqibin güclü müqavimətinə baxmayaraq, Azərbaycan pəhləvanının istədiyi tərzdə davam edirdi. Moskvalı güləşçini parter vəziyyətinə salmaqla qələbəyə nail olan Aydın həmin il ilk dəfə SSRİ çempionu oldu.
Həm də ilk Avropa çempionumuz
Aydın İbrahimov Avropa birinciliyində də çempionluq zirvəsini fəth edən ilk azərbaycanlı olub. 1966-cı il, Almaniyanın Karlsruye şəhəri. 16 il fasilədən sonra sərbəst güləş üzrə qitə birinciliyi burada keçirilirdi. Alman faşizmi üzərində qələbənin 21-ci ildönümü yenicə tamam olmuşdu. Sovet pəhləvanları Karsluyedəki yarışa ata və böyük qardaşlarının mühəribə meydanlarında apardığı mübarizənin güləş xalçası üzərində davamı kimi baxardılar. Çempionat Sovet idmançılarının möhtəşəm qələbəsi ilə başa çatdı. Aydın İbrahimov da (57 kq) daxil olmaqla 8 çəki dərəcəsinin 6-da fəxri kürsünün ən yüksək pilləsinə sinəsində sovet gerbi olan pəhləvanlar qalxdılar. Bu, Azərbaycan idmanının dah bir yeni səhifəsi idi.
Yarışdan dönərkən Bakı hava limanında Aydını böyük bir izdiham gözləyirdi. Təyyarə yerə enməyə hazırlaşarkən salonda elan edildi ki, sərnişinlər yerlərindən tərpənməsinlər. Təyarəni ilk növbədə Aydın İbrahimov tərk edəcək. Avropa çempionunu təyyarənin trapı önündə gözləyən insanların qarmaqarışıqlıq yaratmasına imkan verməmək üçün uçuş heyəti belə qərara gəlmişdi. Aydını qarşılamaq üçün hava limanına gələn insan selinin qarşısına almaq mümkün olmamışdı, insanlar təyyarənin trapını dövrəyə almışdılar. Həmin təyyarədə o vaxtı SSRİ Qaz Sənayesi Nazirinin birinci müavini, 1972-ci ildən isə nazir vəzifəsində çalışan Sabit Orucov qızı ilə Bakıya gəlirdi. Elan nazir qızının marağına səbəb oldu: «Belə bir şərəfə layiq bilinən bu Aydın İbrahimov kimdir?» Sonradan onlar tanış olurlar və S.Orucovun qızı Avropa çempionunu təbrik edir.
«Müəllimimə «kənara çəkil» deyə bilmərəm»
1970-ci illərin əvvəlləri Aydın artıq idmanı tərk etmək barədə düşünməyə başlamışdı. O, yaxşı başa düşürdü ki, hansı sahədə olursan, ol, amma meydanı vaxtında tərk etməlisən. Burada tələsmək də, gecikmək də eyni dərəcə də arzuolunmazdır.
1971-ci ildə Xəlil Məmmədovu Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsinə təyin edirlər. Aydının idmandan getmək barədə söhbətləri onun da qulağına çatmışdı. Aydını yanına çağırıb deyir ki, mən idmana gəlmişəm, belə bir vaxtda sən gərək mənim yanımda olasan, mənə gömək edəsən, sən isə getmək istəyirsən.
Xəlil müəllimin fikri onu yığma komandaya baş məşqçi təyin etmək idi. Fikrini açıq bildirəndə Aydın bunun mümkün olmadığını dedi: «Yığma komandanın baş məşqçisi İbrahimpaşa Dadaşav mənim müəllimim olub. Mən ona deyə bilmərəm ki, indi sən çəkil dur bir kənarda, baş məşqçi mən olacağam.” Sədr Aydının mərdanə sözlərindən məmnun qaldı və onun «Sən ona kömək elə, komandanı SSRİ Xalqlarının Spartakiadasına hazırlayın» dedi.
1971-ci ildə SSRİ Xalqlarının V Sparatakiadasına sərbəst güləş üzrə yığma komandanın hazırlığında bilavasitə iştirak edən Aydın İbrahimovun zəhməti hədər getmədi. Azərbaycan güləşçiləri dinamoçu Rafiq Hacıyev yüngülvari çəkidə Spartakiadanın gümüş, ordu idmançısı Nağı Nağıyev isə bürünc medallarına layiq görüldülər. Həmin dövrdə Aydının həm də məşqçilik sahəsində yüksək potensiala malik olduğu aşkar edildi.
O vaxtlar Yuqoslaviya Federativ Respublikasının idman rəhbərliyi ölkədə güləş növlərinin inkişaf etdirilməsi üçün Beynəlxalq Güləş Federasiyasına, SSRİ İdman Komitəsinə müraciət etmişdi. Təcrübəli məşqçilər ölkəyə dəvət olunurdu. Beynəlxalq Güləş Federasiyasının (FİLA) dəstəyi ilə Aydın İbrahimov bu iş üçün ən yaxşı namizəd hesab edildi. O, bir ildən artıq Makedoniyada güləşin inkişafı, Yuqoslaviya yığma komandasının təşkili ilə məşğul oldu. Komandanın texniki-taktiki hazırlığını, demək olar ki, kökündən dəyişdi. Bu da öz nəticəsini çox gözlətmədi.Yuqoslaviyadan olan güləşçilər qitə və dünya çempionatlarında, beynəlxalq turnirlərdə daha yüksək nəticələrə nail oldular.
SSRİ dinamoçularının baş məşqçisi
1972-ci ildə Aydın İbrahimov «Dinamo» Ümumittifaq Mərkəzi İdman Cəmiyyətinin yığma güləş komandasına baş məşqçi təyin edildi. Bu, dinamoçu güləşçilərin tarixində əsl dönüş yaratdı. Növbəti SSRİ kubokunda «Dinamo» cəmiyyətinin sərbəst güləşçiləri kubokun daimi sahibi Mərkəzi Ordu İdman Klubunu ilk dəfə geridə qoyaraq, mükafatın sahibi oldular. Sonrakı illərdə dinamoçu pəhləvanlar bu uğuru dəfələrlə təkrar etdilər. Artıq SSRİ yığma komandasının heyətində də dinamoçuların sayı nəzərə çarpacaq dərəcədə artmağa başladı. Onların arasında Sergey və Anatoli Beloqlazov qardaşları («Dinamo» Kiyev), bir müddət milli komandamızın baş məşqçisi olmuş, hazırda gənclərdən ibarət Azərbaycan yığma komandasına rəhərlik edən Saypulla Absaidov və Məhəmmədhəsən Abışov (hər ikisi «Dinamo» Mahaçqala), Mixail Xaraçura («Dinamo» Qomel), Məmməd və Tahir İbrahimov qardaşları, Telman Paşayev, (üçü də «Dinamo» Bakı), Elbrus Koroyev («Dinamo» Moskva), Levan Tediaşvili («Dinamo» Tbilisi) kimi, Sovet sərbəst güləş məktəbini Moskva Olimpiadasında təmsil edə biləcək pəhləvanlar var idi. Sonradan Sergey Beloqlazov 2 dəfə olimpiya çempionu, altıqat dünya, beşqat Avropa çempionu, onun əkiz qardaşı Anatoli olimpiya çempionu, üçqat dünya çempionu oldu. Məmməd İbrahimov SSRİ və Avropa çempionatlarının gümüş mükafatını qazandı. Telman Paşayev dünya və Avropa ikincisi, Levan Tediaşvili 2 dəfə olimpiya, 4 dəfə dünya, 3 dəfə Avropa çempionluğuna layiq görüldü.1980-cı ilin Moskva Olimpadası Aydın İbrahimovun məşqçilik fəaliyyətinin ən yüksək zirvəsi oldu. Eyni vaxtda 5 dinamoçu – Beloqlazov qardaşları, Məhəmmədhəsən Abuşev, Saypulla Absaidov və Soslan Andiyev olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Bu nailiyyətə görə A.İbrahimaov dövlət mükafatına layiq görüldü. "Dünyanın ən yaxşı məşqcisi” adını isə o, hələ 1974-cü ildə almışdı.
Həmin illər Aydın İbrahimov həm də SSRİ yığma komandasının məşqçilər heyətinin tərkibində komandanın məsul yarışlara hazırlayırdı. Yığma komandanın baş məşqçisi Yuri Şahmuradovun ən yaxın köməkçilərindən idi.Yuri Şahmuradovu hələ o vaxtlar güləşin professoru adlandırırdılar. Sonradan müdafiə edərək pedaqoju elmlər namizədi, professor adına həqiqətən layiq görüldü.
Məsələ professorluqda deyil
Baş məşqçi məsul yarışların keçirldiyi günlərdə gecəni sübhə kimi qarşıdakı görüşlərin ehtimal vəziyyətlərinin riyazi və taktiki hesablamalarını aparır, görüşlərin planlarını qururdu. Bir dəfə belə yarışların birində Aydın gecə yarıya qədər işləyən Y.Şahmuradova deyir ki, Yura, daha bəsdir, get yat, qalanını mən edərəm. Bir saat ərzində işini başa vurub, yatağa uzanarkən, Y.Şahmuradov: «Nə oldu?» deyə soruşanda, Aydın yerini rahatlayaraq, «hər şey hazırdır, səhər baxarsan», - deyir. Səhər baş məşqçi doğrudan da hər şeyin dəqiq ölçülü-biçili şəkildə təhlilini görüb, xeyli təəcüblənir. Bütün məqamlar nəzərə alınmışdı. Hansı görüşü xalla, hansını tam qələbə ilə başa vurmağı, hansı görüşdə isə heç-heçə etməklə son nəticədə arzu olunan rəqiblə qarşılaşmaq imkanı əldə etməyin mümkünlüyünü göstərilmişdi. «İbrahimov, doğrusu bunu heç gəzləməzdim» -Y.Şahmuradov etiraf edir.
Baş məşqçi ilə A.İbrahimov arasında fikir ayrılıqları da olub. Aydında peşəkar məşqçi duyumu var idi və idmançının potensial imkanlarını hamıdan tez görə bilir və bu imkanların reallaşdırılmasına çalışırdı. Hər məsələdə öz ədalət prinsiplərinə istinad edir, kiminsə tapşırıqlarına, xahişinə görə əqidəsindən dönmürdü.
Qomel «Dinamo»sundan olan Mixail Xaraçuranı nədənsə SSRİ yığmasının tərkibinə daxil etmək istəmirdilər. Dünya və Avropa birincilikləri kimi məsul yarışlara hazırlıq zamanı ölkə yığmasının tərkibinin müəyyən edilməsində Tbilisidə Vaxtanq Balavadzenin şərəfinə keçirilən çox güclü turnirin nəticələrinə böyük əhəmiyyət verirdilər. Məşqçilər heyəti Xaraçuranı həmin turnirə aparmaq istəmirdilər. «Xaraçura orada heç nə edə bilməyəcək»- baş məşqçinin fikri belə idi. Aydın yetirməsi kimi bacarığına bələd olan dinamoçunu Balavadze turnirinə, baş məşqcidən xəbərsiz aparır. Yarış başlayır. Xalçaya dəvət olunanlar arasında Mixail Xaraçuranın adını eşidən Y.Şahmuradov yerində qurcuxaraq, köməkçisinə baxır: «Aydın, bu sənin işindir?». Aydın müəllim əhvalını pozmadan «gəlin görüşə baxaq, sonra bu barədə danışarıq,-deyir. Onu da əlavə edir ki, dinamoçu bu görüşü tam qələbə ilə başa vuracaq. Xaraçuranın rəqibi isə SSRİ çempionu mahaçqalalı Yusifov idi. Görüşün 3-cü dəqiqəsində Xaraçura gözəl «bedro» fəndi ilə rəqibinin kürəklərini döşəyə vuranda, Aydın mənalı şəkldə Şahmuradova baxdı və başı ilə xalça tərəfə eyhamlı bir işarə etdi. Bu, Şahmuradova meydan oxumaq idi: «gördünmü?».
1979-cü ilin dünya çempionatı ABŞ-ın San Dieqo şəhərində keçirilirdi. SSRİ yığma komandasının məşqçilər heyəti 68 kq çəki dərəcəsində çıxış edə biləcək idmançını təyin etməkdə heç cür razılığa gələ bilmirdilər. Uzun müddət davam edən müzakirələrdə Aydın təkidlə Mixail Xaraçuranın üzərində dayanırdı. Baş məşqçi Yuri Şahmuradov yenə də inadkarlıq edir, o biri məşqçilər də onun tərəfini saxlayırdılar. Mübahisə səhərə kimi davam etdi. Hamı dağılışandan sonra Y.Şahmuradov Aydından soruşur ki, axı sən niyə görə belə təkid edirsən. Sənə Xaraçuranı dünya çempionatına aparmaq lazımdırsa, bunu məndən xahiş edə bilərdin. «Yura, - Aydın özünə məxsus səmimiyyətlə deyir, - biz səninlə neçə illərdir dostluq edirik, hər ikimiz tanınmış idmançıyıq. İdmanda ədalət, şərəf başlıca mənəvi dəyərlərdir və biz onları qorumalıyıq. M.Xaraçura mənim yetirməmdir, onu çox yaxşı tanıyıram. Sən onu heç Tbilisi turnirinə də buraxmaq istəmirdin. Amma o, həmin turnirdə nəyə qadir olduğunu göstərdi. Mən ona inanıram, o, dünya çempionu olacaq. Mən Xaraçuranın namizədliyini özümə görə yox, güləşimizin şərəfinə görə, haqqın tələbinə görə müdafiə edirəm. Buna görə mən heç kimdən, heç nə xahiş etmək fikrində deyiləm. İndi bundan sonra, özünüz bilin». «Sən ki, belə təkid edirsən, sənə görə mən bu güzəştə gedirəm»- baş məşqçinin bu sözələrinə Aydın «mənə görə yox, haqqın tələbinə,idmanda ədalət prinsiplərinin təntənəsinə görə» deyə cavab verdi.
Zirvədə qalmaq onu fəth etməkdən çətindir
M. Xaraçura isə San Dieqoda fantastik bir nəticə göstərdi. Keçirdiyi 6 görüşü vaxtından əvvəl tam qələbə ilə başa vurdu. Bütün rəqiblərini bir görüşə ayrılan vaxt müddətində məğlub edərək, dünya çempionu oldu. Çempionatın ən texnikalı güləşçisi mükafatına layiq görüldü. Amma sonradan bu idmançının çıxışları zəiflədi. İdmanda yüksək nailiyətləri əldə etmək nə qədər çətindirsə, onları qoruyub, saxlamaq daha çətindir. M. Xaraçuranın idman talyei məşhur məşqçi Sergey Preobrajenskinin bu fikrini təsdiq etdi.
İdmana dövlət qayğısı olan yerdə
Müstəqillik illərində Aydın İbrahimov Azərbaycan futbolunun favoriti «Neftçi» futbol klubunun prezidenti oldu. O, futbolu çox sevir, özü də cavanlığında çox gözəl futbol oynayırdı. Onda topu mahir futbolçu kimi ram etmək texnikası var idi. «Neftçi»nin prezidenti olduğu illərdə komanda dəfələrlə ölkə çempionu, kubokun sahibi oldu.
Bu gün də Aydın müəllim özünü idmandan kənarda görmür. Azərbaycan idmançılarının, xüsusən də güləşçilərin çıxışlarını izləyir, nailiyyətləri ilə fəxr edir. Ölkədə idmana dövlət qayğısınından böyük heyranlıqla danışır. «İdmançılar üçün indi yaradılan şərait bizim vaxtımızda olmayıb» deyir. "İdman, ona yüksək səviyyədə dövlət qayğısı olan yerdə inkişaf edir” – fikrini təsdiqi kimi, İran güləşində İslam inqilabından sonra yaranmış vəziyyəti missal gətirir: " İran sahı Məhəmmədrza Pəhləvi özü güləşin böyük həvəskarı idi. Güləşə göstərdiyi hərtərəfli qayğınin nəticəsi idi ki, İran güləşi dünyada rəqib tanımirdi. Amma ötən əsrin yetmişinci illərinin sonunda ölkədə baş verən məlum hadisələrdən sonra, mənzərə əks istiqamətdə dəyişdi və bu da özünü idmanda, güləşdə göstərdi”.
Aydin İbrahimov Azərbaycan Milli Olimpiya Komitəsinə Prezidentliyə namizədlərin müzakirəsi zamanı da bu fikri söyləmiş və MOK prezidentliyinə İlham Əliyevin namizədliyini idmanımız ücün böyük şans kimi qiymətləndirmişdi: "İlham Əliyevin namizədliyi müzakirə olunmamalıdır, biz hamilıqla bu sükanin arxasına keçməyi ondan xahiş etməliyik.” Bu gün Azərbaycan idmanının dünya miqyaslı möhtəşəm nailiyyətləri də Aydın müəllimin haqlı olduğunu təsdiq edir.
Aydın müəllimlə istənilən mövzuda söhbət etmək olar. O, xüsusən keçmiş irsə, tarixə münasibətdə daha həssas bir insandır. Alman faşizmi ilə müharibədə həlak olan atasının dumanlı xatirəsi bu gün də onun üçün əzizdir. 1941-ci ildə cəbhəyə yollanan Əli İbrahimov Şimali Qafqazın müdafəsində vzvod komandirinin müavini kimi iştirak edib. Yaralanıb, sağalandan sonra yenidən döyüşlərə qatılıb.1943-cü ilin martında Krasnodar diyarının Anastasiyevskaya stansiyasında gedən döyüşlərdə həlak olan vzvod komandirini əvəz edib. Onun komandanlığı altında vzvod düşmənin pulyomot atəşi nöqtəsini məhv edərək, 600-700 m irəliləyib. Vzvoda taktiki cəhətdən düzgün rəhbərliyə və komandanlığın qarşıya qoyduğu vəzifəni yerinə yetirirkən göstərdiyi qəhrəmanlıq «Rəşadətə görə» medalı ilə qiymətləndirilib və ona qvardiya leytenantı rütbəsi verilib. Əli İbrahimov1943-cü ilin oktyabrında Ukraynanın Zaporojye vilayətində həlak olub və Tavriya kəndindəki qardaşlıq məzarında dəfn edilib. Aydın müəllim atasının məzarını 74 il sonra tapıb və bu il avqustunda onu ziyarət edib. Bu, keçmişinə, ulularına ehtiramın parlaq nümunəsi, indiki nəslə böyük örnəkdir. Unutqanlıq azarınından xilas olmağın yolu belə olmalıdır.
Azərbaycan idmanının canlı əfsanəsi Aydın İbrahimov haqqında söhbətimizi dostlarının onun barəsində dedikləri fikirlərlə tamamlayıram.
Zaqalav Abdulbekov
SSRİ-nin Əməklar idman ustası, sərbəst güləş üzrə ikiqat dünya çempionu: «Aydının bütün həyatı, idmandakı nailiyyətləri ona Azərbaycan tarixində yer almaq haqqını verir. Həmyerliləri onun kimi insanlarla fəxr etməlidirlər».
Stanislav Hacıyev
Sərbəst güləş və sambo üzrə SSRİ çempionatlarının mükafatçısı, keçmişdə RSFSR Güləş Federasiyası sədrinin müavini, Dağıstan Respublikası Ali Sovetinin deputatı:
"Aydın elə bir insandır ki, onu sevməmək, ona hörmət etməmək mümkün deyil. Ona hər yerdə hamı hörmət edirdi. Ünsiyyətli, istiqanlı hamı ilə dil tapmağı bacaran bir insan olsa da, yeri gələndə sərt olur, güzəştə getmirdi. Dəfələrlə onunla ciddi mübahisələrin, xoşagəlməz söhbətlərin iştirakçısı olmuşuq, belə hallarda onun əsl kişiyə xas olan sözündən dönməzliyi, barışmazlığı özünü göstərib”.
Xanlar Qurbanov
Azərbaycan Milli İdman Assosiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü:
” Aydın İbrahimov Azərbaycan idmanının canlı əfcanəsidir. Onun təcrübəsi ümumiləşdirilməli, tədqiq edilməli, öyrənilməli, gənc güləşçilər arasında yayılmalıdır. Onu milli komandanın məşqlərinə dəvət etmək, tövsiylərini dinləmək, onlardan faydalanmaq lazımdır”
Əli FƏRƏCOV
Sentyabr 2017-ci il.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.