Bir vaxtlar onu "ədəbi tənqidimizin Belinskisi" adlandırırdılar, bilmirəm bu müqayisə nə dərəcədə doğru və yerində idi; ancaq onun şəxsiyyətinə, yaradıcılığına yaxından bələd olan (tələbə dostum Fazil Mustafayevin əmisi oğlu və mənim sevimli müəllimim idi!) bir tədqiqatçı kimi, deyə bilərəm ki, burada böyük bir həqiqət vardı. Bu həqiqət isə ondan ibarətdir ki, sosrealizmin hələ tüğyan etdiyi, quru, şablon stereotiplərin formalaşdığı, cümlələrin, fikirlərin oxucunu yola verdiyi bir zamanda onun tənqidi məqalələri intellektuallığı, obrazlılığı, emosionallığı, canlılığı, obyektivliyi, prinsipiallığı və dəyərləndirmə orijinallığı ilə seçilirdi. O, heç vaxt yazılarında oxucunu faktlarla yormur, quru mühakimələrlə darıxmağa qoymur, cansıxıcı mülahizələrlə yükləmirdi. Əksinə, ədəbi prosesin vacib problemlərinə özünəməxsus yöndən, prizmadan baxır, ən mürəkkəb məsələləri belə fikir dərinliyi ilə emosionallığın vəhdəti şəklində ifadə etməyə çalışırdı. "Ədəbiyyat və incəsənət" qəzetinin tənqid şöbəsinin müdiri olarkən ədəbi mətbuatda tənqidi məqalələri davamlı dərc olunurdu. Bu məqalələr heç zaman obyektdən (və ya predmetdən!) asılı vəziyyətdə qalmır, bəlkə, əksinə, ayrıca bir mətn kimi obyektin üstündə olurdu (fikrimcə, indiki ədəbi tənqidin ən böyük çatışmayan cəhətlərindən biri elə müstəqil mətn ola bilməməsidir). O isə özünün obyektdən asılı olmayan ayrıca bir tənqidi mətnini yaradırdı.
Söhbət Azərbaycan tənqid və ədəbiyyatşünaslığının 60-80-ci illərinin görkəmli nümayəndəsi
İsrail Mustafayevdən gedir. Bu il fevralın 4-də anadan olmasının səksən ili tamam olur.
O isə cəmi əlli il yaşadı, əlli birinci ildən dördcə gün möhlət ala bildi. Ancaq yazdıqları ilə
ədəbi tənqidimizdə dərin bir iz qoydu. Yazdıqları zamanın sınağından üzüağ çıxdı, ona görə ki,
bu yazıların içində ürəksiz yazılan, konyunkturaya xidmət edən fikirlər, düşüncələr, əsərlər yox idi.
Düşünürəm ki, İsrail Mustafayevin çoxşaxəli və zəngin yaradıcılığı həmişə onu ədəbi mühitin diqqət mərkəzində saxlayacaq. O, özünəməxsus yazı üslubu, təhkiyəsi olan bir tənqidçi, zamanının ictimai münasibətlərini milli düşüncəli məqalələrində inikas etdirən bir publisist, ədəbi, bədii, elmi faktlarla nəzəri konsepsiyaları bir-birilə uğurla uzlaşdırmağı bacaran ədəbiyyatşünas alim, bütün varlığı ilə mövcud biliklərini gənc nəslə aşılayan pedaqoq-müəllim, savadı, davranışı, fikir və düşüncə sərbəstliyi (bu sərbəstliyin içində dərs dediyi tələbələri azadlıq və müstəqillik ideyalarına belə aparıb çıxara biləcək detallar da az deyildi!) və nəhayət, son dərəcə zövqlü, səliqəli geyimi və yaraşığı, mənəvi-əxlaqi keyfiyyətləri, insani münasibətləri ilə seçilən aristokrat bir ziyalı idi... Görünür, aldığı ailə tərbiyəsinin və tələbəlik illərimizin kumiri böyük yazıçı İsmayıl Şıxlı ilə yaxın dost olmasının da şəxsiyyətinin formalaşmasında rolu az olmamışdı.
Adətən ədəbiyyatşünaslıq tədqiqatları, araşdırmalar zaman keçdikcə özünün əvvəlki mahiyyətini dəyişir, yaxud onun yerini yeni araşdırmalar, nəzəri-elmi mülahizələr tutur. Lakin elə ədəbi tənqidi əsərlər də olur ki, elmi, ədəbi cameənin marağını həmişə özündə saxlayır. İsrail Mustafayevin 60-cı illərin sonlarından dərc etdirməyə başladığı məqalə və tədqiqatları, publisistik yazılarının mayasında istedadla yanaşı səmimiyyət, fikrin aydın ifadəsi, tənqidçidən tələb olunan maksimum obyektivlik dayanırdı. Hərçənd sonuncu amili Azərbaycan arealında qoruyub saxlamaq hər tənqidçiyə nəsib olmur. Dövrün şablon, ideoloji təmayüllərindən kənar olan bu araşdırmalar oxucunu düşündürməklə yanaşı, onda həm də yeni bir ədəbi, estetik zövq formalaşdırırdı. Elə buradaca qeyd edim ki, İsrail Mustafayev yüksək estetik zövqü olan, əsərə bədiilik meyarından yanaşan çox az-az tənqidçilərdən biri idi. Bu günlərdə tənqidçinin əsərlərinə yenidən nəzər yetirdim və aradan keçən zamanın, ideoloji dəyişimin bədii irsinə təsirindən əsər-əlamət görmədim. Sanki bu gün yazılıb; təzə-tər fikirlər, orijinal yanaşmalar, obyektiv dəyərləndirmə, bədii-estetik zövq-hər şey yerindədir. Onlarla məqaləsi, şair Osman Sarıvəlli haqqında monoqrafiyası elmi əhəmiyyətini, bədii-estetik məzmununu olduğu kimi qoruyub saxlayır. "Yaşayacaq dastan kimi..." məqaləsi şair Osman Sarıvəllinin şəxsi arxivinin unudulmuş qovluqlarının sirrini açmağa yönəlir; tənqidçi hansı düyğununsa inadla qoruyub saxladığı məktubları, naməlum əlyazmaları, yarımçıq şeir parçalarını araşdırır və şahidi olmadığımız illərin ümumi yaradıcılıq ab-havasını, bugünkü çoxşaxəli ədəbi təsərrüfatımızın təşəkkülü və sonrakı inkişaf prosesləri, ayrı-ayrı sənətkarların fərdi üslubu, yazıçı dəst-xəttinin formalaşmasında bu sənədlərin araşdırılmasını vacib amillərdən hesab edir. Məlum olur ki, şairin bu qovluqlarında 20-30-cu illər ədəbiyyatının C.Cabbarlı, Ü.Hacıbəyov, S.Vurğun, M.Hüseyn, M.Cəlal, S.Rəhimov kimi nümayəndələrinin yaradıcılıq portretlərinin yeni cizgilərini açan çoxlu faktlar vardır və tənqidçi bu faktları ədəbi, elmi dövriyyəyə daxil etməklə kifayətlənmir, həm də ona yeni münasibət bildirirdi.
İsrail Mustafayevin əsas tədqiqat obyekti ədəbi proses olsa da, tez-tez Azərbaycan poetik fikrinin tarixinə də müraciət edir, ayrı-ayrı ədəbi fakt və hadisələrə aid fundamental araşdırmalar aparır. Azərbaycan ədəbiyyatşünaslığında çox az tədqiq olunan Osman Sarıvəlli yaradıcılığı ilə bağlı elmi axtarışları tezliklə bu mövzuda namizədlik dissertasiyası müdafiə etməsinə gətirib çıxarır. Tədqiqatçının öz sözləri ilə desək, "yarım əsrdən çox poeziya köhləninin belindən düşməyən, həyatın dolaylarında qızğın ədəbi mübarizələrlə, ehtiraslı mübahişə və münaqişələrlə üz-üzə gələn yaradıcılığın ağrı-acısını da, qələbə və nəşəsini də ürəkdən yaşayan" şairin ilk dəfə yaradıcılığı, poetik inkişaf yolunın tədqiqi həm də o dövrün poetik təfəkkürünün tarixi təşəkkül prosesinin izlənilməsi demək idi. Tədqiqatçı bu elmi araşdırmalarında 20-50-ci illərin ümumi yaradıcılıq mühiti, poeziyamızın çoxşaxəli təşəkkül və inkişaf prosesləri ilə bağlı aydın və dolğun təsəvvür yaratmış olur. Sonralar "Bulaq kimi" poetik adla dərc olunan monoqrafiyada Osman Sarıvəllinin fərdi üslubu, formalaşması və inkişaf yolu elmi-nəzəri şəkildə tədqiq olunurdu.
60-80-ci illər ədəbi tənqidinin canlılığında, üslub rəngarəngliyində İsrail Mustafayevin də payı var. Bu dövrdə Yaşar Qarayev, Asif Əfəndiyev, Məsud Əlioğlu, Elçin kimi görkəmli tənqidçilərlə yanaşı, onun yazıları da ədəbi prosesdə son dərəcə maraqla qarşılanırdı. O, həm də cəsarətli və vicdanlı bir tənqidçi idi; təklif edilən mövzularda deyil, ürəyi istədiyi, gərəkən problematikada yazırdı. Filosov-tənqidçi Asif Əfəndiyevin "Müdriklik səlahiyyəti" kitabı haqqında çap olunan yeganə resenziya İsrail Mustafayev tərəfindən yazılmışdı. Və bu yazıya görə ideoloji basqının münasibətindən çəkinməmişdi. Ancaq bu məqaləyə görə onun başı az ağrımamışdı. Yazdığı ədəbi tənqidi məqalələri mövcud ideoloji təmayüllərdən, stereotiplərdən tamamilə uzaq olurdu. Bu məqalələr problematikasına, yazı üslubuna, canlılığına, emosional ifadə tərzinə, sənətkarlığına görə bu gün də dəyərini qoruyub saxlayır. Onun yazıları orijinal struktura, çoxsəsliliyə malikdir, monotonluqdan çox uzaqdır, yazı tərzi özünəməxsusdur, bədiiliklə elmilik paralel şəkildə bu yazıların ruhuna hopub, intellektuallıq və yüksək bədii zövq hər cümləsindən, ifadəsindən boylanır. "Dostluq ərməğanı", "El sevgisi", "Bizdən sonra kimlər gəlir", "Ürəyə işıq saçan təbəssüm", "O gecədən yadımda qalanlar", "Yazıçı idealı və həyat həqiqəti" və s. onlarla məqalələrində ədəbi prosesin müxtəlif problemləri, hadisə və keyfiyyətləri təhlil olunur. 60-70-ci illər hekayəsinin materialları əsasında yazılmış sonuncu məqalənin çap olunduğu zaman yaratdığı rezonans hələ də yadımdadır. Tənqidçi bu məqaləsində altmışıncılar yaradıcılığının xüsusiyyətlərini (mənəvi-əxlaqi mövzulara meyil, psixoloji təhlillər, insanın daxili aləminin təsviri və s.) son dərəcə peşəkarlıqla ümumiləşdirir və müəyyən nəticələrə gəlirdi.
Bu gün daha aktuallıq qazanan oxucu problemini İ.Mustafayev o illərdə özü üçün həll etmişdi. Şair Osman Sarıvəlli haqqında monoqrafiyasını "Bulaq kimi" adı ilə dərc etdirmişdir. Bu ad yalnız şairin yaradıcılığının təbiiliyini əks etdirmirdi, həm də tədqiqatçının özünün, yazı üslubunun oxucuya, mətnə yönəlik münasibətini ifadə edirirdi. Tədqiqatçı şairin sənətinin müxtəlif mərhələləri, keçdiyi yol, yaradıcılıq problemlərini, axtarışlarını, milli ruhunu, folklor qaynaqlarını elmi-nəzəri olmaqla, son dərəcə aydın, səlis və özünəməxsus poetik bir dillə təhlil edirdi. Şairin arxivində işləməsi və S.Vurğunun Osman Sarıvəlliyə olan məktublarını ilk dəfə olaraq elmi dövriyyəyə gətirmişdir. Osman Sarıvəlli və müasir şeirin tədqiqi isə onu bir poeziya tədqiqatçısı kimi tanıtdı. Şairin "Gətir, oğlum, gətir!" poemasının poeziyamızdakı yerini və mövqeyini düzgün qiymətləndirirdi. İ.Mustafayev bir tədqiqatçı kimi Osman Sarıvəlli poeziyasının bədii xüsusiyyətləri, poetik qaynaqları, üslubu, obrazlar qalereyası, obrazlılıq və ifadəlilik prinsipləri kimi problemləri elmi-nəzəri şəkildə təhlil etməyə nail olmuşdur.
İsrail Mustafayev həm də professional bir tənqidçi idi; əsərlərin təhlilində özünün də bədii təxəyyülünü işə salması onun məqalələrinə bir canlılıq, hərəkətlilik gətirirdi. Məqalələrinin özünəməxsus daxili süjeti, yerinə düşən gərəkli ricətləri olurdu. Şair Qabilə həsr edilmiş "O gecədən yadımda qalanlar" məqaləsində şairin bir insan kimi xarakterini, şair kimi yaradıcılıq xüsusiyyətlərini açmaq üçün Tacikistana səfərləri zamanı təyyarədəki söhbət üzərində qurur. Məhz bu söhbət kontekstində şairin yaradıcılığına yeni baxış ifadə olunur. Tənqidçinin bu məqaləsində Qabil poeziyasının bütün xüsusiyyətləri professionallıqla təhlil edilirdi. Yaxud görkəmli tənqidçi Əhəd Hüseynovla bağlı məqaləsində problemi Azərbaycan realizminin görkəmli nümayəndələri C.Məmmədquluzadə, Ə.Haqverdiyev kontekstində, bir qədər də dialoq şəklində qurur. Nəticədə, müəllif-tədqiqatçı Ə.Hüseynov və həmin klassiklərin yaradıcılıq üçlüyünün problemə baxışları üzə çıxarılırdı.
"Bizdən sonra kimlər gəlir" adlı irihəcmli məqaləsini 70-ci illər Azərbaycan poeziyasının ümumi mənzərəsi, onun nümayəndələri, inkişafının boyartımı, üslub müxtəlifliyi və şair fərdiyyətlərinin özünəməxsusluqlarını bütün dolğunluğu ilə özündə əks etdirən Belinskisayağı icmal hesab etmək olar. Tənqidçi "Bizdən sonra gələn nəsil" adı altında yazıb-yaradan şairlərdən İsa İsmayılzadə, Məmməd Aslan və Ağa Laçınlının bədii axtarışları, yaradıcılıq uğurları, poetika texnikası, mövzu və problematika axtarışlarını sistemli şəkildə araşdırmağa nail olur. Araşdırmanın gücü onda idi ki, tənqidçinin bu məqaləsindən sonra həm İsa İsmayılzadənin, Məmməd Aslanın, həm də Ağa Laçınlının poeziyasının görünən və görünməyən aspektləri fonunda onların ümumən müasir poeziyada tutduqları mövqelərinə böyük ölçüdə aydınlıq gətirilirdi. İsa İsmayılzadə poeziyasının orijinal cəhətlərini, şair fərdiyyətini , forma və məzmun orijinallığını əhatəli təhlil edən tənqidçi onun keçib gəldiyi poetik yolda səhvlərini deməkdən də çəkinmir, poeziyamızda tutduğu yerini, mövqeyini olduqca dəqiqliklə ifadə edirdi.
Poeziyada sadəliklə primitivliyin, ritorika ilə hikmətin, təbiiliklə süniliyin sərhədlərini gələnəkçi şeir fonunda araşdıran tənqidçi kökə, ənənəyə bağlı Məmməd Aslan və Ağa Laçınlı yaradıcılığı üzərində geniş dayanaraq onların bu ənənəni yaşatmaq yolunda apardığı poetik axtarışların orijinallığına diqqəti yönəldir. Tənqidçi hər iki şairin xalq poeziyasına dərindən bələd olması, folklor poetik ənənəsinə, xalq təfəkkürünə söykənmələri ilə yanaşı yeni bir poetik yolun başlanğıcında olmaları və hər birinin şair fərdiyyətinin formalaşdığını xüsusi bir əminliklə ifadə edir. Lakin tənqidçi onların ədəbi mühitdə şeirimizin üslub və formaca cəbhələrə bölündüyü mövcud "ənənəvi", "provinsial" şairlərin ön cərgəsində adlarının çəkilməsinə rəğmən onları "dağlar oğlu", "nərgiz-bənövşə şairi" kimi görmək istəyənləri dəqiq tənqidçi müşahidələri ilə puç edir. Tənqidçi Məmməd Aslanın şeirlərində ən işlək Dəlidağ bədii obrazının, fikri, ideyanı ifadə edən məcazlar sisteminin orijinallığını, gəldiyi poetik qənaətləri oxucuya uğurla çatdırır. Bu təqdimatdan aydın olur ki, şairin sadəliyi və aydınlığı, forma ənənəçiliyi içərisində orijinal obrazlar, təşbeh və məcazlar sistemi onun poeziyadakı yerini, mövqeyini möhkəmləndirir.
Ağa Laçınlı poeziyasının özünəməxsusluğunu təhlil edərkən tənqidçi şairin həyat hadisələri və insan münasibətlərilə bağlı təsvirlərinin mahiyyətini, xalq həyatından doğan fəlsəfi düşüncəyə önəm verməsini ön plana çəkir. Onun poeziyası haqqında qənaətləri elə bilirəm ki, şairin sonrakı yaradıcılığı və ədəbiyyatımızda tutduğu yer üçün də dəqiqliyi ilə göstərilir: "O, (Ağa Laçınlı-B.Ə.) təbiətin ovqatını: fəsillərin çalarını, ətrini, havasını asanlıqla duyur, "Arazbasar"ın baharını, payızını, meşələrin, dağların rəngdən-rəngə düşdüyünü, kəhrəba zəmilərin "telini sığalladığını" incə müşahidələr əsasında detalları ilə şeirə gətirir. Ona görə də Ağanın çəkdiyi rəsmlər canlıdır, koloritlidir, rənglərin qövsi-qüzeyi təzadlıdır."
İsrail Mustafayevin məqalələrində, işlətdiyi fikirlərdə, gəldiyi qənaətlərdə daxili məsuliyyət hissi, obyektivlik, tələbkarlıq və prinsipiallıq hər cümləsində, mülahizələrində aydın hiss edilir. 60-80-ci illər ədəbi prosesi ilə bağlı silsilə məqalələri onu deməyə əsas verir ki, onun simasında bu illərin ədəbiyyatı özünün ən yaxşı araşdırıcılarından birini tapır. "Yazıçı idealı və həyat həqiqəti" məqaləsində bu illərin nəsri, onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığı ilə bağlı yeni istiqamət müəyyənləşdirilir. Bu araşdırmalarında altmışıncı illər nəsrinin xüsusiyyətləri, bu nəslin ədəbiyyata gətirdiyi yeniliklər, ədəbiyyatda müsbət-mənfi ölçüsünün süquta uğraması, avtobioqrafizmə artan marağın səbəbləri, ədəbiyyatda mənəvi-əxlaqi mövzuların, psixoloji təhlillərin üstünlük təşkil etməsinin nədənlərinə aydınlıq gətirilir. İ.Hüseynov, Anar, Ə.Əylisli, R.Rövşən, M.Süleymanlı, İ.Məlikzadə, Sabir Azəri, S.Əhmədov və b. bu illərdə dərc olunan əsərləri əsasında yeni nəsrin xüsusiyyətlərini aydınlaşdırmağa çalışır. Tənqidçinin belə bir fikri ilə razılaşmamaq olmur ki, janrından asılı olmayaraq, nəsrin problemlərini müəyyənləşdirən zamandır, cəmiyyətin sosial, siyasi, mənəvi və məzmun tələbləridir.
Tənqidçi, ədəbiyyatşünas İsrail Mustafayev yaradıcılığının payız mövsümündə həyatdan getdi, beynində ədəbiyyatımızın hələ nə qədər yazılacaq problemlərini də özü ilə apardı. Ancaq arxaya baxacaq olursaq, yazdıqlarının kifayət qədər olduğunu görmək olar. Sağlığında cəmi bir kitabı dərc olunub; "Bulaq kimi" (1983). Ölümündən bir il sonra isə "Yazıçı idealı və həyat həqiqəti" (1989) adlı məqalələr məcmuəsi işıq üzü görüb. Bu kitabına tənqidçinin dostu görkəmli yazıçı İsmayıl Şıxlı "Həmişə yarpaq tökülür, həmişə yarpaq yaranır" adlı ön söz yazıb və tənqidçi-ədəbiyyatşınasın ədəbi fikir tariximizdəki mövqeyini yüksək qiymətləndirib. Lakin bu kitablarda toplanan materiallar görkəmli tənqidçinin ədəbi irsinin çox az bir hissəsidir. Bu ədəbi irsin böyük bir qismi hələ də öz nəşrini və tədqiqatçısını gözləyir. Düşünürəm ki, tənqidçinin göyərən yarpaqları həmişəyaşıllığını və yaşarılığını daim qoruyub saxlayacaq...
Bədirxan ƏHMƏDOV,
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.