(Bahar Hüseynəli qızı Məmmədova) yazıçı və şair, tənqidçi və alim kimi tanınmışdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Bahar Bərdəli bədii və elmi fəaliyyətlə professional şəkildə
məşğul olur.
Bahar Bərdəlinin (Bahar Məmmədova) bədii yaradıcılığı
Bahar Bərdəli oxuculara və ədəbiyyatşünas dairələrdə nəsr əsərləri və şeirləri ilə tanınır. B. Bərdəli ən iri nəsr janrı olan roman janrına müraciət etməsə belə, onun nəsr yaradıcılığında povest, novella və hekayə nümunələri maraq doğurur. Bahar Bərdəli öz povestlərində müxtəlif mövzulara toxunur (məhəbbət, Sovet dövrün yenidən anılması, müasir dövrün sosial problemləri, Azərbaycan xalqının vahidliyinin qorunması və sair). Bununla belə, onun novellaları sosial ziddiyyətləri əhatə edən mövzulara həsr edilməsı ilə diqqəti cəlb edir. Bahar Bərdəlinin qələmə aldığı şeirlər səmimi hissləri ilə oxucuların ürəyinə işıq salaraq ruhunu oxşamağa, onların qəlbinə yol tapmağa nail olmuşdur. Onun şeirlərində sevgi mövzusu xüsusi yer tutur. Ümumiyyətlə, Bahar Bərdəlinin şeirlərində insan ümidləri, duyğuları, həyacanları, iztirabları kimi fərdi, insani duyğular tərənnüm edilir. Bahar Bərdəli yaradıcılığını təhlil edərkən aydın olur ki, istifadə edilən şeir nümunələri bir daha təsdiq edir ki, şair bədii təsvir və ifadə vasitələrindən yerində və bacarıqla istifadə etməyə nail olmuşdur. Lakin bütün bunlara baxmayaraq, Bahar Bərdəlinin şeirlərində bədii emosionallığı artıran təkrirlərdən və onun anafora və epifora növlərindən istifadə edilməsinin kasadlığı diqqəti cəlb edir. Bahar Bərdəlinin bədii yaradıcılığında uşaq ədəbiyyatı mühüm yer tutur. O, uşaqların başa düşəcəyi dildə tarixi məqamları, şifahi xalq ədəbiyyatı növlərinə aid bədii əsərlərlə diqqəti çəkir.
Onun “Məğlubiyyət” povesti bədii məktublar şəklində yazılmışdır. Bu povest məktubat (epistolyar) janrında qələmə alınmışdır. Məktubat (epistolyar) janrının elementlərinə müraciət edərək Bahar Bərdəli qəhrəmanların daxili aləminini və fəlsəfi görüşlərini açıqlamağa nail olur. Müəllif Jalə və Tural arasında olan sevgini, iki insanın keçirdiyi hissləri məktublar vasitəsi ilə oxucuya çatdırır. Jaləyə ümid verib, sonda İsrailə köçüb gedən Tural tərəfindən aldanılan Azərbaycanlı qızının ağrı - acıları müəllif tərəfindən təsvir edilir.
“Bürkü” povestində Sovet dövründə ən aktual problemə çevrilmiş pambıqyığımını incəliklə təsvir edən müəllif bunu həm də bir bəla olmasını da açıqlamağa nail olur. Əsərdə yuxarı siniflərdə təhsil alan şagirdlərin təhsildən uzaqlaşdırılaraq zorən pampıq tarlalarına göndərilmələri qabardılır: “Axı yuxarı siniflərin dərsi bağlanır, sizin yox. Siz ki, pambıq yığan deyilsiniz.”
Povestdə sovet dövründə baş alıb getmiş pambıq “pripiska”sının həyata keçirilməsi və mənfi nəticələri də müəllifin əsas tənqid obyektinə çevrilmişdir. Pampıq zavodunun direktoru Həşimovun kolxoz sədri və briqadirlərə etdiyi təklifdə bu aydınlığı ilə əksini tapır: “...onlar pambığı satın almaqla doldururlar... Hər kolxoz avans olaraq bizdən pambıq alacaq, hesabını da biləcək. Planı yerinə yetirməsi haqqında raportu imzalayacaq. Sonra da yavaş-yavaş pambığını yığıb hesabını ödəyəcək.... Hər briqadir aldığı pambığı öz kolxozçuları arasında bərabər böləcək. Pulunu da bəri başdan nağdı alıb gətirəcək bizə bu olacaq bizim “bığ yağı”mız. Kolxozçu da o verdiyi pulu sonra dövlətdən alacaq.”
Povestdə pambıq yığımı prosesinin ağır fəsadları dünyaya uşaq gətirməyə hazırlaşan anaların simasında aydın şəkildə əksini tapmışdır. Doğum evində hamilə qadınları köməksiz buraxıb pampıq sahəsinə gedən həkim və tibb bacılarının əməlləri gülünc olsa da həqiqətdir, acı reallıqdır: “Burda cəmi neçə xəstə var? – Baş həkim səhər-səhər doğum otağına girən kimi xəstələri saydı bir, iki, üç... on beş? Axırıncı kim gəldi? Sən? – rəngi ağarıb, dodaqları çat-çat olmuş sarı-sulu gəlinə baxdı – İndidən uzanma, təzə gəlmisən ki. Sən belə elə: bu gəlinlər doğduqca adını , familini bu dəftərə yaz, oğlan, qız olduğunu da burdan qeyd elə. Oldu? – Çönüb xəstələrə baxdı – Darıxıb eləməyin, axşama burdayıq. Özü də qışqırıb bir-birinizi qorxutmayın. Bir-bir doğun. Doğanlara ürək-dirək verin. Bildiniz? Sağlıqla qalın. Biz getdik pambığa!” Hipokrat andı içmiş həkimin məsuliyyətsizliyinin ironik şəkildə təsvir edilməsi cəmiyyətdə baş alıb gedən biganəliyin rəmzi kimi əksini tapır. “Axşam məndən pambıq istəyəcəklər, uşaq yox!” deyən baş həkimin bu fikirlərində Sovet hakimiyyəti üçün insan həyatının mənasız olması qabardılır.
Bahar Bərdəlinin hekayələrində milli özəlliklər əsas götürülməsi ilə yanaşı, müasir mövzulara da üstünlük verilir.
Bu baxımdan, “Sevgi fəsli” hekayəsi müasir problemi əks etdirməsi ilə diqqəti cəlb edir: “ – Deyirlər yağın qiyməti gələn aydan beş yüz manat olacaq.
- Quru çayın qiyməti indidən beş yüz manat olub.
- Heç qəndi demirsiniz. Bilirsiniz neçəyədi?
- Can, müəllim, dolandır külfətini maaşla necə dolandırırsan?”
Azərbaycan xalqının vahidliyinin perspektivlərini B. Bərdəli “Güllü xalça” hekayəsində qaldırır. Hekayənin süjet xətti Təbriz xalçasının satılması ətrafında qurulmuşdur. Mir Cəlalın “Bir gəncin manifesti” romanında yoxsul, çörək puluna ehtiyacı olan Sona xanımın dili ilə deyilən “itə ataram, yada satmaram” deyiminin əksini Bahar Bərdəlinin qələmə aldığı “Güllü xalça” hekayəsində müşahidə edirik. Hekayədə nəsildən-nəsilə yadigar qalmış Təbriz xalısını Pəri xala Bakıda bankdan götürülmüş üç yüz dollar və ayda üç faiz vergi qarşısında xaricdən gəlmiş bankirə verir.
Obyektiv realist təsvir üsulu hakim olan Bahar Bərdəlinin “Bazar” (Sabiranə) novellasında konkret bir hadisə, bir neçə adamla əlaqədar baş verən əhvalatın yığcam təsvir edilməsi ilə diqqəti cəlb edir. Novellada obrazların daxili, mənəvi aləmləri aydın cizgilərlə verilmişdir. Kiçik görünən, dramatik gərginlik, intizar və gözlənilməz hadisə təsviri ilə səciyyələn əhvalatın ictimai-siyasi hadisə fövqündə təsvir edilməsi maraq doğurur. Yenidənqurma ərəfəsində müəllimlərin düşdükləri ağır vəziyyət, həyat həqiqətləri real şəkildə təsvir edilir. Yeni açdığı köşkdə “saqqız, “bakuş”...xırda-xırda alverdən-zaddan” edən Qənbər müəllim, “Vasmoy”un bazarında bir metrlik yer alıb “pomidor, soğan, kartof... nə gəldi alıb” satan Ənbər müəllim, fizika müəllimi Əliş müəllimin “Gənclik” metrosunda Qulu müəllimin Dubaydan gətirdiyi uşaq paltarları satması, dünya gözəli Səlimə müəllimənin “İştah” firmasında qabyuyan olması, təqaüdə çıxmış Gülgəz müəllimənin mikrorayon bazarında tum satması, Gözəl müəllimənin Dərnəgüldə dərzi işləməsi, coğrafiya müəllimi Ənbər müəllimin aeroportda gələn malları yerbəyer etməsi həyatın özündən gələn problemlər təbii təsvir edilmişdir. “Get tayını tap”, “Arayış” və s. novellalarda da həyatın özündən gələn problemlər əksini tapmışdır. “Get tayını tap” novellasında Səlim kişinin aspiranturada təhsil alan, elmi tədqiqatının əhəmiyyətsizliyini görüb beş il qızı ilə nişanlı olan kürəkəninə dediyi sözlər elmdəki nöqsanları qabardır: “Oğul, iyirmi il əlləşib-vuruşduğun, oxuyub bitirdiyin budursa, tay sənə sözüm yoxdu. Ancaq yadında da saxla ki, qızımı çobana-çoluğa verərəm, sənin kimi alimə yox! Get tayını tap!”
“Arayış” novellasında Gülbala müəllimin, həmçinin məktəbin digər müəllimlərinin sağlamlıq haqqında almalı olduqları arayış zamanı üzləşdiyi problemlər təsvir edilir. Təsvir edilən problemlərin kökünün cəmiyyətdən doğması qabardılmışdır. Gümüş müəllimlə rastlaşdığı zamanı problemlərin daha asan yolla həll olunması ironik dillə oxucuya çatdırılır: “Eləcə hörmətini eləyib hazır arayışını alardın. Ştamplı, möhürlü, qollu. Bircə ad-familiyanı yazacaqdın, vəssalam. Əziyyətin də qalacaqdı özünə, pulunun yarısı da.”
Bahar Bərdəli poeziyasında müxtəlif vəzn, qafiyə, rədif, bədii təsvir və ifadə vasitətlərindən istifadə edir. O, poetik yaradıcılığında daha çox heca vəzninə və bir qədər də sərbəst şeir vəzninə müraciət edir. Maraqlıdır ki, əruz vəzni B. Bərdəli yaradıcılığına yaddır. O, əsasən, heca vəznində şeirlər yazmışdır. Məsələn, onun «Qurduğun dünya», «Heykəl analar», «Durul, Arazım, durul», «Qocalıq», «Sən dünyada olmayanda», «Aşıq qardaş...» və s. şeirləri heca vəznindədir.
Bahar Bərdəlinin qələmə aldığı «Görərsən» şeirində heca bölgüsü yeddihecadan ibarətdir. Adətən, yeddihecalı şeirlərdə bölgü əsasən, 3-4, 4-3, 5-2 şəklində özünü göstərir. Müəllifin “Görərsən” şeirində bölgü 4-3 şəklindədir:
Hər oymağım uludur, - 7 heca
Keşməkeşnən doludur, - 7 heca
Babəklərin yoludur, - 7 heca
Mənim yolum, görərsən! - 7 heca
Peşimançılıq hissi ilə yanaşı sevgi duyğusunun azad bir şəkildə inkişaf edə bilməsinə bir çağırış olan «Bağışla...» şeirində də heca bölgüsü yeddihecadır:
O illərə dönəsən, - 7 heca
Qarşılaşaq yenidən. - 7 heca
Onda bu iki ömrün - 7 heca
Nəğməsini yazam mən. - 7 heca
İtirdiyi sevgisini axtarmağı əks etdirən «Əsiri olmuşam» şeirində heca bölgüsü onbirhecalı şeir bölgüsüdür:
Min məna gəzərdim o şirin adda, - 11 heca
Sevgindən almışdım qoşa qanad da, - 11 heca
Xəyala dönmüsən indi həyatda, - 11 heca
Yenə əsiriyəm bir qoşa izin... - 11 heca
Bahar Bərdəlinin «Vaxt itirmişəm...» şeirində də heca bölgüsü onbirhecalı şeir bölgüsüdür:
Gözlədim bir ömrü, gözlədim belə, - 11 heca
Hər şey ötəridi, mən bilə-bilə, - 11 heca
Xəzinə ömrümü bivəfa gülə - 11 heca
Demə qurban verib, vaxt itirmişəm. - 11 heca
B. Bərdəlinin insanın daxili təlatümünü əks etdirən «Sənə doğru» şeirinin vəzni isə sərbəstdir. Öz qədərinə üsyan edən insanın iztirablarını, keçirdiyi sarsıntıları poetik dillə təsvir edən bu şeirdə misraların ölçüsü, hecaların sayı və düzülüşü baxımından sərbəstlik özünü göstərir:
Görüş üçün tələsmirsən,
Artıb bəhanələr...
Artıb soyuq baxış,
quru söz...
Soyuq münasibətlərin nəticəsi olaraq, irəli addım atmağın, geriyə çəkilməyin eyni olması qabardılan bu şeirdə şeirin ölçü, bölgü, qafiyə sistemindən sərbəst şəkildə istifadə edilir:
Bu addımı atmaq-
müdhiş mənzərə...
Geriyə qayıtmaq –
müşkül məsələ.
Burada sadəcə olaraq, qafiyə, ölçü, bölgü, misraların həcmi, hecaların misralardakı sayı, ahəngin formal səciyyə daşıması nəzərdən qaçmır. Sərbəst şeirin, yəni səpkili şeirin bu səciyyəvi xüsusiyyətləri Bahar Bərdəlinin bu şeirində olduğu kimi digər şeirlərində də rast gəlmək mümkündür. Məsələn, onun məhəbbəti tərənnüm edən «İnad» şeiri də sərbəst şeir nümunəsidir:
Mən bir başqa gözlərdə
axtararkən məhəbbət,
Sən mənim gözlərimdə,
aramısan səadət.
Bildiyimiz kimi, sərbəst şeirdə misraların, hecaların sayı, qafiyə sistemi məhz konkret bir ideyaya, bir məzmuna tabe tutulmalıdır. Məsələn, «İnad» şeirində Bahar Bərdəlinin inadından dönməyin aşiqin inadkar obrazını canlandırmağa nail olur:
Düşüb eşqin inadına
sən hələ də sevirsən,
Yoxsa mənə tərs eşqin
inadını öyrədirsən?!
Sona qədər öz məhəbbətinə sadiq qalmış qadın obrazını göz önündə canlandıran «Çəkmədi...» şeiri də səpkili şeirə aiddir. Bahar Bərdəlinin həyatda sevgi imtahanından kəsilmiş və o cümlədən sevgisini «yad qızı»na əmanət edən qadın idealını yarada bilmişdir:
Boylana-boylana
Aldın əlimdən qismətimi,
yad qızı!
Verdim sakitcə sənə
öz məhəbbətimi
Düşməsin mənim tək
möhnətə- deyə.
Bahar Bərdəlinin qələmə aldığı poetik nümunələrin qafiyələrinə diqqət yetirdikdə maraqlı məqam diqqəti cəlb edir. Belə ki, onun şeirlərinin tələffüz baxımından bir-birinə yaxın və yaxud oxşar səslənməsi müxtəlifdir. Bu qafiyələr əsasən, zəngin qafiyə və ya da yoxsul qafiyə (natamam qafiyə) təşkil etməsi ilə diqqəti cəlb edir. Məsələn, sevgilisinin artıq onun həyatında yeri olmadığını əks etdirən «Xəbərin yoxmu» şeirində zəngin qafiyədən istifadə edilmişdir:
Sevda yolçusuyam, yoldaş deyilsən,
Sirli kainatam sirdaş deyilsən...
Bir yurd salmışam ki... yurddaş deyilsən.
Gözləməm bir daha, xəbərin yoxmu?
Sevgilisini maddi vəziyyətə görə atıb, illər sonra onun arxasınca gələnlərin peşimançılıq hisslərinin poetik dillə əksini tapmış «Qayıtmısan...» şeiri də özünün zəngin qafiyəsi ilə diqqəti cəlb edir:
İndi qayıtmısan... gecdi, sızlama,
Hicran böyütmüşdün, vüsal gözləmə,
Ocağı söndürüb, külü izləmə,
İlğımdı ümidin... göylərə çatıb...
Həyatın bir yerdə dayanmadığı, daim inkişafda olmasını vurğulayan «Unutma» şeiri isə qafiyə baxımından yoxsul qafiyə və ya natamam qafiyədən istifadə olunması ilə diqqəti çəkir:
...Donmusan yerində, yoxsa tələsdim?
İndi fəslin qışı, ömür bahardır!
Yetər bu ayrılıq əzizm, bəsdi,
Unutma ömrün də boz qışı vardır!...
Bahar Bərdəlinin şeirlərində ahəngi qüvvətləndirən, təsir gücünü artıran və təkrar olunan sözlərin, yəni rədiflərin işlənmə məqamları da diqqətdən yayınmır. Məlumdur ki, rədif qafiyə təşkil edən sözlərdən sonra işlənir, misranın sonunda gəlir. Məsələn, qadın-kişi münasibətlərinin ülvi məqamı olan sevgi duyğusunun bir faktor kimi qabardılaraq tərənnüm etdirən «Sevginlə» şeirində rədifin işlənmə məqamına diqqət yetirək:
Səni unutmaqçün nələr etdim mən,
O sənli dünyamı oda tutdum mən,
Elə bildim ki, ta unutdum mən,
Sən demə kül altda qorunan közmüş...
Şair «Şeirim» bədii nümunəsində şeirlə bağlı düşüncələrini poetik duyğularla ifadə edir. Bu şeirdə müəllif tərəfindən rədifdən istifadə edilmə məqamı maraq doğurur:
Sızıb damla-damla o çay yaradıb,
Axıban ümmana o tay yaradıb,
Hərdən ləngərlənib lay-lay yaradıb,
Hərdən də kükrəyib, sel olub şerim!
Bədii dilin çox mühüm tərkib hissəsi olan bədii təsvir vasitələrindən yəni məcazlardan istifadə edilmə məqamı Bahar Bərdəlinin yaradıcılığında maraq doğurur. Belə ki, onun şeirlərində sözlərin həqiqi və məcazi mənalarından istifadə edilmə ustalıqla yerinə yetirilir. Məsələn, «Əriyir» şeirində əriyir sözünə nəzər salaq:
Baharın nəfəsi duyulur hər dəm,
Əriyir şaxta-qar duman içində,
Ağrıyır ürəyim, təngiyir hərdən,
Əriyir günlərim güman içində...
Əgər «əriyir şaxta-qar» deyilirsə, əriyir sözü birinci, yəni əsl mənasındadır. Qarın əriməsini biz həqiqətdə görür və ya təsəvvür edə bilirik. «Əriyir günlərim» ifadəsi məcazi mənada işlənilir. Burada günlərin əriməsi mücərrəddir və məcazi mənada işlədilmişdir.
Bahar Bərdəlinin yaradıcılığında məcazlardan istifadə edilmə özünün zənginliyi ilə seçilir. Onun sevginin insan yaşamındakı əhəmiyyətini qabardan «Bu sevgimin» şeirində «dağ əridi» ifadəsi də məcazi mənada işlədilmişdir:
Sevgi-günəş!-Dedin sən,
Göz açmadım çənindən,
Dağ əridi qəmimdən
Bu sevgimin, sevgimin!
B. Bərdəli «Olaram mən» şeirində «kədəri yuyaram mən» ifadəsi məcazi mənada işlədilir. Kədəri paltar, qab-qacaq kimi yumaq qeyri-mümkündür. Burada kədəri yuyaram məcazi mənada işlədilir:
Sənin xoş diləyindən,
Kədəri yuyaram mən,
Çiçəklənən ürəyindən,
Baharın olaram mən!
Təbii ki, sözlərin məcazi mənalarda istifadə edilməsi qələm sahibinə öz fikirlərini daha təsirli, daha qüvvətli ifadə etməsinə imkan yaratmaqla, əsərin bədii təsir gücünü artırmağa səbəb olur.
Sevgilisindən küsən insanın iztirablarını əks etdirən «Gəlmə…» şeirində B. Bərdəlinin təşbeh və ya bənzətmədən istifadə etmə məqamına diqqət yetirək. Sevgilisindən küsməsinə baxmayaraq, güzəştə getməyəcəyi qabardılan bu şeirdə qəlbi qırılmış insanın dünyagörüşünün konsepsiyası şair tərəfindən belə dilə gətirilir:
Daha yollarına çıxan deyiləm,
Bitib bənövşə tək baxan deyiləm,
Susub bulaq könlüm - axan deyiləm,
Qarışıb güllərə bir daha gəlmə!...
Doğmalıqdan, dostluqdan, sevgidən başlanan münasibətin yadlaşmaya, düşmənçiliyə, nifrətə çevrilməsi prosesi və onun səbəbləri canlı tablo kimi göz önündə canlandıran bu şeirdə müəyyən əlamətinə görə bənövşəyə oxşadılma ilə müəllif təşbehdən istifadə edir. Bahar Bərdəli «Bitib bənövşə tək baxan deyiləm» misrasında təşbeh yaradır, burada özünü bənövşə ilə müqayisə etmə, daha doğrusu bir əşyanın başqa bir əşya ilə qarşılaşdırılması durur. Məhz bu misrada bənzədilən bənövşədir, bənzəyən sevgisi üçün iztirab çəkən şəxsdir, bu ikisi arasında müştərək sifət isə hər ikisini boynubükük olmasıdır. Ümumiyyətlə, Bahar Bərdəlinin bu bənzətmədən istifadə etməsi fikrin bədii cəhətdən gücləndirməsi kimi dəyərləndirilməlidir.
Bahar Bərdəlinin «Sənsiz dağlarda» şeirində də «bənövşə tək yolda bitdim» ifadəsi isə artıq sevgilisini gözləyən əzabkeşin yollarda qalmasına bir işarədir:
Zirvədəki qara bənddim,
Dumanında azdım, itdim,
Bənövşə tək yolda bitdim,
Səni arzuladım səni...
«Payızım» şeirində müqayisə və bənzətmə yolu ilə yaradılmış metaforadan yəni istiarədən istifadə edilərkən qarşılaşdırılan tərəfin birinin iştirak etməməsi, onun bir əlamətinin başqasının üzərinə köçürülməsi özünü göstərir. Şeirdə «eşqin payızı» deyən müəllif onu sevginin qürub etməsi ilə əlaqələndirir. Bəllidir ki, eşqin fəsilləri olmur, yalnız onun keçdiyi yolu bahar, payız, qış fəsilləri ilə əlaqələndirirlər:
Gəlmisən yenə gəlmisən
payızım...
Səndən əvvəl gəlib
eşqin payızı...
Bahar Bərdəlinin yaradıcılığında bədii təsvir vasitələri ilə bərabər tərənnüm olunan hadisənin oxucuya daha qabarıq çatdırılması üçün istifadə edilməsinə xidmət edən poetik sintaksis və ya da sintaktik fiqurlar öz rəngarəngliyi ilə seçilir.
Onun şeirlərində bədii sualdan, yəni ritorik sualdan istifadə diqqətdən yayınmır. «Acgöz» şeirində cavabsız qalan suallara diqqət yetirək:
Beş əlli yapışıb dünyadan baxma,
Qurdla qiyamətə qalırsan yoxsa?
Quyruğun üstünə ilantək qalxma,
Kimi nişanladın, çalırsan yoxsa?
Burada bədii sualdan istifadə olunmuşdur və şeir boyu sualların cavabı yoxdur. Şair burada qüvvətli sual intonasiyası vasitəsi ilə fikrini daha təsirli ifadə edir.
Bahar Bərdəlinin «Nə deyim» şeirinin adı da bədii sual kimi səslənir. Belə ki, sevgilərin birləşə bilməyəcəkləri məqamını oxucuya lirik dillə çatdırmağa nail olan bu şeirdə payızın toy-büsat fəsli olması bir daha vurğulanır, sevgilisi ilə toy həsrətində olan insanın sualı şeirdə cavabsız qalır:
Payız gəlir biləsən...
Baxma yağış, selə sən,
Hamı toyu gözləyir,
Bəs nə deyim elə mən?..
Toy həsrətində olan sevgilinin elə nə cavab verəcəyi artıq oxucunun ixtiyarına buraxılır. Bu suala artıq oxucu şeiri duyduğu kimi də cavablandırır.
B. Bərdəlinin şeirlərində bədii təzad və ya antitezadan fikrin şeirdə məzmunca bir-birinə zidd olan və ya təsvir edilən vəziyyətin qarşılıqlı şəkildə tərənnüm edilməsi ilə diqqəti cəlb edir. «Yaşamalı dünyadır» şeirində bədii təzaddan maraqla istifadə edilmişdir:
Bəzən olur dünya dar,
Qışa dönür yaz-bahar,
Eh dumansız dağmı var!
Yaşamalı dünyadır!..
Bu bənddə bəzən dünyanın dar olması, sonra isə qışdan bahara dönməsi təzadlıq yaradır.
«Tələsdi ömür» şeirində ürəklə ağıl arasında qalan insanın seçim etməsi məqamı bənzərsizliklə dilə gətirilir:
Ürək səslədi səni,
Ağıl dedi, ta bəsdir.
Bu vüsala güman yox,
Xəyalların əbəsdir.
«Qanan kimi...» şeirində mübaliğənin yəni hiperbolanın istifadə edilməsi ilə şeirdə nəzərə çatdırılacaq hiss-həyacanın əslində olduğundan da qabarıq verilməsinin şahidi oluruq:
Eşqimdən od alıb alışdı göylər,
Dedim: «dostuma» da çatar bu xəbər,
Vallah, qara daş da, inan göyərər,
Naşı söz anlayıb qanana kimi!...
«Eşqimdən od alıb alışdı göylər» misrasında lirik qəhrəmanın eşqindən göylərin alışıb yanması mübaliğədir. Bahar Bərdəli fikrini daha əhatəli və canlı çatdırmaq üçün bu üsula müraciət etmişdir.
Onun qələmə aldığı «Qəlbimdə də payızdı» şeirində şirin və acı, qısa və uzun olmasından asılı olmayan qısa insan ömrün yersiz sınaqlara çəkilməsinə etiraz əksini tapmışdır. İnsanın sevgisiz qala biləcəyi qorxusu belə ifadə edilir:
Sis-duman həsrət tək qəlbimə axır...
Soyuq imtahanı mənə qıyma gəl!
Payızın sonunda qış durub axı,
Məni o boranda tənha qoyma gəl...
Bu şeirdə «sis-duman həsrət tək qəlbimə axır...» misrasındakı sis-duman qəlbə axa bilməz, bu mübaliğədir, həyat həqiqətindən, reallığından uzaqdır.
Bahar Bərdəlinin şeirlərində ifadənin bədii təsirini artırmaq məqsədi ilə sözlərin qrammatik ardıcılığının pozulması ilə diqqəti çəkir. Onun bu baxımdan inversiya yaratması prosesinə nəzər salaq. Onun «Bahardı...» şeirində sözlərin qrammatik ardıcıllığının pozulduğunu müşahidə edirik:
Gətirib qəlbini sənə əmanət,
Gətirib ömrünə bir şirin ülfət,
Gətirib günəştək odlu məhəbbət,
Bir bülbül haraylı dindarın gəlib...
«Bahardı...» şeirinin bu bəndində gətirib sözünün əvvəldə işlənmə məqamının bədii-emosional cəhətdən qüvvətləndirməyə xidmət etdiyini müşahidə edirik. Qrammatik normaya görə «qəlbimi sənə əmanət gətirib, ömrünə bir şirin ülfət gətirib, günəştək odlu məhəbbət gətirib» ardıcıllıqla sıralanmalı idi. Şairin poetik ifadəsi normalara sığmadığından o, normalardan kənar çıxmağa məcbur qalır. Təbii ki, bu kənara çıxmağa şeirə əlvanlıq gətirir, şeirin bədii təsirini qüvvətləndirir.
Bahar Bərdəlinin yaradıcılığında zarafatyana yazdığı şeirlər öz işlənmə məqamına görə diqqəti cəlb edir. Bu şeirlərdə həyatda hər şeyi öz məqamında görməyə çağırış var. B. Bərdəlinin «Gecdi» (zarafatyana) şeirində isə sevgi duyğusuna yanaşmada bir anlaşılmazlığın son nəticəsi ilə yanaşı başqalarının sənin işinə qarışmağının bir növ acı sonluğu oxucuya çatdırılır. Əvvəl sevməyin tez olması vurğulanır:
Ömrün yaz çağı sevmək istədim,
Dedilər: tələsmə, uşaqsan hələ.
Arzuma yol açdım, dilək istədim,
Dedilər: nə olub, tələsmə belə?
Daha sonra isə sevgiyə gecikmənin vurğulanması qabardılır. Təbii ki, müəllif sevməyə başlamaq istəyən hər bir insanı «tələsmə, onsuz da gecdi» fikrindən uzaq durmağa çağırış edir:
Axır ki, yığıldı yüküm təpəyə,
İş yeri, vəzifə... həyata keçdi.
İstədim başlayım indi sevməyə,
Dedilər: tələsmə, onsuz da gecdi.
B. Bərdəli «Məni» (zarafatyana ) şeirində ülvi duyğu olan sevginin danmağa çalışanlara ibrət dərsi verməyə cəhd edir. Şairin həyat və həqiqət arasında bir körpü rolunu icra edən bu şeirində məktub yaza-yaza uzaqlaşan sevgililərin acı aqibətini oxucunun gözündə canlandırmağa nail olur:
Uzaqdan «sevirəm» çox söylədin çox,
Məktub yaza-yaza ovutdun məni.
«Sevirəm» sözünün nəhayəti yox,
Elə yaza-yaza unutdun məni....
***
Bahar Bərdəli körpə fidanları yaddan çıxarmamış, onlara da silsilə hekayələr həsr etmişdir. Müəllifin “Bülbülə”, “Əsgər papağı”, “Bahar necə gəldi”, “Hər kəsin öz yuvası”, “Ağ kəpənək”, “Bacılar”, “Qardaşlar”, “Tapmaca oyunları” silsiləsi “Hansı meyvədir”, “Hansı güldür”, “Dörd əməl”) və s. hekayələri uşaqlara həsr edilmiş örnəklərdir. “Tapmaca oyunları” silsiləsindən olan hekayələrdə epik növün yığcam janrlarından biri olan tapmacaya (bilməcə) müraciət maraq doğurur. “Tapmaca oyunları” silsiləsindən olan hekayələrdə qələmə alınmış tapmacalar müəyyən bir əşya və ya hadisə haqqında üstüörtülü məlumat verir, bununla yanaşı oxucudan həmin üstüörtülü məlumatı tapmasını tələb edir. B. Bərdəli “Tapmaca oyunları” silsiləsindən olan hekayələrdəki tapmacalarla uşaqların zehni qabiliyyətinin güclənməsinə təkan verir:
Bülbül gül üstə qonub,
Özü gül olub “donub.”
Hansı güldür, ləçəyi
Bülbülə qanad olub?
Burada maraqlı məqam odur ki, müəllif tapmacanın cavabını da uşaqlara bədii dillə çatdırmağa nail olur. Bununla yanaşı, müəllif xarıbülbül gülünün Şuşadan başqa bir yerdə bitməməsi amilini də uşaqların nəzərinə çatdırmağa nail olur: “Uşaqlar çox fikirləşdilər, lakin ləçəyi bülbülə qanad olan gülü tapa bilmədilər. Axırda tapmacanı Süsən özü açdı:
- Uşaqlar, bu gül xarıbülbül gülüdür. Ən çox Şuşada bitir. Biz həmişə Şuşaya gəzməyə gedəndə mən bu güldən xeyli dərirəm. Bir dəfə mən onu kökündən çıxardıb, öz bağçamıza gətirib əkmək istədim. Atam razı olmadı. Dedi ki, bu gül Şuşa yaylağından başqa heç yerdə bitmir.”
Bahar Bərdəli uşaqlar üçün qələmə aldığı hekayələrdə tapmacalarla yanaşı xalq mahnısına, bayatıya, rəvayətə və s. müraciət edir. Məsələn, “Bülbülə” hekayəsində “Sarı bülbül” Azərbaycanın məşhur xalq mahnısını bədii mətnə daxil etmişdir:
Vətən bağı al-əlvandır,
Yox üstündə xarı bülbül,
Ömür sürməli dövrandır,
Səsin gəlsin barı, bülbül.
“Əsgər papağı” hekayəsində sabit janr-forma xüsusiyyətinə malik olan bayatıdan istifadə etməsi diqqətdən yayınmır. Məlumdur ki, qafiyə şəkli aaba olan bayatılar 4 misradan və hər misrası isə 7 hecadan ibarətdir.
Əziziyəm, el barı,
Şirin olur el barı.
Düşmən atı yəhərli,
Qurtaraydı el barı.
Bu bayatının ilk iki misrası üçüncü və dördüncü misralarda ifadə olunan əsas fikirlərin yaranmasına zəmin yaradır. Bayatıların “Əziziyəm”, “Aşiqəm”, “Eləmi”, “Mən aşiq”, “Əzizim” ifadələri ilə başlayır ki, hekayədə təqdim edilən bayatı “Əziziyəm” ifadəsi ilə başlayır.
Bahar Bərdəlinin (Bahar Məmmədova) bədii tənqidi
Bahar Bərdəli (Bahar Məmmədova) həm də bir tədqiqatçı kini müxtəlif şair və yazıçıların bədii yaradıcılıqlarını tənqid obyektinə çevirmiş, bu istiqamətdə müxtəlif əsərlər yaratmışdır. B. Bərdəlinin bir sıra tənqidi əsərlərinə diqqət yetirək.
B. Bərdəli “Nurəngiz Günün poetik ağrısı” məqaləsində Nurəngiz Gün poeziyasını daima yaşarı bir poeziya kimi dəyərləndirmişdir. O, Nurəngiz Günün yaradıcılığını “hay-küydən, pafosdan uzaq, həyat hadisələrini reallıqla əks etdirən bu poeziya həm də səmimi hisslərin tüğyanıdır, fırtınasıdır! Xəyal qırıqlığına uğramış bir könlün mənəvi ağrısıdır, əzablarıdır” deyə qiymətləndirir:
Nuru yorğun gözlərimin
Ürəyimin, beynimin
Hesabına yaşayıram,
Əl çək məndən qarı dünya,
Yükümü tək daşıyıram
Minnətini çək üstümdən,
Cəncəl dünya, cəncəl dünya!
Bahar Bərdəlinin “Mustafa Çəmənli yaradıcılığının janr xüsusiyyətləri” məqaləsində isə XX əsrin 70-ci illər ədəbi nəslinə mənsub Mustafa Çəmənli yaradıcılığı təhlil obyektinə çevrilir. Müəllifin yazarın yaradıcılığını janr baxımından bölgüsü mübahisə doğurur: “M.Çəmənlinin yaradıcılığını janr baxımından iki yerə bölmək olar: Birinci, nəsri – hekayə, povest-romanları. İkinci, bədii publisistikası. Yazıçı hər iki janrda istənilən səviyyədə lazımı mövzuları seçməklə, onu real, həyati boyalarla təsvir və tərənnüm etməklə diqqətəlayiq əsərlər yarada bilmişdir.” B. Bərdəli Mustafa Çəmənli yaradıcılığını dövr baxımından iki yerə ayırması yazarın yaradıcılığına verilən real qiymətdir: “M.Çəmənlinin yaradıcılığını dövr baxımından da iki yerə bölmək olar: Birinci, Sovet dövrü, 70-80-cı illər yaradıcılığı. İkinci, Müstəqillik dövrü yaradıcılığı.”
Bahar Bərdəli “Ovqat şairi” məqaləsində gənc şair Xəyal Rzanın təbiət və ovqat, həm də məhəbbət şairi kimi dəyərləndirməsi diqqəti cəlb edir. Müəllif ictimai-siyasi hadisələrə poetik münasibətini bildirən Xəyal Rzanı “ictimai-siyasi lirik” şair kimi təqdim edir:
Yollar tərsinə...
Ümidlər, arzular tərsinə...
Dərd qalaq-qalaq,
Batman-batman....
Yığılıb bir-birinin üstünə...
Aşıb keçməyə oğul istəyir!
B. Bərdəli ayrı-ayrı sənətkarların yaradıcılıqlarının fərdi poetik keyfiyyətlərini araşdıraraq, əsərlərdə insan, cəmiyyət və onun problemlərini tədqiq edir.
Bahar Bərdəlinin (Bahar Məmmədova) elmi fəaliyyəti
Bahar Bərdəli elmi yaradıcılığı Cənubi və Şimali Azərbaycanın bədii mühitlərinin qarışmasını özündə əks etdirən mövzuları ilə diqqəti cəlb edir. O, 2010-cu ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Balaş Azəroğlunun yaradıcılıq yolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ədəbi-bədii ictimaiyyətə məlumdur ki, Bakıda anadan olmuş, lakin İranda böyümuş və təhsil almış Balaş Azəroğlu Cənubi Azərbaycan ədəbiyyatında mühüm yer tutmuş, ötən əsrin 60-cı illərindən başlayaraq Şimali Azərbaycanda elmi və bədii fəaliyyətini davam etdirmiş ədiblərimizdəndir.
Bununla yanaşı, “Cənubi Azərbaycan mühacir poeziyası (1947-1990)” adlı monoqrafiyasında Bahar Bərdəli 1947-ci ildə Şimali Azərbaycanda mühacirət etmiş Cənublu şairlərdən bir qrupunun həyat və yaradıcılığını tədqiq etmişdir. O, mühacir şairlərin təxminən 43 illik dövr ərzindəki yaradıcılıqlarını mövzular üzrə qruplaşdıraraq ictimaiyyətə təqdim etmişdir.
Bahar Bərdəli “Müstəqillik dövrü Azərbaycan poeziyası” monoqrafiyasında Müstəqillik illərində Qabil poeziyasında milli azadlıq mübarizəsi və Qarabağ problemini, Cənublu şairlərin poeziyasını tədqiq obyektinə çevrilmişdir. Monoqrafiyada Xalq şairlərindən Qabil, Balaş Azəroğlu, Söhrab Tahir, Həkimə Billuri və Əli Tudə poeziyası müstəqqillik dövrü prizmasından tədqiq edilməsinə cəhd diqqətdən yayınmır. Müstəqillik illərində həyat həqiqətlərini əks etdirən poetik sənət nümunələrində onların yaradıcılıqları iztirab poeziyası kimi təqdim edilir.
Sonda qeyd etmək istərdim ki, Bahar Bərdəlinin (Bahar Məmmədov) həm elmi yaradıcılığı -monoqrafiya və elmi məqalələri, həmçinin bədii yaradıcılığı – nəzm və nəsr nümunələri (şeir, povest, hekayə, novella) öz rəngarəngliyi ilə uzun müddət ictimaiyyətin maraq dairəsində olacaqdır.
Salidə Şərifova
filologiya üzrə elmlər doktoru
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.