Meyxana janrının tədqiqi
Meyxana janrı digər ədəbi janrlardan fərqli olaraq, ciddi ədəbiyyat nümunəsi kimi qəbul edilməmiş, qadağalarla da üzləşmişdir. Bütün bunlara baxmayaraq, zəngin və qədim ənənələrə malik olan meyxana xalqın məişətinin ayrılmaz tərkibinə çevrilmişdir. Yaddaşlarda yaşamağa qadir olan meyxana ədəbiyyatşünaslığın diqqətindən kənarda qalmışdır. Son dövrlərdə, meyxana ədəbiyyatşünaslığın diqqətini cəlb etməkdədir. Tədqiqatlarda sistemli şəkildə tədqiq edilərək ictimaiyyətə çatdırılmaqdadır. Meyxananın janr xüsusiyyətlərinin tədqiqinə maraq artmaqdadır. Kompleks şəklində tədqiq edilən meyxananın poetik və struktur xüsusiyyətləri, formalaşma və təşəkkül mərhələlərinin tarixi, genetik qaynaqlarına aydınlıq gətirilməsi, problematikasının geniş təhlil edilməsi və s. əhatəli şəkildə tədqiq edilməkdədir. Sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə meyxananı “Azərbaycanın ən qədim janrlarından biri” [5,36] kimi təqdim edir. Tədqiqatçı onu da vurğulayır ki, mütəxəssislər meyxana janrını ədəbiyyat nümunəsi belə hesab etmir, onu “xuliqanlıq kimi küçə folkloru”, “küçəjanrı” adlandırırdılar. Bəziləri isə meyxananın janr olduğunu inkar edir və onun folklora heç bir aidiyyatı olmadığını bildirirdilər”. [5,36-37] Filologiya üzrə fəlsəfə doktoru Nazim Rzayevin meyxananı folklora aid janr hesab etməsi janrın qədimliyinə işarə edir: “Azərbaycan folklorunun mövzu rəngarəngliyi ilə seçilən və geniş yayılan janrlardan biri də meyxanadır”. [10,3] Meyxananın qədim ənənəyə malik olması yalnız ədəbiyyat tədqiqatçılarının fikirlərində deyil, müxtəlif sahədə çalışan mütəxəssislərin də fikirlərində formalaşmışdır. Tarix elmləri doktoru T.Səlimov meyxanaların inkişaf yolunu təqribi göstərməyə nail ola bilmiş və “ən azı 550-600 illik ənənəyə söykəndiyini” qeyd etmişdir.
Daha çox improvizasiyanı özündə əks etdirən meyxana janrı onu inkar edilməsinə və qəbul edilməməsinə rəğmən belə özünü yaşatmağı bacardı. Meyxananın növlərinin olması da tədqiqatçılar tərəfindən irəli sürülmüşdür. Sənətşünas A.Rəhimova meyxana janrının söyüşlü növü kimi özünü göstərən bədihə növünün [7,17] olmasını qeyd etmişdir. Zaman Əsgərli meyxana və bədyə arasındakı fərqli xüsusiyyətlərə toxunaraq qeyd etmişdir ki, “meyxanada tərəflər bir-birinin nöqsanını adətən, çox incəliklə, təhqirə yol vermədən söyləyirlər. Bədyənin leksikasında isə kobud sözlərə, hətta tabulara, parnoqrafik ifadələrə yer verilir”. [3,6] Nazim Rzayev isə qeyd etmişdir ki, “meyxana şeir forması, bədyə (bədihə) isə improvizasiyadır”. [10,13] Nazim Rzayev meyxananın yaranmasını təriqət ədəbiyyatı ilə də əlaqələndirmişdir: “Meyxana klassik təriqət ədəbiyyatının və xalq şeirinin formasında meydana gəlmiş, sonralar isə müstəqil bir poetik janr kimi təkmilləşmiş xalq şeiri şəkillərindəndir, bədii-fəlsəfi janrdır. Meyxanada həm sufiyanə, həm də irfani məzmun aparıcı olmuşdur”. [10,15] Professor Məhərrəm Qasımlı da meyxananı təriqətlə əlaqələndirmişdir: “Xalq arasında yayılmış “meyxana” şeir forması da, heç şübhəsiz ki, uzun zaman təriqətin xidmətində dayanmışdır. Meyxananın xüsusi avaz və çılğınlıqla ifa olunması ondan ekstatik vasitə kimi təkkə mərasimlərində istifadə edildiyini göstərir”. [6,143]
Tədqiqatçıların arasında müxtəlif fikirlərin formalaşmasına baxmayaraq, meyxana janrı peşəkar meyxanaçıların yaradıcılıqlarında təkmilləşərək, yazılı ədəbiyyatın janrı kimi cilalana bilmiş, folklorun deyil, yazılı ədəbiyyat nümunəsinə çevrilmişdir. Mirzə Əbdülxaliq Yusif, Haşım bəy Saqi, Mirzə Səməndər, Əliağa Vahid, Baba Pünhan, Məşədi Azər, Yəhya Molla oğlu, Əhməd Anatollu, Ağadadaş Minuri, Dilqəm, Mirzə Bağır, Əlislam, Mirpaşa, Atababa Hicri, Məmmədəli Şəfai, Hacı Kazım, Nəcəfqulu, Ağasəlim Çıldağ, Nizami Rəmzi, Ağamirzə Məmmədov, Kərim Novruzov və başqa sənətkarlar meyxana sənətinin təşəkkül etməsində və janr kimi formalaşmasına böyük zəhmət sərf etmişdilər. Meyxana sənətinin təkamülündə əvəzsiz xidmətləri olmuş söz xiridarlarından biri də Nizami Rəmzidir. Əməkdar incəsənət xadimi şair Eyvaz Borçalı Nizami Rəmzinin meyxana sahəsindəki fəaliyyətini yüksək dəyərləndirərək qeyd etmişdir ki, “onun ən böyük xidmətlərindən biri odur ki, uzun müddət müəyyən dairələrdə unudulmuş və bəyənilməyən ədəbiyyatımızın gözəl bir qolu Nizami Rəmzi kimi fədəkar bir sənətkarın sayəsində ümumxalq istəyinə, ümumxalq tələbatına çevrilə bildi. Meyxana janrı xalqın içərisindən gələn, cövhərindən gələn bir janrdır ki, o, uzun illər bizim şənliklərimizi, toy məclislərimizi bəzəyib”.
Nizami Rəmzi yaradıcılığının problematikası
Nizami Rəmzi yaradıcılığını mütaliə edərkən, ədibin ən çox Əliağa Vahidə müraciət etməsinin şahidi oluruq. Ustad özünü Əliağa Vahidin davamçısı, yəni şagirdi hesab etmişdir. Belə ki, meyxana sənətində ustad-şagird ənənəsi özünü daim göstərmişdir. Meyxanaçılar ustadlarının yolunu davam etdirdikləri kimi, yetişdirdikləri şagirdlərinə də həmin ənənəni davam etdirməklərini aşılamışdılar. Sənətkarın ustadı Əliağa Vahidə həsr etdiyi “Biləsən Vahid” poetik nümunəsində ustadından cavab axtardığı problemlərə işıq salmasına yardım istəyir. Bu yardım istəyi ustadına olan dərin rəğbət və hörmətdən doğur:
Deyirəm ki sən də biləsən Vahid,
Biləsən Vahid, biləsən Vahid.
Bəlkə buna çarə edəsən Vahid,
Edəsən Vahid, edəsən Vahid.
Qəzəlxan Əliağa Vahidə olan ehtiram və hörməti Nizami Rəmzinin “Hər yanda şöhrət qoyub bizim Əliağa Vahid” adlı meyxanasında əksini tapmışdır. Nizami Rəmzi ustad Vahidin yorulmadan yazıb yaratması, müxtəlif mövzulu qəzəllər, meyxanalar qələmə alması, hamı tərəfindən sevilməsi faktlarını nəzm dililə cəmiyyətə çatdıra bilmişdir:
Vahid yeganə olmuş, yeganə də yaranmış,
Süd kimi ağ vərəqlər şairə arxalanmış,
O, qəzəl aləmində yarım əsri dolanmış
Sarsılmaz əmək qoyub bizim Əliağa Vahid.
Hər yanda şöhrət qoyub bizim Əliağa Vahid.
Nizami Rəmzinin 1987-ci il tarixində Respublika sarayında keçirilmiş tədbirdə gənc istedadlara verdiyi dəyər onun öz dediyi kimi “təbrik adıyla bir qafiyə tutub təbrik etməsi” ustadların özlərindən sonra gələn yetirmələrinə verilən dəyərdir:
Doğru fəxrlə yazılıb adları
Kim danacaq o köhnə ustadları.
Təbrik edək yeni istedadları
Sinələrində parlaq nişan olsun.
Bülbül olsun, gül olsun, reyhan olsun
Bizim həyat həmişə firavan olsun.
“Lay-lay Azərbaycan”, “Yazıldı dastanı Azərbaycanın”, “Gör neçə illərdi yalan görmüşəm”, “Sən nə qoymusan, nəyi axtarırsan”, “Vəziryan”, “Qorbaçov”, “Biləsən Vahid”, “Xilaskarımız” və s. meyxanaların müəllifi olan Nizami Rəmzi unutdurulmaqda olan meyxana janrını dirçəldərərək, yaşadığı cəmiyyətə etirazını, dövrün çatışmamazlıqlarını və mühitin koloritini də əks etdirə bilmişdir. Nizami Rəmzi həmçinin müxtəlif şeir, qəzəl, yanıltmac, qaravəlli, siyasi pamflet, mənzum felyeton və s. müəllifidir.
Nizami Rəmzinin meyxana deyənlər içində fərqləndirə bilən üstün cəhətlərindən biri ondan ibarətdir ki, o, toxunduğu məsələlərə yeni metod və üsullarla yanaşır, demək istədiyi fikirləri yeni düşüncə prizmasından açıqlamağa nail olur. Nizami Rəmzi öz aləmininə güzgü tutmaqla, müasir dövrün olaylarını əks etdirir:
Fərz eylə dövrün Həzrəti Loğmanıyam indi,
Ot ilə çiçəydən alınan məlhəm oyansın.
Nizami Rəmzi yaradıcılığında müasir dövrün problemlərini açıqlamağa nail ola bilir. Nizami Rəmzi yaradıcılığında qarşılıqlı təzadların yana-yana gəldiyini müşahidə edirik. Bu da müəllifin öz fikirlərini oxucularına və ya da dinləyicilərinə çatdırmaq baxımından bir ədəbi priyomdur. Nizami Rəmzi biri digərini tamamlayan ikili qarşıdurmalara, məna və boşluq, xəyal və həqiqət, qətiyyət və tərəddüd kimi zidd anlayışlara yaradıcılığında daha çox yer ayırmışdır. Nizami Rəmzinin meyxanaları çağırış kimi səslənməkdədir. Ədibin “Biz bir olub qovanda düşmənimizi” adlı meyxanasında millətə çağırış səsləndirilmişdir:
Hər bir azəri övladı şir olsun,
İstər cavan olsun, istər pir olsun.
Arzum budur hamı durub bir olsun,
Onda yırtarıq ölüm kəfənimizi.
Biz bir olub qovanda düşmənimizi
Təhlükədə qoymarıq Vətənimizi.
Nizami Rəmzinin sanki bu günümüzün problemlərini əks etdirdiyi, günümüzlə tam səsləşən meyxanalarından biri də Füzulişünas alim Əkrəm Cəfərlə söhbəti zamanı səsləndirdiyi meyxanadır.
Yasamalın halına çoxlu dastan yazırlar,
Hətta sakinlər belə gündüzlər də azırlar,
Yorulmurlar bir yeri dəfələrlə qazırlar,
Elə bil əkin yerində şumlayan kotan olur,
Abad olmaqdan qəsəbəmiz get-gedə viran olur,
Yazdıqca qurtarmayır, bir böyük dastan olur.
Əvvəlcə bu yolları gəlib hamarlayırlar,
Qazıntı lazım oldu, kimisə tumarlayırlar,
Təzə döşənmiş yeri dağıdıb korlayırlar,
Xəndəkləri görəndə halımız yaman olur,
Abad olmaqdan qəsəbəmiz get-gedə viran olur,
Yazdıqca qurtarmayır, bir böyük dastan olur.
Mübariz cəmiyyətin etinasızlığının qurbanı kimi millətin qəflətdə qalmasını əks etdirən Nizami Rəmzi düşüncələrini üstüörtülü, eyhamlar vasitəsilə çatdıra bilmişdir. Ustadın meyxana nümunələrində millətinin qəflət yuxusunda yatmasını ictimai sıçrayışlara cavab verə bilməməsi ilə əlaqələndirmişdir. Millətinin “yatması” barədə sətirlərə ədibin yaradıcılığında tez-tez rast gəlinir. Ədib yuxu vasitəsilə millətin müasir durumunu əks etdirir. Yuxu- bu millətin müasir durumudur:
Sabir özü bu barədə səsin çox ucaltmış,
Bir az adam oyansa da, çoxusu yenə yatmış
Xəlqim neçə illərdi ki, yatmış – elə batmış,
Qəflət yuxusundan ayılıb möhkəm oyansın.
Nizami Rəmzi bir müəllif kimi inanmır ki, millət ölür. Müasir nöqsanları o müvəqqəti hal kimi qəbul edir – ona görə də elə yuxudu. Ustadın meyxanalarındakı satira onu dövrünün Sabiri kimi dəyərləndirməyə bizə haqq verir.
“Lay-lay Azərbaycan” adlı meyxanasında ürəkağrısı ilə doğma vətəninin vəziyyətini görməmək üçün yatmasını təbliğ edir:
Lay-lay Azərbaycan lay-lay,
Ayılma yuxudan lay-lay
Nizami Rəmzi “Lay-lay Azərbaycan” meyxanasında şifahi xalq ədəbiyyatına daxil olan nəğmə janrının mərasim nəğmələrinin məzmunca müxtəlif növlərindən biri olan yas mərasim nəğməsi olan ağını (edi) və məişət nəğmələrindən olan laylanı özündə sintez edərək yeni şeir formasını, layla-elegiya nümunəsi yaratmışdır. Filologiya elmləri doktoru Nizami Məmmədovun müasir poeziyada layla-elegiyaların yaranması prosesini Qarabağ savaşı ilə əlaqələndirmişdir: “Müasir poeziyamızda layla-elegiyalar layla, ağı janrının yeni bir forması olub layla və ağı elementlərini özündə ehtiva edən, lakin quruluşuna, vəzninə, qafiyələnmə sisteminə görə dəyişən bir şeir şəklidir. Bu şeir şəklinin yaranması Azərbaycan xalqının arzuolunmaz Qarabağ savaşına cəlb olunmasından sonra şəhidlərin anımı ilə əlaqələndirilir. Layla-elegiyalarda ağı kimi kədər, dərd-ələm, layla kimi əzizləmə, oxşama kombinasiyaları qarışaraq hüzünlü bir şəkildə təzahür edir”. [4,35]
Nizami Rəmzinin “Lay-lay Azərbaycan” layla-elegiyasında layladan çox ağının yer tutması diqqəti cəlb edir. Müəllif ölkəsinin kədər, iztirab əhval-ruhiyyəsini kəskin, üsyankarcasına təqdim edə bilir. Nizami Rəmzinin “Lay-lay Azərbaycan” adlı nəzm nümunəsinə laylalarda olduğu kimi iki misradan ibarət nəqarət də əlavə olunmuş, iki misrası “lay-lay” sözləri ilə başlamışdır. Qeyd etməliyik ki, laylaların iki misrasının əvvəllində və yaxud da iki misrasının sonunda da “lay-lay” sözləri təkrarlanır: “Layla formasına görə də bayatıdan seçilir. Bunlar bəzən “lay-lay” sözləri ilə başlayır, bəzən də “lay-lay” sözləri şeirin sonunda iki misrada məqsədəuyğun şəkildə təkrar olunur”. [1,155]
Dünyada baş verən ictimai-siyasi hadisələri dərindən izləyə bilən Nizami Rəmzi, insanların keçirdiyi həyat tərzlərinin mahiyyətinə vara bilir. Onların iztirab və sarsıntılarını özünkü kimi qəbul edir. Özünün keçirdiyi iztirab və üzləşdiyi problemləri ümumi problem səviyyəsində təqdim etməyə nail olur. Məsələn, şəhər sakininin pessimistliyi, dekadens motivləri də Nizami Rəmzinin bu tip meyxanalarında özünü göstərməkdədir:
Neçə ildi boş qalıb yağ bardağım,
Dolubdu içinə tozum-torpağım.
Evdə yoxumdu ehtiyat ərzağım,
Mən kasıbam, bizdə siçan olmayır.
Nizami Rəmzinin “Ax neçə illərdi yalan görmüşəm” adlı meyxanasında müəllifin pessimist yanaşması da əksini tapmışdır. Ustad gələcəyə dair ümid və arzuların qalmadığını, hər şeyin mənasızlaşmağını, itirildiyini əks etdirmişdir:
Ax neçə illərdi yalan görmüşəm,
Varımı, yoxumu talan görmüşəm.
Bu gündən sabaha güman olmayır,
Yeyib-içən adam yaman olmayır.
Ax neçə illərdi yalan görmüşəm
Varımı, yoxumu talan görmüşəm.
“Gəl Bakıya tutaq təzə qafiyə” meyxanasında Nizami Rəmzi tarixi gerçəkliyə münasibətini bildirmişdir. K.Yaspersin qeyd etdiyi kimi, “keçmişə müraciət bizi insan varlığının sirlərinə yaxınlaşdırır”. Bu baxımdan, Nizami Rəmzinin “Gəl Bakıya tutaq təzə qafiyə” meyxanasında xalqın tarixi keçmişi xatırlanmış, yaşadığı dövrdə də baş vermiş tarixi hadisələrə yaradıcı bir insan kimi münasibət bildirilərək poetik dillə qələmə alınmışdır:
Laçın, Kəlbəcər qanında üzəndə,
Qazax, Tovuz od içində gəzəndə.
Qaçanlar şəhərdə alver edəndə
Gəncə, Bakı gedirdi əsgərliyə.
Şair gərək hər gün təzə söz deyə
Gəl Bakıya tutaq təzə qafiyə.
Nizami Rəmzinin düşüncələri öz həyatında şahidi olduğu real həyatı əks etdirmişdir.
Cəmiyyətdə tarixi hadisələrin mahiyyətinin şüurlu şəkildə təhrif olunması hallarına da təsadüf olunur. Nizami Rəmzi “Ax neçə illərdi yalan görmüşəm” adlı meyxanasında bu amili qabartmağa nail ola bilmişdir:
Dünya vəfasızdı dəyişdi donu
Böyük kainatın sonsuzdu sonu.
Milyonu keçmişdi pambığın tonu
Onu plan deyil, palan görmüşəm.
Ax neçə illərdi yalan görmüşəm
Varımı, yoxumu talan görmüşəm.
Nizami Rəmzi “Biz bir olub qovanda düşmənimizi” meyxana nümunəsində dünyada özünü büruzə verən hər hansı siyasi, ideoloji, sosial hadisələr, Azərbaycan-Ermənistan müharibəsi və ondan sonra baş verən hadisələr əksini tapmışdır. Azərbaycana qarşı aparılan mənfur siyasətlərə etiraz səsini ucaldan Nizami Rəmzi bu amili “Təhlükədə qoymarıq Vətənimizi” adlı meyxanasında belə qeyd etmişdir:
Qarşısına çıxıb təvacüzkarın
Sipər etməliyik öz bədənimizi.
Biz bir olub qovanda düşmənimizi
Təhlükədə qoymarıq Vətənimizi.
“Sən nə qoymusan nəyi axtarırsan” adlı meyxana nümunəsində də dünyada baş verən siyasi oyunların ölkəsindən də yan keçməməsinə işıq sala bilmişdir:
Çirkin düşmən ürəyinin kini ilə
Şəhidimizi dəyişdirir diri ilə.
Partiyalar dil tapmır bir-biri ilə
Sən nə qoymusan nəyi axtarırsan.
Nizami Rəmzinin meyxanalarında dəfələrlə neft sərvətlərinindən əldə edilən gəlirlərin sosial ədalət prinsipi əsasında istifadə edilməsinə çağırışlar da əksini tapmaqdadır:
Neftimizin çoxaldıqca qolları,
Bağışlanır sərvəti, məhsulları.
Pis gündədir Abşeronun yolları,
Özgəsin abad eləyir Abşeron.
Şairin etik görüşlərinin özəyini islam dəyərlərinin təşkil etməsi diqqətdən yayınmır. Nizami Rəmzi qələmə aldığı poetik nümunələrdə islamın davamçısı olması barədə qeydlərini etmişdir. Nizami Rəmzinin meyxanası – son illər geniş yayılmaqda olan “meyxanaçılıq”dan fərqlənməkdədir. Bu baxımdan, Nizami Rəmzinin nəzm nümunələri islam dinini təmannasız təbliğ etməsi ilə də diqqəti cəlb edir:
Yalan sözü bu dünyada sanmaram,
Həqiqət olmasa heç nə anmaram.
Həyatımda pak dinimi danmaram,
Əhli-müsəlmanımın övladıyam.
Nizami Rəmzinin “Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdi” adlı meyxanası siyasi, ictimai problemləri əks etdirsə də, islamın, islam dəyərlərinin təbliği yer tutmuşdur. Nizami Rəmzi islam və islam dəyərlərini böyük şövq və məhəbbətlə tərənnüm etmişdir:
Yüz iyirmi dörd min mənim nur peyğəmbərim var,
Məkkə, Mədinə, Xorasan, həm də Kəbələrim var.
Seyidim, müştəyidim, bir də mələklərim var
Sən zülmətdə qalarsan, nuri çıraq mənimdir.
Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdi,
Torpaqdan pay olmayıb, ana torpaq mənimdir.
Nizami Rəmzinin “Nələr olmuş” adlı meyxanasında müsəlman olmağımız, Qurani-Kərimə bağlılığımız açıqlanmışdır:
Müsəlman əhliyik Qurana inanmışıq biz,
Allah veribdir ruzi bizə dolanmışıq biz.
Adəm babamdan, Həvva nənədən yaranmışıq biz
Varsa həqiqətlər deməyə əfsanələr olmuş.
Dünya yaranandan bəri qəm xanələr olmuş,
Qəm-qüssəni unutmağa meyxanalar olmuş.
Meyxananın xalqın yaddaşlarında yaşadığını və yaşayacağına əmin olmuş Nizami Rəmzinin qeyd etdiyi kimi meyxanalar xalqı qəm-qüssədən uzaqlaşmasına yardım etmişdir:
Dünya yaranandan bəri qəm xanələr olmuş,
Qəm-qüssəni unutmağa meyxanalar olmuş.
Şair Azərbaycana qarşı mübarizənin tərkib hissəsi kimi islama və islami dəyərlərə qarşı addımları qəbul edərək qələmə almışdır:
Tariximizi küncə yuvarlatdılar,
Dinimizə birinci əl atdılar,
Bütün məscidlərimizi bağlatdılar,
Kəsildi azanı Azərbaycanın.
Nizami Rəmzi meyxanalarının bədii obrazları
Nizami Rəmzi qələmə aldığı meyxanalarda bir çox obrazlar yaratmağa nail ola bilmişdir. Tarixi şəxslərin meyxanada surət kimi canlandırması maraq kəsb edir. Nizami Rəmzinin “Hacı Zeynalabdin Tağıyev”, “Nizami Gəncəvi”, “Mikayıl Müşfiq”, “Qorbaçov” və digər meyxanalarında tarixi şəxsiyyətlərin obrazları canlandırılmışdır.
“Hacı Zeynalabdin Tağıyev” adlı meyxanasında biz ilk dəfə qızlar məktəbi açmış, opera müğənnisi kimi yetiştdirdiyi Şövkət Məmmədovaya təqaüd verərək İtaliyaya təhsil almğa göndərməsi, Bakıya Şollar suyunu çəkdirməsi, Nəriman Nərimanova təhsil almasına yardım etməsi və s. əməllər həyata keçirmiş xeyirxah insanın obrazı gözümüzdə canlandırılmışdır:
Xəlqə qanad verib qanadlandıran,
Bəs Hacını nələr oldu yandıran?
Nərimanovu da savadlandıran.
Ay Hacı Zeynalabdin Tağıyevdir.
Nizami Rəmzi “Mikayıl Müşfiq” adlı meyxana nümunəsində nakam şairimiz Mikayıl Müşfiqi vəsf etmişdir. N. Rəmzi kiçik bir meyxana nümunəsində nakam şairin həyatını göz önündə canlandırmış, ona xas xarakterik xüsusiyyətləri açaraq şairin obrazını yarada bilmişdir:
Müşfiq bir bülbüldü çəməndə getdi,
O, qönçələri gül görəndə getdi.
Şair qızıl sözlər sinəndə getdi
Sən onları apardın hara Müşfiq?
Bənzərin var gözəl bahara Müşfiq,
Rəssam oldun bu laləzara Müşfiq.
Gözümüz önündə ömrünün bahar çağında dünyasını dəyişmiş Mikayıl Müşfiqin obrazı nakam ömür sürmüş insanın obrazı kimi canlanır. Lakin Nizami Rəmzi Mikayıl Müşfiqin bu dünyaya elə-belə boş həyat sürmədiyini, məcburi olsa da həyatdan köçməsinə rəğmən, həyatdakı missiyasını həyata keçirdiyinə də işarə edir. Bu müəllifin “rəssam oldun bu laləzara Müşfiq” kimi xitabında görmək mümkündür. Müşfiq özünəməxsus şeirlərdən ibarət lalaləzarlıq yarada bilmişdir.
Sənətkar “Qorbaçov” adlı meyxanasında M.S. Qorbaçovun hakimiyyətə gəlməsi ilə hamını pərişan etməsi faktı əksini tapmışdır. Ustad Qorbaçovun cəllad olmasını Hitlerin ondan rəhmli bir insan olması faktı ilə müqayisədə qabartmışdır:
Hitler səndən rəhmli insan olub,
Qırdın qoca, cavanı Qorbaçov
Saxlayırsan İrəvanı Qorbaçov,
Axıdırsan nahaq qanlar Qorbaçov.
kimi fikirləri nəzmə çəkən Nizami Rəmzi M.S. Qorbaçovun 20 Yanvar faciəsini törətməsinə, nahaq qanlar tökməsinə və s. işarə edir. Nizami Rəmzi qələmə aldığı daxili düşmənlərin eli üçün xarici düşmənlərdən təhlükəli olması faktına da toxunmuşdur. Amma şair daxili düşmən obrazını konkterləşdirmir:
Taleyimizi həll edirdi Şaumyan,
Onun hesabına çox oldu qurban.
Xəlqim yaşayırdı azad, firavan
Daxildən olmasaydı düşmanımız.
Nizami Rəmzi “balaca” yəni “sadə” insan obrazını da yaratmağa nail olmuşdur. Məhz şair özünü fəhlələrə identifikasiya edir. Yaşadığı müasir cəmiyyətdə “fəhlə”nin yerini aça bilir. Cəmiyyətin qapalı olmasına və faktiki elita və adi insanların problemini qabarda bilmişdir. Şair çəkinmədən bu “elita”nın hüquqi olmayan idarəetməsinə də işarələr etmişdir:
Mədənlərdə, zavodda dolanmışam
Hər deyilən sözlərə inanmışam.
Fəhləyəm, çox yerlərdə aldanmışam
Üst-başımı görüb mazut deyirsən.
Nizami Rəmzinin yaradıcılığında Bakı obraz səviyyəsinə yüksəldilmişdir. Onun “Gəl Bakıya tutaq təzə qafiyə”, “Bakı” və s. şeirlərində doğma Vətənin paytaxt şəhəri olan Bakıya olan sevgi, rəğbət əksini tapmışdır.
Sənətkar ustadın “Gəl Bakıya tutaq təzə qafiyə” adlı poeziya nümunəsində Bakının yalnız dünyadakı şəhərlərə deyil, bütün ölkələrə parlaq bir nişan olması tərənnüm edilmişdir:
Bakl olardı qızıl-zər içində,
Bəslənərdi müşri-ənbər içində
Şirin şəhərdi şəhərlər içərində
Saf, parlaq nişandı hər bir ölkəyə.
Şair gərək hər gün təzə söz deyə
Gəl Bakıya tutaq təzə qafiyə.
Nizami Rəmzi Bakının onun üçün doğma olmasını “Bakı” şeirində tərənnüm etmişdir. Sənətkar Bakıdan kənarda qala bilməyəcəyini xüsusi olaraq vurğulamışdır.
Yer də, göy də ziynətə dönsə,
Bütün aləm cənnətə dönsə,
Mən Bakısız qala bilmərəm,
Heç Bakısız ola bilmərəm.
Nizami Rəmzi meyxanalarının janr xüsusiyyətləri
Nizami Rəmzi Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin kəlam və ifadələrini meyxanalarında məharətlə istifadə etmişdir. Bu istifadə priyomunu tarixi xronikaya imitasiya kimi qiymətləndirsək yanılmarıq. M.Ə.Sabir “motivləri” Nizami Rəmzi sənətinə təsir göstərmişdir. Ədibin meyxanaları açıq və ya qapalı şəkildə eyhamlarla doludur. Meyxanaçı rəmz və alleqoriya vasitələrindən istifadə edərək oxucusunu və ya dinləyicisini cəmiyyətdə baş verən sosial vəziyyətin, psixoloji durumun şahidinə çevirir. Mirzə Ələkbər Sabirin “Millət necə tarac olur olsun, nə işim var?!” satirasında işlətdiyi “Qoy mən tox olum, özgələr ilə nədi karim” misrasındakı “Qoy mən tox olum” ifadəsini qələmə aldığı meyxana nümunəsində istifadə etmişdir. M.Ə.Sabir yaradıcılığından qaynaqlanaraq istifadə etdiyi ifadə ilə cəmiyyətdəki etinasızlığa, atıla biləcək yanlış addımlara, səhvlərin törədə biləcəyi fəsadlara diqqəti “Gəl Bakıya tutaq yeni qafiyə” adlı nəzm nümunəsində yönəltməyə nail ola bilir:
Əsli-nəsli bəy olanlar xəlq içində üzü ağ,
Nə qədər müflis ola - ətri-təravət törədər.
Kimi “qoy mən tox olum” təkcə düşünərsə özün,
Bu fikir arxada ki, nəsilə xəsarət törədər.
Nizami Rəmzinin Hüseyn Cavidin “Knyaz” dram əsərində Knyazın söylədiyi “ölmək yaşamaqdır, Sərsəm yaşayış ömrə yamaqdır” misraları “Cavid deyib ölmək yaşamaqdır, Sərsəm yaşamaq ömrə yamaqdır” kimi “Cavid deyib ölmək yaşamaqdır” adlı meyxana nümunəsində nəqarət şəklində təqdim etmişdir:
Dərya yox olar olmasa sahil,
Səhvinlə düz eyləmə batil.
Nadanlara söz söyləsə aqil,
Cahil deyəcək dəymə uşaqdır.
Cavid deyib ölmək yaşamaqdır,
Sərsəm yaşayış ömrə yamaqdır.
Nizami Rəmzinin M.Ə. Sabir, H. Cavid və digər tarixi şəxsiyyətlərin hikmətli kəlam və fikirlərindən istifadə etməsi, onun ədəbiyyata, millətin tarixinə, dünyanın coğrafiyasına, siyasi mühitinə dərindən bələd olmasının göstəricisidir. Müxtəlif illərdə qələmə aldığı meyxana nümunələri və b. nəzm nümunələri onun öz üzərində daim çalışmasına bir işarədir.
Yaradıcı peşə sahibi olan Nizami Rəmzinin meyxanalarını mütaliə edərkən və ya dinləyərkən müəllifi olduğu meyxanaların ritmi, forması, janr xüsusiyyətləri təhrif olunmaması, yəni meyxananın deklamasiya qaydalarına professional səviyyədə riayət olunması diqqətdən yayınmır. Nizami Rəmzi tərəfindən meyxananın özünəməxsus söyləmə qaydaları da diqqəti cəlb edir. Belə ki, Nizami Rəmzi söylədiyi meyxananın poetik mətnini musiqi ritmi ilə səsləndirməyin, musiqi ritmini, sözlərin düzümünə görə ritmin xırdalanmasına və iriləşməsinə, eləcə də yambik, xoreik dönümlərin bir-birini əvəzləməsinin öhdəsindən professional şəkildə gəlir. Söyləmiş olduğu meyxanaların standart heca vəznindən uzaqlaşdıraraq əruz metrli şeirlərə yaxınlaşdırmağa nail olur ki, meyxananın belə ritmik variantlılığı onu musiqi janrı kimi də qavranmasına imkan verir.
Nizami Rəmzinin meyxanada yenilik etməsi meyxananın musiqilə ifa etməsində özünü büruzə vermişdir. Ustad sənətkar həmçinin meyxana janrında janr qarışıqlığını həyata keçirmişdir. Nizami Rəmzi meyxananı caz ilə ifa edərək, meyxana sahəsində olan yeniliklərdən birini həyata keçirə bilmişdir. Nizami Rəmzinin Xalq artisti Bilal Əliyevlə birgə ifa etdyi “Torpaqdan pay olmaz” adlı “cazmeyxana” meyxana ilə cazın qarışığının kamil nümunəsidir.
Nizami Rəmzi qələmə aldığı nəzm nümunələrində nəzmə xas olan ahəng, ölçü, qafiyə, rədif, bölgü kimi əlamətlərini izləməyə cəhd etmişdir. Sənətkarın qələmə aldığı nəzm nümunələrinin ölçüləri müxtəlif bölgülərdə olması, bölgülərin müxtəlif olması səbəbindən ayrı-ayrı ahəngdə səslənməsinin də şahidinə çevrilirik. Nizami Rəmzinin poetik nümunələrinin tələffüz baxımından bir-birinə yaxın olan və ya oxşar səsləşməsinə riayət etməsi də maraq doğurur. Nizami Rəmzinin müəllifi olduğu nəzm nümunələrindəki qafiyələr müxtəlif növ olması ilə diqqəti cəlb edir. Nizami Rəmzi yaradıcılığında qafiyələrin zəngin, yoxsul, daxili, çarpaz kimi qafiyə növlərinə rast gəlinir. “Sən nə qoymusan nəyi axtarırsan” adlı meyxanasında qafyədəki səslərin çoxu bir-birilə səsləşdiklərindən zəngin yəni tam qafiyə kimi özünü göstərir:
Qarabağda düşmən edir cinayət,
Doğma ocağından qaçır camaət,
Əməldə yox, dildə qopur qiyamət
Sən nə qoymusan nəyi axtarırsan.
Təqdim edilmiş bənddə cinayət, camaət, qiyamət sözlərində bütün hecalar bir-biriləri ilə səsləşirlər.
Nizami Rəmzinin meyxanalarında rədiflər bəzən meyxanə nümunəsinin bütün bəndlərində özünü büruzə vermir. Məsələn, “Cavid deyib ölmək yaşamaqdır” adlı meyxana nümunəsində bunu müşahidə edirik:
Zalım çomağını oynada bilmiş,
Acizləri çox ovlada bilmiş.
Əzrayılı kim aldada bilmiş
Axmaqda bilir ki, ölüm haqdı.
Təqdim edilən nümunədə oynada, ovlada, aldada bilmiş sözləri qafiyə təşkil edirsə, bilmiş sözü rədifdir.
Nizami Rəmzinin “Bakı” adlı meyxanasında da rədifin işlənilməsinə diqqət yetirək:
Yerdə, göydə zinətə dönsə,
Bütün aləm cənnətə dönsə,
Mən Bakısız qala bilmərəm,
Heç Bakısız ola bilmərəm.
Nümunədə zinətə, cənnətə, qala, ola sözləri qafiyə dönsə, bilmərəm sözləri isə rədifdir.
Nizami Rəmzinin yaradıcılığında meyxananın Azərbaycan ədəbiyyatında müvəşşəh və ya akrostix adlanan şeir formasında tərtib etməsi yaradıcılığında maraqlı məqamlardan biridir. Müvəşşəh və ya akrostix adlanan şeirdə hər misranın baş hərflərini yuxarıdan aşağıya oxuduqda söz və ya ifadə əmələ gəlir. Müvəşşəhin müxtəlif formaları mövcuddur ki, Nizami Rəmzi müvəşşəhin ən geniş yayılmış formasından istifadə etmişdir. Məsələn, ustad aşağıda təqdim edilən nümunədə, hər misranın ilk hərflərindən istifadə edərək “Mətləb Qədiməli” ifadəsini yaratmışdır.
Mətləb diləyən bəndə günün ağ olacaqdır,
Əhdin gül açıb, bir yeni növrağ olacaqdır.
Tale səni hər arzuna çatdırsa, dua et,
Ləzzətlə gələn gün daha parlağ olacaqdır.
Əl çəkmə, verilmiş sənə fürsət, onu xoş bil,
Bu can ilə cismin nə qədər sağ olacaqdır.
Qeydinlə çoxaldıb on ağac bəsləyə bilsən,
Əlbəttə, baxarsansa bağa, bağ olacaqdır.
Düz tərbiyə almışlara insan deyəcəklər,
İsmətli olanlar ucalıb dağ olacaqdır.
Minnətsiz, ürəkdən kiməsə yaxşılıq etsən,
Əslin-nəsəbin ali, xoşəxlağ olacaqdır.
Lal olsa, işarəylə deyər hər dəfə Rəmzi:
İnsan köçəcəkdir, yenə torpağ olacaqdır.
Nizami Rəmzinin digər bir nəzm nümunəsi də müvəşşəh şeir formasında qələmə alınmışdır. Qəzəlin hər misranın ilk hərflərindən istifadə edən sənətkar “Həci Nəsir Mömin” ifadəsini yaratmışdır:
Hatəmdəki hatəmliyi xəlq etdi İlahim,
Əlbət babam Adəmsə, demək yoxdu günahim.
Cismim yaranan gündən həyatimda mənimçün,
İslam olub, İslam olacaq nuri sabahim.
Neysan dayanan tək görünür xurşidi-nurun,
Əzm indi qara zülfə yaraşıq, nə izahim.
Sakit gecədir, ay da öz ulduzlari ilə,
İncəldi, dinərkən o zərif, incə segahim.
Ruhum nə qədər dövr eləsə, gəzsə bədəndə,
Məlum ki, xeyir-şər daşıyir cümlə cinahim.
Ömrüm nə qədərdir, o qədər vermiş İlahi,
Məbadə! Xızr ömrünə yox zərrə tamahim.
İlk kəlmədə Rəmzini eşitsən, biləcəksən,
Naməylə deyir: Tanrı, sənə çoxdu pənahim.
Nizami Rəmzinin “Azərbaycan Respublikasının sabiq sənaye naziri, Ekologiya Komitəsinin sabiq sədri olmuş Arif Mansurova (1939-2003) həsr etdiyi “Şəhərim adlı” adlı qəzəli müvəşşəh şeir formasında tərtib edilmişdir.
Nizami Rəmzi meyxanalarının bədii dili
Nizami Rəmzinin qələmə aldığı poetik nümunələrin dili rəngarəngliyi və müxtəlifliyi ilə diqqəti cəlb edir. Ədibin qələmə aldığı bədii nümunələrin dil tərkibi, istifadə etdiyi bədii təsvir və ifadə vasitələri işlənmə məqamına və müxtəlifliyinə görə fərqlənir. Bu fərqlilik Nizami Rəmzinin qələmə aldığı bədii nümunələrə məxsus xüsusiyyət kimi özünü büruzə vermişdir. Nizami Rəmzinin meyxanalarının dil tərkibində arxaizm, neologizm, varvarizm, vulqarizm, termin, dialektizm özünüməxsus şəkildə yer tutmaqdadır. Nizami Rəmzinin meyxanalarının bədii dil tərkibini daha çox vulqarizm və dialektizmlər əhatə etməkdədir. Bu da meyxana janrının tələblərindən meydana çıxan bir amildir.
Nizami Rəmzinin ədəbi dildə işlənməyən kobud sözlərə tez -tez müraciət etməsi müəllifi olduğu meyxana nümunələrinə zərər gətirmir, əksinə təsvir edilən hadisələrin baş verdiyi mühiti, obrazların mədəni səviyyəsi, törətdiyi əməlləri və s. haqqında ətraflı təsəvvür yaradır. Nizami Rəmzinin istifadə etdiyi kobud sözlər, yəni vulqar sözlər meyxana nümunələrində yerində işlənməsi baxımından təqdirəlayiqdir. Nizami Rəmzi “Qorbaçov” adlı meyxanasında istifadə etdiyi vulqar sözlərlə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985-1991), SSRİ-nin ilk və son prezidenti (1991), ən əsası isə Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı olmuş M.S. Qorbaçovun qəddar və ədalətsiz adam olduğunu göstərmək üçün istifadə etmişdir. Müəllif istifadə etdiyi “rus donuzu”, “ağ donuzun kəlləsi” və s. ifadələr vulqarizm nümunələridir:
Fikirləşib çox xəyala daldılar,
Ağlın dövlət, var ilə aldılar.
Rus donuzu səni ələ saldılar,
Oynadın onlar çalanı Qorbaçov.
Saxlayırsan İrəvanı Qorbaçov,
Axıdırsan nahaq qanlar Qorbaçov.
Nizami Rəmzinin Qorbaçovu donuzla müqayisə etməsi təsadüfi deyil. Belə ki, Avropada donuzun qeyrətsizlik simvolu olması da bəlli faktdır. Onu da qeyd edək ki, müqəddəs kitablarda donuz haram, şeytanın simvolu kimi təqdim edilmişdir. Qurani-Kərimdə donuzun haram olması qeyd edilmişdir: “O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini... (yeməyi) qəti haram etmişdir”. (“Bəqərə” surəsi, ayə: 173; “Maidə” surəsi, ayə: 3; “Ənam” surəsi, ayə: 145; “Nəhl” surəsi, ayə: 115)” İncildə isə günahkarların donuza bənzədilməsi, nəql olunan hadisələrdə donuzun şeytan simvolu kimi verilməsi də özünü göstərmişdir.
Ustadın “İt qanına dönüb qanı Reyqanın” adlı meyxanasında ədəbi dildə işlədilməyən kobud sözlərə yer verilmişdir:
Bir ox kimi atılıbdır kamandan,
Elə bil öküz qırılıbdır kotandan.
Bu it oğlu nə istəyir cahandan,
İtib adamlıq imanı Reyqanın.
İt qanına dönüb qanı Reyqanın,
Beylənçi çıxacaq canı Reyqanın.
Nizami Rəmzinin meyxanaları dialektizmlərlə də zəngindir. Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinə daxil olan Bakı dialektinə aid sözlərin işlənilməsi sənətkarın məhəlli sözlərə bağlılığından irəli gəlmişdir. Bəllidir ki, dialektizmlər bədii dilin digər tərkib hissələri kimi bədii əsərlərdə obrazı fərqli şəkildə təqdim etməyə xidmət edir. Nizami Rəmzinin dialektizmlərdən istifadə etməsi isə aid olduğu regionun, həmçinin özünün danışıq tərzinin əksidir.
Dialektizmlər bir şəhər və ya müəyyən bir zonada yaşayan insanlar tərəfindən başa düşülməsinə rəğmən, Nizami Rəmzinin istifadə etdiyi dialekt sözlər hamı tərəfindən anlaşılır. Məsələn, Nizami Rəmzinin istifadə etdiyi “nöş” sözü “nə üçün” sözünün canlı dildə işlənən qeyri-müəyyənlik bildirən təhrif edilmiş forması kimi özünü göstərir. “Görəsən dünyaya nöş gəlib insan” meyxanasında Bakı dialektinə aid “nöş” sözünü istifadə etmişdir:
Biri nökər gəlir, birisi ağa
Biri dəriyə düşür, biri çıxır dağa,
Torpaqdan yaranan gedir torpağa
Bunu sübut edir tarixi-dövran.
Görəsən dünyaya nöş gəlib insan?
Nizami Rəmzi meyxanalarında dialektizmlərə tez-tez müraciət etməsilə diqqəti cəlb edir. Meyxanaları söyləyərkən Bakı ləhcəsi ilə deməsi daha maraqla dinlənilməsinə səbəb olmuşdur. Ustadın “Gəlin daha danışmayaq yalandan” adlı meyxanasında dialekt sözlərə müraciət özünü göstərmişdir:
İş görəndə gərək him-çim olmasın
Alım verim, verim keçim olmasın.
Mərd oğullar namərdlər kimi olmasın
Vəzifəyə dırmaşmayaq yalandan.
Hər bir işə qarışmayaq yalandan,
Gəlin daha danışmayaq yalandan.
Nizami Rəmzi müəllifi olduğu meyxanalarda sözləri zərgər kimi işlətməyi bacarmışdır. Məharətlə istifadə istifadə etdiyi sözlər yalnız həqiqi mənalarında deyil, həmçinin məcazi mənalarda da özünü büruzə vermişdir. Sözün məcazi mənası əsasında yarandığına görə məcazlar da adlandırılan bədii təsvir vasitələri Nizami Rəmzi meyxanalarında özünü epitet, təşbeh, metafor, metonimiya,simvol kimi bədii təsvir vasitələrilə göstərmişdir.
Məsələn, Nizami Rəmzi bədii dildə müəyyən cisim və hadisəni bildirən söz və ifadələrin əvəzinə, onunla əlaqədar yaranmış başqa söz və ifadələri işlədərək metonimiya yarada bilmişdir. Sənətkarın Azərbaycan əvəzinə “Odlar yurdu”, əhalinin kasıb təbəqəsini “qara millət” və s. söz və ifadələr şəklində işlədərək meyxanalarda metonimiya nümunələri yaratmışdır.
Nizami Rəmzinin “Gəl Bakıya tutaq təzə qafiyə” meyxanası istifadə etdiyi bədii təsvir vasitələri ilə dinləyicisinin və ya oxucusunun diqqətini meyxananın məğzinə diqqət yetirməyə vadar edir. Nizami Rəmzi metonimiyalara tez-tez müraciət etmişdir. Aşağıda göstərilən bənddə Azərbaycan əvəzinə Odlar diyarı kimi ifadə işlətməsi diqqəti cəlb edir:
Sirri bəs Odlar diyarının nədir?
Atəşgahın aləm gəlib seyr edir.
Əsil Bakı adı Badu-kubədir,
Yəni küləklər şəhəridir deyə
Şair gərək hər gün təzə söz deyə
Gəl Bakıya tutaq təzə qafiyə.
Nizami Rəmzi bədii dildə müəyyən bir cismi bildirən Azərbaycan sözü əvəzinə, onunla əlaqədar olan “Odlar diyarı” ifadəsini işlətməklə metonimiya yarada bilmişdir.
“Sən nə qoymusan, nəyi axtarırsan?” meyxanasında kasıb təbəqəni “qara millət” adlandırmışdır:
İstəyir aşkar, istəyir xəlvəti
Məqam tapıb işlətməyir fürsəti.
Azdırırlar yenə “qara milləti”
Sən nə qoymusan, nəyi axtarırsan?
Nizami Rəmzinin söylədiyi “Tutdur tutumdur, bele tutdur tutum, tutumlu tutdur, belə tutdur tutum…” meyxanasında tut ağacının simvol kimi işlənilməsini müşahidə edirik. Onu qeyd etməliyik tut ağacı simvol kimi yalnız türk xalqlarının deyil, dünya xalqlarının dünyagörüşündə özünə yer tapmışdır. Məsələn, Qədim Misir, Çin mifologiyasında tut ağacı həyat ağacının simvolu kimi, Yapon mifologiyasında tut insanları qoruyan xeyirxah ruh kimi özünü göstərmişdir. İnanclara görə tut ağacını qurumamış kəsilməsi günah, bəhrəsini isə satmaq yasaq imiş. Xalqımız tərəfindən yeddi düyünlü, iri koğuşlu tut ağacları müqəddəs hesab edilir, ona niyyət dilənilir. Tut ağacının xalqın həyatı ilə sıx bağlı olması Nizami Rəmzi tərəfindən “Tutdur, tutumdur, bele tutdur tutum, tutumlu tutdur, belə tutdur tutum…” meyxanasında açıqlanmışdır:
Tut kökünü salıb Azərbaycana
Hər tərəfli faydalıdır insana.
Onun şöhrəti yayılıb hər yana
Tutdur, tutumdur, bele tutdur tutum
Tutumlu tutdur, belə tutdur tutum…
Nizami Rəmzi bədii dilin mürəkkəb tərkib hissələrindən biri olan bədii ifadə vasitələrindən də məharətlə istifadə etmişdir. Bədii sual, bədii təzad, təkrir, kinayə, mübaliğə, lilota, inversiya kimi sintaktik fiqurlar ustadın meyxanalarında özünü göstərmişdir.
Məsələn, Nizami Rəmzi meyxanalarında inversiyadan istifadə edilmə daim özünü göstərməkdədir. Müəllif meyxanalarda aşılamaq istədiyi fikirləri daha ifadəli çatdırmaq üçün sözlərin qrammatik sırasını məqsədli şəkildə pozmuşdur. “Qarğa” adlı meyxana nümunəsində inversiyaya diqqət yetirək:
Bülbüllər seyr edir gözəl gülləri,
Gül bağıdır onların mənzilləri.
Qarğalar isə eşir zir-zibilləri,
Tör-töküntülərdir qida qarğaya.
Hardan gəlib çatıb səda qarğaya,
Üç yüz il ömür verib xuda qarğaya.
Nizami Rəmzinin müəllifi olduğu bu misralarda sözlər qrammatik qaydaya uyğun deyil. Ustad qrammatik qaydaya riayət etsəydi, həmin misralardakı sözləri qrammatik qaydaya uyğun düzərsək aşağıdakı formada özünü göstərərdi:
Bülbüllər gözəl gülləri seyr edir,
Onların mənzilləri gül bağıdır.
Qarğalar isə zir-zibilləri eşir,
Qarğaya qida tör-töküntülərdir.
Səda hardan gəlib qarğaya çatıb,
Xuda qarğaya üç yüz il ömür verib.
Nümunələrin müqayisəsini apardıqda Nizami Rəmzinin təlqin etdiyi fikirlərin poetik ifadəsi üçün inversiyaya müraciət etməsi zərurət kimi özünü büruzə verir. Nümunələrdən bir daha şahidi oluruq ki, Nizami Rəmzinin inversiyadan istifadə etməklə fikirlərini daha ifadəli çatdırmağa nail ola bilmişdir.
Nəticə
Nizami Rəmzinin həyatı gerçəklikləri yüksək sövqlə vəsf edərək, tənqid də edə bilmişdir. Tənqidi fikir söyləmək bütün dövrlərdə cəsarət tələb etməsi qaranlıq məqam deyil. Nizami Rəmzinin müəllifi olduğu meyxana nümunələrindən əksər qismi ədibin cəmiyyətdəki nöqsanlara tənqidi münasibətini əks etdirmişdir. Nizami Rəmzinin bu cəsarəti onu cəmiyyətin sevimlisinə çevirməklə yanaşı, yaddaşlarda yaşamasına səbəb olmuşdur. Nizami Rəmzi yaratdığı meyxanaları ilə meyxana sənətində öz dəsti-xəttini qoya bilmiş, meyxananın ilk dəfə yazılı ədəbiyyata gətirmiş Əliağa Vahid, Ağasəlim Çıldağ və digər meyxana ustadları kimi öz meyxana məktəbini yaratmağa nail ola bilmişdir. Xalqın dərdi -səri ilə alışıb yanan ustadın yaratdığı məktəbin davamçıları bu gün onun meyxanalarını yaşatmaqdadılar.
Ədəbiyyat:
1. Babayev İ., Əfəndiyev P., Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı: Maarif, 1970, 268 s.;
2. Cabbaroğlu C. Meyxananın anatomiyası. // URI: http://meyxana.net/forum/showthread.php?15450-Meyxananin-anatomiyasi;
3. Əsgərli Z. Meyxana, yoxsa bədyə? // “Ədəbiyyat qəzeti”, 2010, 18 iyun, s. 6;
4. Qasımlı M. Ozan-aşıq sənəti. Bakı: Uğur, 2007;
5. Məmmədov N. Müstəqillik dövrü Azərbaycan şeiri və folklor. Filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyanın avtoreferatı. Bakı, 2018, 53 səh.;
6. Nəcəfzadə A. Meyxana janrı - Azərbaycanın qədim folklor nümunəsi // “Konservatoriya” №2 (36), 2017 // http://konservatoriya.az/?p=2872;
7. Rəhimova A. Azərbaycan musiqisində meyxana janrı. B.: Nurlan, 2002, 122 s.;
8. Rəmzi N. Mahnılar və qəzəllər (tərtib edib çapa hazırlayanı A.Nəcəfzadə). I nəşr. B.: Min bir mahnı MMC, 2004;
9. Rəmzi N. Meyxanələrin bir dənə pərvanəsi oldum... (redaktor və tərtibçi N.Məmmədli). B.: Nurlan, 2003;
10. Rzayev N. Azərbaycan meyxanalarının janr xüsusiyyətləri. Filologiya üzrə fəlsəfə dokt. elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2016, 28 səh.;
11. Tağısoy N., Zakariyya Z. Meyxanənin poetikası. Bakı, Çaşıoğlu, 2011. 456 səh.
Salidə ŞƏRİFOVA,
professor, filologiya elmləri doktoru
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.