MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ, ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİ

MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ,  ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİHər bir insanın şəxsiyyət kimi formalaşmasında şübhəsiz ki, məktəb həyatının, xsüsusilə, ali məktəb həyatının özünəməxsus rolu vardır. Həyatımın bu gün də davam edən ali məktəb dövrü təkcə mənə bilik, bacarıq və vərdişlər verməmiş, həm də bütün şüurlu həyatıma sözün həqiqi mənasında təsir edən müdrik şəxsiyyətlərlə, dəyərli ziyalılarla, xalqımızın qüdrətli və əzəmətli qələm sahibləri ilə tanışlıq imkanı, onlarla həmsöhbət olmaq fürsəti vermişdir. Mən peşəkar həyata ilk qədəmlərini qoyan bir gənc kimi əldə etdiklərim bütün uğurlarıma, nailiyyətlərimə görə həmin şəxsiyyətlərə dərin minnətdarlıq və ehtiram hisslərimi ifadə edir, onları səmimiyyət və hörmətlə bir daha xatırlıyıram.
Doğma Bakı Dövlət Universitetinə, onun ən aparıcı tərkib hissələrindən biri olan əziz Kitabxanaçılıq-informasiya fakültəmizə mənim bütün gələcək həyatımda dərin iz buraxacaq Knyaz Aslan kimi dəyərli bir şəxsiyyətlə, müdrik qələm adamı ilə, görkəmli ziyalı ilə tanışlığıma, ondan dərs almağıma, onunla həmsöhbət olmağıma bilavasitə səbəb olduğu üçün təşəkkür edirəm.

Knyaz Aslan əzəli-əbədi Azərbaycanın ən qayım-qədim guşələrindən biri olan möhtərəm Borçalı mahalının xalqımızın fikir xəzinəsinə, söz-sənət dünyasına, elm, təhsil və mədəniyyət elitasına bəxş etdiyi ən dəyərli simalardan biridir. Borçalı mahalının yetişdirdiyi olduqca dəyərli şəxsiyyətlər Azərbaycan xalqının incilər xəzinəsində özünəməxsus yeri olan, ciddi dəst-xətti və mövqeyi ilə seçilən parlaq simalar kimi həmişə yüksək qiymətləndirilmiş, böyük ehtiramla yad edilmişdir.
Bu mahalın təbii özünəməxsusluğu, vüqarı, əzəməti onun qoynunda dünyaya göz açan, boya-başa çatan insanların da mahiyyətinə hopmuş, daxili dünyalarını saflaşdırmış, paklaşdırmış, müqəddəsləşdirmişdir. Sözün həqiqi mənasında Borçalı elinin məğrur insanları milli mədəniyyətimizin, milli folklorumuzun ən möhtəşəm nümunələrinin yaradılmasında və inkişafında, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, incəsənətinin tərəqqisində möhtəşəm rol oynayan, öz öbyektivliyi, vətəndaşlıq və vətənpərvərlik mövqeyi, dövlətimizə və dövlətçiliyimizə sadiqliyi və sədaqəti ilə seçilən insanlardır.
Məhz belə bir mükəmməl mahiyyətə, təbii məzmuna malik bir mühitdə dünyaya göz açan Knyaz Aslan da burada sadaladığımız bütün müsbət məziyyətləri özündə kompleks ehtiva edən dəyərli bir şəxsiyyət, Borçalı elinin Azərbaycan xalqının ziyalı kontingentinə bəxş etdiyi ən qiymətli nümayəndələrdən biri, əzəmətli və qüdrətli qələm sahibi kimi olduqca böyük diqqətə, hörmətə və ehtirama layiq olan bir qələm sahibidir.
Mən burada Knyaz Aslanın tərcümeyi-halının rəsmi tərəfləri ilə bağlı demək olar ki, bəhs etmək fikrində deyiləm. Bu aspektdə xalqımızın görkəmli elm, mədəniyyət, maarif, ədəbiyyat xadimləri, nüfuzlu peşə-sənət xadimləri öz mövqelərini, fikirlərini bölüşüblər. Ona görə də, hörmətli Knyaz müəllimin sevimli tələbələrindən biri olaraq mən də onun, öz sevimli və dəyərli müəllimim haqqında bölüşməyi özümə borc bildiyim səmimi hisslərimi ifadə etmək fikrindəyəm.
Mənim üçün Knyaz müəllim ilk növbədə dəyərli ziyalı, müdrik müəllimdir. Knyaz Aslanın auditoriyasında oturmuş, ən azından mühazirələrinə qulaq asmış heç bir tələbənin onun simasında müəllimlik peşəsinin müqəddəsliyinin, əzəmətinin, fundamental özünəməxsusluğunun mahiyyətini dərk edə bilməməsi haqqı yoxdur. Mən hesab edirəm ki, Knyaz Aslan özünün müdrik müəllimlik keyfiyyətləri ilə tələbələrinə bu müqəddəs peşənin mahiyyətini aşılamağı bacarmaq xoşbəxtliyinə sahib olan şəxsiyyətdir. Bu xoşbəxtlik hər müəllimə nəsib olmur. Mən bütün müəllimlərə Knyaz Aslanın simasında müdrik müəllimlik keyfiyyətlərinə sahib olmağı arzulayıram.
Knyaz Aslan bir müəllim olaraq şəxsən mənə bilik, bacarıq və vərdişlərlə yanaşı, həm də şəxsiyyət bütövlüyünün kompleks çalarlarını özündə ehtiva edən digər ümdə müddəalar öyrədən, auditoriya mədəniyyəti, müəllim-tələbə münasibətlərinin optimal mexanizminin prinsiplərini aşılayan, nitq mədəniyyətimə və publisistik dəst-xəttimə ciddi təsir göstərən şəxsiyyətdir.
Bu gün Knyaz Aslanın müəllimlik fəaliyyətindən bəhrələnən demək olar ki əksər tələbələrin “Knyaz müəllimdən bu dəst-xətti öyrəndim”, “Knyaz müəllim yadınızdadırmı nə demişdi?!”, “Knyaz müəllimin dili ilə desək” kimi ürək dolusu təəssüratlarını bölüşmələrinin dəfələrlə şahidi oluruq.
Deməli, Knyaz müəllim öz tələbələrinin xatirəsində xüsusi dəst-xəttə malik bir təlimçi, eyni zamanda, orijinal mövqe ortaya qoya bilmiş bir pedaqoq, ziyalı fenomeni kimi özünə iz qoymağı bacaran bir şəxsiyyətdir. Bu mənada Knyaz müəllim çox xoşbəxt insandır. O, öz müəllimlik keyfiyyətləri ilə Azərbaycan müəlliminin ümumiləşmiş obrazı kimi qiymətləndirilməyə tamamilə layiqdir.
Knyaz müəllim həmçinin görkəmli alim kimi Azərbaycan milli kitabxanaşünaslıq elmində fərqli tədqiqat istiqaməti götürmüş, bu istiqamətdə əsaslandırılmış mövqe ortaya qoya bilmiş bir şəxsiyyətdir. Knyaz Aslanın “şəxsiyyət - bədii ədəbiyyat - kitabxana kommunikasiyası” istiqamətində ümumiləşdirdiyi əsaslandırılmış, tutarlı dəlillərlə izah edilmiş nəzəri fikirləri müvafiq aspektdə xalqımızın dəyərli elm adamlarının, mədəniyyət və ədəbiyyat xadimlərinin alqışına səbəb olan elmi müddəa və prinsiplər kimi Azərbaycan elmşünaslığının əhəmiyyətli nailiyyəti kimi qiymətləndirilmişdir.
Knyaz Aslanın “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu (Azərbaycan kütləvi kitabxanalarının materialları əsasında)” adlı dissertasiya işinin elmi nəticələri milli kitabxanaşünaslıq elminin, eləcə də ədəbiyyatşünaslıq və pedaqogika elmlərinin yeni mühüm nəzəri inteqrasiya istiqaməti kimi olduqca yüksək qiymətləndirilmişdir. Məhz Knyaz Aslanın bu fundamental elmi tədqiqatlarının nəticəsi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adı verilmişdir.
Knyaz Aslan həm doğma Bakı Dövlət Universitetində, eləcə də uzun müddət respublikanın ali təhsil sistemində özünəməxsus yeri olan Xəzər Universitetində kitabxanaşünaslığın, ədəbiyyatşünaslğın, jurnalistikanın, milli mədəniyyətşünaslığın müxtəlif istiqamətlərinə dair mühazirələr oxumuş, o cümlədən dəyərli, elmi aktuallığı və səmərəsi yüksək olan çox sayda dərslik, dərs vəsaitləri, tədris-metodik vəsaitlər, monoqrafiyalar, yüzlərlə elmi, elmi-kütləvi, publisistik və bədii məqalələrin müəllifi kimi olduqca məhsuldar fəaliyyət aparmışdır.
Knyaz Aslan həmçinin Azərbaycan publisistika tarixinin ən görkəmli simalarından biri kimi xarakterizə edilən bir şəxsiyyətdir. Knyaz Aslan qələmi öz əzəməti və qüdrəti baxımından təkraredilməz orijinallığa malikdir. Knyaz Aslanın publisistikası milli dilin ən mükəmməl metod və vasitələrlə kompleks ehtiva olunduğu üslubu ilə dərhal diqqəti cəlb edən yetkin özünəməxsusluğa malikdir.
Knyaz Aslanın publisistikasında ədəbi-bədii, ictimai-siyasi və sosial-iqtisadi proseslər müvafiq dil normalarının maksimum mükəmməl uzlaşma sistemi özünü açıqca büruzə verən ən ümdə məziyyətlərdən biri kimi xarakterizə edilir. Burada dilin axıcılığı, məqsədəuyğun semantik funksionallığı, sistemliliyi və rəvanlığı kompleks elementləri ilə ustalıqla, bacarıqla ehtiva olunması ilə seçilir.
Knyaz Aslan həmçinin Azərbaycan jurnalistikasının dəyərli simalarından biri kimi Azərbaycanda jurnalistika fəaliyyətinin inkişafında xüsusi xidmətləri olmuş bir şəxsiyyətdir. Hələ Sovet hakimiyyəti illərində, sonralar isə Azərbaycanın müstəilliyinin ilk illərində peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olan Knyaz Aslan çox sayda mətbu orqanların redaksiya heyətinin üzvü, redaktoru, baş redaktoru və təsisçisi kimi bu sahənin peşəkarcasına, milli ideologiyaya və milli dövlətçiliyə bilavasitə xidmət göstərməsi prosesinə yönəlik olduqca mütərəqqi işlər görmüşdür.
Xüsusilə Azərbaycan torpaqlarının bədnam ermənilər tərəfindən bir-birinin ardınca işğal edildiyi dövrdə Knyaz Aslanın həm öz qələmi ilə, həm də canı ilə şəxsən döyüşlərdə iştirak etməsi, döyüş bölgələrindəki vəziyyət, müxtəlif hərbi əməliyyatlarla bağlı informasiyalar hazırlaması da onun ilk növbədə vətəndaşlıq və vətənpərvərlik keyfiyyətlərinin yüksəkliyindən irəli gəlirdi. Bu, digər tərəfdən də Knyaz Aslanın bir hərbi jurnalist olaraq öz peşə borcunu layiqincə yerinə yetirmək üçün göstərdiyi şücaət idi. Məhz Qarabağ döyüşlərinin gedişatı, müharibə nəticəsində mədəniyyət və maarif ocaqlarının, xüsusilə kitabxanaların çəkdiyi ziyan və zərərlərlə bağlı Knyaz Aslanın bir jurnalist olaraq çox yüksək xidmətləri olmuşdur. Bu gün də həmin məlumatlar öz mətbu və yeri gəldikdə elmi aktuallığını qoruyub saxlamaqdadır.
Knyaz Aslan sonrakı dövrlərdə də jurnalistikanın müxtəlif elmi-nəzəri və təcrübi problemlərilə məşğul olmuş, bu sahənin inkişafı üçün mühüm xidmətlər göstərmişdir.
Knyaz Aslan həmçinin görkəmli ədəbiyyatşünasdır. Onun Azərbaycan xalqının görkəmli ədəbiyyat xadimlərinin ədəbi irsində kitab və mütaliə məsələlərinin araşdırılması istiqamətində olduqca əhəmiyyətli xidmətləri mövcuddur. Məhz görkəmli ədəbiyyat xadimlərinin, ədəbi şəxsiyyətlərin, mədəniyyət simalarının ədəbi-bədii irsində kitab və mütaliə problemlərinin fundamental tədqiqatı və nəzəri ümumiləşdirilməsi Knyaz Aslanın doktorluq dissertasiyasının əsasını təşkil edir. Deməli, Knyaz Aslan bioqrafiyasında onun ədəbiyyat sahəsində apardığı elmi araşdırmalar və nəzəri ümumiləşdirmələr də xüsusi yer tutur ki, bu da Knyaz Aslan şəxsiyyətinin universallığını göstərən və onu əsaslandırmağaimkan verən tutarlı faktor kimi olduqca əhəmiyyətlidir.
Knyaz Aslan həm də bacarıqlı bir təhsil təşkilatçısıdır. O, Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin ən aparıcı kafedralarından birinə – “Kitabşünaslıq və nəşriyyat işi” kafedrasına başçılıq edir. O, həmçinin fakültənin Tədris-Metodik Şurasının sədri kimi burada təşkil təlim-təhsil prosesinin təşkili fəaliyyətində mühüm rol oynayır.
Knyaz Aslan bu günlərdə daha bir yeniliyə imza atmışdır: onun təsisçiliyi və baş redaktorluğu ilə işıq üzü görəcək "Kitabşünaslıq və Redaktor sənəti" adlı elmi-nəzəri və təcrübi-metodik jurnal 2015-ci il dekabrın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Alim eyni zamanda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində nəşr olunan “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri və praktiki jurnalının baş redaktor müavini, “Kitabşünaslıq və nəşriyyat işi”, “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri, metodik və təcrübi jurnallarının redaksiya heyətinin üzvü kimi fakültədə elmi nəşrlərin hazırlanması, redaktəsi və nəşri istiqamətində ciddi fəaliyyət göstərir.
Knyaz Aslan qeyd etdiyimiz kimi, həm universal şəxsiyyət, həm də gözəl şairdir. O, qiymətli poeziya nümunələri yaradan ədəbi simadır. Knyaz Aslan poeziyası ilk olaraq Borçalı mahalının şeiriyyat dünyasından qaynaqlanan poeziyadır. Burada xəlqilik, ədəbi axıcılıq, dilin poetik rəvanlığı, bədii təsvir və ifadə özünəməxsusluğu, eləcə də mövzu mahiyyəti və məzmun fundamentallığı ilə seçilən orijinal dəst-xətt mövcuddur.
Knyaz Aslan poeziyasının ilham şahpəri xüsusilə xalq folkloru, ozan-aşıq ədəbiyyatı, vətən məhəbbəti, təbiət gözəllikləri, sevgi duyğuları, məhəbbət yanğıları, insan və insanlıq, dünya və kainat haqqında müdrik fəlsəfi baxışlar və hisslərdir.
Knyaz Aslan poeziyasında xəlqilik elementləri xüsusi olaraq səciyyələnir. Təbiidir ki, Borçalı elinin xalq yaradıcılığı, zəngin folkloru, milli dil və milli-mənəvi dəyərlər sisteminin başlıca əsasları bilavasitə xəlqilik sütunları üzərində formalaşmış və inkişaf etmişdir. Ona görə də Knyaz Aslanın – Vətənimizin Borçalı parçasında dünyaya göz açmış, yetişmiş şair oğlunun poeziyasında xəlqilik motivləri olduqca güclüdür.

Hanı yol yoldaşım o yollar hanı?
Üstünə daş yağır, tozu qalıbdır...
Hanı dəvəbelli o yollar hanı?
Orda bir gözəlin nazı qalıbdır,
Yadımda bir həzin yazı qalıbdır...

Çinarım, boynunu qucaqlayaraq,
Səninlə nə qədər pışçıldaşmışam.
Mənə tanış gəlir bu çılpaq budaq,
Bir dəfə belindən yaman aşmışam.

Mənim özüm lap kiçik yaşlarımdan aşıq sənəti ilə ciddi maraqlanmış, aşıq ədəbiyyatının, aşıq şeirinin öyrənilməsinə olduqca böyük həvəslə səy göstərmiş, saz havalarının ifaçılığını mənimsəməyə çalışmış, bu sahə ilə ardıcıl məşğul olmağa səy göstərmişəm. Ona görə də mən bir gənc kimi qətiyyətlə deyirəm ki, ozan-aşıq sənətinin yüksək inkişaf etdiyi, aşıq şeirinin şah əsərlərinin yarandığı bir diyarda böyüyən Knyaz Aslan ozaq-aşıq sənətinin dərin bilicisi, aşıq şeirinin ədəbi-bədii xüsusiyyətlərinə mükəmməl bələd olan bir şairdir. Eləcə də Aşıq Əmrah, Aşıq Hüseyn Saraclı, Xındı Məmməd, Aşıq Kamandar, Aşıq Məhəmməd, Aşıq Əhməd, Aşıq Gülabı, Aşıq Aslan kimi qüdrətli snətkarların, əzəmətli ozanların, Azərbaycan mədəniyyətinin və incəsənətinin tarixinə adı qızıl hərflərlə yazılmış ustadların qoyduğu ədəbi yolu Knyaz Aslan öz poetik yaradıcılığında uğurla davam etdirən sənətkardır.
Knyaz Aslan yaradıcılığı Zəlimxan Yaqub poeziyasının qidalandığı təbiətdən, folklordan, ozan-aşıq dünyasından, milli-mənəvi dəyərlər sistemindən pərvazlanan poeziyadır. Knyaz Aslan yaradıcılığında saz və sözün qüdrəti, əzəməti olduqca güclü lirik duyğularla tərənnüm edilmişdir.

Susub məni qoyma qəmdə,
Dillən, ay sazım, ay sazım!
Zilin zildə, bəmin bəmdə,
Tellən, ay sazım, ay sazım!

Bir gününü vermə yelə,
Şadlıq payla doğma elə.
Knyaz Aslan köçsə belə,
Dillən, ay sazım, ay sazım!

Knyaz Aslan yaradıcılığında vətənpərvərlik motivləri xüsusi yer tutur. Ümumiyyətlə, Knyaz Aslanın vətənsevərliyi, vətəninin azadlığı, bütövlüyü, istiqlaliyyəti uğrunda canından və qanından hər zaman keçməyə hazır olması onun vətənimizin dar günündə, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğala məruz qaldığı dövrlərdə şəxsən qarı düşmənə qarşı çətin döyüşlərdə göstərdiyi xidmətləri ilə hər birimizə su kimi aydındır.
Əlbəttə, belə güclü vətənsevərlik hissi, vətənə, torpağa bağlılıq duyğuları onun poetik qələmindən də yan keçə bilməz. Məhz Knyaz Aslan yaradıcılığının vətənpərvərlik, vətənə bağlılıq və dövlətçiliyə sədaqət motivləri əsasında yaradılmış əsərləri bu universal poeziyanın ən güclü və ən dəyərli nümunələridir.

Desəm: Qürbət günüm olsun...
Suyun mənə qənim olsun!..
Qəmin varsa, mənim olsun,
Sevincimiz təndi, Vətən!..

***

Hər oğul qəlbində haqq daşıyınca!..
Var olar azadlıq haqq yaşayınca!..
Vətən yaşayınca,
Xalq yaşayınca,
Tarixlər boyunca yaşayar şəhidlər!..
Bu millət olunca yaşayar şəhidlər!..

***

Azad olsun, abad olsun torpağım,
Qoy sevinsin yurdum, yuvam, oylağım.
Xankəndində dalğalansın bayrağım,
Qələbə çal, qələbə çal, qələbə!..

Knyaz Aslan yaradıcılığı ilə tanış olarkən mən ilk olaraq öz sevimli müəllimim kimi dərindən hörmət bəslədiyim, ehtiram göstərdiyim bu dəyərli şəxsiyyət daha sonra həm də ən sevimli şairlərimdən birinə, getdikcə poetik dünyasına möhtəşəm heyranlıq duyduğum ədəbiyyat xadiminə çevrildi. Bu gün mənim üçün Knyaz Aslan sevimli müəllimim qədər sevimli şairim, sevimli şairim qədər sevimli müəllimimdir. Buna görə də elimizin gözəl misalında deyildiyi kimi: “Nə xoş mənə”!..
Knyaz Aslan yaradıcılığında sevgi duyğuları, məhəbbət hissləri, hicran qəmi, vüsal səadəti güclü ustalıqla tərənnüm edilir ki, bu da şairin poetik dünyasının zənginliyinə dəlalət edən ən mühüm faktorlardan biridir.

Sən demə, dünyada ürəklə sevmək
Ağılla sevməkdən daha gözəlmiş!..
Aldanan olubmu görən mənimtək,
Kim mənimlə ortaq məxrəcə gəlmiş?!

***

Bir qəfil sevginin düşüb oduna,
Qondum arzuların yel qanadına.
Uçdum qanadların yeddi qatına,
Qəlbindən qəlbinə uça bilmədim.

Coşan bulaq oldum hey yaza-yaza,
Məhəbbət şeirlərim düşdü ağıza...
Açdım ürəyimi qələm, kağıza,
Amma təkcə sənə aça bilmədim...

***

Hər sevən ürəyə bir ulduz tuşdur,
Ulduz qovuşmasa, qəlb uyar qəmə.
Nifrət məhəbbətə çevrilsə xoşdur,
Məhəbbət nifrətə dönsə-heç demə...

Knyaz Aslan poeziyasında insanlıq hisslərinin, bəşəri humanizmin mütərəqqi elementləri olduqca qüvvətli lirika ilə tərənnüm olunmuşdur. Şair:

Qartal qanadından, durna gözündən,
Ceyran ayağından, cüyür üzündən,
Dağ kəli döşündən, pələng dizindən,
Aslan biləyindən yaralanmasın!..

– deyərək;

Hədəfdən yan keçsin namərd gülləsi,
İgid kürəyindən yaralanmasın!
Atasız-anasız qalmasın bəşər,
Körpə bələyindən yaralanmasın!..

– deyə haray çəkir.

Poetik yaradıcılığında:

Qoy dara çəksinlər Knyaz Aslanı,
Yenə də düzlüklə qaynayar qanı! -

fəlsəfəsini başlıca ədəbi xətt tutan şairin ədəbi irsi sözün həqiqi mənasında müasir Azərbaycan ədəbiyyatının ən qiymətli nümunlərindən biridir.
Bu yazıda qeyd etdiyim bütün fikirlər mənim Knyaz Aslan yaradıcılığına olan ehtiramımın obyektiv təzahürüdür.
Hörmətli Knyaz müəllim ömrünün 55-ci baharına qədəm qoyur. Bu ömür yolu zəhmətlə, alın tərilə əldə edilən şərəfli həyatın, mənalı illərin, məhsuldar çağların məcmuudur. Bu ömür yolunda zəhmət, istedad, intellekt, qələm əzəməti və qüdrəti, şair səmimiyyəti, alim hikməti, ziyalı müdrikliyi naxışlarla dolu bir xalı toxuyub. Bu xalının hər bir naxışı Azərbaycan xalqının mənəvi sərvətidir!..
Knyaz Aslanın 55 illik həyat və fəaliyyəti millətimizin milli elmi-ədəbi-bədii nailiyyəti kimi qiymətləndirilməli və dəyərləndirilməlidir. Bu ömrə hər insan, hər alim, hər ziyalı, qələm sahibi bu qədər uğurları, nailiyyətləri, eyni zamanda xalq, millət üçün, Vətən və torpaq üçün bu qədər fədakarlıqları sığdıra bilmir. Lakin hörmətli Knyaz müəllim bu səadətə yetmək xoşbəxtliyinə nail olmuş şəxsiyyətdir.
Bütün bunları bir daha qeyd edirik ki, təkcə Knyaz Aslanın deyil, xalqımızın, millətimizin elminin, mədəniyyətinin, ədəbiyyatının səadətidir. Məhz Knyaz Aslan kimi insanların, qüdrətli qələm adamlarının, əzəmətli ziyalıların sayəsində xalqımız daha da nurlanacaq, millətimizin nailiyyətləri və uğurları yüksələcəkdir!

Hörmətli Knyaz müəllim!
Xalqımızın dəyərli alimi, qiymətli ziyalısı, müdrik müəllimi, görkəmli şairi, qüdrətli qələm sahibi, əzəmətli publisisti və jurnalisti!
Hörmətli mənim sevimli müəllimim və şairim!
Sizi anadan olmağınızın 55 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizə uca Tanrıdan:

MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ,  ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİ -Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafındakı xidmətlərinizin daha uzunömürlü olmasını;
-Əzəmətli qələminizə xalqımızın, millətimizin və dövlətimizin mənafeyi, tərəqqisi və çiçəklənməsi naminə daha güclü itilik, daha böyük qüvvət və qüdrət;
-Böyük zəhmət və xeyirxahlıq sütunları üzərində ucalan ailənizə, eləcə də bütün doğmalarınıza, sevdiklərinizə sizinlə bərabər daha neçə-neçə xoşbəxt iillər keçirməyi;
-Bütöv Azərbaycanımız naminə, ulu vətənimizin əzəli və əbədi parçasının-Borçalı mahalının şanınını və şöhrətini daha yüksəklərə qaldırmaq istiqamətində böyük işlərinizin uzunömürlülüyünü;
-Canınızın sağlam, ruhunuzun hər zaman cavan, çöhrənizin gümrah işığının və nurunun daim varlığını sidq-ürəklə diləyirəm!..
-Şərəfli ömrünüzün zəhmət xalısının naxışları yaşınız hər artdıqca, ömrünüzün üstünə hər keçən gün gəldikcə daim çoxalsın!..
-Uca Allahımız sizin kimi simaları Vətənimizin, millətimizin üzərindən əksik etməsin!..

Daşqın MƏHƏMMƏDLİ
Bakı Dövlət Universitetinin magistrantı
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: