Salidə ŞƏRİFOVA: “MAVİ-YAŞIL KİTAB”IN İŞIĞINDA (romanının janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili)

Salidə ŞƏRİFOVA: “MAVİ-YAŞIL KİTAB”IN İŞIĞINDA (romanının janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili)
(DAVAMI.
ƏVVƏLİ BURADA)


Romanda azərbaycançılıq ideologiyasına qarşı olan obrazların təsviri müəllifin mənfi surət kimi təqdim etdiyi xalqına, millətinə qarşı xəyanəkarlıq etmiş, öz şəxsi mənafelərini xalqın, millətin mənafeyindən üstün tutmuş həmvətənlilərin təqdimində əksini tapır. Əsərdə Azərbaycan xalqına qarşı soyqırım edənlərin yalnız başqa millətlərin deyil, həm də “sapı özümüzdən olan baltalar”ın olması vurğulanır.

Müəllif Azərbaycan xalqının soyqırımında, represiyaya uğramısında əli olan şəxsləri olduğu kimi, mənfi aspektdən təqdim edir. Hətta “sapı özümüzdən olan baltalar”ın övladlarının məsul vəzifələrdə işləməsini də əks etdirir. Belə “insancıqlar”ın övladlarından biri də əsərdə təqdim edilən Toma Borşevadır. Müəllif əsərdə Hikmət Zalovun dili ilə həm Toma Borşevanın, həm də onun atasının xalqımıza qarşı mənfur fəaliyyəti haqqında lazımı məlumat verir: “…Minasyan az aşın duzu deyil! DTK-da işləyib, istefaya çıxıb, deyilənə görə qadın da orada arxivdə işləyib, rütbəsi də var... Minasyan özü gələndən sonra onu buraya gətirib”. Bu qısa təqdimatda artıq Toma Borşevanın DTK-da işləməsi bəlli olur. Onun atasının isə kimi olması incə detallarıyla təqdim edilir: “Borşev 30-cu illərdə on minlərlə vətəndaşımızı, ziyalını, şair və alimlərimizi Sumbatov, Qriqoryanla birlikdə qıran, edam etdirən, ölüm düşərgələrinə göndərənlərdən biri olub. NKVD-nin (Xalq Daxili İşlər Komissarlığının) müstəntiqlərindən biri olub, mənşəyi də qarışıq olub, erməni ilə rusun toxumundan əmələ gəlibmiş... O vaxtlar Stalinin göstərişlərinə əsasən 6 min nəfər azərbaycanlı cəzalandırılmalı imiş. “Xalq düşməni” adı altında xalqın ziyalı təbəqəsini qırıblar”.

Represiya zamanı sadə və dinc əhalinin qruplara ayrılması xalqımıza xidmət göstərən “insanların” əməyi olması da romanda açıqlanır. Həmin insanların sadə və dinc, günahsız əhalini üç qrupa ayıraraq cəzalandırılması onların fəaliyyətlərinin tərkib hissəsi kimi əks etdirilir: “Üç kateqoriya üzrə insanlara divan tutublar...
Birinci kateqoriyaya daxil edilənlər haqqında ölüm hökmü çıxarılanlar idi. Onların qadınlarını həbs edir, ev-eşiklərini müsadirə edir, uşaqlarını yetimxanalara verirdilər. İkinci kateqoriyaya aid olanları ölüm düşərgələrinə göndərirlərmiş, yəni dözürsənsə yaşa, dözmürsənsə öl!
Üçüncü kateqoriyaya daxil olanlar ailələri ilə birlikdə ölkədən sürgün olunurlarmış. Baxmayaraq ki, “plan” 6 min olub, bu vəhşilər 30 mindən çox insanı edam ediblər.
Belə “planlar” Qazaxıstana, özbək və türkmənlərə, qırğız və tatarlara, başqırdlara “verilib”. O vaxt ölüm hökmünü səhra məhkəmələri, iki üçlük, hərbi tribunallar çıxarırmış. İstintaq cəmisi on-on beş dəqiqədən artıq çəkməzmiş. Çünki edam edilməli çox adam vardı. Hətta iş o yerə çatmışdı ki, erməni Sumbatyanın sədrliyi ilə üçüncü üçlüyü təşkil etmək istəyiblər...”
Azərbaycan xalqın qan yaddaşında milli hərəkatın liderlərindən birinə çevrilmiş Əbülfəz Əliyevin mütərəqqi əməllərinin qarşısının alınması da xalqımıza qarşı yönəldilmiş siyasi oyun kimi təqdim edilir. Əbülfəzin əməllərinin qarşısı alınması üşün Mərkəzi Komitənin məsul işçilərinin, Fikrət Əhmədovun, şöbənin məsul işçisi Ramiz Mehdiyevin, erməni əsilli xanım Petrosovanın və başqa şəxslərin iştirakı ilə müşavirənin keçirilməsi və Petrosovanın “Çox təəssüflər olsun ki, yoldaşlar, bunlara baxmayaraq hələ də aramızda məhəlli (??) pantürkizm ideyasından ayrıla bilməyib, o ölünü diriltmək xülyasına düşənlər var. Onlar indiyədək başa düşmürlər ki, ömrünü başa vurmuş bu millətçi-şovinist ideyalar çoxdan torpağa basdırılıb, marksist-leninçi ideyaların qələbəsi təmin olunub, o, milyonlarla insanın – sosializm qurucusunun mənəvi tələbatına çevrilib. Cəmiyyətimizdə belə separatçı meyillərə, ekstremist əhval-ruhiyyəyə yer yoxdur, onlara qarşı dövlətimiz amansız mübarizə aparır, bu mübarizədə biz hamımız bir yerdəyik. Əbülfəz Əliyev kimilərə aramızda yer yoxdur!..” kimi fikirləri ilə milli düşüncə ilə düşünən ziyalilarımızın necə məhv edilməsi prosesini də göz önündə canlandırır.
Məmməd Əliyev romanda represiya çarxının fırlanmasına yardım edənlərdən biri kimi qocaman müəllim Əjdər Süleymanzadənin olmasını qeyd edir. Müəllif azərbaycanlı olan bu şəxsi xalqın düşməni olmasını göstərir. Müəllif onun azərbaycançılıq ideologiyasına qarşı olan mövqedə olmasını onun dili ilə açıqlayır. Müəllif bu insanın etdiyi əməllərdən peşiman olmadığını, əksinə qürur duymasını əks etdirməsi, həmin şəxsin bir varlıq kimi bütün mənəvi dəyərlərini itirdiyini göstərir: “Bilirsiz, mən köhnə kommunistəm, Süleyman Rüstəm və digərləri ilə birlikdə Azərbaycan Proletar Yazıçılar İttifaqını yaradanlardan biriyəm, həmişə pantürkizmə qarşı mübarizə aparmışam, H.Cavidi, Əhməd Cavadı və Mükayıl Müşfiqi ifşa edib sıralarımızdan izi-tozunu sildirən mən olmuşam!... Baxın, bu əlimlə onlar haqqında Moskvaya, yoldaş Mir Cəfər Bağırova yazıb cəza verilməsini israrla mən tələb etmişəm!.. Mikayıl Rəfilinin başçılıq etdiyi “sərbəst şeirçilər” oyunbazlarını mən ifşa etmişəm. “Açıq söz”, “Gənc işçi” qəzetlərində onları yıxıb sürümüşəm ki, əllərinə bir də qələm almasınlar! (Bir qədər sonra o, həmin illərdə çap etdirdiyi və M.Rəfilini tənqid etdiyi “Sərbəst şeir haqqında birinci söz”, “Sərbəst şeir haqqında ikinci söz” məqalələrini, M.Rəfilinin 1929-cu ildə latın qrafikası ilə nəşr etdirdiyi “Pəncərə” adlı kiçik həcmli şeirlər kitabını Murada verəcəkdi...).
Baxın, sizin proqramda M.Qorkidən, A.Puşkindən, L.Tolstoy, M.Şoloxovdan mətnlər niyə yoxdur?! Hanı bizim beynəlmiləlçiliyimiz? Cavab verin!...”
Romanda müəllif tərəfindən azərbaycançılıq ideologiyasına qarşı olan obrazların təsviri zamanı onların əməllərinə bir vətəndaş kimi dəyər verilməsinin də şahidi oluruq: “Bunun beynini necə dəyişiblərsə hələ də ağlı geri qayıtmayıb... Otuz yeddinci illər belələrinin ucbatından ölkəmizdə daha ağır və amansız keçib” – deyə düşündü”. İctimaiyyət tərəfindən Əjdər Süleymanzadənin xalqa qarşı etdiyi mənfur əməllərin qiymətləndiriməsinə də rast gəlirik. Romanda Elmira Bağırova adlı bir qadının Əjdər Süleymanzadənin dediklərində bunun şahidi olururq: “A kişi, utanıb-qızarmırsan, hələ döşünə döyürsən ki, o şairləri sən güdaza vermisən, onlara ancaq erməni qıya bilərdi, sən ermənidən betər olmusan!... O vaxt gərək bir kişi çıxaydı ortalığa, sənin o sağ əlini qoyaydı zindanın üstünə, qıraydı o qələm tutan barmaqlarını!...Sənə Qorki, Puşkin lazımdır, get otur xarabanda oxu da!.... Elə bu xasiyyətinə görə də bayquş kimi tək qalmısan, arvad-uşağı qırıb axırına çıxmısan, əlindən tutanın da yoxdur!...”
Məmməd Əliyev romanda Ə.Süleymanzadə kimi insanların yaddaşlarında qala bilməməsini, “qapı-qapı gəzib çörək axtarır, çay istəyir, işgəncəli ömrünü yaşayır, üfunət içindədir, ölüm arzulasa da ölə bilmir!....” kimi həyat fəaliyyətlərinə verilən qiymət kimi dəyərləndirir. Bu sonluq haqq-ədalətin belə insanlar üçün çıxardığı ədalətli sonluq idi. Represiya qurbanına çevrilmiş insanlar isə xalqın qan yaddaşında yaşadıqlarını açıqlayır: “Müşfiqə qısa ömür qismət oldu, ölümü ilə ölümsüzləşdi, həmişə cavan qaldı, əbədiyaşar oldu, günü-gündən çox sevilir, daha da gəncləşir!”
Əkrəm Cəfərin Ə.Süleymanzadə kimilərin tək olmadığını, cəmiyyətdə onun kimi insanların olması faktına toxunması düşündürcüdür: “…Bizim gənc şairlərimizin başına oyun açanlardan biri də o idi! Onu görəndə yolumuzu dəyişirdik ki, üz-üzə gəlməyək, bir söz eşidən kimi ya orqanlara xəbər verir, ya da məktub göndərirdi! Oturub durduğu adamlardan biri də Əli Fövzi idi. Əli Fövzi daha mənfur adam idi, İranda fəaliyyət göstərən bolşevik təmayüllü firqələrdən birinin üzvü idi, guya bizdə mətbuatın inkişafına kömək edəcəkdi, əslində isə İranın xəfiyyə orqanlarının əməkdaşı kimi burada casusluq edir, namuslu vətəndaşlarımıza, istedadlı şairlərimizə böhtan atırdı, onları ləkələyirdi!..
Müşfiqin ən gözəl şeirləri haqqında böhtanla dolu məqalələr yazmışdı. Ən yaxın dostlarından biri də Məmməd Rahim idi ki, onun da Müşfiqi görən gözü yox idi...”

IV Romanın bədii dili

Romanda hadisələr əsasən Muradın dili ilə təqdim edilir. Muradın təhkiyəsi müəllif təhkiyəsi ilə eyniləşir. Müəllif və Murad təhkiyəsi romanda sərhədlərini itirir. Müəllif təhkiyəsi yerini məhz Murada təqdim edir. Oxucu romanda təqdim edilən hadisələrin nəqlini artıq Muradın dili ilə söylənilməsini qəbul edir.
Romanda övladını öldürməyə cəhd edən ana və onun əksinə övladını qoruyan ana obrazlarının təqdimində biz müəllif təhkiyəsi ilə deyil, Muradın təhkiyəsi ilə tanış oluruq. Müəllif romanda dünyaya gətirdiyi övlada belə qıyan “ana” obrazını yaradır. Bəli, müəllifin oxuculara təqdim etdiyi “ana” məhz ailə dəyərlərini bilməyən yeni gəlinin “ana” kimi təqdim edilən mənfi obrazıdır. Müəllif tərəfindən təqdim edilən epizoda öz azadlığı, sərbəstliyi üçün dünyaya gətiridyi övladını üç aylığında öz əlləri ilə qətlə yetirməyə cəhd etməsi insanın qanını dondurur. Müəllif adına ana, qadın deməyi belə mümkün olmayan o adamı belə təqdim edir: “…gözəl bir oğlan dünyaya gəlsə də, o da anasını tutduğu yoldan çəkindirə bilməmişdi. Anası niyyətini gizlin saxlayırdı... Körpə onun sərbəst yaşaması, gəzib-dolanmasına bir əngələ çevriləcəkdi. Anası isə bunu duyur, qızının hər bir hərəkətini izləyirdi...” Müəllif heç bir tərəddü keçirmədən övladını qətlə yetirən ananın bu mənfur əməlini təsvir edir: “…nənəsi körpəni yedizdirəndən sonra nəzarətsiz buraxdı, paltosunu geyib birinci mərtəbədəki mağazadan bəzi xırda-para şeylər almaq üçün evdən çıxdı. Uşağı bələyib çarpayının üstünə uzatmışdı. Anası evdə heç kimin olmadığını görüb ona yaxınlaşdı... Muraddan qisas almağın vaxtı çatmışdı, ondan heç bir nişanə qalmamalı idi...
Sakit-sakit anasına baxan körpə instiktiv olaraq ona yaxınlaşan qara kabusun niyyətini hiss etdi, dodaqlarını büzüb çığırmağa başladı, sanki köməyə adam axtarırdı. Ana buna da məhəl qoymadı, çarpayının üstündəki yastığı götürüb onun ağzına qoydu, bu azmış kimi yorğanı onun üstünə çəkdi...” Möcüzə sahəsində sağ qalan belə bir körpənin belə bir qadının övladı olmasının faciəsi müəllif tərəfindən açıqlanır.
Məmməd Əliyev dünyaya övlad gətirən ananın kamil obrazını da oxucusuna Muradın diili ilə təqdim edir. Sevdiyi insandan övlad dünyaya gətirən Adri bunu özü sevdiyi insana bir hədiyyə olduğunu, müəllif təhkiyəsi ilə deyil, Muradın dili ilə vurğulayır: “Bax, mən söz verdiyim hədiyyəni sənə verirəm... Sən, yəqin ki, onu məndən də çox sevəcəksən, o, Allahın və mənim sənə əmanətimdir... Adrinin gözləri doluxdu... Onu bu saat gətirəcəklər, qoy görsün ki, atası onu görməyə gəlib...”
Əsərdə müəllif təhkiyəsinin Muradın təhkiyəsi fonunda arxa plana keçməsi qəbulediləndir. Bu əsərin roman-etiraf olmasından irəli gəlir.
Romanın bədii dilinə Azərbaycan folklorunun təsiri atalar sözləri və məsəllərin işlənilməsində özünü əks etdirir. Məmməd Əliyev romanda atalar sözlərinə tez-tez müraciət edir. Bəzən isə atalar sözlərini dəyişdirilmiş şəkildə təqdim edir. Məsələn, “Sağ ol, var ol, gül ol, bülbül ol, qəfəsdə olma!” atalar sözü romanda “Gül olaq, bülbül olaq, qəfəsdə olmayaq!” kimi təqdim edilir. Müəllif bu atalar sözünün dəyişməsinin səbəbinə də aydınlıq gətirir: “Bu, bir vaxt dillərdə əzbər olan sağlıq idi, 50-ci illərin sonu, 60-cı illərdə məclislərdə deyilərdi. Köhnə dostlar bir yerə yığışıb yeyib-içmək zamanı ilk sözlərinə həmin sağlıqla başlayardılar... İnsanlar xof və qorxu içərisində yaşayırdılar, hər an həbsxanaya atılmaq qorxusu var idi. Stalin öləndən sonra bu sağlıq yaranmışdı...”
Əlibala dayının xalq arasında işlənən məsəlləri istifadə etməsi əsərin bədii dilinə zənginlik gətirir. Əlibala kişinin istifadə etdiyi məsəllərin işlənilməsi müəllifin çatdırmaq istədiyi problemi qabarıq şəkildə əks etdirir: “…kişi mənim uzaq qohumlarımdandır, insafən pis adam deyil, amma ailəsini idarə edə bilmədi, lap əvvəldən başlı-başına buraxdı!... Söhbət təkcə pul qazanıb evə gətirməkdən getmir, ailəni əlində ciddi saxlamaqdan, uşaqları tərbiyə etməkdən gedir. Namusu, qeyrəti itə atıblar, it də ona yaxın düşməyib…”
Müəllif “Namusu, qeyrəti itə atıblar, it də ona yaxın düşməyib…” cümləsini Muradın anasının dili ilə də təqdim edir. Keçmiş gəlinin əxlaqına dəyər verən ana bu cümləni işlədir: “Biz çox eşidib dinməmişik, onu işindən-gücündən ayırıb məhkəmələrə çəkəndə ağlınız harada idi? Namusu itə atıblar, it də yaxın durmayıb, məni çox danışdırmayın!... O, hansı haqla oğlumun evinə gəlir?...”
“Mavi-yaşıl kitab” romanı bədii dilinin zənginliyi ilə diqqəti cəlb edir. Bu da, ilk növbədə müəllifin professional ədəbiyyatşünas olması ilə əlaqəlidir. Müəllif qələmə aldığı əsərinin bədii dilin tərkib hissəsinə müraciət edərkən, obrazların az sözlə dərin məna ifadə etmələrini nəzərdə tutur. Romanda poetik sintaksisə müraciət də diqqətdən yayınmır. Məmməd Əliyev bədii dilin tərkib hissəsi olan vulqarizmlər və arxaizmlərdən daha çox istifadə edir.
Müəllif ədəbi dildə işlənməyən kobud sözlərdən romanda istifadə edir. Bədii əsərdə kobud söz və ya ifadənin işlədilməsi təqdirolunmaz bir haldır. Amma müəllif təsvir etdiyi surətlərin xarakterik xüsusiyyətlərini açmaq üçün məhz vulqar sözlərə müraciət edir. Məsələn, gec vaxtlarda evinə qayıdan “gənc rəssam” Babazadəyə “motosikl ilə gecə “reydi” keçirən milis işçiləri”nin onu saxlayaraq “gədə” deyə müraciət etmələri epizodunda vulqarizmə müraciət əksini tapır: “Ay gədə, dayan, hardan gəlirsən?!”
Romanda vulqarizmlərə müraciət əsasən, milis işçilərinin dili ilə təqdim edilir: “Köpək uşağı, belələrinin ucbatından şəhərdə qayda-qanun yaratmaq mümkün deyil!..” Burada müəllifin işətdiyi “köpək uşağı” ifadəsini işlədən şəxsib mədəni səviyyəsi, insanlarla rəftarı və s. haqqında aydın təsəvvür yaradılır.
Dilimizdə artıq arxaik sözə çevrilmiş sözlər, terminlər də romanda işlənilir. Müəllif romanın ilk başlanğıcında “milis işçisi” kimi ifadəni işlədir. Sovet dövründə asayişin və ictimai təhlükəsizliyin inzibati təşkili və mühafizəsi milis adlanırdı. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra artıq milis sözü arxaik sözə çevrilmiş, polis sözü ilə əvəzlənmişdir. Məsələn, müəllifin milis, milis işçiləri söz və ifadələrini işlətməsi əsərdə təsvir edtiyi hadisələrin baş verdiyi dövrü təsvir etmək məqsədi güdür: “Milis işçiləri oğlanı qaldırıb sürüyə-sürüyə motosiklin yük yerinə yerləşdirdilər, onu yaxınlıqdakı milis idarəsinin gözləmə otağındakı skamyanın üstünə qoyub növbətçiyə tapşırdılar”.
Müəllifin poetik sistaksisin daha çox istifadə edilən bədii suala tez-tez müraciət etməsi ilə üşləşirik. Müəllifin istifadə etdiyi bədii suallar əsərdə müəllifin çatdırmaq istədiyi fikri qüvvətli şəkildə çatdırmağa xidmət edir. Məsələn, müəllifin işlətdiyi ritorik suallardan birinə diqqət yetirək: “Güclə dolanır, böyük elmi işçi kimi 165 manat maaş alır, üstəlik doktorluq dissertasiyası yazır... Kimin üçün edirik bu işləri? Görəsən, onları oxuyan, əməl eliyən varmı?” Müəllifin ünvanladığı suallara əsərdə cavab verilmir. Suallar əsərdə cavablandırılmamış qalır.
Romanda qrammatik sualların verilməsinə də rastlaşırıq. Müəllif əsərdə Muradın dili ilə sual ünvanlayır və sualı cavablandırır: “Dünyaya təzə göz açmış körpəni kimlərinsə ümidinə buraxmağa necə ürəyi gəlmişdi?... İstər-istəməz yumruqları düyünləndi... Bəs onun analıq hissi? Görəsən, vicdan əzabı çəkəcəkmi? Sabah o körpə böyüyəndə onun üzünə necə baxacaq?! Onun təlim-tərbiyəsi ilə kim məşğul olacaq? Yəqin ki, taleyin ümidinə buraxılacaqdı... Yox! O, buna yol verməyəcəkdi! Hansı yolla olursa-olsun oğlunu onlardan qurtaracaq, onu layiqli oğul, vətəndaş edəcəkdi. Hələ gözləmək lazım idi.... O şərait yetişməli idi...” Muradın övladı ilə bağlı keçirdiyi sarsıntılar, narahatçılılqlar sual şəklində təqdim edilir, müəllif də həmin problemlərin necə həll olunacağını ünvanlanmış sualın cavabında açıqlaya bilir.

Nəticə

Filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Mavi-yaşıl kitab” romanında konkret bir şəxsdən, yəni Muraddan bəhs edilməməsi, onunla bərabər bir çox talelərin və obrazların ictimai və sosial aspektdən təqdim edilməsi təqdirəlayiqdir. Faktiki həyat materialları əsasında qələmə alınmış əsər Məmməd Əliyevin bir alim, bir yazıçı kimi həyat yolunu və elmi fəaliyyətini tədqiq edilməsi baxımından əhəmiyyət kəsb edir. “Mavi-yaşıl kitab” romanında Azərbaycan xalqının azadlıq yolunda mübarizəsinin təsviri bədiilik, tarixilik baxımından təqdim edilir.
Filologiya elmləri doktoru, professor Məmməd Əliyevin bədiiləşmiş həqiqəti bədii düşüncənin vacib faktoru kimi əks etdirdiyi “Mavi-yaşıl kitab” romanını tetralogiyanın III hissəsi kimi yekunlaşdıraraq ictimaiyyətə təqdim etməsi təqdirəlayiqdir. “Mavi-yaşıl kitab” romanı da “Həsrətin o üzü” və “Karvan köçər, ötər gedər sədası” romanları kimi müəllifin keçdiyi həyat yolunun müəyyən bir məqamı ilə tanış olmaq imkanı yaradır.

Salidə ŞƏRİFOVA: “MAVİ-YAŞIL KİTAB”IN İŞIĞINDA (romanının janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili)

Salidə ŞƏRİFOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
filologiya elmləri doktoru, AMEA-nın professoru,
Rusiya Təbiət Elmləri Akademiyasının
həqiqi üzvü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: