Qiyasəddin müəllimi ilk dəfə 27 sentyabr 1990-cı ildə, I kursda oxuyarkən şəxsən görmüşəm. Həmin vaxt o, universitetimizdə özünün müəllifi olduğu “Qarabağ” kitabını gənc tarixçilərə paylayırdı. 1990-cı ildə 5100 tirajla çap olunan həmin kitab Qarabağın etnik və siyasi tarixindən bəhs edirdi.Erməni ekstrimistlərinin Dağlıq Qarabağı tələb etdikləri bir zamanda bu qəbildən olan olduqca böyük ehtiyac duyulurdu.Qiyasəddin müəllim “İldırım bəyə xoş arzularla...müəllifdən. 27.IX.1990” sözlərini avtoqraf yazaraq kitabın bir nüsxəsini mənə verdi.248 səhifəlik “Qarabağ” kitabını diqqətlə oxuyub, ölkəmiz, o cümlədən Qarabağın tarixi haqqında daha geniş və əlavə məlumatlar əldə etdim. Müəllif əsərdə erməni tarixçilərinin əsassız iddialarına cavab olaraq Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu faktlar əsasında tutarlı şəkildə sübut etmişdir. Sonralar daha bir neçə dəfə Qiyasəddin müəllimlə kirayə qaldığım Yasamalda-Musabəyov qəsəbəsində qarşılaşıb hörmətli alimimizin də Yasamalda yaşadığını öyrəndim. Mən “Qarabağ” kitabına görə bir tələbə və oxucu kimi ona öz təşəkkürümü bildirdim. Hər dəfə rastlaşanda Qiyasəddin müəllim mənə isti münasibət bəsləyir və tariximizlə bağlı olduqca maraqlı söhbətlər edirdi. Tarix fakültəsinin tələbəsi kimi tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru-İ.Ş.) Qiyasəddin Qeybullayevlə “dostluğumuzdan” qürur hissi keçirirdim.
Qiyasəddin Əsgər oğlu Qeybullayev 13 mart 1933-cü ildə Quba rayonun Rustov kəndində (hazırda qəsəbədir-İ.Ş.) anadan olmuşdur.1958-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1958-1960-cı illərdə Cəlilabad rayonunun Sabirabad kənd tam orta məktəbində müəllim işləmişdir. 1960-cı ildə AMEA Tarix İnistitutunun nəznində Azərbaycan etnoqrafiyası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. AMEA Tarix İnistitutunda kiçik elmi işçi (1964-1973), baş elmi işçi (1973-1992), 1992-ci ildən AMEA Tarix İnistitutunun Arxeologiya və Etnoqrafiya sektorunun aparıcı elmi işçisi olmuşdur. 1966-cı ildə “Azərbaycanlılarda müasir ailə məişəti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi, 1995-ci ildə isə tarix elmləri doktoru elmi dərəcələrini almışdır.O, ABŞ-da çap olunan “Türk dünyası”jurnalının redaksiya heyətinə seçilmiş, Azərbaycan Respublikası Milli Məslisinin yanında Toponimika Komissiyasının üzvü olmuşdur. 13 monoqrafiya və 213 elmi məqalənin müəllifidir. Əsərlərini Azərbaycan və rus dillərində yazan alim “Azərbaycan toponimiyası”(1986, rus dilində), “Qarabağ” (1990), “Azərbaycanlıların etnogenezinə dair” (1991, I cild, rus dilində), “Qədim türklər və Ermənistan” (1992), “Azərbaycan türklərinin təşəkkülü tarixindən” (1994), “Azərbaycanlıların etnik tarixinə dair”(1994), “Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti”(2002) və digər əsərləri ilə Azərbaycan tarix elminə böyük töhfə vermişdir. Heç də təsadüfi deyildir ki, Ali Attestasiya Komissiyası çoxsaylı monoqrafiyalarına görə müdafiə etmədən 1995-ci ildə ona tarix elmləri doktoru alimlik dərəcəsini vermişdir. Professor Qiyasəddin Qeybullayevin əsərləri maraq dairəmdə olan toponimika və etnoqrafiya ilə bağlı olduğu üçün onları böyük maraqla oxuyuram.Məhz buna görə də professorun “Azərbaycan toponimiyası” (rus dilində), “Qarabağ”, “ Azərbaycanlıların etnogenezinə dair” (rus dilində), “Qədim türklər və Ermənistan”, və “Azərbaycan türklərinin təşəkkülü tarixindən” kitabları şəxsi kitabxanamın “qızıl fond”unu təşkil edən kitablar sırasındadır.
Tarix elmləri doktoru, professor Qiyasəddin Qeybullayev 2002-ci il dekabrın 13-də, 69 yaşında Bakıda vəfat etmişdir.Alimin vəsiyyətinə əsasən o, doğulduğu Rustov qəsəbəsində, doğmalarının uyuduğu qəbristanlıqda dəfn edilmişdir.
Görkəmli alimin ölüm xəbərini “Xalq qəzeti”nin 13 mart 2003-cü il tarixli sayında dərc edilmiş tarix elmləri doktoru İlyas Babayevin “Həyatda və tariximizdə izi qalan böyük alim” başlıqlı xatirə yazısından öyrəndim. El arasında “13” rəqəmi nəhs sayılsa da, əslində bu heç də düşündüyümüz kimi deyildir. İlyas Babayevin adı qeyd edilən məqaləsini oxuduqda Qiyasəddin Qeybullayevin həyatında baş verən bütün əlamətdar hadisələrin məhz “13” rəqəmi ilə bağlı olduğunun şahidi oluruq.
1933-cü il martın 13-də doğulmuşdur.
1955-ci il dekabrın 13-də Bakıya gələrək Balaxanı qəsəbəsindəki 9 saylı fabrik-zavod təhsili məktəbinə daxil olmuşdur.
1952-ci il noyabrın 13-də bakı neft mədənlərində usta köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır.
1953-cü il iyulun 13-də sənədlərini BDU-nun tarix fakültəsinə vermişdir.
1956-cı il iyulun 13-də toyu olmuşdur.
1960-cı il iyulun 13-də AMEA Tarix İnistitutunun aspiranturasına daxil olmuşdur.
1966-cı il aprelin 13-də namizədlik dissertasiyasını müdafiə etmişdir.
1995-ci il aprelin 13-də tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
13 monoqrafiyanın müəllifidir.
2002-ci il dekabrın 13-də vəfat etmişdir.
Bir neçə il öncə, daha dəqiq 04 yanvar 2011-ci il tarixində qohumumuz Nəbi kişinin yaşadığı Təngəaltı kəndinə getmişdik. Təngəaltıya axşam çatdığımızdan onun Rustovla yaxın olduğunu, hətta, Təngəaltıya gedən yolun Rustovdan keçdiyini hiss etməmişdim.Səhhətimdəki problem üzündən səhəri gün kəndi tərk edib Bakıya yollandıq. Qış fəsli olduğundan həmin gün quşbaşı qar da yağırdı.Yol boyu yaşayış məntəqələrinin adları yazılmış nişan- lövhələrə diqqətlə nəzər yetirirdim. Növbəti nişan-lövhənin üstündə RUSTOV adını oxuduqda çox heyfsləndim.Heyfsləndim ona görə ki, Təngəaltının Rustova yaxın olduğunu bilmirdim. Əks təqdirdə səhhətimdəki problemə baxmayaraq Rustov qəsəbə qəbristanlığında uyuyan, elmi fəaliyyəti və şəxsiyyətinə böyük hörmət bəslədiyim tarix elmləri doktoru, professor Qiyasəddin Qeybullayevin məzarını ziyarət edib, ruhuna dualar oxuyardım. Düzdür, Qiyasəddin müəllimin məzarını ziyarət edə bilməsəm də, doğulub, boya-başa çatdığı və ruhunun dolaşdığı qəsəbəni, məzunu olduğu məktəbi (iki mərtəbəli məktəb binası sonralar tikilmişdir) gördüm.Qarşıdan professor Qiyasəddin Qeybullayevin anadan olmasının 86 illiyi, vəfatının isə 14-cü ildönümü gəlir. Görkəmli alimimizə olan hörmət və ehtiramın nəticəsi olaraq daxilimdə sanki hansısa bir qüvvə məni onun haqqında nəsə yazmağa məcbur etdi.Yazımın oxucular tərəfindən necə qarşılaşacağını bilməsəm də, Qiyasəddin Qeybullayevin ruhu qarşısında bir tarix müəllimi və bir ziyalı kimi sanki borcumu yerinə yetirmiş oldum. Böyük alimimizin ruhuna Ulu Tanrıdan rəhmət diləyir və qəbrin nurla dolsun deyirəm!
İldırım ŞÜKÜRZADƏ,
Tədqiqatçı-tarixçi, bələdiyyə və AJB-in üzvü
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.