ZiM.az “Ustad” jurnalının ilk sayının
“Polemika köşəsi“ndə dərc edilən
“Dövlət himnimizin söz və mətninin
müəllifliyi haqqında” yazısını
oxuculara təqdim edir.
Professor Alxan Bayramoğlu
tutarlı faktları əsas gətirərək
himnimizin həqiqi müəllifinin
kimliyini göstərməyə çalışıb.
“Ustad” jurnalının təqdimat
mərasimində isə o, yazdıqlarını
əsaslandıran əlavə faktlar
əldə etdiyini də bildirmişdi.
Ümid edirik ki, həmin faktlar
barədə “Ustad”ın növbəti saylarında
professorun açıqlamaları öz əksini tapacaq.
“Polemika köşəsi“ndə dərc edilən
“Dövlət himnimizin söz və mətninin
müəllifliyi haqqında” yazısını
oxuculara təqdim edir.
Professor Alxan Bayramoğlu
tutarlı faktları əsas gətirərək
himnimizin həqiqi müəllifinin
kimliyini göstərməyə çalışıb.
“Ustad” jurnalının təqdimat
mərasimində isə o, yazdıqlarını
əsaslandıran əlavə faktlar
əldə etdiyini də bildirmişdi.
Ümid edirik ki, həmin faktlar
barədə “Ustad”ın növbəti saylarında
professorun açıqlamaları öz əksini tapacaq.
Alxan Bayramoğlu - professor
DÖVLƏT HİMNİMİZİN SÖZ VƏ MƏTNİNİN MÜƏLLİFLİYİ HAQQINDA
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanın yeni dövlət rəmzlərinin qəbul edilməsi istiqamətində də intensiv və məqsədyönlü işlər görüldü. Bayraq, gerb, himn, milli valyuta, pul vahidi müəyyənləşdirilib qəbul edildi. Bu atributlardan 27 may 1992-ci ildə qəbul edilən Dövlət Himnimizin musiqi müəllifı dahi Üzeyir bəy Hacıbəylidir. Himnin sözlərinin müəllifi kimi isə səhvən tanınmış şair Əhməd Cavad göstərilmişdir. Duyğularımızın milli müstəqillikdən doğan fərəh, qürur və coşqunluq dolu ab-havasında görülən bu taleyüklü işlər alqışlanmaqla yanaşı, onda bəzən hissin məntiqi, ağıl, düşüncə ilə hərəkəti üstələdiyi, populizmə uyma halları da müşahidə edilirdi. Təsadüfı deyil ki, həmin işlərin bəzisi, məsələn, pul nişanları üzərində sonralar uğurlu təkmilləşmə aparıldı, milli qızıl, gümüş sikkələr zərb edildi və s.
Dövlət himnimizin sözlərinin elə ilk baxışdaca Ə.Cavad poeziyasının ümumi ruhuna uyğun olmadığı duyulsa da, qeyd etdiyimiz milli coşqunluq, o cümlədən Milli Məclisin qəbul etdiyi qərarın artıq qüvvəyə minməsi hər kəsi, hətta elmi ictimaiyyəti də hələlik mövcud reallıqla hesablaşmağa, bu haqda heç düşünməməyə yönəltdi. Lakin 1999-cu ilin fevralında “Respublika” qəzetində həmin şeir mətninin 1919-cu ildə Bakıda nəşr edilən “Milli nəğmələr” adlı şeirlər məcmuəsində “Vətən marşı” başlığı və “Cəmo bəy” imzası ilə çap edilməsi haqda yazı çıxandan sonra Dövlət Himnimizin sözlərinin müəllifliyi ətrafında müzakirələr başlandı, fıkirlər haçalandı. Bir çoxu bu fıkrə düşdü ki, imzaya əsasən şeiri Camo Cəbrayılbəyliyə aid etmək olar. Məsələni belə görən C.Cəbrayılbəylinin övladları Səyyarə xanımla Dilbər xanım müvafıq quruma müraciət edərək atalarının müəlliflik hüququnun bərpasını xahiş etdilər. Həmin ərizəyə əsasən Nazirlər Kabineti Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna məktubla müraciət edərək, bu məsələyə aydınlıq gətirilməsini xahiş etmişdi.
Bütün bunları mənə 31 yanvar 2000-ci ildə institutun o zamankı direktoru, mərhum professor, AMEA-nın müxbir üzvü Yaşar Qarayev söylədi. Bildirdi ki, institutun bu günkü (31 yanvar 2000-ci il) Elmi Şurasında həmin məsələyə də baxılacaq. Ona görə C.Cəbrayılbəylinin qızlarını da Elmi Şuraya dəvət etmişik. Yaxşı olar ki, həmin müzakirədə sən də iştirak və çıxış edəsən.
Dedim, axı, o şeir C.Cəbrayılbəylinin deyil. Dedi, bəs, kimindir? Cavab verdim ki, bunu müzakirədə deyərəm. Məsələni belə görən Yaşar müəllim məsləhət gördü ki, onda mən axırda çıxış edim.
Razılaşdıq.
Müzakirədə çıxış edənlərin əksəriyyəti bir qədər məsələnin mahiyyətinə bələd olmamaqdan, bir qədər də C.Cəbaryılbəylinin qızlarının üzünə iddia etdilər ki, Dövlət Himnimizin sözlərinin müəllifı Cəmo Cəbrayılbəylidir. Ona görə ədalət bərpa edilməli, mətnin müəllifı kimi Əhməd Cavad yox, C.Cəbrayılbəyli göstərilməlidir. Müzakirələrdə bir qədər fərqli fıkirlər söyləyənlər də oldu.
Elmi Şuranın sədri professor Yaşar Qarayev hər dəfə “daha kim çıxış etmək istəyir?” müraciətindən sonra ani sükut görən kimi mənə baxırdı. Mən söz alıb ayağa qalxanda kimsə növbəti çıxış üçün əl qaldıran kimi növbəmi ona verirdim. Nəhayət, üçüncü cəhddə məsələyə münasibətimi bildirərkən dəlillərlə əsaslandırdım ki, müzakirə edilən şeir mətni C.Cəbrayılbəyliyə də aid deyil. Onun müəllifı Cəmo bəy Hacınskidir. Fikirlərimi əsaslandırmaq üçün Azərbaycan Sovet Ensiklopediyasının 10-cu cildinin 156-cı səhifəsində Cəmo bəy Hacınski haqqında gedən məqalədəki faktlara da istinad etdim. Bu zaman direktorun kabinetindəki kitab şkafından ASE-nin həmin cildini götürüb açdım və söylədiklərimin əyaniliyini nümayiş etdirdim.
Yaranan ani çaşqınlıqdan sonra Elmi Şura məsələni daha dərindən araşdırıb yekdil rəyə gəlmək məqsədilə akademık Bəkir Nəbiyev (sədr), AMEA-nın müxbir üzvü Yaşar Qarayev, bu sətirlərin müəllifı və digər mütəxəssislərdən ibarət mötəbər bir tərkibdə komissiya yaradılması haqda qərar qəbul etdi. C.Cəbrayılbəylinin qızlarına da təklif olundu ki, əgər atalarının arxivində həmin şeirin ona məxsusluğunu təsdiqləyən hər hansı əlyazma və ya digər sənəd, material tapsalar, komissiyaya, institut rəhbərliyinə təqdim etsinlər.
Səyyarə xanımla Dilbər xanım bu məqsədlə xeyli axtarış aparsalar da, bizə məlum olduğuna görə, heç nə əldə edə bilmədilər. Mənə isə öz mövqeyindən müəyyən maraqlar müqabilində geri çəkilmək və ya həmin şeirin C.Cəbrayılbəylinin olması barədə mətbuatda çıxış etmək təklif edildi.
Təbii ki, razılaşa bilməzdim və razılaşmadım da…
Bu Elmi Şuradan sonra Dövlət Himnimizin sözlərinin müəllifinin kimliyi ətrafında mətbuatda və geniş ictimai dairələrdə, hətta Milli Məclisdə qızğın müzakirələr getməyə başladı. Ədəbiyyat İnstitutunun yaratdığı komissiya isə bir-iki dəfə o vaxt AMEA-nın ədəbiyyat, dil, incəsənət bölməsinin akademik katibi işləyən Bəkir Nəbiyevin kabinetində yığışıb müzakirə apardı, fikir mübadiləsi etdi…
Mətbuat və ictimai dairələrdə, həmçinin Milli Məclisdə gedən müzakirələr zamanı himnin şeir mətninin, guya, ideya-bədii cəhətdən zəifliyi və onun dəyişdirilməsi barədə də fıkirlər səsləndi. Bu zaman dahi Üzeyir bəyin öz musiqisi üçün məhz həmin mətni seçməsi faktı nəzərə belə alınmadı. Halbuki musiqi əsəri yazılarkən (bəstələnərkən) şeir mətnindən iki cür istifadə edilir; ya hazır mətnə musiqi bəstələnir və bu zaman həmin mətndə musiqiyə uyğun müəyyən dəyişiklik də edilir, ya da not hazır olandan sonra o, hər hansı müəllifə verilir ki, musiqi notuna uyğun mətn yazsın. Qeyd edək ki, ikinci üsul söz mətninin müəllifini bir çox çətinlik qarşısında qoyaraq, onu məzmundan çox hazır qəliblərə, “balvankalara” uyğun sözlər axtarışına məcbur edir.
Üzeyir bəy 1917-ci ilin dekabrında Y.V.Çəmənzəminlinin bir mətbu çağırışına cavab olaraq “Açıq söz” qəzetində (22 dekabr 1917-ci il) “Milli marş” başlıqlı məqaləsində bildirirdi ki, son günlər o, milli nəğmə yaratmaq üzərində işləməkdədir və hələlik bir milli qəsidə yazmışdır. Üzeyir bəy himn, marş və digər istilahlarla yanaşı, həmin bəstəsinin hansı üsulla yazıldığı barədə də məsələyə aydınlıq gətirərək yazırdı: “…Milli bir qəsidə (himnə qəsidə desək, şərqi sözündən daha düzgün olar) yazmaq haqqında mən bir müddətdir ki, çalışıram. Hələlik bir milli marş yazmışam ki, sözlərini burada dərc etməyi lazım bilmədim. Ancaq bu sözlərin vəzn cəhətdən düzgün olmadığının səbəbini qabaqca söyləməliyəm”.
Bundan sonra Üzeyir bəy sözünə davam edərək öz bəstəsində istifadə etdiyi yeni üsul haqda belə izahat verir: “Qədim Yevropada və bu gün bizlərdə musiqinin vəzni şeirin vəzninə tabe olur. Halbuki bu gün Yevropada musiqiyə xüsusi bir vəzn verilib, şeiri ona tabe edirlər. Bunun izaha ehtiyacı vardır ki, ancaq indi məqamı deyildir. Onu demək istəyirəm ki, həmin sözlərin vəzni musiqisinə tabedir”.
Göründüyü kimi, Üzeyir bəy Hacıbəyli Azərbaycan bəstəkarlığına gətirdiyi bu yeniliyin əksəriyyət tərəfindən ilk vaxtlar başa düşülməyəcəyini və bu üzdən şeirin mətnində nəzərə çarpa biləcək məhdudluqla bağlı qüsurları qəbul edə bilməyəcəyini qabaqcadan duyaraq ona aydınlıq gətirməyi lazım bilmişdir. Həmin yeniliyin mahiyyəti və Üzeyir bəyin izahatı bu gün çoxlarına bəlli olmadığı üçün onlar Dövlət Himnimizin sözlərində şeiriyyətcə və ya nəsə qüsur “tapıb” ona kölgə salmağa çalışır, bununla da öz naşılıqlarını və məlumatsızlıqlarını nümayiş etdirmiş olurlar.
Qeyd edək ki, Ü.Hacıbəyli həmin “Milli marş” məqaləsində yenicə bəstələdiyi və ilk ifası 1917-ci il dekabrın 23-də “Şənbə günü Tağıyevin teatrında “O olmasın, bu olsun” oyunundan qabaq orkestr ilə çalınıb ümum artistlər tərəfindən oxunması” nəzərdə tutulan marşın bütöv mətnini də dərc etdirmişdir. Rəfiq Zəka Xəndanın “Ulduz” jurnalının 1989-cu il tarixli 7-ci sayında (səh. 90-92) haqqında danışdığı marşlardan birincisi həmin bu şeirdir. R.Z.Xəndanın “Türk marşları” kitabından əldə etdiyi ancaq altı misradan ibarət həmin parça bütöv şeirin birinci bəndinin ilk iki misrası ilə sonuncu-beşinci bəndindən ibarətdir. “Türk marşlar”ında Üzeyir bəyin yer alan ikinci marşı isə hazırkı Dövlət Himnimizin mətnidir. Buradan bir daha aydın olur ki, Üzeyir bəy Hacıbəyli hər iki marşı “Milli marş” məqaləsində göstərdiyi kimi yeni Avropa üslubunda bəstələmişdir. Odur ki, Dövlət Himnimizin sözlərinin mətnində qüsur axtarışına birdəfəlik son qoyulmalıdır.
O ki, qaldı “Cəmo bəy” imzasının kimə məxsus olmasına, Yaşar müəllim bu məsələyə elmi aydınlıq gətirilməsi ilə daim maraqlanır, axtarışa yeni qüvvələr də cəlb etməyə çalışırdı.Bu məqsədlə o, “525-ci qəzet”də işləyən aspirantını – Rövşən Əhədoğlunu da işə cəlb etmişdi. Rövşən problemlə bağlı öz jurnalist araşdırmalarında xeyli əhəmiyyətli iş gördü, bir neçə adamdan müsahibə aldı.
Məndən müsahibə alarkən (bu müsahibə qəzetin 18.03.2001-ci il tarixli sayında dərc edilib.) Rövşənə məsləhət gördüm ki, öyrənsin, görsün Himn qəbul edilərkən Milli Məclisin mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri kim olubsa, ondan da müsahibə götürsün. O zaman qərar layihəsi müzakirəyə təqdim edilərkən bildirilmişdi ki, əlimizdə şeirin mətninin müəllifinin Əhməd Cavad olduğunu təsdiq edən sənədlər var. Ona görə həmin şəxsdən xahiş etsin ki, o vaxt dediyi sənədlər barədə informasiya versin. Çox güman ki, qarşı tərəf bu sualın cavabından qaçmağa çalışacaq. Ancaq sən məqsədinə çatmamış onun yaxasından əl çəkmə.
Rövşən Əhədoğlunun “525-ci qəzet”də (24.03.2001) dərc etdirdiyi “Himnin müəllifı məsələsi “ağsaqqalarla söhbət”ə əsaslanırmış” başlıqlı növbəti müsahibədən məlum oldu ki, o vaxt bu layihənin hazırlanmasına keçmiş deputat, professor Firidun Cəlilov rəhbərlik edirmiş.
Gözlənildiyi kimi, F.Cəlilov şeirin Ə.Cavada aid olmasını təsdiqləyən sənədin olub-olmaması haqda verilən suala cavabdan bir neçə dəfə yayınmağa çalışsa da, nəhayət, etiraf etməyə məcbur olub ki, guya, belə bir mühüm məsələ barədə qərar layihəsi hazırlayıb geniş ictimaiyyətə “əlimizdə bunu təsdiq edən sənəd var” deyə gözə kül üfürəndə elə bir elmi mənbəyə ehtiyac da olmayıb. Çünki heç birimizdə himnin müəllifi ilə bağlı şübhə yox idi”..
Himnin sözlərinin müəllifı kimi Əhməd Cavadın adının getməsində şairin oğlu, həmin dövrdə milli məclis üzvü olan Yılmaz Axundzadənin xüsusi canfəşanlıq göstərdiyi də F.Cəlilovun söhbətindən bir daha aydın olur. O da maraqlıdır ki, müsahibə ərzində qarşı tərəfdən kifayət qədər sıxışdırılan və bir qədər də ittiham ruhlu polemikadan öz günahının miqyasını kifayət qədər geniş görə bilən F.Cəlilovun əsəbləri sonadək davam gətirmədiyindən akademiyanın bu məsələni müzakirəyə çıxaran alimlərini ittiham edir…
Bu məsələdə tamamilə tərk-silah olunduğunu görənlərin əksəriyyəti qarşı tərəfi Ə.Cavadın repressiya qurbanı olduğu faktı ilə onun ruhunu narahat etməkdə günahlandırıb, bu cür söhbətləri bir daha dilinə gətirməməyə çağırırdı.
Əvvəla, müəlliflik, atribusiya məsələlərinin həllində bu cür cəhdlər yolverilməzdir, nadanlıqdır. İkincisi də, repressiyaya qalsa, Cəmo bəy Hacınski AXC-ni quranlardan, İstiqlal Bəyannaməsinə imza atanlardan, həmçinin, Cümhuriyyətin parlament və hökumət üzvlərindən biri olmaqla, sovet dövründə iki dəfə repressiyaya məruz qalıb; o, 1922-ci ildə həbsə alınaraq üç il Bakıda, üç il də Sololovki zindanında dustaq həyatı keçirməli olub. 1938-ci ildə isə Vyatkaya konslagerə sürgün edilərək ömrünü 1942-ci ildə katorqada başa vurub. Yəni Cəmo bəy Hasınski də repressiya qurbanıdır.
Şeirin məhz Cəmo bəy Hacınskinin olmasına gəldikdə bu barədə əvvəlki məqalə və çıxışlarımızda söylədiyimiz fakt və mülahizələrə əlavə edərək bildiririk ki, parlamentin Cümhuriyyət dövrü stenoqramlarında deputatların çıxışları verilərkən hər kəsin inisialı, yəni məsələn, M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Usubbəyli, H.Ağayev və s. kimi qeyd edilmişdir. Ancaq Cəmo bəy Hacınskinin adı bir qayda olaraq “Cəmo bəy” şəklində göstərilmişdir. Bu fakt həmin dövrdə “Cəmo bəy” kimi məhz Cəmo bəy Hacınskinin tanındığını və qəbul edildiyini göstərir. Ona görə də 1919-cu ildə “Milli nəğmələr” kitabında onun şeiri – bu gün Dövlət Himnimizin sözləri olan əsəri elə “Cəmo bəy” imzası ilə çap edilmişdir.
Əgər bu şeir və imza Cəmo bəy Hacinskiyə aid olmasaydı, o, hökmən məsələyə aydınlıq gətirmək üçün mətbuatda çıxış edərdi.
Həmçinin şeirin Əhməd Cavada məxsusluğu barədə ya Ə.Cavadın özü, ya da bir başqası etiraz səsini ucaldardı. Çünki bu ənənə o vaxt yazılmamış bir qanun şəklini almışdı. Bu cür hər hansı fakta isə o dövrün mənbələrində heç kəs təsadüf etməyib.
Bundan başqa, əgər həmin şeir Ə.Cavadın olsaydı, şair sağlığında çap etdirdiyi kitablarından birinə onu daxil edərdi. Əhməd Cavad bu addımı atmayıb. Çünki həmin şeiri – “Vətən marşı”nı özünün yazmadığını çox gözəl bilirdi.
C.Cəbrayılbəyliyə gəlincə, o nə belə şeirlər yazıb, nə də “Cəmo bəy” imzasından istifadə edib. O, 1960-cı illərin əvvəllərində yazdığı və 1966-cı ildə çapdan çıxan “Xatirələr”ində Ü.Hacıbəyovla hardasa ünsiyyətdə olması barədə fakt axtararkən elə bir əsas tapıb gətirə bilmir. Yalnız bir dəfə tamamilə başqa səbəblə onlara getdiyini, onda da Üzeyir bəyin evdə olmadığını söyləyir.
Əgər C.Cəbraylbəyli Üzeyir bəylə hər hansı ünsiyyətdə olmuş olsaydı, bu faktı hökmən nəzərə çatdırar, Üzeyir bəyin onun şeirlərinin birinə musiqi bəstələməsi faktının üstündən isə nəinki C.Cəbrayılbəyli, heç bir kəs sükutla ötüb keçməzdi.
Yeri gəlmişkən bu məsələ ətrafında müzakirələrin birində akademik Bəkir Nəbiyev üzünü mənə tutub dedi ki, C.Cəbrayılbəyli repressiya qorxusundan Cümhuriyyətin himnini yazdığını söyləyə bilməzdi.
Üzürxahlıqla dedim ki, əvvala, C.Cəbrayılbəylinin “Xatirələri”nin yazılıb çap edildiyi 1965-1966-cı illərdə nə represiya var idi, nə də demək olar ki, onun xofu. İkincisi də həmin şeir mətni 1992-ci ilədək geniş ictimaiyyətə nəinki himn, hətta hər hansı əsər kimi də bəlli deyildi. Ona görə C.Cəbrayılbəyli tam arxayınlıq və iftixarla onun şeirlərinin birinə Üzeyir bəyin musiqi bəstələdiyini hökmən yazardı. Belə bir fakt olsaydı, onun üstündən kim keçərdi?
Bu sözümə Bəkir müəllim də, Yaşar müəllim də, digərləri də susmaqla cavab verdilər.
Burdan bir daha aydın olur ki, himnin sözlərinin müəllifliyi məsələsində C.Cəbrayılbəylinin adının çəkilməsi tamamilə yersiz və mənasızdır.
Dövlət Himnimizin söz mətninin müəllifliyi ətrafında 1999-2001-ci illərdə gedən müzakirələrin açıq qalması da səbəbsiz deyil. Müzakirələrin demək olar ki, sona yaxınlaşdığı dövrdə – 2001-ci ilin əvvəllərində Respublikanın o zamankı prezidenti, Ümummilli liderimiz Heydər Əliyev Binə hava limanından xarici ölkə səfərlərinin birinə yola düşməzdən əvvəl müxbirlərdən biri ona belə bir sual verdi ki, cənab Prezident, Himnimizin dəyişdirilməsi (??!!) ilə bağlı gedən müzakirələrə Sizin münasibətiniz necədir? Heydər Əlyiev cavabında bildirmişdi ki, Dövlət Himnimiz çox gözəldir. Mən yazılan şeyin yenisi ilə əvəz edilməsini istəməzdim.
Göründüyü kimi, Heydər Əliyev ona verilən suala çox aydın və birmənalı cavab verib. Ancaq məsələnin mahiyyətinə lazımınca bələd olmayan müxbirin məsuliyyətsizliyi və sual vermək xatirinə özünü zirək göstərməyə çalışması ilə hər şey alt-üst olmuşdur. Çünki müzakirələr himnin sözlərinin yox, sadəcə olaraq bu sözlərin müəllifinin “dəyişdirilməsindən”, daha doğrusu, Cəmo bəy Hacınskinin müəlliflik hüququnun bərpasından gedirdi. Heydər Əliyevə verilən sual isə tamamilə yanlış mahiyyətdə idi…
Bu əhvalatdan sonra dedilər ki, guya, Heydər Əliyiev bu məsələ ilə razı deyil. Ona görə də müzakirələri qurtarmaq lazımdır.
Şübhə etmirik ki, müzakirəyə çıxarılan məsələnin mahiyyəti Ümummilli liderimizə olduğu kimi çatdırılsaydı, o, mövcud problemin ədalətli həllinə hökmən kömək edər, şərait yaradardı.
Qəbul edilən bütün qanunlara, qərarlara lazım gəldikdə düzəlişlər edilir. Odur ki, Dövlət Himnimizin sözlərinin müəllifliyi məsələsində 1992-ci ildə yol verilən səhvi düzəltmək üçün onu parlamentin müzakirəsinə çıxarıb mövcud qərarda redaktə xarakterli düzəliş aparmaq nəinki mümkün, hətta vacibdir. Cəmo bəy Hacınskinin müəlliflik hüququnun bərpası həm də dövlət atributumuzun saflığının, nöqsansızlığının təmininə xidmət etmiş olardı.
Yeri gəlmişkən bir məsələyə də aydınlıq gətirməyi lazım bilirəm: hazırki dövlət himnimizin söz mətni marş kimi yazılmış və “Milli nəğmələr” (Bakı 1919, s. 22) kitabında “Vətən marşı” başlığı altında dərc edilmişdir. Onun tam mətni orijinalda belədir:
VƏTƏN MARŞI
Azərbaycan, Azərbaycan
Ey qəhrəman övladın şanlı vətəni.(2)
Səndən ötrü can verməyə cümlə hazırız.
Səndən ötrü qan tökməyə cümlə qadiriz.
Üçrəngli bayrağınla məsud yaşa. (2)
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu,
Hüququn dərk edən əfrad
Hərə bir qəhrəman oldu.
Sən olasan gülüstan, sənə hər dəm can qurban.
Sənə bir çox məhəbbət sinəmdə tutmuş məkan.
Namusunu hifz etməyə, bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır. ‘ .
Şanlı vətən.
Cəmo bəy
Göründüyü kimi, şeirin səkkizinci misrasında hazırda himn kimi oxunan mətndən fərqli olaıaq, “Hüququndan keçən əsgər” yox, “Hüququn dərk edən əfrad”, yəni fərdlər, nəfərlər deyilir.
Doğrudan da, hüququndan, o cümlədən sahib olduğu hər hansı şeydən keçən, ondan əlini üzən kimsə həmin məfhum və ya şey üçün mübarizə etməz, onu əldə etməyə və ya saxlamağa çalışmaz… Bundan fərqli olaraq, hər kəs dəyərini dərk etdiyi və özününkü, ona məxsus olduğu anlayış, məfhum və ya şeyi əldə etmək üçün çalışıb-çabalayar, ölüm-dirim mübarizəsinə qalxar. Ona görə də mətnin orijinalında haqlı olaraq, hüququnu, haqqını dərk edən fərdlərin, nəfərlərin həmin azadlıq və istiqlaliyyət haqqı, hüququ uğrunda qəhrəmanlıq əzmi ilə mübarizəyə qalxdığı, qalxmağa qadir və qabil olduğu bildirilir.
Eyni zamanda… “hüququn dərk edən (hüququndan keçən yox!) əsgər” dedikdə mətn məzmunca “vətən marşı”ndan çıxıb, “əsgər marşı”na çevrilir. Nəticədə məzmun və ideya-fəlsəfi tutumca məhdudlaşır. Əslində himn mətni təkcə əsgərlərin deyil, bütövlükdə vətəndaşların, dövlətin iradəsini ifadə edir və etməlidir. Mətnin orijinalı da bütün bu məzmun və mənanı ifadə etməsi ilə milli, fəlsəfi və ümumbəşəri tutumludur.
Beləliklə, müasir leksika, yeni redaktə ilə həmin misra “Hüququn dərk edən kəslər”, yəni fərdlər, nəfərlər şəklində verilsə, daha məntiqli və orijinala uyğun olardı. Elə bilirəm mətndəki bu düzəliş, daha doğrusu, bərpa onun musiqi ahənginə, harmonik bütövlüyünə heç bir uyğunsuzluq, yad qamma gətirməz.
Nəticə olaraq dövlət himnimizin söz mətnini və müəllifliyini aşağıdakı kimi verməyi, həm faktiki, həm məntiqi, həm də müəllif hüququ baxımından doğru və ədalətli, eyni zamanda Üzeyir bəyin seçiminə ehtiram hesab edirəm…
VƏTƏN MARŞI
Musiqisi: Üzeyir bəy Hacıbəylinin
Sözləri: Cəmo bəy Hacınskinindir
Azərbaycan, Azərbaycan
Ey qəhrəman övladın şanlı vətəni. (2)
Səndən ötrü can verməyə cümlə hazırız.
Səndən ötrü qan tökməyə cümlə qadiriz.
Üçrəngli bayrağınla məsud yaşa. (2)
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu.
Hüququn dərk edən kəslər
Hərə bir qəhrəman oldu.
Sən olasan gülüstan, sənə hər dəm can qurban.
Sənə bir çox məhəbbət sinəmdə dutmuş məkan.
Namusunu hifz etməyə, bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır.
Şanlı vətən.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.