Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin
baş elmi işçisi, filologiya elmləri doktoru,
Dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da müəlliflərin öz həyatına, tərcümeyi-halına aid olan hadisələri əks etdirən bədii nümunələrə tez-tez rast gəlinir. Müəlliflər bu cür əsərləri ictimaiyyətə müxtəlif adlarla təqdim etmişdilər: memuar, roman-etiraf, gerçək roman, xatirə-roman və s. Bu əsərlərdə obyektiv gerçəklik, faktlara əsaslanan məlumatların qələmə alınması özünü əsasən, müxtəlif tarixi şəxslərin ədəbi portretlərinin, həmçinin özünün obrazının qələmə alınması zamanı göstərir. Müəllifin özünün obrazı vasitəsilə ədəbi portretin yaradılması, həmçinin müəllifin həyat və yaradıcılığının işıqlandırılaraq gələcək nəsillərə ötürülməsi əhəmiyyət kəsb edir. Sənədli və bədii janrların qarşılıqlı əlaqə formalarının müxtəlif və ya sintez şəklində olmasından asılı olaraq, müəllif obrazı yaranan bədii əsərlərdə müxtəlif aspektdə özünü göstərə bilir. Belə əsərlərdən biri də, müraciət etdiyimiz Fərəc Fərəcovun “atamla anama xitabən yazdığım və bir də bütün yetim uşaqlara ithaf etdiyim kitabı” olan “Ömür bir nağıldır” əsəridir. Müəllifin xatirə-roman adlandırdığı əsər yazarın həyat həqiqətini tam əks etdirməklə yaşadığı və şahidi olduğu müəyyən bir tarixi dövrün ab-havasını bədii söz sənətinə, yəni ədəbiyyata gətirməsi ilə diqqəti cəlb edir. F.Fərəcov təsvir etdiyi hadisələrdə öz mövqeyini göstərməklə bərabər, hadisələrə şəxsi təəssüratları əsasında qiymətini verməyə cəhd edir. Əsərdə konkret Fərəc Fərəcovun, yəni müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələrin təsviri ilə bərabər, müəllif obrazını tam şəkildə açmağa yardımçı olan bir neçə şəxsdən bəhs etmək imkanı özünü göstərmişdir ki, bu da həmçinin, romanın xatirə olmasına bir işarədir. F.Fərəcov öz hiss və həyəcanlarını, həyata və dünyaya baxışlarını məhz qələmə aldığı “Ömür bir nağıldır” xatirə-romanında ifadə etməklə bərabər, tarixi faktların bədii mənasını yenidən işləməyi, həmçinin təqdim etməyi bacarmışdır. Real həyatla bağlı olan “Ömür bir nağıldır” xatirə-romanı məhz müəllifin şəxsi həyatı ilə bağlı olan keçmiş olayları və həyatının çevrəsində olan insanları, yaşadığı mühit və dövrü əhatə edən, yaşadığı ömür yolunun çətinlikləri ilə yanaşı uğurlarını da səmimiyyətlə anladan bədii əsərdir. F.Fərəcovun “Ömür bir nağıldır” xatirə-romanında keçmişin hadisə və faktları müəllif yaddaşına əsaslanaraq fərdi, subyektiv şəkildə əks etdirilməsi ilə maraq kəsb edir.
Fərəc Fərəcov bir müəllif kimi qələmə almış olduğu proloq əvəzi, üç hissə və epiloq əvəzi və ya son sözdən ibarət olan “Ömür bir nağıldır” əsərin janrını ictimaiyyətə xatirə-roman kimi təqdim etmişdir. Əsərdə real faktlara əsaslanan xatirə-romanda bədii reallığın formalaşması tipik hadisə və səhnələrin bədii təsvir vasitəsi ilə həyata keçirilir. Xatirə-romanın təsviredici xarakter daşıması onun kompozisiya quruluşuna təsir edir. Zaman və tale məsələləri, həmçinin sənədlilik və bədiilik əsas istiqamət olaraq özünü göstərən xatirə-romanda hadisələrin təsviri ilə yanaşı bədii mətnə publisistik mühakimələrin daxil edilməsi, həmçinin faktın ümumiləşdirilməsi özünü göstərir. Həcm məhdudiyyəti olmayan “Ömür bir nağıldır” xatirə-romanında publisist üslubun üstünlük təşkil etməsi özünü qabarıq şəkildə göstərmişdir. Publisist üslub müəllifin ictimaiyyəti düşündürən problemlərə bir ziyalı kimi münasibət bildirərkən müraciət etməsində özünü büruzə vermişdir. Real şəxsdən, faktdan bəhs edərkən müəllif əsərdə tipikləşdirməyə də üz tutmuşdur. Dövrünün mənzərəsini yaratmağa cəhd edən yazar “Ömür bir nağıldır” əsərində gerçəkliklərin təhrifinə yol verməmişdir ki, bu xüsusiyyət də xatirə-romana xasdır. Qeyd etmək lazımdır ki, əsər məhz şəxsən Fərəc Fərəcovun həyat hekayəsini əhatə etdiyindən, bədii təxəyyüldən doğan əsər kimi dəyərləndirilməməlidir. Çünki əsərdə təsvir edilən hadisə və obrazlar məhz real həyatdan götürüldüyündən, bədii təxəyyülün məhsulu olan əhvalat və xarakterlər deyildilər.
Yalnız müəllifin öz həyatının təsviri olan, yəni müəllifin sənədlərə deyil, xatirələrinə üstünlük verərək qələmə almış olduğu əsərin avtobioqrafik olması elə Fərəc Fərəcovun dili ilə əsərdə əksini tapa bilmişdir: “Məramım mənə düşən bir ömür payını qələmə almaqdır. İstəyirəm illərdən bəri mənə “yaz” deyə səslənən düşüncələrimi ipə-sapa düzüb sizlərə ərməğan edəm.” “Ömür bir nağıldır” əsəri müəllifin faktiki həyat materialları əsasında, keçdiyi həyat yolu bədii şəkildə qələmə alınmışdır. Əsərdə müəllifin həyatını, uşaqlıq, yeniyetməlik, gənclik, ahıllıq çağlarından maraq kəsb edən və yadda qalan epizodları gah sevinc, gah təəssüf hissləri ilə izləməklə bərabər, müəllifin yaşadığı dövrün real mənzərəsinin şahidinə çevrilirik. Fərəc Fərəcov öz mənəvi aləminə qapılaraq, öz həyatı, öz düşüncələri ətrafında baş verən hadisələrə, ictimai-siyasi proseslərə nisbətən əsas prioritet təşkil edən avtobioqrafik əsərini qələmə alarkən yaddaşına söykənməsi, heç bir sənədli mənbəyə müraciət etməməsi faktı da müəllif tərəfindən əsərdə xüsusi olaraq vurğulanmışdır: “Hazırda mənə yuxu kimi görünən uşaqlığıma, sonrakı ömür yoluma “Gündəliksiz” nəzər salıram. Yaddaşımı silkələyib köməyə çağırıram.”
“Ömür bir nağıldır” əsərinin avtobioqrafikliyi əsərdə bədii nəqlin xüsusiyyətlərinə önəmli təsir göstərmişdir. Fərəc Fərəcovun kitabında biz müəllifin dili ilə bütün hadisələrin nəql edilməsini, həmçinin fikirlərini izah etməsində sərbəst olmasını müşahidə etməklə yanaşı, təbliğ edilən fikirlərin tarixi hadisəyə çevrilmiş hadisələrlə müqayisə edilərək təqdim edilməsinə cəhd də nəzərdən qaçmır. Əsərdə müəllifin öz dilindən əsərini neçə yaşında qələmə alınması faktına toxunması da diqqəti cəlb edir: “Bu sətirləri yazarkən ömrümün 66-cı sinnini yaşayırdım. Sevimli peyğəmbərimizin yaşını da ötmüşəm. Nə yaşasam qənimətimdir. Yaşadığım illər isə kifayət edir ki, nəsə deyim, nəsə yazım... Görəsən yaza biləcəyəmmi?” Əsər digər şəxsin sözlü reaksiyasını nəzərdə tutmayan daxili monoloqlarla diqqəti cəlb edir. Daha kəsərli danışıq üsulu olan monoloq obrazın düşüncə və hisslərinin, həmçinin daxili hisslərini açıqlaması üçün obrazın “bir kənarda” öz-özü ilə danışması prosesidir. Bu bir növ obrazın öz-özünə müraciətlə söylənilən nitqi, həmçinin təbii, səmimi, spontan düşüncələridir. Əsərdə müəllifin daxili monoloqlarında əsərin əsas mövzusu ilə yanaşı problemlərin də müəyyənləşməsini müşahidə edirik: “Əziz atam, üzünü görmədim, səninlə kəlmə kəsmədim, işdən evə dönəndə “atam gəldi” deyə yüyürüb boynuna sarılmadım. Qardaş-bacı şirinliyini də dada bilmədim...” Əsərin baş qəhrəmanının dilindən verilən bu cür daxili monoloqlarda fikirlər müəllifin daxili məntiqinə tabedir. Məhz müəllifin özünə müraciəti formasında olan nitq kimi monoloq qəhrəmanın daxili aləminin başa düşülməsinə, xarakterinin açılmasına yardımçı olur, onu təqdir və ya ifşa etmək məqsədi güdür. Fərəc Fərəcovun “Ömür bir nağıldır” xatirə-romanında müəllifin daxili monoloqları müəllifin mövzu üzrə münasibətini ortaya qoyaraq, istənilən nəticə çıxarmaya necə yetişdiyini izləməyə şərait yaradır. Ümumiyyətlə, əsərdə müəllifə xas olan, daha çox ata ilə danışmaq, dərdləşmək əsərin içərisində çoxluq təşkil etməsi ilə diqqəti cəlb edən monoloqlardır: “Ata bilməmiş deyilsən ki, uşaqlığımda da, cavanlığımda da sənin yoxluğunun acıları, tikanları qəlbimi deşib, əzablar dadmışam. Misal da çəkə bilərəm. Bir dəfə harınlamış nadan mənimlə görüşmək belə istəməyib. Yetimliyimə görə. Özünü çox yekə aparıb. Əlim havada qalıb. Pərt düşmüşəm. Evə dönüb o ki var ağlamışam...”
Müəllifin istifadə etdiyi bədii nəql üsulları əsərin bədii zamanının özəlliklərini müəyyən etmişdir. “Ömür bir nağıldır” xatirə-romanında retrospektiv zamanla yanaşı indiki zamanı sintez şəklində oxucuya çatdıran müəllif zaman keçidlərində oxucusunu yormur. Retrospektiv zamandan indiki zamana keçid və ya əksinə indiki zamandan retrospektiv zamana keçid müəllif tərəfindən ustalıqla həyata keçirilir. Əsərdə xronoloji ardıcıllıqla qəhrəmanın, yəni Fərəc Fərəcovun yaşadığı dövrün hadisələrinin cərəyan etdiyi zamanla bərabər, həm də müəllif yaddaşına hopmuş xatirələrin baş verdiyi zamanın xüsusiyyətləri özünü sintez şəkildə göstərmişdir. Həmçinin gerçəklik, müəllif obrazı yer alan “Ömür bir nağıldır” əsəri bir ailənin timsalında müasir dövrdən keçmişə baxışı ehtiva edərək o dövrkü cəmiyyəti də əks etdirməyə qadir olur. Belə ki, müəllif yaddaşına əsaslanaraq əsər yaratmağa, öz həyat salnaməsini yaratmağa qadir ola bilmişdir.
“Ömür bir nağıldır” xatirə-romanının janr xüsusiyyətlərindən biri də müəllifin bədii və janr inklyuziyasıdır. Belə ki, romanda müəllif öz bədii yaradıcılığına müraciət edir, onlar ətrafında fikir mübadiləsinə yer ayırır və bir sıra bədii parçaları romanın mətninə daxil edir. “Ömür bir nağıldır” xatirə-romanında müəllif həyat və yaradıcılığına aid önəmli faktları, dövr və mühitə olan münasibətləri ilə bərabər məhz əvvəllər özünün qələmə aldığı əsərləri haqqında məlumat verməsi ilə diqqəti cəlb edir. Fərəc Fərəcov 25 çap vərəqi həcmində olan “Aydın sabahlar” romanını və hətta sayca beşinci olması faktını qeyd etməsi oxucunun diqqətindən yayınmır: “Sayca beşinci kitabım olan “Aydın sabahlar” romanımı çap etdirmək üçün Bakıya getmişdim. İşlərim pis deyildi. Kefim kök idi. “Vektor” Beynəlxalq Nəşrlər Evində kitab ürəyimə yatan səviyyədə işıq üzü görmüşdü. İlk romanımın sevincini yaşayırdım.” Məhz müəllifin sənəd, yəni fakt üzərində işləyərək onu bədii şəkildə təqdim etməsi əsərdə bədiiliyin özünü göstərməsinə səbəb olması ilə bərabər, həm də həyat və fəaliyyətinə aid maraqlı bilgiləri F. Fərəcovun öz düşüncə və təqdimində əldə etməyə imkan verir.
“Ömür bir nağıldır” xatirə-romanında müəllif özünün sayca beşinci kitabı olan “Aydın sabahlar” romanı haqqında daha çox məlumat verməsi, məhz bu əsərin müəllifin şəxsi həyatında mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqəlidir. “...Düşüncələrimi yazıya çevirdim” deyən müəllif əsərin qələmə alınma tarixinə də toxunur: “2005-ci ildə çap etdirdim. Deyəsən pis qarşılanmadı. Həddən ziyadə tərif edənlər də tapıldı.... “Aydın sabahlar” yazı-pozu fəaliyyətimin uğuruna çevrildi.” Müəllif romanın məzmununa da aydınlıq gətirərək qeyd etmişdir ki, “90-cı illərin əvvəllərində və ortalarında rayonlarımızda gedən ictimai-siyasi prosesləri əks etdirir. Böyük coğrafiyada cərəyan edən oxşar hadisələri bir rayonun timsalında göstərməyə çalışmışam. Kitabda baş verənlər dövrün reallıqlarından qaynaqlanırdı.”
Fərəc Fərəcov “Ömür bir nağıldır” xatirə-romanında digər qələmə aldığı əsərlər haqqında da məlumat verir. Bunlardan biri də “Siyasət” nəşriyyatında işıq üzü görmüş ilk kitabı olan “Culfa şəhidləri” adlandırdığı və mövzusu şəhidlərlə bağlı olan əsəridir. Daha sonra müəllif “Gənclik” nəşriyyatında nəşr edilmiş “Vətən qürurumdur mənim”, “Yayçı yetirmələri”, “Əcəmi” nəşriyyatında nəşr edilmiş kollektiv zəhmətin bəhrəsi olan “Muxtar respublika mətbuatı: dünən və bu gün”, “Jurnalist” adlı kitablarını xatırlayır.
“Ömür bir nağıldır” əsərində isə müəllifin sayca doqquzuncu kitabı olan “Sən olmasaydın” kitabı haqqında bilgi verməsi diqqəti xüsusi cəlb edir. Biz müəllifin dedikləri ilə 2010-cu ildə “Qızıl dağ” nəşriyyatında çap edilmiş bu kitabın məhz ulu öndər Heydər Əliyevə həsr edildiyinin şahidi oluruq: “o, bütünlüklə ulu öndərimizə həsr edilib. Kitabda 15 şeir və ayrı-ayrı mətbu orqanlarında çap olunan publisist məqalələrim yer alıb”. Bu kitabdan başqa müəllifin ulu öndər Heydər Əliyevə “Müstəqillik yollarında” adlı poema həsr etməsi, “və rəngli fotolarla müşayiət olunan eyni adlı kiçik həcmli kitab çap” etdirməsini də məhz “Ömür bir nağıldır” xatirə-romanında oxuyuruq. Daha sonra Fərəc Fərəcov bu kitaba deputat həmkarı Asim Yadigarın ön söz yazması və kitabın dörd hissədən ibarət olması haqqında məlumat verir.
Fərəc Fərəcovun məhz özünün müəllifi olduğu şeirlərindən parçaların verilməsi də əsərdə geniş yer almışdır. Məsələn, əsərin proloq əvəzində dörd misralıq şeirinin xatırlanaraq verilməsi:
“Həyat mənasızdır” deyən kəslərə,
Deyim, eşitsinlər bunu bir kərə.
Mənanı özümüz yaratmalıyıq,
Həyata şirinlik biz qatmalıyıq.
Daha sonra Fərəc Fərəcovun əsərin I hissəsində də özünün qələmə almış olduğu “Sənə möhtacam” şeirindən parçanın verilməsi də diqqəti cəlb edir:
Sığalların elə hopmuş qəlbimə,
Sandım dünya mənə yanan dünyadı.
Gözəl anam, şirin anam, sən demə,
Sənə görə məni anan dünyadı.
Müəllifi olduğu bu şeir parçasında F. Fərəcovun anasına olan məhəbbəti həyəcanla təlqin etməyə qadir ola bilmişdir.
Müəllif özünün qələmə aldığı şeirlərdən əsərdə parçalar verməklə əsərində təlqin etdiyi fikirləri dolğunlaşdırmaqla yanaşı, olaylara nəzmlə qiymət verməyi bacarmışdır:
Daim boşalacaq, dolacaq dünya,
İnsanın nəyi var alacaq dünya.
Alim fikrə dalıb arayacaqdır,
Yenə sirr olaraq qalacaq dünya.
Romanda Fərəc Fərəcovun öz bədii əsərlərinin digər yazıcı, ədəbiyyatşünas və publisistlər tərəfindən qiymətləndirilməsi barədə oxucuya geniş məlumat verir. Yazıçı Güllü Məmmədovanın müəllifin “Yayçı soyqırımı” əsəri haqqında fikirlərinin əsərdə əks etdirilməsi təqdirəlayiqdir. Bu bir daha təsdiq edir ki, əsər ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir: “Kamil qələm sahibinin ən böyük uğuru “Yayçı soyqırımı” publisist kitabıdır. Bu kitab tariximizin qanlı səhifələrinə həsr olunub. 1918-ci ildə Ermənilər Culfa rayonunun yayçı kəndində dəhşətli soyqırım törətdilər. Müəllif soyqırımın şahidi olmuş adamların söhbətlərini qələmə almış, erməni faşizmini ifşa edən gözəl publisistik əsər yaratmışdır. “Yayçı soyqırımı” böyük zəhmətin bəhrəsi kimi çox dəyərlidir.” Romanında müəllif həmçinin “Aydın sabahlar” romanının Güllü Məmmədova tərəfindən yüksək dəyərləndirilməsi və xanım yazarın “Həyatın bədii aynası” kimi ön söz yazması, həmçinin tənqidçi Vaqif Yusiflinin də, müəllifin dostu Tofiq Cəlilovun da əsəri yüksək dəyərləndirmələri, Həsənqulu Həsənovun isə müəllifə məktub göndərməsi kimi faktlara da yer ayrılmışdır. Biz “Ömür bir nağıldır” xatirə-romanında şair Balayar Sadiqin “Ulduz” jurnalında ədibin kitabları barəsində müsbət fikirlərin əksini tapması müəllif tərəfindən qürurla qələmə alınır.
“Ömür bir nağıldır” əsərinin problematikası müəllifin şəxsi həyatı ətrafında formalaşmasına baxmayaraq, əsərdə tarixi hadisələrin, müasir siyasi olayların, görkəmli tarixi şəxslərin obrazlarının verilməsinə xüsusi diqqət yetirilmişdir.
Bir tərəfdən, müəllif öz həyatına dair vacib faktları qələmə alır. Məsələn, Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə qəbul edilməsi. Belə ki, müəllif bu hadisəni işıqlandırarkən, artıq oxucuya bəlli edir ki, o hansı tarixdə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilmişdir: “...sənədlərimi toplayıb təqdim etdim. Çox gözləmədim. 2001-ci ilin yanvarında sevimli yazarımız Anarın imzaladığı vəsiqə mənə çatdırıldı.” Fərəc Fərəcovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilməsi əsərdə geniş əksini tapmışdır. Məhz oxucu müəllifin bu məqamla bağlı xatirələri ilə tanış olduqda ilk dəfə deputat seçilməsinin şahidinə çevrilir: “2002-ci ilin 09 iyul günü. Məhz həmin tarixdə 38 saylı Yayçı seçki dairəsində Ali Məclisə əlavə seçkilər keçirilirdi. Deputatlığa namizəd kimi mən də seçkilərə qatıldım. Səsvermənin yekunları qələbəmlə nəticələndi. Deputat oldum.” Oxucu xatirə-romanda həmçinin müəllifin Naxçıvan Mətbuat Şurasının sədri seçilməsi tarixi ilə də tanış ola bilir. Bu müəllifin qeyd etdiyi kimi 29 oktyabr 2005-ci ilə təsadüf etmişdir. Göründüyü kimi zamanın dəqiqliklə göstərilməsi heç də onun bədiiliyinə xələl gətirmir, onu xronologiyaya çevirmir. Əksinə, həmin tarixlərin dəqiqliklə göstərilməsi əsərin daha oxunaqlı olmasına səbəb olur.
Digər tərəfdən vacib tarixi faktlar əks etdirilir və ictimai-siyasi elitasına daxil şəxsiyyətlər barədə məlumat verilir. Xatirə-romanda tarixi faktların tədqiq edilməsi məqsədi güdülmür, müəllif öz yaddaşına əsaslanaraq əsər yaradır. Lakin F. Fərəcovun qələmə aldığı “Ömür bir nağıldır” xatirə-romanında baş vermiş hadisələrin təqdimi zamanı tarixi faktların verilməsi ilə yanaşı, həyata və zamana müəllif münasibətləri ilə bərabər bəzi hadisələrin konkret tarixi, yəni onların baş vermiş olduğu konkret zaman da açıqlanır: “Qəzanın tarixi dəqiq yadımdadır: 25 sentyabr 2005-ci il. Dəhşətli bir gün!” Müəllif müdaxiləsinin nəticəsində sənədlilik, yəni fakt bədiilik şəklində oxucuya təqdim edilir. Diqqəti cəlb edən məqam isə, əsərdə hadisələrin cərəyan etdiyi, yəni müəllifin keçdiyi və yaşadığı zamanla bərabər müəllifin əsəri qələmə aldığı zamanın xüsusiyyətlərinin sintez şəkildə təqdim edilməsidir. Əsərdə tarixi, real fakt kimi Sovetlərin süqutu da əksini tapmışdır: “1991-ci ilin 31 dekabr günü 70 yaşlı sovet dövlətinin süqut tarixinə çevrildi. Üstünə qara haşiyə çəkildi.” Müəllif tərəfindən təqdim edilən, özündə zaman, həyat həqiqətini ehtiva etmiş fakt, sənədlik artıq müəllifin səyi nəticəsində bədiiləşir. Gündəlik hadisələri özündə təzahür etdirən “Ömür bir nağıldır” xatirə-romanında tarixin silinməz qanlı səhifələrinə çevrilmiş soydaşlarımıza qarşı genosid aktlarının törədilməsi, daha doğrusu 1918-ci ildə törədilmiş qırğının xatırlanması məqamı da əsərin maraqlı məqamlarından biridir. Müəllif soydaşlarımıza qarşı genosid aktlarının törədilməsi tarixin silinməz qanlı səhifələri haqqında nənə-babalardan eşitdiyinə, Sovet hakimiyyəti dövründə qadağalara baxmayaraq, yaddaşlarda yaşanıb gələcək nəsillərə ötürülməsi faktı təhlil obyektinə çevrilərək açıqlanır: “Vəhşi Andronikin kəndə basqını bizim evdə də tez-tez danışılan mövzuya çevrilərdi.” Müəllifin bu fikirləri ilə müasirlərini XX əsrin əvvəlləri və ortalarında Azərbaycan torpaqlarının zəbt edilməsi məqsədi ilə törədilən cinayətkar əməlləri, qanlı tarixi hadisələri unutmamağa çağırır.
Əsərdə dahi şəxsiyyətlərin fikirlərinə əsaslanmaq, sitatların verilməsi maraq kəsb edir. Ulu öndər Heydər Əliyevdən verilmiş hikmətamiz fikirlər diqqəti cəlb edir: “Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışmağıma, Azərbaycan kimi vətənim olduğuna, Azərbaycanı təmsil etdiyimə görə özümü həmişə xoşbəxt saymışam.” Əsərin III hissəsində Ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi kimi tarixi faktının təqdimi məhz xatirə-romanda əksini tapmışdır ki, bu da xatirə-romanda real tarixin yaddaşlara həkk olunmasının göstəricisidir. Müəllif bu tarixi yaddaşı oxuculara böyük sevgi və fəxarət hissilə belə çatdırır: “22 iyul 1990-ci ildə ulu öndər Heydər Əliyevin Naxçıvana qədəm qoyması şəhər və kəndlərimizə toy-büsat ab-havası bəxş etdi. Bu tarixi gəlişin sevincini biz hamımız ürəkdolusu yaşadıq. Çox çəkmədi o dahi şəxsiyyət Naxçıvanımızın hər bir guşəsinə öz ayaq izini saldı, insanlarla əl tutub görüşdü. Onlara ürək-dirək verdi, yol göstərdi.”
Ailə salnaməsini xatırladan “Ömür bir nağıldır” əsərində yalnız müəllifin şəxsi həyatı deyil, həmçinin ictimai-siyasi proseslər, tarixi hadisələr, gerçəkliklər, reallığa istinadlar dəqiqliyi, reallığın, həqiqətliyin gözlənilməsi müəllifin öz bədii obrazı vasitəsilə canlandırılaraq əksini tapmışdır. Tanınmış şəxslər haqqında xatirələrə də əsərdə yer verilməsi diqqətdən yayınmır. Belə ki, müəllif anasının dili ilə onların evində Üzeyir Hacıbəylinin qonaq qalması amilinə də toxunmuşdur: “Radiodan dahi Üzeyir Hacıbəylinin adını tez-tez eşitməyə başladım. Adı çəkildikcə anamın fəxrlə “bizə gəlib”, “bizdə qonaqlanıb” kimi sözlərini yadıma salırdım. Qeyri-ixtiyari mən də qürurlanırdım. Qəlbim dağa dönürdü.” Amma təəssüf ki, müəllif bu görüş barəsində (anasının xatirələrinə belə əsaslanılsaydı da) başqa məlumat vermir.
Xatirə-romanda AMEA-nın vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli haqqında xatirəsində biz artıq İ.Həbibbəylinin tələbəlik illərində qrup nümayəndəsi, həmçinin müəllifin kurs yoldaşı olmasının şahidi oluruq: “Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, istedadı qədər də çalışqanlığı ilə seçilən və yaxşı dost olmağı bacaran akademik İsa Həbibbəyli İnstitut illərində qrupumuzun sinif nümayəndəsi olmuşdur.”
Fərəc Fərəcovun “Ömür bir nağıldır” əsəri müəllifinin tərcümeyi-halının öyrənilməsində mühüm mənbə kimi təqdirəlayiqdir. Müəllif öz tərcümeyi halını bədii biçimdə ifadə edərək, söz sənətinə köçürə bilmişdir. Yazarın yaddaş amilinin mühüm rol oynadığı və xatirə-roman adlandırdığı “Ömür bir nağıldır” kitabı özünün publisistik üslubu ilə diqqəti cəlb edir. Bu xüsusiyyət də müəllifin uzun illərdə çalışdığı, şəxsi həyatının qayəsinə çevrilmiş jurnalistika sahəsindəki peşəkar fəaliyyəti ilə bağlıdır. Belə ki, şair-publisist Fərəc Fərəcovun yaradıcılığına xas olan, şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar ilə fərqlənən “Vətən qürurumdur mənim”, “Yaxşılar bəxş edir həyata zinət”, “Elə bağlıyam” adlı şeirlər kitabları, “Hekayələr” başlığı altında toplanmış nəsr əsərləri, “Aydın sabahlar” romanı, “Ömür bir nağıldır”, “Culfa şəhidləri”, “Yayçı”, “Yaycı soyqırımı”, “Muxtar Respublika mətbuatı: Dünən və bu gün”, “Jurnalist”, “Sənət məbədinin sənətçiləri”, “Sən olmasaydın” publisistik kitabları onun professionallığına dəlalət edir.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.