ZiM.Az xəbər verir ki,
bu fikirlər
2017-ci il Yanvarın 18-də
Azərbaycan Milli Elmlər Akademiyasının
Nəsimi adına Dilçilik İnstitutunda
“Saytların dil mənzərəsi” mövzusunda keçirdiyi növbəti keçirilən “dəyirmi masa”da səsləndirilib.
Tədbiri giriş sözü ilə institutun direktor müavini fil.ü.f.d., dosent Baba Məhərrəmli açıb. O, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlər haqqında məlumat verib.
B.Məhərrəmli bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək üçün institut əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib.
Tədbirdə çıxış edən institutun Monitorinq şöbəsinin müdiri fil.ü.f.d., dosent Sevinc Əliyeva
dilin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə mütəmadi - davamlı olaraq monitorinqlərin aparıldığını, mərhələli şəkildə regionlarda dil situasiyasının öyrənilməsi ilə bağlı işlər görüldüyünü bildirib.
S.Əliyeva qeyd edib ki, hazırda Bakı şəhərinin
Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələrinin dil xüsusiyyətləri və teleradio verilişlərinin dili üzərində müşahidələr aparılır.
Sonra institutun aparıcı elmi işçisi, dosent
Şahlar Məmmədov müşahidə olunan dil qüsurları ilə bağlı “Qaynar xətt”ə daxil olan müraciətlər barədə məlumat verib.
Qeyd edib ki, bu gün əksər saytlarda dil normaları pozulur, əlifbamızda olmayan hərflər yazı prosesində müşahidə edilir.
“Sevindirici haldır ki, ildən-ilə saytlarda dil qüsurları aradan qaldırılır.
İndi ciddi saytlarda orfoqrafik səhvlərə yol verilmir.
Üslub səhvləri isə üstünlük təşkil edir. Mürəkkəb cümlə tiplərində səhvlərə daha çox yol verilir.
Bir çox saytlarda “və” bağlayıcısı cümlənin əvvəlində işlədilir.
Əsasən mürəkkəb cümlələrdə qrammatik normalara əməl olunmur”, - deyə Ş.Məmmədov bildirib.
Vurğulanıb ki, əsas etibarilə AZƏRTAC və APA informasiya agentliklərində ədəbi dil qaydalarına riayət olunur.
Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi - filologiya elmləri üzrə fəlsəfə doktoru,
dosent Aynel Məşədiyeva, tanınmış dilçi alimlərdən - "Tətbiqi dilçiliki" şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov, "Müasir Azərbaycan dili"
şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və başqalıarı,
eləcə də sayt rəhbərləri, o cümlədən Axar.az-ın Baş redaktoru Anar Niftəliyev,
ZiM.Az-ın Baş redaktoru Müşfiq Borçalı və başqaları ölkə saytlarının dili ilə bağlı
aparılmış monitorinqin nəticələrini müzakirə ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı,
ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib.
Dil nöqsanlarının aradan qaldırılması istiqamətində müxtəlif məsələlərlə yanaşı, KİV-də və
elektron mediada dil normalarının pozulmasının qarşısının alınması, ədəbi dilin düzgün tətbiqi,
əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi bu vəzifələr sırasına daxildir.
Sonda alimlər KİV nümayəndələrinin suallarını cavablandırıblar.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.