Gürcüstanın türk mənşəli etnotoponomləri: tarix, müasir vəziyyət və gələcək (II hissə)

Gürcüstanın türk mənşəli etnotoponomləri: tarix, müasir vəziyyət və gələcək (II hissə) AVCİYA-nın “BORÇALI SÖHBƏTLƏRİ” Layihəsi çərçivəsində professor Asif Hacılı
və Borçalı əsilli dilçi alim, filologiya üzrə fəlsəfə doktoru, Heydər Əliyev adına AAHM-in baş müəllimi
Hüsniyyə Mədəd qızı Çobanovanın Gürcüstanın türk mənşəli etnotoponomlərinin tarixi, müasir vəziyyəti və gələcəyinə həsr olunmuş mükaliməni təqdim edirik.



ƏVVƏLİ BURADA!


Asif Hacılı: Bəs mənbələr, tarixi mətnlər nə deyir bütün bu məsələlər haqda? Qafqaz antik dövrdən səyyahların, alimlərin, şairlərin diqqətini cəlb edib, burada kimlər olmayıb – yunanlar, rumlar, ərəblər, hindlilər, firənglər, ruslar, avropalılar və sairə və ilaaxır…

Hüsniyyə Çobanova: İstər tarixi, istərsə də müasir mənbələrdə Gürcüstan ərazisində mövcud olan türk mənşəli etnotoponimlərin bəzilərinin mənşəyi, etimologiyası, arealları, koordinatları və keyfiyyətləri haqqında çox qiymətli məlumatlar verilir. Müxtəlif tarixi və müasir dövrdə yaradılmış mənbələr əsasında bu arealın etnotoponimik mənzərəsinin tədqiqi olduqca mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Gürcüstanın etnotoponimiyası üçün ən dəyərli material verən tarixi sənədlərdir. Bu baxımdan hələ eradan əvvəl qədim yunan və roma tarixçilərindən Hekatey, Aristotel, Strabon, Plini, Ptomeley və başqaları öz əsərlərində Xəzər, Muğan, Hun, bun türk, onoğur, qıpçaq və s. kimi etnonimləri və bunlar əsasında formalaşan etnotoponimləri qeydə almışlar. Bu mənbələrdə Gürcüstandakı etnotoponimlərin yayılma arealları, onların müxtəlif ərazilərdə işlənmə səbəbləri, bunlardan hansının ilkin, hansının törəmə olması səthi şəkildə izah olunsa da, müasir dövrümüzdəki araşdırmalar üçün olduqca dəyərlidir.

Asif Hacılı: Bəs gürcü mənbələri nə deyir?

Hüsniyyə Çobanova: XI əsrdə oğuz-səlcuq türkləri kütləvi şəkildə Zaqafqaziyaya gəlib, qısa vaxtda, demək olar ki, Şərqi Gürcüstanda məskunlaşırlar. Həmin dövrün gürcü mənbələrində, xüsusilə “Davitis istorikosi”də (çar IV Davidin tarixi) Gürcüstanın iki yerə bölündüyü qeyd olunur: türklərin məskunlaşdığı ərazi Didi Türkoba (Böyük türklük), gürcülərin yaşadığı ərazi isə Kartveloba adlanır. N.N.Şengeliya qeyd edir ki, bu dövrlərdə Gürcüstan ərazisində türk tayfalarının kütləvi şəkildə oturaq həyat keçirməsi prosesi başlanır və Gürcüstan ərazisinin türkləşməsi təhlükəsi yaranır.

Asif Hacılı:
Lakin tarix göstərir ki, türklərin Gürcüstanda məskunlaşması heç vaxt bu ölkəyə təhlükə törətməyib. Çox qədimdən, xüsusən Çar David, Tamar dövrlərindən başlamış, Rusiya imperiyası dövründə, sovet dönəmində və müstəqillik dövründə də türklər Gürcüstana sədaqətlə xidmət etmiş, gürcü dövlətçiliyiyinin inkişafında əhəmiyyətli rol oynamışlar. Bu haqda bir şox faktlar məlumdur, ancaq mövzumuz başqa olduğundan, üzərund geniş dayanmağa ehtiyac yoxdur. Gürcü-türk, Gürcüstan-Azərbaycan əlaqələrinin qədimliyini və səmimiliyini bir çox tarixi və ədəbi mənbələr təsdiq edir. Eləcə də toponimlər təqdiqləyir. Gürcüstanın xüsusi anıldığı “Kitabi-Dədə Qorqud”, klaasik dastanlar və yazılı ədəbiyyat, səyyahların əsərləri də bu deyilənlər baxımından vacib mənbədir.

Hüsniyyə Çobanova:
Gürcüstan ərazisindəki etnotoponimlərin öyrənilməsində ulu mədəniyyət abidəmiz olan və VI-VII əsrlərin hadisələrini əks etdirən “Kitabi-Dədə Qorqud dastanı həqiqətən əvəzedilməz mənbələrdən biridir. Əsərdə adı çəkilən etnotoponimlər (Kəpənəkçi, Qaçağan, Yavuqlu, İmir, Baydar, Sarvan, Tüllər, Ulaşlı, Bəytəkər, Azqanlı, Ərvənli, Dəllər və s.) Dədə Qorqud dünyası ilə yaxından səslənir və həm də bu etnotoponimlərin fonetik formasında elə bir ciddi dəyişikliyin baş verməsi və onların Gürcüstanın müxtəlif yer-yurd adlarında işləməsi göz qabağındadır. Eləcə də qeyd etdiyiniz digər məxəzlər. Lakin bunlar ayrıca və çox geniş bir mövzudur.

Asif Hacılı:
Sizinlə razıyam. Təəssüf ki, klassik mənbələr, ümumən tarixi mətnlər son dövrlər bizdə orijinalda yetərli öyrənilmir. Tarixi mənbələr Gürcüstandakı türk mədəniyyəti və tarixixini, eləcə də türk mənşəli toponimləri daha dərindən öyrənməyə imkan verər. Buna görə də Sziin tədqiqatınınz xüsusi dəyərə malikdir. Türk mənşəli etnotoponimlər, o cümlədən etnooykonimlər, etnooronimlər, etnohidronimlər Gürcüstan ərazisinin tarixi-türk coğrafiyasının mozaik mənzərəsini yaratmağa, bu torpaqları ana vətən kimi sevən və ona sədaqətlə xidmət edən soydaşlarımızın Gürcüstanda diaspora deyil, bərabərhüquqlu yerli xalq olduğunu göstərməyə böyük kömək və tutarlı dəlillərdəndir. Mən belə adlardan birini – Zalqada Dəli dağ çevrəsində olan, ulu əcdadımızın adını daşıyan Nayvəli yaylası və Nayvəli bulağının adını hər dəfə sadəcə qohumluğa görə deyil, məhz türklüyünə, bizim milli kimliyimizlə bağlı minlərlə faktdan biri olduğuna görə çəkirəm. Bütün bunlar bizim bu torpaqların aborigenləri, buranın əzəli sakinləri, gürcülərlə tarix boyu dost, qardaş toplum olaraq yaşamış vəfalı qonşular olduğumuzu təsdiqləyən faktlardan deyilmi?

Hüsniyyə Çobanova: Asif müəllim, təbii ki, bu fikirlərinizlə şərikəm. Tarixin qan yaddaşı hesab olunan etnotoponimlər ölkənin, xalqın, hətta dilin inkişaf tarixini öyrənmək üçün ən etibarlı mənbələrdən biridir. Xalqın tarixini, dilini, qədim mədəniyyətini öyrənmək, onun yaşadığı ərazilərdə izlərini tədqiq etmək, aboregenliyini sübuta yetirmək üçün etnotoponimlər əvəzedilməz mənəvi cəhətlərdəndir. Bu baxımdan Gürcüstan ərazisindəki türk mənşəli etnotoponimlər də xalqımızın minillik tarixindən xəbər verir. Bunlar həm də bizim tarixi dostluğumuzun nişanələridir və onları müxtəlif üsullarla dəyişmək, tərcümə etmək yolverilməzdir. Ola bilsin ki, qohum olmayan dillərdə hər hansı bir xüsusi adı transkripsiya etmək olar. Lakin mütəxəssislərin,müşahidəçilərin deydiyi kimi, “yer tarixi yer adlarını dəyişdirmək tolerantlıq, dostluq meyarlarına ziddir və əslində müəyyən xalqın yaşadığı ərazidə tarixi əlamətlərini itirməyə xidmət edir.

Asif Hacılı: Hüsniyyə xanım, təəssüf ki, belə vacib tarixi-mədəni əhəmiyyətinə, mənəvi dəyərinə, iki xalqın tarixi dostluğuna dəlalət etməsinə baxmayaraq, həm keçən əsrdə və həm də müasir dövrdə Gürcüstandakı türk mənşəli toponimlərin dəyişdirilməsi, saxtalaşdırılması, tarixdən silinməsi cəhdləri məsələlərdəndir. Tarixin canlı nişanəsi, Borçalı türklərinin milli kimliyinin və məskunlaşma arealının təsbiti olan toponimlər artıq XIX yüzilliyin əvvəllərindən dəyişdirilməyə, saxtalaşdırılmağa başlandı. Bu proses sovet dövründə də səngimədi. Keçən əsrin 80-90-cı illərindən isə kütləvi hal aldı və bu günlərə qədər də davam etməkdədir. Bu barədə müşahidə və mülahizələrinizi bilmək əhəmiyyətli olardı.

Hüsniyyə Çobanova: Gürcüstanda türk mənşəli etnotoponimlərinin dəyişdirilməsinə keçən əsrin 30-cu illərinin sonlarında başlanılmış, 90-cı illərdən sonra bu siyasət daha da sürətləndirilmişdir. Regionda etnonimlər əsasında formalaşmış etnooykonimlərin bəziləri məhv edilmiş, bəziləri rəsmi qərarlarla dəyişdirilmiş və ya gürcü dilinə transkripsiya edilmişdir. Araşdırmalarımız göstərir ki, keçən əsrin 30-cu illərinin əvvəllərindən 90-cı illərinin əvvəllərinə kimi 60-a qədər yaşayış məntəqə adı dəyişdirilmişdir ki, bunun da 20-dən çoxu etnonimik səciyyəlidir. 1932-ci ilin fevral ayının 13-də Sarvan yaşayış məntəqəsinin adı dəyişdirilərək əvvəl Borçalı, sonra isə Marneuli adlandırılmışdır. 12 iyun 1949-cu ildə Dmanisi rayonu ərazisindəki Cəlayir yaşayış məntəqəsinin adı dəyişdirilərək gürcü dilində Qora adlandırılmışdır. 1942-ci ilin aprel ayının 7-də Zalqa rayonu ərazisində yerləşən Yaqublu yaşayış məntəqəsinin adı dəyişdirilərək Çapayevka adlandırılmışdır. 1949-cu ilin 12 iyul tarixində Dmanisi rayonu ərazisində mövcud olmuş Mamıtlı yaşayış məntəqəsinin adı dəyişdirilərək Mtisdziri qoyulmuşdur.

Asif Hacılı: Lakin bu proses 1990-cı illərin əvvəllərindəki qarışıqlıq dövründə xüsusilə intensiv hal aldı. Hakimiyyət boşluğundan istifadə edən qaragüruh qüvvələr həmin dövrdə fürsətdən istifadə edib tarixi türk toponimlərini kütləvi dəyişdirməyə başladılar.

Hüsniyyə Çobanova: 1990-1992-ci illərdə Gürcüstanın Borçalı mahalında demək olar ki, böyük kəndlərin adları dəyişdirilmişdir. Bizim söhbətimizin mərkəzində etnotoponimlər dayandığından 1991-1992-ci illərdə dəyişdirilib gürcü adları ilə əvəz edilmiş tarixi toponimlərdən nümunələr təqdim etmək istərdim. Bu siyahıda Babakişilər və Əsmələr 1991-ci ildə olmaqla, qalanları 1992-də dəyişdirilib. Öndə tarixi türk adını, sonra isə yeni yaradılmış gürcü variantı təqdim edilib: Abdallı – Cavaxi, Babakişilər – Poçxvernani (1991), Əsmələr – Mçkneti (1991), Kolayır – Tsurtavi, Qoçulu – Çapala, Saraclı – Mamxuti, Həsənxocalı – Xibiskuri, İmirhəsən – Savaneti, Daşlıqullar – Muxrana, Faxralı – Talaveri, Arıxlı – Naxiduri, Muğanlı – Farizi, Kəpənəkçi – Kvemo Bolnisi, Aşağı Qoşakilsə – Kvemo Arkveni, Yuxarı Qoşakilsə – Zemo Arkveni, Mollaəhmədli – Xataveri, Sarallar – Zvareti, Mığırlı – Vaneti, İncəoğlu – Şua Bolnisi, Aşağı Güləver – Qeta, Yuxarı Güləver – Djipor, Dəmirli – Xaxlodjivari, Kibircik – Djersi, Arakel – Djedjipariani, Dəllər – Muşevani, Zol-Güvəc – Zveli Kveşi, Bəytəkər – Bartakvi, Qaradaşlı – İcrita, Qaratikan – Saberiti, Şişqala – Brlaxanli, Tapan – Dspeli, Çatax – Xaissopeli, Ayorta – Akaurt, Cəfərli – Samtredo…

Asif Hacılı: Çox ağır məsələdir, bu gün belə kütləvi dəyişməər olmasa da, müəyyən hallarla yenə də rastlaşırıq. Gürcüstandakı türk mənşəli toponimlərə qarşı kütləvi qəsd hamımızın gözü önündə baş verdi. Bu məsələdə erməni faktoru da ciddi rol oynadı. Lakin təəssüf ki, bununla bağlı ictimaiyyətimiz həm Borçalıda, həm Bakıda yalnız gileyləndi. Siz bu məsələni həm dissertasiyanızda, həm də məqalələrinizdə elmi əsaslarla qaldırmısınız. Bu gün Gürcüdtandakı türk etnotoponimləri ilə bağlı vəziyyət nə yerdədir? Proseslər necə cərəyan edir? Bu addəyişmədə hansı üsullardan, vasitələrdən istifadə olunur və nə etməliyik.

Hüsniyyə Çobanova: Azərbaycanlıların köklü xalq olduğunu özündə əks etdirən qədim tarixə malik etnonimlər əsasında formalaşan etnotoponimlərinin dəyişdirilməsi prosesi bir çox spesifik üsullarla, o cümlədən gürcü dilinə məxsus coğrafi appelyativlərlə də həyata keçirilmişdir. Gürcülər bu prosesdə gürcü dilindəki “sopeli (kənd), zemo (yuxarı), kvemo (aşağı), did (böyük), patara (balaca, bala), xevi (dərə), ukapa (axırıncı), şvilis (oğus, oğlu) və s. coğrafi terminlərdən istifadə etmişlər. Lakin qədim tarixə malik türk mənşəli etnotoponimlərinin bu şəkildə dəyişdirilməsi yolverilməzdir və belə etnotoponimlərin tarixi-linqvistik aspektdə tədqiqi əsl həqiqətləri üzə çıxarır, bununla da iki xalqın, həm azərbaycanlıların, həm də gürcülərin dostluğuna zidd olan bəzi kənar qüvvələrin məkrli siyasətini aşkar edir.

Asif Hacılı: Tamamilə doğrudur, bu gün ölkələrimiz dost, qardaş, mütttəfiqlik münasibətindədir. Tarixdə də biz həmişə dost olmuşuq. Əminəm ki, bu xoşagəlməz hallar keçmişdə qalacaq. İnanıram ki, bu söhbətimiz də oxucularımızda bu mühüm məsələyə maraq oyadacaq. Və Sizə, hörmətli Hüsniyyə xanım, minnətdarlığımı bildirirəm. Çox maraqlı, mənalı və dəyərli məlumat, müşahidə və fikirlərinizlə bölüşdünüz. Ümid edək ki, bu söhbət oxucularımızın, məsuliyyətli şəxslərin diqqətini bu mühüm məsələyə yönəldəcək. Bizləri müəyyən suallar üzərində düşünməyə məcbur edəcək. Bu vəziyyətlə bağlı nə etmək olar? Türk mənşəli toponimlərin bərpası mümkündürmü? Paralel adlar işlənə bilərlərmi? Ən azı, xalqın yaddaşında bu adları necə yaşadaq? Hətta Bakıda əhali, o cümlədən Borçalı əsilli bəzi gənclər Borçalıdan başqa bu tarixi məskənlərimizə aid bir toponim, demək olar ki, bilmir. Gələcəyə çatdırmaq üçün dəyişdirilmiş, unudulmuş, mövcud toponimlərin elmi kataloqu, lüğəti hazırlanıbmı? Çıxış yolu nədədir? Suallar bir qədər çox oldu, ancaq bunlar ağrılı, milli tale və milli kimlik məsələsidir və göz yummalı deyil. İnanmaq istərdik ki, müdrik xalqlarımız bundan sonra da əzəli və əbədi dostluq və qardaşlıq şəraitində, qarşılıqlı hörmət əsasında yaşamaqda davam edəcək. Doğma vətənimiz Gürcüstandakı milli nişanələrimiz qorunub saxlanacaq, itirilmiş mənəvi sərvətlərimiz bərpa oluncaq. Və bütün bu amallara yönəlmiş maraqlı söhbətə görə Sizə təşəkkür edirəm, yeni yaradıcılıq uğurları arzulayıram.

Hüsniyyə Çobanova: Asif müəllim, mən də bu dəvətə və belə bir vacib mövzuda söhbətə görə Sizə minnətdaram. Borçalıya həsr olunmuş belə bir dəyərli Layihənin təşəbbüskarı və ideya müəllifi olan görkəmli ictimai xadim, vətənpərvər ziyalı, AVCİYA-nın prezidenti hörmətli Elxan Süleymanova səmim-qəlbdən təşəkkür edirəm.

https://avciya.az/gurcustanin-turk-mənsəli-etnotoponomləri-tarix-muasir-vəziyyət-və-gələcək/

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: