Konfrans iştirakçıları ilk olaraq Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və akademik Ziya Bünyadovun məzarlarını ziyarət ediblər.
Konfransın açılışı AMEA-nın Əsas binasındakı Dairəvi zalda baş tutub.
AMEA RH İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki,Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, Ziya Bünyadovun ictimai və elmi fəaliyyətindən danışıb. Alimin tariximizin müxtəlif dövrlərinə dair fundamental tədqiqatlarından, orta əsrlərə aid mənbələrin araşdırılması və tərcüməsi sahəsində fəaliyyətindən, respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə verdiyi töhfələrdən və yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında xidmətlərindən bəhs edib.
Plenar iclasda əsas məruzə ilə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edib. “Ölümsüzlüyə qovuşan ömür” mövzusunda məruzəsində akademik Ziya Bünyadovun həyat və yaradıcılığının parlaq bir ömrün güzgüsü olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirdiyini deyən G.Baxşəliyeva bildirib ki, alim orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, elmi ictimaiyyətin və geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Alimin şərqşünaslıq elminin müxtəlif sahələrinə aid çoxsaylı əsərlərində nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai həyatının və mədəniyyət tarixinin tədqiq edildiyini söyləyən məruzəçi onun bütün əsərlərinin ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslandığını, araşdırdığı məsələlərin isə daim öz yüksək peşəkarlığı və orijinallığı ilə fərqləndiyini qeyd edib.
Sonra Rusiya Elmlər Akademiyasının (REA) A.M.Qorkiy adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelin çıxış edərək akademik Ziya Bünyadovun elmi irsi, həyatı və şəxsiyyəti barədə fikirlərini səsləndirib.
AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova görkəmli alimin böyük xidmətlərindən söz açıb. Bildirib ki, təşəbbüskar fəaliyyəti ilə seçilən alim dünya şərqşünaslıq elmində özünə layiqli mövqe qazanıb.
Konfransda REA Şərq Əlyazmaları İnstitutunun direktoru, professor İrina Popova, Türkiyə Necmettin Erbakan Universitetinin professoru Ahmet Taşğın, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və digərləri də çıxış edib.
Tədbirdə həmçinin AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Gürcüstanın İLİAUNİ Şərqşünaslıq İnstitutu, REA Şərq Əlyazmaları İnstitutu və REA A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb.
Daha sonra konfrans işini AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və AMEA Milli Azərbaycan Tarixi Muzeyində Qədim və orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı, Müasir Şərq ölkələrində ictimai və siyasi proseslər, Şərq xalqlarının ictimai, fəlsəfi və dini fikir məsələləri, Şərq xalqlarının ədəbiyyatının tədqiqi problemləri və Şərq xalqlarının dilinin tədqiqi problemləri mövzuları üzrə Azərbaycan və rus dillərində olmaqla, ümumilikdə 9 bölmədə davam edib. Konfransın 250-yə yaxın iştirakçısı arasında Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan və digər xarici ölkələrdən də nümayəndələr olub.
Konfrans iki gün davam dəcək.
Müşfiq BORÇALI,
ZiM.Az
.