filologiya elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
“Tərəkəmə-qarapapax ağzı”nda yazıb yaratmış ədib: YUNUS ƏMRƏ
Yeddi əsrdən artıq bir dövr keçməsinə baxmayaraq, müasir dövrümüzdə qələmə almış olduğu bədii əsərlərinin dili azərbaycanlı oxucusu üçün tam anlaşılan Yunus Əmrə ətrafında elmi mübahisələrə hələ son qoyulmamışdır. Ədibin yaradıcılığına yüksək dəyər verilməsi, bizə gəlib çatmış əsərlərinin dilinin anlaşılıqlı olması Türk dünyasının diqqətini cəlb etmiş və etməkdədir. Ədibin yaradıcılığını tədqiq edən müxtəlif ölkələrin tədqiqatçılarının Yunus Əmrəni öz milli ədəbiyyatlarına aid etmələrinə cəhdləri başa düşüləndir. Bu Yunus Əmrənin qələmə aldığı əsərlərinin dilinin müasir dövrümüzdə bütün türk dilli xalqlar tərəfindən anlaşılmasından irəli gələn amildir.
Tədqiqatçılar tərəfindən Yunus Əmrə yaradıcılığında türk dilli xalqlara aid dil xüsusiyyətlərini özündə əks etdirməsi faktı açıqlanmışdır: “Yûnus’un şiirlerinin dili, her ne kadar, bazı bilgi yükü taşımayan fonetik yorumlar bir yana (Örnek: bazı eklerin vokallerinin düz vy yuvarlak olması, bazı hallerde ötümlü ve ötümsüz konsonantların farklı seçilmeleri, vs.) STT (Standard Türkiye Türkçesi)’ninkilere yakın özellikler sergilese de, bu şiirlerde daha çok Eski Anadolu Türkçesi’nin, bir kısmı günümüz Türkiye Türkçesi’nde, Azerbaycan Türkçesi’nde, Türkmen Türkçesi’nde canlılıgını sürdüren yaygın özelliklerini buluruz.” [4,61-77] Söz sənətində bədii kamillik baxımından bədii düşüncə, bədii hiss və s. kimi fəziləti özündə birləşdirmiş Yunus Əmrənin Azərbaycan, türk, tatar və digər millətlərə aid tədqiqatçıların öz milli ədəbiyyatlarına aid etmələri özünü göstərməkdədir.
Təsəvvüf tərəfdarı kimi türkdilli ədəbiyyata təsir göstərmiş Yunus Əmrənin doğum və ölümü, harada anadan olması və vəfat etməsi ilə bağlı mənbələr mübahisə doğurmaqdadır. Bu da ədibin konkret olaraq Azərbaycan və ya türk ədəbiyyatına aid olması ətrafında mübahisələrə yol açmışdır. Bu mübahisələr parəkəndə ümumtürk ədəbiyyatının nümayəndəsi olan ədibin qəbrinin həm Azərbaycanda, həm də Türkiyədə olması faktlarının irəli sürülməsində özünü büruzə verməkdədir. Sovet İttifaqı zamanı milli dəyərlərimizə sahib çıxa bilmədiyimiz bir dövrdə Türkiyə Cümhuriyyətinin Yunus Əmrəyə sahib çıxması ümumtürk ənənələrinin məhv olmadığına bir işarədir. Şairin harada və nə vaxt doğulduğu qəti şəkildə müəyyənləşdirilməsi mümkün olmamışdır. [11] Türkiyə Cümhuriyyətinin Yunus Əmrə haqqında dəqiq tarixi faktların əldə etməməsinə rəğmən, “bəzi dəlil və rəvayətlərə söykənərək bunlardan Əskişəhər - Sangöydəki məzar Yunisin həqiqi məzarı olaraq qəbul edilmiş və burada bir xatirə düzəldilərək 6.05.1949-cu ildə bir təntənəli mərasim qurulmuşdur.” [26,61]
F.e.d., prof. Azad Nəbiyev vurğulamışdır ki, “Yunis İmrənin türk dünyasının hansı bucağında dünyaya gəldiyi, hansı ölkəsinin qucağında uyuduğu məlum deyildir. Onun məzarının müxtəlif yerlərdə olduğu iddia edilir. Yunis İmrənin qəbri ilə bağlı rəvayətlər çoxdur, əslində böyük sənətkarın beş yerdə, o cümlədn Azərbaycanın Qax bölgəsində qəbri olduğu güman edilir. Onların hansı Yunis İmrənin həqiqi qəbridir, məlum deyildir.” [24,81] Yunus Əmrənin Şəkidə də qəbri olması haqqında iddialar da mövcuddur: “Hatta Azerbaycanlılar bile mezarına sahip çıkmış Yunus’un mezarının Azerbaycan’da olduğunu iddia etmişlerdir. Şeki’de Yunus Emre ve Hacı Taptık’ın kabirlerinin bulunduğu Oğuz Kabristanı ve Şeki Türk Şehitliği vardır.” [22] Tədqiqatçıların bəziləri isə Yunus Əmrənin bir çox məzarlarının olması faktına toxunarkən, Azərbaycanda məzarı olması faktına toxunmamış, yalnız Türkiyə Cümhuriyyəti ərazisində olmasını qeyd etmişdilər: “Yunus Emre'nin mezarı olduğu iddia edilen pek çok mezar ve türbe vardır. Bunlar; Eskişehir'in Mihalıççık ilçesine bağlı Sarıköy; Karaman'da Yunus Emre Camii avlusu; Bursa; Aksaray ile Kırşehir arası; Ünye; Kula ile Salihli arasında Emre Sultan köyü; Erzurum, Duzcu köyü; Isparta'nın Gönen ilçesi; Afyon'un Sandıklı ilçesi; Sivas yakınında bir yol üstü. Ayrıca Tokat'ın Niksar ilçesinde de bulunmaktadır.” [22] Azərbaycanlı tədqiqatçı, professor Məşədixanım Nemət isə Yunus Əmrənin qəbrinin Qax rayonunun Oncalı kəndindəki Oğuz məzarlığında olması faktına aydınlıq gətirmişdir: “...Qax rayonunun Oncalı kəndində yerləşən qəbristanlıqdakı Şeyx Yunus və Hacı Tapdıq baba pirləri yerli əhali tərəfindən müqəddəs sayılan ziyarətgahlardan biridir.” [22,14] Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli “Yunis Əmrə tarixi şəxsiyyətinin Azərbaycanda izləri” [13] başlıqlı yazısında məqsədinin əsas səbəbini açıqlamış, Yunus Əmrənin Azərbaycanla bağlı olmasını təsdiq etməyə cəhd etmişdir: “...bizim bu yazıdakı məqsədimiz bu böyük şairin, övliyanın yaradıcılığını izləmək, onun poetik incəliklərini aşkarlamaq yox, Yunis Əmrə tarixi şəxsiyyətinin Azərbaycandakı izlərini araşdırmaqdır.” Əziz Ələkbərli iddiasına sadiq qalaraq Azərbaycanda, daha dəqiq məkan göstərərək Oğuz məzarlığında Şeyx Yunis və Hacı Tapdıq ziyarətgahının olmasını qeyd etmişdir: “Yunis Əmrənin Azərbaycanla bağlılığını təsdiq edən ən tutarlı faktlardan biri onun Azərbaycan Respublikasının Qax rayonunun Torpaqqala adlanan qədim yaşayış məskənində – Oncallı kəndi yaxınlığındakı Oğuz qəbiristanlığında yerləşən məzarıdır. Bu qəbiristanlıq Yevlax - Balakən magistral yolunun, eləcə də Oncallı kəndinin içərisinə doğru gedən kənd yolunun sol tərəfində, meşəlikdə geniş bir ərazini əhatə edir və Hacı Tapdıq Baba və ondan bir qədər yuxarıda yerləşən Şeyx Yunis qəbirləri ilə başlayır.” Əziz Ələkbərli Yunus Əmrənin məzarının Azərbaycanda olması faktının düzgün qiymətləndirilməsinin tərəfdarı kimi qeyd etmişdir: “Bizcə, Yunis Əmrənin və onun mürşidi Tapdıq Əmrənin gerçək məzarlarının Azərbaycanda olması Ortaq Keçmişimizin həm də Ortaq Gələcəyimizə bir körpü olmasının rəmzi kimi qəbul edilməlidir.”
Qeyd etmək lazımdır ki, Dədə Qorqudun, Mövlananın, Molla Nəsrəddinin, Qaracaoğlunun bir neçə qəbirləri olması haqqında rəvayətlər gəzməkdədir. Məsələn, Dədə Qorqudun Azərbaycandan başqa Qazaxıstanda, Türkmənistanda, Sır-dərya sahilində və digər yerlərdə məzarı olması haqqında iddialar mövcuddur. Yunus Əmrənin də müxtəlif yerlərdə qəbirləri olması iddia edilən tarixi şəxsiyyətlərdən biridir. Yunus Əmrənin qəbrinin müəyyənləşməsində isə xalq arasında yayılmış rəvayətə də istinad edilməlidir. Torpaqqala adlanan qədim yaşayış məskənində – Oncallı kəndi yaxınlığındakı Oğuz qəbiristanlığında yerləşən məzar Yunis Əmrə və onun mürşidi Tapdıq Əmrə haqqında olan rəvayəti də özündə əks etdirə bilmişdir.
Yunus Əmrənin qələmə aldığı əsərlərinin janr xüsusiyyəti, əsərlərinin dilinin tərkibi baxımından diqqət yetirilməsini tələb edir. Məlumdur ki, çoxsaylı türk dillərinin bir qolu olan Azərbaycan dilinin milli tərkib hissəsi təşkil etdiyi tayfalar arasında aşıq yaradıcılığının daha çox oxşarlığı var. Yunus Əmrənin qələmə aldığı şeirlər dil baxımdan daha çox, Azərbaycan dilinin Qərb dialektinə, hal-hazırda Gürcüstan və həmçinin Dağıstanda yaşayan qarapapaqlıların dialektində istifadə etdikləri sözləri əks etdirməkdədir. Türkiyə tədqiqatçılarının özlərinin vurğuladığı kimi anlamadıqları, və ya STT-yə (Standard Türkiye Türkçesi) çevirməyi lüzum bildikləri sözlər bu gün də həm azərbaycanlıların, həm də Gürcüstan azərbaycanlılarının gündəlik danışıq dillərində qorunub saxlanılmışdır.
Osmanlı türkcəsi və Azərbaycan dili arasındakı fərqlik amili tədqiqatçılar tərəfindən vurğulanmaqdadır. Ə. Dəmirçizadənin qeyd etdiyi fikirlərə diqqət yetirdikdə aydın olur ki, osmanlı türkcəsi ilə Azərbaycan dili arasındakı fərqlik XV-XVIII əsrlərdən yaranmağa başlamışdır: “XV-XVIII əsrlər arasında yazılmış bir sıra sərf və lüğətlərdə “türki” və bəzən “qızılbaş” istilahı əsasən azəri mənasında işlənilmişdir. Çünki bu dövrdə osmanlı türkcəsi “rumi” adlanır və azəri, yəni türki dilindən fərqləndirilirdi.” [3,161] Azərbaycan dilinin osmanlı türkcəsindən əvvəl formalaşması da diqqətdən yayınmamışdır: “Azərbaycan dili etnik mənşəyinə görə təmiz türk mənşəli olub özündə heç bir qeyri-türk əlaməti əks etdirmir. Azərbaycan dilinin təşəkkülü isə XI əsrdən əvvəl başlamışdır. Bu müddəa artıq 30-cu illərdən Azərbaycan dilçiliyində sübut olunmaqdadır.” [7,16] Konkret olaraq isə, “1930-cu ildə çap olunmuş “Azərbaycan türk xalq şivələri lüğəti”nin ön sözündə Azərbaycan türk dilinin osmanlı dilindən əvvəl formalaşdığı göstərilmişdir.” [2,15]
Tədqiqatçılar içərisində Azərbaycan dilinin köklərini Cənubi Azərbaycan və Qafqazda axtarılmasına toxunulması da diqqətdən yayınmır: “Müasir türklər (Türkiyə türkləri) irqə görə yevropeiddir. Qədim salnamələrə görə, qıpçaqlar da mavigözlü, sarışın yevropeid olmuşlar. Tədqiqat göstərir ki, azərbaycanlıların fiziki tipinin formalaşmasında iki yevropeid antropoloji tip iştirak etmişdir. R. Qasımova belə bir nəticəyə gəlmişdir ki, “İran azərbaycanlıları fiziki əlamətlərinin xüsusiyyətlərinə görə, sovet azərbaycanlılarına çox yaxındırlar. Hər iki qrup Kaspi antropoloji tipinin əlamətləri ilə xarakterizə edilir”. Deməli, antropoloji nəticələrə görə, Azərbaycan dilinin köklərini bu dildə danışan xalqın əsas kütləsinin məskun olduğu ərazidə – Cənubi Azərbaycanda və Qafqazda axtarmaq lazımdır.” [7,23] Bütün bu amilləri nəzərə alaraq, Yunus Əmrə yaradıcılığının dilində qıpçaqizmlərin, yəni qıpcaq sözlərinin işlənilməsi onun Azərbaycan ədəbiyyatının nümayəndəsi olmasını bir daha təsdiq edir. Doğrudur, azərbaycanlılar türk oğuzlarıdır, bu səbəbdən də Azərbaycan dili türk dilinin oğuz qoluna aid edilmişdir. Ancaq osmanlı türkcəsində qıpcaq sözləri işlənilmir. Onu da qeyd etmək lazımdır ki, qıpcaqların Azərbaycan xalqının və onun dilinin formalaşmasına vermis olduğu töhfələr də nəzərə alınmamaqdadır. “Bu da məlumdur ki, XI əsrdə oğuz və qıpçaq tayfa dillərinin xüsusiyyətləri, demək olar ki, üst-üstə düşürdü.” [7,355]
Yunus Əmrə yaradıcılığında istifadə olunan sözlərə diqqət yetirdikdə, M. Erginin “tərəkəmə-qarapapax ağzı” kimi təqdim etdiyi qarapapaqlıların danışıq dilində işlənən sözlər olmasının şahidi oluruq.
M. Ergin “Kitabi-Dədə Qorqud”la Azərbaycan dili şivələlərinin bağlılığından danışarkən vurğulamışdır ki, “Bu gün Azəri sahəsində “Dədə Qorqut” dilinə ən yaxın ağız “Dədə Qorqut kitabı”ndakı coğrafi sahənin ortasında yayılmış bulanan tərəkəmə-qarapapax ağzıdır... “Dədə Qorqut”un dili ilə tərəkəmə ağzı arasında böyük bir yaxınlıq olduğu görülür... “Dədə Qorqut kitabını” oxuyarkən insan özünü bir tərəkəmə topluluğu içində zənn edər.” [5] Maraqlı fakt odur ki, tədqiqatçılar M. Erginin “... öz araşdırması boyu “Kitabi-Dədə Qorqud” dilinin tərəkəmə-qarapapaq şivəsi və ya çinçavad ağzı ilə uyğunluğundan dönə-dönə danışır” [7,67-68] kimi fikirləri ilə razı olmalarını da göstərmişdilər. Tədqiqatçılar tərəfindən “qarapapaqlıların şivəsində cənub ləhcəsinin əlamətləri ilə yanaşı qərb ləhcəsinin də xüsusiyyətləri” olmasına toxunulmuş, “Qars və Axiskada yaşayan qarapapaqların köçəri həyat keçirən hissəsi “tərəkəmə” adlanması, “bundan başqa, türklər onlara “bezbaş”, “qaqavan” və “çinçavat” da” deyilməsi və “çinçavat” adlananların isə vaxtilə Türkiyəyə Azərbaycandan köçmələri də vurğulanmaqdadır. [7,68] Azərbaycan xalqının tarixi ilə bağlı olan türk tayfalarından biri kimi qarapapaqların şivəsinin tədqiqatçılar tərəfindən qarışıq Azərbaycan-türk şivəsi hesab edilməsi faktları ilə də rastlaşırıq. [27,140]
Efrasiyap Gemalmaz Yunus Əmrənin qələmə aldığı şeirləri Türkiyə Cümhuriyyətində yaşayan türklər üçün anlaşılması üçün STT-yə (Standard Türkiye Türkçesi) uyğunlaşdırılmasını təklif etməsi diqqətdən yayınmır: “Yine bu şiirlerde bazan Eski Türkçe’nin, özellikle Karahanlı Türkçesi’nin, yani Dogu Türkçesi’nin izleriyle de karşılaşırız. Divanü Lûgat-it Türk’te, Kutadgu Bilig’de, Atebetü’l-Hakayık’ta görülen bazı kelime ve deyimler seyrek de olsa karşımıza çıkar. Günümüz Türkiye Türkleri için tanınması ve ögrenilmesi pek güç olmayan bu özellikleri öbekler halinde vermeye çalışalım. Öncelikle şunu belirtmeliyiz ki, bilimsel araştırmalarda titizlikle üzerinde durulan, ancak anlam açısından bir deger taşımayan fonetik ayrıntılara girmeyecegiz. Bu yüzden örnek aldıgmız şiirlerin önce fonetik olarak mümkün oldugunca Türkiye Türkçesi’ne yaklaştırılmış olmasına dikkat ettik.” Qeyd etmək istərdim ki, tədqiqatçının Yunus Əmrənin qələmə aldığı nəzm nümunələrini Türk oxucuları üçün anlaşılması üçün STT-yə (Standard Türkiye Türkçesi) uyğunlaşdırmasını təklif edirsə də, Yunus Əmrənin qələmə aldığı nəzm nümunələri Azərbaycan, xüsusilə də Gürcüstan və Dağıstanda yaşayan azərbaycanlılar tərəfindən rahat şəkildə anlaşılır. Çünki, Yunus Əmrənin şeirlərində rast gəlinən sözlər bu gün də Azərbaycan dialektinin qərb qrupunda danışan azərbaycanlıların ləhcə və şivələrində işlənilməkdədir.
Tədqiqatçının təhlil üçün gətirdiyi nümunələr əsasında fikirlərimizi isbat etməyə çalışacağıq. Efrasiyap Gemalmaz Yunus Əmrə şeirlərini STT-yə (Standard Türkiye Türkçesi) uyğunlaşdırmaq üçün etdiyi cəhdlər özünü doğrulda bilmir. Çünki, Yunus Əmrənin qələmə aldığı nəzm nümunələrində istifadə etdiyi sözlərə müasir türk dili mövqeyindən yanaşması, şeirdəki fikrin təhrif olunmasına səbəb olur. Yunus Əmrənin istifadə etdiyi sözlər bu gün Azərbaycan dialekt və şivələrində müxtəlif nitq hissələrinə aid olaraq işlənilməsi faktları ilə rastlaşırıq. Məsələn,
Bir gün ola sensiz qalam qurda quşa öyün olam
Çürüyüben topraq olam ah n’ideyin ömrüm seni
Yunus Əmrənin “Ömrüm beni sen aldattin” şeirinin əslinə diqqət yetirdikdə “öyün” “ögün” kimi qələmə alınmışdır:
Birgün ola sensüz kalam
Kurda kuşa ögün olam
Çürüyüben toprak olam
Âh n'ideyin ‘ömrüm seni [15]
Efrasiyap Gemalmaz göstərdiyi “öyün” sözü bu gün də Azərbaycan dilinin Qərb dialektinin Ayrım-Qarapapaq subdialektində (əsasən, Qazax, Ağstafa, Tovuz və Gürcüstanda (Borçalı, Qaraçöp)) işlənilməkdədir. Qazax subdialektində “öyün” “o gün” “ev” (öyün sizə getmişdik, öydə yoxuydunuz- o gün sizə getmişdik, evdə deyildiniz), Borçalı subdialektində “öyün” “evin” (öyün yıxılmasın- evin dağımasın) və s. mənalarda işlənilməkdədir. “Ögün” sözü isə Yunus Əmrə tərəfindən yemək mənasında təqdim edilmişdir. Yəni, qurda, quşa yem olum. Bu gün də dilimizdə “qurda-quşa yem olmaq” kimi ifadəsi işlənilməkdədir. “Ögün” sözünün Kitabi Dədə Qorqudda “tərif” mənasında işlənilməsi ilə üzləşirik: “Qan Turalı yigitlərin ağlar gördi, aydır: “Marə, alca qopuzum ələ alıñ, məni ögüñ!” [8,116]
Efrasiyap Gemalmaz bu bəndi təhlil edərkən “qalam” və “olam” feillərini STT-yə (Standard Türkiye Türkçesi) çevirməyə cəhd edərkən bəzi məqamları yaddan çıxartmışdır. Feilləri gələcək zamanda təqdim etməyə cəhd etmiş tədqiqatçı bu zaman bədii nümunənin çatdırmaq istədiyi mənanı düzgün təqdim edə bilmir. Yunus Əmrənin bədii nümunədə feilin arzu şəklində işlətdiyi “qalam”, “olam” feillərinin gələcək zamanla əlaqələndirən Efrasiyap Gemalmaz bu feilləri gələcək zamanla əlaqələndirməsi bəndi oxuduqda özünü doğrultmur. Yunus Əmrə qalam, olam feilləri ilə yanaşı ölem, gelem və s. bu cür feillərdən geniş şəkildə istifadə etmişdir. Bu cür feillər müasir Azərbaycan ədəbi dilində və dialektlərində işlənilir. Yunus Əmrənin “Ey yarenler ey kardeşler ecel ere ölem bir gün” şeirində Efrasiyap Gemalmaz “öl-//-e+//+m = ölecegim; gel-//-e+//+m = gelecegim” kimi təqdim etmişdir. Lakin şeirin əsilinə diqqət etdikdə, həqiqətən də “ölem”, “gelem” feilləri işlənilmişdir ki, feillərin sonluğundakı -em müasir dilimizdə -əm şəkilçisidir ki, feillərin sonunda işlənən şəxs kateqoriyası şəkilçiləri kimi diqqəti cəlb edirlər:
İy yârânlar iy kardaşlar ecel ire ölem birgün
İşlerüme pişmân olup kendözüme gelem birgün. [20]
Efrasiyap Gemalmaz Yunus Əmrənin istifadə etdiyi “aza”, “azdırsın”, “qıla”, “öldüreler” kimi feillərin üçüncü şəxsə dolayı əmr formasında olmasına toxunmuşdur: “Bu ek Azerî Türkçesi’nde de oldugu gibi, 3. kişiye dolaylı emir görevinde de görülür”. Tədqiqatçının konkret olaraq, feillərin Azərbaycan dilində olması faktına toxunması, lakin feilləri işlənmə məqamına görə düzgün təyin edə bilməməsi özünü göstərməkdədir. Tədqiqatçının “aza” feilini “az-//-a+//+ø = azsın” “azdıra” feilini “azdır-//-a+//+ø = azdırsın”, “qıla” feilini “qıl-//-a+//+ø = kılsın”, “öldürüler” feilini isə “öldür-//-e+//+ler = öldürsünler” kimi istifadə edilməsi məqamını qeyd etmişdir. Yunus Əmrənin “Ne der isem hükmüm yürür” şeirində istifadə edilmiş “aza” və “azdıra” feillərini STT-yə (Standard Türkiye Türkçesi) çevirməyə cəhd etmiş Efrasiyap Gemalmaz “azsın” və “azdırsın” kimi təqdim etmişdir. Şeirdəki bu bəndə diqqət yetirdikdə, heç də müəllifin gələcək zamanda, əmr şəklində, yəni tədqiqatçının vurğuladığı kimi “emir görəvində” hərəkət edilmir:
İblis-ü Âdem kim olur, ya aza ya da azdıra,
Cümle benim eyi yavuz, kamusun benden tutarım. [21]
Dilimizdə -a, -ə şəkilçiləri vasitəsi ilə isim və sifətdən feil düzəlməsi faktı bu gündə mövcuddur. Bu şəkilçiyə malik olan feillər prosesin, o cümlədən halın adını bildirir. Yunus Əmrənin
İblis ü âdem kim olur ya aza yahut azdıra
misrasında aza və azdıra feillərinin gələcək zamanda əmr şəklində deyil, hal-hazırda baş verə bilən hadisəni təqdim edir. Yəni, tərcümə etdikdə, iblis ü Adəm kimdir ki aza və ya azdıra, yəni hal-hazırda baş vermiş hərəkəti təqdim edir. İblis ü Adəmin gələcəkdə görəcəyi işi nəzərdə tutmur. Onu da qeyd etmək lazımdır ki, -a, -ə şəkilçiyə malik feillərin əksəriyyəti təsirsiz olaraq, prosesin nəticəsini, əlamətini göstərə bilir. Müəllifin istifadə etdiyi “aza” və “azdıra” feilləri də bu mənada işlədilmişdir.
Efrasiyap Gemalmaz Yunus Əmrənin istifadə etdiyi -ıp şəkilçisini keçmiş zaman şəkilçisi kimi təqdim etmişdir: “Çok seyrek olarak Azerî Türkçesi’nde oldugu gibi /-(y)Ip/ gerundium ekinin de ögrenilen geçmiş zaman eki olarak kullanıldıgını görüyoruz.” Tədqiqatçı “alıp”, “tutup” feillərinin keçmiş zamanda işlənilməsinə toxunmuş, STT-yə (Standard Türkiye Türkçesi) çevirərək göstərmişdir: al-//-ıp+/ = almış, tut-//-up+/ = tutmuş və s. Lakin həmin feillərin işlənildiyi məqama diqqət yetirdikdə, müəllifin hadisələrin keçmiş zamanda deyil, bir subyektin ikinci bir subyektin hərəkətinə qarışmasını göstərmişdir. Yunus Əmrənin “Severem ben seni cândan içerü” [17] şeirində “alıpdır”, şeirin əslində isə “alupdur” feilində -up, yəni -ub (-ıb, -ib, -üb) şəkilçiləri yalnız müasir dilimizdə deyil, klassiklərimizin dilinə də aiddir. Feilin nəqli keçmişinin ifadəsidir.
Senün ‘ışkun beni bende alupdur
Ne şîrîn derd bu dermândan içerü
Yunus Əmrənin “Ey padişah, ey padişah” şeirində
İy pâdişâh iy pâdişâh her dem işin düze durur
Dünyâ anun bostânıdur sevdügini üze durur [19]
misrasında türk tədqiqatçısı Efrasiyap Gemalmaz “üze durur”u “yine STT’ndeki gibi tasvirî fiillerin yapısına girer: Örn.: üz-//-e + dur-/ = üzüp dur” kimi olmasını qeyd etmişdir. Tədqiqatçı “üzə durur”u “üzüp dur” kimi təqdim etmişdir. Qeyd etməliyik ki, şeirdə istifadə edilmiş “üzə durur” hal-hazırda dilimizdə işlənməkdədir. Mənası isə əleyhinə ifadə vermək, üzünə durmaq, inad etmək, təkid etmək, öz dediyindən, tələbindən əl çəkməmək kimi mənalarda işlənməkdədir. Bu misrada da istifadə edilmiş “üzə durur” açıq aydın şəkildə ifadə etdiyi fikri əks etdirir, yəni sevdiyini təkid etməsini əks etdirir.
Efrasiyap Gemalmazın Yunus Əmrə yaradıcılığında istifadə edilmiş -dır və yanında “durur” şəkilçisi kimi təqdim etməsi amili də də ədibin dilinin başa düşülməsində düyünlük yaradır. Tədqiqatçı ədibin istifadə etmiş olduğu “turmuş durur” tərz birləşməsini “durmuştur” kimi təqdim etmişdir: dur-//-muş+//+durur = durmuştur. Lakin bunu “ihtimal kuvvetlendirme eki olarak /+dIr/ yanında /+dUrUr/” kimi təqdim etmişdir, yəni -dır şəkilçisi kimi. Qeyd edək ki, hal-hazırda Azərbaycan dilində “durur” feilinin əlavə edilməsi ilə birləşmələr işlənməkdədir. Məsələn, bu işin kökündə xəyanət durur, bütün günü deyinib durur, boş-boşuna baxıb durur, yazıb durur, qoruyub durur, gözləyib durur və s. Azərbaycan dilində tərz mənalarını ifadə edən feillərin hər biri əsas feillərlə işlənə bilir. Durur, yəni durmaq köməkçi feili Yunus Əmrənin “Ne söz keleci der isem” şeirində istifadə edilmiş “turmuş durur” birləşməsində “turmuş” yəni “durmuş” feili ilə qoşa işlənərək hərəkətin davamlığını göstərən tərz birləşməsi kimi özünü göstərir.
Dîv ü perî ins ü melek sever seni her mahlûkât
Hayrân olup ileyünde turmış durur hûr u melek [16]
Yunus Əmrənin “Gözüm seni görmek için” şeirində də istifadə edilmiş “hasret durur”, yuxarıda qeyd etdiyimiz “turmuş durur” kimi köməkçi “durur” feili ilə işlənilmişdir:
Yûnus hasret durur sana hasretüni göster ana
İşün zulüm degülise dâd eylegil varmagiçün [14]
“Durur” köməkçi feilinin işlənilməsinə Azərbaycan mütəffikirlərinin yaradıcılığında tez-tez rast gəlinməkdədir. Məsələn, dahi Füzuli yaradıcılığında da bununla üzləşirik:
Hökm onun һökmü durur, fərman onun fərmanıdır.
Nəsimidə də “durur” köməkçi feilinin işlənilməsi məqamı ilə rastlaşırıq:
Dün ki keçdi, danla qaib, bəs bu dəm xoş dəm durur.
Tədqiqatçılar tərəfindən Yunus Əmrə yaradıcılığında gələcək zamanda işlənəcək sözlərin -çıq-//-ıcaq+/ -kimi şəkilçilərlə təqdimi ilə də rastlaşırıq:
bu âleme çıqıcaq bir aceb hâle geldim [4]
Yunus Əmrə yaradıcılığına aid nəzm nümunələrinin incəliklə təhlil edilməsi rəğbət doğursa da, sözlərin oxuculara səhv təqdim edilməsi bir o qədər də təəssüf doğurur. Yunus Əmrənin “Bundan beri gönüldüm” şeirinin bu misrasında tədqiqatçı Efrasiyap Gemalmaz “çıqıcaq” feilini gələcək zaman şəklində təqdim etmişdir. Lakin şeirin əslində “cıqıcaq” feilinin “cıqıcaq” şəklində deyil, “çiktim” kimi təqdim edilməsinin şahidi oluruq:
Bundan beri gönüldüm dost ile bile geldim
Pes bu âleme çıktım bir aceb hâle geldim [18]
Yunus Əmrənin qələmə aldığı şeirlərin təhrif olunmuş şəkildə təqdim edilməsi ədibin yaradıcılığını ətraflı və düzgün tədqiq edilməsində maneələrə yol açır. Bu maneələrin meydana gəlməməsi üçün Yunus Əmrə yaradıcılığına aid olan bədii nümunələri olduğu kimi ictimaiyyətə təqdim etmək gərəkdir. Yunus Əmrə yaradıcılığına aid nümunələrdə sözlərin müxtəlif variantlarda təqdimi yalnız oxucular arasında deyil, tədqiqatçılar arasında da çaşqınlıq yarada bilir. Məsələn, Yunus Əmrənin “Severim ben seni candan içeri” şeirin əslində təqdim edilmiş “degüləm” feili “degülven” kimi təqdim edilməsi oxucularda çaşqınlıq yaradır. O baxımdan, vurğulamışdım ki, Yunus Əmrə şeirləri əslində olduğu kimi, dəyişikliyə uğramadan təqdim edilməlidir. Efrasiyap Gemalmazın qələmə aldığı məqalədə Yunus Əmrənin “degüləm” “degülven” kimi təqdim edilmişdir:
Beni sorma bana bende degülven
sûretim boş yürür dondan içeri.
şeirin bu misrası şeirin əslində Yunus Əmrə tərəfindən belə təqdim edilmişdir:
Beni sorman bana bende degülem
Sûretüm boş gezer tondan içerü [17]
Efrasiyap Gemalmaz “degül+//+ven = degilim” kimi təqdim etdiyi feili təhlil edərək belə yanlışlığa yol verir: “şahıs zamiri “bn / ben / bin”in çeşitli ses olayları sonucunda ekleşmesiyle oluşmuş teklik 1. şahıs bildirme eki, STT’ndeki alomorflarından farklı olarak /+vAn/, /+vAnIn/, /+Am/, /+m/, /+yIn/, şekilleriyle de görülür: Beni sorma bana bende degülven.”
Yunus Əmrənin “degüləm” işlətdiyi feili ədəbiyyatımızda daim istifadə edilmişdir. Məsələn, azərbaycanlı şair, XIX əsrdə yaşamış Ordubad şairlərindən olan Qüdsi Vənəndinin aşiqanə qəzəllərində rast gəlinir:
Qəhr üzilə demisən: “Aşiqi mədhuş elədim”.
Yeri get, mən sənə bundan sora talib degüləm
Müasir dövrümüzdə “deyiləm” feili özündən qabaq gələn sözə inkarlıq, ya ziddlik mənası verir, feildən sonra gələrək, xəbərlik şəkilçiləri ilə eyni mənada cümlədə xəbər kimi işlənilir, həmçinin də eyni mənada şəxs sonluqları ilə işlənilir: deyiləm, deyilsən, deyildir. Yunus Əmrədə “degülem” (“beni sorman bana bende degülem”) şəxs sonluğu ilə işlənilmişdir.
Təəssüf doğuracaq hallardan biri də Yunus Əmrənin fikirlərinin təkzib edilməsidir. Məsələn, Azərbaycan dilində hal-hazırda işlənilən sözlərin türkməncə olmasına toxunulması və STT-yə uyğunlaşdırılması zamanı buraxılan səhvlər də diqqətdən yayınmır: “şahıs çokluk ekinin STT’nde aslî sayılan vokali, Yûnus’un şiirlerinde genellikle Türkmence’de oldugu gibi yardımcı durumdadır.” [12] Tədqiqatçı misallar da göstərmişdir: ol-//-ma-//-+n = olmayın, unut-//-ma-//-+n = unutmayın. Yunus Əmrənin şeirlərindən nümunə gətirilmiş həmin feillərin heç də həmin şeir nümunələrində olmayın, unutmayın və s. mənasında işlənilməməsinin şahidi oluruq. Onu da vurğulamaq lazımdır ki, hal-hazırda da Azərbaycan ədəbi dilində, həmçinin Azərbaycan dilinin dialektinin qruplarında belə sözlərə tez-tez rast gəlinir: olman, unutman və s. Yunus Əmrənin “Yalanci dünyaya konup göçenler” şeirində “unutman” feilinə diqqət yetirək:
Gelin duadan unutman bunları,
Ne söylerler, ne bir haber verirler.
Bu misrada tədqiqatçının qeyd etdiyi kimi “unutmayın” deyil, müəllif tərəfindən kiminsə nəyisə unutmasını, yəni yaddan çıxartmasına toxunmuşdur. “Unut” feili olsa idi təsdiqdə olardı. Çünki feillər kök və başlanğıc formada olanda təsdiqdə olur. Yunus Əmrənin “unutman” feilini işlətməsi, yəni hərəkətin icra edilməməsini göstərir. Bu da inkar feil kimi diqqəti cəlb edir. İnkar feillər -ma2 şəkilçisi vasitəsilə düzəlir. “Unutman” feilində -n şəkilçisi şəxs sonluğudur.
Əski əlifbayla, yəni ərəb hərfləri ilə yazılmış klassik ədəbiyyat nümunələrinin düzgün oxunmaması müəyyən yanlışlıqlara yol açmaqdadır. Bəzən hərflərin və ya da hərflər üzərindəki hərəkələrin düzgün oxunulmaması problemlərin yaranmasına səbəb olmuşdur. Qeyd edək ki, “ərəb əlifbasında 6 sait səs olduğu halda, dilimizdə 9 sait səs mövcuddur. Ərəb və fars dillərində sait səslər iki qrupa bölünür:
1. Uzun saitlər: a, u, i
2. Qısa saitlər: ə, e, o
Qısa saitlər də hərəkələrlə ifadə olunduğundan onlar yazıda ancaq sözlərin əvvəlində “ا“əlif hərfi ilə yazılır, sözlərin ortasında hərəkələr bir qayda olaraq yazılmır, lakin oxuda nəzərdə tutulur. Bu da müəyyən çətinlik yaradır.” [1,4] Əski əlifbada qələmə alınmış bədii nümunələrin oxunuşu zamanı yaranmış belə problemlərlə tez-tez üzləşmək mümkündür. Daha doğrusu, adət halı alması inkaredilməz bir faktdır.
Yunus Əmrə yaradıcılığında istifadə edilmiş sözlərin Azərbaycan ədəbi dilində və Azərbaycan dialektlərində hal-hazırda işlənilməsi inkaredilməz bir reallıqdır. Yunus Əmrənin qələmə aldığı nümunələrin STT-yə (Standard Türkiye Türkçesi) çevrilərək müasir türk oxucularının başa düşülməsi üçün edilən təkliflərə baxmayaraq, həmin sözlər Azərbaycan dilində işlənilməkdə və aydın şəkildə başa düşülməkdədir. Efrasiyap Gemalmaz “besleyesin” feilinin “besle-//-ye+//+sin = besliyorsun” kimi təqdim edilməsini göstərərək, müasir türk oxucusu üçün “besleyesin” sözünün türkcə variantını “besliyorsun” kimi anladır. -la, -lə şəkilçilərilə nitq hissələrindən feil əmələ gəlməsi, -ya, -yə şəkilçiləri feilin bacarıq şəklini əmələ gətirmək üçün əsas feil kökünə əlavə edilməsi, “n” isə feilin şəxs kateqoriyasının ikinci şəxsin təkinin şəkil əlaməti olması məlum faktdır. Efrasiyap Gemalmaz qeyd etdiyi kimi “besleyesin” sözü “”besliyorsun” kimi deyil, “bəsləyə bilərsən” mənasında təqdim edilir:
Nice bir besleyesin bu kadd ile kâmeti
Düşdün dünyâ zevkıne unutdun kıyâmeti
Qeyd etmək lazımdır ki, Azərbaycan dialektlərində ümumqıpcaq formasına əsaslanaraq, indiki və gələcək zamanlar məhz -a şəkilçisi ilə yaranır. Məsələn; muğan dialektində “alasan” “alırsan” mənasında işlənilir. Daha sonra nux dialektində “gələsən” yəni ədəbi dilə “gələrsən” əvəzinə işlənilməsi də mövcud faktdır. Qarabağ dialektində “alassan” ədəbi dildə işlənən “alacaqsan” yerinə işlənilməkdədir.
Fellərin işlənməsi zamanı Efrasiyap Gemalmaz Yunus Əmrənin “Yok yere geçirdim günü” şeirində “gelmeyesin” felinin gələcək zamanda “gelmeyeceksen” kimi təqdim etməsi də diqqətdən yayınmır.
Gidip geri gelmeyesin gelip beni bulmayasın
bu benlige sermayesin ah n’ideyin ömrüm seni
Tədqiqatçı “gel-//-me-ye+//+sin = gelmeyeceksin” kimi təqdim edərək, “Çok kere bu ekin gelecek zaman ifade ettigini de görürüz” kimi fikrini səsləndirmişdir. Lakin Yunus Əmrənin qələmə aldığı “Yok yere geçirdim günü” şeirin əslində feillərin “gelmeyiser”, “bulmayısar”, “sürmeyiser” kimi təqdim edilməsinin şahidi oluruq. Şeirin əslini mütaliə etdikdə isə artıq tədqiqatçı Efrasiyap Gemalmazın fikirlərində haqlı olmadığı, şeirdə təqdim edilən “gelmeyiser”in gələcək zamanda “gelmeyeceksin” mənasında olmadığı da diqqətdən yayınmır:
Gidüp gine gelmeyiser
Gelüp beni bulmayısar
Bu begligi sürmeyiser
Âh n'ideyüm ‘ömrüm seni.
Yunus Əmrənin şeirinin əslindəki “gelmeyiser” feilinə diqqət yetirək. “Gel” yəni “gəl” feili feil əsasları leksik mənasına görə ancaq feil mənası olan əsas feildir. Bu zaman “gel” feili -mə (-ma) inkar edici şəkilşi artırılmaqla əmr şəklinin II şəxsin təkində işlənməsi ilə diqqəti cəlb edir. Qeyd edək ki, feilləri başqa nitq hissələrindən ayıran əlamətlərindən bir də inkarlıq kateqoriyasıdır ki, iş və ya hərəkətin bütün zamanlarda icra olunmamasını bildirir. “Gelmeyesin” feilində -ma şəkilçisi feil kökünə əlavə olunaraq hərəkətin edilmədiyini bildirməklə yanaşı, əmr məzmununu dəyişdirmir, yəni, gəlmə. “Gelmeyesir” feilin gələcək zaman təsəvvürü verən feili sifət kimi özünü göstərir. Qeyd edək ki, -ası, -əsi, -yası, -yəsi şəkilçiləri vasitəsilə təsdiq bildirən feil köklərindən feili sifətlər formalaşır. Yunus Əmrənin “gidip geri gelmeyise gelip beni bulmayısar” misrasında yəni gedib geri gəlməyirsə, gəlib məni bulmayırsa” kimi özünü göstərməkdədir.
Efrasiyap Gemalmaz “Yunus Emre’nin şiirlerindeki dil özellikleri” adlı məqaləsində Azərbaycan dilində işlənmiş sözləri qəbul etməyərək, o dildə yazıldığını vurğulamayaraq, quruluş və məna baxımından Azərbaycan və Türkmən Türkcəsini xatırladan elementlərə də rast gəlinməsini qeyd etməsi Yunus Əmrənin süni şəkildə özünküləşdirmək kimi anılmalıdır: “Yer yer yapı vy anlamca Azerî ve Türkmen Türkçeleri’ni hatırlatan unsurlara da rastlayabiliriz: Örn.: bular = bunlar, il = halk, cemaat, tut- = çevir-, dur- = kalk- , danış- = konuş-, yesir = esir, öz = kendi, tap- = bul-, var- = git-, vbg.” Tədqiqatçının nümunə kimi göstərmiş olduğu bütün sözlər, yəni Yunus Əmrə yaradıcılığında rastlaşılan bunlar, vilayət, tut, dur, məsləhətləş, yemək, öz, tap və s. sözlərin bu gündə müasir Azərbaycan dilində və ya dialektlərində işlənilməsinə rast gəlmək mümkündür. Məsələn, vilayət sözü böyük inzibati ərazi bölgüsünü nəzərdə tutur. Vilayət sözü yalnız yaşadığımız dövrdə deyil, əvvəlki dövrlərə aid yazarlarımızın da yaradıcılığında rast gəlinir. A. Bakıxanovun, M. Adıgözəlbəyin, S.S. Axundovun və digər sənətkarlarımızın yaradıcılığında istifadə edilmişdir: “Buna görə mən … müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq, bir kitab yazmağa başladım.” (A. Bakıxanov).
Hətta tədqiqatçıların Yunus Əmrənin yaradıcılığında olan sözlərin bugünkü STT-yə köçürülməmiş sözlər olmasına toxunulmasına da rast gəlinir. “Ayrıca Yûnus’ta Eski Türkçe devresinden günümüz STT’ne intikal etmemiş kelimeleri de görebiliriz.” Misal kimi göstərilən süñük = kemik, yel- = koş-, neñ = şey, nesne, biti = yazılı şey, defter, görklü = güzel, ilt- = götür-, sevi = sevgi, aşk, sagınç = düşünce endişe, assı = fayda, kâr, tamu = cehennem, uçmaq = cennet, od = ateş, anda = orada, em = ilaç, öküş = çok, buş- = öfkelen- və digər sözlər müasir Azərbaycan oxucusu üçün aydındır. Görklü, anda, od və s. sözlər bu gün müasir ədəbi dil və Azərbaycan dialektinə aid olan qruplarda özünü göstərməkdədir. Azərbaycanlı tədqiqatçıları da Yunus Əmrə yaradıcılığında istifadə edilmiş sözlərə və ya istifadə edilmiş şəkilçilərə Azərbaycan dilinin dialekt və şivələrində işlənilməsi faktına toxunmuşdular:
“Duruş kazan, ye, yedir, bir gönül ele getir,
Yüz Kabeden yiğrektir bir gönül ziyareti
misralarında işlənmiş yiğrek sözünün ədəbiyyata ilk dəfə Yunus Əmrə tərəfindən gətirildiyini qeyd edirlər. Daha sonralar bir sıra Türk dillərində -raq, - rək formasında işlənərək XVI əsrə qədər ədəbi dil faktı kimi digər müəlliflərin də dilində istifadə olunduğu görünür. XVI əsrdən sonra Azərbaycan dilində yazılmış əsərlərdə bu şəkilçiyə rast gəlmirik. Lakin dialekt və şivələrdə öz mövcudluğunu qorumuşdur. Müasir türk dillərindən çoxunun lüğətlərində qeydə alınmışdır. Sözün kökü olan yeğ XIII-XVI əsr abidələrində “yaxşı, güclü, qüvvətli, hökmlü” kimi mənalar bildirmişdir. N.A. Baskakov sözün tarixi inkişaf yolunu izləyərək göstərir ki, bu söz yeg ~ yeδ ~ yey formasında inkişaf yolu keçərək yey kimi sabitləşmişdir. Hazırda Azərbaycan dilinin dialekt və şivələrində yey formasında qalmışdır. Bu forma yazılı abidələrimizdən ən çox “Kitabi-Dədə Qorqud” dastanlarının dilində müşahidə olunur.” [23]
Yunus Əmrənin istifadə etdiyi sözlərin qarapapaqlıların dilində istifadə edilməsinə bu gün də rast gəlinməkdədir. Yunus Əmrənin “Sordum sarı çiçeğe” nəzm nümunəsində istifadə etdiyi “çiçek der derviş baba” misrasında “der” feli Azərbaycan ədəbi dilində işlənilməsə də, dialektlərdə işlənilməkdədir. Məsələn, hal-hazırda da Azərbaycan dialektologiyasında işlənməsinin şahidi oluruq: “ Mən iki qardaşam, arvadımız bir-birinə elti der.” [9] Yunus Əmrənin də “çiçek der derviş baba” misrasında “der” məhz “deyir” mənasında işlədilmişdir.
Sordum sarı çiçeğe
Annen baban var mıdır?
Çiçek der derviş baba,
Annen babam topraktır.
Yunus Əmrənin “Acep bu benim canım azad ola mı Ya Rab” şeirində işlətdiyi “varıp” sözü də müasir dövrümüzdə işlənilməkdədir:
Acep bu benim halim yer altında ahvalim
Varıp yatacak yerim akrep dola mı Ya Rab
“Varıp yatacak” ifadəsində “varıp” sözü hal-hazırda gürcüstanda yaşayan qarapapaqlıların danışıq dilində də işlənilməkdədir.
Yunus Əmrə yaradıcılığını diqqətlə mütaliə etdikdə, bir daha əmin olursan ki, ədibin yaradıcılığı Azərbaycan dilinin dialektlərinə aid olan sözlərlə zəngindir. Yeddi əsr bundan əvvəl istifadə etdiyi sözlər bu gün Azərbaycanda, Gürcüstanda, Dağıstanda yaşayan azərbaycanlıların və digər türkdilli xalqların dilində də rast gəlinməkdədir. Azərbaycan dialektinin Qərb qrupuna daxil olan şivə və ləhcələrdə isə daha çox rast gəlinməsi, qəbrinin Qaxda yerləşməsi belə əsas çıxarmağa imkan verir ki, Yunus Əmrə qarapapaqlıların məskunlaşdığı məkanda yaşayıb yaratmışdır.
Yunus Əmrənin səyahətə çıxması arealının xəritəsini göz önünə gətirdikdə, onu vurğulamaq lazımdır ki, ədib oğuz tayfalarının məkunlaşdıqları yerlərə səyahət etmişdir. Bu ilk növbədə, məhz oğuz türklərinin o dövr üçün əhəmiyyət kəsb edən ədəbiyyatını, fəlsəfəsini, dilini öyrənmək məqsədi daşımışdır. Yunus Əmrə gəzmək, yəni başqa məkanları görmək niyyətində olsa idi Avropa, ərəb və digər ölkələrə üz tutardı. Ancaq o Azərbaycan dilinin dialektlərinin yayıldığı məkanlara üz tutmuşdur. Onun səyahət etdiyi iddia olunan məkanların xəritəsini gözümüzdə canlandırsaq, bunun şahidi oluruq. Yəni, o yaşadığı dövrdə türk tayfalarının vahid bir dövrdə yaşaması, tarixi və mədəniyyət baxımından sıx əlaqədə olmaları, vahid mədəniyyətə malik olmaları ilə üst-üstə düşür.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, vurğulamaq lazımdır ki, Yunus Əmrəni özünküləşdirmək strategiyası tarixi yanlışlıqdır. Bu amil səhv hesab edilməlidir. Yunus Əmrənin əsərlərinin əsli oxuculara, cəmiyyətə olduğu kimi təqdim edilməsi zərururidir. Yəni, Yunus Əmrənin yaradıcılığı “STT (Standard Türkiye Türkçesi)”nə uyğunlaşdırılıb təqdim edilməməlidir. Çünki, Yunus Əmrənin şeirlərinin əsli Azərbaycan oxucuları üçün anlaşıqlı, başa düşüləndir. Xaqaninin, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin dilindən anlaşıqlıdır. Yəni, Yunus Əmrənin şeirlərini oxuyan hər bir azərbaycanlı üçün başa düşüləndir.
Yunus Əmrə yaradıcılığında istifadə edilmiş sözlərin incələnməsi zamanı türk dilləri üçün əhəmiyyət kəsb edən faktların ortaya çıxması ədib ətrafında yaranmış mübahisələrə aydınlıq gətirə bilir. Yunus Əmrə yaradıcılığının Azərbaycan dilinin imkanları hesabına nə qədər zəngin ola bilməsini göstərməyə qadirdir. Yunus Əmrə yaradıcılığındakı sözlərin Azərbaycan dilinin dialek və şivələrində istifadə edilməsi qaçılmaz faktdır. Hətta Yunus Əmrə yaradıcılığında istifadə edilmiş sözlər hal-hazırda da Azərbaycan dilinin ədəbi dilində, həmçinin Azərbaycan dilinin dialektlərində də işlənməkdədir.
İstifadə edilmiş ədəbiyyat:
1. Ağamirov C. Əski Azərbaycan yazısı (ərəb əlifbalı Azərbaycan yazısı) Bakı.2016. 64 səh. səh. 4 // http://anl.az/el/Kitab/2016/Azf-292851.pdf;
2. Azərbaycan türk xalq şivələri lüğəti. Rusca, almanca tərcümələrilə. 1-ci c., 1-ci buraxılış. Bakı, 1930;
3. Dəmirçizadə Ə.M. Azərbaycan dilçiliyi inqilab meyvəsidir // Azərb. SSR EA-nın xəbərləri. 1947, №10;
4. Efrasiyap Gemalmaz. Yunus Emre’nin şiirlerindeki dil özellikleri. Yunus Emre Sempozyumu Bildirileri, (15-16Ekim 1991), Erzurum, 1991;
5. Ergin M. Dede Korkut Kitabı. II. İndeks-Gramer. Ankara, 1963;
6. Ələkbərli Ə. Yunis Əmrə - tarixi şəxsiyyətinin Azərbaycanda izləri. Türk Dünyası Bilgeler Zirvesi: Gönül Sultanları Buluşması. 2014. Türk Dünyası Kültür Başkenti Ajansı (TDKB). Eskişehir // http://bılgelerzırvesı.org/bıldırı/pdf/ezız-elekberlı.pdf;
7. Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və inkişafı. Dərs vəsaiti. 2-ci nəşri. Bakı, 2016;
8. Hacıyev A. (Şirvanelli). “Dədə Qorqud kitabı”nın şərhli oxunuşu II kitab (1 və 2-ci boylar üzrə), Bakı, 2019;
9. http://81.17.84.10/bitstream/20.500.12323/3931/1/Filologiya%20m%C9%99s%C9%99l%C9%99l%C9%99ri%2013-%20Ziv%C9%99r%20H%C3%BCseynli.pdf;
10. http://anl.az/el/Kitab/2019/04/cd/Ar2019-85.pdf;
11. http://turkey-info.ru/forum/stati145/unus-emre-t3008395.html;
12. https://acikders.ankara.edu.tr/pluginfile.php/151416/mod_resource/content/1/yunus_emrenin%20dili.pdf;
13. https://docplayer.biz.tr/115621559-Yunis-@mr@-tarixi-s@xsiyy@tinin-az@rbaycanda-izl@ri-y.html;
14. https://yunusemresiirleri.blogspot.com/2008/04/gzm-seni-grmek-iin.html4;
15. https://yunusemresiirleri.blogspot.com/2008/04/mrm-beni-sen-aldattin.html;
16. https://yunusemresiirleri.blogspot.com/2008/04/ne-sz-keleci-der-isem.html;
17. https://yunusemresiirleri.blogspot.com/2008/04/severim-ben-seni-candan-ieri.html;
18. https://yunusemresiirleri.blogspot.com/2008/05/bundan-beri-gnldm.html;
19. https://yunusemresiirleri.blogspot.com/2008/05/ey-padiah-ey-padiah.html;
20. https://yunusemresiirleri.blogspot.com/2008/05/ey-yarenler-ey-kardesler-ecel-ere-olem.html;
21. https://yunusemresiirleri.blogspot.com/2008/05/ne-der-isem-szm-yrr.html;
22. Kuzucular Ş. Yunus Emre Hayatı Tasavvufi ve Edebi Kişiliği // https://edebiyatvesanatakademisi.com/tasavvuf-edebiyati-asik-ve-divan/yunus-emre-hayati-tasavvufi-ve-edebi-kisiligi/1035;
23. Quliyeva K. Azərbaycan dilinin dialekt və şivələri və XIII əsr türk şeirində (Yunus Əmrə) təsadüf olunan bir sıra paralel sözlərin etimologiyası. //https://jhss-khazar.org/wp-content/uploads/2010/06/32.pdf;
24. Nəbiyev A. Azərbaycan aşıq məktəbləri, Bakı, “Nurlan”, 2004;
25. Uğur. “Bir mən vardır məndə məndən içəri»… İlahi türkü deyənlərimiz – Yunis İmrə və Qaracaoğlan. Xalq Cəbhəsi.- 2012.- 23 iyun // http://www.anl.az/down/meqale/xalqcebhesi/2012/iyun/49.htm;
26. Yunis İmrə. Güldəste, Bakı, 1992;
27. Баскаков Н.А. Тюркские языки. М.: Изд-во восточной литературы, 1960.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.